II Qaregin Azərbaycana gəlirBütün ermənilərin katolikosu II Qaregin Zəngəzura (Sünik) və Azərbaycanın Qarabağ bölgəsinə gələcək.

Axar.az xəbər verir ki, bunu Eçmiədzin kilsəsinin dəftərxana rəhbəri Ter Vaqram Məlikyan deyib.

II Qareginin səfərinin gələn həftənin sonunda baş tutacağı bildirilib.

“Zəngəzur və Qarabağda müxtəlif tədbirlər planlaşdırılıb”, - Məlikyan qeyd edib.

Onun sözlərinə görə, katolikos Qarabağda erməni ziyarətgahlarına və Azərbaycanın rus sülhməramlılarının nəzarəti altında olan rayonlarına baş çəkəcək.
Ruhanidən İlham Əliyevə: Birgə hərəkət edəcəyikİran Prezidenti Həsən Ruhani azərbaycanlı həmkarı İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Avrasiya.net xəbər verir ki, təbrik məktubunda qeyd olunur:

"Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizi, dost və qardaş Azərbaycan Respublikası dövlətini və xalqını səmimi-qəlbdən təbrik edirəm.

Ölkəniz müstəqilliyini bərpa etdiyi ilk günlərdən etibarən İran İslam Respublikası ilə Azərbaycan Respublikası iki səmimi qonşu kimi tarixi, mədəni və dini bağlara əsaslanaraq, yüksək səviyyəli qardaşlıq və mehriban qonşuluq münasibətləri nümayiş etdirmişlər. Əmin olduğumu bildirirəm ki, hər iki ölkə gələcəkdə də zəngin mədəniyyətimizdən və qədim tariximizdən ilhamlanaraq qarşılıqlı anlaşma prinsipinə, xalqlarımızın istəyinə uyğun olaraq, əməkdaşlığın, siyasi, iqtisadi və mədəni əlaqələrin genişlənməsi, regional sülh və sabitliyin möhkəmlənməsi istiqamətində birgə hərəkət edəcək.

Sonda Allah Təaladan Zati-alinizə möhkəm cansağlığı və müvəffəqiyyətlər, Azərbaycan Respublikasının şərafətli xalqına isə xoş günlər arzulayıram".
Putindən Əliyevə məktub: Birgə səylərimizlə...Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Avrasiya.net xəbər verir ki, təbrikdə qeyd olunur:

"Milli bayramınız - Respublika Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Azərbaycan sosial-iqtisadi, elmi-texniki və digər sahələrdə nəzərəçarpan uğurlara nail olub. Sizin ölkəniz dünya arenasında yüksək nüfuz qazanıb, beynəlxalq gündəlikdəki çoxsaylı mühüm məsələlərin həllində fəal rol oynayır.

Biz Azərbaycan ilə mehriban dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan münasibətləri yüksək qiymətləndiririk. Əminəm ki, biz birgə səylərimizlə bundan sonra da xalqlarımızın rifahı, regional təhlükəsizliyin və sabitliyin təmin edilməsi naminə bütün sahələrdə strateji tərəfdaşlığı və səmərəli əməkdaşlığı hərtərəfli möhkəmləndirəcəyik.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı və uğurlar, bütün həmvətənlərinizə firavanlıq və əmin-amanlıq diləyirəm".
Şimali Kipr Türk Cümhuriyyəti sərhədlərini açır...Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ersan Saner sərhədlərin açılmasına hazır olduqlarını bəyan edib.

Avrasiya.net-in xəbərinə görə, Baş nazir bu barədə Nazirlər Kabinetinin iclasından sonra verdiyi açıqlamada deyib..

Baş nazir Nazirlər Kabinetində Cənubi Kiprə keçid məsələsinin də müzakirə edildiyini və keçidin açılmasına imkan verən qərarlar qəbul edildiyini bildirib.

Ersan Saner bununla bağlı artıq Səhiyyə Nazirliyi ilə məsləhətləşmələr aparıldığını da deyib.

Baş nazir Saner dünya ölkələrinin xəstəliyin gedişatına görə qırmızı, narıncı, sarı və yaşıl olmaqla 4 fərqli kateqoriyaya bölündüyünə diqqət çəkərək, bu kateqoriyalar çərçivəsindən 14 günlük yoluxma sayları diqqətə alınaraq, Cənubi Kiprdən Şimali Kipr Türk Cümhuriyyətinə keçidin mümkün olacağını bildirib.
Prezidentə ünvanlanan 28 May təbriklərində diqqət çəkən ismarıclarMÜŞFİQ ƏLƏSGƏRLİ

28 May – Respublika Günü ərəfəsində aparıcı dövlət başçıları tərəfindən Prezident İlham Əliyevin ünvanına göndərilən təbrik məktubları gəlməkdə davam edir.

Zahiri yanaşsaq, bu, bir etiket məsələsidir. Əlamətdar günlərdə dövlət başçıları qarşılıqlı təbriklər ünvanlayırlar.

İndi Azərbaycan üçün də əlamətdar gündür. 28 may tarixi Şərq dünyasında ilk dəfə demokratik cümhuriyyət qurmağı bacarmış xalqımız üçün fərəh təqvimidir. Əlavə olaraq, 2021-ci il Azərbaycanda müstəqil, suveren, demokratik cümhuriyyətin bərpa edilməsinin 30 illiyidir.

“Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannamənin, ardınca isə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nın 1991-ci ildə qəbul edildiyini nəzərə alsaq, bu il yubiley tarixidir. Bu baxımdan Azərbaycanın dövlət başçısına təbrik məktublarının göndərilməsi təqvimə uyğun protokol tədbiri kimi də qarşılana bilər.

Amma məktubların mətni, xüsusi vurğulanan mesajlar deməyə əsas verir ki, Prezident İlham Əliyevə ünvanlanan təbriklər sıradan protokol tədbiri deyil.

Bu məktublarda həm də Azərbaycan Prezidentinə yönəlmiş xüsusi ismarıclar var.

Məsələn, Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden öz məktubunun giriş hissəsini 28 May – Respublika Gününün əhəmiyyətini vurğulamaqla başlayır. Növbəti hissələrdə isə fərqli məqamları qabardır.

Burada müasir Azərbaycanın, həm də dövlət başçısı İlham Əliyevin dünyada nüfuzu, beynəlxalq münasibətlərdə önəmli rolu, qlobal iqtisadi və humanitar layihələrdə liderliyi, siyasi və iqtisadi potensialı qabardılır: “Amerika Birləşmiş Ştatları ötən il Cənub Qaz Dəhlizinin işə salınmasını, Azərbaycanın Avropanın enerji şaxələndirilməsinə verdiyi töhfələri alqışlayır. Bu il Xəzərdəki yatağın Türkmənistanla birgə kəşfiyyatına və işlənməsinə dair imzaladığı Anlaşma Memorandumunu da qətiyyətlə dəstəkləyirik. Biz Azərbaycana NATO-nun Əfqanıstandakı missiyasına və terrorla mübarizə səylərinə verdiyi 20 illik dəstəyə görə minnətdarıq”.

C.Bayden öz məktubunda Azərbaycanın daha bir önəmli fəaliyyətini qeyd edir. Bu, koronavirus pandemiyası ilə mübarizədə Azərbaycanın verdiyi töhfələrdən ibarətdir.

ABŞ-la yanaşı digər bir qlobal güc mərkəzi – Avropa İttifaqının liderlərindən olan Almaniya Federativ Respublikası Prezidentinin məktubu da maraqlıdır. Frank-Valter Ştaynmayer də öz məktubuna 28 May – Respublika Günü təbrikiylə başlayır. Amma ikinci hissədə o da Azərbaycan dövlətinin və şəxsən Prezident İlham Əliyevin fəaliyyətinin dəyərləndirilməsi ilə davam edir: “Biz son 29 ildə hökumətlərimiz və xalqlarımız arasında münasibətlərimizi daim genişləndirmiş və inkişaf etdirmişik. Ümid edirəm ki, biz qarşılıqlı anlaşmanı və etimadı daha da gücləndirməyə nail olacağıq. Bizi, həmçinin dünyada COVID-19 pandemiyasına qarşı mübarizədə birgə səylərimiz birləşdirir”.

ABŞ və Almaniya siyasi, iqtisadi və hərbi maraqlar baxımından eyni qütbdə təmsil olunur. Əks qütbdə isə Çin Xalq Respublikası kimi Asiya və dünya nəhəngi dayanır. Maraqlıdır ki, Çin Xalq Respublikası da Azərbaycana eyni gözlə baxır. Respublikanın Sədri Si Cinpinin Prezident İlham Əliyevə ünladığı məktub bu baxımdan diqqət çəkir: “Bir kəmər, bir yol” müştərək layihəsi üzrə ölkələrimizin əməkdaşlığı dərinləşməkdə davam edir, COVID-19 pandemiyasına qarşı birgə mübarizədə nəzərəçarpacaq nəticələr əldə olunub. Mən Çin-Azərbaycan münasibətlərinin inkişafına xüsusi əhəmiyyət verirəm, əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi üçün Sizinlə birgə səylər göstərməyə hazıram”.

Siyasi baxımdan dünyanın müxtəlif qütblərində təmsil olunan aparıcı dövlət başçılarının Prezident İlham Əliyevə ünvanladıqları təbrik məktubları mesajlarla zəngindir. Bu mesajların hər biri Azərbaycanın qlobal proseslərdə uğurlu rolunu ehtiva edir, dövlətimizlə əməkdaşlığa hədsiz marağı göstərir. Deməli, yürüdülən siyasət doğrudur.

Davamlı olsun!
Ali məktəb və kolleclərə sənəd qəbulu başladıAli təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı əri­zələrin qəbulu 2021-ci il mayın 26-dan iyunun 8-dək internet vasitəsilə aparılır. Abituriyentlər Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az səhifə­sin­də “Şəxsi kabinet” yaratdıqdan sonra şəxsi kabi­netlərinin istifadəçi adı və parolundan istifadə etmək­lə DİM-in müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər (etdirirlər).

Mərkəzdən Avrasiya.net-ə bildirilib ki, müsabiqədə iştirak ödənişlidir. “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli 2694 nömrəli Sərəncamına əsasən ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan Respub­likası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) qəbul imtahanında (imtahanın ikinci mərhələsində ikinci dəfə iştirak istisna olmaqla) iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olur.

“Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli 2694 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 may tarixli 2635 nömrəli Sərəncamına əsasən aşağıdakı kateqoriyadan olan Azərbaycan Respublikası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) qəbul imtahanında (bütün mərhələ və cəhdlər üzrə) iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir:

- Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;

- şəhid ailəsinin üzvləri;

- valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;

- məcburi köçkün statusu olan şəxslər;

- I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 may tarixli 2635 nömrəli Sərəncamına əsasən ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilən abituriyentlər elektron ərizələrini təsdiq etməzdən (etdirməzdən) əvvəl DİM-in internet səhifəsində eyni adlı qeydiyyat sistemində qeydiyyatdan keçməlidirlər (ekabinet.dim.gov.az/pimtiyaz.aspx).

Digər abituriyentlər isə ərizəni təsdiq etmək (etdirmək) üçün tələb olunan məbləği şəxsi kabinetinlərindəki hesablarına əlavə edirlər və həmin məbləğ ərizə təsdiq olun­duq­dan sonra onların şəxsi kabinetlərindəki hesablarından çıxılır.

Ali təhsil müəssisələrinə I-IV ixtisas qrupları üzrə qəbul imtahanı iki mərhələdə həyata keçirilir. İmtahanın ikinci mərhələsinin iki dəfə (1-ci cəhd və 2-ci cəhd) keçirilməsi nəzərdə tutulur, lakin Koronavirus pandemiyası ilə əlaqədar yarana biləcək sanitar-epidemioloji vəziyyətdən asılı olaraq qəbul imtahanının ikinci mərhələsinin 2-ci cəhdinin keçirilməmə ehtimalını nəzərə alaraq abituriyentlərin 1-ci cəhddə iştirakı tövsiyə olunur.

Abituriyentlər eyni zamanda ali təhsil müəs­sisələrinin həm I-IV ixtisas qruplarına (hər hansı biri və yaxud ikisi üzrə) daxil olan ixtisaslar, həm V ixtisas qrupuna daxil olan ixtisaslar, həm də tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak edə bilərlər. Bunun üçün onlar ərizələrində müvafiq istəklərini bildirməlidirlər.

Ərizənin təsdiqi DİM-in məlumat bazasında abituriyent barədə olan məlumatların yetərli olub-olmamasından asılı olaraq iki üsulla həyata keçirilir (ərizənin hansı üsulla təsdiq ediləcəyi barədə məlumat proqram tərəfindən “Abituriyentin elektron ərizəsi” forması təsdiq edilənədək ərizəyə hər dəfə daxil olarkən ekranda göstərilir):

Ərizəsini Sənəd Qəbulu Komissiyasında təsdiq etdirməli olan abituriyentlər elektron tələb olunan sənədləri şəxsən təqdim etməklə elektron ərizələrini müvafiq SQK-larda təsdiq etdirirlər.

SQK-ların siyahısı və onların fəaliyyət müddəti, ərizə qəbulu ilə bağlı xüsusi hallar, imtahanların keçirilməsi, müsabiqə şərtləri, tədris dili və xarici dil imtahanları ilə bağlı xüsusi hallar və digər məsələlərlə verilmiş keçiddə sağ tərəfdə (“Tələbə qəbulu haqqında elan Ali TM”) tanış ola bilərsiniz.

Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı subbakalavrların ərizələrinin qəbulu DİM tərəfindən elan olunacaq müddətdə internet vasitəsilə aparılacaq. Daha ətraflı məlumatla tələbə qəbulu haqqında elanın son hissəsində tanış ola bilərsiniz.

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu

11 illik orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 2021-ci il mayın 26-dan iyunun 8-dək internet vasitəsilə aşağıdakı qaydada aparılır:

Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və ərizəni təsdiq edirlər (etdirirlər).

Ərizənin təsdiqi DİM-in məlumat bazasında abituriyent barədə olan məlumatların yetərli olub-olmamasından asılı olaraq iki üsulla həyata keçirilir (ərizənin hansı üsulla təsdiq ediləcəyi barədə məlumat proqram tərəfindən “Abituriyentin elektron ərizəsi” forması təsdiq edilənədək ərizəyə hər dəfə daxil olarkən ekranda göstərilir).

SQK-ların siyahısı və onların fəaliyyət müddəti, tələb olunan sənədlər, imtahanların keçirilməsi, müsabiqə şərtləri və digər məsələlərlə müvafiq səhifədə sağ tərəfdə (“Tələbə qəbulu haqqında elan, Orta ixtisas TM”) ətraflı tanış ola bilərsiz.

Abituriyentlərin nəzərinə çatdırırıq ki, qəbul kampaniyasının bütün mərhələlərində Dövlət İmtahan Mərkəzinin regional bölmələrində, Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu Universitetlərində abituriyentlərə tələbə qəbulu qaydaları, ali və orta ixtisas təhsili müəssiələrinə ərizə qəbulu, “Abituriyentin elektron ərizəsi”nin doldurulma və təsdiq edilmə qaydası və bu zaman qarşıya çıxa biləcək texniki problemlərin həlli, müsabiqə şərtləri və s. məsələlər haqqında kömək etmək məqsədilə yaradılan və ödənişsiz əsaslarla fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət edə bilərlər.

Azərbaycanda xüsusi karantin rejiminin müddəti avqustun 1-dək uzadıldıKoronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 avqust saat 06:00-dək uzadılıb.

Avrasiya.net bildirir ki, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarında belə deyilir.

Qərara əsasən, 2021-ci il 31 may saat 06:00-dan:

- açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə edilməsi tələbi ləğv edilir;

- Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti bərpa edilir;

- ölkənin şəhər və rayonlarından yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımaları bərpa edilir.

2021-ci il 10 iyun saat 00:00-dan aşağıdakı iş və xidmət sahələrinin fəaliyyəti bərpa edilir:

- dini ibadət yerlərinin (eyni vaxtda ibadət üçün nəzərdə tutulan yerlərin 50 faizindən (ümumi olaraq 50 nəfərdən) çox olmamaqla);

- iri ticarət mərkəzlərinin (nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların fəaliyyəti istisna olmaqla);

- bu Qərarın 2.3-cü bəndi nəzərə alınmaqla idman və sağlamlıq-bərpa obyektlərinin (tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbi olmadan);

- çimərliklərin və onların ərazisində yerləşən hovuzların, su attraksionlarının və idman oyunu yerlərinin.

Yaşı 18-dən aşağı olan şəxslərdən başqa, idman və sağlamlıq-bərpa obyektlərindən yalnız COVID-19 pasportu (COVID-19-a qarşı peyvənd sertifikatına malik olan) və ya COVID-19-a qarşı immunitet sertifikatı (COVID-19-dan sağalaraq immunitetə malik olan) olan şəxslər istifadə edə bilərlər.

2021-ci il iyulun 1-dən etibarən COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatı tələbi müəyyən edilən iş və xidmət sahələrinin işçilərinin ən azı 80 faizinin belə pasporta və ya sertifikata malik olması tələb olunur.

Bu Qərarın 2.1-ci və 2.2-ci bəndlərində nəzərdə tutulan iş və xidmət sahələrində koronavirus infeksiyasına qarşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə, həmçinin digər dövlət orqanları (qurumları) tərəfindən müəyyən edilmiş bütün tələblərə və metodiki göstərişlərə əməl edilməsi məcburidir.

2021-ci ildə futbol üzrə Avropa çempionatının Bakı şəhərində keçiriləcək 4 oyununda məhdud sayda tamaşaçının iştirakına icazə verilir.

Bu Qərarın tələblərinin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

2021-ci il 5 iyun saat 00:00-dan 7 iyun saat 06:00-dək, 13 iyun saat 00:00-dan 14 iyun saat 06:00-dək, 19 iyun saat 00:00-dan 20 iyun saat 06:00-dək, 26 iyun saat 00:00-dan 28 iyun saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılır.

Qapalı bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində tibbi maskadan istifadə qüvvədədir.

İctimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə, insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda tibbi maska taxmaq tələbi ləğv edilib.

“Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında nəzərdə tutulan məhdudiyyətlər bu Qərara zidd olmayan hissədə öz qüvvəsini saxlayır.

Bu Qərar 2021-ci il 31 may saat 06:00-dan qüvvəyə minir.
“Sağlam ailə sağlam cəmiyyətin və güclü dövlətin əsasıdır”Dünya Əliyeva: “Ailənin özülü nə qədər möhkəmdirsə, cəmiyyət də bir o qədər güclü və sağlamdır”

“Ailənin özülü nə qədər möhkəmdirsə, cəmiyyət də bir o qədər güclü və sağlamdır. Sağlam ailə sağlam cəmiyyətin və güclü dövlətin əsasıdır. Bu qiymətli sərvəti kənar təsirlərdən qorumaq və gənc nəsli sağlam ruhda tərbiyə etmək dövlətin və cəmiyyətin qarşısında duran əsas vəzifələrdəndir”.

Bu fikirləri “Xalq Cəbhəsi”nə müsahibəsində “Dünya Ana və Uşaq” ictimai birliyinin sədri Dünya Əliyeva səsləndirib. O, əlavə edib ki, ailələr vətəndaş cəmiyyətinin tərkib hissəsidir: “Güclü vətəndaş cəmiyyətinin təməlləri ailələrinin özülünə çox bağlıdır. Ailələr nə qədər möhkəm, savadlı, müasir olarlarsa vətəndaş cəmiyyətinin inkişafı bir o qədər sürətlə gedər”.

D.Əliyeva əlavə edib ki, bu gün qloballaşma və modernləşmə şəraitində ailələr texnoloji və iqtisadi inkişafın gətirdiyi müxtəlif problemlərlə qarşılaşır: “Qərb cəmiyyətində müşahidə olunan mənfi dəyişikliklər bir sıra ənənəvi dəyərlərin itirilməsinə səbəb olur. Dünya millətlərinin bəziləri artıq ailə institutunu bir dəyər kimi deyil, investisiya vasitəsi kimi qəbul etməyə başlayıblar. Qlobal səviyyədə ailə həyatı innovasiyaların təhdidi altındadır, mənəvi dəyərlərin zəifləməsi ailənin sosial statusuna fundamental təsir göstərir. Qərb cəmiyyətində ailənin sosial bir institut kimi sıradan çıxması müşahidə olunur”.

Təşkilat rəhbəri diqqətə çatdırıb ki, Azərbaycan ailəsi uzunömürlülüyü və möhkəmliliyi ilə dünyada ən yaxşı ailə modellərdən biri hesab olunur: “Müxtəlif mərhələlərdə ailə institutu tarixi dəyişikliyə məruz qalsa da, bu sahədə mövcud olan fundamental dəyərlər dəyişməz qalıb və müasir dövrə qədər gəlib çatıb. Hazırda dövlətin ailə siyasəti Azərbaycan hökumətinin diqqətində olan mühüm məsələlərdəndir. Bu sahədə sosial məsuliyyətin milli mexanizmlərinin əsasını qoymuş Ümummilli lider Heydər Əliyevin siyasi kursunu Prezident İlham Əliyev uğurla davam etdirir. Ailənin inkişafı və sosial təminatı, qadın və uşaq hüquqlarının müdafiəsi, gənc ailələrə mənəvi dəstək prinsipləri “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında öz əksini tapıb. Həmin Konsepsiyaya əsasən, “Azərbaycan Ailəsi Strategiyası”nın, Gender Bərabərliyi üzrə Milli Fəaliyyət Planının, “Ailə psixoloqu” İnstitutunun hazırlanması nəzərdə tutulur. Respublikamızda cəmiyyətə layiqli, sosial-mənəvi inkişafını təmin edən, həyat strategiyasını gerçəkləşdirə bilən, fəal, güclü ailələrin formalaşmasında məqsədyönlü işlər aparılır. Məlumdur ki, Azərbaycan dövləti ailə institutunun qorunması istiqamətində güclü qanunvericilik bazasına malikdir. Lakin nigahın pozulması və ümumilikdə ailə institututnun dağılması halları ilə bağlı rəsmi statistik rəqəmlər bu sahədə həlli vacib problemlərin aktuallığını təsbit edir. Bu bir həqiqətdir ki, sağlam ailə, sağlam nəsil, sağlam millət, güclü vətəndaş cəmiyyəti deməkdir. Ailə və onu təşkil edən şəxsiyyətlərin qarşılıqlı əlaqələri mürəkkəb sistemdən ibarətdir ki, onu dərk etmədən ailə münasibətlərini idarə etmək mümkün deyil. Sağlam ailənin təməli isə sağlam evliliklə qurulur. Ailə institutunun qorunması, nigah münasibətlərinin möhkəmləndirilməsi və bu sahədə ən aktual problemlərin yaranmasının qarşısını vaxtında almaq üçün gənclər arasında maariflənmə işinin aparılması olduqca çox vacibdir”.

D.Əliyeva deyib ki, artıq ailə institutunun cəmiyyətdəki mövqeyinin möhkəmləndirilməsi, cəmiyyətin saflığının və əxlaqi dəyərlərinin qorunması, gələcək nəslə ötürülməsi dünyada aktual problemdir: “Bəzi ölkələrdə ailə ənənələrinin zəif olması bir sıra sosial-psixoloji fəsadların yaranmasına yol açır ki, bu da, öz növbəsində, cəmiyyətdə deqradasiyanı sürətləndirir. Müasir dövrdə Azərbaycan dünya birliyinə inteqrasiya edir. Bu baxımdan dünyada gedən qloballaşma prosesi cəmiyyətimizə təsirsiz qalmır. Dünyada gedən bu mənfi tendensiya qloballaşma adı altında milli-mənəvi dəyərlərimizin sıxışdırılmasına və məhvinə gətirib çıxara bilər.

Azərbaycan xalqının min illər boyu yaratmış olduğu milli mənəvi dəyərlərin təbliği və qorunması dövlətimizin və cəmiyyətimizin qarşısında duran vacib şərtlərdəndir. Biz, təşkilat olaraq, ailə institutunun qorunması, nigah münasibətlərinin möhkəmləndirilməsi və bu sahədə ən aktual problemlərin yaranmasının qarşısını vaxtında almaq üçün gənclər arasında maariflənmə işinin aparılması ilə balı layihə həyata keçirdik..

Astara, Lerik, Xaçmaz və Şabran rayonlarında yaşayan 200 (iki yüz) nəfər gənc və gənc ailə üzvü ilə ailə institutunun qorunması, nigah münasibətlərinin möhkəmləndirilməsi və bu sahədə ən aktual problemlərin yaranmasının qarşısını vaxtında almaq üçün maarifləndirici görüşlər təşkil etdik. Layihə çərçivəsində sosial media vasitəsilə ailə institutunun qorunması, nigah münasibətlərinin möhkəmləndirilməsi və bu sahədə ən aktual problemlərin yaranmasının qarşısını vaxtında almaq üçün müzakirələr təşkil olundu.

Dörd rayonda hər birindən əlli nəfər gəncin və gənc ailə üzvünün iştirakı ilə maarifləndirici görüşlər keçrildi, keçirilən maarifləndirici görüşlərdən geniş reportajlar hazırlanaraq KİV-də və sosial mediada yayımlandı. Həmçinin sosial media üzərindən müzakirələr təşkil olundu.

Hədəf qrupu olaraq gəncləri və gənc ailə üzvlərini seçməkdə məqsədimiz odur ki, nigahı pozulan ailələrin mütləq əksəriyyəti gənc ailələr olur. Ailədaxili münasibətlərin düzgün tənzimlənməməsi bir qayda olaraq gənclər arasında fikir ayrılığını dərinləşdirir və nəticədə nigahın pozulması halları baş verir.

Bizim bu rayonlarda səmərəli işləmək imkanlarımız digər bölgələrə nisbətən daha çoxdur. Respublikamızın digər bölgələrində olduğu kimi Astara, Lerik, Xaçmaz və Şabran rayonlarda da ailədaxili münaqişələr ucbatından nigahın pozulması kimi mənfi hallar müşahidə olunur.
Layihənin icrası zamanı yarana biləcək risklərin vaxtında aradan qaldırılması üçün adiyyatı dövlət qrumları ilə müntəzəm olaraq əlaqə saxlanıdı. Ailə institutunun qorunması, nigah münasibətlərinin möhkəmləndirilməsi və bu sahədə ən aktual problemlərin yaranmasının qarşısını vaxtında almaq üçün gənclər arasında maariflənmə işi aparıldı.
Astara, Lerik, Xaçmaz və Şabran rayonlarında keçirdiyimiz görüşlər həmin gənclərlə yanaşı onarın yaxın çevrələrində də uzunömürlülüyü və möhkəmliliyi ilə dünyada ən yaxşı ailə modellərdən biri hesab olunan Azərbaycan ailəsinin cəmiyyətimizin və dövlətimizin təməl daşı olduğu haqqında təsəvvürlərini gücləndirəcək. Azərbaycan xalqının min illər boyu yaratmış olduğu bu milli mənəvi dəyərimizi qorumaq və gələcək nəsillərə ötürmək həm də onların bir mənəvi borcu olduğu izah ediləcək. Təşkilatımız tərəfindən keçirdiyimiz maarifləndirici görüşlərin təsirlərinin uzun müddətli olması üçün tədbir iştirakçıları ilə tədbirlərdən sonra da əməkdaşlıq edirik.

Təşkilatımız bu sahədə aparılan dövlət siyasətini yaxından izləməklə bu mövzuda keçirilən müxtəlif dövlət və qeyri dövlət təşkilatlarının tədbirlərində çox fəal iştirak edib. Bu mövzuda “dəyirmi masa”lar keçirib.
Statistika da göstərir ki, nigahı pozulan ailələrin mütləq əksəriyyəti gənc ailələr olur, ailədaxili münasibətlərin düzgün tənzimlənməməsi bir qayda olaraq gənclər arasında fikir ayrılığını dərinləşdirir və nəticədə nigahın pozulması halları baş verir. Bu səbəbdəndə hədəf qrupu olaraq gəncləri və gənc ailə üzvlərini seçdik. Astara, Lerik, Xaçmaz və Şabran rayonlarında təşkilat olaraq şəxsi və işgüzar münasibətlərimiz mövcud olduğuna görə, bu rayonlarda layihəmizi uğurla icra edə bildik.
Layihə çərçivəsində Azərbaycan Respublikası Prezident Adminstrasiyası, Azərbaycan Respublikası Statistika Komitəsi, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Astara, Lerik, Xaçmaz və Şabran rayonlarının İcra Hakimiyyəti orqanları ilə əməkdaşlıq etmişik”.

D.Əliyeva onu da əlavə edib ki, QHT-lər vətəndaş cəmiyyətinin əsas struktur elementlərindən biridir. Onun sözlərinə görə, təşkilat olaraq vətəndaş cəmiyyətinin inkişafında və ailə institunun möhkəmlənmsəində mütəmadi olaraq fəliyyət göstərirlər: “Biz, indiyə qədər bu istiqamətdə çoxsaylı və effektiv layihələr reallaşdırmışıq. Bundan sonrakı perspektiv üçün də layihələrimiz davamlı olacaq”.
BAXCP sədri Arzu Şirinovanı təbrik edibBütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev tanınmış jurnalist Arzu Xasay qızı Şirinovanı 60 illik yubileyi münasibətilə təbrik edib. Təbrikdə deyilir:

“Hörmətli Arzu xanım,

Sizi 60 illik yubileyiniz münasibətilə təbrik edirəm!

Siz müstəqil Azərbaycan mediasının özünəməxsus dəst-xətti olan, milli mətbuatımızın tarixi ənənələrinə, milli-mənəvi dəyərlərimizə sədaqəti ilə seçilən istedadlı və nüfuzlu qələm sahiblərindənsiniz.

60 illik ömrünüzün əhəmiyyətli hissəsini - 40 ilindən çoxunu, babanız Əli Vəliyevin yolunu davam etdirərək, Azərbaycan mətbuatına, jurnalistikamızın inkişafına sərf etmisiniz. Qubadlı rayonunda nəşr olunan “Avanqard” qəzetindən başlayan yolunuz “Olaylar”, “7 gün”, “Karvan”, “Yeni Zaman”, “Hürriyyət” kimi mətbu orqanlarından keçib. 20 ilə yaxın bir zaman kəsiyində “Xalq cəbhəsi” qəzetinin redaktoru kimi səmərəli fəaliyyət göstərmisiniz. Jurnalistikadakı fəaliyyətiniz dövlətimiz tərəfindən də yüksək qiymətləndirilib, 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmusunuz.

Hörmətli Arzu xanım,
Doğulduğunuz Qudablı rayonu, bütövlükdə isə Qarabağ mövzusu torpaqlarımızın işğal altında olduğu müddətdə yaradıcılığınızın ana xəttini təşkil edib. Təsadüfi deyil ki, 2011-ci ildə nəşr olunmuş publisistik məqalələrdən ibarət kitabınız da “Cənnətin işğalı” adlanır. Bu baxımdan, rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin misilsiz qəhrəmanlıqları nəticəsində doğulduğunuz Qubadlı rayonunun, Qarabağımızın işğaldan azad edilməsi cənnətin işğalının başa çatması, sizin və təbii ki, onmilyonlarla azərbaycanlının arzularının çin olması deməkdir.

Sizi bir daha təbrik edir, möhkəm cansağlığı və yaradıcılıq uğurları arzulayıram”.