Sabirabadda zorlanan qadına susması üçün pul və mülk təklif etdilərXəbər verdiyimiz kimi, Sabirabad rayonunda qadın iki həmkəndlisi tərəfindən döyülərək zorlanıb.

Avrasiya.net xəbər verir ki, İctimai Televiziyada sözügedən qadının məsələnin təfərrüatını danışdığını əks etdirən süjet yayımlanıb.

“Gəldilər, baxdılar. Səhəri gün məni şöbəyə çağırdılar. Şöbədə hər şeyi danışdım. Üç gün sonra prokurorluğa getdim. Həkimin yanına getdim. Həkim analiz götürdü, yazdı”.

Zərərçəkən bildirib ki, onlar iki nəfər olublar:

“Qapını qırdılar, içəri girdilər. İçəri girən kimi məni döyməyə başladılar. Sonra zorladılar”.

Qadın qeyd edib ki, hüquq-mühafizə orqanlarına müraciət edəndən sonra evinə basqın edənlərin valideynləri ona təzyiq göstərməyə çalışıblar:

“Evimə gələrək, şikayət etməməyim üçün təzyiq göstərirlər. Anaları gəlmişdi yanıma. Mənə pul təklif etdilər. Dedilər, sənə pul, torpaq, ev verəcəyik. Hamısını qapıdan qovdum. Mənə hədə-qorxu gəlirlər. Qorxu içində yaşayıram ki, bir də evimə basqın edər, mənə təcavüz edərlər”.
Ölkədə delta ştammı tapıldı, Bayramlı müraciət yaydıTibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Azərbaycanda COVİD-19-un delta variantının aşkarlanmasına münasibət bildirib.

Avrasiya.net xəbər verir ki, R.Bayramlı vətəndaşları son dərəcə diqqətli olmağa və birliyə çağırıb:

"Ölkəmizdə aşkar olunan COVİD-19 virusunun delta və digər variantlarının normal həyata qayıtmağımızın önündə əngəl olmaması üçün vaksinasiya prosesində aktiv iştirak etməliyik. Güc birlikdədir".

Qeyd edək ki, Səhiyyə Nazirliyi ilə İcbati Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə məlumatına görə, son dövrdə ölkə xaricindən gələn şəxslərdən alınmış nümunələrdən 31-də B.1.617 (Delta) variantı, 9-da B.1.1.7 (20 Alpha V1, Britaniya) variantı aşkar olunub.
Azərbaycanda "Delta" ştammı aşkarlandıAzərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə açıqlama yayıb.

Publika.az-a daxil olan açıqlamada deyilir:

"Bir ildən uzun müddətdir davam edən SARS-CoV-2 pandemiyası bütün dünyada mühüm səhiyyə problemi olmaqla birlikdə sosial və iqtisadi cəhətdən də ciddi çətinliklər yaratmaqdadır. SARS-CoV-2 infeksiyasına qarşı aparılan tədbirlər, peyvəndlənmənin təşkili və effektivliyinin öyrənilməsi baxımından ölkəmiz dünyada ön sıralardadır. Koronavirusların mutasiyaları nəticəsində son zamanlar meydana çıxan yeni variantlar bütün dünyada ciddi narahatlıq doğurur. Ölkəmizdə epidemioloji vəziyyətin nəzarətdə saxlanılması üçün görülən tədbirlər çərçivəsində Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Genetik Diaqnoz Mərkəzində SARS-CoV-2 virusunun genetik variantlarına dair mütəmadi analizlər aparılır.

Aparılan araşdırmaların növbəti mərhələsində son dövrdə ölkə xaricindən gələn şəxslərdən alınmış nümunələrdən 31-də B.1.617 (Delta) variantı, 9-da B.1.1.7 (20 Alpha V1, Britaniya) variantı aşkar olunub.

Dünyada və ölkəmizdə aparılan tədqiqatlardan əldə olunmuş nəticələrin təhlili bir daha göstərmişdir ki, virusun yeni və sürətlə yayılan təhlükəli variantlarından qorunmağın ən effektiv yolu vaksinasiyadır. Bu gün ölkəmizdəki sabit epidemioloji vəziyyəti aparılan vaksinasiyaya borcluyuq. Bir daha bütün vətəndaşlarımızı vaxt itirmədən vaksinasiya olunmağa çağırırıq.

Unutmamalıyıq ki, vaksinasiya ilə yanaşı, fiziki məsafənin saxlanılması, maskalardan istifadə və əl təmizliyi kimi qaydalar, virusun variantından asılı olmayaraq, xəstəlikdən qorunmağın, dünyada və ölkəmizdə normal həyata qayıtmağın yeganə yoludur.

Pandemiyanın sonunu görmək və gələcəyə sağlam addımlamaq üçün mütləq peyvənd olunaq!"
ErsinTatar: "Şəhidləri unutmadıq, unutmayacağıq"Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar İnönü şəhidlərini anıb.

Avropa.info xəbər verir ki, Ersin Tatar 12 İyun 1958-ci ildə yunanlar tərəfindən şəhid edilən İnönü kəndindən olan 11 həmvətəninin xatirəsini anmaq məqsədilə mesaj yayımlayıb.

Şəhidlərin unudulamadığını və unudulmayacağını deyən Ersin Tatar yunan rəhbərliyinin Kipr Türk xalqı və Türkiyənin qarşı çıxması nəticəsində BMT Təhlükəsizlik Şurasında 1954-cü ildə "Kipr xalqının öz müqəddəratını təyin etmə hüququ" adı altında Enosis qərarını əldə edə bilmədiyini qeyd edib. Bundan dərhal sonra yunan rəhbərliyi Enosisi silah gücü ilə həyata keçirmək üçün EOKA terror təşkilatını qurduğunu ifadə edərək Ersin Tatar sözlərinə belə davam edib:

“EOKA terror təşkilatının qurulması ilə Kipr Türk xalqına qarşı silahlı hücumlar güclənərkən Kipr qan gölünə çevrildi. Bu hücumların əsas hədəfi Enosisə qarşı çıxan Kiprli Türkləri qorxutmaq və məhv etmək idi. Bu istiqamətdə Kiprli Türklərə qarşı hücumlar davam edərkən, 12 İyul 1958-ci ildə kəndlərindən Famagustaya işə gedən İnönü soydaşlarımızı daşıyan avtobus pusquya salındı. Bu hücumda 11 müdafiəsiz həmyerlimiz şəhid oldu və bir çoxu yaralandı.

Bu qanlı hücumdan 63 il keçdi, yunan düşüncəsinin hələ də dəyişmədiyini görürük. Bu zehniyyətə görə yunanlar Kiprin yeganə sahibi, Kiprli Türklər isə azlıqdır. Yenə də bu düşüncə tərzinə görə Kiprli Türklər kiprli yunanlarla bərabər deyil və yalnız azlıq hüquqlarını qəbul etməlidirlər.

Onları qəbul etmək mümkün deyil və biz heç vaxt qəbul etməyəcəyik. Dövlətimizdən, suverenliyimizdən və azadlığımızdan vaz keçməyəcəyik. Bu, şəhidlərimizə, xalqımıza və yeni nəsillərə borcumuzdur.

İnönü kəndindən olan 11 müdafiəsiz həmyerlimizin şəhid olması, 1974-cü ilə geri dönə bilməyəcəyimizin və Ana Vətən Türkiyə zəmanətindən əl çəkməyəcəyimizin daha bir açıq göstəricisidir.

Ana Vətənimiz Türkiyəyə daha sıx sarılaraq, müəyyən etdiyimiz yolda getməyə davam edəcəyik. İnönü şəhidlərini və bütün şəhidlərimizi hörmət və mərhəmətlə xatırlayarkən, onların əmanətlərini nəyin bahasına olursa, olsun qoruyacağımızı bildirmək istəyirəm. Ruhları şad olsun".
Yoluxma artdı - 1 nəfər öldüAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 133 yeni yoluxma faktı qeydə alınıb, 71 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 337456 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 330873 nəfər müalicə olunaraq sağalıb, 4988 nəfər vəfat edib, aktiv xəstə sayı 1595 nəfərdir.

Ölkədə son sutka ərzində 9365, hazırkı dövrədək isə 3867916 test aparılıb.
İlham Əliyev konfransda çıxış etdiİyulun 13-də Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin onlayn formatda aralıq konfransı keçirilib.

Avrasiya.net xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin videoformatda çıxışı təqdim olunub.

Prezident İlham Əliyevin çıxışı

-Hörmətli nazirlər.

Hörmətli tədbir iştirakçıları.

Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin aralıq konfransının bütün iştirakçılarını salamlayıram.

Bu il biz BMT Baş Assambleyasından sonra ikinci ən böyük siyasi təsisat olan Hərəkatımızın yaradılmasının 60 illiyini qeyd edirik. Qoşulmama Hərəkatının təməlində sülh, multilateralizm və qlobal həmrəyliyin möhkəmləndirilməsi dayandığından, mürəkkəb qlobal çətinliklər Hərəkatımızın əhəmiyyətini daha da artırıb.

Bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət, habelə ölkələrin daxili işlərinə qarışmamaq və digər prinsipləri təşviq edən tarixi “Bandunq prinsipləri” Azərbaycanın xarici siyasətinin prioritetləri ilə tam uyğundur. Bu səbəbdən 10 il əvvəl Azərbaycan Qoşulmama Hərəkatı ailəsinin üzvü oldu. Qısa müddət ərzində ölkəmiz Hərəkatda olduqca böyük nüfuz və etimad qazandı. 2016-cı ildə bütün üzv dövlətlərin yekdil qərarı ilə 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatına sədrlik bizə həvalə edildi.

2019-cu ilin oktyabr ayında Azərbaycan Bakıda Qoşulmama Hərəkatının XVIII Zirvə görüşünü uğurla təşkil etdi və biz sədrliyi öz üzərimizə götürdük. Zirvə görüşündəki çıxışımda vurğulamışdım ki, Azərbaycan beynəlxalq müstəvidə Qoşulmama Hərəkatı ölkələrinin legitim maraqlarının müdafiəsi, ədalət və beynəlxalq hüququn qorunması naminə əməli addımlar atacaq.

Azərbaycan özünün sədrliyi dövrü üçün müfəssəl və ambisiyalı fəaliyyət planı qəbul etmişdi. Təəssüf ki, COVID-19 pandemiyası dünyanı bürüdü, yeni reallıqlar və çətinliklər yaratdı. Lakin biz yeni vəziyyətə çevik və adekvat reaksiya verə bildik. Biz səylərimizi pandemiyanın yaratdığı misilsiz çətinliklərə qarşı Hərəkatın beynəlxalq səviyyədə səmərəli və birgə cavabının formalaşdırılması üzərində cəmləşdirdik.

Bu baxımdan, Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan pandemiyaya qarşı qlobal səylərin səfərbər edilməsi üçün bir sıra beynəlxalq təşəbbüslərlə çıxış edib. Biz Qoşulmama Hərəkatının Təmas Qrupu ölkələrinin Zirvə görüşünün keçirilməsi təşəbbüsünü irəli sürdük və 2020-ci il mayın 4-də həmin tədbiri təşkil etdik. Təmas Qrupunun dünyanın müxtəlif regionlarını təmsil edən üzvləri ilə yanaşı, onlayn Zirvə görüşündə BMT-nin Baş katibi, BMT Baş Assambleyasının sədri, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, Afrika İttifaqı Komissiyasının sədri, Avropa İttifaqının Ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti də iştirak etdilər.

Qoşulmama Hərəkatının onlayn Zirvə görüşünün praktiki nəticəsi olaraq, Hərəkata üzv ölkələrin əsas humanitar və tibbi ehtiyaclarını əhatə edən məlumat bazası yaradıldı. Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv ölkələrin mövcud ehtiyaclarının müəyyənləşdirilməsi üçün həmin məlumat bazasını istinad mənbəyi kimi istifadə edir.

Zirvə görüşü zamanı mən Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində koronavirusla mübarizəyə həsr edilmiş Xüsusi Sessiyasının keçirilməsini təklif etdim. Ümumilikdə həmin təşəbbüs BMT-yə üzv olan 150-dən çox dövlət tərəfindən dəstəkləndi və 2020-ci il dekabrın 3-4-də Xüsusi Sessiya baş tutdu.

Azərbaycan pandemiya ilə mübarizə sahəsində Qoşulmama Hərəkatı ölkələri də daxil olmaqla, 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı edib. Bununla yanaşı, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dollar həcmində könüllü maliyyə töhfəsi edib ki, bunun da yarısı Qoşulmama Hərəkatının üzv dövlətləri üçün nəzərdə tutulub.

Qlobal səhiyyə böhranı fonunda “peyvənd millətçiliyi” narahatlıq doğurur. Azərbaycan ehtiyaclarından qat-qat artıq peyvənd tədarük edən bəzi ölkələrin davranışını ictimai şəkildə qınayıb. Bu günədək dünyada mövcud olan peyvəndlərin 82 faizdən çoxu zəngin dövlətlər tərəfindən alınıb, azgəlirli ölkələrin payına düşən peyvənd həcmi isə yalnız 0,9 faiz təşkil edir. Belə münasibət inkişaf etməkdə olan, xüsusilə də az inkişaf etmiş ölkələrin öz əhalisini qorumaq imkanına mane olur.

Bu məsələyə münasibətdə Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsinə dair qətnamə irəli sürüb və həmin qətnamə cari ilin mart ayında yekdilliklə qəbul edilib. Bununla yanaşı, biz hər fürsətdə, inkişaf etmiş ölkələri və beynəlxalq donor təşkilatlarını inkişaf etməkdə olan, xüsusilə də az inkişaf etmiş ölkələrə pandemiya ilə mübarizə sahəsində yardım etməyə çağırırıq.

Çətinliklərin bir-biri ilə sıx əlaqəli olduğunu nəzərə alaraq, Azərbaycanın sədrliyi ilə səhiyyə və əmək nazirlərinin onlayn toplantıları keçirilib, kommunikasiya və təhsil nazirlikləri kimi digər sahəvi nazirliklər səviyyəsində də görüşlərin keçirilməsi nəzərdə tutulub.

Qoşulmama Hərəkatının Bakı Zirvə görüşündə aldığı mandata əsasən, Azərbaycan sədr qismində təşkilat üzrə gənclərin institusional şəbəkəsinin yaradılmasının mümkünlüyünü nəzərdən keçirir. Eyni zamanda, Azərbaycan Qoşulmama Hərəkatına üzv dövlətlərin əməkdaşlığının parlamentlərarası istiqamətini də inkişaf etdirmək niyyətindədir.

Bakı Zirvə görüşündəki çıxışımda vurğulamışdım ki, Qoşulmama Hərəkatının digər təsisatlarla dialoqunun inkişaf etdirilməsi və əməkdaşlığın coğrafiyasının genişləndirilməsi Azərbaycanın sədrliyinin prioritetləri sırasında olacaq. Məmnunluqla qeyd edirəm ki, Azərbaycan sədrliyi dövründə digər beynəlxalq təsisatlarla körpülərin yaradılmasına müvəffəq olub. Tarixdə ilk dəfə Avropa İttifaqının rəhbərləri Qoşulmama Hərəkatının yuxarıda qeyd olunan onlayn Zirvə görüşündə iştirak ediblər. Daha sonra Avropa İttifaqına üzv dövlətlər Qoşulmama Hərəkatının BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi təşəbbüsünü dəstəkləyib. Qoşulmama Hərəkatı və Avropa İttifaqı BMT-nin İnsan Hüquqları Şurası çərçivəsində bir sıra məsələlərlə bağlı əməkdaşlıq edir.

Azərbaycan Qoşulmama Hərəkatının vahid səsini ucaldaraq, Hərəkatın maraqlarını bütün mümkün beynəlxalq platformalarda müdafiə etmişdir. Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində həmrəyliyin artırılması, beynəlxalq arenada Hərəkatın mövqeyinin və nüfuzunun gücləndirilməsi sahəsində birgə səylər göstərməkdə davam edəcək.

Hərəkat COVID-19-dan sonrakı dövr üçün də güclü, əlaqəli və məqsədyönlü addımlar atmalıdır. Bu mənada pandemiyadan sonra bərpa mərhələsinə dair fikir mübadiləsinin aparılması və Hərəkatın mövqeyinin müəyyən edilməsi baxımından Qoşulmama Hərəkatına üzv dövlətlərin yüksəksəviyyəli iclasının keçirilməsi faydalı ola bilər. Pandemiyadan irəli gələn çətinliklərin mürəkkəbliyini nəzərə alaraq, Qoşulmama Hərəkatı tərəfindən COVID-19-dan sonra qlobal bərpaya dair BMT-nin Yüksək Səviyyəli Panelinin yaradılması təşəbbüsü ilə çıxış edilməsi məqsədəmüvafiq olardı. Həmin panel dünyanın pandemiyadan daha yaxşı şəkildə çıxması üçün qlobal tədbirlərə dair tövsiyələr hazırlaya bilər.

2020-ci il Azərbaycan üçün əlamətdar il olub, çünki Hərəkatın gündəliyində dayanan vacib mövzulardan biri uğurla həll edilib. Bildiyiniz kimi, 30 ilə yaxın idi ki, Ermənistan ərazimizin təqribən 20 faizini işğal altında saxlayırdı. Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə aparıb. Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Ermənistan 1992-ci ilin fevralında Xocalı soyqırımını törədib, 106-sı qadın, 63-ü uşaq olmaqla, yüzlərlə dinc insanı qətlə yetirib. Xocalı soyqırımı 13 ölkə tərəfindən tanınıb.

1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və ATƏT daxil olmaqla, bir sıra nüfuzlu beynəlxalq təşkilatlar da buna bənzər qərar və qətnamələr qəbul edib. Lakin Ermənistan aparıcı beynəlxalq təşkilatların tələblərinə məhəl qoymayıb. Beləliklə, Ermənistanın yeganə məqsədi status-kvonun saxlanılmasından və işğalın möhkəmləndirilməsindən ibarət olub.

Son illər ərzində Ermənistan danışıqlar prosesini məqsədli şəkildə məhv edir, Azərbaycanı yeni ərazilər uğrunda yeni müharibə ilə hədələyirdi. 2020-ci ildə Ermənistan dövlət sərhədi və keçmiş təmas xətti boyu üç dəfə hərbi təxribatlara əl atdı və nəticədə hərbçilərimiz və mülki vətəndaşlarımız həlak oldular.

Ötən ilin sentyabrında Ermənistan Azərbaycana qarşı irimiqyaslı hərbi hücuma keçdi. Bu təcavüzə cavab olaraq, Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı və işğal altındakı ərazilərin böyük hissəsini azad etdi.

Qırx dörd günlük müharibə nəticəsində tam məğlubiyyətə uğrayan Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza ataraq, Azərbaycanın işğal altındakı digər ərazilərindən qoşunlarını çıxarmağa məcbur oldu. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının yuxarıda qeyd olunan qətnamələrinin icrasını təmin etdi.

Beləliklə, Azərbaycan 30 illik münaqişəyə son qoydu, hərbi-siyasi yollarla özünün ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşdu.

Azərbaycanın şanlı Qələbəsi beynəlxalq hüququn, ədalətin və Qoşulmama Hərəkatı dəyərlərinin təntənəsidir.

Biz Qoşulmama Hərəkatı ölkələrinin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə müntəzəm dəstəyini yüksək qiymətləndiririk.

Bakı Zirvə görüşünün Yekun Sənədində Qoşulmama Hərəkatı ölkələri ərazilərin güc yolu ilə zəbt olunmasının yolverilməzliyini vurğuladılar və təsdiq etdilər ki, heç bir dövlət Azərbaycan Respublikasının ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımayacaq.

2020-ci ilin iyulunda Qoşulmama Hərəkatı Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi hərbi təxribatla bağlı kommünike qəbul edib. Bundan əlavə, Vətən müharibəsi zamanı - 2020-ci ilin oktyabrında nazirlər səviyyəsində keçirilən onlayn iclas çərçivəsində xüsusi bəyanat qəbul olunub. Bu sənədlərdə Qoşulmama Hərəkatı ölkələri Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib və ərazi bütövlüyünün bərpasına yönəlmiş səylərinə dair Azərbaycanla həmrəyliyini ifadə edib.

Bu məqamda mən Vətən müharibəsi zamanı baş vermiş konkret bir hadisəni vurğulamaq istərdim. BMT Təhlükəsizlik Şurasının bəzi üzvləri 1993-cü ildə qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının qətnamələrini nəzərə almadan, qərəzli bəyanat qəbul etdirmək cəhdləri göstərdilər. Lakin Təhlükəsizlik Şurasındakı müzakirələr zamanı Azərbaycanın mövqeyini dəstəkləyən Qoşulmama Hərəkatının yeddi üzvü təkid etdi ki, müzakirə edilən mətnə Təhlükəsizlik Şurasının yuxarıda qeyd olunan qətnamələrinə istinad əlavə edilsin.

Qoşulmama Hərəkatı ölkələrinin belə qətiyyətli mövqeyi onların “Bandunq prinsipləri”nə və Hərəkatın dəyərlərinə sadiqliyini nümayiş etdirdi. Biz onların bu mövqeyini ikitərəfli münasibətlərimizdə tarixi dostluq jesti kimi qəbul etdik.

İşğal dövründə Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində şəhər və kəndləri, bütün mədəni və dini abidələri qəsdən dağıdıb. Hətta qəbiristanlıqlar yerlə-yeksan edilib. Ermənistanın məqsədi əsrlər boyu həmin ərazilərdə yaşamış azərbaycanlıların izini silmək olub. Bizim məscidlərimiz donuz və inək tövləsi kimi istifadə edilib. Ağdam şəhəri o dərəcədə dağıdılıb ki, onu “Qafqazın Xirosiması” adlandırırlar. Füzuli şəhəri işğaldan azad olunandan sonra Ordumuz orada Azərbaycan bayrağını qaldırmaq üçün bir dənə də salamat bina tapa bilmədi. Onların hamısı Ermənistan tərəfindən dağıdılıb.

Xarici diplomatların və jurnalistlərin azad olunmuş ərazilərə müntəzəm səfərləri təşkil edilir. Onlar Ermənistanın törətdiyi vəhşiliyin şahidi olublar. Beynəlxalq media Azərbaycan xalqına məxsus mədəni və dini irsin məqsədli şəkildə dağıdılması və təhqir olunması, şəhər və kəndlərin darmadağın edilməsi faktlarını sənədləşdirib və onları işıqlandırıb.

Mən həmkarlarıma bizim şəhər və kəndlərimizin işğaldan əvvəl və sonrakı vəziyyəti ilə bağlı qısa məlumat və fotoşəkillərdən ibarət təsviredici kitab göndərəcəyəm. Kitabda Azərbaycanın dini və tarixi abidələrinin tamamilə məhv edilməsi öz əksini tapıb.

Biz azad olunmuş ərazilərdə yenidənqurma işlərinə artıq başlamışıq. Orada müasir şəhərsalma planlaşdırılması həyata keçirilir. Azad edilmiş ərazilər yaşıl enerji zonası olacaq. Əminəm ki, Azərbaycan transformasiyanın nadir təcrübəsini nümayiş etdirərək, Lüksemburqun ərazisindən dörd dəfə böyük olan dağıdılmış ərazini yüksək yaşayış standartlarına malik firavanlıq məkanına çevirəcək.

Mən bu yaxınlarda ölkənin növbəti onillik üçün sosial-iqtisadi inkişafına dair beş milli prioritet müəyyən etmişəm. Digər məsələlərlə yanaşı, yüz minlərlə məcburi köçkünün doğma yurdlarına ləyaqətli və təhlükəsiz qayıdışı əsas prioritetimizdir.

Lakin əsas çətinlik Ermənistan tərəfindən basdırılmış çoxsaylı minalardır. 2020-ci il noyabrın 10-da Ermənistan tərəfindən kapitulyasiya aktının imzalanmasından sonra mina partlaması nəticəsində 30-a yaxın Azərbaycan vətəndaşı həlak olub, 100 nəfərdən çox insan isə yaralanıb. Bundan əlavə, minalar azad olunmuş ərazilərdə yenidənqurma prosesini və məcburi köçkünlərin evlərinə qayıdışını ləngidir.

Belə geniş ərazilərin minalardan təmizlənməsi olduqca böyük zaman və resurs tələb edir. Ermənistan mina xəritələrini verməkdən boyun qaçırır. Beynəlxalq ictimaiyyət Ermənistanı məcbur etməlidir ki, azad olunmuş bütün ərazilərin mina xəritələrini Azərbaycana versin.

Sonda sizi bir daha əmin etmək istəyirəm ki, Azərbaycan Qoşulmama Hərəkatının beynəlxalq nüfuzunun artırılmasına töhfə verilməsi, Hərəkat çərçivəsində həmrəyliyin gücləndirilməsi, ədalət və beynəlxalq hüququn müdafiəsi sahəsində əlindən gələni əsirgəməyəcək.

Sağ olun.



Dənizdə batan gəncin meyiti tapıldıBakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində dənizdə (qeyri-çimərlik ərazi) batan 2003-cü il təvəllüdlü Abdullayev Rəvan Şahniyaz oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən Avrasiya.net-ə verilən məlumata görə, R.Abdullayevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Bu peyvənd ZƏRƏRLİDİR - XƏBƏRDARLIQ"Johnson&Johnson" tərəfindən hazırlanan COVID-19 peyvəndi nadir rast gəlinən nevroloji xəstəliyə səbəb ola bilər.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Qida və Dərman İdarəsi (FDA) xəbərdarlıq edib.

İdarə "Guillain-Barre" Sindromu (GBS) kimi tanınan xəstəliklə bağlı 100-ə yaxın xəstəni araşdırıb. Nəticədə qərara gəlinib ki, "Johnson&Johnson" vaksini sözügedən xəstəliyə tutulmaq baxımından kiçik, lakin mümkün risk daşıyır.

"Guillain-Barre" Sindromuna indiyədək 50 yaş və yuxarı yaşlı kişilərdə rast gəlindiyi və simptomların vaksinasiyadan təxminən 2 həftə sonra görüldüyü bildirilib.

Mütəxəssislər "Johnson&Johnson" peyvəndi ilə GBS arasındakı mümkün əlaqəni müzakirə etməyə davam edəcəklərini deyiblər. Lakin peyvəndin hələ də təhlükəsiz və effektli olduğunu, potensial faydalarının risklərdən üstün olduğunu qeyd ediblər.

"Guillain-Barre" Sindromu sinir sisteminə güclü təsir edir. Bu xəstəlik ürəyin döyüntü ritminin pozulmasına, nəfəsalma çətinliyinə və bir çox problemə səbəb olur.
15 yaşlı qız Şəkidən Bakıya gəlin köçdü - VideoSosial şəbəkələrdə Şəkinin Kiçik Dəhnə kəndində 15 yaşlı qızın ərə verilməsi ilə bağlı videogörüntülər yayılıb.

Avrasiya.net xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov yayılan görüntülər əsasında Şəhər Rayon Polis Şöbəsində dərhal araşdırmalara başlanıldığını bildirib.

Araşdırma zamanı 2005-ci il təvəllüdlü M.H ilə 1991-ci il təvəllüdlü M.S-nin evləndirilməsi faktı öz təsdiqini tapıb.

Yeniyetmənin valideynləri polisə dəvət olunub və onların izahatları alınıb.

Hazırda Şəki ŞRPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Qeyd edək ki, hadisə Şəkinin Dəhnə kəndində qeydə alınıb. Müşgünaz adlı yeniyetmənin Bakının Maştağa kəndinə ərə verildiyi qeyd edilib.