"Afina türk dövlətlərinin kollektiv qərarına qarşı aciz qalacaq"Elxan ŞAHİNOĞLU
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri


Milli Məclisin bir qrup üzvünün Kuzey Kıbrıs Türk Cümhuriyyətinə səfəri bu ölkənin azad olunmasının 47-ci ildönümü ilə bağlı keçirilən tədbirlərdə iştirakıyla əlaqəlidir. Nümayəndə heyəti adada iyulun 20-də Kıbrıs Barış Hərəkatı Günü tədbirlərində də iştirak edəcək. Bu tədbirlərdə Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan da iştirak edəcək. R.T.Erdoğan Kıbrısda adanın gələcək taleyini müəyyənləşdirəcək vacib açıqlamalar səsləndirəcəyinin anonsunu da verib.

Azərbaycan rəsmən KKTC-ni tanımasa da, Bakı ilə Lefkoşe arasında hər zaman əlaqələr olub. Əgər ilkin illərdə bu əlaqələr Ankara üzərindən qurulurdusa, sonrakı illərdə birbaşa təmaslar da həyata keçirilməyə başladı. KKTC-nin Bakıda nümayəndəliyi fəaliyyət göstərir. Azərbaycanın mərhum dövlət başçısı Heydər Əliyevin dəvəti ilə KKTC-nin mərhum lideri Rauf Denktaş Bakıda oldu, fikir mübadiləsi aparıldı. Bundan başqa deputatlarımız, jurnalistlərimiz və QHT təmsilçilərimiz zaman-zaman KKTC-yə səfərlər edirlər.

Buna baxmayaraq, “rəsmi Bakı KKTC-nin müstəqilliyini tanıya bilərmi” sualı hər zaman səslənib. Azərbaycanın Qarabağ müharibəsində qələbəsindən sonra bu sualın aktuallığı daha da artıb. Çünki keçmiş illərdə əsas arqument bu idi ki, “rəsmi Bakı KKTC-nin müstəqilliyini tanısa, Yunanıstan və Kipr Yunan Respublikası da Qarabağ separatçılarını tanıyacaq”.

Bu arqument hazırda zəifləyib. Çünki, yunanların tanıya biləcəyi məkan xeyli daralıb, heç ermənilərin özləri də müharibədəki məğlubiyyətdən sonra “müstəqillikdən” danışmırlar. Ancaq orası da var ki, Yunanıstan bizə başqa pisliklər etməyə çalışacaq. Onsuz da müharibə günlərində yunanlar var gücləriylə Ermənistanı müdafiə edir, ermənilərin təxribatçı xəbərlərini yayırdılar. Bunların da mümkün zərərini hesablamaq lazımdır. Əslində, Azərbaycanla yanaşı bir neçə türk ölkəsi KKTC-nin müstəqillliyini tanıyarsa, bu, işin xeyrinə olacaq və Afina türk dövlətlərinin kollektiv qərarına qarşı aciz qalacaq.

Ankara KKTC-ni tanımaq məqsədilə əvvəllər də Bakıya təzyiq etməyib, indi də etmir. Ancaq Ankaranın Bakıdan və digər türk dövlətlərindən ricası var: KKTC ilə sıx iqtisadi əlaqələr qurun, hava nəqliyyatı əlaqələri yaradın, birbaşa turist səfərləri təşkil edin.

Bəli, bunu etməyə bizə heç nə mane olmur. Onsuz da bir gün gələcək, beynəlxalq aləm Kosovonun müstəqilliyini tanıdığı kimi Kuzey Kıbrıs Türk Cümhuriyyətinin də müstəqilliyini tanıyacaq. Bu, adada yaşayan türklərin təbii haqqıdır. Adadakı türklərin buna mənəvi haqqı çatır. 1960-1970-ci illərdə soyqırıma məruz qalan da türklər oldu, BMT-nin keçmiş baş katibi Kofi Annanın planına “hə” deyən də türklər idi. Ancaq ABŞ və Avropa yunanların yanında oldu, demək biz də türklərin yanında olmalıyıq.
İran ilə Azərbaycan avtomobil, avtobus və traktorun birgə istehsalını planlaşdırırİran ilə Azərbaycan minik avtomobil, avtobus və traktor istehsalı sahəsində birgə əməkdaşlıq etmək niyyətindədir.

Avrasiya.net xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi “Twitter” hesabından xəbər paylaşıb:

“Azərbaycan Prezidentinin “İran Khodro” ilə “Azərmaş”ın müştərək layihəsi olan “Khazar” ilə bağlı sərəncamından sonra iki qonşu müsəlman ölkənin yaxın gündəmində habelə avtobus və traktor istehsalı da var”.

Bununla yanaşı, İran Ticarət Sənaye Mədənlər və Kənd Təsərrüfatı Palatası (ICCIMA) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbərləri arasında bu günlərdəki görüşdə nitq söyləyən diplomat iki ölkə arasında ticarət əlaqələrinin inkişaf etdirilməsinin vacibliyini dilə gətirərək hər iki tərəfin münasibətləri genişləndirmək əzmində olduğunu vurğulayıb.

Azərbaycanın 20 % torpaqlarının artıq işğaldan azad olunduğunu xatırladan səfir İranla Azərbaycan arasında iqtisadi əməkdaşlığını da eynilə 20 % artırmağa çağırıb: “Azərbaycan İran şirkətlərini, özəl sektorunu qəbul etməyə hazırdır”.

Xatırladaq ki, mart ayının əvvəlində İran sənaye, mədənlər, ticarət naziri Əlirza Rəzm Hüseyni də Ərdəbil əyalətində Azərbaycanla müştərək sənaye parkı yaratmağa hazır olduqlarını da bildirmişdi.
Xəzərdə 15 yaşlı yeniyetmə batdıFövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Xaçmaz rayonunun Nabran kəndi yaxınlığında dənizdə ("Xaçmaz" sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı, qeyri-çimərlik ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.

FHN-dən Avrasiya.net-ə verilən məlumata görə, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, dənizdə batan 2006-cı il təvəllüdlü Malik Sahil oğlu Əliyevdir. Hal-hazırda axtarış tədbirləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.
Azərbaycanın ərazi bütövlüyünün bərpası mütləqdir!2020-ci il noyabrın 10-da üç dövlət başçıları tərəfindən imzalanan müqavilə “təslimçilik aktı” olaraq işğalçı ölkəni sülh danışıqlarının şərtlərini qəbul edib təsdiqləməyə məcbur etdi. Bağlanmış müqavilə xüsusi tarixi əhəmiyyətə malikdir. Müqavilənin müddəlarında Azərbaycanın ərazi bütövlüyünün tam bərpası öz əksini tapmışdır. Həmçinin, Naxçıvanla Azərbaycanın quru əlaqəsinin reallaşacağı, Qarabağa heç bir status verilməyəcəyi və Türkiyə sülhməramlılarının regiondakı proseslərdə iştirakı müəyyənləşdi. Əlbəttə, Azərbaycanın bu tarixi qələbəsi işğalçı dövləti tam məğlubiyyətə uğradaraq Ermənistanın çökməsinə səbəb oldu.

İstehza doğuran haldır ki, bütün dünyada məğlub dövlət statusu alan Ermənistan ən çoxu da öz ölkəsini təhlükəyə ataraq təcavüzkarlıq mövqeyindən hələdə əl çəkməmişdir. İyulun 15-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Şuşa ətrafındakı mövqelərimiz atəşə tutulmuşdur. Bundan əlavə Ermənistan müqavilənin şərtlərinə zidd gedərək Azərbaycan dövlət sərhəddinin Naxçıvan Müxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən mövqelərimizi də atəşə tutmuşdur. Əsrlər boyunca işğalçılıq mövqeyində duran Ermənistanın kapitulyasiya aktının şərtlərininə əməl etməməsi bir daha bu reallığı ortaya çıxarır ki, terrorist məskəninə çevirilən tarixi Azərbaycan torpaqları artıq tam olaraq Azərbaycanın nəzarətinə keçməlidir. Azərbaycanın ərazi bütövlüyünün bərpası, tarixi dədə-baba torpaqlarımızın qaytarılması qarşımızda duran ən vacib məsələlə olaarq həm də mənəvi borcumuzdur. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyev çox gözəl bəyan etmişdir: “Əgər Şərqi Zəngəzur varsa, deməli Qərbi Zəngəzur da var. Bəli, Qərbi Zəngəzur bizim dədə-baba torpaqlarımızdır. Demişəm ki, biz oraya qayıtmalıyıq, qayıdacağıq və qayıdırıq. Heç kim bizi dayandıra bilməz. Mütləq qayıdacağıq, çünki bunun başqa yolu yoxdur”.

Bu gün də, Vətən müharibəsində əldə edilmiş Qələbə və Azərbaycanın həmin tarixi Qələbəsini hüquqi cəhətdən təmin edən üçtərəfli bəyanat dünya dövlətləri arasında beynəlxalq səviyyədə müzakirə edilməkdədir. Lakin, o dövlətlərin hansı maraqdan çıxış etdikləri və Azərbaycanın maraqlarına zidd mövqedə dayanmaları ölkə Prezidentinin haqq yolundakı qətiyyətlli addımının qarşısını ala bilməyib, bundan sonra da ala bilməyəcək. Cənab Prezident İlham Əliyevin güclü diplomatık fəaliyyəti və xalqın bir olub ölkə rəhbərinin ətrafında sıx birləşməsi, həmçinin, dost-qardaş ölkələrin Azərbaycanın haqq işinə daim dəstək göstərməsi Azərbaycanın nəyinki regionda bütün dünyada nüfuzunu yüksəltmişdir. Mən tam əminəm ki, xalqımız bundan sonra da öz liderinə böyük etimad göstərərək Prezidentin ətrafında hər zaman sıx birləşəcək və Azərbaycan da inkişafda olan güclü dövlət kimi daima təmkin nümayiş etdirərək böyük qələbələrə imzalar atacaqdır.

Yusif Babanlı
Azərbaycan Dövlət Bədən Tərbiyəsi
və İdman Akademiyasının prorektoru,
professor
102 il öncənin həqiqəti: Anarxiya mətbuatıElçin Mirzəbəyli

Sözümə birbaşa ƏLAHƏZRƏT MƏTLƏBdən başlayıram: Mediaya qarşı əzici və aşağılayıcı tərz əks effekt verəcək. Bu, məsəli xalqımızın vətənsevər, fədakar nümayəndələrindən uzaq, “hamam suyu ilə dost tutmaq istəyənlərə” də aiddir.

...Hərənin ağzından bir avaz gəlir. “Məscidin qapısı” açıq qalıb deyə, Neftçalalı soydaşlarımız demiş, ecahanlıqdı... İndi həvəsə gələn çoxları gözünün yağını şama çevirib qaranlıqları aydınlatmaq üçün gecə-gündüz yorulmadan çalışan illərin peşəkarlarına, hər cümləsi USTAD DƏRSİ olanlara “Çilingağac” oynamağı öyrədir, bəziləri isə onları şəxsi qərəzinin, qəzəbinin, natamamlıq komplekslərinin hədəfinə çevirməkdən belə çəkinmirlər. Çünki bunun üçün ən azından münbit şəraitin olduğu görüntüsü var. Mənzərənin reallığa nə qədər uyğun olub-olmadığını zaman göstərəcək. Amma gedişatın qoxusu pis gəlir, həzarat. Məndən deməkdir, gerisini özünüz bilərsiniz...

“Alçaldılmışlar və təhqir edilmişlər”

“Qoca yenə də sözə başladı:
- Hə, sizdə nə var-nə yox? “B” yenə tənqid yazır?
- Bəli, yazır, - dedim.
Sonra əlini yelləyərək sözünü tamamladı:
- Eh, Vanya, Vanya! Tənqidin axı nə köməyi!”

Bu dialoq Fyodr Dostayevskinin “Alçaldılmışlar və təhqir edilmişlər” romanındandır. Əsərin adının Azərbaycan dilinə “Alçaldılmış və təhqir edilmiş insanlar” kimi tərcümə edilməsiylə heç cür barışa bilmirəm. Bəsit sovet publisistikasının qoxusu gəlir...
...Əsəri nə üçün xatırladım? Hə, çox güman ki, adına görə. Alçaldılmış və təhqir edilmişlərin qürur hissi olmur. Qürur polad mil kimidir. Sındısa, daha heç zaman bərpa olunmayacaq. Qürursuz adam - müqavimət hissi olmayan adamdır. Cəmiyyət də, onun ayrılmaz bir parçası olan media da belədir. Qüruru ilə birlikdə müqavimət hissi də, özünümüdafiə qabiliyyəti də sınır.

Post-postmodernçilərə premodern dərsi

...İllərdir “jurnalist”, “media”, “mətbuat, sözlərinin önünə “reket” ayamasını calaq etmək olmaz deyib, daş atıb başımı tuturdum. Cinayətkardır, getsin məhkəmə qarşısında cavab versin, onun əməllərinin jurnalistikaya, mediaya nə aidiyyatı var? Təfərrüatına varmayacağam, ola bilsin ki, bu illər ərzində, bütövlükdə jurnalist cameəsinə “reket” gözüylə baxılması, kimlərinsə dəyirmanına “su gəlir” təəssüratını yaradırdı. Amma fərqində deyildilər ki, bu dəyirman o dəyirmandan deyil, yəni yel dəyirmanıdır və öz ömrünü başa vurmuş “dəyərlər”i simvolizə edən “cəngavər”inə - don kixotlarına baxıb qəhqəhə çəkməkdədir.
Bir məqamı da qeyd edim: Azərbaycan mediasının postmodern dövrünü çoxdan adlayan post-postmodernçi təmsilçilərinə arxaik premodern paradiqminin əyri güzgüsündən boylanmağın da, fayda verməyəcəyi qənaətindəyəm. Özlərinə, peşələrinə sayğı duyanlar qələmlərini döş ciblərinə qoyub sakitcə bir kənara çəkiləcək və mizan-tərəzinin necə pozulduğunu müşahidə edəcəklər. Özlərinə hörmət etməyənlər isə... Onlar onsuz da cansız “çəki daşları”dır, hara qoysalar orda da duracaqlar.

Qarşıdan Milli Mətbuat və Jurnalistika günü gəlir. Amma mövcud xaotik söyləntilər çərçivəsindən yanaşanda, arxadan, yəni dünəndən, keçmişdən gəldiyi təəssüratı yaranır. Əslində Milli Mətbuat və Jurnalistika gününün daşıdığı dəyərlər bizdən xeyli irəlidədir. O qədər irəlidə ki, bu gedişatla hər 5, 10, 20 illik zaman kəsiyindən sonra, ONA doğru qayıtmaq haqqında düşünmək məcburiyyətində qalacağıq. Fikirlərimdə ziddiyyət axtarmayın, lütfən, indi izahını verəcəyəm. Əslində milli mətbuatımızın günü və bu günün ifadə etdiyi dəyərlər bizdən 146 il arxadadır, yaxud geridədir. Sözgəlişi deyirəm, yozmayın. Və biz hər 5, 10 və ya 20 il sonra yenidən o dəyərlərə qayıtmağın vacibliyini düşünürüksə, belə anlaşılır ki, arxamız bizdən qabaqdadır. Yəni öndədir, irəlidədir və sair və ilaxır...
Ən yaxşı yenilik unudulmuş, yaxud unutdurulmuş köhnəlikdir. Azərbaycan mətbuatının tarixini sadəcə iqtibas gətirmək üçün yox, öyrənmək və tətbiq etmək üçün yaxşıca oxumaq lazımdır. Xalq Cümhuriyyəti parlamentin 1919-cu il 30 oktyabr tarixli qərarı ilə qəbul etdiyi "Mətbuat haqqında nizamnamə"yə diqqətlə nəzər salınarsa, oradan bizi heyrətə gətirə biləcək nə qədər yeniliyin boy verdiyini görə bilərik. Öncə qeyd edim ki, Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 23 ay ərzində ölkədə 200-ə yaxın mətbu orqanı - 42 gündəlik, 6 günaşırı, 7 həftədə iki dəfə, 40 həftəlik, 4 iki həftədən bir, 5 aylıq qəzet nəşr olunub. Təxminən 20 qəzetin nüsxələri qalmadığı üçün onlarla bağlı statistik məlumatları dəqiqləşdirmək mümkün olmayıb. Həmin dövrdə işıq üzü görən jurnalların ümumi sayı isə 25-dir...

Qeyd edim ki, Cümhuriyyət parlamentində "Mətbuat haqqında nizamnamə"nin müzakirəsi zamanı layihənin müəlliflərindən biri olan Məhəmməd Əmin Rəsulzadənin bugünümüzlə uzlaşan çıxışı diqqətimi çəkdi. Parlamentin 1919-cu il 25 oktyabr tarixli iclasındakı çıxışında Rəsulzadə bildirir ki, mətbuat azadlığı ilə anarxiya mətbuatı fərqləndirilməlidir.
Sitat: “Mətbuat haqqında Nizamnamə” azad mətbuatla anarxiya mətbuatı arasındakı sərhədləri müəyyənləşdirir.

...Qarayevin “Füqara” qəzeti ona görə bağlandı ki, baş nazir Nəsib bəy Yusibəylinin əyalətlərə işgüzar səfərini “məsul işləri buraxıb Ağdaşa kefə getmək” kimi təqdim etmişdi. Heç şübhəsiz ki, yayın qızmar çağında Ağdaşda heç bir kef ola bilməz. Hələ bu azmış kimi eyni nömrədə idarəçiliyə və qayda-qanuna məhəl qoymamağa açıq çağırış vardır. Heç kim etiraz edə bilməz ki, belə mətbuat cilovlanmalıdır”.

Haşiyə: Cümhuriyyət parlamentində “Mətbuat haqqında Nizamnamə”nin müzakirəsi zamanı ayrıa-ayrı fraksiyaların təmsilçilərinin çıxışları ilə təkrar tanış olanda hər dəfə olduğu kimi heyrətləndin. Parlamentin üzvləri (deputatlar) yalnız və yalnız mətbuat azadlığına, jurnalistlərin peşə fəaliyyətinə maneə yarada biləcək ehtimallardan danışır, Nizamnamə layihəsinin az qala hər bir müddəasını dəfələrlə fikir süzgəcindən keçirirlər...

Müasir Azərbaycan parlamentinin deputatı isə həssas bir dönəmdə əsassız və bəsit bir qisasçılıq zəminində jurnalistlərlə şəhid ailələrini qarşı-qarşıya qoymağa çalışır, müasir dövrdə dövlət sərhədlərimiz qədər mühüm əhəmiyyət kəsb edən informasiya məkanımız üçün saysız-hesabsız təhdidlərin olduğunun fərqinə varmadan yenicə formalaşmaqda olan etimad mühitini zədələməyə cəhd göstərir...

Bu baxımdan, Azərbaycan mətbuatı adını çəkmək belə istəmədiyim deputatdan 146, Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin üzvləri isə ən azı 102 il öndədirlər.

Sözardı

Göründüyü kimi, 102 il öncə Azərbaycan parlamentində səsləndirilən fikirlər günümüzün reallıqlarını da əks etdirir. Zənnimcə, “anarxiya mətbuatı” “reket mətbuat” ifadəsindən daha dəqiq və daha səlisdir...
Məhz bu səbəbdən, klassik mətbuat (media) ənənələrinin sözün əsl mənasında bərpa edilməsinin ən böyük islahat olduğu qənaətindəyəm. Azərbaycan mediası yaxın 20-30 il ərzində tam biznes subyektinə çevrilə bilməyəcək və çevrilməsi də təhlükəlidir. Çevriləcəksə, yerdə yalnız və yalnız heç bir ölçü, sərhəd, dəyər, ictimai maraq tanımayan “anarxiya mətbuatı” qalacaq!

Göygöldə hərbçilər qəzaya düşdü - 15 nəfər yaralandıGöygöl rayonunda baş verən yol qəzasının səbəbi məlum olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri, polis polkovniki Ehsan Zahidov bildirib ki, hadisə bu gün günorta saatlarında rayonun Aşıqlı kəndində baş verib. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına məxsus “Ural” markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəticədə avtomobil aşıb:

"Hadisə nəticəsində 15 nəfər hərbi qulluqçu müxtəlif növ xəsarətlər alıb. Onlardan 12-nin xəsarətləri yüngül olduğundan yerindəcə tibbi yardım göstərilib. Digər 3 nəfər orta-ağır vəziyyətdə olduğundan hospitala yerləşdirilib. Faktla bağlı araşdırma aparılır".
Azərbaycanda daha 213 nəfər COVID-19-a yoluxub, 1 nəfər ölübAzərbaycanda koronavirus (COVID-19) infeksiyasına 213 yeni yoluxma faktı qeydə alınıb, 88 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 338 183 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331 200 nəfər müalicə olunaraq sağalıb, 4 991 nəfər vəfat edib. 1 992 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 817, bu günə qədər isə ümumilikdə 3 905 500 test icra olunub.

İlham Əliyev Azərbaycan xalqını təbrik etdiPrezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Avrasiya.net əbrikin mətnini təqdim edir:

"Hörmətli həmvətənlər!

Sizi və ölkəmizin hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı dünya müsəlmanlarının birlik, həmrəylik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.

İnsanları humanizmə, mərhəmətə və vəhdətə dəvət edən Qurban bayramında müsəlmanlar Haqq yolunda, nəcib amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirir, Ulu Yaradana yaxınlığın sevincini yaşayırlar.

Bəşər mədəniyyətinin möhtəşəm mərhələsini təşkil edən İslam sivilizasiyası xalqımızın dünyagörüşünün formalaşmasında və milli-mədəni inkişafında müstəsna rol oynamış, mütərəqqi İslam adət-ənənələri və mənəvi-əxlaqi dəyərləri Azərbaycanda hər zaman uca tutulmuşdur. İslam dünyasının tarixi-mədəni mərkəzlərindən biri kimi Azərbaycan dünya mədəniyyətinə və elmi-fəlsəfi fikrinin inkişafına misilsiz töhfələr bəxş etmişdir.

Əziz bacı və qardaşlarım!

Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman övladlarımızın nurlu xatirəsini bu mübarək bayram günlərində dərin ehtiramla yad edirik. Xalqımız şəhidlərimizin şərəfli adını heç zaman unutmayacaq, onların ailələri və qazilərimiz dövlətin daimi diqqət və qayğısı ilə əhatə olunacaqdır. Əminəm ki, ölkəmizin rifahı, firavanlığı üçün edilən dualar, torpaqlarımızın işğaldan azad olunmasının doğurduğu Qələbə ovqatı və Allaha şükranlıq hissi ilə kəsilən qurbanlar cəmiyyətimizdə milli-mənəvi həmrəylik ruhunu daha da gücləndirəcək, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevriləcəkdir.

Dua və niyyətlərinizin Tanrı dərgahında qəbul olunması diləyi ilə bir daha hamınıza xoşbəxtlik, ailələrinizə əmin-amanlıq, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.

Qurban bayramınız mübarək olsun!"

Patidən istifadə edən ana sevgilisi ilə birləşib oğluna görün nələr yaşatdıƏsəbləri zəif olanlar baxmasın! Mövzu əlbəttə ki, uşaq zorakılığıdır. Bir neçə gün öncə 5 yaşlı uşaq “ana” tərəfindən nənəsinin əvvəllər işlədiyi kafedə qoyulur, işçilər nənəyə zəng vurur ki, uşaq ölür... Uşaq xəstəxanaya, travmatalogiya şöbəsinə yerləşdirilir və hal-hazırda vəziyyəti orta-ağır qiymətləndirilir.

Avrasiya.net xəbər verir ki, bu sözləri “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kamalə Ağazadə instaqramda yazıb. Uşağın ağır vəziyyətdə görüntülərini paylaşan Kamalə Ağazadə dünən xəstəxanada olduqlarını və çəkilişləri Daxili İşlər Nazirliyinə göndərdiklərini bildirib:

“Tədqiqat gedir, inşallah bu gün materialın hansı təhqiqatçıda olduğunu da öyrənəcəm. Bu gün nənə ilə də görüşdüm. Nənə uşağa bunu edənin qızı Səadət ilə onun sevgilisi Kamran adlı şəxsin olduğunu iddia edir. Uşağın bədənində siqaret izləri, gematomalar, dilinin qoparılması, gematomalardan toxumaların çürüməsi ağır işğəncələrdən xəbər verir. Uşaq da bildirir ki, məni Kamran döydü, dilimi də o dişlədi... Anasının da orda olduğunu bildirib.

Tədqiqatın işinə müdaxilə etmək fikrim qətiyyən yoxdur, amma SƏADƏT və KAMRAN hardadır sualıma cavab axtarıram...

Nənənin dediyinə görə, bir dəfə də uşağa zorakılıq olub, şərəfsiz üzr istəyib və şikayət geri götürülüb. Nənə iddia edir ki, Səadət və Kamran narkotik istifadəçisidir... PATI... Gerisini aidiyyəti qurumlara buraxıram. Mən isə 5 yaşlı körpəni tək buraxmayacam!”



Vilayət Eyvazov polis rəislərini topladı: Xüsusi tapşırıqDaxili İşlər Nazirliyinin ölkədə qanunsuz narkotik ticarətinə qarşı başlatdığı böyük kampaniya ən yüksək səviyyədə davam etdirilir.

Axar.az-ın əldə etdiyi məlumata görə, bu gün Daxili İşlər Nazirliyində məsələ ilə bağlı hesabat toplantısının keçiriləcəyi gözlənilir. Bildirilir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun birbaşa rəhbərliyi ilə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində polis rəislərinin keçirdiyi əməliyyatlar qiymətləndiriləcək, onların hesabatlılığı müzakirə ediləcək.

Nazirin narkomaniyaya qarşı mübarizəni daha da gücləndirmək üçün xüsusi göstəriş və tapşırıqlar verəcəyi də gözlənilir.

Qeyd edək ki, son günlər Daxili İşlər Nazirliyinin narkotiklərin qanunsuz dövriyyəsinə qarşı total mübarizə kampaniyası ayrı-ayrı ziyalılar, millət vəkilləri, ictimai fəallar və bütövlükdə əhali tərəfindən böyük rəğbət və dəstəklə qarşılanır.