Azərbaycan Ermənistanla bağlı 2-ci şikayətini göndərdiAzərbaycan işğaldan azad edilmiş ərazilərdə insanların həyatı üçün təhlükə yaradan minaların yerlərinə dair Ermənistanın müvafiq xəritələri təqdim etməkdən imtinası ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə (İHAM) dövlətlərarası şikayət göndərib.

Avrasiya.net xəbər verir ki, bu müraciət Ermənistana qarşı ikinci dövlətlərarası şikayət olmaqla bu ölkəyə beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə əməl etməsi istiqamətində təzyiqi artıracaq.

Ermənistan və Azərbaycan arasındakı bütün hərbi əməliyyatlara son qoymuş 2020-ci il 10 noyabr tarixli Birgə Bəyanatın imzalandığı vaxtdan etibarən Azərbaycan dəfələrlə Ermənistandan minalanmış ərazilərin xəritələrini verməyi tələb edib.

2021-ci ilin fevralında Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının Baş katibinə müraciət edərək Ermənistanın minalanmış ərazilər barədə məlumatları açıqlaması üçün edilən çağırışlara dəstək verilməsini xahiş edib.

Azərbaycanın İHAM yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov məsələ ilə bağlı bunları deyib:

“Ermənistanın minalanmış ərazilərin xəritələrini təqdim etməkdən imtinasının heç bir strateji, hüquqi və ya mənəvi əsasları yoxdur və yeganə məqsəd bölgədə Azərbaycan əhalisinin həyatına qəsd etməkdir. Həmçinin Ermənistanın hərəkətləri azad olunmuş torpaqlarda yaşayan ermənilərin həyatını təhlükə altına qoyur. Biz bir daha Ermənistandan minalanmış ərazilərin xəritələrini və digər müvafiq məlumatları təqdim etməklə beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə əməl etməyi tələb edirik. Ermənistanın bu vəziyyəti davam etdirməsi nəzərə alınaraq Avropa Məhkəməsini müdaxilə etməyə çağırırıq”.

Azərbaycanın insanların həyatını xilas etmək səylərinə kömək edə biləcək bu xəritələri və digər zəruri məlumatları Ermənistanın təqdim etməkdən imtinası Azərbaycan əhalisinin İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 2-ci və 8-ci maddələri, 1 saylı Protokolunun 1-ci maddəsi, 4 saylı Protokolunun 2(1) və 3(2) maddələrindən irəli gələn hüquqlarının ciddi şəkildə pozulmasına səbəb olur.

Ermənistan tərəfindən yerləşdirilən müxtəlif növ minalar və digər partlayıcı qurğular Birgə Bəyanat imzalandığı gündən bəri 120-dən çox insanın həlak olmasına və ya yaralanmasına səbəb olub. Birgə Bəyanat imzalandıqdan sonrakı 200 gün ərzində işğaldan azad edilmiş ərazilərdə təxminən 100 milyon kvadratmetr sahədə 35.000-dən çox minanın zərərsizləşdirilməsinə baxmayaraq, mina qurbanlarının sayı artmaqda davam edir. Minalanmış ərazilərin xəritələrinin təhvil verilməsindən imtina edilməsi Ermənistanın torpaqlarımızı işğal etməsi nəticəsində zorla öz yurdlarından ayrı düşmüş məcburi köçkün ailələrinin təxminən 30 il sonra öz evlərinə qaytarılması səylərinə də mane olur.
AzTV və Azərtac-ın əməkdaşları Kəlbəcərdə həlak oldular - FotoAzərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və “Azərtac”ın əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar.

AzTV-dən verilən məlumata görə, baş verən hadisə erməni vandalizminin və düşmənin mülki şəxslərə qarşı törətdiyi cinayətlərin daha bir nümunəsidir.

Azərbaycan Televiziya və Radio Verilişləri QSC adından hər iki həmkarımızın ailəsinə dərin hüznlə başsağlığı verir, onlara Allahdan rəhmət diləyirik!" - AzTV-nin yaydığı başsağlığında qeyd olunub.
Vaşinqton Çinlə uzunmüddətli mübarizəyə hazırlaşıb - ŞƏRHAmerika Birləşmiş Ştatlarının mübarizə apardığı iki ölkə var – Rusiya və Çin. Amerikada bu iki ölkədən hanısını özləri üçün daha təhlükəli sayırlar?

“Vaşinqtonda Rusiyanı SSRİ-nin varisi kimi qiymətləndirsələr də, bu ölkəni keçmiş sovetlər birliyindən zəif kimi dəyərləndirirlər. Çin Rusiyadan fərqli olaraq həm hərbi, həm də iqtisadi zəmində güclənməkdə davam edir. Əlbəttə, Çin Rusiya kimi qonşu ölkələrin torpaqlarını işğal etmir, ancaq Pekinin artan gücü onu əhatə edən ölkələri, o cümlədən ABŞ-ın ciddi narahat edir”.

Bu fikirləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib.

“Moskvada ABŞ-Çin qarşıdurmasını ciddi izləyir və analiz edirlər. Bu mənada Rusiyanın məşhur “Valday” diskussiya klubunun ABŞ-Çin münasibətləri barədə hazırladığı son hesabat diqqəti çəkir. Hesabatda qeyd edilir ki, ABŞ-la Çin arasında münasibətlər “soyuq müharibə” illərinin gərginliyini xatırlatmır. “Soyuq müharibə” illərində SSRİ ilə ABŞ arasında münasibətlər gərgin olsa da, hər ikisi müəyyən oyun qaydalarına tabe idi. ABŞ-Çin gərginliyi isə heç bir qaydalara tabe deyil. Hesabatda digər fərqlər də göstərilir:

“Birincisi, Çin keçmiş SSRİ-dən fərqli olaraq ABŞ-la açıq qarşıdurmaya can atmır.

İkincisi, Çin SSRİ-dən fərqli olaraq öz ideologiyasının ixracına çalışmır.

Üçüncüsü, hazırki mübarizədə ideoloji koalisiyalar yoxdur. Misal üçün Avropa İttifaqı ABŞ-ı dəstəkləsə də, Çinə qarşı koalisiyada yer almaq istəmir”.

Hesabatda ona da diqqət çəkilib ki, ABŞ-la Çin uzun illər möhkəm ticarət tərəfdaşı olublar: “Donald Tramp prezident seçildikdən sonra Vaşinqtonun Çinə siyasəti dəyişdi. ABŞ-ın 2017-ci ildə hazırladığı milli təhlükəsizlik strategiyasında Çindən gələn təhlükənin miqyası artırıldı. Çinin və Rusiyanın siyasəti Amerikanın maraqları və dəyərlərinə tamamilə tərs kimi qiymətləndirildi. Amerikada hesab edirlər ki, Çin regional layihələr və investisiyalar vasitəsilə başqalarını öz təsiri altına salmağa çalışır. Amerikada gəlinən bir başqa qənaət bundan ibarətdir ki, iki ölkə arasında diplomatik münasibətlərin qurulmasından 40 il keçdikdən sonra Çin Amerikanın liderliyinə, təhlükəsizliyinə və iqtisadiyyatına başlıca təhlükədir. Ona görə də bu ölkə hədəf alınmalıdır””,-E.Şahinoğlu deyib.

Ekspert bildirib ki, rusiyalı hesabat müəllifləri Amerikanın Çinə qarşı siyasətini bu şəkildə qiymətləndirirlər:

“Amerika Çinə təzyiqi davam etdirəcək. Vaşinqtonun əsas məqsədi ABŞ-ın dünyadakı hegemonluğuna mane olan Çinin təsir imkanlarını minimuma endirməkdir. Amerikanın beynəlxalq aləmə təsir imkanları azalmamalıdır. Buna baxmayaraq, Amerikanın Çinlə rəqabəti açıq qarşıdurmaya və hərbi münaqişəyə çevrilməyəcək”.

Hesabat müəllifləri Çinin Amerikaya meydan oxumasını aşağıdakı kimi sıralayıblar:

“Birincisi, Çin bazar iqtisadiyyatına malik dövlətlərlə ədalətsiz rəqabət aparır.

İkincisi, Pekin Amerikanın dəyərlərini aşağılamağa çalışır.

Üçüncüsü, Çin öz ordusunu və hərbi texnikasını gücləndirməklə məşğuldur”.

Həqiqətən əgər Çin keçmiş illərdə yalnız iqtisadiyyatını gücləndirməklə məşğul idisə, hazırda hərbi-sənaye kompleksini də sürətlə modernləşdirir. Bunu ilk anlayan Barak Obamanın administrasiyası oldu və müvafiq addımlar atmağa başladı. Hesabat müəllifləri hesab edirlər ki, ABŞ-Çin qarşıdurması uzun illər davam edəcək, nəticə isə bəlli deyil”.

E.Şahinoğluna görə, Çin keçmiş illərdə xarici siyasətdə ehtiyatlı idi, başqalarının işlərinə qarışmırdı.

“Başqa sözlə Çin xarici siyasətdə passiv idi. Ancaq 2000-ci illərdən başlayaraq durum dəyişdi. Çin hazırda ətraf aləmdə hegemoniyasını gücləndirməyə çalışır və azad cəmiyyətlərə müxtəlif təhlükələr yaradır. Bu təhlükəni Amerika ilə yanaşı, Avropa İttifaqı və Çinə qonşu olan Hindistan, Yaponiya və Avstraliya kimi dövlətlər də görür və birgə mübarizə metodları barədə düşünürlər.

Bəs “Valday” klubunun ekspertləri ABŞ-Çin qarşıdurmasının gələcəyini necə görürlər?

Hesabat müəllifləri hesab edirlər ki, Çin hərbi qüdrətini artırmaqda davam edəcək. Çin həmin qüdrətini zaman-zaman nümayiş etdirməyə də çalışacaq. Misal üçün Çin son bir neçə ildə Hindistanla sərhəddə toqquşmalara şərait yaradıb və nəticədə hər iki tərəfdən itkilər olub. Və ya Çin özünə yaxın adalarda hərbi istehkamlar qurur ki, bu həmin adalara yaxın olan Yaponiyanı ciddi narahat edir. Buna görə də Yaponiya İkinci Dünya Müharibəsindən sonra formalaşdırdığı pasifist Konstitusiyasında bəzi dəyişikliklər etməyə qərar verib. Həmin dəyişikliklərə görə Yaponiya ordusunu gücləndirmək hüququ əldə edəcək. Halbuki, İkinci Dünya Müharibəsindən sonra ABŞ Yaponiyaya böyük ordu saxlamağı qadağan etmişdi. Ancaq hazırda Amerikanın özü Çin təhlükəsi qarşısında Yaponiyanın güclü ordusunun olmasını zəruri sayır.

Rusiyalı müəlliflər adətən ABŞ-Çin qarşıdurmasının baiskarı kimi Vaşinqtonu göstərməyə çalışırlar. Bu belə olsaydı, Çinin siyasətindən yalnız Amerika narazı qalmalıydı. Məsələ burasındadır ki, Çinin siyasətindən narazı qalanların sayı çoxalır. Bu sıraya Çin hakimiyyətinin ölkədəki milli azlıqlara, o cümlədən uyğurlara qarşı yürütdüyü siyasəti də əlavə etmək lazımdır.

Beləliklə, beynəlxalq birlik və ekspert dairələri iki güc – ABŞ-la Çin arasındakı mübarizədə kimin qalib gələcəyəyini proqnozlaşdırmağa çalışırlar. SSRİ ilə mübarizədə ABŞ qalib gəldi. Çünki ABŞ SSRİ-ni daxildən zəiflətməyə nail oldu. Amerika Çinlə mübarizədə də eyni taktikadan istifadə etməyə çalışır. Ancaq Çinin müqaviməti daha uzun çəkəcək. Kreml bu mübarizədə Amerikanın qalib gəlməsini istəmir. Kreml eyni zamanda Çinin Rusiyadan üstün olmasında da maraqlı deyil”.
Ermənistan Ukraynanın ərazi bütövlüyünü TANIMIRErmənistan Ukraynanın ərazi bütövlüyünə qarşı addım atıb.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Rusiyanın 2014-cü ildə ilhaq etdiyi Krım yarımadasından Ermənistanın paytaxtı Yerevana reyslər açılacaq.

“Ermənistandan Krıma reyslərin açılmasını gözləyirik”-deyə Krımın rəhbəri Sergey Aksenov jurnalistlərə açıqlama verib.
“Bayraktar”lar Rusiya ətrafında strateji balansı dəyişdi - ABŞ nəşriQardaş Türkiyənin istehsal etdiyi və Azərbaycan ordusunun da silahlanmasında yer alan “Bayraktar TB2” döyüş pilotsuz təyyarələrinin 44 günlük Qarabağ müharibəsinin gedişatını dəyişdirməsi hələ də dünya mediasında müzakirə mövzusu olaraq qalmaqdadır.

Bu dəfə ABŞ-ın nüfuzlu “The Wall Street Journal” qəzetində “Bayraktar”ların regionda geosiyasi tarazlığı necə dəyişdirməsi barədə yazıb. “Ucuz başa gələn Türkiyə döyüş PUA-ları münaqişə bölgələrini və geosiyasəti yenidən formalaşdırır”,-məqalədə vurğulanır.

Nəşr yazır ki, dünya miqyasında kiçik ordular tam təchizatlı düşmənlərinə qarşı daha ucuz başa gələn hücum vasitələrinə malik olmağa çalışır. “Ötən il regional münaqişələrdə uğurlu olduğu sübut edilən bu yeni müharibə taktikası Türkiyə və Rusiyanın ətrafındakı strateji balansı dəyişdirdi”,-qəzet bildirir.

Məqalədə daha sonra deyilir ki, Türkiyənin istehsal etdiyi, maya dəyəri elə də yüksək olmayan, rəqəmsal texnologiyaya əsaslanan yeni müharibə aləti Rusiyanın Suriya, Liviya və Azərbaycanda himayə etdiyi müharibələrdə tankları, digər zirehli maşınları və hava hücumundan müdafiə sistemlərini dəmir yığınına çevirdi. “Bu döyüş PUA-ları ən azından, yüksək texnologiyaya əsaslanan və bahalı olan müharibə alətləri qədər effektlidir, amma daha ucuz başa gələn gələcəyə işarə edir”,-müəlliflər Ceyms Marson və Brett Forrest yazırlar.

Nəşr qeyd edir ki, təkbaşına və ya qrup şəklində uça bilən bu dronlar olduqca bahalı döyüş təyyarələrinin funksiyalarını yerinə yetirə bilirlər. “Onlar 24 saat havada qalaraq hava hücumundan müdafiə sistemlərindəki zəif nöqtləri aşkara çıxarır, həm döyüş təyyarələrinin onları hədəf almasına yardım edir, həm özləri raket atır”,-məqalədə deyilir.

Bildirilir ki, indiyədək ABŞ və İsrail döyüş PUA-ları sahəsində lider idilər. Lakin texnologiyanın inkişafı və rəqabət bahalı olmayan alternativlər ortaya çıxardı. Döyüş PUA-larının ən son standartı ötən il Türkiyədə meydana gəldi və onun adı “Bayraktar TB2”-DİR. ABŞ-ın MQ-9 “Reaper” döyüş PUA-sı ilə müqayisədə “Bayraktar TB2” daha yüngül silahlanıb, amma lazerlə yönləndirilən raketləri sayəsində hədəfə dəqiq zərbələr endirir.

Məqalədə deyilir ki, bu döyüş PUA-larının uğuru Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana çoxlu sayda əsgərini və bahalı hərbi avadanlıqlarını riskə atmadan regional təsirlərini artırmaqda yardım edib.

Nəşr “Bayraktar”ların ötən ilki Qarabağ müharibəsində də döyüşlərin gedişatını dəyişdirdiyini yazır. Bildirir ki, Türkiyə döyüş PUA-larının Ermənistan ordusunun hədəflərini vurduğuna dair görüntülər Azərbaycan Müdafiə Nazirliyi tərəfindən müharibənin gedişi zamanı hər gün yayılırdı. “Azərbaycan və Ermənistan təxminən 6 həftə döyüşdükdən sonra hər iki hökumətə yaxın olan Kreml noyabr ayında hərbi əməliyyatların dayandırılması üçün vasitəçilik etdi. Azərbaycan işğal edilmiş torpaqlarının çoxunu geri aldı”,-qəzet yazır.
(virtualaz.org)

Sərkisyan Nur-Sultana hansı dəstəyi almağa gedib?Ermənistan Prezidenti Armen Sərkisyanın bu səfərinin əsas məqsədi Qarabağ məsələsində dəstək almaqdır. Ancaq Ermənistanın Qazaxıstanın dəstəyinə ümid etməsi utopiyadır.

Bunu Axar.az-a açıqlamasında Ankara Böhran və Siyasi Araşdırmalar Mərkəzinin Orta Asiya üzrə mütəxəssisi Əmrah Qaya deyib. Onun sözlərinə görə, hər şeydən əvvəl Qazaxıstan Qafqaz bölgəsində sülh və sabitliyin təmin olunmasının tərəfdarıdır:

“Digər tərəfdən bölgədəki enerji xətlərinin təhlükəsizliyi və tranzit nəqliyyatın pozulmaması Nur-Sultanın əsas prioritetlərindən biridir. Qarabağdakı hadisələr araşdırıldığı zaman beynəlxalq hüquq normaları çərçivəsində Azərbaycanın haqlı olduğu və Qazaxıstanın bu çərçivədə bir siyasət izlədiyi görünür. Bundan əlavə, Qazaxıstan Azərbaycanın ərazi bütövlüyünü müdafiə edir, suverenliyini birmənalı şəkildə dəstəkləyir. Ölkələr arasında əlaqələr yüksələn xətlə inkişaf edir. Çünki Azərbaycan həm də Qazaxıstan üçün dünyaya açılan qapıdır”.

Ermənistanın KTMT-də təxribatçı roluna toxunan ekspert üzv dövlətlərlə Azərbaycanın münasibətlərinin yüksək səviyyədə olmasının bu təxribatların qarşısının alınmasında böyük rol oynadığını qeyd edib:

“Ermənistan İkinci Qarabağ müharibəsi zamanı və sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) aktivləşdirməyə çalışıb. Lakin təşkilatda heç bir dövlət və xüsusi nüfuza sahib olan Qazaxıstan bu məsələdə Ermənistanı dəstəkləmədi. Azərbaycan və Qazaxıstanın Türk Şurasının üzvü olması ikitərəfli münasibətlərin ortaq tarixi təmələ və dəyərlərə əsaslandığının göstəricisidir. Ortaq tarix və dəyərlər bu münasibətlərin strateji önəmini daha da artırır”.

Qayanın sözlərinin görə, Ermənistanın siyasətindəki qərbyönümlü meyillər Rusiyanın da milli təhlükəsizliyinə zərbədir:

“Hazırda Ermənistana güclü dəstək verən yeganə aktor Fransadır. Bu səbəbdən Sərkisyanın Qazaxıstanı deyil, Fransanı ziyarət etməsi daha doğru olardı”.

Qeyd edək ki, Armen Sərkisyan ötən gün Qazaxıstana işgüzar səfərə gedib.
Əkbərovun istintaqı yekunlaşdı: generalı həbs gözləyirRövşən Əkbərovun cinayət işi üzrə istintaq yekunlaşıb. Hazırda Rövşən Əkbərov vəkilləri ilə birgə barəsindəki cinayət işinin materialları ilə tanış olur. Onun əsas ortağı və dostu, sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkov isə hələlik azadlıqdadır.

Avrasiya.net Musavat.com-a istinadən xəbər verir ki, hər iki general 44 günlük Vətən müharibəsi dövründə vəzifələrindən uzaqlaşdırılıblar. Düşmən darmadağın edilərək üzərində qələbə qazanıldıqdan sonra Nəcməddin Sadıkovun sorağı Rusiyadan, Rövşən Əkbərovun xəbəri isə Ukraynadan gəlirdi.

2021-ci ilin martında Rövşən Əkbərov Azərbaycanda istintaqa dəvət olundu, Ukraynada 20 il əvvəl törətdiyi qətl işinə görə barəsində həbs-qətimkan tədbiri seçildi. Həmin günlərdə Nəcməddin Sadıkov Dubayda istirahətdə idi. Şortiklə, qolunda saat hovuzun kənarında gəzdiyi video ictimailəşmışdi. Belə xəbərlər vardı ki, Nəcməddin Sadıkov bu videonun yayılmasında maraqlı olib. Bu video ilə Nəcməddin Sadıkov toxunulmaz olduğu mesajını çatdırmaq istəyirmiş...

2001-ci ilin bu günlərində Rövşən Əkbərov biznesmen Elçin Əliyevin ürəyinə hərbi bıçaqla zərbə endirməklə onu öldürmüş, daha bir şəxsi vəhşicəsinə döyüb xəsarət yetirmişdi.

Qətldə əsas fiqurant olduğu bilinəndən sonra isə onun adı kef məclislərinin təşkilatçısı olaraq gündəmə gəlməyə başlamışdı. Halbuki həmin günlərdə Ukrayna prokurorluğunda Rövşən Əkbərovun barəsində ölüm işindən dolayı cinayət işi istintaq olunurdu. Elçin Əliyevin valdeynləri də Rövşən Əkbərovu qətldə suçlayırdılar.

Rövşən Əkbərov illərlə həbs olunmayacağına arxayınlığını gizlətməyib. Son illərdə isə istintaqa cəlbetmə müddətinin ötməsi Rövşən Əkbərovun cəzasız qalacağı haqda ictimai rəydə fikir formalaşdırmışdı. Buna baxmayaraq, Rövşən Əkbərov həbs olunudu.

Bu məqam Rövşən Əkbərovun həbsdən azad edilməsinə yol aça bilərmi? Cəlbetmə müddətinin ötməsi əsası ilə Rövşən Əkbərov barəsində çıxarılacaq məhkəmə hökmündən sonra azad edilə bilərmi?

Rövşən Əkbərovun cinayət dosyesi – Ukraynada ürəyinə bıçaq sancılan Elçin Əliyevin qətli açıqlacaqmı?

“Bakı Hüquq Şirkəti”nin rəhbəri Natiq Ələsgərov deyib ki, Elçin Əliyevin qətl işi üzrə Ukrayna prokurorluğunda ilkin olaraq qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.

“Rövşən Əkbərova Azərbaycan Cinayət Məcəlləsinin 12.1,120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham verilib. Cinayət Məcəlləsinin 12.1-ci maddəsi ölkə hüdudlarından kənarda cinayət törətməkdə təqsirləndirilən şəxslərin Azərbaycanda cinayət məsuliyyətinə cəlb edilməsinin əsaslarını nəzərdə tutur. Belə ki, Azərbaycan vətəndaşları ölkə hüdudlarından kənarda törətdikləri əmələ görə bu əməl həm Azərbaycanın, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, Azərbaycan Cinayət Məcəlləsi əsasında cinayət məsuliyyətinə cəlb edilirlər. Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsinə görə 14 ildən 20 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Xüsusilə ağır cinayət hesab edilən bu əmələ görə məsuliyyətə cəlbetmə müddəti 20 ildir. 221.3-cü (xuliqanlıq) maddəsində təqsirli bilinən şəxslər isə 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət qanunvericiliyinə əsasən, cinayətlərin məcmusuna görə cəza təyin edilərkən qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Hazırda istintaq 120.2.2 və 221.3-cü maddələri üzrə aparılır. 120.2.2 maddəsi xuliqanlıq niyyəti ilə adam öldürmədir. Yəni heç bir səbəb olmadan qətl törətmək. Bundan başqa, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə xuliqanlıq maddəsi ilə ittiham irəli sürülüb. Bu ittihamlar təsdiqlənərsə, Rövşən Əkbərova ağır cəza verilə bilər. İstintaqa cəlb etmə müddətinə gəlincə isə 120.2.2 maddəsi üzrə istintaqa cəlb etmə müddətinin təyini məhkəmənin səlahiyyətindədir. İttihama görə, Rövşən Əkbərov Elçin Əliyevi səbəbsiz öldürüb, digər şəxsi isə döyüb, xəsarət yetirib”.

Qeyd edək ki, Baş Prokurorluğun rəsmi məlumatına görə, Azərbaycan vətəndaşı, 1971-ci il təvəllüdlü, Əliyev Elçin Fəday oğlunun 1 iyun 2001-ci il tarixdə Ukrayna Respublikasının paytaxtı Kiyev şəhərində soyuq silahla qəsdən öldürülməsi faktı ilə bağlı Ukrayna prokurorluq orqanlarında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, bir sıra istintaq tədbirləri yerinə yetirilib, 2003-cü il tarixdə cinayətin törədilməsində Azərbaycan vətəndaşının şübhəli olması əsası ilə cinayət işi Azərbaycana göndərilib.

Həmin cinayət işi üzrə Azərbaycan Respublikasının Hərbi və Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində (əvvəlki) bir sıra istintaq hərəkətləri həyata keçirilib, lakin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyindən cinayət işi üzrə icraat dayandırılıb.

2020-ci il tarixdə cinayət işi Baş Prokurorluqda yenidən öyrənildikdən sonra Baş Prokurorluğun rəhbərliyi tərəfindən cinayət işi üzrə icraatın dayandırılması haqqında qərar ləğv edilməklə icraat təzələnib və Baş Prokurorluğun İstintaq İdarəsində çoxsaylı istintaq hərəkətləri aparılaraq iş üzrə kifayət qədər sübutlar toplanılaraq, həmin cinayət əməlinin Əkbərov Rövşən Telman oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Belə ki, Azərbaycan vətəndaşı, 1965-ci il təvəllüdlü, Əkbərov Rövşən Telman oğlunun 31.05.2001-ci il tarixdən 1 iyun 2001-ci il tarixə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat təxminən 3-4 radələrində həmin kafenin yaxınlığında Elçin Fəday oğlu Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə Elçin Əliyevin ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək sonuncunu qəsdən öldürməsinə şübhələr üçün əsaslar müəyyən edilib.

15 mart 2021-ci il tarixdə R.Əkbərov CM-in 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələrlə ittiham elan edilib və Baş Prokurorluğun təqdimatına əsasən Bakı Hərbi Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
“Zəngəzur dəhlizi məsələsində Ermənistanı bu dairələr qızışdırır”“İranın Zəngəzur dəhlizinin açılmasında maraqlı olmadığı haqda fikirləri əsaslı saymıram. Rusiyanın bu dəhlizin açılmasında maraqlı olması göz önündədir. Məsələn, bunu daha sadə şəkildə görmək üçün Moskvanın addımlarına baxmaq lazımdır. 10 noyabrda üçtərəfli saziş imzalandı. Həmin bəyanatda olan bir maddənin işləməsini sürətləndirmək məqsədilə Moskvada yanvarın 11-də görüş təşkil edildi. Həmin görüş zamanı imzalanan sənəddə kommunikasiyaların açılmasının hansı şəkildə həyata keçirilməsi öz əksini tapdı. Yəni Rusiya birmənalı şəkildə öz maraqlarını göstərdi. Amma bu maraqları təhlil edərkən görürük ki, rusların əsas üstünlük verdiyi hal Şimal-Cənub dəhlizinin işlək vəziyyətə gətirilməsidir. Unutmayaq ki, Zəngəzur dəhlizinin Naxçıvan hissəsinin Culfa tərəfindən dəmiryolu birləşməsi var. Bu baxımdan Rusiyanın dəmiryolları Azərbaycan dəmiryolları vasitəsilə İran dəmiryollarına birləşə bilsə, deməli bu, tranzit üçün yeni imkanlar açacaq. İran niyə bu imkandan imtina etsin?”

Bu fikirləri sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “İranın Zəngəzur dəhlizinin işləməsinə qarşı olduğu” haqda iddiaları şərh edərkən bildirib.

Sabiq diplomat deyib ki, Rusiyanın şimal hissədən - Baltik ölkələrindən və ya Skandinaviyadan dəmir yolları birbaşa Fars körfəzinə birləşəcək: “Burada İranın maraqları birmənalı görünür. Sadəcə mən istisna etmirəm ki, Ermənistanı bu məsələdə qıcıqlandıran bəzi qərb dairələrdir. Onlar İranın belə dəhlizdən yararlanmasını arzu etmirlər. Fikrimcə, belə oyun ola bilər. Ermənilərin dəstəyi təkcə diaspor məsələsi deyil. Mən buna qətiyyən inanmıram. Söhbət digər istəklərdən də gedir. Görürük ki, Ermənistanın rəhbərliyi sanki ortada qalıb. Bu dar gündə ona köməyə kim gələcək? Bir var bəyanat vermək, Prezident Emmanuel Makron bunu edir, Paşinyanla görüşdü və s. Amma Paşinyan İrəvana qayıdanda problemləri görür. Makron isə Parisdəki sarayında oturub. Paşinyan bəyanatların onlara heç nə vermədiyini anlayır. Onlar çox narahatdır ki, gələcəkdə necə olacaq. Amma görünən budur ki, onlar çox təhlükəli oyuna başlayıblar və bu, Ermənistana uğur gətirməyəcək”.
50 yaşlı kişi özünə 4 bıçaq zərbəsi vurduBakıda intihara cəhd hadisəsi baş verib.

Avrasiya.net xəbər verir ki, hadisə Xəzər rayonu, Binə qəsəbəsində qeydə alınıb.

1971-ci il təvəllüdlü Xanəliyev Əfqan Xanoğlan oğlu özünə bıçaqla xəsarətlər yetirib. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Müayinə zamanı onun bədənində 4 ədəd kəsilmiş bıçaq yaraları aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.
İnterpol rəisləri Ankaraya TOPLANIRTürkiyə Beynəlxalq Cinayət Polis İdarəsinin (İnterpol) 89-cu Baş Assambleyası iclasına ev sahibliyi edəcək.

Publika.az "TRT Haber"ə istinadla xəbər verir ki, bu barədə Xarici işlər nazirinin müavini Yavuz Səlim Kıran məlumat yayıb.

Bildirib ki, Türkiyə bununla təşkilatla münasibətlərini konstruktiv anlayışla davam etdirmək əzmində olduğunu növbəti dəfə təsdiqləyəcək.

Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisi (TBMM) Xarici İşlər Komitəsinin iyunun 2-də kemirilən iclasında, Türkiyə ilə Beynəlxalq Cinayət Polis İdarəsi (İnterpol) arasında 2021-ci ildə İstanbulda təşkil ediləcək 89-cu Baş Assambleya yığıncağı və İcraiyyə Komitəsinin iclaslarında Güzəştlər və imtiyazlara dair razılaşmanın təsdiq edilməsi məqsədəuyğun hesab edilib.

Xarici İşlər Nazirinin müavini Türkiyənin 194 üzvü olan İnterpolun qurucu üzvlərindən biri olduğuna diqqət çəkib və bütün ölkələrdən yüksək səviyyəli polis nümayəndələrinin qatıldığı Baş Məclisin ən yüksək səviyyəli səlahiyyətli orqan olduğunu vurğulayıb. İldə bir dəfə təşkil olunan Baş Məclisin iclaslarının beynəlxalq cinayətlərə qarşı təsirli mübarizə üçün həyata keçiriləsi tədbirlərin müzakirəsinə, problemlərin həllinə, yeni metod və texnikaların qiymətləndirilməsinə zəmin yaratdığını ifadə edib. Türkiyənin daha əvvəl də iki dəfə Baş Assambleya yığıncağına ev sahibliyi etdiyini xatırladıb.