Qəbələdə müəllim özünü asdıQəbələ rayonunda intihar hadisəsi baş verib.

Hadisə bu gün rayonun Nohurqışlaq kəndində qeydə alınıb. Kənd sakini, 1958-ci il təvəllüdlü Mirzəliyeva Ədalət Səmit qızı yaşadığı evin həyətində özünü kəndirlə asaraq intihar edib.

Nohurqışlaq kənd tam orta məktəbində kimya müəllimi işləyən Ədalət Mirzəliyevanın özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.

Faktla bağlı Qəbələ rayon Prokurorluğu tərəfindən araşdırma aparılır (apa).
62 nəfər koronavirusa yoluxdu - ölən olmayıbAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 62 yeni yoluxma faktı qeydə alınıb, 33 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxanlardan vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 336479 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 330466 nəfər müalicə olunaraq sağalıb, 4978 nəfər vəfat edib, aktiv xəstə sayı 1035 nəfərdir.

Ölkədə son sutka ərzində 5951 hazırkı dövrədək isə 3793040 test aparılıb.
Azərbaycanda şirkət rəhbəri axtarışa verildiBaş Prokurorluğun İnstaqram sosial şəbəkəsindəki səhifəsində 01.07.2021-ci il tarixdə keçirilmiş “sual-cavab” adlı sessiya zamanı bir neçə vətəndaşın “Go Europe” şirkətinin rəhbəri Orxan İbrahimovun 70-ə yaxın şəxsi aldadaraq Avropada işə düzəltmək adı altında pul almaqla dələduzluq etməsi barədə müraciətləri daxil olub.

Baş Prokurorluqdan Avrasiya.net-ə verilən mlumata görə, qeyd edilən müraciətlər Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürüldüyündən, həmin faktla bağlı cinayət işi üzrə istintaqın davam etdirilməsi İstintaq İdarəsinə tapşırılıb.

Toplanmış ilkin sübutlar əsasında 05.07.2021-ci il tarixdə Orxan İbrahimov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 (dələduzluq - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə - ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, istintaqdan yayındığına görə ona ittiham elan etmək mümkün olmadığından barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilib.

“Go Europe” şirkətinin vəzifəli şəxslərinin dələduzluq əməllərindən zərər çəkən vətəndaşlardan Baş Prokurorluğun İstintaq İdarəsinə müraciət etmələri xahiş olunur. (ünvan: 21-ci Dağlıq küçəsi, 3105-ci məhəllə, əlaqə nömrələri: (+994 12) 361-16-14; (+994 12) 361-16-13).
Azərbaycanda xəstənin oğlu həkimi bıçaqladıSosial şəbəkələrdə 5 saylı şəhər kliniki xəstəxananın həkimi Zöhrab Şamxalovun bıçaqlanması barədə məlumat yayılıb.

Bildirilib ki, atası üçün əlillik arayışı ala bilməyən pasiyentin oğlu qastroenteroloqu bıçaqlayıb.

Məsələ barədə xəstəxana ilə əlaqə saxladıq. Xəstəxanadan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, təəssüf ki, belə bir xoşagəlməz hal baş verib: “Hadisənin nə səbəbdən baş verməsi ilə bağlı hüquq mühafizə orqanlarında araşdırma başlanıb”.
Tbilisidə sırğa taxan əcnəbi kişi bıçaqlanıbGürcüstanın paytaxtı Tbilisidə xarici ölkə vətəndaşı bıçaqlanıb.

“Report”un yerli bürosu xəbər verir ki, hadisə LGBT əleyhdarlarının etiraz aksiyası zamanı baş verib.

Etirazçılar əcnəbi kişini qulağındakı sırğaya görə cinsi azlıq nümayəndəsi zənn edərək onu döyərək soyuq silahla yaralayıblar. Həmin şəxs xəstəxanaya çatdırılıb.

Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib ki, qəsdən adam öldürməyə cəhddə ittiham olunan 1989-cu il təvəllüdlü şəxs saxlanılıb. Gəncin günahı sübuta yetirilərsə, onu 7 ildən 15 ilədək həbs gözləyir.

Yerli mətbuatın yazdığına görə, bıçaqlanan şəxs Polşa vətəndaşıdır.
"COVID-19-dan alınan ən böyük dərs budur ki..."Hindistanın Baş Naziri cənab Narendra Modi bu gün Hindistan tərəfindən COVID-19 pandemiyası ilə mübarizədə dünyaya rəqəmsal ictimai fayda olaraq “CoWIN”-in təklif olunduğu CoWIN qlobal iclasında çıxış edib.

Hindistanın Azərbaycandakı səfirliyindən Avrasiya.net-ə daxil olan məlumatda qeyd olunur ki, baş nazir
CoWIN Qlobal İclasında iştirak etmək üçün müxtəlif ölkələrdən çoxlu sayda mütəxəssis qoşulduğu üçün məmnun olduğunu bildirib: "Əvvəla, bütün ölkələrdə pandemiya səbəbindən həyatını itirmiş hər kəs üçün dərin hüznlə başsağlığı verirəm. Yüz il ərzində bu pandemiyaya bənzər heç bir hadisə baş verməyib. Təcrübə göstərir ki, hər hansı bir ölkə nə qədər güclü olsa belə, ayrılıqda bu çətinliyin öhdəsindən gələ bilmir. COVID-19 pandemiyasından alınan ən böyük dərs budur ki, bəşəriyyət və insanlar üçün birlikdə fəaliyyət göstərməli və birlikdə irəliləməliyik. Biz bir-birimizdən öyrənməli və ən yaxşı təcrübələrimizlə bağlı bir-birimizə rəhbərlik etməliyik. Pandemiyanın başlanğıcından etibarən Hindistan bu mübarizədə bütün təcrübələrini, biliklərini və mənbələrini dünya ictimaiyyəti ilə paylaşıb. Biz bütün məhdudiyyətlərimizə baxmayaraq, öz təcrübələrimizi bacardığımız qədər daha çox bütün dünya ilə bölüşməyə çalışdıq. Qlobal təcrübələrdən öyrənmək istəyimiz isə hələ də davam edir".

Baş nazir daha sonra bildirib ki, texnologiya COVID-19 pandemiyası ilə mübarizəmizin ayrılmaz hissəsidir: "Şanslıyıq ki, kompyuter proqramları resurs məhdudiyyətlərinin olmadığı bir sahədir. Bu səbəbdən COVİD izləmə tətbiqimizi texniki cəhətdən ən qısa müddətdə mümkün olduğu qədər açıq mənbə halına gətirdik. Təxminən 200 milyon istifadəçisi olan 'Aarogya Setu' tətbiqi, developerlər üçün hazır paketdir. Bu tətbiq Hindistanda istifadə edilib və nəticə etibarilə əmin olun ki, tətbiqin sürəti və miqyası real dünyada sınaqdan keçirilib".

Baş nazir vurğulayıb ki, vaksinasiya bəşəriyyətin pandemiyadan uğurla çıxması üçün ən yaxşı ümiddir: "Biz əvvəlcədən Hindistanda vaksin strategiyamızı planlaşdırarkən tamamilə rəqəmsal bir yanaşma tətbiq etməyə qərar verdik. Bu gün qloballaşan dünyada, pandemiyadan sonra dünyada vəziyyət normallaşmalı olsa, belə bir rəqəmsal yanaşma vacibdir. Axı insanlar peyvənd olunduqlarını sübut etməlidirlər. Bu sübut güvənli və etibarlı olmalıdır. İnsanlar həmçinin harada və kim tərəfindən peyvənd olunduğuna dair bir qeydə sahib olmalıdırlar. Peyvəndlərin hər dozasının nə qədər qiymətli olduğunu nəzərə alsaq, hökumətlər də həmçinin hər dozanın izlənilməsinə və israfın minimuma endirilməsinə əmin olmaqla bağlı narahatdırlar. Bütün bunlar bütöv bir rəqəmsal yanaşma olmadan mümkün deyil".

Hindistan sivilizasiyası bütün dünyanı vahid bir ailə kimi qəbul edir. Bu pandemiya bir çox insanı bu fəlsəfənin təməl həqiqətlərini dərk etməyə məcbur etdi: "Buna görə COVİD peyvəndi üçün texnologiya platformamız olan “CoWin” platforması açıq mənbə halına gətirilməyə hazırlanır. Bu platforma tezliklə hər bir ölkəyə, bütün ölkələrə təqdim olunacaq. Bu gün keçirilən iclas bu platformanı hamınıza tanıtmaq üçün ilk addımdır. Bu, Hindistanın 350 milyon doza COVİD peyvəndini tətbiq etdiyi platformadır. Bir neçə gün əvvəl biz gün ərzində təxminən 9 milyon insanı peyvənd etdik. Onların nəyisə sübut etmək üçün nazik bir kağız parçasını gəzdirmələrinə ehtiyacları yoxdur. Bunların hamısı rəqəmsal formatda mövcuddur. Ancaq ən yaxşısı budur ki, proqram yerli tələblərə uyğun olaraq istənilən ölkəyə uyğunlaşdırıla bilər. Bugünkü iclasın texniki detallar haqqında daha çox şey öyrənəcəksiniz. Əminəm ki, başlamaq sizə maraqlıdır. Və mən sizi gözlətmək istəmirəm. Beləliklə, icazə verin nitqimi bugünün məhsuldar müzakirəsi naminə hər birinizə ən xoş arzularımı çatdıraraq bitirim. 'Vahid dünya, vahid sağlamlıq' yanaşmasını rəhbər tutaraq bəşəriyyət sözsüz ki, bu pandemiyanı aradan qaldıracaq.
Çox sağ olun. Təşəkkür edirəm".

Şimşək çaxacaq, yağış yağacaq, dolu düşəcək - hava xəbərdarlığıMilli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.

Avrasiya.net xəbər verir ki, xəbərdarlıqda deyilir:

"İyulun 7-dək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, küləyin sürətinin 15-18 m/s, yarımadanın bəzi yerlərində arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir. İyulun 7-dək Azərbaycanın əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı gözlənilir. Bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı olunur".
Korona Rusiyaya 1 trilyon ziyan vurduKoronavirus Rusiya iqtisadiyyatına 2020-ci ildə 997,06 milyard rubl (13,675 milyard dollar) ziyan vurub.

Axar.az xəbər verir ki, bu məlumat Rusiya hökumətinin “Rusiya Federasiyası əhalisinin rihafının sanitar-epidemioloji vəziyyəti haqqında” hesabatında yer alıb.

Hesabatda Rusiyanın koronavirus əleyhinə testlər üçün 108 milyard rubl xərclədiyi bildirilib.

Əhalinin koronavirus məhdudiyyətlərinin olduğu dönəmdə dəstəklənməsi üçün 2020-ci ildə 515 milyard rubl xərclədiyi vurğulanıb.
Rusiyada silsilə terror aktlarının qarşısı alınıb“İslam Dövləti” ilə əlaqəli şəxslərin Moskva, Astraxan və Kabardin-Balkar Respublikasında törətməyi planlaşdırdıqları silsilə terror aktlarının qarşısı alınıb: 6 silahlı məhv edilib, 2 nəfər saxlanılıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya FTX məlumat yayıb.

“İslam Dövləti” ilə əlaqəli şəxslərin 2021-ci ilin yayında Rusiya ərazisində həyata keçirməyi planlaşdırdıqları silsilə terror aktlarının qarşısı alınıb. Həyata keçirilmiş tədbirlər nəticəsində 6 cinayətkar neytrallaşdırılıb, ikisi saxlanılıb” – FTX-nın məlumatında deyilir.
16 vəzifəli tibb işçisi nöqsanlara görə işdən çıxarıldıƏlilliyin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə tibb müəssisələrində araşdırma aparılıb.

Bu barədə Avrasiya.net-ə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, əlilliyin qiymətləndirilməsi sahəsində şəffaflığın, obyektivliyin təmin edilməsi və göstərilən xidmətlərin keyfiyyətinin artırılması istiqamətində Agentlik tərəfindən davamlı tədbirlər görülür.

2021-ci ilin ilk altı ayı ərzində tibbi-sosial ekspertiza müayinəsinə göndərişlər vermək hüququ olan Tibbi Ərazi Bölmələrini İdareətmə Birliyinin (TƏBİB) tabeliyindəki dövlət tibb müəssisələrində Agentlik öz səlahiyyətləri çərçivəsində daxili yoxlamalar aparıb.

Nəticədə bir baş həkim (Sumqayıt şəhəri üzrə 3 nömrəli şəhər poliklinikası), üç direktor (Füzuli, Biləsuvar və Ağcabədi Rayon Mərkəzi Xəstəxanaları) və Həkim Məsləhət Komissiyalarının (Bakı şəhəri üzrə 19 nömrəli Şəhər Poliklinikası və 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası) 12 üzvü vəzifələrinin icrası zamanı yol verdikləri bir sıra ciddi nöqsanlar, əlillik dərəcələrinin müəyyən edilməsi zamanı yol verdikləri qanun pozuntuları səbəbi ilə tutduqları vəzifələrdən azad edilib.

Qeyd edək ki, Agentlik TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrinə müraciət etmiş şəxslərin əmək qabiliyyətinin müvəqqəti və ya tam itirilməsinin ekspertizasının aparılması, tibbi və əmək reabilitasiyası məsələlərinin təşkili, həmçinin Tibbi Sosial Ekspert Komissiyalarına (TSEK) göndərişlərin düzgün verilməsi məqsədilə Həkim Məsləhət Komissiyalarının fəaliyyətinə nəzarət edir. Əlilliyin qiymətləndirilməsində operativliyi təmin etmək, vətəndaş məmnunluğunu artırmaq, bu sahədə işin keyfiyyətini yüksəltmək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial Ekspert Komissiyasına göndərişlərin verilməsi prosesini tənzimləmək məqsədilə Agentlik tərəfindən mütəmadi olaraq tədbirlər görülür.