Turan Bayramov Avropa çempionu olduAzərbaycanın sərbəst güləşçisi Turan Bayramov Almaniyanın Dortmund şəhərində keçirilən gənclərin Avropa çempionatında qızıl medal qazanıb.

Avrasiya.net xəbər verir ki, 75 kq çəki dərəcəsində çıxış edən idmançı finalda Moldova təmsilçisi Stanislav Novakla üz-üzə gəlib.

Rəqibinə 7:0 hesabı ilə qalib gələn Turan Bayramov Avropa çempionu olub.

Xatırladaq ki, çempionatda 70 kiloqram çəki dərəcəsində çıxış edən Turan Bayramov yarışa Almaniya güləşçisi üzərində inamlı qələbə ilə start vermişdi. T.Bayramov dörddəbir finalda daha əvvəl bir neçə dəfə məğlub etdiyi Narek Harutyunyanla qarşılaşıb. Ənənəsinə sadiq qalaraq Ermənistan güləşçisinə növbəti dəfə qalib gələn T.Bayramov adını yarımfinala yazdırıb. Daha sonra Gürcüstan idmançısını da üstələyən T.Bayramov finala yüksəlib.
Bu tarixlərdə metro işləməyəcək – QərarNazirlər Kabineti xüsusui karantin rejimində ictimai nəqliyyatın fəaliyyəti ilə bağlı qərar qəbul edib.

Avrasiya.net xəbər verir ki, qərara əsasən, 2021-ci il 4 iyul saat 00:00-dan 5 iyul saat 06:00-dək, 10 iyul saat 00:00-dan 12 iyul saat 06:00-dək, 17 iyul saat 00:00-dan 19 iyul saat 06:00-dək, 24 iyul saat 00:00-dan 26 iyul saat 06:00-dək, 31 iyul saat 00:00-dan 1 avqust saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır.
Zərdabda ağsaqqalların hesabat-seçki konfransı keçirilib29 iyun 2021-ci il tarixdə Zərdab Rayon İcra Hakimiyyətində xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib.

Avrasiya.net xəbər verir ki, konfransda Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov, rayon ağsaqqalları və ziyalıları iştirak ediblər.

Öncə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə və Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmraslanov Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Daha sonra Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların, eyni zamanda, ötən dövr ərzində dünyasını dəyişən ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İclası giriş sözü ilə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə açaraq qeyd edib ki, rayonda daim ağsaqqallarla görüşlər keçirilir, onların istək və təklifləri dinlənilir, rayonun inkişafında, mədəni-ictimai həyatında, gənc nəslin formalaşmasında ağsaqqallar hər zaman xüsusi rol oynayırlar. Bildirilib ki, ulu öndərimiz Heydər Əliyev ağsaqqallara həmişə böyük qayğı və diqqət göstərmiş, onları “milli-mənəvi dəyərlərimizin qızıl fondu” adlandırmışdır. Bu qayğı və diqqət hal-hazırda da möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən davam etdirilir. Ölkə başçısının rəhbərliyi ilə müstəqil Azərbaycanın inkişafı və tərəqqisi naminə aparılan işlərdə ağsaqqalların rolu əvəzsizdir. Daha sonra icra başçısı vurğulayıb ki, Ağsaqqallar Şurasının bugünkü toplantısı şanlı Zəfər tariximizin sevincini yaşadığımız günlərə təsadüf edir. 44 günlük Vətən müharibəsində Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarımızı azad etdi. Bu şanlı Qələbədə rayonumuzun vətənpərvər gənclərinin də böyük payı oldu. Qəhrəman övladlarımız şəhid oldu, yaralı qazilərimiz doğma el-obaya qalib döyüşçülər kimi vüqarla qayıtdılar. Bu Qələbədə ağsaqqallarımızın mənəvi dəstəyi, öyüd-nəsihətləri də böyük rol oynadı.

Azərbaycan Ağsaqqallar Şurasının sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmraslanov çıxış edərək ilk öncə Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Eldar Quliyevin Zərdab ictimaiyyətinə və iclas iştirakçılarına salamlarını çatdırıb. Bildirilib ki, xalqımız, həmçinin ağsaqqallarımız 44 günlük Vətən müharibəsi dövründə cənab Prezident İlham Əliyevin ətrafında yumruq kimi sıx birləşərək bütün dünyaya Azərbaycanın qüdrətini göstərdi. Əhliman Əmraslanov vurğulayıb ki, bu uğur, bu nailiyyət, bu tarixi hadisə Müzəffər Ali Baş Komandan İlham Əliyevin, onun rəhbərlik etdiyi şanlı Azərbaycan Ordusunun, qəhrəman əsgərlərimizin adı ilə bağlıdır.

Qeyd olunub ki, davam edən koronavirus pandemiyasına və bundan irəli gələn müəyyən çətinliklərə baxmayaraq, dövlətimizin başçısının rəhbərliyi ilə bu gün Azərbaycan yeni tərəqqi mərhələsinə qədəm qoyub. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük töhfə verdiyi, ölkəmizdə davam edən bu inkişaf prosesi Azərbaycan Ağsaqqallar Şurasında da özünü göstərməkdədir. Belə ki, ölkəmizdə ağsaqqalların fəaliyyəti genişlənir və nüfuzu gündən-günə artır.

Əhliman Əmraslanov çıxışına davam edərək ötən illər ərzində görülən işlərdən, ağsaqqallar qarşısında duran vəzifələrdən ətraflı söhbət açıb. O, Şuranın Nizamnamə və Əsasnaməsindən irəli gələn vəzifələr barədə məlumat verib, tövsiyələrini çatdırıb, yeni seçiləcək heyətə uğurlar arzulayıb.

İclasda Zərdab ağsaqqallardan Xalid İxtiyarov və Rasim Hüseynov çıxış ediblər.

Sonra təşkilati məsələlərə baxılıb. Uzun müddət rayonun ictimai-siyasi həyatında böyük əməyi və rolu olan Hüseynov Rasim Rəsul oğlu Zərdab Rayon Ağsaqqallar şurasının sədri seçilib. Konfransda şuranın əsasnaməsi qəbul olunub, yeni İdarə Heyəti və Təftiş Komissiyası formalaşdırılıb.

Baş infeksionistdən xəbərdarlıq: Yoluxma arta bilərYaxın zamanlarda ölkədə mərhələli şəkildə karantin qaydalarında edilən yumşaldılmalar heç də COVID-19 təhlükəsinin sovuşması deyil.

Azərbaycanda yoluxma sayında azalma müşahidə edilsə də, bir çox xarici ölkələrdə vəziyyət ürək açan deyil. Belə ki artan yoluxma sayı həmin ölkələrin yenidən sərt karantin qaydalarına qayıdacağına zəmin yaradır. İnsanları bir sual düşündürür:

Xarici ölkələrdəki bu vəziyyət Azərbaycana necə təsir edəcək? Hazırda mövcud olan azalma tendensiyası artımla müşahidə edilə bilərmi?

İnfeksionistlər bildirir ki, hələ pandemiya sona çatmayıb, buna görə də ölkədə müəyyən yumşaldılma siyasəti həyata keçirilsə də, insanları izolyasiya qaydalarına əməl etməyə çağırırlar.

Avrasiya.net xəbər verir ki, TƏBİB rəsmisi, Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov Bakı.vs-ə açıqlamasında xarici ölkələrdə yoluxma hallarının Azərbaycana da təsir edə biləcəyini vurğulayıb. Buna görə də T.Eyvazov insanlara vaxtında peyvənd olunmağı tövsiyə edib:

“Hazırda bəzi ölkələrdə yoluxma hallarındakı artım bir tərəfdən orada yaşayan insanların karantin-qoruyucu tədbirlərə etinasız yanaşması, digər tərəfdən isə həmin ölkələrdə vaksinasiyanın digərləri ilə müqayisədə daha az əhali kütləsini əhatə etməsidir.

Hazırda virusun yeni xüsusiyyətlərə malik, daha çevik yayılma qabiliyyəti olan mutant variantları meydana gələrək dünyanı fəth etməkdədir.

Bu yeni ştamların insanların əvvəllər xəstələnərək təbii, peyvənd olunaraq süni şəkildə əldə etdiyi immunitetdən müəyyən qədər yayınma qabiliyyətinin də olduğu, infeksiyadan qoruyuculuğun daha yüksək səviyyəli anticisimlərlə təmin edilə bilməsi haqqında fikirlər formalaşmaqdadır.

Eyni zamanda infeksiyanın payız-qış mövsümündə təbii artımı istisna deyil. Bütün bu faktorları nəzərə alsaq, Azərbaycanda da yaxın gələcəkdə yoluxma hallarında artımın ola biləcəyi istisna edilmir.

Buna görə arxayınlaşmayaraq, bütün qaydalara düzgün əməl etmək və vaksinasiya prosesində fəal iştirak etməklə belə vəziyyətlərdən özümüzü müəyyən qədər sığortalaya bilərik”.

Qeyd edək ki, hazırda Gürcüstan, Rusiya, Ukrayna, İtaliya, Portuqaliya kimi ölkələrdə yoluxma təhlükəli həddədir. Qonşu Gürcüstanda vaksinasiya olunanların sayı olduqca azdır.

Turistlərə görə sərhədlərin açılması əhalinin vəziyyətini daha da ağırlaşdırıb və yoluxma hallarında artım müşahidə edilir.

Ukrayna isə virusdan ölüm hallarının sayına görə Avropada birinci ölkədir.
Azərbaycanda DƏHŞƏTLİ İSTİLƏR olacaq - Umayra Tağıyevadan XƏBƏRDARLIQİlin ilk isti dalğasını yaşadıq. Lakin daha isti iyul və avqust ayları bizi gözləyir.

Avrasiya.net xəbər verir ki, bunu Trend-ə Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, bu gündən şimal küləyi isti cənub küləyini əvəz edib. Havanın temperaturu dünənə nisbətən tədricən 2-3 dərəcə aşağı enir:

"Sabah daha küləkli hava şəraiti müşahidə olunacaq və havanın temperaturu nəhayət öz iqlim normasına yaxınlaşaraq, 34 dərəcədən yüksək olmayacaq. Lakin bilməliyik ki, həm iyulda, həm də ilin ən isti ayı olan avqustda belə isti dövrlər proqnozlaşdırılır".


İnqilab astanasında - Sənayenin dördüncü transformasiyası nə ilə möhürlənəcək?Nicat Abdullayev

Diqqət edirsinizsə, son vaxtlar olmaz dediklərimiz sanki sehirli qüvvənin əli ilə reallaşır. Proses elə sürətlə baş verir ki, hətta günümüzün insanı üçün fantaziya deyilən bir şey qalmayıb.

Sürət o qədər yüksəkdir ki, təxəyyülü ən güclü olan Azərbaycan startapçısının ideyası sən demə bir həftə öncə Silikon Vadisində reallaşıb. Bu özlüyündə yaxşıdır, yoxsa pis – dəqiq deyə bilmərəm, amma əminəm ki, getdikcə hər kəs mənim kimi təxəyyülünə şübhə ilə yanaşacaq.


Hələ illər öncə dövriyyəyə buraxılan “Artıq kəşf olunacaq Amerika qalmayıb” fikri daha da geniş yayılacaq, insanlar hər gün daha da cəsarətlənən maşın önündə dizləri titrək, qaçağan baxışlarla dayanacaq. Bu, həqiqətən də inqilabdır, amma insanların deyil, texnologiyanın inqilabıdır. Mən də optimistlərdənəm, lakin faktlar şirin yalan danışmağa imkan vermir.


Texnologiya nəhənglərinin xülyaçı, yalançı, pessimist damğası vurduğu kəsim insanlar təxminən 15 il bundan öncə həyəcan siqnalı verməyə başladılar ki, bu cür sürətli transformasiya işsizliyi artıracaq, əməyin dəyəri, tətbiq sahələri qalmayacaq. O vaxtdan bəridir, əks arqument olaraq irəli sürüldü ki, transformasiyaya görə işini itirən özünə yeni sahə tapacaq. Məsələn, mənə çox maraqlıdır, görəsən, poçtalyon özünə nə iş tapacaq?


Sizə təxminən 15-16 il öncə kəndimizdə baş verən bir olayı danışım. O vaxtlar pensiyalar əlbəəl paylanılırdı, yəni “şeytan icadı” olan plastik kartlar yox idi. Mikayıl da mal-qaradan satıb təminat müdirinə vermişdi ki, pensiya paylayan işləsin – işləyirdi, yaxşı qazanırdı da. Sonra kart çıxdı, Mikayıl qaldı işsiz, bolluğa öyrəşən xanımı boşanıb, ata evinə qayıtdı. Sonra Mikayıl qismətini açmaq üçün qumara baş vurdu, daha sonra isə pul paylayan Mikayıl “pul yığan”a çevrildi, içki üçün camaatdan 3-5 manat dilənirdi.


İndi deyəcəksiniz ki, niyə gedib bostan əkmirdi, mal-qaraya baxmırdı, yaxud da başqa işlə məşğul olmurdu?


Cavab sadədir, asan pul qazanmışdı, bunun mümkün olduğunu bilirdi, niyə özünü əziyyətə salmalıdır ki?!


Cavabım sentimentallıqdan kənardır, bilirəm, amma məsələ bu deyil, əzizlərim. Rəvayət etdiyim 2005-2006-cı illərdə Azərbaycanda internetə çıxışı olanların sayı ümumi əhalinin təxminən 7-8 faizini təşkil edirdi. Onların içində də bizim pul paylayan yox idi. Deməyim odur ki, sizin üstünüzə gələnin əlindəki silahdan sizdə yoxdursa, yaxud da o silaha qarşı istifadə edəcəyiniz başqa silahınız yoxdursa, işiniz çətindir, daha doğrusu müxtəlif formalı Mikayıl olacaqsınız.

Bu yaxınlarda Dünya İqtisadi Forumunun prezidenti Klaus Şvabın “Dördüncü Sənaye İnqilabı” kitabını oxudum. Tükürpədici faktlarla rastlaşdım. Deməli, 1990-cı ilin Detroiti ilə 2014-cü ilin Silikon Vadisi müqayisə edilir. Məlumat üçün deyim ki, XX əsrin ən böyük sənaye mərkəzi məhz Detroit idi. Deyirəm axı, iki mərkəz müqayisə edilir – 1990-cı ildə Detroitdəki ən böyük 3 şirkətin məcmu bazar dəyəri 36 milyard dollar, məcmu gəlirləri 250 milyard dollar, məcmu işçi sayı isə 1,2 milyon nəfər idi. 2014-cü ildə Silikon Vadisindəki ən böyük 3 şirkətin məcmu bazar dəyərinə baxdıqda isə bu rəqəmin çox-çox yüksək (1,09 trilyon dollar) olduğunu görürük. Həmçinin, bu şirkətlər təxminən eyni səviyyədə (247 milyard dollar) məcmu gəliri 10 dəfə az sayda (137 000) işçi ilə yaradırlar. Sizcə, hazırda həmin fərqdən yaranan 1 milyon 63 min nəfər insan nə ilə məşğuldur? Durun, mən deyim – yardım almaqla, ianələrlə yaşamaqla, iş elanı axtarmaqla, intihar etməklə, adam aldatmaqla, cinayət törətməklə...

Siyahını böyütmək olar, amma nə hacət... Yeri gəlmişkən deyim ki, əhalinin sayı artır. Dünya əhalisinin sayının 2030-cu ildə 8 milyarda, 2050-ci ildə isə 9 milyarda yüksələcəyi gözlənilir.

İndi dünya IV Sənaye İnqilabından yazır, danışır, müzakirələr təşkil olunur, qurumlar yaradılır. Qurumlar demişkən, Azərbaycanda da bu inqilabla bağlı mərkəz yaradılıb (Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi). Bəri başdan deyim ki, bu işlər təbii baş verən prosesin təzahürünə oxşamır. Hamı təhlükənin fərqindədir, selin qarşısını bəndləməyə çalışan kim, qayıq düzəldib axınla getmək istəyən kim... Getmək demişkən, bu sürətlə hara getdiyimizi müəyyənləşdirmək çox çətindir. Hərçənd müəyyən cəhdlər mövcuddur. Klaus Şvabın kitabında 2025-ci ilə kimi reallaşacağı planlaşdırılan transformasiya hədəfləri var, görməyənlər üçün bir daha təqdim edirəm.



Əslində bu proqnozlar elə də pis deyil, yəni elə hiss olunur ki, insanlar diqqət mərkəzindədir. Amma belə bir deyim var, “Sən saydığını say, gör, fələk nə sayır”. İndi cənab Şvabın tərtib etdiyi bu cədvəlin reallaşacağı dəqiq deyil. Ola bilsin ki, cədvəldə ki, hədəflərə çatmaq mümkün olsun, amma dünya əhalisinin bu hədəfləri mənimsəmə səviyyəsini göstərən rəqəmlərlə bağlı bunu demək mümkün deyil. Bu fikri əsaslandırmaq üçün əvvəlki üç sənaye inqilabına nəzər salaq.

Birinci sənaye inqilabı 1760-cı ildən 1840-cı ilə qədər davam etdi. İnqilab dəmir yollarının inşa edilməsi və buxarlı maşının ixtira edilməsi ilə mexaniki istehsala start verdi. XIX əsrin sonu və XX əsrin əvvəllərində ortaya çıxan ikinci sənaye inqilabı elektrik enerjisinin və montaj xəttinin köməyi ilə kütləvi istehsalı mümkün etdi. Üçüncü sənaye inqilabı isə 1960-cı illərdə başladı. Bu inqilab, yarımkeçiricilərin inkişafı, meynfreym kompüterlərin (1960-cı illər), fərdi kompüterlərin (1970-ci və 1980-ci illər) və internetin (1990-cı illər) katalizatorluğu ilə baş verdiyi üçün adətən kompüter inqilabı və ya rəqəmsal inqilab da adlandırılır.


Hazırda təxminən 1,3 milyard insanın hələ də elektrik enerjisinə çıxışı olmadığı dünyada ikinci sənaye inqilabı bütün dünya əhalisinin yalnız 17%-ni əhatə edir. Eyni vəziyyət üçüncü sənaye inqilabına da aiddir. Hazırda dünya əhalisinin yarısından çoxu, əksər hissəsi inkişaf etməkdə olan ölkələrdə yaşayan 4 milyard insan internet xidmətlərinə çıxışdan məhrumdur. Halbuki, internet on ildən də az müddətdə bütün dünyaya yayılmışdı. Birinci sənaye inqilabının simvolu olan iplik dəzgahının Avropanın xaricində yayılması isə təxminən 120 ilə mümkün olub.


Dünya əhalisi arasında bu qırılmanın nə ilə nəticələnəcəyini proqnozlaşdırmaq yəqin ki, o qədər də çətin deyil. Bu o deməkdir ki, mənim bu yazımı 4 milyard insan oxuya bilməz. Amma mən onların da başına gələcək bir prosesdən danışıram.


Süni intellekt, əşyaların interneti, nanotexnologiya, gen mühəndisliyi avtonom maşınlar dünyanın işğalını səciyyələndirən amillərdir. Qurandakı qiyamət, İncil və Tövratdakı armagedon (dünyanın dağılması ilə nəticələnən müharibə) deyəsən, elə də uzaqda deyil. Heç avtonom maşınları yaradanların özləri də bu maşınlara 10 il sonra hökm edə biləcəklərindən əmin deyillər.

Hə, yadımdan çıxmamış onu da deyim, bu qədər gəvəzələdim, koronavirusdan danışmamaq olmaz axı. Mən bütün varlığımla inanıram ki, koronavirus məhz IV Sənaye İnqilabının sürətlənməsinə xidmət edən bir prosesdir, məqsədli şəkildə dövriyəyə buraxılıb. Gəlin, bir özümüzə baxaq, evdən işləyirik, evdən konfransa qatılırıq, evdən alış-veriş edirik, evdən təhsil alırıq – dünya evimiz qədər olub, yaşa ahəstə-ahəstə!




Ağalarov da aeroport tikirAzərbaycan əsilli rusiyalı milyarder Araz Ağalarovun “Crocus Group” şirkəti Rusiyada daha bir aeroportun tikintisi üçün sifariş alıb və işə başlayıb.

Avrasiya.net Virtualaz.org-a istinadən xəbər verir ki, şirkət Kamçatkada yeni aeroportun tikintisi üçün tenderdən kənar müqavilə bağlayıb və layihənin dəyəri 15 milyard rubl hesablanıb. Daha 5 milyard rubl isə Uzaq Şərqin inkişafı Fondu ayıracaq. Kamçatkanın inzibati mərkəzi Petropavlovsk-Kamçatskaya şəhərində yerləşən aeroport vulkan formasında olacaq və ildə yarım milyona yaxın sərnişinə xidmət edəcək. Layihənin 2023-cü ildə tamamlanması planlaşdırılır.

Araz Ağalarov layihə ilə bağlı deyib ki, cəmi 45 min kvadratmetrlik giriş nəzarət ərazisi, inzibati bina və digər binalarla birlikdə aeroport kompleksinin tikintisi üçün hazırda torpaq işləri görülür. Layihəyə çoxsaylı subpodratçıların cəlb edilməsi nəzərdə tutulur. İnşaatda eyni vaxtda 800-dən çox adam çalışacaq.

“Crocus Group” şirkəti Rusiyanın uzaq şərgində digər podratçıların riskli hesab etdiyi bir çox iri layihələri, o cümlədən Uzaq Şərq Universiteti kompleksini inşa edib.

Ötən ilin dekabrında isə “Roskosmos” Amur vilayətində inşası illərdir davam edən “Vostoçnıy” kosmodromu ərazisində aeroportun yarımçıq qalmış tikintisini Ağalarovun şirkətinə həvalə edib. Bu layihə üçün federal büdcədən 28 milyard rubl ayrılacaq. Aeroport kompleksinin sonrakı mərhələsinin tikintisi ilə birlikdə layihənin ümumi dəyəri 38 milyard rubla yaxındır. Ağalarov aerportun tikintisini 2024-cü ildə tamamlamaq öhdəliyini götürüb.

Gürcüstanda 400-dən çox turistdə COVID-19 aşkarlanıb“Son bir ay ərzində Gürücüstanda 400-dən çox turistin koronavirusa yoluxduğu müəyyən edilib”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze deyib.

Onun sözlərinə görə, turistlərin bəzilərində COVID-19 Gürcüstana daxil olandan sonra aşkarlanıb və onlar təcrid olunublar.

A.Qamkrelidze qeyd edib ki, artan hərəkətlilik yoluxmanın artması üçün risk faktorlarından biridir.
Abid Şərifovun səhhəti pisləşdiBaş nazirin sabiq müavini Abid Şərifovun səhhəti pisləşib.

Avrasiya.net xəbər verir ki, bu barədə Manset.az məlumat yayıb.

Bildirilir ki, Abid Şərifov böyrəklərində yaranan problemlə bağlı xəstəxanaya yerləşdirilsə də, orda çoxsaylı problemlərinin olduğu ortaya çıxıb.

Bu barədə açıqlama verən Baş nazirin sabiq müavini vurğulayıb ki, koronavirusa görə xəstəxanada yatmaqdan imtina edib, müalicəsini evdə davam etdirir:

"Hazırda vəziyyətim pisdir. Xəstəxanaya getdim. Virusa görə imtina elədim, evdə müalicə alıram. Yanaşı problemlərim çoxdur. Saymaqla qurtarmaz".
İlham Əliyev otelin açılışında - FotoPaytaxtımızda “Courtyard by Marriott Baku” otelinin açılışı olub.

Avrasiya.net xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Dövlətimizin başçısı və birinci xanım oteldə yaradılan şəraitlə tanış olublar.

Məlumat verildi ki, “Courtyard by Marriott Baku” otelində 365 otaq, iclas, idman zalları, restoran yaradılıb. Bu cür müasir otel kompleksinin istifadəyə verilməsi həm də ölkəmizdə qeyri-neft sektorunun inkişafına töhfə olmaqla yanaşı, paytaxtın sosial-iqtisadi inkişafında mühüm rol oynayır, otel biznesinin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına şərait yaradır.

Bu otel kompleksi Avropada və dünyada xüsusi imicə malik otellər şəbəkəsi tərəfindən inşa edilib. Son illər Azərbaycanda dünya brendlərinə məxsus bu cür otellərin istifadəyə verilməsi ölkəmizdə əlverişli investisiya mühitinin olduğunu, bölgənin iqtisadi mərkəzi sayılan Azərbaycanın turizm sahəsində də qabaqcıl sıralarda qərarlaşdığını göstərir.

Qeyd edək ki, dünyada maliyyə və iqtisadi çətinliklərin olduğu, pandemiyanın ciddi fəsadlar yaratdığı bir dövrdə Prezident İlham Əliyevin gələcəyə baxış konsepsiyası sayəsində ölkəmizdə heç bir sosial-iqtisadi layihə təxirə salınmadı. Turizm infrastrukturunun inkişafı ilə bağlı həyata keçirilən davamlı tədbirlər, o cümlədən müasir mehmanxanaların istifadəyə verilməsi Azərbaycanda postpandemiya mərhələsinə daha uğurlu keçidi təmin etməkdə böyük rol oynayır.