Makronu Hitlerə bənzətdilər - FotoFransanın Tulon şəhərinin küçələrində Prezident Emmanuel Makronun Adolf Hitlerə bənzədilən fotoları nümayiş olunub.

Axar.az xəbər verir ki, bu barədə "Le Bien Public" nəşri məlumat yayıb.

Məlumata görə, lövhəyə vurulan fotoda Fransa lideri nasist ordusunun hərbi formasında göstərilib.

Lövhənin üzərində Üçüncü Reyxin bayrağının fonunda “Tabe ol. Peyvənd olun!" sözləri yazılıb.

Tulon prokurorluğu hadisə ilə bağlı araşdırma başladıb.

Qeyd edək ki, lövhə Fransada tətbiq olunan koronavirus məhdudiyyətinə etiraz olaraq hazırlanıb.
Gürcüstanda daha bir azərbaycanlı məmur istefa verdiGürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət nazirinin Kvemo Kartli bölgəsi üzrə müşaviri Ayaz Məmmədov öz istəyi əsasında vəzifəsindən istefa verib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə o, özü feysbuk səhifəsində məlumat yayıb.

2017-ci ildə müşavir təyin olunan A.Məmmədov bildirib ki, istefasının əsas səbəbi Gürcüstanın hazırkı hakimiyyətinin son zamanlar yürütdüyü siyasəti dəstəkləməməsidir.

Qeyd edək ki, A.Məmmədov Gürcüstanda son həftə ərzində istefa verən ikinci dövlət məmurudur. Belə ki, iyulun 15-də Qardabani bələdiyyə məclisinin sədr müavini, Qaratəhlə kəndinin deputatı Rəfi Orucov öz arzusu ilə vəzifələrindən gedib.
ABŞ Azərbaycan və Ermənistana çağırış etdi“Amerika Birləşmiş Ştatları Ermənistan-Azərbaycan sərhədindəki son hadisələrdən narahatdır”.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyinin feysbuk səhifəsində yayılan məlumatda yer alıb.

“Hər iki tərəfi qısa zamanda gərginliyi azaltmağa, məsələni sülh yolu ilə həll edilməsinə və substantiv danışıqların bərpası üçün əlverişli atmosferin yaradılmasına çağırırıq”, - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, iyulun 19-u saat 17:00-da, 20:50-də və 23:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri müxtəlif mövqelərindən Naxçıvan Muxtar Respublikası Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.

Nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Bədəlli Ramal Bəhlul oğlu ayağından yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib və o, tibb müəssisəsinə təxliyə olunub. Cavab atəşi ilə qarşı tərəf susdurulub.
Əliyev-Putin görüşünün gündəmi: Moskva masasında nələr var?Prezident İlham Əliyev Moskvada Putinlə görüşə gedir.

Paşinyanın iyulun 7-də Moskvaya səfəri zamanı ardınca Əliyev-Putin görüşünün keçiriləcəyini proqnozlaşdırmışdıq.

Əslində bugünkü görüşün ümumi tablosuna da Ermənistanda seçkidən sonra başlanan görüş trafiki fonunda baxa bilərik:

a) Putin “saatları yoxlayır”: tərəflərin Rusiyanın vasitəçiliyi ilə əldə olunan razılaşmalara sadiqliyinə əmin olmaq istəyir, Nikolun qələbəsi və Qərbin gedişləri fonunda bu, ruslara lazımdır;

b) Rusiya üçtərəfli razılaşmaların icrasını sürətləndirmək niyyətindədir, xüsusilə kommunikasiyaların açılması məsələsində israr edir: Moskva Ermənistana çıxış üçün riskli olan Gürcüstan marşrutuna alternativ əldə etmək istəyir; Paşinyanın hakimiyyətini gücləndirməsi və Qərb müdaxilə cəhdləri rusların planlarına təhlükə yarada bilər;

c) Yeni sərhəd müqaviləsi: Paşinyan-Putin görüşündə müzakirə edilən bu məsələ Əliyev-Putin görüşünün də əsas gündəmində olacaq;

ç) Yeni müqavilə Moskvada üçtərəfli formatda – Əliyev-Putin-Paşinyan – keçiriləcək mümkün görüşdə imzalana bilər: Putin-Paşinyan, ardınca Putin-Əliyev müzakirələri müqavilənin hazırlanması üçün detalların razılaşdırılmasına hesablanıb; Ermənistanda hökumət formalaşdırıldıqdan sonra üçtərəfli Moskva görüşü mümkündür.

Əliyev-Putin görüşünün əsas proqramı belə görünür, hərçənd, yeni müqavilənin imzalana biləcəyi mümkün üçtərəfli görüşə qədər mövcud razılaşmaların icrası həyata keçirilməlidir: Kremlin rəsmi məlumatında da təsdiq olunur ki, Azərbaycan və Rusiya liderləri 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli razılaşmaların həyata keçirilməsinin praktiki tərəflərini müzakirə edəcək.

Bu prosesdə Bakının öz, Moskvanın öz istəkləri var və bu, tərəflərin masaya nələr qoyacağı suallarını önə çəkir.

Əliyevin çantasında nələr var?

Azərbaycan prezidentinin Moskvaya üç prioritetlə getdiyi ehtimalı böyükdür:

1. 10 noyabr razılaşmasının 4-cü bəndinin icrası – erməni qoşunlar Qarabağdan çıxarılmalıdır:
Bakının hədəfi yekun sülh sazişinin imzalanmasıdır;

- sülh sazişi üçün sərhədlərin delimitasiyası prosesi başa çatmalı və rəsmiləşməlidir;

- sərhədlərin qarşılıqlı tanınmasına qədər Azərbaycan ərazisindəki erməni qoşunlar çıxarılmalı, üçtərəfli razılaşmanın məlum bəndi icra edilməlidir;

- Azərbaycan ərazisində Ermənistanın hərbi varlığına son qoyulmadan sərhəd müqaviləsini imzalamaq mümkün deyil və bu, Moskvanın vasitəçiliyini riskə atır, əvəzində alternativ vasitəçiləri aktuallaşdırır: Aİ Şurası prezidenti Şarl Mişel Bakıda sərhədlərin delimitasiyası məsələsində alternativ vasitəçi olmaq istədiklərini açıq şəkildə bəyan etdi;
Əliyev Putinə diplomatik dillə bunu izah etməyə çalışacaq.

2. Qarabağda açılan atəşlər və sülhməramlıların fəaliyyəti: Əliyev bunu da gündəmə gətirə və atılmalı addımları təqdim edə bilər;

Qanunsuz erməni silahlı dəstələr Rusiyanın sülhməramlı missiyasına da problemlər yaradır və çıxarılması həm 10 noyabr razılaşmasının bütün bəndlərinin icrası, həm də rus sülhməramlılarının missiyasına inam baxımından vacibdir;

- Türkiyə-Rusiya Monitorinq Mərkəzinin fəaliyyətinin genişləndirilməsinə ehtiyac var;

- Azərbaycan güc tətbiq etmək istəmir, amma buna məcbur ola bilər;

- Rusiya Müdafiə Nazirliyinin Qarabağda atəşlə bağlı yaydığı məlumatın mətni qəbul edilə bilməz;
3. Sərhədlərin delimitasiyasi prosesi və rəsmiləşməsində Bakının istəyi: Rusiyanın təqdim etdiyi SSRİ xəritəsinə uyğun aparılan prosesdə Naxçıvanın Kərki və Qazaxın 7 kəndi də qaytarılmalıdır;

Putinin masaya gətirəcəyi mümkün istəkləri:

1. Rusiyanın Qarabağda gələcək mövcudluğuna təminatın verilməsi;

2. . Separatçıların taleyinin müzakirə ediləcəyi istisna deyil: ruslar hansısa formada qalmasında maraqlıdır, Bakı qəti şəkildə qəbul etmir və mümkündür ki, Əliyev Moskvaya Rusiyanın bu mövqeyini neytrallaşdıracaq təkliflərlə gedir;

3. Kommunikasiyanın bərpası prosesində Rusiyanın Ermənistana çıxışını təmin edəcək nəqliyyat xəttinin daha tez açılması;
Bakı və Moskvanın gündəmində toqquşan məsələlərdən biri də məhz kommunikasiyanın bərpasındakı prioritetlərdir: ruslar Ermənistana çıxacaq marşrutu tezləşdirmək istəyir, Bakı Zəngəzur dəhlizinin gecikməməsinə çalışır;

Əliyevin Moskva səfərindən öncə Overçuk Bakıya gəldi;
- Paşinyan İrəvanda Şarl Mişellə görüşdə Azərbayanı “Ermənistanı Rusiyaya çıxaracaq kommunikasiyanı açmamaqda” ittiham etdi;

- Əliyev Moskva səfərindən öncə Mişellə görüşdə “Regionda bütün kommunikasiyalar paralel olaraq açılmalıdır” mesajını verdi və Zəngəzur dəhlizinin bütün region ölkələri üçün önəmini vurğuladı;
Bu, üç amil də kommunikasiyanın açılması prosesində toqquşan məqamların olmasından xəbər verir və istisna deyil ki, Əliyev-Putin görüşünün gündəmində əsas müzakirə mövzularından biri olacaq.

Bütün bunların fonunda Əliyevlə Putinin müzakirə edəcəyi məsələlərdən biri də Şuşa Bəyannaməsi və Türkiyənin bölgədə hərbi mövcudluğunun perspektivləridir: Azərbaycan prezidenti rusiyalı həmkarına bunun Rusiyanın əleyhinə olmadığını izah edəcək.

Ən mühüm detal Əliyevin səfərdən öncə Xankəndi, Xocalı və Xocavənd məsələsinə rəsmi şəkildə qərar verməsi, “Dağlıq Qarabağ” ifadəsini ləğv etməsidir. Bu, Moskva görüşünün nəticələrinə təsir edəcək amildir.



Asif Nərimanlı
İrəvan Bakıya güzəştə hazırlaşır - AbramyanAzərbaycanın Naxçıvanla sərhəddə mövqeyinin istənilən yaxşılaşması, İrəvan üçün geriyə dönüşü mümkün olmayan nəticələrə gətirib çıxaracaq.

Axar.az xəbər verir ki, bunu erməni hərbi ekspert Tiqran Abramyan deyib. Onun sözlərinə görə, Ermənistan hökuməti hazırkı şəraitdə siyasi, diplomatik və hərbi nöqteyi/nəzərdən heç bir şey edə bilmir:

“Baş verənlər hansısa oyunun məntiqindən xəbər verir. Hakimiyyət cəmiyyətdə qorxu atmosferi formalaşdıraraq, öz güzəştlərinə haqq qazandırmağa cəhd edir. Bu insanlar Ermənistanın təhlükəsizliyini təmin etmək halında deyillər. Onlar siyasi mənada Qarabağın “təhlükəsizliyini” təmin etməkdən imtina ediblər və indi istəsələr belə, Ermənistanın təhlükəsizliyini təmin edə bilməyəcəklər”.
Bayramov Zəriflə danışdıİyulun 20-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və İran İslam Respublikasının Xarici İşlər naziri Məhəmməd Cavad Zərif arasında telefon danışığı baş tutub.

XİN-dən Avrasiya.net-ə verilən məlumaat görə, nazirlər müqəddəs Qurban bayramı münasibətilə bir-birlərini təbrik edib, xalqlarımıza və ölkələrimizə sülh, əminamanlıq və tərəqqi arzu ediblər.

Nazirlər, həmçinin ikitərəfli əməkdaşlıq və regional təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparıblar.
"Qurban bayramı həyatınıza əmin-amanlıq, firavanlıq, süfrələrinizə xeyir-bərəkət gətirsin"
Sadiq Qurbanov
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri


Dəyərli dostlar!

Əziz həmvətənlər!

Bu gün islam dünyasının ən müqəddəs bayramlarından sayılan Müqəddəs Qurban bayramıdır. Bu bayram münasibətilə Sizi ürəkdən təbrik edir, hər birinizə uzun ömür, firəvan həyat, bol ruzi bərəkət arzu edirəm. Kəsdiyiniz qurbanların Ulu Tanrı dərgahında qəbul olunmasını diləyirəm.

Bildiyimiz kimi Müqəddəs Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Azərbaycanda da bu bayram xalqımız tərəfindən həmişə keçirilmiş və ayinlər icra olunmuşdur. Belə ki, xalqımız neçə əsr əvvəl rus imperiyasının, sonra isə imperiya üzərində qurulmuş sovetlər birliyinin tərkibində yaşamağa məcbur edilmiş, onun milli mənəvi dəyərləri, bayramları, adət-ənənələri tapdalanmış, xüsusi ilə sovetlər dönəmində olduğumuz illərdə bu bayram və mərasimlərin keçirilməsi qadağan olunmuşdur. Lakin həmin zamanlarda belə xalqımız həm min illər boyu yaşatdığı dəyərlərə, həm də islam dininin əsas bayramlarından olan Qurban bayramına həmişə sahib çıxmışdır.

Müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" Qanununa əsasən, Qurban bayramı ölkəmizdə dövlət səviyyəsində bayram edilir. Hər il ölkəmizdə dövlət səviyyəsində ümumxalq bayramı kimi qeyd olunan Qurban bayramı xeyirxahlıq və mərhəmət duyğularının təcəssümü olmaqla yanaşı, bərabərlik və dözümlülük ovqatını da insanlarda gücləndirir. Dünya müsəlmanlarının birlik, həmrəylik və qardaşlıq rəmzi olan bu müqəddəs bayramı Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımız da sevinclə qeyd edirlər. Bu, xalqımızın mənəvi dəyərlərinə dövlət qayğısının nəticəsidir. Ümumilikdə, dini-mənəvi dəyərlərə həssas münasibət, müxtəlif dinlərə və sivilizasiyalara hörmət, tolerantlıq demokratik Azərbaycan cəmiyyətinin mənəvi əsaslarını təşkil edir. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bütün sahələrə ayrılan diqqət kimi, milli-mənəvi dəyərlərimizə də xüsüsi önəm verildi, xüsusi ilə də respublikamızın ərazi hüdudlarında yaşayan bütün xalqların mədəniyyətinə, adət-ənənəsinə, dini baxışlarına tolerant münasibətin əsasını qoydu.

Yüz illərdir ki, ayrı-ayrı xalqların və dinlərin mənsubları Azərbaycanda mehriban ailə kimi yaşayırlar. Bu gün isə ölkəmizdə tarixən mövcud olan və qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan nümunəvi birgəyaşayış mühiti Azərbaycan dövləti tərəfindən həyata keçirilən milli siyasət sayəsində daha da genişlənir, inkişaf edir və möhkəmlənir.

Ölkəmizdə yaşayan çoxsaylı millətlərin etnik-mədəni müxtəlifliyinin qorunub saxlanmasına xidmət edən bu siyasət eyni zamanda da milli həmrəyliyin və birliyimizin ən yüksək səviyyədə mövcudluğunu təmin edir. Hər il ölkəmizdə rəsmi şəkildə qeyd edilən dini bayramlar mütərəqqi milli-mənəvi dəyərlərin, sosial yardımlaşmanın və xeyirxahlıq duyğularının təntənəsinə çevrilir, cəmiyyətimizdə birlik və bərabərlik ovqatını daha da gücləndirir. Məsələn, bu gün inamla deyə bilərik ki, Qurban bayramı respublikamızda tolerantlığın təntənəsinə çevrilib. Müxtəlif dini konfessiyaların nümayəndələri Qurban bayramı günlərində vahid Azərbaycan xalqının birlik və qardaşlığını nümayiş etdirir, müsəlman dostlarını təbrik edirlər. Heç şübhəsiz ki, Azərbaycan xalqının mənəvi birliyinin ifadəsi olan bu ənənə bundan sonra da davam edəcək.

Prezident İlham Əliyev də bu siyasi kursu uğurla davam etdirərək tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin dirçəldilməsinə öz töhvəsini vermiş, xüsusən də dini ziyarətgahların əsaslı təmirinə və yenidən qurulmasına xüsusi diqqət ayırmışdır. Dünya müsəlmanlarının mənəvi birlik rəmzi olan Qurban bayramının Azərbaycanda hər il yüksək səviyyədə qeyd olunması dövlətimizin milli-mənəvi dəyərlərimizə göstərdiyi diqqətin parlaq təzahürüdür. Ölkə Prezidenti İlham Əliyev Qurban bayramının fəzilətini, bu münasibətilə Azərbaycan xalqına təbriklərinin birində belə xarakterizə etmişdir: “Qurban mərasimi Uca Yaradana məhəbbət və itaət, yüksək mənəvi-əxlaqi dəyərlərə hörmət, hər bir bəşər övladına mərhəmət və dözümlülük təlqin edən İslam dininin insanlar üçün hidayət yolu seçilməsi ilə əlamətdardır. Bu mübarək bayram bütün dünya müsəlmanlarının mənəvi-ruhi birliyini, əməli-saleh insanların Tanrı sevgisini və haqq-ədalət naminə hər cür fədakarlığa hazır olmalarını təcəssüm etdirir”.

Qurban bayramı islamın bir din kimi tamamlanması və mənəvi-əxlaqi qurtuluş yolu olaraq insanlara bəxş edilməsi ilə əlamətdardır. Bu mübarək gündə müsəlmanlar Uca Tanrıya yaxınlığın, ilahi dəyərlərə bağlılığın sevinc və fərəhini yaşayır, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirirlər. Bu müqəddəs bayramın tarixçəsi İbrahim peyğəmbərin öz oğlu İsmayılı Allahın şərəfinə qurban kəsmək niyyətini bildirən hadisə ilə əlaqələndirilir. Tanrı öz sevimlisi İbrahim peyğəmbərin sadiqliyini sınamaq üçün ondan yeganə oğlu İsmayılı qurban kəsməyi tələb edir və İbrahim peyğəmbər gözünü qırpmadan oğlunu yerə yıxıb başını kəsərkən, Tanrının göndərdiyi mələk Cəbrayıl göydən enib onun əlini saxlayıb, Tanrının İbrahimdən razı qaldığını bildirib və oğlu İsmayılın əvəzinə göndərdiyi qoyunu kəsməyi təklif edir. Buna görə də Qurbanlıq bayramında kəsilən qurbana “İsmayıl qurbanı” da deyirlər. Çox sevdiyi balasını Tanrı yolunda qurban verməyə hazır olması Peyğəmbərin Tanrı qarşısında imanının və səmimiliyinin bariz sübutudur. Odur ki, din tarixində dərin iz salmış bu hadisə Tanrıya inamın, dərin etiqadın nümunəsidir. Bu hadisə onu göstərir ki, insanlar Tanrını sonsuz imanla sevməli və öz sevgilərində bu cür səmimi olmalıdırlar.

Dəyərli dostlar!

Bu gün cəmiyyətimizdə hökm sürən birlik və həmrəylik, dinclik və əminamanlıq, təhlükəsizlik və sabitlik əldə etdiyimiz əvəzsiz uğurumuzdur. Birlik və bərabərlik, xeyirxahlıq və mərhəmət Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın cəmiyyətimizə aşıladığı və bəxş etdiyi ən ali dəyərlərdir.

Bu ilki Qurban bayramınin əvvəlki illərdəkindən əsas fərqi bayramın 30 ilə yaxın düşmən işğalında olan torpaqlarımızın azad edilməsindən sonra keçirilməsidir. 44 günlük Vətən müharibəsində bütün Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən naminə canlarından keçməyə belə hazır olduqlarını göstərdilər.

Bu bayram günündə torpaqlarımızın azadlığı uğurunda şəhid olmuş bütün qardaşlarımızı dərin hörmətlə yad edirik.

Əziz həmvətənlər, başda Prezident cənab İlham Əliyev və dəyərli Mehriban xanım Əliyeva olmaqla sizi bu müqəddəs Qurban bayramı münasibəti ilə bir daha ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və bol nailiyyətlər arzulayıram. Qurban bayramı həyatınıza əmin-amanlıq, firavanlıq, süfrələrinizə xeyir-bərəkət gətirsin. Bir daha bayramınız mübarək!
İsrail yenidən qapanmaya gedirBirinci gündən İsrail yenidən sərhədləri bağlaya bilər.

Avrasiya.net xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

Mətbuatda yer alan xəbərlərə görə, hökumət koronavirus variantlarının ölkəyə girişini əngəlləmək üçün hava limanında səyahəti kəskin şəkildə dayandıracaq.

Qeyd edək ki, İsraildə aktiv xəstə sayı 7000-ə yaxındır.
Tovuzda toyda qan düşdü: yaralılar varTovuz rayonunda bıçaqlanma hadisəsi baş verib.

Avrasiya.net Report-a istinadla xəbər verir ki, toy mərasimində düşən mübahisə zəminində qonaqlardan biri başından xəsarət alıb.

Daha sonra başından xəsarət alan şəxsin yaxını ilə hadisəni törətməkdə şübhəli bilinən şəxs arasında Tovuz çayı kənarında mübahisə yaşanıb. Bu zaman həmin şəxs toyda xəsarət alanın yaxınına da bıçaqla xəsarət yetirib.

Xəsarət alanlar Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırmalara başlanılıb.
Elçibəyin oğlu evlənir - İyulun 30-da TOYDURMərhum eks-prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev evlənir.

Avrasiya.net-in məlumatına görə, bu barədə Elçibəyin kürəkəni Aqil Səmədbəyli bildirib.

Onun sözlərinə görə, qaynı Ərturqut Əliyev Əbülfəz bəyin silahdaşı olmuş həmkəndlisi və qohumu Mirhadi müəllimin qızı Aytək xanımla ailə həyatı quracaq.

İyulun 22-si Naxçıvanda qız toyu, iyulun 30-da isə Bakıda oğlan toyu olacaq.

Elçibəyin oğlu Ərturqut Əliyev Fövqəladə Hallar Nazirliyində çalışır.

Mərhum Əbülfəz Elçibəy 1992-93-cü illərdə Azərbaycan Respublikasının prezidenti olub. Elçibəy 22 avqust 2000 -ci ildə vəfat edib. Bakıdakı Fəxri Xiyabanda dəfn olunub.

Elçibəyin iki övladı var: qızı Çilənay bir neçə ildir ki, ailəsilə birgə Türkiyədə yaşayır, oğlu Ərturqut Bakıda Fövqəladə Hallar Nazirliyinin işçisidir.