"Son 15 ildə Azərbaycanın regiondakı nüfuzu sürətlə artıb"44 günlük Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünü təmin etməklə yanaşı, həm də regionda yeni reallıqlar yaratdı.

Qalib Azərbaycan dünyanın siyasi xəritəsində öz statusunu və rolunu artırdı. Artıq bütün dünya ölkələri Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdır. İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə Azərbaycanın əməkdaşlıq etdiyi prioritet ölkələr sırasına daxil olmaq üçün yalnız ABŞ və Rusiyanın deyil, həm də Çin və ABŞ-ın rəqabət aparması Azərbaycanın artan nüfuzundan və regiondakı rolundan xəbər verir.

Digər tərəfdən bir çox Avropa ölkələri də Azərbaycanla əməkdaşlığa ciddi səy göstərir. Təsadüfi deyil ki, bütün dünyanın marağında olan Zəngəzur dəhlizinin açılması Çin, Hindistan, Böyük Britaniya və digər Avropa ölkələrinin mətbuatında geniş şəkildə tirajlandı və bu layihənin icrasının nə dərəcə önəmli və vacib olduğu vurğulandı.

Bütün bunlar Azərbaycanın bölgədə yaratdığı yeni reallıqlar və sahib olduğu nüfuz, güc hesabınadır. Yeni reallıqlar digər dövlətlər üçün də əsas olacaq və Avropa ölkələri Azərbaycanın artan nüfuzundan istifadə etmək üçün regionda öz mövqelərini möhkəmləriməyə çalışacaqlar, əməkdaşlıqla maraqlı olacaq.

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev də məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında deyib ki, son 15 ildə Azərbaycanın regiondakı nüfuzu sürətlə artıb. Vətən müharibəsindən sonra isə Azərbaycanın regiondakı və dünyadakı daha da güclənir:

“Azərbaycan iqtisadi gücünə görə də kifayət qədər cəlbedici ölkədir. Azərbaycan vaxtı ilə uğurlu neft siyasəti ilə bir sıra dünya əhəmiyyətli layihə həyata keçirdi. Bundan sonra isə Asiya və Avropaya gedən neft-qaz və digər nəqliyyat infrastrukturlarında Azərbaycan iştirak etdi. Sözsüz ki, müharibədən sonra Azərbaycan daha da cəlbedici ölkəyə çevrildi, çünki artıq Qarabağ problemi yoxdur. Buna görə də ABŞ və Rusiya bölgədə öz mövqeylərini gücləndirməyə çalışır. Azərbaycan üçün daha əlverişi olacaq ki, Avropa ölkələri də regiona maraq göstərəcək. Bizim Ermənistan kimi mənfur qonşularımız var ki, onlar hələ də öz iddialarından əl çəkməyiblər. İstisna deyil ki, ermənilər gələcəkdə yenə də torpaq iddiasına düşsünlər. Amma Azərbaycanın iqtisadi baxımdan Qafqazın ən cəlbedici ölkəsi olması, Avropa ölkələrinin, ABŞ-ın, Rusiyanın, Çinin bölgədə olması qarant rolunu oynayacaq və ermənilər sərsəm iddialarından əl çəkəcəklər. Təbii ki, Azərbaycan ordusu hər zaman Ermənistana lazımı cavabı verməyə hazırdır”.

Partiya sədri əlavə edib ki, Azərbaycanın dünya üçün belə cəlbedici ölkəyə çevrilməsi isə ümumilikdə region ölkələrinin inkişafına səbəb olacaq:

“Əgər Ermənistan düzgün siyasət aparsa, təbii ki, bu layihələrdə iştirak edəcək. 10 noyabr üçlü bəyanatına görə, artıq Zəngəzur dəhlizinin açılması prosesi gedir. Əgər Ermənistan bəyanata sadiq qalarsa, bu layihədən xeyir götürəcək. Azərbaycanın regionda aparıcı olması göz qabağındadır və inanıram ki, bundan sonra daha da güclənəcək”.
"Biz müharibə dövründə də özümüzü ləyaqətlə aparmışıq"Biz müharibə dövründə də özümüzü ləyaqətlə aparmışıq və müharibənin bütün qaydalarına riayət etmişik. Məhz buna görə Ermənistan tərəfində mülki vətəndaşlar arasında itkilər həddindən artıq azdır. Biz ancaq işğalçı orduya qarşı mübarizə aparmışıq, müharibə aparmışıq. Dinc əhaliyə qarşı heç vaxt müharibə aparmamışıq. Ermənilərdən fərqli olaraq, soyqırımı törətməmişik və digər hərbi cinayətlər törətməmişik. Ancaq ermənilərin törətdikləri cinayətlər artıq bütün dünyaya bəllidir: Xocalı soyqırımı, digər kəndlərimizin sakinlərinin qətlə yetirilməsi, şəhərlərimizin dağıdılması. Baxın, görün, Ağdam şəhəri yoxdur, yoxdur. Bir bina da yoxdur. Bir Cümə məscidinin qalıqları qalıb. Onu da mən demişəm, onlar iki məqsəd üçün saxlamışdılar. Bir məqsəd o torpağa bağlı olan bir işarə idi. Yəni, artilleriya atəşinin tənzimlənməsi üçün lazım idi bu məntəqə, bu obyekt. İkinci məqsəd müşahidə məntəqəsi idi. Məscidin minarələrindən onlar müşahidə edirdilər. İndi mən müharibədən sonra Ağdama ikinci dəfə səfər edirəm.

Avrasiya.net xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimində deyib.

"Birinci dəfə Ağcabədi istiqamətindən gəldim. Bu dəfə isə Bərdə istiqamətindən gəldim. Hər iki istiqamət üzrə bir neçə müdafiə xətti var, istehkamlar var. Cümə məscidinin qalıqlarından başqa, bir dənə də salamat bina yoxdur. Bunu hansısa yad planetli, necə deyərlər, ünsürlər törətməyiblər. Bunu bizim qonşumuz olan, bizim çörəyimizi yeyən, bizim torpağımızda özünə yuva salan, ancaq bizə qarşı daim nifrət hissi ilə yaşayan ermənilər törədiblər. Bu dağıntılar Birinci Qarabağ müharibəsindən sonra törədildi. Bu, ikinci müharibə dövründə törədilən dağıntılar deyil. Bizim bütün maddi sərvətimiz məqsədyönlü şəkildə dağıdıldı, talan edildi. Tarixi-dini abidələrimiz söküldü. Bunun da bir neçə məqsədi var idi. Birincisi, bizə olan nifrət. İkincisi, Azərbaycan xalqının mədəni irsini bu torpaqlardan silmək məqsədi və əlbəttə ki, gələcəkdə elə bir vəziyyət yaratmaq ki, Azərbaycan əhalisi bu torpaqlara qayıda bilməsin.

Ancaq səhv etdilər. Onlar dərk edə bilmədilər ki, bizim üçün, xalqımız üçün torpaqlarımızın işğaldan azad edilməsi ümummilli məsələdir və heç vaxt biz bu vəziyyətlə barışmadıq və bunu açıq bəyan edirdik. İkinci Qarabağ müharibəsi bir daha Azərbaycan xalqının əzmini, iradəsini göstərdi, bütün dünyaya göstərdi və bu şanlı Qələbə tarixdə əbədi qalacaqdır. Bundan sonra Azərbaycan dövləti qalib dövlət kimi inkişaf edəcək. Azərbaycan xalqı müzəffər xalq kimi yaşayacaq, qürur hissi ilə yaşayacaq. Ermənistan isə məğlub edilmiş dövlətdir və bizim işğal altında olan torpaqlarda törədilmiş vəhşilik o erməni lobbi təşkilatlarının öz xalqı haqqında yaratdıqları mifologiyaya da son qoydu. Çünki bu dağıntıları törədən vəhşidir. Bunun başqa adı yoxdur. Təkcə bura deyil, azad edilmiş bütün torpaqlarda mənzərə eynidir. Mən maşınla yüz kilometrlərlə torpaqları gəzərkən gördüm ki, sağda-solda hər şey dağıdılıb, talan edilib. Sanki bu torpaqlardan vəhşi qəbilə keçib. Mən bunu demişəm, bir daha burada Respublika Günündə Ağdam şəhərində demək istəyirəm, bizim müharibəmiz təkcə faşist Ermənistan dövlətinə qarşı deyildi, bizim müharibəmiz faşizm əleyhinə müharibədir. Bizim qələbəmiz göstərir ki, bütün faşistlərin aqibəti, bax, ermənilərin aqibətinə bənzər olacaq", - dövlət başçısı vurğulayıb.
Riyaz Sarıkahya Azərbaycan xalqını təbrik edibİraq Türkməneli Partiyasının başqanı Riyaz Sarıkahya 28 May-Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Partiya sədri bildirib ki, hər bir xalqın, millətin öz müstəqilliyi və azadlığı uğrunda apardığı şərəfli mübarizələr tarixi var. Azərbaycan xalqı da həmişə müstəqil yaşamaq, başqasının əlinə baxmamaq üçün mübarizə aparıb.

R.Sarıkahya bildirib ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi əbədi daxil olub. Belə ki, İstiqlal Bəyannaməsi bütün türk-müsəlman dünyasında, ümumiyyətlə bütün Şərqdə ilk dəfə olaraq Azərbaycanda ən demokratik respublika idarə üsulunun - parlamentli respublikanın yaradılmasının təməlini qoydu.

1918-ci il 28 may tarixində qurulan Azərbaycan Xalq Cumhüriyyəti müxtəlif səbəblərdən cəmi 23 ay yaşasa da xalqın mübarizliyi və həmrəyliyini sübut etmiş oldu. Bu müsəlman aləmində ilk demokratik respublika kimi tarixə düşüb. 23 ay ərzində Azərbaycanda Xalq Cümhuriyyəti bütün sahələrdə demokratik dəyişikliklərə və nailiyyətlərə sahib ola bildi. Dövlət bayrağı, Azərbaycan vətəndaşlığı təsis edilmiş, 200-dən çox qanun, onların arasında qadınlara səsvermə hüququ verən qanun qəbul edilmiş, Bakı Dövlət Universiteti, milli ordu yaradılmış və Qafqaz İslam Ordusu ilə birlikdə Bakını işğalçılardan azad etmişdir və. s

R.Sarıkahya onu da qeyd edib ki, bu gün də Azərbaycan etibarlı əllərdədir. Müasir Azərbaycanın banisi ümummilli lider H.Əliyevin layiqli davamçısı prezident İlham Əliyevin apardığı uğurlu siyasəti nəticəsində Azərbaycan dünyanın inkişaf edən ölkələr sırasındadır. Azərbaycan ildən-ilə güclənir, inkişaf edir, qüdrətlənir, demokratikləşir.

R.Sarıkahya ölkə Prezidentinə, Azərbaycan xalqına uğurlar, xoşbəxtlik, qardaş Azərbaycan Respublikası hökumətinə və xalqına daha böyük inkişaf və firavanlıq arzulayıb.
Elə bir Ağdam quracağıq ki... - İlham ƏliyevBu gün Respublika Gününü biz Ağdamda, Ağdam şəhərində qeyd edirik. Bunun çox böyük rəmzi mənası var. Ağdam şəhərinin Baş Planı bu gün təsdiq ediləcək. Bu Baş Plan mənə təqdim edilmişdir. Biz bir müddət bu plan üzərində işləyirdik və istərdim ki, Ağdam rayonunun tanınmış şəxsləri Baş Planla tanış olsunlar, öz fikirlərini bildirsinlər və sizin iştirakınızla biz bu gün bu gözəl mərasimi keçirək.

Avrasiya.net xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimində deyib.

"Bu mərasim üçün, bu görüş üçün başqa vaxt da müəyyən oluna bilərdi. Ancaq mən hesab etdim ki, ən düzgün tarix bizim milli bayramımız olan Respublika Günüdür, müstəqillik günüdür. Çünki bu gün burada olmağımız bir daha müstəqilliyimizin nə qədər güclü olmasını göstərir. Əgər biz güclü müstəqil dövlət qurmasaydıq, öz tarixi torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Ancaq güclü Azərbaycan, müstəqil Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət aparan Azərbaycan bu tarixi missiyanı şərəflə yerinə yetirdi. Ağdam şəhərinin bərpasının başlanğıcı bu gün baş verir, Respublika Günündə. Əminəm ki, bütün nəzərdə tutulmuş planlar Baş Plan əsasında icra ediləcək və Ağdam şəhəri yenidən qurulacaq.

Mən Ağdam rayonunda işğal dövründə doqquz dəfə olmuşam. Bildiyiniz kimi, şəhər işğal altında olduğu üçün rayonun mərkəzini biz Quzanlı qəsəbəsində müəyyən etdik. Quzanlı və digər kəndlərdə dəfələrlə olmuşam. Bu ərazi ilə bağlı bir çox tədbirlər keçirilmişdir. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası nəticəsində Ağdam rayonunun quruculuqla bağlı inkişaf planları təsdiq edilmişdir. Burada bir çox sosial layihələr icra edildi, bir çox məktəblər, Muğam Mərkəzi, uşaq xəstəxanası, mərkəzi rayon xəstəxanası, Olimpiya Mərkəzi, infrastruktur layihələri icra edilmişdir və deyə bilərəm ki, ölkə üzrə olan göstəricilərdən daha da yüksək göstəricilər burada var. Qazlaşdırma təxminən 100 faizdir, elektrik enerjisi, su ilə təchizat təmin edilmiş, 150-dən çox artezian quyusu qazılmışdır. Çünki mənfur düşmən bu bölgəni sudan da məhrum etmişdi. Bir sözlə, işğal dövründə Ağdam rayonunun inkişafı ilə bağlı çox ciddi addımlar atılmışdır. Ağdamdan olan məcburi köçkünlərlə dəfələrlə görüşlər əsnasında deyirdim ki, torpaqlarımız, Ağdam şəhəri və bütün rayon azad olunandan sonra daha da gözəl şərait yaradılacaq. Bu gün sizə təqdim ediləcək Ağdam şəhərinin Baş Planı bu sözümün təsdiqidir. Biz elə bir şəhər quracağıq, elə bir Ağdam quracağıq ki, bütün dünya üçün örnək olacaqdır.

İşğal dövründə Ağdam şəhərinin dağıntılarını, o şəhərin bir hissəsini mən təmas xəttində dəfələrlə olarkən binokl ilə görürdüm. Hər dəfə, bax, təmas xəttində olarkən və bu dağıntıları uzaqdan seyr edərkən öz-özümə deyirdim ki, biz mütləq qayıdacağıq. Nəyin bahasına olursa-olsun qayıdacağıq. Tarixi ədaləti bərpa edəcəyik. Düşməni torpağımızdan qovacağıq və buna nail olduq.

Çalışırdıq ki, bunu sülh yolu ilə həll edək. Ancaq Azərbaycan vətəndaşları yaxşı bilirlər ki, sülh danışıqları, sadəcə olaraq, status-kvonun əbədi olmasına istiqamətləndirilmişdi. Əfsuslar olsun ki, bu məsələ ilə məşğul olan vasitəçilər 30 ilə yaxın davam edən danışıqlar müddətində aqressora – işğalçıya təzyiq göstərmədilər, onları məcbur etmədilər, onlara sanksiyalar tətbiq etmədilər. Açıq-aydın demədilər ki, işğalçı qüvvələr Azərbaycan torpağından çıxmalıdır. Aqressor təbii olaraq, daha da azğınlaşırdı, daha da qudururdu və bu torpaqları əbədi işğal altında saxlamaq istəyirdi və bu, sirr deyil", - dövlət başçısı qeyd edib.
"Respublika Gününün ərazi bütövlüyümüzün bərpa edilməsi şəraitində qeyd olunması qürurvericidir"Bu gün Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 103 il ötür. Azərbaycan tarixinin şanlı səhifələrindən olan, xalqımızın milli azadlıq mücadiləsinin nəticəsi sayılan Cümhuriyyət müasir dövlətçilik tariximizdə mühüm yerə malikdir. 23 ay mövcud olmasına baxmayaraq, Xalq Cümhuriyyəti Şərqin siyasi həyatında mühüm rol oynadı, məhz onun fəaliyyəti sayəsində dövlətçilik tariximizin əsasları daha da zənginləşdi. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və iki il ərzində fəaliyyəti tarixi hadisə idi.

Cümhuriyyət dövlət quruculuğu sahəsində mühüm qərarları ilə yadda qaldı. Uğurlu xarici siyasət yürütməsi Xalq Cümhuriyyətini beynəlxalq miqyasda tanınmasını şərtləndirdi. Fövqəladə dərəcədə çətin və mürəkkəb şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti demokratik inkişaf yolu tutdu. 1918-ci ilin dekabr ayının 7-də Azərbaycan Parlamentinin təntənəli açılışı oldu. Bu, bütün müsəlman Şərqində o dövrün demokratik prinsipləri əsasında formalaşdırılan ilk parlament idi. Gəncə şəhərində fəaliyyət göstərən parlamentin Azərbaycan tarixində böyük xidmətləri var.

Avrasiya.net xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

M.Cəfərov vurğulayıb ki, Cümhuriyyət xalqımızın son 400 illik tarixi ərzində ilk dəfə olaraq Azərbaycan dilinə dövlət dili statusu verdi və digər dövlət orqanları ilə yanaşı, məhkəmə sisteminin də dövlət dilində fəaliyyət göstərməsi haqqında qərar qəbul etdi. Cümhuriyyətin ömrü az olsa da, gələcək nəsillərə güclü dövlətçilik ənənələri qoyub. Deputat deyib: “Azərbaycan dövləti Cümhuriyyət tarixi və dəyərlərinə böyük ehtiramla yanaşır. Bu gün AXC-nin Azərbaycanın dövlətçilik tarixindəki rolu daim xatırlanır, Cümhuriyyət rəhbərlərinin xatirəsi əziz tutulur. Azərbaycan dövlətçiliyini, milli maraqlarımızı hər şeydən üstün tutan böyük dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyev hər zaman Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin müstəqillik tarixində mühüm yerə malik olduğunu bildirirdi. Məhz ümummilli lider Heydər Əliyevin 1 fevral 2003-cü il tarixli Sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldılıb. Bundan başqa, 2007-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə İstiqlaliyyət küçəsində Xalq Cümhuriyyətinin şərəfinə İstiqlal bəyannaməsi abidəsi ucaldılıb”.

“Babalarımızın bizə miras qoyduğu demokratik dəyərlərə sadiq olan Azərbaycan gündən-günə inkişaf edir və möhkəmlənir. Təsadüfi deyil ki, bu gün Azərbaycan dünya miqyasında yüksək beynəlxalq nüfuza malik olan demokratik ölkə kimi tanınır. 2003-cü ildən sonrakı dövrdə Prezident İlham Əliyevin Azərbaycanın hərtərəfli inkişafını təmin edən məqsədyönlü və düşünülmüş siyasətinin uğurlarını hamımız görürük və bunu danmaq mümkün deyil. Məhz dövlət başçımızın müdrik və uzaqgörən siyasəti nəticəsində tarixin ən güclü Azərbaycan dövləti bərqərar olub və 2020-ci ildə 44 günlük qısa zaman kəsiyində öz ərazi bütövlüyünü bərpa edib. Azərbaycan hazırda regional lider statusuna malikdir və regional müstəvidən qlobal müstəviyə doğru inamla irəliləyir”, - deyə Müşfiq Cəfərov diqqətə çatdırıb.
Deputat vurğulayıb ki, son 30 ildə ilk dəfə Respublika Gününün ərazi bütövlüyünün bərpa olunması şəraitində qeyd olunması qürurvericidir.

Bu günə olan yoluxma sayı açıqlandı - 5 ölümAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 242 yeni yoluxma faktı qeydə alınıb, 392 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.


Azərbaycanda indiyədək ümumilikdə 333559 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 323198 nəfər müalicə olunaraq sağalıb, 4896 nəfər vəfat edib, aktiv xəstə sayı 5465 nəfərdir.

Ölkədə son sutka ərzində 10254 hazırkı dövrədək isə 3496635 test aparılıb.
Cəlilabadda su üstündə qan töküldü: yaralılar varCəlilabad rayonunda kütləvi dava olub.

Avrasiya.net Report-a istinadla xəbər verir ki, hadisə rayonun Alar kəndi ərazisindəki əkin sahəsində baş verib.

Belə ki, kənd sakiniləri - 1991-ci il təvəllüdlü Hüseynov Xalid Hakim oğlu və 1996-cı il təvəllüdlü Balakişiyev Salam Rizvan oğlu döyülüb.

Şahidlərin bildirdiyinə görə, hər iki şəxs əkin sahəsinə su gəlmədiyi üçün suyun mənbəyinə doğru gedib. Daha sonra X.Hüseynov və S.Balakişiyevin orada olan bir neçə şəxslə aralarında mübahisə yaranıb. Nəticədə X.Hüseynovla S.Balakişiyev döyülüb.

Yaralılar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hadisə ilə bağlı DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev bildirib ki, faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır: "Təyin edilmiş müvafiq ekspertizanın və aparılacaq araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".
Komitə sədri Azərbaycan xalqını təbrik edibSadiq Qurbanov
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri


Dəyərli həmvətənlər!

Sizi, başda cənab prezident İlham Əliyev və Birinci vitse-prezidentimiz Mehriban xanım olmaqla 28 May-Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm!

Tarixdən bildiyimiz kimi hər bir xalqın, millətin öz müstəqilliyi və bütövlüyü uğrunda apardığı şərəfli mübarizələr tarixi var. Azərbaycan xalqı da həmişə müstəqil yaşamaq, taleyinin sahibi olmaq, öz dövlətini qurmaq arzusu ilə yaşamışdır. Dövlətçilik tariximizdə Azərbaycan torpaqlarında yaradılmış Eldəgizlər, Şirvanşahlar, Ağqoyunlu, Qaraqoyunlu, Səfəvilər kimi dövlətlərinin olması və mənəvi atributumuz olan dilimizə sahib çıxmağımız dediklərimizə əyani bir sübutdur. Bu da bir taledir ki, XX əsr ərzində iki dəfə müasir anlamda beynəlxalq hüquqla tanınan müstəqil dövlət qurmaq imkanı qazandıq.

Bildiyimiz kimi 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi əbədi daxil olmuşdur. Belə ki, İstiqlal Bəyannaməsi bütün türk-müsəlman dünyasında, ümumiyyətlə bütün Şərqdə ilk dəfə olaraq Azərbaycanda ən demokratik respublika idarə üsulunun - parlamentli respublikanın yaradılmasının təməlini qoydu.

İstiqlal Bəyannaməsində deyilirdi:
1. Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyət haqqına malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir.
2. Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir.
3. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir.
4. Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir.
5. Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır.
6. Müəssislər Məclisi toplanana qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan Müvəqqəti hökumət durur.

Təəssüf ki, 1918-ci il 28 may tarixində qurulan Azərbaycan Xalq Cumhüriyyəti müxtəlif səbəblərdən cəmi 23 ay yaşaya bildi. Amma Cümhuriyyətin yaradılması tarixi hadisə idi, çünki ilk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdı. Biz eyni zamanda fəxr edirik ki, təqribən dünyanın üçdə birini təşkil edən müsəlman aləmində ilk demokratik respublikanın yaradılmasının müəllifi məhz Azərbaycan xalqı olmuşdur.

Demokratik Respublikanın 23 ay yaşamasına rəğmən qısa zaman kəsiyində çox böyük işlər görə bilmişdir. Dövlət bayrağı, Azərbaycan vətəndaşlığı təsis edilmiş, 200-dən çox qanun, onların arasında qadınlara səsvermə hüququ verən qanun qəbul edilmiş, Bakı Dövlət Universiteti, milli ordu yaradılmış və Qafqaz İslam Ordusu ilə birlikdə Bakını işğalçılardan azad etmişdir və. s

Amma çox təəssüf ki, 1918-ci ildə qaldırılmış bayraq 1920-ci ildə endirildi və yeni qurulmuş respublika süqut etdi. Bu süqut bir daha onu sübut etdi ki, müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən daha çətin işdir.
Azadlıq ruhunu daimi yaşadan xalqımız yalnız bundan 70 il sonra öz milli müstəqilliyini yenidən bərpa etmək imkanı əldə edə bildi. Tarixi şərait bizə ikinci dəfə bu imkanı yaratdı. Lakin bu dövr elə bir zamana təsadüf edirdi ki, Azərbaycan beynəlxalq sahədə təklənmiş, Türkiyə istisna olmaqla başqa xarici dövlətlərdən dəstək ala bilmirdi, hətta informasiya qıtlığı üzündən ABŞ konqresi təcavüzə məruz qalmış Azərbaycana Ermənistanı guya «blokada»ya aldığına görə 1992-ci ildə «Azadlığı müdafiə aktı»na 907 saylı əlavəsini tətbiq etmişdi.

Belə bir dövrdə qazanılmış müstəqilliyimizi bir daha itirməmək üçün Azərbaycan xalqının öndə gedən ziyalıları yeganə cıxış yolunu Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışında görürdülər və ziyalılarımız, xalqımız gözəl bilirdi ki, düşdüyümüz bu çıxılmaz vəziyyətdən başqa çıxış yolu yoxdur. Çünki Ümummilli Liderimiz fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət etmiş, Azərbaycan torpağının, Azərbaycan dövlətinin, Azərbaycan xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışmış, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, demokratiyanın genişləndirilməsi, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün mümkün ola bilən hər bir işi görmüşdür.

Onun gücü hər kəsə bəlli idi.

Bu güc ikinci dəfə xalqın gücü ilə birləşdikdən sonra qarşısıalınmaz bir qüvvəyə çevrilərək, dağılmaq üzrə olan bir məmləkəti, sabit inkişaf edən bir ölkəyə çevirdi.
Xüsusi olaraq onu da qeyd etməliyəm ki, 1993-cü ilə qədər müstəqilliyimiz formal xarakter daşıyırdı, ölkəmiz müstəqil siyasət apara bilmirdi. Bu dövrlər idi ki, Heydər Əliyevin paytaxta gəlməsini istəməyən o vaxtkı siyasi hakimiyyət onun Naxçıvandakı fəaliyyətini qısqanclıqla uzaqdan izləyir və əks tədbirlər görürdülər. Ümummilli Liderimiz isə bütün bunlara fikir verməyərək milli dövlətçilik ənənələrinin bərpa olunması yönündə işlər aparırdı.

Belə ki, görülən işlər arasında Muxtar Respublikanın dövlət rəmzlərinin bərpa olunması və milliləşdirmə siyasətinin həyata keçirilməsi vurğulanmalıdır. 17 noyabr 1990-cı il tarixində Naxçıvan Ali Məclisinin I sessiyasında ilk dəfə olaraq üçrəngli bayrağımız qaldırıldı. Milli bayraq məsələsi ilə əlaqədar 2 bəndlik qərar qəbul edildi. Bununla yanaşı, Naxçıvan MSSR adından "Sovet" və "Sosialist" sözləri çıxarıldı. Eyni zamanda, Naxçıvanda Kommunist Partiyasının fəaliyyəti dayandırıldı və Sovet ordusu, əsgəri birlikləri Naxçıvan MR ərazisindən çıxarıldı. SSRİ-nin mövcud olduğu bir dövrdə belə bir qərarın qəbul və icra edilməsi olduqca yüksək siyasi səriştə və cəsarət tələb edirdi.

Heydər Əliyevin xalq qarşısında xidmətlərindən biri də o idi ki, ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan əsl müstəqillik yoluna qədəm qoydu. Həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə çox ciddi islahatlar apardı. Danılmaz faktır ki, müasir, müstəqil Azərbaycanın həyatının ən möhtəşəm anlarını, uğurlarını və tarixi qələbələrini məhz ümummilli liderimiz Heydər Əliyev və onun layiqli varisi İlham Əliyev yazıb.

Ümummilli Liderimiz müstəqil Azərbaycan dövlətini qurdu, onun layiqli davamçısı isə torpaqlarımızı 30 illik işğaldan xilas etdi.

Bu gün dünya hərb və diplomatiya cəbhəsində cənab İlham Əliyevin liderliyini, sərkərdəlik nümunəsini əyani surətdə gördü. Bu gün cənab İlham Əliyev nəinki Cənubi Qafqaz regionunun lideri kimi, eyni zamanda müasir dünyanın taleyində mühüm rol oynayan liderlərdən biri kimi qəbul olunur. İftixar hissi ilə demək istəyirəm ki, bütün xalqımız cənab İlham Əliyevin rəhbərliyi, yüksək səviyyədə yerinə yetirdiyi tarixi sərkərdə missiyası nəticəsində tariximizin ən şərəfli anlarını yaşamasından qürur duyur. Tarix isə öz şərəf səhifəsinə Ali Baş Komandanımızın adını qızıl hərflərlə əbədi həkk etdi.

Bu gözəl gün münasibəti ilə bir daha başda sədrimiz cənab İlham Əliyev və dəyərli Mehriban xanım Əliyeva olmaqla bütün xalqımızı bir daha təbrik edir, gözəl-firəvan həyat arzulayıram!

Yaşasın müstəqil Azərbaycan!
İlham Əliyev Ağdama getdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Ağdama səfəri çərçivəsində Bərdə-Ağdam avtomobil yolunun təməlqoyma mərasimində iştirak edib.

Avrasiya.net xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.

***

Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının təməlqoyma mərasimində iştirak edib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Ağdam Sənaye Parkının təməlqoyma mərasimində iştirak edib.
Fuad Əliyev xalqımızı təbrik edib"Daha güclü, bütöv və iqtisadi cəhətdən inkişaf etmiş dövlətlərdən olaq"

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev 28 May - Respublika Günü münasibətilə həmvətənlərimizi təbrik edib.

Avrasiya.net xəbər verir ki, təbrikdə deyilir:

"Əziz həmvətənlər!

Azərbaycanın milli bayramı - Respublika günü münasibətilə ürəkdən təbrik edirəm.

1918-ci ilin 28 may tarixində Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Xalq Cümhuriyyətinin yaranması tarixi bir hadisə idi. İlk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaranmışdı, Azərbaycan xalqı müstəqilliyə qovuşurdu. Ölkəmizin dünya birliyinin üzvü kimi tanınması prosesi başlanmışdı. Azərbaycan xalqı Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini və onun qurucularının xidmətlərini həmişə yüksək qiymətləndirmişdir. Ancaq Xalq Cümhuriyyəti cəmi iki ilə yaxın zaman ərzində yaşaya bildi. Sonra Cümhuriyyət süqut etdi və Azərbaycan xalqı öz dövlət müstəqilliyindən məhrum olundu. Yalnız Sovet İttifaqı dağılandan sonra, 1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi.

Əziz həmvətənlər!

Sizi Azərbaycan xalqının tarixində unudulmaz günlərdən biri olan 28 May Respublika günü münasibətilə təbrik edirəm. Arzu edirəmk ki, Azərbaycanımız daha güclü, bütöv və iqtisadi cəhətdən inkişaf etmiş dövlətlərdən biri olsun".