Zöhrə Abdullayevanın səhhəti pisləşdiXəstəxanaya yerləşdirilən əməkdar artist Zöhrə Abdullayevanın vəziyyəti ağırlaşıb.

Kult.az xəbər verir ki, bu haqda sosial şəbəkədə aparıcı Hacı Nuran məlumat verib:

"Zöhrə Abdullayevanı səhhəti ilə əlaqədar xəstəxanaya yerləşdirmişdik. Bu dəqiqə onun hamının duasına ehtiyacı var. Çünki tibbin aciz qaldığı məqamlarda insan ümidini Allaha bağlayır. Mən də bu dəqiqə onun üçün hamının dua etməsini istəyirəm. Çünki Zöhrə anamın bu dəqiqələrdə ancaq duaya ehtiyacı var. Yastığın yüngül olsun, əziz insan. Tanrı sənə qıymasın!".

Qeyd edək ki, Zöhrə Abdullayeva bir müddət əvvəl revmatizmadan əziyyət çəkdiyini və uzun müddət xəstəxanada qaldığını demişdi.
QHT-lərə Dövlət Dəstəyi Agentliyinə icraçı direktor təyin edildiMayın 27-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

Avrasiya.net xəbər verir ki, iclas zamanı ilk olaraq Agentliyin icraçı direktorunun təyinatı məsələsinə baxılıb və bu bu vəzifəyə Fuad Dərgahlının namizədliyi irəli sürülüb. Müşahidə Şurasının üzvləri məsələyə münasibət bildirərək F.Dərgahlının namizədliyini yekdilliklə dəstəkləyiblər.

Fuad Dərgahlı 10 mart 1974-cü ildə Bakı şəhərində anadan olmuş, 1996-cı ildə N.Tusi adına Azərbaycan Dövlət Pedoqoji Universitetinin Tarix və Dövlət Hüququ fakültəsini bitirmişdir. 1998-ci ildən başlayaraq müxtəlif qeyri-hökumət təşkilatlarında fəaliyyətə başlamış, sosial, iqtisadi, təhsil sahələrində layihə və proqramların icrasına cəlb olunmuşdur. Avropanın bir sıra ölkələrində və ABŞ-da vətəndaş cəmiyyəti sahəsində proqramlarda iştirak etmişdir. Dünyanın 20-dən çox ölkəsində keçirilən təlim, seminar və konfranslarda Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndəsi kimi təmsil olunmuşdur. 2012-ci ildən “Savadlı Cəmiyyət” Müasir Təhsilə Dəstək İctimai Birliyinin sədri vəzifəsində çalışır.

İclasda Agentliyin əməyin ödənişi fondunun, strukturunun, işçilərinin say həddinin və onların əməkhaqlarının məbləğinin layihəsi müzakirəyə çıxarıldı, Müşahidə Şurasının üzvlərinin təklifləri nəzərə alınmaqla təsdiq olundu.

Daha sonra Agentliyin Nizamnaməsindən irəli gələrək daxili qaydaların reqlamentinin hazırlanması ilə bağlı məsələ müzakirə olundu. Sənədin hazırlanması üçün bir neçə Şura üzvündən ibarət işçi qrup yaradılması və qısa müddətdə müzakirəyə çıxarılaraq təsdiq olunması barədə qərar qəbul olundu.

Cari məsələlərin müzakirəsi zamanı Agentliyin texniki təminatı və qarşısında duran vəzifələrə dair fikir mübadiləsi aparılıb.
Cümhuriyyətimizin 103-cü ildönümü ikiqat bayram kimi qeyd olunacaq“28 May-Respublika Günü Azərbaycanın şərəf tarixidir. Yəni, 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür. Bu gün Azərbaycan müstəqilliyinin növbəti ildönümünü tarixi ədalətin bərpasında uğur qazanmış dövlət kimi qeyd edir”.

Bu fikirləri “İki sahil”ə açıqlamasında Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri, politoloq Rufiz Qonaqov deyib.

R. Qonaqov bildirib ki, Xalq Cümhuriyyətinin varisi olan Azərbaycanda 1991-ci ildə müstəqilliyin bərpasının ilk illərində iqtidarda olanların səriştəsizliyi müstəqilliyimizi çox böyük təhlükə ilə üz-üzə qoydu: “Lakin 1993-cü il 15 iyunda ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişi ilə bizim müstəqillik tarixi yenidən canlanmağa başladı. Azərbaycan suverenliyini qoruyub saxlamağı və inkişaf etməyi bacardı. Bu gün ölkəmizdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Ulu Öndərin başladığı demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir. Təsadüfi deyil ki, 28 May – Respublika Günü münasibətilə dünyanın aparıcı ölkələrinin, nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin təbrik məktublarında Prezident İlham Əliyevin siyasi fəaliyyətinə yüksək qiymət verildiyi, Azərbaycanın beynəlxalq münasibətlərdə önəmli rolu, qlobal iqtisadi və humanitar layihələrdə liderliyi öz əksini tapır. Bu, Azərbaycan Prezidenti cənab İlham Əliyevin beynəlxalq aləmdə nüfuzunun göstəricisidir”.

Politoloq qeyd edib ki, bu il Respublika Günü ikiqat bayram kimi qeyd olunacaq: “ Çünki Azərbaycan müstəqilliyinin 103-cü ildönümünü tarixi ədalətin bərpasında uğur qazanmış dövlət kimi qarşılayır. Ölkəmiz Vətən müharibəsindən qazalınan böyük Qələbədən sonra nəinki öz ərazi bütövlüyünü bərpa etməyə nail oldu, həm də bütün regionda yeni siyasi reallıqlar yaratdı. Otuz ilə yaxın müddətdə erməni işğalı altında qalan torpaqlarımız Prezident İlham Əliyevin uzaqgörən siyasəti, eyni zamanda, rəşadətli Azərbaycan Ordusunun şücaəti ilə əzəli sahiblərinə qaytarıldı”
"Azərsu" ASC yanında İctimai Şuraya üzvlüklə bağlı təkrar seçkilər yekunlaşdı - SİYAHI27 may 2021-ci il tarixində “Azərsu” Açıq Səhmdar Cəmiyyəti yanında İctimai Şuraya üzvlüklə bağlı təkrar seçkilər keçirilib. Seçki prosesi “Azərsu” ASC-nin facebook səhifəsi vasitəsilə canlı yayımlanıb.

Qeyd edək ki, “Azərsu” ASC yanında İctimai Şuraya üzvlüklə bağlı seçkilərdə vətəndaş cəmiyyəti institutlarının 16 nümayəndəsi namizəd kimi qeydə alınıb. Namizədlərdən biri seçkidən əvvəl namizədliyini geri götürüb. 25 may 2021-ci il tarixində keçirilən ilkin seçkilərdə “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin sədri Cəfərova Mətanət Əsgər qızı və Milli QHT Forumunun prezidenti Zeyni Rauf Xurşud oğlu 50 faizdən çox səs topladıqlarına görə Seçki Komissiyasının qərarına əsasən, “Azərsu” ASC yanında İctimai Şuranın üzvü seçiliblər. Digər 9 üzvün seçilməsi üçün təkrar seçkilərin keçirilməsi qərara alınıb.

Təkrar səsvermədə vətəndaş cəmiyyəti institutlarının 13 nümayəndəsi mübarizə aparıb. Seçkilərdə vətəndaş cəmiyyəti institutlarının təmsilçilərindən ibarət 49 seçici iştirak edib. Qutudan çıxan bütün bülletenlər Seçki Komissiyasının üzvləri tərəfindən yoxlanılıb və 48 bülleten etibarlı hesab edilib. Beləliklə seçkilərin nəticələrinə əsasən namizədlər arasında səslərin sayı aşağıdakı kimi qeydə alınıb.

Təkrar səsvermədə aşağıda adları qeyd olunan vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri sadə səs çoxluğu ilə İctimai Şuraya üzv seçiliblər.

Abbasov Rövşən Xanış oğlu “Sağlam Həyata Doğru” Ekoloji İB
Hüseynov Eyyub Mahmud oğlu “Azad İstehlakçılar” İB
İbrahimli Qorxmaz Əbülfəz oğlu “Biosfer” İB
İmanova Aytən Rüfət qızı “Beynəlxalq Hidroloji Proqram” İB
Qəribov Tələt Yusif oğlu “Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İB
Mikayılova Xədicə Hacı qızı “Əlillər Cəmiyyəti” İB
Şahverdiyev Cavid Nadir oğlu “Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi” İB
Vəliyev Mirzə Məmməd Ağamurad oğlu Əlil Sahibkarlar Təşkilatı İB
Yusubova Qəmzə Xanlar qızı “Ekoloji Maarifçilik və Monitorinq” İB

“Azərsu” ASC yanında İctimai Şuranın üzvləri

Abbasov Rövşən Xanış oğlu “Sağlam Həyata Doğru” Ekoloji İB
Cəfərova Mətanət Əsgər qızı “Əsgər Ailələrinə Dəstək” İB
Hüseynov Eyyub Mahmud oğlu “Azad İstehlakçılar” İB
İbrahimli Qorxmaz Əbülfəz oğlu “Biosfer” İB
İmanova Aytən Rüfət qızı “Beynəlxalq Hidroloji Proqram” İB
Qəribov Tələt Yusif oğlu “Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İB
Mikayılova Xədicə Hacı qızı “Əlillər Cəmiyyəti” İB
Şahverdiyev Cavid Nadir oğlu “Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi” İB
Vəliyev Mirzə Məmməd Ağamurad oğlu Əlil Sahibkarlar Təşkilatı İB
Yusubova Qəmzə Xanlar qızı “Ekoloji Maarifçilik və Monitorinq” İB
Zeyni Rauf Xurşud oğlu Milli QHT Forumu
Böyük hədəflərə doğruElçin Mirzəbəyli
Əməkdar jurnalist, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru


Qazilərimiz bütün sahələrdə cəmiyyətimizin lokomativlərinə çevriləcək, Azərbaycanımızın inkişafına töhfələr verəcəklər

Hansı ölkədə baş verməsindən asılı olmayaraq, amansız müharibə səhnələrindən birbaşa dinc həyata keçmək mümkün deyil. Müharibə nə qədər ədalətli olursa-olsun, bütün hallarda döyüşlərdə iştirak edən insanın psixologiyasına təsir göstərir, onun faktlara və hadisələrə münasibətini dəyişir. Müharibə insanı fiziki və psixoloji cəhətdən yorur. Hətta ən qısa zaman kəsiyində yaşanan həyacanlı anlar, sözlə ifadə edilməsi mümkün olmayan dəhşətli döyüş səhnələri belə uzun illər boyu unudulmur, yaddaşlarda iz buraxır. Məhz bu baxımdan, 30 ilə yaxın davam edən işğala son qoyan, bizə tariximizin şanlı qələbəsini yaşadan, qürur duyduğumuz qəhrəmanların dinc həyata reinteqrasiyasına yardım göstərmək təkcə dövlətin yox, hər birimizin müqəddəs borcudur.

Postmüharibə sindromu haqqında bu günə qədər çoxsaylı əsərlər yazılıb, filmlər çəkilib və bundan sonra da yazılacaq, çəkiləcək. Müharibə və postmüharibə sondromu ilə bağlı yazılan bədii əsərlərin ən yaxşılarından olan Kevin Saytsın “Müharibə sindromu. Əsgərlərin danışmadıqları”, Anna Toddun “Ən parlaq ulduzlar”, Erik Remarkın “Üç yoldaş” əsərlərinin süjet xətti real həyatdan götürülüb və hər üç əsərdə müharibənin dəhşətlərindən keçən insanların gündəlik sarsıntıları, öz doğma ailələri, yaxınları ilə bağlı yaşadıqları problemlər reallığa daha uyğun şəkildə əks olunub. Amma müəlliflərin özlərinin də etiraf etdikləri kimi, qəhrəmanlarının bədiiləşdirə bildikləri yaşantıları reallığın cüzi bir hissəsini təşkil edir. Gerçəklik daha amansızdır və onu bədiiləşdirmək mümkün deyil. Və bu amansız gerçəklik mahiyyət etibarilə humanist olan yaradıcı insanın təxəyyülünün sərhədlərinə sığmır. Eyni fikirləri çox sevdiyim rejissorlar - Klint İstvudun “Qran Torino”, Cim Şeridanın “Qardaşlar”, Ketrin Biqelounun “Fırtınalar hökmdarı” filmləri haqqında da demək olar. Heç bir film amansız döyüş səhnələrinin real qəhrəmanlarının daxili yaşantılarını olduğu kimi, bütün incəliklərinədək əks etdirmək gücündə deyil. Səbəbini bilmirəm, amma Devid Morellin əsərləri əsasında çəkilmiş “Rembo” döyüş filmləri silsiləsi, daha dəqiq desəm, filmin qəhrəmanının öz komandirinə verdiyi sual yaddaşımda daha çox iz buraxıb: “Bizə hər zaman deyirdilər ki, Vətəni sevmək lazımdır... Bəs Vətən bizi nə vaxt sevəcək?” Ola bilsin ki, iqtibas gətirdiyib sözlər kimlərəsə ritorik sual təsiri bağışlasın... Amma öncədən deyim ki, Vyetnam müharibəsinin qəhrəmanı Con Rembo yaşadıqlarına görə, kimsəni ittiham etmir, dövləti qınamır, sadəcə Vətən və qəhrəmanın sevgisinin qarşılıqlı olmasının vacibliyinə toxunur. Vətən isə bizik! Yəni hər birimiz...

Xudbin xislətin aynası

...Arabir özünün mövcudluğunu uğursuz bir şəkildə gözə soxmağa çalışsa da, düşmən darmadağın edilib. O indi, sadəcə çırpınır, bir vaxtlar uşaq və qadınları, ahılları, silahsız insanları alçaqcasına qətlə yetirən və bütün bu rəzilliklərdən özlərinə mifik “məğlubedilməzlik” donu biçən müharibə cinayətkarları və onların törəmələri Azərbaycan əsgərinin qarşısından tülkü kimi qaçmasının izahını verə bilmir, öz gerçək siması, obrazı, xarakteri, bütövlükdə kimliyi ilə qarşı-qarşıya gəlməkdən qorxur. Azərbaycan Ordusunun şərəfli əsgər və zabitləri erməniliyin saxta tarix kitablarının, oğurluq mədəniyyətlərin içərisindən çıxarılan obrazını alt-üst edib və onun separatçı, işğalçı mahiyyətinin hansı natamamlıq komplekslərindən qaynaqlandığına aydınlıq gətirib. Birinci və ikinci Qarabağ müharələri, işğaldan azad edilmiş ərazilərimizdəki xarabalıqlar xəstə ultramillətçi ideyalarla zəhərlənmiş erməniliyin xudbin xislətinin aynasıdır. O, hələlik bu aynaya baxmaqdan, gerçək kimliyi ilə qarşı-qarşı gəlməkdən qaçır. Amma haraya qədər... Qaçacaq, qovacağıq. Ta ki öz real obrazını qəbul edənə və bu rəzalətdən xilas yolu tapmaq haqqında düşünməyə qadir olanadək...

İnsan amili

Bizim isə haqqında düşünəcəyimiz məsələlərin sayı yetərincədir. Ən önəmliləri isə işğaldan azad edilmiş yurd yerlərimizin yenidən qurulması və bərpası, qazilərin, müharibə iştirakçılarının cəmiyyətə reinteqrasiyası... Hər ikisi önəmlidir. Çünki hər iksində insan amili var!

İşğaldan azad edilən yurd yerlərimizdə yenidənqurma və bərpa sürətlə işləri gedir. Amma uzunmüddətli, obyektiv və subyektiv səbəblərdən vaxt tələb edən bir prosesdir. Məhz bu baxımdan da, Vətən müharibəsi qaziləri və iştirakçılarının cəmiyyətə reinteqrasiyası, onların sosial qayğılarının öz həllini tapması daha öncül məsələdir və dövlətin də yanaşmasında bu məqam özünü büruzə verir. Şübhəsiz ki, çatışmazlıqlar var və media mənsubu kimi mən də bəzən subyektiv amillərdən, məhdud düşüncəli, problemlərin mahiyyətinə varmağı bacarmayan, həssaslıqdan uzaq, başqasının ağrısını öz ağrısı kimi qəbul edə bilməyən kiçik çaplı korafəhimlərin günahından qaynaqlanan narazılıqlar barədə müraciətlər alıram. Və təbii ki, belə hallara qarşı, problemin mahiyyətinin obyektiv şəkildə araşdırılması, təhlil edilməsi şərti ilə mübarizə aparmaq hər birimizin vətəndaşlıq borcudur. Lakin təəssüf ki, bir çox hallarda araşdırılmamış, yaxud mənbəyi bəlli olmayan, bəzən isə xeyli öncə öz həllini tapmış problemləri əhatə edən məlumatlar əsasında, dövlətin gözdən salınmasına xidmət edən kampaniya xarakterli fəaliyyətin şahidi oluruq. Adətən belə “məlumatlar” daha çox sosial şəbəkələr üzərindən yayılır. Prosesin önündə isə hər zaman olduğu kimi sosial şəbəkələrin Azərbaycan seqmentinə soxulmuş erməni trolları və erməniliyin nüfuz müvəkkilləri dayanır. Məqsəd isə milli birliyimizə, həmrəyliyimizə zərbə vurmaqdan, cəmiyyətimizi parçalamaqdan, Ermənistan cəmiyyətini depressiyanın dibinə yuvarladan postmüharibə sindromunu ölkəmizə tranfer etməkdən, Vətən müharibəsindəki böyük Zəfərin cəmiyyətimizə bəxş etdiyi yaradıcı, qurucu enerjini məhv etməkdən ibarətdir.

Postmüharibə sindromu yox, postmüharibə quruculuğu

...Şəhid ailələri, qazilər, Vətən müharibəsinin iştirakçıları, torpaqlarımızın işğaldan azad edilməsində xidməti olan hər kəs Millətin də, Dövlətin də başının tacıdır. Bunu təkrar-təkrar dilə gətirməyə ehtiyac da yoxdur. Biz artıq bu mərhələni də geridə buraxmalıyıq və başımızın tacı olan dəyərli həmvətənlərimizin bizimlə çiyin-çiyinə irəliyə doğru addımlamaları üçün əlimizdən gələni əsirgəməmiliyik. Bu proses qarşılıqlı olmalıdır, şübhəsiz...

Şəhid ailələri, qazilər və müharibə iştirakçıları ilə bağlı görülən işlər, həyata keçirilən layihələrdə bu və ya digər şəkildə rol alan qurumların adlarını sadalamaqdan çox uzağam. Son nəticədə onlar öz vəzifələrini icra edirlər. Amma şəhid ailələrinə, qazilərə, İkinci Qarabağ savaşının iştirakçılarına münasibətdə dövlətimizin sərgilədiyi, çox bəyəndiyim və təqdir etdiyim yanaşmaya diqqət çəkməyi vacib sayıram. Böyük Zəfərimizin əldə olunmasında xidmətləri olan əziz həmvətənlərimizə öz bizneslərini qurmaq üçün imkan yaradılması, zənnimcə, onlara layiq olduqları, qürurlu bir həyat yaşamaq imkanının verilməsi baxımından çox mühüm əhəmiyyətə malikdir. Məsələn, özünəməşğulluq proqramında iştirak edən Rərvin Rzayevlə bağlı İctimai Televiziyada yayımlanan reportaj məni çox təsirləndirdi. Pərvin mənə Azərbaycanımızın insan obrazındakı nümunəsi təsirini bağışladı. 1994-cü ildə atəşkəs sazişi imzalananda, büdcəsində qəpik-quruş olduğu halda öz ayaqları üzərində dayanmaq, güclənmək mücadiləsi aparan Azərbaycan 26 il sonra işğalçıları “iti qovan kimi qovmağı” bacardı... Pərvin də qarşısına böyük hədəflər qoyub. O, öz kiçik biznesini böyütmək və “Xarıbülbül” restoranlar şəbəkəsinə çevirmək istəyir. Pərvinin buna nail olacağına tamamilə əminəm. Eyniz zamanda, Pərvin kimi digər qazilərimizin də tez bir zamanda toparlanacaqlarına, qarşılarına böyük hədəflər qoyacaqlarına və hədəflərə Qarabağa vardıqları kimi varacaqlarına şübhə etmirəm. Qazilərimizin, Vətən savaşında iştirak bütün əziz həmvətənlərimizin də döyüş meydanında olduğu kimi, mülki həyatda da numunə olacaqlarına inanıram! Onlar bütün sahələrdə cəmiyyətimizin lokomativlərinə çevriləcək, Azərbaycanımızın inkişafına böyük töhfələr verəcəklər.
Millət vəkilindən beynəlxalq qurumlara çağırışBu gün səhər saatlarında Ermənistan ordusunun 24 nəfərlik 2 kəşfiyyat-diversiya qrupu Kəlbəcər rayonu istiqamətində qanunsuz olaraq dövlət sərhədini keçərək Azərbaycan ərazisində terror həyata keçirməyə və minalar yerləşdirməyə cəhd edib. Azərbaycan Silahlı Qüvvələrinin gördüyü operativ tədbirlər nəticəsində diversant qrupunun terror cəhdinin qarşısı alınıb və 6 nəfər saxlanılıb.

Avrasiya.net xəbər verir ki, bu sözləri millət vəkili, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev qeyd edib.

O bildirib ki, Ermənistanın bu cür təxribatçı fəaliyyəti və terror cəhdi 10 noyabr 2020-ci il üçtərəfli bəyanatına tam ziddir:

"Bu, həm də bəyanatın region üçün yaratdığı dinc, yanaşı yaşamaq və əməkdaşlıq perspektivlərinə də ciddi zərbədir.

Hesab edirəm ki, beynəlxalq təşkilatlar, xüsusilə, BMT, ATƏT, Avropa Şurası və onun Parlament Assambleyası, Avropa Parlamenti və Avropa Birliyi Ermənistanın bu təxribatını qəti şəkildə qınamalıdır.

Bu təşkilatların, o cümlədən ABŞ, Rusiya və Fransanın Ermənistanın bu cinayətinə səssiz qalması nəinki yolverilməzdir, eyni zamanda tutulan təxribatçıları gələcəkdə “hərbi əsir” və ya başqa ad altında manipulyasiya etmək üçün Ermənistanı daha da ruhlandıracaq”.
“Təhdid və şantajlara boyun əyməyimiz mümkün deyil”Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar "Şərtlərimiz qəbul edilməzsə, AB-Türkiyə münasibətlərinin müzakirə ediləcəyi AB Sammitinə veto qoyacağıq" deyən Kiprin yunan idarəçilyinin başçısı Nikos Anastasiadisin sözlərinə etirazını bildirib.

Avrasiya.net xəbər verir ki, Ersin Tatar təhdid və şantajlara boyun əyməyəcəklərini bəyan edib.

Ersin Tatar Anastasidis tərəfindən irəli sürülən AB, Türkiyəyə və ŞKTC-yə qarşı təhdid və şantajla əlaqəli şərtləri qəbul etməyin mümkün olmadığını və iki suveren bərabər dövlətə əsaslanan həll təkliflərindən əl çəkməyəcəklərini vurğulayıb. O, Maraş təşəbbüsü ilə Şərqi Aralıq dənizində təbii qaz işlərinin də davam edəcəyini qeyd edib.

Tatarın mövzu ilə əlaqədar açıqlaması belədir:

“Yunanistan Administrasiyasının prezidenti Nikos Anastasiadisin Brüsseldəki AB Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti Yüksək Nümayəndəsi Josep Borrell ilə görüşü zamanı “Türkiyə Şərqi Aralıq dənizindəki təbii qaz əməliyyatlarını dayandırmalı, Türk tərəfi Maraş təşəbbüsünə son verməlidir, ŞKTC və Türkiyə iyun ayında AB şərtləri qəbul edilməzsə, AB-Türkiyə münasibətlərinin müzakirə ediləcəyi Aİ Zirvə toplantısına veto qoyacağını bildirdi.

Anastasidisin irəli sürdüyü bu şərtlər arasında AB, Türkiyə və ŞKTC-yə qarşı təhdidlər və şantajlar yer alsa da, bu şərtləri qəbul etmək heç vaxt mümkün deyil və yunan tərəfinin hegemonist münasibətinə boyun əyməyəcəyik. Bölgənin ən böyük və ən güclü ölkəsi olan Türkiyə tərəfindən dəstəklənən və Cenevrədə masaya qoyduğumuz iki suveren bərabər dövlətə əsaslanan həll yolumuzdan əl çəkməyəcəyik. Maraş təşəbbüsü ilə Şərqi Aralıq dənizində təbii qaz işləri davam edəcək.

Kiprin yunan tərəfinin bu qədər cəsarətli və şantaj və təhdidlərə əl atmasının əsas səbəblərindən biri də AB-nin Cənubi Kipri ​​ədalətsiz və birtərəfli qaydada siyasi səbəblərdən qəbul etməsi və Kiprlə əlaqəli yunan mövqeyinin olmasıdır. AB-nin bu münasibəti də çıxılmaz vəziyyətə gətirir.

Kipr məsələsində bitərəfliyini itirən AB, Yunan-Yunan ikilisi ilə birlikdə Türkiyəyə təzyiq göstərir ki, "AB üzvü olmaq istəyirsinizsə, Kipr məsələsi istədiyimiz kimi həll olunmalıdır", bunu təhdid olaraq istifadə etdi. Ancaq eyni AB Cənubi Kipr və Yunanıstanı üzvlüyə qəbul edərkən Kipr məsələsinin həll olunub-olunmadığına baxmadı. Bu vaxt AB-nin 2004-cü ildə keçirilmiş Annan planı referendumu zamanı verdiyi vədləri xatırlatmaq faydalıdır. AB söz verdi ki, "Kiprli Türklər referendumda "bəli" desələr, AB ilə danışıqlarda Kipr məsələsi bir daha Türkiyənin önünə qoyulmayacaq". Ancaq AB digər vədləri ilə birlikdə bu vədi yerinə yetirmədi. Kipr məsələsi hələ də Türkiyə üçün bir maneə olaraq göstərilsə də, qəbuledilməz şərtlər irəli sürülür. Bunlara əlavə olaraq, Kipr Türk xalqı, yunan dövlətinə çevrilmiş "Kipr Respublikası" nı yamaq və Kipr yunanlarının azlığı olmaq məcburiyyətində qalır. Onları da qəbul etmək mümkün deyil. Türkiyə ilə birlikdə müəyyənləşdirdiyimiz yolda getməyə davam edəcəyik".

Tahir Kərimli nazirə sual verdi: partiyaların pulu niyə azalıb? - YENİLƏNİBMilli Məclisin bu gün keçirilən plenar iclasında İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli maliyyə naziri Samir Şərifova partiyaların maliyyələşməsi ilə bağlı sual ünvanlayıb.

Avrasiya.net xəbər verir ki, 2020-ci ilin dövlət büdcəsinin icrası haqqında qanun layihəsinin müzakirəsi zamanı çıxış edən Tahir Kərimli parlamentdə azlıqda olan partiyaların dövlət tərəfindən maliyyələşməsinin məhdud olduğunu söyləyib:

“Mən öyrənmək istəyərdim ki, Milli Məclisdə azlıqda olan siyasi partiyalara dövlət tərəfindən ayrılan vəsaitin məbləği niyə bu qədər azdır? 2020-ci ildə büdcədən siyasi partiyalara 4 milyon manat vəsait ayrılıb. Sonuncu seçkilərdə daha iki siyasi partiya parlamentdə təmsil olunmaq hüququ qazandı, qeydiyyatdan keçdi. Bizə deyilirdi ki, bu, siyasi partiyalara verilən pulun həcmində azalmaya səbəb olmayacaq. Amma bizə hər rüb 5000 manat az ödənilir. Bunun səbəbi nədir?”.

Maliyyə naziri Samir Şərifov deputat Tahir Kərimlinin partiyaların maliyyə durumu haqqında ünvanladığı sualı cavablandırıb.

Nazir xatırladıb ki, siyasi partiyaların maliyyələşdirilməsi siyasi partiyalarla bağlı qanun layihəsinə uyğun həyata keçirilir:

“Həmin qanunda dəyişikliklər edilib və buna uyğun nazirlik norma qəbul edib.

Mövcud qanunvericiliyə görə, il üzrə ayrılan vəsaitin 5 faizlik hissəsi seçkilərdə iştirak etmiş, amma xal qazanmamış partiyalara ayrılır. Son seçkilərdə belə partiya yoxdur.

50 faiz siyasi partiyalar arasında bölünür. Yerdə qalan vəsait isə Milli Məclisdə təmsil olunan deputatların sayına uyğun bölünür. 5 faiz isə il ərzində partiya mənsubiyyətini dəyişdikdə ayrıla bilər.

Milli Məclisdə iştirak hüququ qazanan siyasi partiyaların sayı artıb. Bunun nəticəsində eyni məbləğin siyasi partiyalar arasında bölüməsində say dəyişikliyi baş verib. Hər partiyaya düşən məbləğdə azalmanın səbəbi partiyaların sayının artmasıdır”.
Əhməd İsmayılov: Məqsədimiz Azərbaycan mediasını güclü görməkdirAzərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılovun AZƏRTAC-a müsahibəsi.

–Əhməd müəllim, Azərbaycan mediasının müasir vəziyyəti və problemləri ilə bağlı ictimai fikrin müxtəlif səviyyələrində daim müzakirələr gedir və Milli Mətbuat Günü yaxınlaşdıqca bu istiqamətdə fikirlər daha çox eşidilməkdədir. Azərbaycan mediasının perspektiv inkişafı ilə bağlı rəhbərlik etdiyiniz Agentliyin nə kimi planları var?

–Cənab Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə medianın inkişafında yeni bir mərhələnin bünövrəsi qoyuldu. Medianın İnkişafı Agentliyinin yaradılmasına da məhz bu istiqamətdə həyata keçirilən quruculuq işlərinin tərkib hissəsi kimi yanaşmaq lazımdır.
Bildiyiniz kimi, Agentliyin nizamnaməsində kifayət qədər geniş spektri əhatə edən fəaliyyət istiqamətləri öz əksini tapıb. Agentlik bu kontekstdə media subyektlərinin işinin təkmilləşdirilməsinə, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılmasına, onların sosial müdafiəsinin gücləndirilməsinə, media sahəsində mütəxəssislərin hazırlanması və onların əlavə təhsilinin təşkilinə, habelə media savadlılığının yüksəldilməsinə yönəlmiş bir sıra layihələr üzərində işləri artıq yekunlaşdırmaq üzrədir. Qeyd olunan layihələrə dair müvafiq ətraflı məlumatlar mərhələli şəkildə ictimaiyyətə təqdim olunacaqdır.
Media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması, vətəndaş və cəmiyyət üçün ictimai maraq doğuran layihələrin təşkili, həmçinin dövlət orqanları və qurumlarının, yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin müvafiq sahə üzrə fəaliyyətlərinin əlaqələndirilməsi MEDİA Agentliyinin əsas prioritetlərindəndir.

Qeyd etmək istərdik ki, Prezident İlham Əliyevin media islahatları ilə bağlı sözügedən Fərmanı özündə köklü dəyişiklikləri ehtiva etməklə qarşımıza yeni və daha məsuliyyətli vəzifələr qoyub. Fərmandan irəli gələn yeniliklər Azərbaycan mediasının şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan, cəmiyyətin obyektiv və peşəkar şəkildə məlumatlandırılmasına şərait yaradacaq, modernləşmə, rasionallıq, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi kimi qlobal informasiya mühitinin müəyyənləşdirdiyi istiqamətlərin, innovativ yanaşmaların həyata keçirilməsinə təkan verəcəkdir.
Biz Azərbaycan mediasında mövcud problemlərin xarakteri və məzmununun müəyyənləşdirilməsi məqsədilə təhlillər aparmış və onların aradan qaldırılmasının optimal həlli yolları üzərində işləmişik. Gəldiyimiz nəticələr və mövzuya dair ətraflı fikirlərimiz yaxın müddətdə media ictimaiyyətinə açıqlanacaqdır.

–Agentlik media sahəsində islahatların dərinləşdirilməsi ilə bağlı öz üzərinə düşən vəzifələri hansı istiqamətlərdə yerinə yetirəcəkdir?

–MEDİA Agentliyi, ilk növbədə, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, maddi-texniki bazalarının möhkəmləndirilməsi, infrastrukturun modernləşdirilməsi və müvafiq sahədə yeni iqtisadi modelin yaradılmasını hədəfləyir. Qurum bu istiqamətdə atılacaq addımlara dəstək göstərəcəkdir.
Digər vacib prioritetimiz dövlət-media münasibətlərinin vacib elementlərindən biri kimi hüquqi mənzərənin dəqiqləşdirilməsidir. Media subyektləri ilə cəmiyyət və dövlət arasında münasibətlərin tənzimlənməsi məqsədilə normativ-hüquqi bazanın təkmilləşdirilməsinə dair təkliflər hazırlamaq, medianın işinə mane olan problemlərin həlli üzrə təkliflərini dövlət və yerli özünüidarəetmə orqanlarına təqdim etmək də Agentliyin daim diqqətində olan məsələlərdəndir. Agentliyin də iştirak etdiyi müvafiq işçi qrup tərəfindən hazırlanmış “Media haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi bu istiqamətdə islahatların dərinləşdirilməsi baxımından dəyərli töhfə olacaqdır.
Bundan sonrakı dövrdə Agentliyin səlahiyyət dairəsinə müvafiq olaraq istər çap mediası, istər onlayn, istərsə də audiovizual media sahəsində daha əhatəli, müasir dövrün çağırışlarına cavab verən, məzmun və forma baxımından yenilənmiş, daha uzunmüddətli hədəflərin əldə olunmasına yönələn layihələrin işlənib hazırlanması və həyata keçirilməsi nəzərdə tutulur. Agentliyin təşkil edəcəyi müsabiqələrin formatında ictimai rəy nəzərə alınmaqla əsaslı dəyişikliklər aparmaq niyyətindəyik. Müsabiqələr ilk növbədə növündən (yəni çap, audiovizual və ya onlayn media subyektləri) asılı olmayaraq, bütün media subyektlərində çalışan jurnalistlər üçün əlçatan olacaqdır. Media subyektlərinin maliyyələşdirilməsi üçün şərtlərimiz də tamamilə yenilənib və özündə Azərbaycan mediasının bütün elementlərini birləşdirib. Təbii ki, nəzərdə tutduğumuz modellər ideal deyil və onların hansısa aspektlərini zamanla inkişaf etdirmək lazım gələcək. Bu baxımdan biz həmişə müzakirələrə açığıq. Bu çətin missiyanın məsuliyyətini üzərimizə götürməkdə bir məqsədimiz var – biz Azərbaycan mediasını güclü, beynəlxalq müstəvidə rəqabətədavamlı görmək istəyirik. Qalib ölkənin mediası da dövlətin inkişaf tempinə uyğun olmalıdır.

–İstər yerli, istərsə də beynəlxalq səviyyələrdə aparılan müxtəlif ictimai müzakirələrdə çap mediasının gələcəyi ilə bağlı heç də birmənalı qarşılanmayan proqnozlar səslənir. Sizin fikrinizcə, qəzetlər yaşayacaqmı?

–Qeyd etdiyiniz kimi, çap mediasının qarşılaşdığı problemlər bütün dünyada özünü göstərən, İKT-nin inkişafı nəticəsində informasiyanın əvvəlkindən daha sürətli ötürülməsi ilə müşayiət olunan yeni tendensiyalarla bağlıdır. Biz bütün bu kimi yeni trendləri diqqətlə izləyir və təhlil edirik. Hər cəmiyyətin özünəməxsus dəyərlər sistemi var. Azərbaycan mediası böyük bir tarixi irsin, zəngin təcrübənin daşıyıcısıdır. Azərbaycan qəzetçiliyi dövlət dilimizin ədəbi üslubunun ən çevik, rəsmi və publisistik üslublarının isə əsas ifadə vasitəsi olmaqla yanaşı, maarifləndirici, intellektual təhlil funksiyasını yerinə yetirən, informasiyanı ötürən və arxivləşdirən ciddi fikir tribunasıdır.

Çap mediasının zəifləməsi bir tərəfdən qlobal tendensiyadırsa, digər tərəfdən də redaksiyaların müasir çağırışlara çox gec uyğunlaşması və ya bəzən, ümumiyyətlə, reaksiya verməməsi kimi spesifik səciyyə daşıyan nüanslarla bağlıdır. Məhz bu səbəblər qəzetlərin geniş oxucu auditoriyasını itirməsi ilə nəticələnir. Eyni zamanda, qəzetlər üçün nəşriyyat xərcləri və mətbəələrin əksəriyyətinin texniki imkanları ilə bağlı vəziyyət arzuolunan hesab edilə bilməz.
Agentlik dünya təcrübəsini nəzərə almaqla, “E-qəzet” modelinin tətbiq olunmasını mümkün hesab edir. Belə ki, qeyd olunan platforma qəzet redaksiyalarına texniki yönümlü xərclərini azaltmağa və nəşrlərini oxuculara daha əlverişli və operativ şəkildə çatdırmağa şərait yaradacaqdır.

Agentlik olaraq konseptual yanaşmamız ondan ibarətdir ki, müasir Azərbaycan oxucusunun keyfiyyətli kontentlə təmin olunması məqsədilə bütün digər media subyektləri kimi qəzetlər də inkişaf etməlidir.
Media sahəsində islahatlarla bağlı dövlətin iradəsi və media ictimaiyyətinin istəyi üst-üstə düşür. Məhz bu həmrəyliyə güvənərək təşəbbüslərimizin səmərəli olacağına, Azərbaycan mediasının yeni keyfiyyət mərhələsinə keçidinə dəstək verəcəyinə inanırıq.
Paşinyan Azərbaycanla sərhədə gəldiErmənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədə gəlib.

Avrasiya.net Modern.az-a istinadən xəbər verir ki, o, Vardenisin Zərkənd kəndində yerli sakinlərlə görüşüb.

Paşinyan kənd sakinlərinə Azərbaycanla sərhəd demarkasiyasının tezliklə həll olunacağı ilə bağlı vəd verib.