"Lukoil" "Dostluq" yatağının operatoru olmaq istəyirRusiyanın "Lukoil" şirkəti Xəzər dənizinin Azərbaycan və Türkmənistan sektorlarının sərhədində yerləşən "Dostluq" neft və qaz kondensatı yatağına qoşulmaq istiqamətində danışıqlar aparır və yatağın operatoru olacağını gözləyir.

Avrasiya.net xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında şirkətin prezidenti Vahid Ələkbərov deyib.

Onun sözlərinə görə, hazırda "Dostluq" yatağı üzrə danışıqlar aparılır:

"Bu prosesdə fəal iştirak edirik. Həm Türkmənistan Prezidentinə, həm də Azərbaycan Prezidentinə "Lukoil" şirkətini bu işə cəlb etdiklərinə görə minnətdarıq. Növbəti hökumətlərarası saziş və hasilatın pay bölgüsü (PSA) müqaviləsi hazırlanır. Bu layihənin operatoru olmaq istəyirik, payı hələ bilmirik".

Xatırladaq ki, Azərbaycan və Türkmənistanın dəniz sərhədində yerləşən "Dostluq" neft və qaz kondensatı yatağı 1986-cı ildə Azərbaycan neftçiləri tərəfindən kəşf edilib. Cari il yanvarın 21-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu" imzalanıb.
Rövnəq Abdullayev beynəlxalq federasiyaya üzv seçildiBu gün Macarıstanın paytaxtı Budapeşt şəhərində Beynəlxalq Cüdo Federasiyasının (BCF) konqresi keçirilib.

Avrasiya.net xəbər verir ki, qurumun baş toplantısında bütün üzv ölkələrin nümayəndələri, İcraiyyə Komitəsinin üzvləri və digər rəsmilər iştirak ediblər. Ölkəmiz konqresdə Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı ilə təmsil olunub.

İlk olaraq Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizerin hesabat nitqi dinlənilib.

Həmçinin BCF Nizamnaməsinin nizam-intizam və etik kodla bağlı qanunvericilik maddələrində müəyyən dəyişikliklər qəbul olunub. Konqresdə beynəlxalq qurumun prezident seçkiləri baş tutub. Marius Vizer yeganə namizəd kimi yekdilliklə BCF-in prezidenti seçilib.

Daha sonra o, növbəti 4 il ərzində işləyəcəyi İcraiyyə Komitəsi üzvlərinin siyahısını Konqres iştirakçılarının diqqətinə çatdırıb. Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev 2-ci dəfə növbəti dörd il müddətinə Beynəlxalq Cüdo Federasiyasının İcraiyyə Komitəsinə üzv seçilib.
Azərbaycan Ağsaqqallar Şurasının şəhər və rayon təşkilatlarında  keçirilən seçkilər yekunlaşırAzərbaycan Ağsaqqallar Şurasının şəhər və rayon təşkilatlarında təşkilati məsələlərlə bağlı hesabat-seçki konfranslarının keçirilməsi yekunlaşmaq üzrədir. Artıq ölkənin əksər şəhər və rayonlarında xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla iclaslar keçirilib. Son olaraq Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, millət vəkili Eldar İbrahimovun iştirakı ilə mayın 26-da Sumqayıtda, iyunun 2-si və 3-ü isə müvafiq olaraq Bakının Səbail və Xətai rayonlarında yerli təşkilatların tədbirləri keçirilib. Pandemiya ilə əlaqədar karantin rejiminin qaydalarına uyğun şəkildə məhdud tərkibdə keçirilən bu toplantılarda ağsaqqallarla yanaşı şəhər, rayon rəhbərliklərinin nümayəndələri və ziyalılar iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Toplantılarda Vətən müharibəsində həlak olmuş şəhidlərin və dünyasını dəyişmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edərək Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin salamlarını tədbir iştirakçılarına çatdıran Respublika Ağsaqqallar Şurasının sədr müavini Eldar İbrahimov dövlət başçısı cənab İlham Əliyevin tövsiyəsi əsasında yeni formalaşmış Azərbaycan Ağsaqqallar Şurasının tərkibi, Əsasnaməsi və təşkilatın qarşısında duran vəzifələr barədə ətraflı məlumat verib. Sonra natiq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı mükəmməl daxili və xarici siyasətdən, uğurlu ordu quruculuğundan, ölkəmizin bütün sahələrdə davam edən hərtərəfli inkişafından bəhs edib. Qeyd olunub ki, Azərbaycan xalqının möhtəşəm vətənpərvərlik ruhu ilə Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşməsi və onun başçılığı altında şanlı Ordumuzun nümayiş etdirdiyi yüksək döyüş əzmi nəticəsində işğal altında olan əzəli və əbədi torpaqlarımız 44 gün ərzində azad edilib və artıq həmin torpaqlarımızda böyük vüsətlə bərpa-quruculuq işləri gedir.

Ümummilli lider Heydər Əliyevin ağsaqqallara verdiyi yüksək qiymətdən, onları “milli-mənəvi dəyərlərimizin qızıl fondu” adlandırmasından söz açan Eldar İbrahimov hazırda ölkə Prezidenti cənab İlham Əliyevin və Mehriban xanım Əliyevanın ağsaqqallarımıza və ziyalılarımıza yüksək diqqət və qayğı göstərdiyini vurğulayıb. Natiq, həmçinin, ağsaqqalların üzərinə düşən vəzifələrdən bəhs edərək, gənclərin xalqa, dövlətə sədaqət ruhunda, zərərli təsirlərdən uzaq olan sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara daim böyük ehtiyacın olduğunu konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirlərdə çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev və digər natiqlər ölkənin ictimai-siyasi həyatında ağsaqqalların daşıdığı əhəmiyyətli roldan və onların nüfuzundan danışıblar. Vurğulanıb ki, milli-mənəvi dəyərlərimizin qorunmasında və təbliğində, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsində ağsaqqallarımızın əməyi danılmazdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin başçılığı ilə müstəqil dövlətimizin tərəqqisi istiqamətində həyata keçirilən çoxşaxəli tədbirlərdən, bu tədbirlərin həyata keçirilməsində ağsaqqalların yaxından iştirak etməsindən bəhs edərək ölkəmizdə yaşlı nəslin nümayəndələrinə hər zaman yüksək dövlət qayğısının göstərildiyini qeyd ediblər. Respublika Ağsaqqallar Şurasının fəaliyyətinə uğurlar arzulayan natiqlər əmin olduqlarını bildiriblər ki, təşkilatda təmsil olunan tanınmış ziyalıların, elm, mədəniyyət və ictimai-siyasi xadimlərin dəstəyi ilə Azərbaycanda ağsaqqallıq institutunun fəaliyyəti və nüfuzu daha da yüksələcəkdir.

Sonra təşkilati məsələlərə baxılıb - yeni Əsasnamələr qəbul edilib, Müzəffər Gülümov Sumqayıt Şəhər Ağsaqqallar Şurasının, Baba Bayramlı Səbail Rayon Ağsaqqallar Şurasının, İzzət Rüstəmov isə Xətai Rayon Ağsaqqallar Şurasının sədri seçilib. Həmçinin İdarə Heyətinin və Təftiş Komissiyalarının yeni tərkibi də formalaşdırılıb.
Kim Çen İn İlham Əliyevə məktub göndərdiKoreya Xalq Demokratik Respublikası Dövlət Şurasının sədri Kim Çen İn Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Avrasiya.net məktubun mətnini təqdim edir:

"Hörmətli İlham Heydər oğlu.

Milli bayramınız - Respublika Günü münasibətilə Koreya Xalq Demokratik Respublikasının hökuməti və xalqı adından Sizə, ölkənizin hökumətinə və xalqına səmimi təbriklərimi çatdırıram.

Koreya və Azərbaycan xalqları müstəqillik, dostluq və qoşulmama ideallarını rəhbər tutaraq birlik və həmrəylik tellərini möhkəmləndiriblər.

Bu xoş fürsətdən istifadə edərək əmin olduğumu bildirirəm ki, Koreya ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətləri daha da genişlənəcək və inkişaf edəcək. Ölkənizin xalqına səmimi-qəlbdən əmin-amanlıq və firavanlıq arzu edirəm".

Gədəbəydə qadını tövləyə bağlayan şəxs tutulduGədəbəydə yaşlı qadına qarşı zorakılıq göstərən şəxs saxlanılıb.

Gədəbəyin İvanovka kəndində yaşayan, 1934-cü il təvəllüdlü Səkinə Həsənovanın tövlədə bağlanılaraq saxlanılması barədə sosial şəbəkələrdə görüntülər yayılıdqdan sonra Gədəbəy Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları dərhal həmin kəndə gələrək qadını kənd ərazisində gəzərkən aşkarlayıb, onun əqli və fiziki sağlamlığının yerində olmamasını müəyyən etdikdən sonra, aidiyyəti qurumlara məlumat verib.

Bildirilib ki, Səkinə Həsənova Göygöl rayonunda yerləşən 3 saylı psixo-nevroloji mərkəzinə yerləşdirilib.

Daha sonra qadının bağlanılması və zaman-zaman döyülməsi ilə bağlı RPŞ-də cinayət işi başlanılaraq istintaq-əməliyyat tədbirləri həyata keçirilib. Keçirilən tədbirlər nəticəsində Səkinə Həsənovanı tövləyə bağlamaqda şübhəli bilinən qohumu 1947-ci il təvəllüdlü Qəzənfər Hacıyev barəsində Cinayət Məcəlləsinin 145-ci (Qanunsuz azadlıq məhrum etmə) maddəsi ilə cinayət işi başlanılaraq rayon prokurorluğuna göndərilib.

Faktla bağlı Gədəbəy Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.(Report)
İlham Əliyev İsrailin yeni prezidentini təbrik etdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrail Dövlətinin yeni seçilmiş Prezidenti İsxak Hersoqa təbrik məktubu ünvanlayıb.

Avrasiya.net məktubun mətnini təqdim edir:

"Hörmətli cənab Hersoq,

İsrail Dövlətinin 11-ci Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Xalqlarımız arasındakı dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan Azərbaycan-İsrail münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. İnanıram ki, ikitərəfli əlaqələrimizin bütün sahələrdə genişləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Sizə ən xoş arzularımı yetirir, dost İsrail xalqının rifahı naminə qarşıdakı ali fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirəm".

Ermənilərin azərbaycanlı əsirlərə verdikləri işgəncələrə dünya susduÜçüncü Cenevrə Konvensiyası beynəlxalq münaqişə tərəflərindən bütün şəraitlərdə hərbi əsirlərlə insani davranış tələb edir.

Müharibə zamanı mülki əhalinin müdafiəsi üçün qəbul edilən Beynəlxalq hüquqi aktlar arasında quru əməliyyatlarının qanun və adətləri haqqında IV Haaqa Konvensiyası, Mülki əhalinin müdafiəsi haqqında IV Cenevrə Konvensiyası və ona əlavə edilən Protokol kimi sənədlər mövcuddur.

Lakin terrorçu ermənilər əsir götürdükləri azərbaycanlılara görünməyən işgəncələr verməklə bütün beynəlxalq konvensiyaları pozublar.

Bunu "Xalq Cəbhəsi"nə ALDP sədri Fuad Əliyev Birinci Qarabağ Müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş erməni yaraqlıları Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə keçirilən məhkəmə prosesinə münasibətində açıqlayıb.

Partiya sədri bildirib ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında olan materiallar sübut edir ki, Ermənistan tərəfi əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarına qarşı məqsədli soyqırımı siyasəti yeridir: "Yüzlərlə Azərbaycan vətəndaşı, o cümlədən uşaq, qadın və qocalar erməni əsir və girovluğunda dözülməz işgəncələrin qurbanı olub. Çoxsaylı faktlar göstərir ki, əsir və girovlara müxtəlif dəhşətli işgəncələr verilmiş-onlar vəhşicəsinə döyülmüş, qəsdən şikəst vəziyyətinə salınmış, sinələrinə qızdırılmış xaç nişanları ilə damğa basılmış, dırnaqları və dişləri çıxarılmış, yaralarına duz basılmış, ölənə qədər rezin və dəmir dəyənəklərlə döyülmüş, damarlarına benzin yeridilmişdir".

F.Əliyev ABŞ-da siyasi sığınacaq alan keçmiş hərbçi Mesrop Martirosyanın bir neçə il öncə ABŞ məhkəməsinə verdiyi ifadələrini xatlrladıb. O, qeyd edib ki, Ermənistanda və işğal olunmuş ərazilərdə azərbaycanlı əsirlər saxlanır və onların sayı çoxdur, həmin əsirlərə işgəncə verildiyinin şahidi olub.

Sitat: “Qonşu ölkələrdən birinin vətəndaşları Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunun Zod kəndi yaxınlığındakı ərazilərdə yerləşən mədənləri gəziblər. Ermənistanda mədənlərdə işləyən ac, səfil vəziyyətdə çoxlu insan görüblər. Dəmir məftillərlə çəpərlənmiş bölgədə işləyənlərin şəxsiyyəti ilə maraqlananlar heyrətə gəlib. Onlara rəhbərlik edən erməni, Zod qızıl mədənlərində işləyənlərin azərbaycanlı əsirlər olduğunu deyib.”

Bu sözlər işğal altında olan Qarabağda yaşyan ermənilərin Gürcüstana turist kimi gələnləri bildirmiş və qeyd etmişlər ki, Ermənistan və Qarabağda çox azərbaycanlı əsir saxlanılır. Onlar bildiriblər ki, əsir azərbaycanlıların bir qismi Kəlbəcərdə saxlanılır: “Bizə dedi ki, İrəvanda, Leninakanda, Gümrüdə də əsir azərbaycanlılar az deyil. Onlardan əsasən ağır fiziki işlərdə istifadə olunur. Təəssüf ki, fotoşəkillər çəkməyə imkan vermədilər. Yoxsa, gördüklərimizi lentə alıb, bütün dünyaya yayardıq”.

F.Əliyevin fikrincə, əsir və girov götürülən şəxslərin əksəriyyətinin Ermənistanın birbaşa nəzarəti altında insan alverinin qurbanına çevrildiyi, onların bəzilərinin bədən orqanlarının transplantasiya edilərək satıldığı, şəxsiyyətləri və ləyaqətlərinin alçaldıldığı artıq sübuta yetirilib. Əfsuslar olsun ki, müharibələrin acı nəticələrindən insanlarımızı qorumalı olan beynəlxalq humanitar hüquq hamımıza, bütün dünya dövlətlərinə, səlahiyyətli beynəlxalq təşkilatlara məxsus olsa da,
bu insanlığa yaraşmayan praktikaya qəsdən göz yumulur və reaksiya verilmir: "Tarixdə ermənilər kimi əsirlərə işgəncə verən ölkələr az olmayıb. Lakin tez ya gec həmin rəhbərlər Nürnberqdə, Haaqada cəzalandırılıblar. Vaxt gələcək Ermənistan kimi işğalçı ölkənin terrorçu rəhbərləri də bu məsələdə cavab verməli olacaqlar".
Rauf Dadaşova Speys TV-də yüksək vəzifə verilirÖtən gün “Speys” telekanalının icraçı direktoru Kamil Şahverdiyev kanalla yollarını ayırdığını bildirib.

Avrasiya.net Bizim.Media-ya istinadən xəbər verir ki, artıq K.Şahverdiyevi əvəz edəcək şəxsin adı da bəllidir. Bu posta ATV-nin keçmiş prezidenti Vüqar Qaradağlının qaynı Rauf Dadaşov gətirilir.

Xatırladaq ki, Vüqar Qaradağlı ATV telekanalında rəhbər olduğu zamanlar Rauf Dadaşov telekanalın vitse-prezidenti vəzifəsində çalışıb.

Qeyd edək ki, Azərbaycanın əməkdar incəsənət xadimi, ssenarist, kinoprodüser Müşfiq Hətəmov mayın 20-də “Speys” telekanalına rəhbər təyin olub.
Qadınla kişi yol polisinin üstünə bıçaq çəkdiAstara RPŞ-yə iyunun 1-də Ərçivan qəsəbəsi ərazisindəki mağazaların birindən 800 manat pul və sərinkeş oğurlanması barədə məlumat daxil olub.

Publika.az xəbər verir ki, Astara RPŞ və BDYPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinənlər - Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş M.Məmmədov və Qubadlı rayon sakini Ə.Aydınova saxlanılarkən onlar BDYPİ-nin əməkdaşlarını bıçaqla hədələyiblər.

Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə onlar zərərsizləşdirilib.
Sabiq məmurlar hazırda nə edir?Azərbaycanda uzun müddət vəzifədə olan, hər zaman haqqında çıxan xəbərlərlə, verdiyi açıqlamalarla gündəm yaradan məmurlar uzun müddətdir səssizliyi pozmurlar. Cəmiyyətdə korrupsioner və oliqarx kimi fenomenə çevrilən bu şəxslər hər nə qədər sabiq statusu qazansalar da, insanlara onların hazırkı həyatı da maraqlı gəlir.

Avrasiya.net Musavat.com-a istinadən xəbər verir ki, vəzifədən çıxarıldıqdan sonra da adı medianın gündəmindən düşməyən sabiqlərdən biri keçmiş nəqliyyat naziri Ziya Məmmədovdur. O, işdən çıxarılandan sonra müxtəlif obrazlarla, maraqlı açıqlamalarla gündəmə gəldi. Sabiq nazir gah şeir yazdı, gah namaz qılıb ibadət etməsi ilə bağlı açıqlama verdi. Onun bu açıqlamaları hər dəfə böyük səs-küyə, müzakirəyə səbəb oldu.

Qeyd edək ki, ölkənin ən varlı oliqarxlarından biri olmuş Ziya Məmmədov 2017-ci ildə postunu itirib, onun uzun illər rəhbərlik etdiyi sahədə yol verilmiş korrupsiya əməlləri ilə bağlı araşdırmalar yenilənib. Son olaraq isə Ucar rayonunda kənd təsərrüfatı ilə məşğul olduğunu, bir fermer həyatı yaşadığını bildirmişdi:

“Mən Ucardakı evimdəyəm, kənd təsərrüfatı ilə məşğulam, əkib-becərirəm. Artıq mənim başqa fəaliyyət növüm yoxdur. Rayonda arpa, buğda, yonca əkirəm. Mal-qaram var, dolanmaq lazımdır. İndiki dövrdə dolanmaq asan deyil. Təsərrüfatımda insanlar işləyir. Bu həmin ərazidə yaşayan insanların işlə təmin olunmasına dəstəkdir. Mən təbiətcə bekar qalmağı xoşlayan adam deyiləm. İşləmək istəyən insanlar üçün gözəl şərait qurulub. Cənab Prezidentə bu cür şərait qurduğuna görə təşəkkür edirəm”.

Bundan başqa, Ziya Məmmədovun oğlu Anar Məmmədovla birlikdə gah Koronavirusla Mübarizə Fonduna, gah Silahlı Qüvvələrə Yardım Fonduna ianə etməsi ilə bağlı da xəbərlər mətbuatda gedir.

Ziya Məmmədovun məşhur qudası, keçmiş kənd təsərrüfatı naziri, hazırda Dəniz Akademiyasının rektoru olan Heydər Əsədov da zamanında gündəmi az məşğul etmədi. Onun mülkləri ilə bağlı materiallar zaman-zaman mətbuatda yayılır. Məlumata görə, Heydər Əsədovun Rəsulzadə qəsəbəsindəki villalarından biri 5 mərtəbəlidir. İddiaya görə, tikintisi 6 milyon manata başa gələn bu villa 20 sot torpaq sahəsinin içərisində tikilib. Sabiq nazirin “Milyonerlər məhəlləsi”ndəki 3 mərtəbəli digər villasının isə 2 milyona başa gəldiyi qeyd edilir. Bundan başqa, Heydər Əsədovun Londonda xeyli mülkü və bahalı avtomobilləri olan Asif Əsədzadə adlı oğlu bir müddət əvvəl xarici mətbuatda London küçələrində Azərbaycana məxsus 90 HO 505 dövlət nömrə nişanlı “Porşe” markalı avtomobillə şütüməsi ilə gündəmə gəlmişdi. Heydər Əsədovun hazırda harada olması və “nə işlə məşğul olması” ilə bağlı ətraflı məlumatı isə blogger Mehman Hüseynov üzə çıxartmışdı. Onun araşdırmasına görə, 3 ildir Dəniz Akademiyasını təmir etdirən və tender maxinasiyaları ilə milyonlarla manatı mənimsəyən Heydər Əsədov milyonlarla dolları övladlarının əlləri ilə ölkədən çıxarır. Onun üç övladı var: Vaqif, Asif və Fəridə. Hər üç övladı bizneslə məşğuldu. Hər üç övladı dəbdəbəli həyat yaşayır. Hər üç övladının xarici vətəndaşlığı var. Heydər Əsədov da Bakıda dəbdəbəli həyat yaşayır.

İllər öncə vəzifədən çıxarılan, lakin törətdiyi əməllərlə təkrar-təkrar gündəmə gələnlərdən biri də “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sabiq sədri Arif Əsgərovdur. O son olaraq baldızı oğulları ilə öz oğlu Elnar Əsgərov arasındakı qalmaqalla gündəmə gəlmişdi.Məlumata görə, A.Əsgərovun baldızı oğulları Rahib və Emin Hüseynov qardaşları bir neçə ildir həbsdədir.

Ortaya çıxan fakt isə odur ki, Hüseynov qardaşlarından Rahib məhkəməsi davam edən ərəfədə ona vəkillik edən qadınla evlənib. Rəsmi nikah bağladıqdan sonra əmlaklarını onun adına keçirib. Sonra isə həmin qadın tərəfindən dələduzluğa məruz qalıb.

Qeyd edək ki, Arif Əsgərov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri olanda onun oğlu Elnar Əsgərov xarici ölkələrdən mal gətirərək atasının rəhbərlik etdiyi bu quruma satırmış. Xaricdən alınan mal QSC-yə dəyərindən 5-6 dəfə baha satılaraq dövlət büdcəsindən milyonlarla manat silinib. Elnar Əsgərov bu biznesini böyütmək üçün ayrı-ayrı şəxslərdən pul alaraq onları da bu işə şərik edib. Uzun illər bu sistemlə milyonlar qazanıblar. Amma sonradan işlər elə gətirib ki, alınan pullar geri qaytarılmayıb və pul sahibləri şikayətlər edib.

Bu zaman Elnar Əsgərov pulları özünün yox, xalasının oğulları Emin və Rahib tərəfindən ələ keçirildiyini deyib. Qardaşlar ortaya konkret faktlar qoysalar da, Hüseynov qardaşları dələduzluq və mənimsəmə ittihamları ilə həbs ediliblər. Elnar Əsgərov isə məhkəmədə yalnız şahid kimi ifadə verərək xalasının oğlanlarını günahkar göstərib. Qardaşlara ikinci zərbəni isə vəkil qadın vurub.

Göründüyü kimi, korrupsioner məmurlar və onların övladları istər vəzifə müddətində, istərsə də vəzifəsini itirdikdən sonra heç vaxt müsbət bir informasiya ilə, normal bir əməllə gündəmə gəlmir, həmişə adları müxtəlif qalmaqallarda, qara işlərdə çəkilir.

Barəsində tez-tez müxtəlif xəbərlər yayılan sabiqlərdən biri də uzun illər vergilər naziri vəzifəsində işləmiş Fazil Məmmədovdur. Onun səsi gah bahalı xəstəxanalardan gəlir, gah da adı hansısa imarətdə kef içində yaşaması barədə xəbərlərdə hallanır. Son bilgilərə görə, F.Məmmədov səksəkə içində yaşayır. Belə ki, Fazil Məmmədova yaxınlığı ilə seçilən şəxslərin barəsində araşdırma aparılması sabiq nazir üçün böyük başağrısına çevrilib. Söhbət Londonda gizlənərək, Azərbaycanda hüquq-mühafizə orqanlarından qaçan “ATABank”ın rəhbəri Qafar Qurbanovun qaranlıq əməllərindən gedir. Fazil Məmmədovun büdcədən mənimsədiyi milyonların xaricə çıxarılmasında Qafar Qurbanovun xüsusi rolu olduğu bilinməkdədir. Səlim Müslümovun həbsindən sonra Fazil Məmmədovun da qandallanacağı deyilir. Sabiq nazirin əlbirlərindən olan Şəmkir rayon icra başçısı Alimpaşa Məmmədovun həbsindən sonra bu təhlükənin daha da artdığı deyilir. Düzdür, indiyədək mediada F.Məmmədovla Alimpaşanın münasibətlərinin pisləşdiyi haqda yazılar dərc olunub. Amma deyilənlərə görə, bu, bir teatrdır. F.Məmmədov “vurulduqdan” sonra guya Alimpaşa Məmmədovla arasının dəydi xəbərləri bilərkdən yayılıb. İddialara görə, bu hiyləgərlik hər iki şəxsin özlərini və əmlaklarını qorumağa xidmət edirmiş.

Fazil Məmmədovun uzun illər qurduğu və sahibkarların qəniminə çevrilən korrupsiya şəbəkəsinin əsas idarəedicisi, hətta nazir işdən çıxarılandan sonra da onun mülklərini, biznesini idarə edən “sağ əli” Alimpaşa Məmmədovun həbsi F.Məmmədovun da Şəmkirdən birbaşa həbsxanaya gedən yolunu aça bilər. Çünki həbs olunan icra başçısı nazirin bütün sirlərinə vaqifdir və istintaqda müəyyən xal qazana bilmək üçün Fazil Məmmədovu sata da bilər.