Ermənistan əhalisi yarım milyon nəfər azalıb - RƏSMİ STATİSTİKAErmənistanda növbədənkənar parlament seçkiləri kampaniyası dövründən əsas mövzulardan biri də emiqrasiyadır.

“Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, rəsmi statistikaya əsasən, müstəqilliyin əldə edilməsindən sonra ölkənin əhalisi yarım milyon – rəsmi olara 553 000 nəfər azalıb. Qeyd edilir ki, hazırda ölkə əhalisi 2,9 milyon nəfər təşkil edir. Təbii, bu say yalnız miqrasiyanın həcmini əks etdirmir, həm də əhalinin mənfi təbii artımının göstəricisidir.

Ermənistanın baş naziri vəzifəsinin icra edən Nikol Paşinyanın sözlərinə görə, ikinci Qarabağ müharibəsinin gedişatında ölənlərin sayı təxminən 3 700 nəfər təşkil edib.

2020-ci il ərzində emiqrasiya haqqında məlumatlara gəlincə, sərhədlərin bağlı olması səbəbindən bu göstərici praktik olaraq sıfır idi.

Amma rəsmi məlumata görə, cari ilin yanvar-mart aylarında Ermənistanı 127 338 vətəndaş tərk edib, ölkəyə 63 625 nəfər gəlib. Beləliklə, üç ay ərzində ölkədən 63 713 nəfər həmişəlik gedib.
İrəvandan növbəti atəş: niyə Kəlbəcər, niyə Rikerlə görüşdən sonra?Ermənistan Kəlbəcər istiqamətində atəşkəsi yenidən pozdu. Bu, Paşinyanın seçkiöncəsi gözlənilən sərhəd təxribatlarının davamıdır.

Lakin açıq qalan sual var: niyə Kəlbəcər?

Laçın-Gorus sərhədində yaranan problemdən sonra Ermənistan təxribatları əsasən Kəlbəcər istiqamətində həyata keçirir və hədəf məlumdur.

Paşinyanın təklif etdiyi “beynəlxalq müşahidəçi”lərin Azərbaycan-Ermənistan dövlət sərhədinin bütün xətti üzrə yox, məhz Kəlbəcər istiqamətində yerləşdirilməsi nəzərdə tutulur: Sotkdan (Söyüdlüdən) Gorusun Xoznavar (Xəzinəvar) kəndinə qədər.

Kəlbəcər istiqamətində intensiv təxribatların törədilməsi də böhranın dərinləşdirilməsi və “beynəlxalq müşahidəçi”lərin yerləşdirilməsinə şəraitin yaradılmasına hesablanıb.

Növbəti atəşin 10 iyunda – ABŞ dövlət katibinin köməkçisi Filip Rikerin İrəvanda Paşinyanla görüşündən sonra açılması təsadüfi deyil.

Rikerin kəşfiyyat xarakteri daşıyan Bakı və İrəvana səfərinin iki əsas məqsədi var idi:

- Müharibədən sonra Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını Rusiyanın təsirindən çıxarmaq;

- Sərhədlərin demarkasiyasında ABŞ-ın vasitəçiliyini təklif etmək.

Vaşinqton Bayden-Putin görüşünə qədər tərəfləri, xüsusilə Bakını bu məsələdə razı salmağa, yaxud ən azından mövqeləri yerində öyrənməyə çalışır. Rikerin Bakıda “ABŞ sərhədin demarkasiyasına texniki kömək edə bilər” açıqlaması da “beynəlxalq müşahidəçi” məsələsinin müzakirə edildiyini təsdiqləyir.

Amerikalı diplomatın İrəvanda Paşinyanla “Qarabağı münaqişəsini” müzakirə etməsi, ardınca Ermənistanın Kəlbəcər istiqamətində atəş açması Bakının təkliflə razılaşmadığını, yaxud öz korrektlərini etdiyini deməyə əsas verir: Azərbaycan sərhəd məsələsində Minsk qrupu formatını qəbul etmir və əgər “müşahidəçi”lər gələrsə, Türkiyənin iştirakını istəyir.

Gələn həftə baş tutacaq geosiyasi təmaslarda bu məsələyə də aydınlıq gətiriləcəyi gözləniləndir. Riker İrəvanda olarkən Kəlbəcərə açılan atəş isə Bakıya, həm də prosesdə vasitəçi olan Moskvaya açılan atəşdir. Və təbii ki, Ermənistan bu atəşlə “beynəlxalq müşahidəçi” təklifinin aktuallığını qorumağa çalışır.

Asif Nərimanlı
Bu gün Qarabağda döyüşən livanlı terrorçuya hökm oxunacaqBu gün Bakı Hərbi Məhkəməsində Qarabağda döyüşən livanlı muzdlu terrorçu Eulcekcian Viken Abrahamın cinayət işi üzrə məhkəmənin baxış iclası davam etdiriləcək.

Avrasiya.net-in məlumatına görə, Yasamal rayon Məhkəməsinin inzibati binasında hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçiriləcək prosesdə təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı edəcək.

Daha sonra Eulcekcian Viken Abrahama son söz demək təklif olunacaq.

Təqsirləndirilən şəxs son sözündən sonra məhkəmənin müşavirəyə gedəcəyi və hökm oxunacağı gözlənilir.

Qeyd edək ki, Livan Respublikasının vətəndaşı Eulcekcian Viken Abraham və qeyrilərinin maddi mükafat müqabilində muzdlu kimi mütəşəkkil dəstə halında birləşib Ermənistan Silahlı Qüvvələri tərkibində Azərbaycan Respublikası vətəndaşlarına qarşı terrorçuluq fəaliyyətində iştirak etmələri faktları əsasında Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanan cinayət işi üzrə istintaq yekunlaşdırılıb.

İstintaqla müəyyən edilib ki, 1979-cu il təvəllüdlü, Livan Respublikasının vətəndaşı, Beyrut şəhər sakini Eulcekcian Viken Abraham 29 sentyabr 2020-ci il tarixdə Livan Respublikasının vətəndaşı Hovak Kikiyanın ilkin olaraq 2500 ABŞ dolları məbləğində maddi mükafat müqabilində muzdlu kimi Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərində hərbi əməliyyatlarda iştirak etmək təklifini qəbul edib, bu məqsədlə həmin gün digər şəxslərlə mütəşəkkil dəstə halında qəsdən Ermənistan ərazisindən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda keçib digər muzdluların da olduğu ərazilərə gəlib.

Həmçinin, Viken Eulcekcian və maddi mükafat müqabilində muzdlu kimi döyüşən digər şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin təkibində qanunsuz olaraq əldə etdikləri odlu silahlardan, döyüş sursatlarından və komplekt hissələrindən istifadə etməklə Azərbaycan Respublikası vətəndaşları və Ordusuna qarşı terrorçuluq fəaliyyətində iştirak ediblər.

Törətdiyi cinayət əməllərinə görə Viken Eulcekciana Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 114.3-cü (muzdlunun hərbi münaqişədə və ya hərbi əməliyyatlarda iştirakı), 214.2.1-ci (terrorçuluq qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Alman nazir: Rusiya və Çinə qarşı birləşməliyik!Hazırda Rusiya və Çinin yaxınlaşması müşahidə olunur və bu, Qərbin güclərini birləşdirməsini tələb edir.

Axar.az xəbər verir ki, bu sözləri Almaniya müdafiə naziri Anneqret Kramp-Karrenbauer deyib.

Nazir bildirib ki, Rusiya da öz növbəsində Avropa Birliyi üçün əsas regional təhdid olaraq qalır:

“Kim Çinlə münasibətdə strategiya barədə düşünürsə, o zaman Rusiyanı da unutmamalıdır. Əgər Rusiya-ABŞ yaxınlaşması baş versə, biz iki böyük hərbi-sənaye kompleksinin yaxınlaşmasının şahidi olacağıq. Bu təhdidə cavab vermək üçün Qərbin bütün qüvvələri – ABŞ, Avropa və regionun əsas partnyorları Avstraliya və Cənubi Koreya gücləri birləşdirməlidir”.
Saatlıda 46 yaşlı kişini "tok" vurduSaatlı sakinini elektrik cərəyanı vurub.

Avrasiya.net yerli KİV-ə istinadən bildirir ki, hadisə Mircəlal kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1975-ci il təvəllüdlü Astanov Teymur Musaxan oğlunu ehtiyatsızlıqdan elektrik cərəyanı vurub. O, Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
Bu gün AVRO-2020 çempionatına start verilirBu gün AVRO-2020 futbol üzrə Avropa çempionatı start götürür.

Avrasiya.net-in məlumatına görə, turnirin açılış mərasimi və ilk matçı İtaliyanın paytaxtı Romada baş tutacaq.

İlk oyun günündə A qrupunda mübarizə aparan İtaliya və Türkiyə üz-üzə gələcək.

A qrupunun daha 3 matçı Bakıda keçiriləcək. Bakı Olimpiya Stadionu iyunun 12-də İsveçrə-Uels, iyunun 16-da Türkiyə-Uels və iyunun 20-də Türkiyə-İsveçrə oyunlarına ev sahibliyi edəcək. Bundan başqa, iyulun 3-də 1/4 final mərhələsinin bir oyunu Bakıda baş tutacaq.

AVRO-2020 iyunun 11-dən iyulun 11-dək Avropanın 11 şəhərində keçiriləcək.

Qeyd edək ki, Avropa çempionatı koronavirus pandemiyası ilə əlaqədar ötən il təxirə salınmışdı.
Azərbaycan yenidən dünya idman ictimaiyyətinin diqqətində!Məlum məsələdir ki, ölkəmiz müxtəlif idman növlərini əhatə edən beynəlxalq idman yarışlarına yüksək səviyyədə ev sahibliyi etmişdir. Son onillikdə Bakıda və Azərbaycanın müxtəlif regionlarında ən mötəbər dünya və Avropa idman oyunları yüksək səviyyədə təşkil olunub. Bu qürurverici ənənə son on illər kimi bu gün də davam etməkdədir. Azərbaycan bu il də idman ölkəsi statusunu qoruyub saxlamışdır. Vətən müharibəsindən 6 ay sonra ölkəmizdə keçirilən beynəlxalq səviyyəli idman yarışlarına əcnəbi turistlərin, idmansevərlərin toplaşmağı Azərbaycanın gücünə və potensialına olan inam və etimadın təzahürüdür.

İyun ayında “Formula-1” yarışlarının Azərbaycan Qran-Prisinin Bakı şəhərində keçirilməsi ilə bir daha ölkəmiz dünya idman ictimaiyyətinin diqqətində oldu. Həmçinin, dünyanın böyük maraqla izlədiyi Futbol üzrə Avropa çempionatının 4 oyununun üç qrup və bir ¼ oyununa Azərbaycanın ev sahibliyi etməsi bir daha sübut etdi ki, ölkəmizin bu günkü inkişafı dünəndən daha güclüdür.

Əlbəttə ki, biz bütün bu naliyyətlərə xalqımızın birliyi, güclü iradəsi və ən önəmlisi də Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi müdrik siyasətin nəticəsində nail olmuşuq. Hamıya məlumdur ki, son 2 il Azərbaycan və dünya üçün heç də asan keçən illər olmadı. 2020-ci ildən başlayaraq COVID-19 kimi qlobal pandemiyanın dünyanı sarması, dövlətlər qarşısında vacib öhtəliklər qoymuşdur. Azərbaycan da dünya dövlətləri kimi qlobal pandemiyaya qarşı tədbirləri həyata keçirdi və bu sahədə uğur qazanan ölkələr sırasında oldu.

Əhalinin sağlamlığının ön planda olması, sosial rifahının yaxşılaşdırılmasına yönəldilmiş bütün tədbirlərin birbaşa ölkə başçısının nəzarətində olması ölkədə iqtisadiyyatın dayanıqlılığını təmin etdi. 30 ilə yaxın işğalda olan torpaqlarımızın 44 günlük Vətən müharibəsində qazanılması siyasi, hərbi və mənəvi dəyərlərin vəhdətində Azərbaycanın gücünü dünyaya sübut etdi və dünya tarixində yeni səhifələr yaratdı. Məhz, mükəmməl siyasi fəaliyyətin nəticəsində regionda və beynəlxalq sferada qazandığımız uğurlar ölkəmizi dünyada sülhsevər, multikulturalist, humanist ölkə kimi tanıtmaqdadır.

Əminliklə vurğulayıram ki, bundan sonra da Azərbaycan dünyada idman ölkəsi statusunu daha da möhkəmləndirəcək və gələcəkdə keçiriləcək yarışlara da yüksək səviyyədə ev sahibliyi edəcəkdir. Dövlət başçısının uğurlu diplomatik fəaliyyətinin və birliyimizin nəticəsində respublikamızın nüfuzu daha da güclənəcək, Azərbaycan dünyada hər zaman sülhün, əmin-amanlığın tərəfdarı və tolerant ölkə kimi tanınmaqda davam edəcəkdir.

Yusif Babanlı
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və
İdman Akademiyasının prorektoru,
professor
Qara dənizdə radardan itən təyyarənin pilotu həlak olduQəzaya uğrayan Bolqarıstan qırıcı təyyarəsinin pilotu həlak olub.

Axar.az xəbər verir ki, bu barədə Bolqarıstanın Müdafiə Nazirliyi məlumat yayıb.

"Axtarış əməliyyatları zamanı MiQ-29 qırıcısının pilotu mayor Valentin Terziyevin 9 iyunda təlim uçuşu zamanı baş verən qəzada həlak olduğu müəyyən edilib", - MN-dən bildirilib.

Qeyd edək ki, təyyarə ilə əlaqə Qara dəniz üzərində təlim uçuşu zamanı kəsilib. Təyyarə dənizə düşüb.
Məhkəmə Makrona şillə vuran barəsində qərar verdiValans məhkəməsi Fransa prezidenti Emmanuel Makrona şillə vurmuş Demyen Tarel barəsində hökm verib.

Avrasiya.net xarici KİV-ə istinadla xəbər verir ki, o, dörd ay müddətində azadlıqdan məhrum edilib.

Tarelin müdafiəçiləri 10 gün ərzində məhkəmə qərarından şikayət verə bilər.

Xatırladaq ki, insident prezidentin Drom regionuna səfəri zamanı baş verib.

Dövlət başçısı yerli sakinlərə yaxınlaşaraq onlarla söhbət etməyə başlayıb. Bu zaman kütlə arasında olan Damyen ona nəsə deyərək üzünə şillə vurub.

Fransalı siyasi və ictimai xadimlər Tarelin bu hərəkətini qınayıb, Makron özü isə məsələni şişirtməməyə çağırıb və sakinlərlə görüşlərini davam etdirəcəyini bildirib.