İlham Əliyevdən Ermənistana xəbərdarlıq: "Peşman olacaqlar"Delimitasiya işləri ilə bağlı indi beynəlxalq təşkilatlar da müsbət reaksiya verirlər. Əgər Ermənistan bunu etmək istəmirsə, özü bilər, ancaq yaxşı fikirləşsinlər, sonra gec ola bilər.

Avrasiya.net xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlilləri ilə görüşündə deyib.

Dövlət başçısı bildirib:

“Necə ki, vaxtilə əgər öz xoşları ilə bizim torpaqlarımızdan çıxsaydılar, bu qədər rəzil duruma düşməzdilər. Bizim bu təklifimiz qalib ölkənin təklifidir, güclü tərəfin təklifidir, müzəffər xalqın təklifidir.

Əgər buna Ermənistanda mənfi reaksiya varsa, bunu da özləri bilərlər. Amma yenə də deyirəm, yenə də peşman olacaqlar. Biz isə bundan sonra ancaq və ancaq irəli gedəcəyik.

Biz bütün quruculuq işlərimizlə bağlı planları sistemli şəkildə həyata keçiririk və artıq quruculuq işlərinə start verilib. Biz, dediyim kimi, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. İnsanlar ora qayıdacaq, öz dədə-baba torpağında rahat yaşayacaqlar”.
Bizim doğma torpağımız Zəngəzurdur, Göyçə mahalıdır, İrəvandır, biz qayıdacağıqAvrasiya.net-in məlumatına görə, bunu Prezident İlham Əliyev şəhid ailələri və müharibə əlilləri ilə görüşü zamanı deyib.

Dövlət başçısı bildirib:

"İndi isə yeni dövr başlayıb - quruculuq dövrü, postmünaqişə dövrü. Mən bunu dəfələrlə demişəm, bir daha demək istəyirəm, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi öz həllini tapıb. Bu münaqişə həll olunub. Bunu da həll edən tərəf bizik, Azərbaycan dövlətidir. Biz bunu birtərəfli qaydada həll etmişik. Əgər kimsə, mən ordan-burdan eşidirəm, yenə də başlayıb ki, məsələ öz həllini tapmalıdır, bu münaqişə həll olunmayıb. Çox yanlış və təhlükəli yoldadırlar. Əgər həll olunmayıbsa, onda qoy bizə izahat versinlər, necə həll olunmalıdır. Biz hesab edirik ki, bu, həll olunub, artıq müharibə dövrü arxada qalıb. Amma buna baxmayaraq, biz müharibəyə hər an hazırıq və hazır olmalıyıq. İyunun 26-da Silahlı Qüvvələr Günündə mən öz açıqlamalarımda bunu demişəm. Biz ordumuzla bağlı yeni planları həyata keçiririk. Ancaq biz hesab edirik ki, münaqişə həll olunub, biz ərazi bütövlüyümüzü bərpa etmişik.

Biz Qələbə qazanmışıq. Bizim bu gün gündəlikdə duran hər hansı başqa bir məsələmiz yoxdur. Biz öz sərhədlərimizə çıxmışıq, Ermənistan-Azərbaycan sərhədini nəzarətə almışıq. Biz artıq quruculuq işlərinə başlamışıq. Əgər kimsə deyirsə ki, münaqişə həll olunmayıb, gəlsin desin, bunun həllini necə görür, nə həll olunmayıb? Əgər dırnaqarası Dağlıq Qarabağın statusundan söhbət gedirsə, mən demişəm, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Ümumiyyətlə, bu söz, ifadə işlənməməlidir. Dağlıq Qarabağ yoxdur, Qarabağ var. İyulun 7-də imzaladığım Fərman əsasında Qarabağ iqtisadi zonası yaradıldı, vəssalam. Bütün Qarabağa aid olan rayonlar orada birləşib. Şərqi Zəngəzur iqtisadi zonası yaradılıb. İndi Ermənistanda bu məsələ ilə bağlı isterikaya qapılırlar. Buna ehtiyac yoxdur, Şərqi Zəngəzur bizim tarixi torpağımızdır, Qərbi Zəngəzur bizim tarixi torpağımızdır. Biz tarixi unuda bilmərik. Kiminsə siyasi maraqlarının girovuna çevrilə bilmərik. Gəlsinlər, açsınlar tarixi sənədləri, xəritələri, baxsınlar, sovet hökuməti Zəngəzuru nə vaxt Azərbaycandan qoparıb Ermənistana verib.

Bu, yaxın tarixdir - 101 il bundan əvvəl. Yəni, biz deyək ki, bu, olmayıb? Nəyə görə? Biz həqiqəti deyirik. Bizim dədə-baba torpağımızdır: bütün Zəngəzur - Şərqi və Qərbi Zəngəzur. İndi Ermənistanda deyirlər ki, İlham Əliyev ərazi iddiası ilə çıxış edir. Əgər Şərqi Zəngəzur varsa, deməli Qərbi Zəngəzur da var. Bəli, Qərbi Zəngəzur bizim dədə-baba torpağımızdır. Demişəm ki, biz oraya qayıtmalıyıq. Bunu hələ on il bundan əvvəl demişəm. Mənim çıxışlarım hamısı mətbuatda var. Demişəm ki, bizim dədə-baba torpağımızdır, biz oraya qayıtmalıyıq və qayıdacağıq və qayıdırıq. Heç kim bizi dayandıra bilməz. Mütləq qayıdacağıq, çünki bunun başqa yolu yoxdur".
Ermənilərin Naxçıvanı atəşə tutması nəticəsində mayorumuz yaralandıBu gün Ermənistan silahlı qüvvələrinin bölmələri davamlı olaraq Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini və ətraf ərazilərini müxtəlif çaplı silahlardan atəşə tutduqdan sonra mövqelərin qarşısında və ətraf ərazilərdə yanğınlar baş verib.

Bu barədə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Yanğın ocaqlarının söndürülməsinə cəlb olunan Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Sədərək rayon yanğınsöndürənlərinə qarşı saat 13.00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri müxtəlif çaplı silahlardan atəş açıb.

Atəş nəticəsində Fövqəladə Hallar Nazirliyinin əməkdaşı, daxili xidmət mayoru Əhmədli Elvin Südeyif oğlu çiyin nahiyəsindən yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib.

Qeyd edək ki, iyulun 14-ü saat 10.00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib ki, nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçusu Mərdanlı İbadulla Məhsud oğlu yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib və o, tibb müəssisəsinə təxliyə olunub.

Cavab atəşi ilə düşmən susdurulub. Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Polis əməliyyt keçirdi - “patı” və “şüşə” satan 19 nəfər saxlanıldıBakı şəhərində polis əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin onlayn satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində genişmiqyaslı əməliyyatlar həyata keçirilib. Əməliyyatlar paytaxtın Xətai, Nizami, Suraxanı və Xəzər rayonunda baş tutub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində, eləcə də, paytaxtın digər rayonlarında, o cümlədən, sosial şəbəkələrdə külli miqdarda psixotrop maddə olan “patı”, “şüşə” adlanan metamfetamin, həmçinin narkotik vasitə olan heroinin satışı ilə məşğul olan şəxslərin saxlanılması istiqamətində əməliyyat tədbiri həyata keçirilib. Əvvəlcə, sosial şəbəkələrdə yayılan görüntülər əsasında binaların bloklarında “şüşə”, yəni metamfetamin satan paytaxt sakini Qədim Manafov və Sahib Mustafayev saxlanılıb. Onların üzərinə baxış zamanı külli miqdarda metamfetamin, elektron tərəzi və onlayn narkotik satışında istifadə olunan bank kartları aşkar edilib.

Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat zamanı sosial şəbəkələrdə narkotik vasitələrin satışı ilə məşğul olan əvvəllər məhkum olunmuş Hüseyn Orucov saxlanılıb. Onun üzərindən və Suraxanı rayonundakı evindən 50 büküm satış üçün qablaşdırılan metamfetamin , 2 ədəd elektron tərəzi , 1 kiloqramm 430 qram heroin və xeyli sayda bank kartları aşkar edilib. Davam etdirilən əməliyyat zamanı müəyyən edilib ki, Hüseyn Orucov narkotik vasitələri Rəfail adlı şəxsdən alıb. Həmin şəxs - Abşeron rayon sakini Rəfail Zeynalov da Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun Xırdalan şəhərindəki mənzilinə baxış zamanı 2 kiloqram 430 qram heroin, 350 qram tiryək, 100 büküm satış üçün qablaşdırılan metamfetamin, 2 ədəd elektron tərəzi, 1 ədəd “COLD” markalı tapança, iki ədəd həmin silaha aid sandıqça, 16 ədəd patron, 1 ədəd uzaqgörmə cihazı və onlayn narkotik satışı zamanı istifadə olunan bank kartları aşkar edilib. Rəfail Zeynalov ifadəsində sosial şəbəkələr vasitəsi ilə tanış olduğu və xarici ölkələrdən birində yaşayan şəxsin vasitəçiliyi ilə narkotik vasitələrin satışını həyata keçirdiyini etiraf edib.

Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat zamanı paytaxt sakinləri - əvvəllər məhkum olunmuş Ceyhun Cəfərzadə və Rəşid Əliyev saxlanılıblar. Bu şəxslər, əsasən, Sabunçu və Lökbatan qəsəbələrində psixotrop maddə olan metamfetamin, eləcə də, digər narkotik tərkibli maddələrin satışını həyata keçiriblər. Ceyhun Cəfərzadənin ətrafında keçirilən əməliyyat tədbiri zamanı müəyyən edilib ki, o, taksi şirkətlərindən birində qeydiyyatdan keçərək, taksi fəaliyyəti görüntüsü yaratmaqla elə idarə etdiyi avtomobildə “patı” və “şüşə”nin satışını həyata keçirib. Onun nəqliyyat vasitəsinə baxış keçirilən zaman külli miqdarda heroin və metamfetamin, 1 ədəd elektron tərəzi aşkar olunub. Rəşid Əliyevdən isə ümumilikdə 1 kiloqram 335 qram metamfetamin, heroin, eləcə də satışı qadağan olunan “Metadon” və “Tramadol” həbləri aşkar olunub. Rəşid Əliyev də ifadəsində Ceyhun Cəfərzadə ilə birlikdə narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirib. Bu əməliyyatlar zamanı Xatai Rayon Polis İdarəsi tərəfindən ümumilikdə 6 kiloqramdan artıq heroin və metamfetamin qanunsuz dövriyyədən çıxarılıb.

Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı isə birbaşa olaraq xarici ölkələrdən birində yaşayan narkotacirlə sosial şəbəkələr vasitəsi ilə cinayət əlaqəsinə girərək narkotik vasitə və metamfetaminin ölkəmizdə onlayn satışını həyata keçirən şəxs saxlanılıb. Bölmə ənməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı vətəndaş Dilsuz İsmayılov Nizami rayonu ərazisində tutulub. Onun üzərinə baxış zamanı 610 qram “patı”, “şüşə” adlanan metamfetamin, 90 qram heroin və 1 kiloqram 150 qram marixuana aşkar olunub. Dilsuz İsmayılov ifadəsində sosial şəbəkələrdə səhifələr yaradaraq narkotiklərin satışını təşkil etdiyini bildirib. Faktla bağlı Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsində toplanan materiallar İstintaq Şöbəsinə göndərilib.

Analoji tədbirlər Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən də rayonun Əmircan qəsəbəsində həyata keçirilib. Əməliyyat zamanı qeyd edilən qəsəbədə narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan 7 nəfər - Emil Qaraxanov, Mətləb Qəhrəmanov, Vaqif Hüseynov, Rəhman Qurbanov, Anar Əliyev, Səttar Fərəcov və Böyükağa Nəhmətov saxlanılıb. Onların üzərlərindən və yaşadıqları evlərdən ümumilikdə 700 qramdan artıq “patı” adlanan metamfetamin aşkar edilib.

Xəzər Rayon Polis İdarəsinin və 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı isə Binə qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan 5 nəfər saxlanılıb. Əməliyyat zamanı Binə və ətraf ərazilərdə narkotiklərin satışını həyata keçirən İmran Əliyev, Həsən Əsədullayev, Ruslan Dəmirov, Rahib Quliyev və qardaşı Sərraf tutulublar. Bu şəxslərdən satmaq üçün əldə etdikləri külli miqdarda narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin aşkar olunub. Qeyd edilən əməliyyatlar nəticəsində ümumilikdə 9 kiloqramdan artıq narkotik vasitə və metamfetamin qanunsuz dövriyyədən çıxarılıb.

Faktlarla bağlı Xətai, Nizami, Suraxanı və Xəzər Rayon Polis İdarələrində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və adları sadalanan şəxslər tutularaq istintaqa cəlb olunublar. Cinayət işləri üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Ermənistanın iki hərbçisi itkin düşdüErmənistanın iki hərbi qulluqçusu itkin düşüb. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, iyulun 14-də sübh çağı, hərbi qulluqçular Arhur Nalbandyan və Aramais Torozyanın (sürücü) getdiyi maşınla əlaqə kəsilib. Onunların Ermənistan Respublikasının cənub-şərq istiqamətində dumana düşdüyü bildirilir.

Hərbçilərin tapılması üçün axtarış-xilasetmə əməliyyatları başlayıb.

Rusiya tərəfinin vasitəçiliyi ilə A.Nalbandyan və A. Torozyanın Azərbaycan tərəfinə keçmə ehtimalı da müzakirə edilir. Bunun üçün Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələrilə danışıqlar aparılıb.
Ermənistan MN Azərbaycan Ordusundan kömək istədiErmənistan ordusunun iki üzvü – Artur Nalbandyan və Aramais Torosyan Sünik (Zəngəzur) bölgəsindəki Qaragöl yaxınlığındakı dumanda azaraq itkin düşüblər.

Axar.az xəbər verir ki, bu barədə Ermənsitan Müdafiə Nazirliyi məlumat yayıb.

“Axtarış əməliyyatları dərhal başlayıb, lakin hələ nəticə yoxdu. Təxminən bir saat əvvəl erməni və rus hərbçiləri paralel axtarış və itkin düşən erməni əsgərlərinin taleyini öyrənmək üçün azərbaycanlı hərbçilərlərlə danışıqlara gediblər”, - deyə məlumatda bildirilir.
Rus general İrəvana gəldiErmənistan-Rusiya ikitərəfli hərbi əməkdaşlıq danışıqlarının aparılması üçün İrəvana Rusiya Baş Qərargah rəisinin müavini Sergey İstrakov gəlib.

Avrasiya.net xəbər verir ki, bu məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb. İstrakov İrəvanda Baş Qərargah rəisi Artak Davtyanla görüşüb.

Qeyd edək ki, İstrakov son dəfə İrəvana 29 yanvarda gəlmişdi.
Prezident şəhid ailələri və müharibə əlilləri ilə görüşdüİyulun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak edib.

Avrasiya.net xəbər verir ki, dövlətimizin başçısı şəhid ailələri və müharibə əlilləri ilə görüşüb.

Prezident İlham Əliyev görüşdə çıxış edib.
Bakıda Əfqanıstan vətəndaşı azərbaycanlı arvadını ÖLDÜRDÜİyulun 9-da paytaxtın Binəqədi rayon sakini Nüşabə Səfərovanın (Səfayi) qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Binəqədi rayon prokurorluğundan Avrasiya.net-ə verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin əri Əfqanistan Respublikasının vətəndaşı Səməndər Səfayinin qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı mətbəx bıçağı ilə çoxsaylı xəsarətlər yetirərək Nüşabə Səfərovanı (Səfayi) qəsdən öldürməsinə və tanışı Canmirzə Cabbarovu öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyənləşib.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.

İyulun 12-də Səməndər Səfayi təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ittiham elan etmək üçün barəsində axtarış elan edilib.

Cinayət işi üzrə istintaq davam edir.
Ermənilər Naxçıvanı atəşə tutub, hərbçimiz yaralanıbİyulun 14-ü saat 10.00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçusu Mərdanlı İbadulla Məhsud oğlu yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib və o, tibb müəssisəsinə təxliyə olunub.

Cavab atəşi ilə düşmən susdurulub. Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.