Azərbaycan-İsrail iqtisadi əlaqələri genişlənir - FOTOİsrailin Təl-Əviv şəhərində Azərbaycanın Ticarət və Turizm nümayəndəlikləri açılıb, İsrail biznes dairələrinin iştirakı ilə İşgüzar Dəyirmi Masa keçirilib.

İqtisadiyyat Nazirliyindən Avrasiya.net-ə bildirilib ki, işgüzar görüşdə çıxış edən Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın həmsədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-İsrail iqtisadi münasibətlərinin yüksək səviyyədə olduğunu, əməkdaşlığın gücləndirilməsi istiqamətində işlərin davam etdirildiyini vurğulayıb.

Qeyd olunub ki, tədbir iqtisadi tərəfdaşlığın inkişafına, biznes dairələri arasında əlaqələri dərinləşdirməyə istiqamətlənmiş təşəbbüslər üçün əhəmiyyətli platformadır. İsraildə açılan Azərbaycanın Ticarət və Turizm nümayəndəlikləri iş adamları arasında əməkdaşlığın genişlənməsi üçün yeni mexanizmlərdir və qeyri-neft ixracının artırılması, biznes və investisiya mühitinin təşviqi, qarşılıqlı investisiyaların cəlb olunması, həmçinin turizm əlaqələrinin inkişafına fayda verəcək. Mikayıl Cabbarov ölkəmizin müasir innovasiyalar məkanına çevrilməsinin qarşıya hədəf kimi qoyulduğunu, enerji, səhiyyə, rəqəmsallaşma, investisiya, innovasiya, İKT, kənd təsərrüfatı, su sektorunun idarə edilməsi, turizm və s. sahələrdə tərəfdaşlıq üçün böyük potensialı diqqətə çatdırıb. Bildirilib ki, işğaldan azad olunmuş ərazilərimizin təbii ehtiyatları, avtomobil və dəmir yolları şəbəkəsinin, hava limanlarının tikintisi, yeni nəqliyyat dəhlizlərinin, xüsusən də Zəngəzur dəhlizinin açılması investorlar üçün geniş imkanlar yaradır. Bununla yanaşı, “Ağıllı şəhər”, “Ağıllı kənd”, “Yaşıl enerji” layihələrinə xarici investorların cəlb edilməsi üçün müvafiq addımlar atılır. İqtisadiyyat naziri İsrail şirkətlərini Azərbaycanın əlverişli biznes və investisiya mühitindən, iqtisadi potensialından yararlanmağa və fəal əməkdaşlığa dəvət edib.

İşgüzar Dəyirmi Masada Energetika nazirinin müavini Elnur Soltanov Azərbaycan-İsrail əlaqələrinin uğurlu inkişafını, keçirilən tədbirlərin və aparılan səmərəli müzakirələrin tərəfdaşlığın genişləndirilməsində əhəmiyyətini qeyd edib, qlobal çağırışlara uyğun yeni əməkdaşlıq istiqamətləri, o cümlədən “Yaşıl enerji” layihələrində birgə iştirak barədə fikirlərini bölüşüb.

Tədbir çərçivəsində İsrailin “OurCrowd” şirkəti və Azərbaycan İnvestisiya Şirkəti arasında Anlaşma Memorandumu imzalanıb. Sənəddə startap layihələrinə sərmayə qoyuluşu, İsrailin aparıcı şirkətlərinin qabaqcıl təcrübəsinin ölkəmizdə tətbiqi, innovasiyalar, ekosistemin təkmilləşdirilməsi sahəsində əməkdaşlıq nəzərdə tutulur. Memorandumda əksini tapan məsələlərin reallaşdırılması yeni texnologiyaların sürətlə mənimsənilməsinə, onların vətəndaşlara və biznes maraqlarına xidmət etməsinə, dövlət qurumlarının və biznesin yeni çağırışlara çevik uyğunlaşmasına töhfə verəcəkdir.

Qeyd edək ki, 2013-cü ildə qurulan “OurCrowd” şirkəti İsrailin vençur investisiya şirkətidir. Qiymətli kağızlar üzrə dünyanın ən böyük kütləvi maliyyələşdirmə platformalarından olan şirkət süni intellekt, texnologiya, nəqliyyat, enerji, səhiyyə, təhlükəsizlik və digər sahələrdə fəaliyyət göstərən startap şirkətlərinə investisiya qoyuluşu üzrə ixtisaslaşıb. Şirkət investorlar və qurumlar üçün startaplara, ilkin mərhələli şirkətlərə və vençur fondlara sərmayə qoyuluşu məqsədilə yatırım platforması təklif edir. “OurCrowd” şirkətinin qurucusu və baş direktoru Jonathan Medved İsraildə yüksək texnologiyalar sahəsində tanınmış mütəxəssis və vençur investorudur.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, AZPROMO-nun rəhbəri Yusif Abdullayevin də iştirak etdiyi İşgüzar Dəyirmi Masada İsrail şirkətlərin təqdimatı dinlənilib, aparıcı şirkətlərlə ikitərəfli görüşlər keçirilib. Müzakirələrdə İsrail şirkətləri əməkdaşlığın genişləndirilməsində və yeni əlaqələrin qurulmasında maraqlarını ifadə ediblər.
Flora Kərimova Prezidentə hərbi salam verdi - “Sizi sevirəm”Xalq artisti Flora Kərimova Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Şərəf” ordeni ilə təltif edilməsi ilə bağlı açıqlama verib.

Avrasiya.net xəbər verir ki, ARB-də yayımlanan “Elgizlə izlə” verilişinin qonağı olan ifaçı ölkə başçısına təşəkkür edib.

Ali Baş Komandana hərbi salam verərək çıxışına başlayan Flora Kərimova bildirib ki, dövlət başçısı bu diqqəti onun əsgərinə verib:

“Dövlət başçımız millətimi, xalqımı sevindirdi. Ali Baş Komandan bu diqqəti onun əsgərinə verdi. Adətən məni sənətkar kimi tərifləyəndə, deyirəm, sənətkarı tərifləməzlər. O istedadı Allah verir. Ancaq istedada qiymət verməyə ürək lazımdır. Biz naxışlı millətik. Naxışlı millətik ki, bizim siz varsınız. Mən düşünürdüm ki, bu dünyadan Şuşanı görmədən gedəcəm. Siz mənə arxayınlıq bağışladınız. Bu gün anamın ruhunu təbrik etdim. Məni anamın yanında xəcalətli qoymadınız. Ancaq valideyn itirən övlad bilər mənim yanğımı. Birinci sözüm o oldu ki, ana, bağışla, bu günə qədər olan sevinclərimi sənsiz yaşayıram. İndi hamınızın qarşısında deyirəm: Analar, bağışlayın ki, bu torpaq sizi övladsız qoydu, torpağı sizə ərmağan elədi. Çünki ən böyük oğlunuz, ağlı, savadı, iradəsi ilə bu millətin qarşısında gedirdi. Mən sizi sevirəm, oğul! Çox fəxr edirəm ki, mənim, xalqımın sizin kimi oğlu var!”

Qeyd edək ki, dövlət başçısının digər sərəncamı ilə Azərbaycan musiqi sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Flora Kərimovaya Prezidentin fərdi təqaüdü də verilib.
Nazirlik nümayəndələri iclas keçirdiAzərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupunun növbəti iclası keçirilib.

Avrasiya.net xəbər verir ki, iclasda Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin və digər müvafiq dövlət qurumlarının məsul nümayəndələri iştirak ediblər.

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində hərbi-siyasi, sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli ilə bağlı Fəaliyyət Planı” üzrə aidiyyəti qurumlar tərəfindən ekoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə işğaldan azad edilmiş rayonlarda aparılan kompleks monitorinqlər, o cümlədən transsərhəd çayların çirklənməsinə nəzarət edilməsi və radioekoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə aparılan monitorinqlər haqqında qrup üzvlərinə məlumat verilib. Həmçinin Fəaliyyət Planının icrası ilə bağlı aidiyyəti qurumların nümayəndələri tərəfindən məlumatlar verildi, tədbirlərin icrası zamanı qarşıya çıxan məsələlərin həlli istiqamətində müzakirələr aparıldı.

Ətraf mühitə və təbii sərvətlərə vurulmuş zərərlə bağlı qanunvericiliyə uyğun qiymətləndirmələr aparılır. Zəngilan və Cəbrayıl rayonları üzrə araşdırma materialları hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna təqdim edilib, hazırda Füzuli rayonu haqqında arayış hazırlanır.

Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərindəki şəhər və qəsəbələrin Baş planının hazırlanması məqsədilə Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Kəlbəcər, Qubadlı şəhərlərində, bu rayonların kəndlərində və Hadrut qəsəbəsində “Dron” uçuş aparatı vasitəsilə 187,16 kvadratkilometr ərazinin fotoçəkilişləri aparılıb, 1:1000-1:2000 miqyasda ortofotoplanlar və rəqəmsal topoqrafik planlar hazırlanaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təhvil verilib.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Rəqəmsal Geoloji İnformasiya Sisteminə qoşulmalı olan qurumlar tərəfindən görülmüş işlər və bununla bağlı planlaşdırılan təlimlər haqqında qrupun üzvlərinə məlumat verildi, çatışmazlıqların aradan qaldırılması tövsiyə olundu.

İşğaldan azad edilmiş ərazilərdə yanğın hadisələri haqqında Fövqəladə Hallar Nazirliyinin məlumatında iyun ayı ərzində 116 belə hadisəsinin baş verdiyi qeyd olundu. Qərargahın tapşırığı və görülən tədbirlər nəticəsində iyul ayında yanğın hadisələrinin sayının 60-a endiyi və bu işlərin daim nəzarətdə saxlanılmasının vacibliyi vurğulandı.

Qarabağın işğaldan azad edilmiş ərazilərində hidroloji obyektlərin Coğrafi İnformasiya Sistemləri (CİS) bazasında, Azərsky və “Dron” çəkilişləri əsasında elektron xəritəsinin yaradılması işləri davam edir. Çaylar üzərində quraşdırılacaq yeni avtomat hidroloji cihazların yerlərinin dəqiqləşdirilməsi işləri yekunlaşdırılıb, çaylarda sululuğun ölçülməsi və çirklənmə vəziyyətinin müəyyənləşdirilməsi, o cümlədən Zəngilan rayonunun ərazisindən axan Oxçuçay çayının kəmiyyət və keyfiyyət göstəricilərinə analitik nəzarət davam edir.

Qrup fəaliyyətini İdarələrarası Mərkəzin digər işçi qrupları ilə sıx əlaqə və məlumat mübadiləsi formatında həyata keçirməkdədir.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.
Paytaxtda daxili iməclik keçirildiXəbər verildiyi kimi 2 gün ərzində Bakı şəhərində davam edən güclü siklon və qeyri-sabit hava şəraitinin törətdiyi fəsadların qarşısı elə həmin gün paytaxtın kommunal və digər xidmət işçiləri tərəfindən operativ şəkildə alınıb. Eyni zamanda küləyin yaydığı toz-torpağın binaların fasadlarından, mağaza, ictimai iaşə və digər obyektlərin vitrinlərinlərindən, reklam lövhələrindən təmizlənməsi zərurəti yaranıb.

Netiyadan Avrasiya.net-ə verilən məlumata görə, bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə qeyri-sabit havanın fəsadlarının tam qaldırılması və şəhərdə genişmiqyaslı təmizlik işlərinin aparılması məqsədi ilə iyul ayının 31-i səhər saatlarından etibarən paytaxtın bütün rayonlarında kommunal və digər qurumlarının iştirakı ilə genişmiqyaslı daxili iməclik keçirilib.

Daxili iməclik zamanı prospekt və küçələrin, səkilərin kənarlarının, bordyurların və buradakı işıq dirəklərinin, məhəccərlərin, vitrin və reklam lövhələrinin yuyulması, ərazinin dezinfeksiyası, yol kənarlarına yığılan toz-torpağın təmizlənməsi həyata keçirilib. Bu işlərdə kommunal xidmət əməkdaşları ilə yanaşı sakinlərimiz də yaxından iştirak ediblər.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları və texnikası ağac və yaşıllıq zolaqlarını yuyaraq toz-torpaqdan təmizləyib, sınmış ağaclar budanıb, digər lazımı işlər həyata keçirilib.

Həmçinin Bakı Şəhər İcra Hakimiyyətinin müraciətinə cavab olaraq fərdi sahibkarlar və özəl sektor nümayəndələri tərəfindən çalışdıqları mağaza, ictimai iaşə və digər obyektlərin fasadları, vitrinləri yuyulub və obyektlərin qarşısı təmizlənib.

Bakı Şəhər İcra Hakimiyyəti daxili iməcliyin yüksək səviyyədə keçirilməsi ilə bağlı tədbirdə fəal iştirak edən kommunal və digər qurumların əməkdaşlarına, həmçinin Şəhər İcra Hakimiyyətinin çağırışına qoşulan özəl sektor nümayəndələri və sakinlərimizə öz minnətdarlığını bildirir.
Qusarda restoran sahibi həbs edildiQusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə “Ladera” adı istirahət mərkəzində rəsmi portalda qeydiyyatda olmayan və karantin rejim qaydalarının pozulması ilə müşahidə olan toy mərasiminin keçirilməsi müəyyən edilib.

Daxili İşlər Nazirliyindən Avrasiya.net-ə verilən məlumata görə, obyektin sahibinə əvvəlcədən edilən xəbərdarlığa baxmayaraq, onun insanların kütləvi iştirakı ilə müşahidə edilən toy mərasimi təşkil etdiyi aşkarlanıb.

Rayon Polis Şöbəsi əməkdaşları qeyd olunan istirahət mərkəzində qanunvericiliyin tələblərinə müvafiq olaraq restoranın sahibi Abdul Hüseyinovu İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq 10 gun inzibati həbs edib.
Flora Kərimovaya Prezidentin fərdi təqaüdü veriləcəkPrezident İlham Əliyev Flora Kərimovaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Avrasiya.net-in xəbərinə görə, sərəncamla Azərbaycan musiqi sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Flora Ələkbər qızı Kərimovaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək.
Komitə sədri Türkiyədəki meşə yanğınları ilə bağlı BƏYANAT veribTürkiyə Respublikasında baş vermiş yanğınlarla bağlı Azərbaycan Respublikası Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi bəyanat verib.

Avrasiya.net bəyanatı təqdim edir:

Təəssüf hissi ilə bildiririk ki, bir neçə gündür Türkiyənin cənub-qərbində başlayan meşə yanğınları bütün dünyanın diqqət mərkəzindədir. Qardaş ölkədə baş verən yanğınlar bizi də dərindən sarsıtdı. Baş vermiş bu meşə yanğınları nəticəsində ekologiyaya, ətraf mühitə, yaşayış məntəqələrinə və infrastruktura ciddi ziyan dəymiş, eyni zamanda insan tələfatına da səbəb olmuşdur. Bu acı faciə münasibəti ilə,Türkiyə dövlətinə və can qardaşlarımıza dərin hüzünlə baş sağlığı veririk.
Xüsusilə qeyd etməliyik ki, güclü meşə yanğınları nəticəsində bölgədə ciddi ekoloji fəsadlar yaranıb, təbii bitki örtüyü, min illərlə əmələ gələn torpağın üst qatı tamamilə yanmış, bitki və heyvan növləri məhv olmuş, ekosistemin tarazlığı pozulmuş, ətraf mühit komponentlərinə ciddi ziyan dəymişdir. Bütün bunların nəticəsində regionun ekoloji durumuna böyük zərər dəymişdir.

Türkiyə Respublikasının meşə yanğınlarının baş verdiyi ərazilərin təbiətinin, endemik bitki və heyvan növlərinin, təbii ehtiyatların yanaraq məhv olması bu gün bir daha bütün dünyanın, beynəlxalq ekoloji təşkilatların diqqətində olmalıdır. Çünki bu gün qlobal iqlim dəyişikliyi bəşəriyyətin əsas çağırışlarından biridir. Belə bir şəraitdə, ekologiyanı və ətraf mühiti qorumaq, yaşıllıq və meşə ərazilərini əhəmiyyətli dərəcədə artırmaq, flora və faunamızı yaşatmaq dünya ictimaiyyətinin qarşısında dayanan əsas vəzifələrdəndir.

Ətraf mühit sahəsində mövcud olan “Bioloji Müxtəliflik”, “Ramsar”, “Bern” beynəlxalq konvensiyaları və digər beynəlxalq sənədlər ətraf mühitin qorunmasını beynəlxalq birliyin əsas vəzifələri kimi müəyyənləşdirir.
Azərbaycan dövləti və xalqı həmişə olduğu kimi bu çətin günlərdə də Türkiyənin yanındadır, meşə yanğınlarının qarşısının alınmasında əlindən gələn bütün yardımları edir və edəcəkdir. Bu bizim insanlıq və qardaşlıq borcumuzdur. Eyni zamanda ətraf mühit məsələləri üzrə beynəlxalq təşkilatları və dünya ölkələrini Türkiyə Respublikasında yaranmış vəziyyəti nəzərə alaraq, bu ölkəyə lazımi dəstək verməyə çağırırıq!

Türkiyədə zəngin meşə zolaqlarının yanmasının, flora və faunasının məhv olmasının qarşısının alınması bütövlükdə dünyanın ətraf mühitinin qorunmasına böyük töhfə olacaqdır!

Sadiq Qurbanov
Təbii ehtiyatlar, energetika
və ekologiya komitəsinin sədri