“Hiss olunur ki, məqsəd daha az insana əlillik təyin etməkdir”“Qanun layihəsi ilə bağlı arayış verilməli, maliyyə əsaslandırması olmalı idi. “Normativ hüquqi aktlar haqqında” konstitusiya qanununa görə, bu kimi qanunlarla bağlı ekspert rəyləri təqdim olunmalıydı. Ən azı 2 müstəqil ekspert rəyi olmalı idi”.

Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin plenar iclasında çıxışı zamanı səsləndirib. Millət vəkili deyib: “Hörmətli Musa Quliyev öz çıxışında demədi ki, əvvəllər bizdə vəziyyət necə olub. Yəni 1, 2 və 3-cü qrup əlillik qrupu verilməsi üçün şəxs əmək qabiliyyətini neçə faiz itirməli idi və indi vəziyyət necədir? Yəni mənə elə gəlir ki, vəziyyət dəyişikliyinin geniş izahı verilməlidir və xalq da bunu bilməlidir. Siyavuş Novruzov qeyd elədi ki, biz bu qanunu qəbul etsək 200 min insan əlillik dərəcəsini itirəcək. Əslində vətəndaşın vəziyyətini ağırlaşdıran qanunun geriyə qüvvəsi yoxdur. Əhaliyə bu barədə də deyilməlidir ki, əgər həqiqətən belədirsə, hazırda əlillik təyin edilmiş şəxslər buna görə narahat olmasınlar. Bundan başqa, “orqanizmin funksiyalarının pozulmasına görə əlilliyin təyin olunması” ilə bağlı məqama da doqqət çəkmək istəyirəm. Bu doğru deyil. Orqanizmin funksiyalarının pozulması əmək qabiliyyətinin itirilməsinə gətirib çıxarır. Ona görə biz, həmin şəxslərə pensiya veririk. Bu fiziki və psixi ola bilər. Biz bilirik ki, hansısa bir rəssam, yaxud pianoçu barmağını ititirisə bu onun üçün əmək qabiliyyətinin tamamilə itirilməsinə gətirib çıxarır. Tarzən barmağını itirirsə necə tar çala bilər? O halda biz belə şəxslərə birinci qrup əlillik verməliyik. Amma tutaq ki, bir professor, yaxud deputat bir barmağını itirirsə bu əmək fəaliyyətinə ümumiyyətlə təsir göstərmir. Əgər cinayətkar hər hansı bir şəxsə xəsarət yetirirsə, həmin xəsarət nəticəsində şəxs barmağını itirirsə bu ağır bədən xəsarəti sayılmır. Amma qeyd elədiyim kimi rəssam, pianoçu, tarzən barmağını itirirsə bu ağır bədən xəsarəti sayılır. Ona görə ki, o həmin xəsarət nəticəsində əmək qabiliyyətini itirir. Ona görə də qanunda yazılmalıdır ki, əmək qabiliyyətinin itirilməsi dərəcəsinə uyğun olaraq əlillik təyin olunur. Yəni bu, prinsipial bir məsələdir. Həm də bunun maliyyə əsaslandırılması olmalıdır ki, hökumət bu qaydaları tətbiq etməklə nə qədər vəsaitə qənaət etmək istəyir? Bu barədə bizə məlumat verilsəydi, doğru olardı. Uzun illər təcrübəsi olan deputat həmkarlarım xatırlayır, mən vaxtilə məsələ qaldırırdım ki, Müdafiə Nazirliyinin rəhbərliyi milli kadrlarla gücləndirilməlidir. Eyni sözü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında da deyirəm ki, həqiqətən də bu xalqa ürəyi yanan, acıyan milli kadrlarla bu nazirliyin rəhbərliyi gücləndirilməlidir”.

Millət vəkilinin sözlərinə görə, hiss olunur ki, burada məqsəd maksimum çalışıb daha az insana sosial ünvanlı sosial yardım vermək, daha az insana əlillik təyin etməkdir: “Hədəf açıq-aydın seçilir ki, məqsəd sanki vəsaitlərə qənaət etməkdir. Mən əvvəllər də söyləmişəm, nazirliyin məqsədi bu olmamalıdır. Əslində məqsəd o olmalıdır ki, həqiqətən də köməyə ehtiyacı olan insanlara pensiyalar təyin olunsun, yardım edilsin və.s. Əgər kimsə həqiqətən qanunsuz əlillik dərəcəsi alıbsa, o zaman qanunsuz əlilliyi təyin edən şəxslərin hamısı cinayət məsuliyyətinə cəlb olunmalıdır. Bu sənədlər çoxdan Baş Prokurorluğa, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərilməliydi. Onların hər biri haqqında cinayət işi açılmalı və o şəxslər cəzalandırılmalıydılar. Bundan başqa, hörmətli Zahid Oruc bir məsələyə toxundu. Mən qanun layihəsi ilə tanış olanda beynəlxalq təcrübəni öyrəndim və gördüm ki, Avropa İttifaqında orta hesabla hər 100 nəfərə 10 nəfər əlil düşür. Azərbaycanda bu rəqəm az qala 2 dəfə azdır. Nədən narahatıq? Özü də 2 dəfə müharibən keçmiş ölkəyik. Ona görə də hesab edirəm ki, yanaşma tərzi dəyişməlidir. Yəqin ki, ikinci oxunuşda bəzi məsələlərə əlavə diqqət yetirəcəyəm”.
Azərbaycandan İrana 20 məhbus ekstradisiya edilirTezliklə Azərbaycanda həbsdə olan 20 iranlı məhbus İrana ekstradisiya olunacaq.

Avrasiya.net xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Məlumata görə, iranlı məhbusların 9-u qadındır və onlar həbsinin qalan hissəsini İranda çəkəcəklər.

Səfirlik bildirir ki, həmin məhbuslar əsasən narkotik vasitələr, Azərbaycana qeyri-qanuni giriş və qanunsuz yaşama ilə əlaqədar cinayətlərə görə həbs olunublar.

İran səfirliyi xoşməramlılıq və əməkdaşlığına görə Azərbaycana təşəkkür edir və qalan məhbusların esktradisiyası üçün məsləhətləşmələrin davam etdiyini bildirir.
Azərbaycanda ŞOK OLAY: Sürücüsü icra başçısının 10 milyonluq varidatını satıb qaçdıQaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov çox çətin duruma düşüb. Məlumatlı mənbələr iddia edirlər ki, onun illərlə topladığı, sürücüsü Mahirin və onun yaxınlarının adına rəsmiləşdirdiyi əmlaklar əlindən çıxıb.

Musavat.com-a verilən məlumatda o da iddia olunur ki, sürücüsü Süleyman Mikayılovdan xəbərsiz özünün və yaxınlarının adına olan, dəyəri bir neçə milyonla ölçülən əmlakları müxtəlif şəxslərə satıb. Bir neçə gün əvvəl isə koronavirus infeksiyasına yoluxma adı ilə işə çıxmayıb. Süleyman Mikayılov nə baş verdiyindən xəbər tutanda isə sürücü artıq ölkədə olmayıb.

İddiaya görə, hazırda Süleyman Mikayılov çox çətin durumdadır.

Sürücünün rəsmi axtarışa verilməsi onun özünün karyerasını sual altına qoyacağını bilir. Anlayır ki, Mahir əli qandallı, rəsmi olaraq tutulub ölkəyə gətirilərsə və istintaqa cəlb olunarsa, dəyəri 10 milyonlarla ölçülən varidatı da rəsmi olaraq, etiraf etməlidir. Azərbaycanda vəzifədə olan və korrupsiya bataqlığında çabalayan hər bir məmur üçün bundan "qorxulu yuxu" yoxdur.

Süleyman Mikayılov mal varlığının bu şəkildə və istintaq vasitəsi ilə rəsmiləşməsinin yolunu həbsdəki icra başçılarının kameralarından sala biləcəyinin fərqindədir. Odur ki, sürücünü qeyri-rəsmi yollarla axtarılaraq tapılmasına nail olmağa çalışır. Amma bu da bir nəticə verməyib.

xxx

Qaradağ Rayon İcra Hakimiyyətindən “Sürücüsü icra başçısının onun adına rəsmiləşdirdiyi 10 milyonluq varidatı satıb qaçıb – İDDİA” adlı yazıya münasibət bildirilib.

İcra Hakimiyyətindən Musavat.com-a göndərdikləri təkzibdə deyilir ki, yazı həqiqəti əks etdirmir: “İşıqlandırılmış yazıda çap edilmişdir ki, başçının sürücüsü “Bir neçə gün əvvəl isə koronavirus infeksiyasına yoluxma adı ilə işə çıxmayıb”.

Bildiririk ki, Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının baş mütəxəssisi (sürücüsü) Mahir Xanqulu oğlu Ağayev özünün və yoldaşının səhhətində yaranmış problemlərlə bağlı öz arzusu ilə 21 sentyabr 2020-ci il tarixli, 85 saylı əmrlə tutduğu vəzifədən azad edilmişdir”.
“İstiqlalçı deputat” vəfat edibMilli Məclisin Naxçıvan Muxtar Respublikasının Ordubad Seçki Dairəsindən keçmiş deputatı Hicran Kərimli vəfat edib.

Avrasiya.net xəbər verir ki, bu barədə onun dostları sosial şəbəkədə bildiriblər.

Hicran Kərimli 1991-ci ildə təşkil edilən parlamentin üzvü seçilmişdi. O, 1995-ci ildə deputat mandatı ilə vidalaşıb.

Mərhum 1995-ci ildən 1998-ci ilə kimi Belarusda yaşamış, daha sonra isə Rusiyaya köçmüşdü.

Moskvada bizneslə məşğul olan Hicran Kərimlinin koronavirus xəstəliyindən vəfat etdiyi bildilir.

H.Kərimli 1991-ci ilin martında SSRİ-nin saxlanılması əleyhinə səs vermiş "istiqlalçı deputatlar"dan biri idi.
Ermənistanda keçirilən seçkilərdən gözləntilər - TƏHLİLErmənistanda növbədənkənar seçki yaxınlaşdıqca, təbliğat-təşviqat kampaniyalarının fonunda emosional mühit də gərginləşir. Belə bir şəraitdə seçkilərin nəticələri barədə müxtəlif mərkəzlərin keçirdikləri sorğulara əsasən verilən proqnozlar belə özünü doğrultmaya bilər. Ermənistanda ictimai rəy paramparçadır, nəinki ayrı-ayrı bölgələr, hətta məhəllələr üzrə dəyişir. Bu baxımdan, bu gün, hətta ciddi kəşfiyyat materialları, faktlar və statistik məlumatlar əsasında hazırlanmış proqnozların belə emosional təsir yükü olan hər hansı bir hadisənin fonunda öz əhəmiyyətini itirməsi mümkündür.
Məhz bu səbəbdən, Ermənistanda keçirilən seçkilərin nəticələrini bir neçə ssenari üzrə proqnozlaşdırmağa çalışacağam.

Siyasi mənzərə

Qeyd edim ki, hazırda seçkilərdə 22 partiya, 4 siyasi blok iştirak edir:

Bunlar “Ədalətli Ermənistan”, “Erməni Milli Konqresi”, “Vətəndaş müaviləsi”, “Azadlıq”, “Vahid vətən”, “Çiçəklənən Ermənistan”, “Bizim evimiz – Ermənistan”, “Milli mühafizəkar hərəkat 5165”, “Avropa Ermənistanı”, “Suveren Ermənistan” və s. partiyalar, “Şərəfim var”, “Azad Vətən”, “Ermənistan”, və “Şirinyan-Babacanyan demokratlar alyansı” bloklarıdır.

Məlum olduğu kimi “Vətəndaş müqaviləsi” partiyasının seçkçi siyahısıma Nikol Paşinyan “başçılıq” edir və “Mənim addımım” parlament fraksiyasının bütün aparıcı fiqurları siyahıda yer alıb.

“Çiçəklənən Ermənistan” partiyasının seçki siyahının birinci “pilləsində” Qaqik Sarukyan dayanır.
“Suveren Ermənistan” partiyasının siyahısına dövlət nəzarət xidmətinin sabiq sədri David Sanasaryan, “Ədalətli Ermənistan” partiyasının siyahısına vəkil Norayr Norikyan, “Mariflənmiş Ermənistan” partiyasının siyahısına Edmon Manukyan, “Erməni Milli Konqresi”nin siyahısına sabiq prezident Levon Ter-Petrosyan, “Azadlıq” partiyasının siyahısına sabiq baş nazir Qrant Baqratyan, Avropa partiyasının siyahısına kinorejissor Tiqran Xemalyan başçılıq edir.
“Azad Vətən” blokunu Ermənistan Konstruktiv, Milli Müqəddərat, Mühafizəkar, Yaşıllar və “Milli demokratlar bloku” partiyaları təşkil edir. Blokun siyahısında, öb sırada Mühafizəkar partiyasının sədri Mikael Ayrapetyan yer alsa da, baş nazir postuna Konstruktiv partiyanın sədri Andrias Qukasyanın namizədliyi irəli sürülüb.

“Daşnaksutyun” və “Ermənistanın dirçəlişi” pariyalıarından ibarət “Erəmistan” blokunun lideri sabiq prezident Robert Köçəryandır.
Sabiq prezident Serj Sarkisyanın rəhbərlik etdiyi “Respublika” və “Vətən” partiyalarından təşkil edilmiş “Şərəfim var” blokunun siyahısının lideri isə Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Artur Vanesyandır. Sarkisyan siyahıda təmsil olunmur.
“Şirinyan-Babacanyan” blokunun siyahında ilk sırada Arman Babcanyan yer alıb. Qeyd edim ki, Babacanyan daha öncə “Respublika” partiyasından təmsil olunub.

İki qütb arasında

Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan seçkilərə Nikol Paşinyan və Robert Köçəryana mane olmaq üçün qatıldığını bildirib. Əslində seçkidə iştirak edən siyasi partiyaların əhəmiyyətli hissəsi prosesə kiməsə, yaxud kimlərəsə mane olmaq və ya səslərini parçalamaq üçün qatılıblar. Seçkidə iştirak edən siyasi partiya və blokların siyahısına rəhbərlik edən siyasətçilərin böyük əksəriyyəti vaxtilə hakimiyyətdə təmsil olunan, yaxud Köçəryan, Sarkisyan və Paşinyana yaxın çevrələrin “kurasiya”sında olan, həmçinin bu və ya digər şəkildə Rusiyadan, Qərbdən idarə edilən şəxslərdir. Reallıqda bu gün Ermənistanda iki blok var: Şimal və Qərb bloku... Rəqabət də bu iki qütbün əsas oyunçuları Robert Köçəryan və Nikol Paşinyan arasında gedir. “Şərəfim var”, “Çiçəklənən Ermənistan” “Şimal bloku”nun alternativ oyunçularıdır. Onların parlamentdə təmsil olunmaq şansları var, amma yalnız səslərin əhəmiyyətli hissəsini qazanan siyasi partiya və ya blokla birlikdə hökumətin formalaşdırılmasında iştirak edə bilərlər.

Məsələn, Ermənsitan Konstruktiv, Milli Müqəddərat, Mühafizəkar, Yaşıllar və “Milli demokratlar bloku” partiyalarından təşkil edilmiş “Azad Vətən” bloku, həmçinin “Avropa” və “Milli mühafizəkar hərəkat 5165” partiyaları “Qərb bloku”nun səslərini parçalamaq üçün seçkiyə “atılıblar”.

Hazırda “Vətəndaş müqaviləsi” partiyasının, “Ermənistan” və “Şərəfim var” bloklarının, həmçinin “Çiçəklənən Ermənistan” partiyasının parlamentdə təmsil olunmaq imkanları real görünür. “Mariflənmiş Ermənistan” partiyası və “Erməni Milli Konqresi də parlamentdə bir neçə yer qazana bilər. Bugünkü reallıqlar çərçivəsindən yanaşdıqda, parlamentdə “yeni siyasi qüvvə”nin önə çıxacağı ilə bağlı sürprizlər gözlənilmir. Çünki Ermənistanda belə siyasi qüvvə yoxdur.

Bu səbəbdən, keçirilən sorğulardan asılı olmayaraq, Ermənistan parlamentində seçkilərə qatılan hansı siyasi qüvvənin, yaxud qüvvələrin yer qazanaca biləcəyindən daha çox, hökumətin necə formalaşdıralacağı ilə bağlı suallara cavab tapmağın vacib olduğu qənaətindəyəm.

İndiki şəraitdə Ermənistanda seçkiyə qatılan siyasi blok və partiyaların hər hansı birinin hökuməti formalaşdırmaq üçün yetərli olacaq qədər səs toplayacağı real görünmür. Çox güman ki, Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” partiyası ilə Robert Köçəryanın “Ermənistan” bloku səslərin əhəmiyyətli hissəsini bölüşdürəcəklər. Amma bu hökumətin formalaşdırlması üçün yetərli olmayacaq.

Belə olduğu təqdirdə parlamentdə azlıq təşkil edən partiya və blokların səsinə ehtiyac qalacaq. Bu isə daha çox xarici faktorlara bağlı olan məsələdir. Hazırda parlamentə düşmək şansı olan “Şərəfim var” blokunun, yaxud “Çiçəklənən Ermənistan”, “Mariflənmiş Ermənistan” partiyalarının Nikol Paşinyanla birlikdə koalision hökumət formalaşdıracaqları real görünmür. Doğrusu, bu reallığın seçkidən sonra da dəyişəcəyinə inanmıram. Bu baxımdan, seçkilərdən sonrakı proseslərin bir neçə ssenari üzrə inkişaf edəcəyini düşünürəm:

1. “Ermənistan” bloku və “Vətəndaş müqaviləsi” partiyası bir-birinə yaxın - təxminən 20-25% arası səs toplayırlar. Bu zaman “Şərəfim var” bloku və “Çiçəklənən Ermənistan” partiyası parlamentdə qazandıqları səslərin yaratdığı reallıqlara uyğun olaraq, Robert Köçəryanın yanında yer ala bilərlər. “Mariflənmiş Ermənistan” partiyasının da Köçəryanla “koalisiya müzakirələri”ndə iştirak edə biləcəyi realdır. Günün siyasi reallıqları çərçivəsində parlamentdə təmsilçilik imkanı olan siyasi blok və partiyaların heç biri məğlub komanda ilə koalisiyaya girməyəcəklər. O cümlədən Erməni Milli Konqresi. Petrosyan parlamentdə yer qazanacağı təqdirdə heç bir tərəfə dəstək verməyəcək və ənənəvi qaydada neytrallığını qoruyub saxlamağa çalışacaq. Nikol Paşinyan və dəstəsi yalnız o halda hökuməti formalaşdıra bilər ki, səslərin 50%-dən çoxunu toplasın. Bu isə, zənnimcə inandırıcı deyil.

2. Seçkilərin nəticələri hökumətin formalaşdırılmasına imkan vermir. Partiya və blokların razılığa gəlməsi mümkün olmur və seçkilərin ikinci turunun keçirilməsi reallığı yaranır. Qeyd edim ki, Ermənistan konstitusiyasına görə, əgər parlamentdə hökumətin formalaşdırılması üçün stabil çoxluğun təmin edilməsi mümkün olmursa, o zaman seçkilərin ikinci turu keçirilməlidir. Lakin Ermənistan Konstitusiyası seçkilərin ikinci turunda yeni siyasi blokların yaradılmasına da imkan verir ki, bu da faktiki olaraq yeni seçkilərin keçirilməsi deməkdir.

Qənaətimə görə, bu günün siyasi reallıqları çərçivəsindən yanaşsaq, Ermənistanda seçkilərin ikinci turunun keçiriləcəyi ehtimalı daha çoxdur. Təbii ki əgər seçkiyə bir neçə gün qalmış ictimai rəyi kökündən dəyişə biləcək hər hansı bir hadisə, yaxud hadisələr baş verməzsə...

Nəticə

...Ermənistanda keçirilən seçkilər ölkəmizdə diqqətlə izlənilir və bu da təbii qəbul olunmalıdır. Amma, qənaətimə görə, seçkilərlə bağlı aparılan müzakirələrdə daha qabarıq nəzərə çarpan yanlış bir yanaşma var. Bəziləri elə düşünürlər ki, Nikol Paşinyanın seçkidəki məğlubiyyəti, Robert Köçəryanın, yaxud onunla eyni qütbün təsir dairəsini bölüşən başqa birisinin hakimiyyətə gəlməsi, bölgədəki reallıqları dəyişə bilər. Yəni məğlub Paşinyana şərtlərimizi diqtə etmək daha asandır, nəinki başqa birisinə... Bir az sadəlöhv yanaşmadır. Azərbaycan Ordusu Nikol Paşinyanı və onun siyasi komandasını deyil, Robert Köçəryan, Serj Sarkisyan və digər separatçı qatillərin, müharibə cinayətkarlarının yaratdıqları ordunu və bütövlükdə Ermənistanı məğlub edib. Bizim qarşımızdakı məğlub Ermənistandır və bu ölkədə kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, bu status dəyişməyəcək.
Zənnimcə, Robert Köçəryanın baş nazir postuna yiyələnməsi, indikindən fərqli olaraq, bölgəyə kənar qüvvələrin müdaxiləsinin, qismən də olsa qarşısını ala, Ermənistanın manevr imkanlarını minimuma endirə, Ermənistan cəmiyyətindəki qütbləşməni daha da dərinləşdirə bilər.
Düşünürəm ki, bütün hallarda Ermənistan seçkidən də məğlub durumda, daha da qütbləşmiş, parçalanmış şəkildə çıxacaq və bu ölkədə uzun müddət siyasi sabitliyə nail olmaq mümkün olmayacaq.

Elçin Mirzəbəyli
Siyasi analitik
Deputat məşhur iş adamının qızını qaçırıb? - VideoBütün bunlar, mənə qarşı olan qarayaxmalar “5-ci kolon”un və trol şəbəkəsinin işidir. Milli adamam, ölkəmə sədaqətlə xidmət edirəm. Azərbaycan-Türkiyə münasibətlərinə töhfə verirəm. Amma görünür bu, bir çoxlarının xoşuna gəlmir.

Avrasiya.net xəbər verir ki, bunu Teleqraf.com-a Milli Məclisin deputatı Ramil Həsən Moldovada yaşayan məşhur iş adamı Almari Vael Süleymanın qızını qaçırması ilə bağlı iddiaya münasibət bildirərkən deyib.

Deputat səslənən ittihamları özünə qarşı qaragüruhun, “5-ci kolon”un və trolların işi adlandırıb:

“Bu, mənə qarşı bir plandır. Milli adam olanda, Azərbaycanın müstəqil siyasət yürütməsini təbliğ edəndə görünür ona təzyiqlər edilməlidir. Türkiyə-Azərbaycan münasibətlərinin, strateji əməkdaşlığının güclənməsini istəməyən qüvvələr bu səbəbdən də məni "vurmağa" çalışırlar. İddiların hamısı hoqqabazlıqdır. Bununla bağlı artıq hüquq-mühafizə orqanlarına müraciət etmişəm və yenidən də müraciət edəcəm”.
Azərbaycanda 14 yaşlı qızın nişanlanması ilə bağlı YENİ FAKTLARPandemiyaya qədər erkən nikahların azalmasını müşahidə edirdik. Pandemiyanın zəifləməsindən sonra bu problemlərin yenidən meydana çıxacağını gözləyirdik. Yaxşı tərəf odur ki, Masallıdakı hadisə vaxtında aşkarlanıb və 14 yaşlı qızın ərə verilməsinin qarşısı alınıb. Əfsuslar olsun ki, hələ də bu stereotiplərdən və qaydalardan qurtula bilmirik.

Avrasiya.net xəbər verir ki, bu sözləri “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib. Mayın 5-də Lənkəran şəhərinin istirahət mərkəzlərinin birində 14 yaşlı qızla 36 yaşlı kişinin keçirilən nişan mərasimindən danışan ekspert bildirib ki, belə halların qarşısının alınmasında gənc dəstək qrupları yaratmalıyıq:

“Eyni zamanda, uşaqların və gənclərin təhsilə marağını artırmalıyıq. Belə hallarla qətiyyətlə mübarizə aparmaq lazımdır. Qanunlar nə qədər sərtləşsə də, yenə də nələrsə ortaya çıxır. Mənə elə gəlir ki, həmin ərazilər üzrə ictimai qınaq kampaniyalarını çox ciddi şəkildə işə salmalıyıq. Cəmiyyət özü bu məsələdə aktiv iştirakçıya çevrilməlidir. Bu insanların toylarına getməməklə erkən nikahları boykot edə bilərik. Belə adamlar az-çox cəza alıb”.

M.Zeynalova qeyd edib ki, erkən nikahlarda qızlarımızın əsasən yaşlı insanlarla izdivac qurması qeydə alınır:

“Guya ki, bu, qızın gələcəyini sığortalayır, ailənin möhkəm olmasına əminlik hissi yaradır. “Cavana gedən yumruq yeyər, qocaya gedən quyruq” misalı burada yerinə düşər. Amma göründüyü kimi, belə olmur”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib ki, məsələ ilə bağlı araşdırma aparılır.

Məlumat üçün bildirək ki, məsələ ilə bağlı 07.06.2021-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyəti başçısının Bədəlan kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsinin verdiyi və mətbuatda yayılan məlumat əsasında Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri və məsul katibi, Hüquq şöbəsinin müdiri, Rayon Polis şöbəsinin məsul əməkdaşı, ərazi nümayəndəsi və məktəb direktoru rayon İcra Hakimiyyətində yaradılan İctimai Şuranın üzvlərilə birgə sözügedən ailə ilə yaşadıqları ünvanda görüşüb və eyni zamanda qeyd olunan müraciət rayon Polis şöbəsinə təqdim edilib.

Araşdırma zamanı məlum olub ki, 11.07.2006-cı il təvəllüdlü, Bədəlan kənd tam orta məktəbinin 8-ci sinif şagirdi azyaşlı N.N-in (ad şərtidir) atası 2017-ci ildə vəfat edib və hazırda azyaşlı anası və azyaşlı qardaşı ilə birlikdə yaşayır. Ailə üzvləri və yaxınlarının sözlərinə görə, 05.06.2021-ci il tarixində azyaşlı ilə hazırda Bədəlan kəndində olan, Rusiya Federasiyası vətəndaşı, orada sahibkarlıq fəaliyyəti ilə məşğul olan 1985-ci il təvəllüdlü N.N arasında Lənkəran rayonunun Osaküçə kəndində yerləşən restoranların birində üzüktaxma mərasimi olub.

Təşkil olunan komissiyanın üzvləri tərəfindən azyaşlı, valideyni və orada olan yaxınları ilə maarifləndirici-profilaktiki söhbətlər aparılıb, Azərbaycan Respublikasının müvafiq sahədə Qanunlarının müddəaları izah olunub, məsuliyyətləri barədə xəbərdarlıq edilib. Azyaşlının valideyni həyat yoldaşının vəfat etdiyini, ailəsinin başsız qaldığını və bu səbəbdən qızını ad etməyə razılıq verdiyini, qızının nikah yaşı çatdıqdan sonra nikaha daxil olmasına razılıq verəcəyini bildirib. Azyaşlı heç bir məcburiyyətin olmadığını, öz istəyi ilə söz kəsildiyini, söz kəsildiyi oğlanla aralarındakı yaş fərqinin ona heç bir narahatlıq yaratmadığını, nikah yaşı çatdıqdan sonra nikaha daxil olacağını deyib.

Komissiya azyaşlıya erkən nikahın fəsadlarını izah edib, təhsil almasını və nikah yaşı çatmamış nikaha daxil olmamasını tövsiyə edib. Eyni zamanda, nikaha məcbur ediləcəyi təqdirdə, Daxili İşlər Nazirliyinin “102” xidməti zəng mərkəzinə müraciət edə biləcəyi azyaşlıya bildirilib.
Düşmənin diversiya qrupu Laçın ərazisinə daxil oldu: saxlanılan varİyunun 8-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Laçın rayonu sahəsində əlverişsiz hava şəraitindən istifadə edən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu ərazimizə daxil olub.

Bu barədə Avrasiya.net-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələrinin sayıqlığı nəticəsində qrupun bir üzvü, hərbi qulluqçu Artur Kartanyan saxlanılıb. Qrupun digər üzvləri geri çəkilərək ərazini tərk edib.

Diversantın saxlanıldığı ərazinin koordinatları: X8610021, Y4387428.

İlkin araşdırmalara görə, düşmənin kəşfiyyat-diversiya qrupunun tapşırığı ərazilərimizin minalanması olub.

Hazırda qrupun saxlanılan üzvü haqqında məlumatlar dəqiqləşdirilir.
Əlilliklə bağlı yeni qaydalar TƏSDİQLƏNDİƏlilliyin təyin edilməsi ilə bağlı yeni qaydalar təsdiq edilib.

Avrasiya.net-in məlumatına görə, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna təklif olunan dəyişikliklərlə bağlı qanun layihəsi Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, əlillik dərəcəsinin təyin edilməsi ilə əlaqədar yeni qaydalara keçilir. Belə ki, artıq I, II və III qrup kimi əlillik göstəricisi olmayacaq.

Əlillik dərəcəsi orqanizmin funksiyasının itirmə dərəcəsinə görə, yəni faizlə müəyyən ediləcək. Orqanizmin funksiyasının 30-60 faiz itirilməsi III qrup, 60-80 faiz itirilməsi II qrup, 80-100 faiz itirilməsi isə I qrup hesab olunacaq.

Dəyişikliklər müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda təsdiq edilib.
Yeni qaydalar 2022-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək.
MEDİA müsabiqə elan etdiAzərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) fərdi jurnalist müsabiqəsinin keçirilməsi barədə elan verib.

Avrasiya.net xəbər verir ki, müsabiqənin keçirilməsində məqsəd dövlət və cəmiyyət üçün prioritet təşkil edən məsələlərin həllində jurnalistlərin potensialından səmərəli istifadə olunmasını təmin etmək, onların peşəkarlığının və məsuliyyətinin artmasına, fərdi bacarıqlarının təkmilləşməsinə şərait yaratmaq, jurnalist tədqiqatlarının aparılmasını stimullaşdırmaqdır.

Müsabiqədə kütləvi informasiya vasitəsinin məlumat toplamaq, hazırlamaq, redaktə və istehsal etməklə məşğul olan ştatlı müxbirləri və kütləvi informasiya vasitəsinin məlumat toplanması, hazırlanması və redaktəsi ilə bağlı tapşırıqlarını müntəzəm yerinə yetirən ştatdankənar müxbirləri iştirak edə bilərlər.

Çap mediası və onlayn media subyektlərində işləyən jurnalist müsabiqə elan olunan günədək son 3 (üç) aylıq dövr ərzində dərc olunmuş hər hansı bir yazısını aşağıdakı nominasiyalardan yalnız biri üzrə müsabiqəyə təqdim edir:

- ən yaxşı reportaj;

-ən yaxşı ictimai-siyasi təhlil;

- ən yaxşı sosial-iqtisadi təhlil;

- ən yaxşı müsahibə;

- ən yaxşı mədəniyyət materialı;

- ən yaxşı idman reportajı və ya təhlili;

- ən yaxşı bədii publisistika;

- ən yaxşı köşə yazısı;

- ən yaxşı jurnalist araşdırması;

- ən yaxşı oçerk

Audiovizual media subyektində işləyən jurnalist müsabiqə elan olunan günədək son 3 (üç) aylıq dövr ərzində yayımlanmış və həcmi (xronometrajı) ən çoxu 5 (beş) dəqiqə olan süjetini aşağıdakı nominasiyalardan yalnız biri üzrə müsabiqəyə təqdim edir:

- ən yaxşı ictimai-siyasi reportaj;

- ən yaxşı iqtisadi reportaj;

- ən yaxşı sosial reportaj;

- ən yaxşı mədəniyyət reportajı;

- ən yaxşı idman reportajı

Çap mediası subyektlərində işləyən jurnalistlər yazının dərc olunduğu qəzetin səhifəsini, onlayn media subyektlərində işləyən jurnalistlər isə həmin yazının dərc olunduğu veb-səhifənin ekran görüntüsünü (skrinşotunu) təqdim etməlidirlər. Audiovizual media subyektində işləyən jurnalistlər süjetləri efirdən kəsilmiş formada (süjetlərin efirdə yayımlanmış loqotipli variantını) elektron daşıyıcıda təqdim etməlidirlər. Müsabiqəyə təqdim edilmiş materialın müsabiqə elan olunan günədək son 3 aylıq dövr ərzində dərc olunmadığı və ya yayımlanmadığı aşkarlandıqda iştirakçı müsabiqədən kənarlaşdırılacaq.

Müsabiqəyə müraciət edən jurnalistlərdən aşağıdakılar tələb olunur:

- Müsabiqəyə müraciət forması (bütün bəndləri doldurulmuş və imzalanmış olmalıdır) (əlavə olunur);

- şəxsiyyət vəsiqəsinin ön və arxa hissəsinin surəti;

- ştatlı müxbirlər tərəfindən etibarlı olan jurnalist vəsiqəsinin surəti, ştatdankənar müxbirlər tərəfindən isə iş yerindən fotoşəkilli arayış (imzalı və möhürlü);

- jurnalistin bank rekvizitlərini əks etdirən sənəd;

- müsabiqə elan olunan günədək son 3 aylıq dövr ərzində dərc olunmuş və ya yayımlanmış material.

Materialların qiymətləndirilməsi müstəqil ekspertlər – müvafiq sahədə zəngin bilik və təcrübəyə, ictimai nüfuza malik, Müsabiqənin nəticəsində marağı olmayan peşəkar şəxslər tərəfindən həyata keçiriləcək.

Eyni material üç fərqli ekspert tərəfindən fərdi qaydada aşağıdakı meyarların hər biri üzrə ən aşağı “0”, ən yüksək “20” bal olmaqla qiymətləndirilir və hər bir material barədə əsaslandırılmış yazılı rəylər verilir:

- materialın orijinallığı;

- materialın jurnalistikanın ümumi prinsiplərinə uyğunluğu;

- materialın üslubi keyfiyyətləri, dilin norma və qaydalarına əməl olunması;

- plagiat və ya emal olunmamış informasiyanın (copy-paste) həcmi;

- materialın maarifləndirici əhəmiyyəti.

Audiovizual məhsulların qiymətləndirilməsi zamanı oların texniki tərtibatı da nəzərə alınacaq. Ekspertlər tərəfindən materiallara verilən fərdi qiymətlər Agentlik tərəfindən ümumiləşdirilir. Ekspertlər tərəfindən materiallara verilən fərdi qiymətlər Agentlik tərəfindən ümumiləşdirilərkən bir neçə material eyni bal toplayarsa, ekspertlərin müvafiq yazılı rəyləri nəzərə alınacaq. Müsabiqənin nəticəsi barədə məlumat Agentliyin rəsmi internet səhifəsində yerləşdirilir.

Müsabiqənin yekununda müəyyən edilmiş nominasiyalar üzrə qaliblər müəyyənləşəcək. Qalib jurnalistlərin hər biri 700 (yeddi yüz) manat, operatorların hər biri isə 350 (üç yüz əlli) manat məbləğində pul mükafatı ilə mükafatlandırılacaq. Pul mükafatları qaliblərin bank hesablarına köçürüləcək.

Detallar barədə bu link vasitəsilə tanış olmaq mümkündür.