"Hindistan bir çox sahələrdə uğurlar qazanıb"Bu gün Hindistan Səfirliyinin Azərbaycan Dillər Universiteti ilə birgə təşkil etdiyi inşa müsabiqəsinin, eləcə də yoqaya həsr olunmuş video və fotoşəkil müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Avrasiya.net xəbər verir ki, hər iki müsabiqə Hindistanın 2022-ci ildə qeyd edəcəyi müstəqilliyin 75-ci ildönümü münasibətilə keçirilən tədbirlərin tərkib hissəsi kimi təşkil olunub.

Səfir Bavitlunq Vanlalvavna tədbirdəki çıxışında Hindistanın müstəqilliyinin 75-ci ildönümü ilə bağlı bayram tədbirlərinin bu ilin martından etibarən keçirilməyə başlandığını və bu tədbirlərin 2023-cü ilin avqustuna qədər davam edəcəyini bildirib.

Diplomat Hindistanın 1947-ci ildə müstəqillik qazandığı gündən etibarən keçdiyi yolları xatırladıb və qeyd edib ki, Hindistanın iqtisadiyyatı son 75 il ərzində çoxşaxəli formada inkişaf edib: “Hindistan bu gün dünyanın beşinci böyük iqtisadiyyatıdır və qlobal iqtisadiyyatın sabitliyinə və böyüməsinə əhəmiyyətli dərəcədə töhfə verib”.

O, ölkəsinin 2025-ci ilə qədər 5 trilyon dollarlıq iqtisadiyyata nail olmaq üçün çox əhəmiyyətli bir hərəkata – Hindistanın qlobal iqtisadiyyatda payını artırmağa hədəflənmiş “Aatma Nirbhar Bharat” hərəkatına start verərək sürətli iqtisadi artım yolunu davam etdirmək istədiyini bildirib.

Hindistanın kənd təsərrüfatı sektoru, elm və texnologiya, informasiya texnologiyaları, kosmik sahələr və s. daxil olmaqla bir çox digər sahələrdə də həmçinin uğurlar qazandığını deyən səfir Hindistanın əczaçılıq sektorunun gücünün dünyanın müxtəlif yerlərində, o cümlədən Azərbaycanda da ümumilikdə qəbul edildiyini vurğulayıb.

B.Vanlalvavna həmçinin dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Hindistan diasporlarının həmin ölkələrdəki cəmiyyətlərə müsbət töhfə verdiklərini söyləyib.

Tədbirdə həmçinin Azərbaycan Dillər Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova çıxış edib.

Sonda inşa, eləcə də video və fotoşəkil müsabiqələrinin qaliblərinin mükafatlandırılma mərasimi baş tutub.


Araşdırmaçı yazar Mahmud Qaşqari medalına layiq görülübAvrasiya.net xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyində Mahmud Qaşqari adına Beynəlxalq Fond tərəfindən verilən “Mahmud Qaşqari - 1000” medalının Türkiyəli araşdırmaçı yazar, Qərbi Azərbaycan İcmasının Ankara təmsilcisi Dr.Derya Akdemirə təqdimetmə mərasimi keçirilib.

Pandemiya şəraitində baş tutan tədbiri giriş sözü ilə Bakıda fəaliyyət göstərən Mahmud Qaşqari adına Beynəlxalq Fondun baş katibi Elxan Zal rəhbərlik etdiyi qurum barədə məlumat verib. Elxan Zal qeyd edib ki, fond 2006-cı ildə Xalq yazıçısı Anar, mərhum ədəbiyyatşünas alim Arif Əmrahoğlu və özü tərəfindən yaradılıb. O, fondun türk xalqları arasında körpü rolunu oynadığını və əsas məqsədinin ümumtürk düşüncəsi və mədəniyyətinin inkişafına töhfə vermək olduğunu bildirib.

E.Zal bu günə qədər fondun mükafatını alanlar sırasında Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl, qazaxıstanlı yazıçılar - Oljas Süleymanov, Sabit Dosanov, qırğız şair Omar Sultanov, Azərbaycandan filologiya elmləri doktoru Ramiz Əskər, Xalq şairi Sabir Rüstəmxanlı, Xalq yazıçısı Çingiz Abdullayev, professor İlham Rəhimov və Əməkdar jurnalist Hikmət Babaoğlunun olduğunu deyib.

Araşdırmaçı yazar, Qərbi Azərbaycan İcmasının Ankara təmsilçisi Dr.Derya Akdemir bu medala layiq gördüklərinə görə Mahmud Qaşqari adına Beynəlxalq Fonduna öz dərin təşəkkürlərini bildirib və qeyd edib ki, bundan sonra da eyni templə Türk dünyasının, onun milli - mədəni zənginliklərinin qorunması istiqamətində fəaliyyətlərini davam etdirəcək.
Jurnalistlər üçün tikilən bina onlara verilməsin - DeputatÖlkədə jurnalistlərə iki böyük bina inşa edilərək evlər verilib.

Avrasiya.net xəbər verir ki, bu barədə millət vəkili Etibar Əliyev qeyd edib.

"Bu, jurnalist keyfiyyətini əsla dəyişməyib. Alimlərə heç belə qayğı göstərilməyib. Alimlərin bir binasındakı evlərin əksəriyyətini Akif Əlizadə və onun ətrafındakı yaxınları zəbt ediblər. İndi deyirlər ki, jurnalistlərə üçüncü bina tikilir. Ay məmləkət! Ölkədə qəzet demək olar ki, yoxdur. Cəmi üzdə olan 5-6 sayt var ki, yalnız xəbərlər dərc etməklə məşğuldur və onların əksər rəhbərləri oliqarx olublar. Analitik yazılar yoxa çıxmaq üzrədir. Müsahibə götürən jurnalisti sonradan axtarırıq ki, fikirlərimiz təhrif olunub. Əvvəlki binalardan mənzil alanların çoxusu jurnalistikanın daşını çoxdan atıb. Jurnalist adı ilə katibələrə, sürücülərə evlər verilib. Bu sənət beləcə ucuzlaşdırılıb. Və bu davam etməkdədir. Belə olan təqdirdə mənzil imitasiyasına son qoymaq lazımdır. Jurnalistlərin adına tikilən 3-cü bina ehtiyacı olan şəhid və qazi ailələrinə verilməlidir", - millət vəkili bildirib.
Prezident bu ölkələrə yeni səfirlər təyin etdiPrezident İlham Əliyev Rəşad Eynəddin oğlu Məmmədovun Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

Avrasiya.net sərəncamı təqdim edir:

Rəşad Eynəddin oğlu Məmmədov Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın.

Dövlət başçısının digər sərəncamı ilə Ağalar Rahim oğlu Atamoğlanov Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

***

Lətif Seyfəddin oğlu Qəndilov Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycan Respublikasının Müstəqil Dövlətlər Birliyinin nizamnamə və digər orqanları yanında daimi səlahiyyətli nümayəndəsi vəzifələrindən geri çağırılıb.

Dövlət başçısının digər sərəncamı ilə Ülvi Vaqif oğlu Baxşəliyev Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

***

Prezident İlham Əliyev Əli Fikrət oğlu Əlizadənin Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Əli Fikrət oğlu Əlizadə Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın.

Prezidentin digər sərəncamı ilə Xəzər Nadir oğlu Fərhadov Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Bir qrup jurnalist “Neftçi” klubunu ziyarət edəcəkBir qrup jurnalist gələn həftə “Olimpiakos”la cavab oyunuöncəsi “Neftçi” klubunu ziyarət edəcək.

Bu barədə Avrasiya.net-ə “Jurnalistlər Sülh və İnkişaf Uğrunda” İctimai Birliyinin rəhbəri Mətləb Salahov bildirib.

Qurum rəhbəri bildirib ki, əsasən “Neftçi” azarkeşi olan media nümayəndələri klubun bazasını ziyarət etmək, klubun rəhbərliyi və futbolçularla görüşmək, Yunanıstan təmsilçisi ilə vacib oyunöncəsi komandaya mənəvi dəstək olmaq üçün bu addımı atacaqlar. Qurum rəhbəri diqqətə çatdırıb ki, ölkənin ən köklü futbol klubuna media dəstəyi, ilk növbədə Azərbaycanda futbola gənc nəslin marağını artırmaq, ölkə futboluna ictimai dəstəyi yüksəltməkdir.

Gürcüstanda çörək bahalaşıbGürcüstanda çörəyin qiyməti təqribən 15 tetri artıb.

“Report”un yerli bürosu xəbər verir ki, buna səbəb hökumətin buğda unu ilə bağlı altı aylıq subsidiya proqramının başa çatmasıdır.

Çörəkbişirmə müəssisələri qiyməti 10 tetri, mağazalar isə əlavə 5 tetri qaldırıb.

Gürcüstanın Çörək Məmulatları İstehsalçıları Assosiasiyasının direktoru Malxaz Dolidze bildirib ki, qiymət artımı qaçılmaz olub: “Buna əsas səbəb xammalın bahalaşmasıdır. İstehsal üçün tələb olunan digər köməkçi materiallar və kommunal xidmətlərin də qiyməti artıb”.

Qeyd edək ki, qonşu ölkədə ən çox tələbat olan çörəyin qiyməti 80 tetri təşkil edir.
Ukrayna Daxili İşlər Nazirliyinə yeni rəhbər təyin olunduAli Rada Qanun Mühafizəsi Komitəsinin sədri Denis Monastırski Ukrayna Daxili İşlər Nazirliyinin yeni rəhbəri təyin edilib.

Avrasiya.net bildirir ki, bu haqda Ukrayna parlamentinin mətbuat xidməti məlumat verib. İclasda 271 deputatdan 226-sı onun lehinə səs verib.

Qeyd edək ki, iyunun 13-də Ukraynanın keçmiş daxili işlər naziri Arsen Avakov istefa məktubu yazıb. Dünən Ali Rada Avakovu 2014-cü ilin fevralından tutduğu nazir vəzifəsindən azad edib.
"Ağdam mənim üçün cənnət diyardır"Qarabağın təbiəti olduqca zəngindir. Biz azərbaycanlılar üçün Qarabağ olduqca müqəddəsdir. Qarabağımızın hər bölgəsi mənim üçün əvəzolunmazdır. Ancaq bunların içindən Ağdam mənim üçün cənnət diyardır. Lakin mən ömrümdə bir dəfə belə öz yurdumu görməmişəm. Düzdür, Ordumuz torpaqlarımızı azad etdi. Fəqət, mən bir an öncə öz torpağımı görmək istəyirəm. Gedib Ağdamı, Şuşanı, Kəlbəcəri və digər ərazilərmizi görmək istəyirəm.

Mən Ağdam haqqında çox şey bilirəm. Bildiklərimin yarısını, hətta çoxunu babamın,nənəmin və atamın Ağdam haqqında gedən söhbətlərindən öyrənmişəm. Geriyə qalan biliklərimi isə sosial şəbəkələr vasitəsilə öyrənmişəm.

Ağdam 1993-cü ilin 23 iyul tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. 2020-ci ilin 20 noyabrında Üçtərəfli bəyanat əsasında işğaldan azad edilmişdir. Ağdamın 79 mədəniyyət ocağı var. Bunlardan ən məşhuru "Ağdam çörək muzeyi"dir. Bu muzey 1983-cü ildə fəaliyyətə başlamışdır. Bu muzeydə olsan eksponatların bir hissəsini muzeyə gələn əcnəbilər muzeyə bağışlamışdır. "Çörək muzeyi"də 2800-ə yaxın eksponat var idi. Muzey 12 avqust 1992-ci ildə ermənilərin atdığı mərmi nəticəsində məhv olmuşdur. Muzeydə olan 1500 eksponatda yanaraq məhv olmuşdur.

Ağdamın göz oxşayan abidələrindən biri də "Çay evi"dir. "Çay evi"1986 cı ildə açılmışdır.1993-cü ildə "Çay evi" Ermənistan silahlı qüvvələri tərəfindən yandırılaraq məhv edilmişdir.2015-ci ildə Quzanlıda "Çay evi"nin bənzəri tikilmişdir. Hər nə qədər bənzətsələrdə,əslinin yerini tuta bilməz.

Ağdam sakinləri incəsənəti çox sevirlər. Elə məhz buna görə də "Ağdam Dövlət Dram teatrı"nı tikmişdilər. Bu teatr 1902-ci ildə Əbdürrəhim bəy Haqverdiyev və yerli ziyalıların köməkliyi ilə yaradılıb.

Teatr 1904-cü ildə tamaşaçıların üzünə açılıb. İlk tamaşaları isə M.F.Axunovun "Sərgüzəşti-vəziri-xani-Lənkərani" və Ə.Haqverdiyevin "Dağılan tifaq" pyesləri olmuşdur.

İşğaldan sonra "Dram teatrı" Quzanlıda fəaliyyətini davam etdirib.

Ağdamlılar incəsənəti sevdikləri qədər dinlərinə də bağlıdırlar. Buna nümunə kimi "Ağdam cümə məscidi"ni göstərmək olar. Bu memarlıq abidəsi 1868-1870-ci illərdə tikilmişdir. Bu möhtəşəm memarlıq abidəsi Kərbəlayi Səfixan Qarabağı tərəfindən tikilmişdir.

Ağdamı işğal edən ermənilər məscidi təhqir etmək məqsədilə orada öz heyvanlarını saxlamışdır.

Bu gün onların əməlləri cavabsız qalmadı. Artıq Ordumuz Qarabağımızdadır. Ağdamda yenidən azan səslənir. Dram teatrının, Çörək muzeyinin və Çay evinin bərpası aparılır. Çox istərdim ki tezliklə keçmiş Ağdamı görüm. Bilirəm ora hal-hazırda dağılıb. Ancaq mən oranı görmək istəyirəm. Dağılmışda olsa oranı görmək istəyirəm.

Fidan Hüseynzadə
Müvəkkil Hüquq Mərkəzinin Qadın və uşaq hüquqları Departamentinin əməkdaşı
"Türk xalqı demokratiyaya sahib çıxdı" - TatarŞimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Mersin valiliyi tərəfindən 15 İyul Şəhid və Qazi ailələri üçün təşkil etdiyi yemək proqramına qatılıb.

Avrasiya.net xəbər verir ki, Ersin Tatar tədbirdə qazilərlə və şəhid ailələri ilə söhbət edib.

Prezident FETÖ terror təşkilatının hərbi çevriliş cəhdinin qarşısını almaq üçün həyatını itirən şəhidlər və qazilərin unutmadıqlarını, onların apardıqları mübarizəni unutdurmayacaqlarını söyləyib.

Beş il əvvəl FETÖ-nün Türkiyəni bölmək və zəiflətmək üçün 15 İyulda etdiyi hücumu qınayan Tatar şəhidlərin və qazilərin vətən naminə özlərini tankların önünə atdıqlarını və hücumun önləndiyini bildirib.

Şimali Kiprdə xain hücumu böyük bir narahatlıqla izlədiklərini dilə gətirən Ersin Tatar ölkələri üçün canlarından keçən şəhidləri rəhmətlə, qaziləri minnətdarlıqla andıqlarını qeyd edib.

Kiprli yunanların FETÖ hücumlarının o gecə uğurlu olmasını istədiklərini və Yunanıstan bayrağını Girnedə qaldıracaqlarına dair açıqlamalar verdiklərini dilə gətirən Tatar, güclü Türkiyənin buna icazə vermədiyini və Türk xalqının demokratiyaya sahib çıxdığını söyləyib.

Ersin Tatar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 20 İyul üçün böyük hazırlıqlar görüldüyü ŞKTC-ni ziyarət edəcəyini bildirib.

ŞKTC ilə Türkiyənin bu coşğunu birlikdə qeyd etmələrinin dünyaya əhəmiyyətli bir mesaj olduğunu dilə gətirən Tatar, möhkəm bir razılaşma yolu ilə Kipr Türk xalqının gələcəyini, təhlükəsizliyini, suverenliyini və müstəqilliyini təmin etməyin vacibliyini vurğulayıb.

Prezident Ersin Tatar Mersin səfərini başa vurub, ölkəsinə dönüb.