Prezident dini qurumlara pul ayırdı - SİYAHIPrezident İlham Əliyev Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında Sərəncam imzalayıb.

Avrasiya.net xəbər verir ki, sərəncama əsasən, Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 2,0 (iki) milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna 350,0 (üç yüz əlli) min manat, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 350,0 (üç yüz əlli) min manat, Avropa yəhudilərinin Bakı dini icmasına 150,0 (yüz əlli) min manat, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna 150,0 (yüz əlli) min manat və Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasına 150,0 (yüz əlli) min manat, habelə digər qeyri-islam dini icmalarına maddi dəstək məqsədilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fonduna 100,0 (yüz) min manat ayrılıb.

Maliyyə Nazirliyinə Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
Tatar Kıbrıs qaziləri ilə görüşüb - DiyarbəkirdəŞimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Diyarbəkirdə Kıbrıs qaziləri ilə görüşüb.

Avrasiya.net xəbər verir ki, Diyarbəkir Şəhid Ailələrinə Yardım və Həmrəylik Dərnəyi (DİŞAD) mərkəzində təşkil edilən və yüzlərlə Kıbrıs qazisinin və çox sayda vətəndaşın qatıldığı tədbirdə çıxış edən Ersin Tatar 1571-ci ildən bəri Kiprdə Türk xalqının varlığı üçün bir mübarizə olduğunu və 20 iyul 1974-cü il tarixində bu mübarizədə ən əhəmiyyətli gün olduğunu qeyd edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu il 20 iyul tarixində böyük bir heyətlə Kiprdə olacağını xatırladan Tatar, "Birlikdə 20 iyul və bayram günlərində milli maraqlarımızın qorunması istiqamətində yürütdüyümüz düzgün siyasəti qeyd edəcəyik", deyib.

"Əziz qazi qardaşlarım, biz sizi unutmadıq, unutmayacağıq. Şəhidlərimizi və qazilərimizi heç vaxt unutmayacağıq. Şimali Kipr sizin sayənizdə dövlət oldu.
Prezident seçilməyimlə və Türkiyənin dəstəyi ilə Kiprdə yeni bir siyasət həyata keçiririk. Kiprdə bir həll yolu olacaqsa, bu iki suveren bərabər dövlətin əsasındadır. Federasiya oyunu ilə Türkiyənin adadan uzaqlaşdırılması istənilir. Buna heç vaxt icazə verməyəcəyik",-deyə bildirib.

"Türkiyəni çox sevirəm" deyən Tatar, Şərqi Aralıq dənizində haqları üçün Türkiyə ilə mübarizəyə davam edəcəklərini söyləyib.
Prezident XXIV Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına müraciət ünvanlayıbPrezident İlham Əliyev XXIV Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına müraciət ünvanlayıb.

Avrasiya.net xəbər veri ki, müraciətdə deyilir:

"Hörmətli sammit iştirakçıları!

Sizi səmimi qəlbdən salamlayır və “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə gerçəkləşdirilən növbəti Avrasiya İqtisadi Zirvə Toplantısının öz işinə başlaması münasibətilə təbrik edirəm.

Avrasiya iqtisadi zirvə toplantıları uzun illərdir uğurla sülh və dialoqu təşviq edir, qloballaşma dövründə yeni çağırışların müzakirə edildiyi bir platforma kimi Avrasiya regionunda əməkdaşlığın inkişafına hər zaman dəyərli töhfələr verir. Builki sammit “İnsanlık daha iyisini hak ediyor” (Bəşəriyyət daha yaxşısına layiqdir) devizi altında keçirilir və bunun da böyük rəmzi mənası var. Bəşəriyyətin rifahı, qlobal miqyasda bütün maraqların və siyasətlərin mərkəzində insan amilinin dayanması, insanların layiq olduğu bir dünyada yaşaması üçün bu gün hər birimiz məsuliyyət daşıyırıq. Pandemiya ilə bərabər dünyamız hazırda iqlim dəyişikliyindən irəli gələn çağırışlar, qlobal təhlükəsizliyə təhdid yaradan bir sıra risklərlə üz-üzədir. Bütün bu problemlər qlobaldır və onların həlli də yalnız qlobal əməkdaşlıqla mümkündür. İnsanlığı təhdid edən problemlər üzərində birgə çalışma, ədalətin təmini, regional əməkdaşlıq, bərabərsizliyin aradan qaldırılması yeni geosiyasi nizamın da başlıca şərtidir.

Azərbaycan Cənubi Qafqazda geosiyasi və geoiqtisadi reallığı köklü surətdə dəyişməklə əməkdaşlığa, sülhə, regional və qlobal miqyasda dayanıqlı təhlükəsizlik sisteminin yaradılmasına istiqamətlənmiş strateji kurs həyata keçirir. İnsanlıq əleyhinə törədilmiş cinayətlərə, işğala son qoyan və regionda böyük inkişafa yol açan bu prosesdə qardaş Türkiyə bizə hər zaman yüksək dəstək verdi. Vətən müharibəsində qələbəmiz və hazırkı proseslər Azərbaycan–Türkiyə qardaşlığının, sarsılmaz birliyinin nailiyyətləridir. Ən önəmlisi isə hər iki ölkənin özü üçün bir dəyərə çevirdiyi ədalət və inkişafın qələbəsidir. Yeni geosiyasi reallığın ən böyük təntənəsi isə Şuşa Bəyannaməsidir. Bu tarixi sənəd Azərbaycanla Türkiyə arasında qardaşlıq, dostluq, tərəfdaşlıq münasibətlərini müttəfiqlik statusunda rəsmiləşdirdi. Bu təhlükəsizlik və sülhə yüksək zəmanət sənədi Cənubi Qafqaz daxil olmaqla bütövlükdə Avrasiya üçün strateji əhəmiyyət daşıyır. Azərbaycan və Türkiyə regionun resurslar, kommunikasiya və logistika potensialından səmərəli istifadəyə imkan yaradan, hər kəs üçün faydalı, firavan, layiqli gələcəyin qurulması naminə inamla birgə addımlayır. Ölkələrimizin enerji təhlükəsizliyinin təminatındakı qlobal rolu da Avrasiyada davamlı əməkdaşlıq və xalqların rifahı üçün möhkəm təməl olaraq qalacaqdır.

İnanıram ki, bu toplantıda aparacağınız müzakirələr bəşəriyyətin rifahı naminə əməkdaşlıq üçün yeni perspektivlərin müəyyənləşməsində faydalı olacaqdır.

Zirvə Toplantısının işinə uğurlar arzulayıram".
Ermənistan Qarabağda terrorçular hazırlayır - ŞOK VİDEOErmənistan Qarabağda terrorçu və muzdlu dəstələr hazırlamaq prosesini dayandırmayıb.

Avrasiya.net Axar.az-a istinadla xəbər verir ki, bu, Teleqramdakı erməni kanallarının yaydığı məlumatlar sayəsində ortaya çıxıb.

Belə ki, Azərbaycanın Qarabağ bölgəsinin rus sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında olan hissəsində “Böyük Tiqran” (Metsn Tiqran) hərbi birliyinin nümayəndələri peyda olub. Birliyin bu ərazidə həm Ermənistan, həm də Qarabağdan olan erməni gənclər üçün hərbi hazırlıq kursları keçdiyi (daha dəqiq desək, terrorçu hazırladıqları – red.) müəyyən edilib.

Muzdlu hazırlığı ilə məşğul olan kurslara mayın 31-dən start verilib. Sosial şəbəkələrdəki paylaşımlar hazırlığın Ağdam rayonunun yaxınlığında yerləşən digər Azərbaycan rayonlarında aparıldığı ehtimalı yaradıb.

Qeyd edək ki, “Böyük Tiqran” birliyi 1989-cu ildə I Qarabağ savaşında iştirak üçün yaradılıb. Onun yaradılmasında Ermənistanın keçmiş baş naziri Vazgen Sərkisyan iştirak edib. Müharibə dövründə batalyonun komandiri sonradan Ermənistan parlamentində təşkil edilən teraktda öldürülün Armenak Armenakyan olub. Batalyon Ermənistan-Azərbaycan sərhədi ilə bərabər Tərtər, Ağdam, Laçın istiqamətlərdə aktiv döyüşlərdə iştirak edib.

Batalyon müharibədən sonrakı dövrdə “Böyük Tiqran” beynəlxalq alayı və “Böyük Tiqran” hərbi təlim mərkəzi olaraq fəaliyyət göstərib. Proses Ermənistan Müdafiə Nazirliyinin (nazir Seyran Ohanyan) nəzarəti altında aparılıb. Ayvazyanın o dönəmdəki açıqlamalarından bəlli olur ki, birlik üzv olmaq istəyənlərə 3 aylıq hazırlıq keçib, sonra sıralarına qəbul edib.

Birlik təkcə Qarabağda deyil, Suriyadakı döyüşçülər üçün də muzdlular yetişdirib.





Azərbaycan və İranın biznes qurumları yeni Anlaşma Memorandumu imzalayıbAzərbaycan Sahibkarlar Konfederasiyasında (ASK) İranın Şərqi Azərbaycan valisininmüavini Əli Cahangirinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Bu barədə Avrasiya.net-ə ASK-dan məlumat verilib.

Məlumata görə, Konfederasiyanın prezidenti Məmməd Musayev dost ölkədən olan nümayəndə heyəti ilə görüşməkdən məmnunluğunu bildirərək, ölkəmizdəki biznes imkanları, dayanıqlı iqtisadi inkişafa nail olmaq üçün görülən işlər, respublikaya xarici investisiyaların cəlb edilməsinə yaradılan münbit şərait, eyni zamanda Azərbaycanın MDB, Türkiyə və Avropa bazarlarına geniş çıxış imkanları, logistika infrastrukturu barədə barədə qonaqlara ətraflı məlumat verib.

Ə.Cahangiri 44 günlük Vətən müharibəsində Azərbaycanı qazandığı qələbə münasibətilə təbrik edərək, ərazilərimizin azad olunmasının hər iki ölkə arasında iqtisadi əlaqələr üçün yeni imkanlar yaratdığını bildirib. O, Təbrizin tarixən sənətkarlar şəhəri olduğunu və şəhərdə 4 minədək zavodun, eləcə də 27 minə qədər kiçik və orta sahibkarlıq subyektinin fəaliyyət göstərdiyini qeyd edib. Ə.Cahangiri təmsil etdiyi bölgənin və ümumilikdə İranın böyük iqtisadi və investisiya potensialı, Azərbaycan və İran sahibkarlarının birgə müəssisələr yaradaraq iki ölkə arasında ticarət dövriyyəsinin artırılması və gələcəkdə bu məhsulları üçüncü ölkələrə ixrac etmək imkanları barədə fikirlərini bölüşüb.

Bu kontekstdə Azərbaycan Sahibkarlar Konfederasiyasının da üzvü olduğu Beynəlxalq Sənayeçilər və Sahibkarlar Konqresinin fəaliyyəti və bu platforma üzərindən 30-dək ölkəyə, eləcə də Rusiya bazarına çıxış imkanları barədə qonaqlara məlumat verilib.

Ə.Cahangiri Xudafərində İran və Azərbaycan məhsullarının sərgi və satış yarmarkasının keçirilməsi, gələcəkdə müştərək sərbəst bazar zonasının yaradılması və Təbrizə biznes-missiyasının təşkili ilə bağlı təkliflər irəli sürüb.

Daha sonra, ASK ilə Təbriz Ticarət, Sənaye və Mədənlər Palatası arasında Anlaşma Memorandumu imzalanıb. Memorandum, birgə fəaliyyət üçün sənaye sahələrinin müəyyənləşdirilməsi, əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin hazırlanması üçün potensial imkanların müəyyən edilməsi kimi məqsədləri əhatə edir.

QHT.az saytının 6 yaşı tamam olubQHT.az saytının 6 yaşı tamam olur. Sayt 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata layihə çərçivəsində yaradılıb.

Sayt 2017-ci ildən özü-özünü maliyyələşdirmə sistemi ilə fəaliyyətini davam etdirir.

“QHT.az ixtisaslaşmış saytdır və əsas məqsədi QHT-lərin fəaliyyətini işıqlandırmaq, qeyri-hökumət təşkilatlarının fəaliyyətinin cəmiyyətə daha dolğun təqdimatının və əlçatanlığının təmin edilməsin’ yardım etmək, QHT sədrlərinin ölkənin ictimai həyatı ilə bağlı fikirlərinin cəmiyyətə çatdırlmasından ibarətdir”.

Bu barədə QHT.az saytının baş redaktoru Cəsarət Hüseynzadə bildirib.

Onun sözlərinə görə, vətəndaş cəmiyyətinin inkişafına tövhə verməyi hədəfləyən QHT.az bu gün Azərbaycanın ixtisaslaşmış media qurumları sırasında öz layiqli yerini tutub və oxucu kütləsinə malik xəbər portallarından birinə çevrilib.

Dəfələrlə müxtəlif qurumlar tərəfindən mükafatlandırılan QHT.az saytı 2018-ci ildən Mətbuat Şurasına üzv qəbul olunub.

QHT.az saytının baş redaktoru Cəsarət Hüseynzadə həm də İnformasiya Təşəbbüslərinə Dəstək ictimai birliyinin sədridir.
Elmar Vəliyevlə bağlı ekspertiza rəyi açıqlandıGəncənin sabiq icra başçısı barəsində ekspertizanın nəticəsi məlum olub.

Avrasiya.net xəbər verir ki, vəkil Cavad Cavadov “Gəncə işi” ilə bağlı məhkəmənin iyulun 15-də davam edəcəyini bildirib:

“Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevlə bağlı ekspertiza rəy verib ki, sui-qəsd nəticəsində psixi pozğunluq durumu yaranıb və məhkəmədə dindirilməsi vəziyyətinin pisləşməsinə səbəb ola bilər”, - deyə vəkil qeyd edib.

Xatırladaq ki, bu il martın 16-da "Gəncə işi" ilə bağlı məhkəmə prosesində prokuror çıxış edib. Dövlət ittihamçısı çıxışında təqsirləndirilənlər Yunis Səfərovun ömürlük, Mahir Əzizovun 20 il, Hamlet Abdullayevin 19 il, Akif Əliyevin 20 il, Rasim Mustafayevin 20 il, Ceyhun Qurbanovun 18 il, Firudin Zeynalovun 19 il, Cəfər Zalovun 18 il, Vüqar Məmmədovun 19, Ceyhun Salahovun 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Bakı Ağır Cinayətlər Məhkəməsində işə baxan hakim Əfqan Hacıyev bildirib ki, bəzi şəxslərin dindirilməsi zəruridir, ona görə də istintaq yenilənib.

Vəkillər israrlı vəsatətlərlə sabiq icra başçısı Elmar Vəliyevin də dindirilməsini istəyiblər. Bu səbəbdən məhkəmə onun dindirilməsinin mümkün olub-olmaması ilə bağlı ekspertizaya müraciət edilib. Ondan sonra məhkəmə prosesi qeyri-müəyyən müdətə təxirə salınmışdı.

Qeyd edək ki, 2018-ci ilin iyulun 3-də Yunis Səfərovun xarici dövlətlərdə fəaliyyət göstərən radikal dini dairələri təmsil edən mütəşəkkil dəstə tərkibində Gəncə şəhərində şəhər İcra Hakimiyyətinin başçısı və polis əməkdaşına qarşı əvvəlcədən planlaşdırılmış terror aktı olmaqla Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, şəriət qanunlarına əsaslanan idarə üsulunun təşkilinə yönələn terrorçuluq, qanunvericiliklə nəzərdə tutulmayan sabit silahlı qrupun yaradılmasına, ölkəmizin hüdudlarından kənarda silahlı birləşmələrdə təlim keçilməsi, çoxsaylı odlu silah, döyüş sursatı və partlayıcı qurğuların quldurluq və digər qanunsuz yollarla ələ keçirilərək saxlanılması, polis əməkdaşlarının ağırlaşdırıcı hallarda qəsdən öldürülməsinə cəhd edilməsi, ayrı-ayrı vəzifəli şəxslərin dövlət xadimləri kimi xidməti fəaliyyətlərinə son qoymaq və bu fəaliyyətə görə qisas almaq məqsədilə terror aktlarına hazırlıq, dövlət əleyhinə açıq çağırışlar və törətdikləri sair ağır və xüsusilə ağır cinayət əməllərinə görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində başlanmış cinayət işinin istintaqı aparılıb.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu tərəfindən cinayət işi üzrə çoxsaylı istintaq hərəkətləri aparılmaqla Y.Səfərov da daxil olmaqla mütəşəkkil dəstənin 12 üzvü barəsində istintaq yekunlaşdırılaraq 2019-cu il dekabrın 5-də baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məhəmməd Bağırovun sədrlik etdiyi kollegiya baxan zaman müdafiə tərəfi etiraz verərək Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri Natiq Əliyevin iş üzrə zərərçəkmiş Elmar Vəliyevlə qohumluq əlaqəsinin olması səbəbilə işin başqa məhkəməyə göndərilməsini istəyib.

Gəncə Apellyasiya Məhkəməsinə etirazı əsaslı hesab edərək, cinayət işini baxılması üşün Bakı Ağır Cinayətlər Məhkiəməsinə göndərib.
ABŞ, İran, Avropa “İraq qazanı”nda qaynayırRiyaz Sarıkahya: “ABŞ Türkiyənin İraqa təsir etməsini istəmir

Aprel ayında Birləşmiş Ştatlar və İraq bu ölkədən bütün Amerika döyüş bölmələrinin çıxarılması barədə razılığa gəlsələr də bu reallaşmayıb. Amerika hərbçiləri guya İraqda «İslam Dövləti» terrorçu qruplaşması ilə mübarizə aparmaq məqsədilə yerləşdirilib. Ancaq ABŞ hərbçiləri əvvəlki kimi, İraq təhlükəsizlik qüvvələrinin öyrədilməsi təcrübəsini davam etdirəcəklər. İraq Yaxın Şərq üçün təhlükə mənbəyinə çevrilib. ABŞ İŞİD-lə yox ölkədə yerləşən İranla mübarizəni gücləndirib. Ötən ayın sonlarında ABŞ-ın Hərbi Hava Qüvvələri İraq və Suriyanın sərhəd rayonunda İran tərəfindən dəstəklənən qruplaşmaların obyektlərinə aviazərbələr endirib.

İraq parlamentinin vitse-spikeri Həsən Kərim Əl-Kəbi ABŞ səfirliyinin mütəmadi İraqın daxili işlərinə müdaxilə etməsinə reaksiya verərək, Vaşinqtonun tez bir zamanda qüvvələrini İraqdan çıxarmalı olduğunu söyləyib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Hatibzadə ABŞ-ın İraq-Suriya sərhəd bölgəsindəki İran dəstəkli Haşd əş-Şaabiyə mənsub Ketaib Seyyid əş-Şuhəda milis qruplarının istifadə etdiyi obyektlərə hava hücumunu pisləyərək Vaşinqtonu bölgədə sabitliyi pozmağa cəhd etməkdə günahlandırıb.

"Hizbullah"ın baş katibi Həsən Nəsrullah isə deyib ki, ABŞ-ın İraqdakı hərbi mövcudluğu, Vaşinqtonun İraqın razılığının alındığına dair açıqlamasına baxmayaraq adi bir işğaldır. ABŞ həmçinin heç bir şey qazanmadan Əfqanıstandan qovuldu.

Onu da qeyd edək ki, İŞİD terror təşkilatı 2017-ci ilin sonu və 2018-ci ilin əvvəlində İrada nəzarətində olan bütün coğrafi əraziləri itirib və məxfi obyektlərinə çəkilərək, terror hücumlarını həyata keçirməyə başlayıb. İraqda yaşayan türkmənlər də həm terrorun qurbanı olublar, həm də ölkədə böyük güclərin çəkişmələrindən zərər görüblər.

İraq parlamentinin sabiq deputatı, Türkməneli Partiyasının başqanı Riyaz Sarıkahya “Xalq Cəbhəsi”nə müsahibəsində öncə İraqdakı mövcud siyasi vəziyyətlə bağlı fikirlərini söyləyib:

- İraqda nə siyasi, nə iqtisadi, nə hərbi sahədə sabitlik var. Ölkənin cənubunda etirazlar hələ də davam edir, İŞİD-ə qarşı əməliyyatlar aparılır. İraqda sabitliyin olmasını istəyirik, amma təəssüflər olsun ki, bu gün ona nail olmaq mümkün deyil. İraqın sabiq baş naziri Heydər əl-Abadinin istefasından sonra il yarımdır ki, konsensus əsasında hökuməti Mustafa əl-Kazimi qurub. Amma bu hökumət də uğurlar əldə edə bilmədi. Ölkənin daxili siyasi vəziyyətində bir gərginlik yaşanır. İraq hələ də özünə gələ bilməyib. Koronavirus pandemiyası yayıldıqdan sonra vəziyyət daha da pisləşdi. Bir tərəfdən Avropa və ABŞ, digər tərəfdən İranın ölkəyə təsirləri Bağdadda ciddi formada özünü göstərir. Bunların təsiri İraq hökumətinin təsirindən daha çoxdur. 2021-ci ilin oktyabr ayında növbədənkənar seçkilərə hazırlaşırıq. Normalda isə seçkilər gələn ilin may ayında keçirilməlidir. Seçkiləri qabaqlayıblar, seçim əsasında ciddi dəyişikliklər oldu. Bu il bölgələr üzrə seçkilər keçiriləcək. Məsələn, əvvəllər Kərkük bir bölgə idi, amma bu il 4, Mosul isə 8 bölgəyə ayrılıb. Bu mexanizm üsulunun hələ müsbət effekt verə biləcəyi məlum deyil. Partiyalar da bu seçkilərə toparlanırlar. Xalq bu seçkilərə də ümid bağlamır. Seçki məsələsində İraq hökuməti BMT və digər beynəlxalq təşkilatlarla razılaşmadı, gözləmə mövqeyi tutdu. 2018-ci ildə keçirilən seçkilər saxtakarlıqlarla yadda qaldı. Parlamentin indiki üzvlərinin əksəriyyəti həmin saxtakarlıqla mandat əldə ediblər. Hökumətdəki olan hər partiyanın nüfuz edə biləcək bəlli bir nazirliyi var. Saxta mandata sahib olan millət vəkilləri və ana partiyanın bəlli nazirliklərinin başları ancaq pul qazanmağa qarışıb. Düşünürəm ki, bu seçkilər də İraqa müsbət heç nə gətirməyəcək.

- ABŞ-ın İraq siyasətinə münasibətinizi və bu siyasətin İraq-Türkiyə münasibətlərinə təsirini bilmək istərdik.

- Təbii ki, ABŞ İraqda sabitliyin bərpasına nail ola bilmədi, ölkənin və əhalinin təhlükəsizliyini qorumadı. Xalq bu məsələdə ABŞ-dan narazı və şikayətlidir. Bundan başqa ABŞ İraq dövlətinə arzu edilən yardımı göstərmədi. İraqda İranpərəst qüvvələrlə ABŞ arasında qarşıdurmalar da mövcuddur. Bu da İraqdakı sabitliyin pozulmasını gücləndirir. ABŞ Türkiyənin də İraqa təsir etməsini istəmir. İranın ölkəyə təsirinə göz yumub, amma Ankaranın burada olmasının qarşısını almağa çalışır. Xalq ABŞ-dan İraq üçün çox şeylər gözlədi, ümid etdi, amma rəsmi Vaşinqton xalqın gözləntilərini həyata keçirmədi.

- ABŞ-ın İraq başda olmaqla bölgədən çəkiləcəyi təqdirdə vəziyyətin necə dəyişə biləcəyini düşünürsünüz?

- İraqda İran-ABŞ çəkişməsi mövcuddur. Biz ABŞ hərbisinin ölkədən çıxmasını istəyirik. Amma digər məsələlərdə işbirliyində olmasından bir zərər görəcəyimizi də düşünməliyik. Əgər ABŞ bölgədən çəkilərsə o zaman ərəb dövlətləri və Türkiyənin bura təsiri artar. İran onsuz da burada böyük təsir gücünə malikdir.

- Türkiyənin Orta Şərqdəki siyasəti və buradakı mövqeyi ilə bağlı fikirlərinizi bilmək istərdim.

- Türkiyənin tarixən Orta Şərqdə bir rolu olub. Orta Şərq xalqlarının - ərəblər, farslar, kürdlər, əfqanlarla mədəni bağları olub. Rəsmi Ankara fələstin məsələsi başda olmaqla Orta Şərqdə sabitliyin, barışın tərəfdarı kimi çıxış edib. Suriyada Əsəd rejiminə qarşı sərt mövqe nümayiş etdirib, suriyalılara qucaq açıb. Orta Şərq qaynayan bir qazandır, burada baş verən hadisələrə müdaxilə edən qüvvələr asanlıqla buradan təmiz formada çıxa bilmir. Türkiyənin İraq, Suriyanın ərazi bütövlüyünün dəstəkləməsi siyasəti var. Son aylarda Türkiyə Misir və ərəb dünyası ilə münasibətlərini təmin etmək üzrədir. Amma Türkiyə ehtiyatla davranır, çünki burada onun mənffəti var. Orta Şərqdə təkcə Türkiyə yox, ABŞ, Avropa, İran, Rusiya da var, Çin də artıq gəlib. Bunlarla birlikdə Orta Şərqə yeni nəfəsin, sabitliyin gəlməsini arzulayırıq. Bölgədə sabitliyin bərpasını, xalqlar arasında münasibətlərin, işbirliklərinin olmasını istəyirik.

- Riyaz bəy, Kərkükdəki vəziyyətdən danışaq, necədir, İraq hökumətinin türkmənlərə münasibətini necə qiymətləndirirsiniz? Türkmənlərin hüquqlarını qorumaq üçün hökumət hansı addımları atır.

- İraq türkmənlərinin mərkəzi Kərkük hesab olunur. Kərkük, Mosul, Diyalə türkmənlərinin fərqli sıxıntıları, problemləri var. Məsələn, Bayat bölgəsi və Mosuldakı türkmənlər əzab, əziyyət içindədirlər, İŞİD onların yaşayış məskənlərini dağıtdı, didərgin düşüblər. Türkiyədə, İraqın ərəb şəhərləri – Bağdad, Mosul, Kərbəlada yaşayırlar, hələ də evlərinə dönə bilmirlər. Kərkükdə də vəziyyət pisdir, iki ildir ərəb siyasəti yürüdülür. Səddamın prezidentliyi dönəmində də bu siyasət vardı, sonradan kürdçülük siyasəti yürütdülər, indi yenə ərəb siyasəti mövcuddur. Dövlət idarələrində vəzifələrdə ərəblər oturub. Şəhər baxımsız qalıb, demək olar ki, həyat ölüb. Təhlükəsizliyimizə belə zəmanət istədiyimiz formada deyil. İŞİD-in qorxusundan, zülmündən qaçıb Kərkükə gələn yüz minlərlə ərəb bir daha geri dönmək istəmir. Demoqrafik dəyişim Kərkükdə ciddi sıxıntılar yaşatdı. 9 türkmən partiyası son iki ayda seçim ittifaqında toplandılar. İraq siyasi tarixində ilk dəfə olaraq türkmən partiyalar bir ittifaqda koalision formada cəmləşiblər. Xalq bu addımı alqışladı, ümidverici bir addım atılıb. Amma İraq hökuməti türkmənlərin haqq və hüquqlarını qorumaq istəyində deyil, buna biganə yanaşılır. Bu hökumətin acızliyindən xəbər verir. İŞİD-dən ən çox zərər görən türkmən bölgələri olub. Hökumət bu barədə fikirləşmir ki, türkmənlərə dəyən maddi, mənəvi zərər ödənilsin, ən azından hüquqları və haqları qorunsun.

- İraq türkmanları, etnik qohumluq, dil, həyat, ədəbiyyat, adətlər və s. məsələlərə görə digər türk etnik qruplarla müqayisədə Azərbaycan xalqına yaxındır. Türkməneli-Azərbaycan münasibətləri necə inkişaf etdirilə bilər? Təkliflərinizi bilmək istərdim.

- İraqda türkmənlər Azərbaycan xalqının bir parçasıdır. Anadoluda yerləşən türkmənlər, xüsusən də Talaf bölgəsində İran üzərindən gəlib orada məskunlaşan türkmənlər Azərbaycandan olan qardaşlarımızdır. Bir neçə il öncə Azərbaycana, Bakıda səfərdəydim, özümü Kərkükdə olduğu kimi hiss edirdim. Tariximizi, keçmişimiz, mədəniyyətimiz, dilimiz, dinimiz, müsiqimiz eyni. Azərbaycanın Kərkükdə Mədəniyyət mərkəzlərinin açılmasını istərdik. Türkməneli bölgələrinin buna daha çox ehtiyacı var. Kərbəla, Nəcəf kimi müqəddəs yerlərin azərbayucanılar üçün də ziyarətgah olduğundan bu yerlərdə də nümayəndəliklərin açılmasını istərdik. Ticari iş birliyi də əhəmiyyətli ola bilər və azəraycanlı iş adamlarının bölgəyə sərmayə yatırmalarının faydası ola biləcəyini düşünürəm. İran, türk və Qərb şirkətləri zatən buradadırlar. Azərbaycanlı qardaşlarımızın da burada təsirini arzulayırıq. Səddamın dövründən bu yana türkmən iş adamlarının qarşısı elə kəsilmişdi ki, bu gün onlar Azərbaycana gəlmək imkanından belə məhrumdurlar. Bağdadda çox az bir təsir gücündəydilər. Sonradan bunu siyasi bir çevrəyə saldılar. İraqdakı iqtisadi düzən elə bir səmtdə siyasiləşdirildi ki, türkmən iş adamları üçün maneələr yarandı. İşbirliyinin tərəflərə bir xeyri olar. Azərbaycanlı qardaşlarımız da türkmənelini öz parçaları qəbul edirlər. Biz türk dünyasının bir parçasıyıq. Azərbaycanın burada gözü olmalıdır. Azərbaycanın Bağdaddakı səfirliyindən çox gözləntilərimiz var. Türkməneli bölgəsini ziyarət etməsini gözləyirik. İranlılar, amerikalılar, türklər, Qərb diplomatları ziyarət ediblər. Nədən qardaşlarımız bura gəlməsinlər?

- Türkmənlər Qarabağ münaqişəsində həmişə Azərbaycanı dəstəkləyiblər. Hətta əllərinə silah alıb Qarabağda döyüşmək istədiklərini dilə gətirdilər. Kərkükdə Qarabağın azad edilməsi və ermənilər üzərində qələbə necə qarşılandı?

- İraq türkmənləri Qarabağı öz torpaqları hesab edirlər. Qarabağın ermənilərin işğalından azad edilməsi xəbərini sevinclə qarşıladıq. Qarabağ işğalda olduğu bir zamanlarda çox sayda türkmən əlinə silah alıb orada vuruşmağa hazır olduqlarını bəyan etmişdi. Hətta millət vəkilləri də bu aksiyaya qoşulmuşdular. İŞİD-dən bir çox bölgənin azad edilməsində şücaət göstərən Muxtar Musəvi adlı türkmən komandanı olmuş millət vəkili də Qarabağın Qurtuluş Hərəkatına qoşulmağa hazır olduğunu bildirmişdi. Azərbaycanın qələbəsini sevinc göz yaşlarımızla, qürurla qarşıladıq.

- Azərbaycan-Türkiyə qardaşlığı gücləndikcə düşmənlərin naharatlıq və təşvişini necə başa düşmək olar?

- Azərbaycan-Türkiyə iki dövlət bir millət anlaşıyı çərçivəsində addımlayır, qardaş dövlətlərdir. Bu qardaşlıq türk birliyinin yaranmasıa bir ümidverici stimuldur. Türk millətini bir-birindən ayrı salıblar. Zaman-zaman türk birliyini zəiflətmək üçün müxtəlif ölkələrdə türklərə qarşı qətliamlar həyata keçiriblər. İstəməyiblər ki, bu birlik yaransın, güclənsin. Artıq bu gün türk birliyinin formalaşması zamanı gəlib çatıb. Türk birliyinin olması sülh, barış deməkdir. Ümid edirəm ki, türk birliyi yaranacaq, güclənəcək. Azərbaycan-Türkiyə iki dövlət, bir millətdir. Ümummilli lider Heydər Əliyev belə deyib. Türkün düşməni həmişə narahat və təşviş içində olub.

- Turan dövləti qurmaq ideyası yüzillərdən bəri dünya türklərinin ürəyində yaşayan, bəzən alovlanan, bəzən yavaşıyan, amma heç zaman sönməyən bir ideyadır... Bu ideya gerçəkləşə bilərmi?

- Turan ideyasını addım-addım reallaşdırmaq olar. Türk birliyinin möhkəmlənməsi üçün türk dövlətləri arasında sağlam mühit formalaşmalıdır, bütün sahələrdə işgüzar əlaqələr qurulmalıdır. Ən qısa zamanda hədəfimiz türk birliyinə nail olmaqdır. Bu birliyin yaranması biz türkmənləri də sevindirər, baxmayaraq ki, biz İraq vətəndaşlarıyıq. Amma İraqda türk dünyasına bir körpüyük. İraq da bizim vətənimizdir buradakı heç bir xalqa, dövlətə qarşı çıxış etməmişik. Sadəcə, biz milli haqlarımızı konistitusion çərçivədə qorunmasını tələb etmişik. Türk olaraq doğulduq, türk olaraq yaşamaq üçün mücadilə apardıq. Türk öz tarixini qorumalı və onu yaşatmalıdır. Bu şanlı tarixdir. Türkün tarixi həmişə qəhrəmanlıqla, mərdliklə, cəsarətlə yazılıb. Türk tarixdə belə qalıb.
Rus sülhməramlıları işğal bazalarına çevrilə bilərlərVitali Kulik: “Kiyevin nüvə silahını itirdiyinə görə çox təəssüflənirəm”

Mart-aprelin son həftələrində Rusiyapərəst separatçılarla Ukrayna qüvvələri arasında sərhədə rus qoşunlarının yığılması fonunda toqquşmalar baş verdikdən sonra bölgədə ciddi eskalasiya qorxusu artdı. Donetskdə Ukrayna ordusu ilə Rusiyanın dəstəklədiyi separatçılar arasında toqquşma baş verdi. Tərəflər sərhədə qoşunlar topladı. Dünya iki ölkə arasında müharibənin başlaya biləcək anını gözlədi. Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya Prezidenti Vladimir Putinə görüşüb danışmaq üçün bir istək göndərsə də, hələlik bir cavab almadı... Rusiya qoşunlarını geri çəksə də Ukraynanın şərqində yerləşən Donbasda da vəziyyət hələ gərgin olaraq qalır. Ötən ayın sonlarında Rusiyadan dəstək alan separatçıların açdığı atəş nəticəsində Donbasın Peski bölgəsində 1 Ukrayna hərbçisi həlak olub.

Avrasiya.net xəbər verir ki, Ukrayna Vətəndaş Cəmiyyəti Araşdırma Mərkəzinin direktoru, politoloq Vitali Kulik “Xalq Cəbhəsi”nə verdiyi müsahibəsində daha çox Rusiyanın bölgədəki imperialist siyasətinə toxunub.

- Cənab Kulik, dünya iki ölıkə arasında müharibənin başla biləcəyini gözləyirdi, tərəfləri sakitləşdirən nə oldu?

- Düşünmürəm ki, sərhəddəki aprel eskalasiyası zamanı söhbət geniş miqyaslı müharibəyə hazırlaşmaqdan gedir. Daha doğrusu, Putinin Ağ Evdəki yeni rəhbərliklə danışıqlara başlamazdan əvvəl "payları artırmaq" üçün ən sevdiyi hiylə idi. Rusiya əlverişli bazarlıq mövqelərinə ehtiyac duydu. Kreml amerikalıların zəifliyini görən kimi dərhal sərhəddən vaz keçdi. ABŞ, Şimal Axını 2-yə qarşı sanksiya tətbiq etməməyə və ruslara bunu tamamlamaq imkanı verməyi qəbul etdi. Bu, Moskva üçün vacib bir geopolitik qələbədir. Digər tərəfdən, Ukraynanın özünə genişmiqyaslı hərbi təcavüz təhlükəsi hələ də qalır. Putin həqiqətən belə bir varianta hazırlaşsaydı, sərhəddəki qoşunları yoxlamaz və dərhal hücuma keçərdi. Rusiyanın sərhəddə “təlimlər” və “eskalasiyalar” olmadan hücum edəcək qədər qüvvəsi var. Ancaq Moskva bilir ki, istənilən işğal Ukrayna ordusunun müqaviməti ilə qarşılanacaq. Rusiyanın işçi qüvvəsinə və infrastrukturuna ciddi ziyan vura bilərik.

- Rusiyanın bu məsələdən çıxmasını, yəni sərhəddən çəkilməsini necə izah edərdiniz?

- Yuxarıda qeyd etdiyim kimi, çox güman ki, söhbət Putinin bir daha güzəştlərə getməsi ilə bağlı idi. Birincisi, aprel ayında Baydenin ətrafı Şimal Axını 2 qaz kəmərinə qarşı yeni sanksiyalar tətbiq etməyəcəklərini söyləməyə başladı. Bu, sərhədimizdəki eskalasiyanın bitməsinə təsadüf etdi. İkincisi, Avropa (Almaniya və Fransa) Rusiyaya yeni bir "təxirə salma" gündəmi təklif etdi. Buraya Ukraynanın NATO və AB-yə gedən yolu ehtiva etməməsi, təhlükəsizlik və sərhəd nəzarəti məsələlərini həyata keçirmədən Ukraynanı Minsk razılaşmalarının siyasi hissəsini yerinə yetirməyə məcbur etmək üçün Kiyevə təzyiqlər daxildir. Üçüncüsü, Putin bir daha dünya mediasının diqqət mərkəzində oldu. Kreml ABŞ-ın və AB-nin hərəkətlərini əks etdirmədi, ancaq gündəmini Qərbə yüklədi, Vaşinqton və Brüsseli güzəştə getməyə məcbur etdi. Putin bu turu qazandı.

- SSRİ dağılanda Ukrayna Rusiyadan sonra ən böyük silah mirasını buraxdı. Ukraynanın nüvə silahı var idi. Ukrayna və Qazaxıstan, ABŞ və Rusiyanın yalançı təhlükəsizlik vədlərinə inanaraq atom bombalarından imtina etdilər. Bir vaxtlar Ukraynanın nüvə arsenalını geri qaytaracağı barədə şayiələr yayılmışdı. Buna münasibətinizi bilmək istərdim.

- Bu asan bir sual deyil. Bir şeyi deyəcəm, texnoloji cəhətdən Ukrayna nüvə ittiham arsenalını bərpa edə və bu ittihamları Moskvaya və Sankt-Peterburqa çatdırmağı bacaran raket daşıyıcıları yarada bilər. Kadrlarımız, texnologiyamız və buna siyasi iradəsi olan insanlar var. Lakin Ukraynanın hazırkı rəhbərliyi əvvəlki hakimiyyətlərin siyasətinin girovundadır. Əgər Kiyev bu gün nüvə arsenalının bərpasını elan edərsə və nüvə silahının yayılmamasına dair mövcud razılaşmalardan çıxsa, biz Qərbin nəzərində, Rusiya təcavüzünün qurbanından təhlükəli üçüncü bir ölkəyə çevriləcəyik. Belə bir şəraitdə, ABŞ və AB-nin bizə kömək etmək yox, ruslarla birlikdə başqa bir "humanitar müdaxilə" təşkil edəcəklər. Bəli, Kiyevin nüvə silahını itirdiyinə görə çox təəssüflənirəm. Bəlkə də bizdə olsaydı tarix tamamilə fərqli bir şəkildə inkişaf edərdi. Ancaq həqiqi vəziyyətindən çıxış etməliyik. İntiqam silahı kimi bir çəkindirici vasitə olaraq "kiçik nüvə bombası" yarada bilərik. Ancaq Ukraynanın hazırkı siyasi rəhbərliyi bunların öhdəsindən gələ bilməyəcək. Digər tərəfdən, müdafiə sənayesini Rusiya təhdidinə asimmetrik bir cavab yaratmaqda cəmləşdirmək daha doğru olardı.

- Ukrayna Avropa Birliyinə üzv olarsa, Rusiya bunu necə qarşılaya bilər, Ukrayna üçün yeni təhdidlər yarana bilərmi?

- Ukrayna AB-yə üzv olan zaman, çox güman ki, artıq bir müddət NATO-da olacağıq. Bu səbəbdən Rusiyanın bizi hədələyə biləcəyi çətin görünsün. Bununla birlikdə, Rusiya Ukraynanın AB-yə gedən bu yolunu mümkün qədər çətinləşdirmək üçün əlindən gələni edəcək. Bu yolda bizi ən çətin sınaqlar və risklər gözləyir: a) genişmiqyaslı silahlı işğal; b) hər cür "qiyam" və "çevriliş cəhdləri"nin ilhamlanması; c) Ukraynanın təslim olmasını müdafiə edən rusiyapərəst partiyalara dəstək vermək; d) Ukraynada daxili siyasi və iqtisadi xaos üçün şərait yaratmaq (təəssüf ki, ukraynalılar bunun üçün böyük mütəxəssislərdir).

- Zelinski qeyd edib ki, Avropanın gələcəyinin taleyi torpaqlarımızda həll olunur. Avropa-Rusiya qarşıdurmasının Ukrayna məsələsində nə vəd etdiyini düşünürsünüz?

- Bəli. Bir növ Zelenskinin düşüncəsini bölüşürəm. Avropanın gələcəyi Ukraynada həll olunur. Məsələ burasındadır ki, bu dəyərlərin, kimliyin gələcəyi, Avropa bürokratiyası və Avropa qurumlarının necə davranacağından asılıdır. Rusiyanın təcavüzünə müqavimət göstərmək və ya Putinə sakitcə təslim olmaq iradəsi nə qədər olacaq? Fransa və Almaniyanın keçmiş baş nazirlərinin istefasından dərhal sonra Rusiya şirkətlərinin nəzarət şuralarında necə olduqlarını görürük. Və sonra mütəxəssislər özlərinə sual verirlər ki, nə üçün Fransa, Almaniya və ya Avstriya açıq şəkildə Rusiyapərəst mövqe tutdu? Avropa sakinlərinin Rusiya təbliğatına və saxta xəbərlərə necə “qapıldıqlarını” görürük. Avropa ölkələrindəki bəzi partiyaların Kremlin qanlı pulları üzərində mövcud olduqlarını başa düşürük, buna görə də Krımın ilhaqına və ya Donbasın Rusiya tərəfindən işğalına haqq qazandırırlar. Avropanın gələcəyi Ukraynada həll olunur. Və bu bir məcaz deyil. 2015-2017-ci illərdə Severodonetskdəki Luqansk Regional Hərbi-Mülki İdarə rəhbərinin müşaviri idim. Və yaxşı xatırlayıram ki, Stanytsia Laqanskaya körpüsündəki postda, Ukrayna bayrağından əlavə AB bayrağı da asılıb. Uşaqlarımız Avropanın rus faşizminə qarşı müdafiəsində ön sıralarda xidmət edirlər.

- Avropa Rusiyanı parçalamaq və zəiflətmək niyyətindədir. Rusiyaya qarşı sanksiyaların genişləndirilməsi məsələsi belə gündəmdədir. Qərb bu kimi məsələlərdə məqsədinə çata biləcəkmi?

- Avropa Rusiyanı parçalamaq istəsəydi, mən hər cür şəkildə qarşılayardım. Təəssüf ki, Avropa liderlərinin Rusiya imperiyasının bölünməsini strateji hədəf kimi qəbul etməyə hazır olduğunu görmürəm. Rusiya Federasiyası bir dövlət quruluşu olaraq mövcudluğunu dayandırmalıdır. Moskvanın əzdiyi bütün xalqlar dövlət müstəqilliyini qazanmalıdır. Lakin AB bu barədə danışmaq istəmir. Brüssel insani nəticələrdən, miqrantlardan və nüvə terrorizminin problemlərindən qorxur. Buna görə də avropalılar bu gün Rusiyanı parçalamaq yox, Kremlin ambisiyalarına güzəştə gedərək onunla barışmaq istəyirlər. Putin isə bu cür güzəştləri "dialoqa hazır olmaq" kimi deyil, zəiflik kimi qəbul edir. Brüssel, Ukraynanı qurban verməklə Moskva ilə münasibətlərini yenidən qurmaq istəmir. Bu baş verdikdən sonra Avropanın özü uzun sürməyəcək.

- Rusiyanın MDB-dəki hegemonluğuna son qoymaq üçün nə etmək lazımdır, hansı siyasət aparılmalıdır?

- Putindən sanksiyaların nəinki Rusiyadakı hakim təbəqəni boğduğu, eyni zamanda Rusiyanın özündə də adi insanlar üçün dözülməz bir atmosfer yaratdığını göstərən super zəhərli bir xarakter yaratmaq lazımdır. Başa düşürəm ki, Rusiya artıq totalitarizmə gedir. Ukrayna Maydanının analoqu orada mümkün deyil. Moskvada yalnız saray çevrilişi və ya üsyan mümkündür. Beləliklə, rusların bu yolla getməsinə kömək etməliyik. Ancaq edilməli olan əsas şey, məhdudiyyətlər, sanksiyalar matrisi yaratmaq və Rusiya tərəfindən ABŞ - Aİ və dünyadakı müttəfiqləri səviyyəsindəki çağırışlara dərhal cavab verməkdir. Embargo, təcrid, təzyiq, işin dayandırılması, texnologiya əldə etməkdən imtina, faiz artımları - bunlar indi Vashinqton və Brüsseldə çatışmayan anti-Rusiya siyasətinin alətləridir. Postsovet məkanındakı ölkələrə gəldikdə, Rusiya olmadan regional inteqrasiyanı bərpa etməliyik.

- Cənab Kulik, dünya Kremlin Dnestryanı, Cənubi Osetiya, Abxaziya, Krım, Donbas, Qarabağdakı təcavüzkar siyasətinin şahidi oldu. Ancaq susdu...

- Təəssüf ki, tarix yalnız bir şeyi öyrədir - heç nə öyrətməməyi. Dünya, 1938-ci ildə Çexoslovakiyadakı ərazi güzəştləri hesabına Hitleri sakitləşdirmək üçün Münhendəki kimi səhv etdi. Bir il sonra II Dünya Müharibəsi başladı. Rusiya da eynidir. Qərb 1992-94-cü illərdə Dnestryanı və Cənubi Qafqazda (Abxaziya və Cənubi Osetiya) Moskvanın imperiya sarsıntılarını görmədi. Hər şey imperiyaların parçalanmasını müşayiət edən etno-milli qarşıdurmalara aid edildi. Bundan sonra Qərb Moldova və ya Gürcüstana real yardım təklif edə bilmədi. O dövrdə postsovet məkanı rusların asayişi qorumalı olduqları “müvəqqəti parçalanmış” kimi görünürdü - 2008-ci ildə Rusiya Gürcüstanı işğal etdikdə. Qərb də Putini sakitləşdirməyə çalışdı. Hamımız Sarkozini və onun Rusiya-Gürcüstan münaqişəsindəki mülayimliyini xatırlayırıq. Qərb Tbilisiyə iqtisadi yardımla məhdudlaşdı. Lakin güc və hücumla cavab vermək lazım idi. Bəlkə o zaman Kreml fərqli davranardı və 2014-cü ildə Krım və Donbasın işğalı olmazdı.

- Azərbaycan Ermənistan üzərində qələbə qazandı, Qarabağ azad edildi. Ancaq Rusiya hərbçilərini yenidən sülhməramlı adı altında oraya yerləşdirdi. Sizcə əsas məqsəd nədir – sabitliyi, təhlükəsizliyi qorumaq, yoxsa...

- Putinin Qarabağdakı əsas hədəfi Rusiyanın bölgədəki varlığını göstərməkdir. Bu, son zamanlarda Moskvaya xoşagəlməz sürprizlər gətirən Ermənistanla deyil, bütün Cənubi Qafqaz bölgəsi ilə əlaqədardır. Müəyyən şərtlərdə, Rus sülhməramlıları 2008-ci ildə Abxaziya və Cənubi Osetiyada olduğu kimi hər zaman işğal bazalarına çevrilə bilər. Orada rus "sülhməramlıları" birdən-birə faktiki olaraq Rusiyanın işğalı altındakı ərazilərdə hərbi bazalarına çevrildi. Rusiyanın hərbi varlığı, Türkiyənin işğaldan azad edilmiş Qarabağ ərazilərinin taleyində iştirakı ilə qismən qarşı-qarşıya qalır. Bakı Ankara ilə Moskva arasındakı ziddiyyətlər üzərində oynaya və beləliklə Putinin bölgədəki iştahını cilovlaya bilər. Rus "sülhməramlıları"na diqqət yetirmək və hər cür şəkildə missiyanın səlahiyyətlərinin genişləndirilməsini dayandırmaq lazımdır. Bəlkə zamanla Bakı onlardan qurtula bilər.
"Yeni Klinika"nın direktoru məhkəməyə çıxarılır"Yeni Klinika" Publik Hüquqi Şəxsin direktoru Pərviz Abbasov və digərlərinin cinayət işi üzrə məhkəmənin vaxtı məlum olub.

Axar.az xəbər verir ki, cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin sədrliyi ilə keçiriləcək hazırlıq iclası iyulun 17-nə təyin edilib.

Qeyd edək ki, aparılmış istintaq-əməliyyat tədbirləri ilə Pərviz Abbasovun həmin vəzifədə işləyərkən Qalib Nəcəfov, Vüsalə Əliyeva, Əvəz Hüseynov və Samir Mirzəyevin köməyi ilə COVİD-19 xəstəliyindən əziyyət çəkən ayrı-ayrı şəxslərin stasionar qaydada müalicə olunmalarının təmin olunması məqsədilə rəhbərlik etdiyi tibb müəssisəsinə yerləşdirilməsi müqabilində onların yaxınlarından hər bir xəstə üçün 3000-4500 manat məbləğində pul vəsaiti alaraq aralarında bölüb şəxsi ehtiyaclarına sərf etmələrinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Pərviz Abbasov və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 32.5, 311.3.2-ci (təkrar rüşvət almaya köməklik etmə) maddələri ilə yekun ittiham elan edilib.