MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondunun rəsmi açılış mərasimi baş tutub24 iyun tarixində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “Qarabağ müharibəsi qəhrəmanları” fondunun rəsmi açılış mərasimi baş tutub.

Öncə MEK-in rəhbərliyi və kollektivi İkinci Fəxri xiyabanı ziyarət ediblər. Şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri qoyulub.

Rəsmi açılışda AMEA-nın elmi təqdiqat institutlarının rəhbərləri, elm xadimləri, millət vəkilləri, Türkiyənin Azərbaycandakı səfiri, Türkəyinin Azərbaycandakı hərbi ataşesi, Qazaxıstanın Azərbaycandakı səfirliyinin I katibi, Qarabağ müharibəsi iştirakçıları, qazilər, Milli Qəhrəmanlar və şəhid ailələrinin üzvləri iştirak ediblər.

AMEA MEK-in baş direktoru, professor Məmməd Əliyev Azərbaycan kitabxana sistemində bir ilk olan və cəmiyyətimiz üçün mühüm əhəmiyyət kəsb edən “Qarabağ müharibəsi qəhrəmanları” fondunun açılışının Azərbaycan Silahlı Qüvvələrinin yaradıldığı günə təsadüf etdiyini vurğulayıb. Baş direktor qeyd edib ki, fonda rəhbərlik tarixi qələbəmizdə mühüm payı olan “Zəfər” ordenli şəhidimiz, Azərbaycan Ordusunun polkovniki Babək Səmidlinin bacısı, MEK-in əməkdaşı Röksanə Səfərzadəyə həvalə olunub.

“44 günlük Vətən müharibəsi tariximizin şanlı səhifəsidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun qazandığı Qələbə xalqımızın yenilməzliyini bütün dünyaya nümayiş etdirdi. Torpaqlarımızın erməni vandallarından azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda canlarını fəda edən şəhidlərimizin, qazilərimizin, müharibədə iştirak edən vətənpərvər Azərbaycan övladlarının borcu ödənilməzdir. Onlar bizim qürurumuz, fəxrimiz, güvənc yerimiz, millətimizin başucalığıdır. İkinci Qarabağ müharibəsi nəticəsində əldə olunmuş möhtəşəm Qələbəmizi və 3000-ə yaxın şəhidimizin ruhu qarşısında mənəvi borcumuzu yerinə yetirmək üçün MEK yeni təşəbbüsə imza atıb. “Qarabağ müharibəsi qəhrəmanları” fondu yaradılıb. Çoxsaylı alimlər, mütəxəssislər, ziyalılar çalışdığı ən böyük elm məbədi Azərbaycan Milli Elmlər Akademiyasının bir hissəsi olan MEK-də belə fondun olması əhəmiyyətlidir. Çünki ziyalı öz qəhrəmanını daha yaxından tanıyanda cəmiyyətin digər hissələrinə də təbliğ edir, öyrədir”:- deyə baş direktor bildirib.

Professor Məmməd Əliyev, həmçinin Azərbaycanda bu mövzu ilə bağlı mətbuatda dərc ediləcək məqalələr, elmi nəşrlər, müdafiə olunacaq dissertasiyalar ilə fondun daha da zənginləşəcəyindən əminliyini ifadə edib.

Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İradə Hüseynova çıxış edərək MEK-də 44 günlük Vətən müharibəsində qazanılan qələbəni əbədiləşdirmək üçün yaradılan “Qarabağ müharibəsi qəhrəmanları” fondunun böyük təşəbbüs olduğunu bildirib. Akademik İradə Hüseynova Vətən müharibəsində tarix yazan Milli Qəhrəmanlar, şəhid, qazi və müharibə iştirakçılarının qəhrəmanlığından söz açaraq, onlar haqqında yazılan kitabların kitabxanada əbədi qorunacağını və gələcək nəsillərə ötürülməsinin vacib olduğunu qeyd edib.

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı çıxışında vurğulayıb ki, Türkiyə və Azərbaycan arasında inanılmaz bir qardaşlıq var və Qarabağ Zəfərində bu qardaşlıq daha da önə çıxdı. “Türkiyə həm siyasi, həm mənəvi cəhətdən hər zaman Azərbaycanın yanındadır. Bu dəstək iki ölkə arasında olan qardaşlıq mövqeyinin təzahürüdür. 3000-ə yaxın şəhidi hörmətlə anırıq, qazilərə can sağlığı arzulayırıq. Zəfəriniz şanlı olsun, mübarək olsun!”- deyə cənab səfir vurğulayıb.

Tədbirdə 2020-ci il noyabr ayının 23-də Suqovuşan ərazisində minaya düşərək, Vətən müharibəsinin şəhidi, polkovnik Babək Səmidlinin qardaşı I Qarabağ müharibəsinin veteranı, polkovnik-leytenant Müşviq Səmidli çıxış edib. M.Səmidli çıxışında qardaşının uşaqlıqdan vətənpərvər böyüdüyünü bildirib, şəhid polkovnik Babək Səmidlinin Vətən müharibəsində iştirakından, Ordumuzun möhtəşəm Qələbəsindən də geniş danışıb.

44 gün davam edən Vətən müharibəsində Silahlı Qüvvələrimizin şəxsi heyətinin tərkibində döyüş əməliyyatlarında fəal iştirak etmiş və hərbi qulluq vəzifələrini şərəflə yerinə yetirmiş qazi Ceyhun Məmmədov çıxış edib. Qazi keçdiyi döyüş yolundan, orduda olan böyük ruh yüksəkliyindən, vətənpərvərlik hisslərindən, Ali Baş Komandana sonsuz inamdan danışıb, Vətən müharibəsində sağlamlığını qismən itirən döyüşçülərə göstərilən dövlət qayğısından razılığını bildirib.

Açılış tədbirində “Qarabağ müharibəsi qəhrəmanları” fondunun rəhbəri Röksanə Səfərzadə çıxışında qeyd edib ki, dövlətin və ictimaiyyətin dəstəyi, AMEA rəhbərliyinin yaxından köməkliyi və MEK-in təşəbbüsü ilə yaradılan fondun zənginləşdirilməsi istiqamətində müharibə iştirakçıları və ailələri ilə əlaqələr qurulub. Birinci və İkinci Qarabağ müharibəsinin şəhidləri, qaziləri, iştirakçıları haqqında məlumat bazası yaradılıb və bu proses hələ də davam edir. Bundan əlavə, fondda olan nəşrlər və ədəbiyyatlar e- kataloqa daxil edilərək, rəqəmsallaşdırılıb. Elektron bazada Azərbaycan və xarici dillərdə informasiya resursları, biblioqrafik məlumatlar, Birinci və İkinci Qarabağ müharibələrinə dair aparılan tədqiqatlar yer alır”.

Tədbirdə çıxış edənlər millət vəkili Tamam Cəfərova, millət vəkili tarixçi, professor Anar İsgəndərov, Lənkəran Dövlət Universitetinin prorektoru, dosent, şəhid Vüsal Kazımovun atası Kamran Kazımov, Slavyan Universitetinin prorektoru, dosent Xanım Sultanova, Milli Qəhrəman, şəhid İlqar Mirzəyevin oğlu, “Yaşat” fondunun əməkdaşı Elvin Mirzəyev, Xocalı sakini Mürvət Məmmədov Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış qəhrəman oğullarımızın, qazilərimizin və digər hərbi qulluqçularımızın göstərdikləri qəhrəmanlıqları barədə fəxr və qürurla danışaraq onların adlarını əbədiləşdirmək istiqamətində AMEA MEK-in gördüyü işləri yüksək qiymətləndiriblər.

Tədbir zamanı Beynəlxalq Muğam Mərkəzi solisti, Almaxanım Əhmədli tərəfindən “Xudayar təsnifi” və gənc xanəndə Anar Məmmədovun ifasında “Qarabağ” mahnısı təqdim olunub.

Tədbir zamanı MEK tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü və “Qarabağ müharibəsi qəhrəmanları” fondunun açılışına həsr olunmuş videoçarx nümayiş etdirilib.

Sonra qonaqlar fondla daha yaxından tanış olublar. Fondda Azərbaycan xalqının böyük oğlu, ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Qarabağ bölgəsində müxtəlif dövrlərdə çəkilmiş fotoşəkilləri, “Qarabağ Azərbaycandır!” guşəsində 50-ə yaxın müharibə iştirakçılarının fotoşəkilləri, onların şəxsi kitabxanalarından ailələri tərəfindən fonda hədiyyə olunan kitablardan ibarət kolleksiya, Azərbaycan Respublikasının Xəritəsi üzərində 3000-ə yaxın şəhid adlarının əks olunduğu “Zəfər memarları” guşəsi, Birinci və İkinci Qarabağ müharibəsi, Aprel və Tovuz döyüşləri zamanı 500-dən artıq şəhid, qazi və müharibə iştirakçılarının həyatı və fəaliyyət yolunu əks etdirən məlumatlar, şəxsi sənədlər, 1000-dən artıq kitab, qəzet, jurnal, məqalələr, sənədli və bədii filmlər toplanaraq oxucuların istifadəsinə verilib. Fondda həmçinin, oxucuların rahatlığı və tədbirlərin təşkili üçün də lazımi şarait yaradılıb.
Qardabanidə iki azərbaycanlı göldə boğulduGürcüstanda azərbaycanlıların sıx yaşadıqları Qardabani rayonunda 15-17 yaşlarında iki yeniyetmə süni göldə batıb.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, dalğıclar onlardan hər ikisinin meyitini göldən çıxarıblar.

Batan şəxslər Nəzərli kənd sakinləridir.

İlkin məlumatlara əsasən, 15 yaşlı yeniyetmə sahilə çıxa bilməyib və 17 yaşlı dostu ona kömək etməyə çalışıb. Nəticədə hər ikisi boğularaq ölüb.
Xocavənddə ermənilərin basdırdığı minalar tapıldıXocavənd Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayon ərazisində xidməti fəaliyyətlərini yerinə yetirərkən kəndlərarası yollarda quraşdırılmış Ermənistan istehsalı olan tank əleyhinə minalar aşkar ediblər.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Avrasiya.net-ə verilən məlumata görə, iyunun 23-də Xocavənd RPŞ-nin əməkdaşları xidməti ərazidə nəzarət-profilaktik tədbirlər keçirərkən Ağcakənd kəndinə gedən yolda basdırılmış 2 ədəd tank əleyhinə mina aşkar ediblər.

Dərhal bu barədə Minatəmizləmə Agentliyinin əməkdaşlarına məlumat verilib. Agentliyin əməkdaşları tərəfindən əraziyə baxış keçirilən zaman daha 3 ədəd tank əleyhinə mina aşkar edilib.

Aşkar edilmiş 5 mina zərərsizləşdirilib.

İyunun 24-də rayon ərazisində baş vermiş yanğın ilə əlaqədar Xocavənd RPŞ-nin əməkdaşları hadisə baş verən yerə gedərkən Düdükçü-Edilli kənd yolunda daha 2 ədəd tank əleyhinə mina aşkar ediblər.

Bu barədə Minatəmizləmə Agentliyinin əməkdaşlarına məlumat verilib. Minaların ərazidən götürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Bu günə olan yoluxma sayı açıqlandıAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 51 yeni yoluxma faktı qeydə alınıb, 76 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan şəxslərdən ölən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 335676 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 329870 nəfər müalicə olunaraq sağalıb, 4965 nəfər vəfat edib, aktiv xəstə sayı 841 nəfərdir.

Ölkədə son sutka ərzində 7879, hazırkı dövrədək isə 3706051 test aparılıb.
Prezident onlara "Qarabağ" ordeni verdiPrezident İlham Əliyev "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında" sərəncam imzalayıb.

Avrasiya.net xəbər verir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin aşağıdakı hərbi qulluqçuları təltif ediliblər:

“Qarabağ” ordeni ilə

Məmmədov Alay Zeynəddin oğlu – polkovnik-leytenant

Mirzəyev Hikmət İslam oğlu – mayor

“Azərbaycan Bayrağı” ordeni ilə

Cahangirov Ələkbər Məhəmməd oğlu – polkovnik

Çompuzov Bilal İsmayıl oğlu – polkovnik

Hüseynov Zakir Əmir oğlu – polkovnik

Qasımov Fuad Kamal oğlu – polkovnik

Əhmadalıyev Namiq Əvəzxan oğlu – polkovnik-leytenant

Əliyev Atəm Vaqif oğlu – polkovnik-leytenant (ölümündən sonra)

Xəlilov Vidadi Vaqif oğlu – polkovnik-leytenant (ölümündən sonra)

Quliyev Rəşad Rəşid oğlu – polkovnik-leytenant (ölümündən sonra)

Eminov Elimdar Həsən oğlu – mayor

Orucov İlqar Rəhman oğlu – mayor

Qasımov Elnur Fərhad oğlu – baş leytenant

Məmiyev Valeh İsbat oğlu – baş leytenant (ölümündən sonra)

Zeynallı Natiq Qurban oğlu – baş leytenant

Əhmədli Tural İkram oğlu – leytenant

Yusifov Pünhan Zahid oğlu – leytenant

Qarayev Əlican Qubad oğlu – gizir

Yaxin Rasim Rinatoviç – gizir

Musayev Elşad Əjdər oğlu – kiçik gizir

Mustafayev Feyzi Ramazan oğlu – kiçik gizir

İmanov Paşa Mustafa oğlu – baş çavuş

Qəsəbov İsmayıl Nəbi oğlu – baş çavuş (ölümündən sonra)

Mirəşrəfbəyli Mirsəfa Mirbaba oğlu – çavuş (ölümündən sonra)

Musayev Nəzarət Gülnəzər oğlu – çavuş

Abbasov Əvəz Mayis oğlu – əsgər (ölümündən sonra)

Hoorsov İsa İslam oğlu – əsgər

Kərimov Anar Mehman oğlu – əsgər

Tanrıverdiyev Sənan Çingiz oğlu – əsgər

Usmanov Səbuhi Elşən oğlu – əsgər

3-cü dərəcəli “Rəşadət” ordeni ilə

Rizvanov Səməndər Səməd oğlu – polkovnik-leytenant

Sadıqov Yaşar Füzuli oğlu – polkovnik-leytenant (ölümündən sonra)

Abuşov Bəhruz Zabid oğlu – mayor (ölümündən sonra)

Alıyev Elçin Bayram oğlu – mayor (ölümündən sonra)

Həsənov Elşad Paşa oğlu – mayor (ölümündən sonra)

İbadov Aqşin Nazim oğlu – mayor (ölümündən sonra)

Rzayev Qafur Elmir oğlu – mayor

İsmayılov Elçin Mübariz oğlu – kapitan (ölümündən sonra)

Şirəliyev Niyət İmran oğlu – kapitan (ölümündən sonra)

Abdullazadə Həsənağa Şakir oğlu – baş leytenant (ölümündən sonra)

Bağırov Oruc Hidayət oğlu – kiçik gizir

Zaxmayev Əfqan Musa oğlu – baş çavuş

Məmmədov Təbriz Şahbaz oğlu – kiçik çavuş

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə


Pirizadə Müzəffər Ələsgər oğlu – general-mayor

Valehov Nicat Ağanəzər oğlu – polkovnik

Cabbarov Bəxtibar Səyyaf oğlu – polkovnik-leytenant

Əliyev Elmar Zamir oğlu – polkovnik-leytenant

Qasımov Azər Əlövsət oğlu – polkovnik-leytenant

Qasımov Rəşad Sahib oğlu – polkovnik-leytenant

Ağasiyev Rəşad Zeynal oğlu – kapitan
Azərbaycanda şirkət direktoru həbs edildiİyunun 18-də Baş Prokurorluğun instaqram sosial şəbəkəsindəki səhifəsində sual-cavab adlı sessiya (#prokurorluqlasualcavab) keçirilərkən ayrı-ayrı şəxslər tərəfindən Klara Cəfərovanın Avropada işə düzəltmək adı ilə onlardan və digər şəxslərdən müxtəlif məbləğlərdə pul alaraq dələduzluq etməsi barədə müraciətlər daxil olub.

Bu barədə Avrasiya.net-ə qurumun Mətbuat xidmətindən məlumat verilib.

Müəyyən edilib ki, bir qrup şəxsin Poseidon Talents Consulting MMC-nin direktoru Klara Cəfərova tərəfindən xarici ölkələrə göndərilməsi, təyyarə biletlərinin alınması, viza və sığorta sənədlərlə təmin edilməsi adı ilə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ümumi 10 epizod üzrə müxtəlif məbləğlərdə pul alaraq dələduzluq etməsi faktına görə Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

İyunun 19-da Klara Cəfərova həmin Məcəllənin 178.2 (dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd olunan cinayət işi üzrə ibtidai istintaq yekunlaşdırılaraq, iş materialları ilə tanış etmə həyata keçirilir. Qısa müddət ərzində cinayət işinin məhkəməyə göndərilməsi nəzərdə tutulub.

Eyni zamanda bildirib ki, digər 14 zərərçəkmiş şəxsin Klara Cəfərovanın qanunsuz hərəkətlərinə dair müraciətləri ilə bağlı daha bir cinayət işi ayrılmaqla, hazırda zəruri istintaq hərəkətləri həyata keçirilir.
İranda sərnişin avtobusu aşdı: 5 ölü, 33 yaralıİranın Fars əyalətinin Abadə şəhərində yol qəzası baş verib.

Avrasiya.net xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.

Məlumata görə, İranın Fars əyalətinin Abadə şəhərinə gedən sərnişin avtobusunun əyləc sistemində yaranan nasazlıq səbəbindən avtobus aşıb. Hadisə nəticəsində 5 nəfər ölüb, 33 nəfər yaralanıb.

İlham Əliyev “Gülüstan” sarayında - FotoBakıdakı əzəmətli “Gülüstan” sarayı yüksək səviyyədə və özünəməxsus memarlıq üslubu saxlanılmaqla yenidən qurulub.

Avrasiya.net xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Gülüstan” sarayında yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar.

“Gülüstan” sarayı ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1979-1980-ci illərdə inşa edilib. Ulu Öndər bu sarayın tikintisinin gedişini şəxsən daim nəzarətdə saxlayıb, inşaat işlərinin yüksək səviyyədə aparılması ilə bağlı mütəmadi olaraq tövsiyə və tapşırıqlarını verib. “Gülüstan” sarayı yalnız keçmiş Sovet İttifaqında deyil, daha geniş məkanda ən müasir və özünəməxsus gözəl arxitektura nümunələrindən biri hesab olunurdu. Bakının memarlıq ansamblını daha da gözəlləşdirən bu sarayın inşası o zaman Ulu Öndərin paytaxtımızın inkişafı ilə bağlı həyata keçirdiyi silsilə tədbirlərin tərkib hissəsi idi. Sarayın arxitekturasında Azərbaycanın milli memarlıq elementlərindən geniş istifadə olunub.

Öz əzəməti və bənzərsiz memarlıq üslubu ilə seçilən “Gülüstan” sarayında tarixi əhəmiyyət kəsb edən, müxtəlif sahələrə aid bir sıra ümumrespublika və beynəlxalq əhəmiyyətli tədbirlər keçirilib. Onların arasında “Əsrin müqaviləsi”nin imzalanması və digər tarixi hadisələri qeyd etmək olar. Zaman keçdikcə “Gülüstan” sarayının yenidən qurulmasına zərurət yaranmışdı.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial infrastrukturun inkişafı və müasirləşdirilməsi, regionların və paytaxtımızın daha da abadlaşması, eyni zamanda, Bakının tarixi görkəminin saxlanılması, tarixi binaların bərpası ilə bağlı layihələrin icrası istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Dövlətimizin başçısının tapşırığı ilə “Gülüstan” sarayının yenidən qurulması da bu istiqamətdə görülən işlər sırasında mühüm yer tutur.

“Gülüstan” sarayında 600 yerlik əsas zal, həmçinin “Şərq” zalı və konfrans zalı da müasir səviyyədə yenidən qurulub. Beləliklə saray yeni görkəmdə, yeni üslubda, amma öz tarixi koloritini saxlamaqla qapılarını qonaqların üzünə açır.

Paytaxtın dağlıq hissəsində yerləşən “Gülüstan” sarayı Bakı körfəzini və şəhərin mənzərəsini seyr etmək üçün ən gözəl məkanlardan biridir. “Gülüstan” sarayının yenidən qurulması heç şübhəsiz ki, postpandemiya dövründə də Azərbaycanın yüksək səviyyədə ev sahibliyi edəcəyi beynəlxalq tədbirlərin keçirilməsi işinə öz töhfəsini verəcək.
Əsəd əmiAdam var deyirsən belə şəxslə həmişə görüşüb həmsöhbət olum. Nə yaxşı insandı. Həlim xasiyyəti, gülər üzü, şirin söhbəti adamın həm əhvalını yaxşılaşdırır, həm də adamın ürəyini açır, könlünü qanadlandırır. Bəli, Əsəd əmi belə adamlardandı. Adətən xeyirxahlıq etməyi, ötəndən-keçəndən danışmağı, ürəyinə yatan adamlarla görüşməyi çox
sevərdi. Könlünə yatan adamlara belə məsləhət verərdi:
– Adamın yaxşılığı onun səxavəti ilə ölçülür. Bir şəxsdə ki, səxavət, puluna, malına qıymaq, adamlara əl tutmaq yoxdusa dildə nə qədər mehriban, xasiyyətdə nə qədər mülayim olsa da onun boyası tez meydana çıxır. Yəni “quru-quru qurbanın olum, yanmamış təndirə düşüm” aydınca görünür. Quru təsəlli və vədlə ac qarın doymur, çılpaq əyin isinməz – bunu hamı anlayır axı. Təbii ki, quru səmimiyyət heç kəsə lazım deyil. Bir də adamın ürəyində Allah məhəbbəti olacaq ki, onda qıyım olsun, kiməsə əl tutmaq yada düşsün, bunun insanlıq olduğu da xatırlansın. Axı bizim dədə-babalarımız, atalarımız xeyirxah olublar, vara-pula aşiq olmayıblar. Bunların sadəcə dünya şöhrəti olduğu düşünülüb, həm də malın-pulun adama kiməsə möhtac olmaması üçün lazım olduğu da unudulmayıb. Mən uzağa getmirəm, rəhmətlik atam olduqca xeyirxah və qəlbitəmiz adamdı. Bunu onu günahsız yerə tutulanda da gördüm, yəni adamlar həmişə adamın xeyirxahlığını və yaxşılıqlarını dilə gətirirlər. Belə adamın günahkar olduğunu qəbul edə bilmirdilər.

Bizim Apoy da beləydi. Hələ yadıma gəlmir ki, kimsə ondan narazı qalsın, şikayət eləsin, ya da ehtiyacı olanı görüb ona laqeyd qalsın. Yəni dediyim odur ki, mən bunları görə-görə gəlmişəm və o yaxşı kişilərin elədiklərinin mində birini eləyə bilmişəmsə buna da şükür. Bir də ay sizi sağ olasınız, adam yaşa dolduqca müdrikləşir, çox şeyə bələd olur, təcrübə qazanır. Buna görə də dediyi sözün yerini də, verdiyi məsləhətin əhəmiyyətini də yadından çıxarmır. Xoş o adamın halına ki, deyilən nəsihəti eşidə, faydalana. Yoxsa nəsihətə doğru-dürüst qulaq asmayandan nə fayda... Kişilərdə mərdlik əsl insan sifətidir. Belə adamlar düşmənlərinə də namərdlik eləməyiblər, heç vaxt qonşu haqqını unutmayıblar. Bizim yaşlılar danışırdılar ki, biri Qaçaq Yusifin dalınca ağzına gələni danışır. Biri də bunu olduğu kimi, Qaçaq Yusifə çatdırır. Bundan həmin danışan adamın da xəbəri olur. Bir dəfə kənddən kənarda həmin adam Qaçaq Yusiflə üz-üzə gəlir. Qorxsa da özünü birtəhər toxdadıb deyir:
– A Yusif, sən mənim başıma bir güllə vur.
Deyir:
– Bu, nə sözdü, səni niyə vurum ki?!
Deyir:
– Nə təhər... Bəs sənə xəbər vermədilər ki, filankəs dalınca belə sözlər danışdı?!
Deyir:
– Dedilər. Sən də ağbabalı deyilsənmi? Nə vaxt eşitmisən ki, mən qonşuluq haqqını pozmuşam? Yadına sal görüm, hansı kənddən kimin xətrinə dəymişəm? Əksinə, bu kəndlərin təəssübü mənim öhdəmə düşür. Odur ki, səndə mənim işim yoxdu, amma arxamca danışma. Deyəcəyini mərdi-mərdana üzümə de.

Bəli, kişilər belə olublar.
Əsəd əminin şirin söhbətlərindən doymaq olmazdı. Üstəlik, kişi sinədəftərdi, güclü hafizəyə malikdi, elə hadisə və olaylardan söz salardı ki, hamı heyrətdə qalardı. Odur ki, onun qonağı-qarası qapısından əksik olmazdı. Dostları başına toplanar, onun söhbətinə huşu-guşla qulaq asardılar. Belə xoşbəxt adamlardan biri də mən idim. Yaşlılar ona “Əsəd müəllim”, yaşca ondan kiçik olanlar “Əsəd əmi” deyirdilər. Adamlar arasında hörmət-izzət qazanmışdı. Əsəd əmi qohum-əqrəbanın uşaqlarının ali məktəblərə qəbul olunmasını da qeyri-adi bir sevinclə qarşılayardı. Onun sevindiyini gülər gözlərindən, üzündəki təbəssümdən görmək olardı. Eyni zamanda tələbə adı qazananlara xüsusi hədiyyəsi də olardı. Arada bir zarafatla mənə deyərdi:

– Baxıram sən bununla çox maraqlanırsan. Hər bir ali məktəbdə tələbə olanı dəyərləndirmək mənim ürəyimcədir. Digər tərəfdən bu uşaqlar mənim nəzərimdə hələ ana uşaqlarıdırlar. Belə uşaqları da bir şey verib sevindirmək lazımdr, ya yox?

Mənim gülümsədiyimi görüb Əsəd əmi də gülümsünərdi:
– Bəhanə edib-eləmə. Bax, iş-güc həmişə var, amma bizə gəlməyi unutma. Söhbətimiz tutur, bilirəm, sənə də lazım olan mövzular var. Demək, söhbət etməyə ehtiyac var. Qalır bu ehtiyacı ödəmək. Hə, arada bizim Söyünlülərdən də söz açarıq. Dağdan-bağdan danışanda bir-iki söz də mənim mənsub olduğum tayfadan – söyünlülərdən danışım, babaların ruhu şad olsun.

Aradan xeyli vaxt keçib. Əsəd əmi də dünyasını dəyişib. Bu da dünyanın pozulmaz bir qanunudur. Bu çərxi-fələyin dəyirmanında insan ömrü tez üyünür. İnsanın nə qədər ömrü var ki?! Olan ömür də sanki bir anda su kimi elə axıb gedir ki, adamın xəbəri olmur.
Saçının ağarması, üzünün qırışması, dişlərinin tökülməsi, ağrıların artması... daha nələr, nələr ömrün azaldığını adama xatırladır. Ona xatırladır ki, yaxşı əməllər işlət, xeyirxahlığını, mərdliyini əldən buraxma, yaxşı kişinin adı ölməz, namı yaşayar. Həmişə insanlığa baş əy ki, sən də bu adı yaşadasan – mən bunları Əsəd əmidən eşidib yadımda saxlamışam.

Əsəd əmi yaşasaydı indi 90 yaşı tamam olacaqdı. Bəli, Əsəd əmi müdrik el ağsaqqalı idi. Bu el ağsaqqalını yada salıb anmağı özümə borc bildim. Ruhu şad olsun.

Tacir SƏMİMİ
filologiya üzrə fəlsəfə doktoru, dosent