"Bölgəmizdə ermənilər və İran hər zaman təxribat törətmək üçün fürsət axtarıb"Gürcüstanda yaşayan soydaşlarımıza qarşı bir həftə əvvəl start götürən təxribat bu ölkədə etnik problemlərin hələ də qalıcı olaraq çözülmədiyini ortaya çıxardı. Burada dövlətin düzgün etnik siyasət yürütmədiyi də açıqdır. ortada gəzib-dolaşan təxribatçıların hər an gözlənilən hücumunun qarşısını anında alabilmə bacarığının da olmadığı göründü. Elə isə bütün bunlar niyə baş verir, torpaqlarının bir hissəsi separatçı rejimlərin bayrağı altında Rusiyanın əsiri olan, buna baxmayaraq Avropaya inteqrasiya istiqaməti seçən, reallıqda dolanışığını Azərbaycanın hesabına tamamlayan Gürcüstanda niyə qalıcı asayiş tətbiq edilmir, niyə milli məsələlərdə dövlət səviyyəsində buraxılan boşluqlar doldurulmur ki, ölkədaxili və xarici düşmən ünsürlər bu amillərdən yararlanmasın? Suallar çoxdur və bir qisminə Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubovla söhbət əsnasında cavab tapmağa çalışdıq:

- Hazırda Dmanisidə tam sakitlikdir, hər kəs öz işində-gücündədir. Hadisələrlə bağlı hazırda istintaq gedir. Biz də Gürcüstan Azərbaycanlıları Konqresi olaraq tələb etmişik ki, məsələ ciddi araşdırılsın, cinayət törədən şəxslər tapılsın və mütləq cəzalandırılsın. Bu istiqamətdə işlər gedir və əminik ki, günahkarlar etnik kimliyindən, dini və siyasi baxışlarından asılı olmayaraq cəzalarını alacaqlar.

- Bir qrupun dükana və qarşısında dayanan azərbaycanlılara hücumu ilə başlayıb münaqişə. Araşdırılma aparılırmı ki, həmin qrupu ora kim göndərib, məqsəd-plan nəymiş? Onların ölkədə yaşayan ermənilərin və ya Ermənistandan kimlərinsə təsiri altında bu münaqişəni yarada bilməsi mümkündürmü?I

- Hadisələrdə birbaşa ermənilərin təxribat izini aramaq mümkün deyil. Bizə görə, burada daha çox Rusiya izi görünür. Əlbəttə, bölgəmizdə ermənilər və İran hər zaman təxribat törətmək üçün fürsət axtarıb. Bu bəzən alınır, bəzənsə yox, amma onlar hər zaman öz çirkin əməllərinin arxasında dayanıblar. Burada bir məqam var: istər Azərbaycan, istərsə də Gürcüstan bilməlidir ki, düşmənlərimiz hər zaman ətrafımızdadırlar və təxribat törətmək üçün fürsət arayırlar. Ona görə də hər addımı ölçüb-biçərək atmalıyıq. Siz də bilirsiniz ki, Gürcüstanın iki böyük ərazisi Rusiya tərəfindən işğal edilib. Bu azmış kimi, 1918-ci ildən bəri Gürcüstanın Lori bölgəsi də Ermənistan tərəfindən qəsb edilib. Həmin iki qüvvə birlikdə Azərbaycan torpaqlarının 20 faizini 30 ilə yaxın bir müddətdə işğalda saxlamışdı. İran isə həmişə bu qüvvələrə dəstək verib və bu gün də eyni mövqedədir.

- Deyirlər, toqquşmanın yaranmasında svanlar günahkardır. Ən pisi odur ki, Gürcüstan hökuməti onları məhz azərbaycanlıların sıx yaşadığı bölgələrdə yerləşdirib və ya yerləşdirməyə qərarlıdır. Bu məsələ haqda nə deyərdiniz?

- Bilirsiniz, svanlar öz dilləri olan, amma yazılı əlifbaları olmayan gürcü dil qrupuna daxil xalqdır. Ölkənin əsasən dağlıq bölgələrində yaşayan bu azsaylı xalq 1990-cı illərdə təbii fəlakət yaşandığı üçün öz yerlərindən köçərək, ölkənin bütün ərazilərində, o cümlədən Borçalıda məskunlaşıblar. Məcburi köçkün kimi imtiyazları var, dövlətdən yardım alan bu insanlara ərazimizdə məskunlaşdığı dönəmdə azərbaycanlılar tərəfindən çox böyük köməkliklər olunub. Necə deyərlər, ev olmalarında, ayaqüstə duraraq özlərinə gəlmələrində soydaşlarımızın köməyi əvəzsizdir. Onlar təbii fəlakətdən silinməz yara alaraq qurtulmuşdular – bir çoxları ailə üzvlərini itirmişdilər və əminəm ki, bütün olanlara baxmayaraq, biz yenə də bu xalqa yardım göstərməyə hazırıq. Biz türkük, qafqazlıyıq, çətin duruma düşən insanlara yardım göstərmək içimizdən gəlir. Təəssüf ki, günümüzdə baş verən hadisələr Gürcüstanda son 30 ildə yürüdülən inteqrasiya siyasətinin yanlış olduğunu üzə çıxardı. Hesab edirəm ki, bu müstəvidə daha böyük büdcəyə malik proqramlar həyata keçirilməlidir. Özü də təkcə Reinteqrasiya Nazirliyində yox, digər nazirlik və dövlət qurumları səviyyəsində də.

- Gürcüstanda fəaliyyət göstərən Azərbaycan səfirliyi və Azərbaycan diaspor təşkilatlarının rəhbərləri, o cümlədən siz, hadisə yerinə getmisinizmi? Ümumiyyətlə, baş verənlərlə bağlı nə kimi addımlar atılıb?

- Hadisə baş verən gün Konqres olaraq tam səfərbər idik. Azərbaycan səfirliyinin əməkdaşları da bütün günü orada olub, insanlarla, yerli rəhbərliklə görüşlər keçirib, nə baş verdiyini araşdırıblar. Səfirlik, həmçinin bizimlə də əlaqə quraraq məlumat mübadiləsi edib.

- Azərbaycanın torpaqlarını işğaldan qurtarması, Zəngəzur dəhlizinin açılması planının qüvvədə olması ilə Gürcüstandakı soydaşlarımıza qarşı törədilənlər arasında bir bağ ola bilərmi sizcə? Yəni təxribat, Gürcüstanla Azərbaycan arasında münasibətlərdə gərginlik yaratmaq istəyi...

- Qeyd edim ki, 44 günlük Vətən müharibəsi bizi çox sevindirdi. Müharibə gedən müddətdə Gürcüstan hakimiyyəti ərazisindən Ermənistana gedən yolları bağlayaraq, silah və hətta ərzaq yüklənmiş maşınların keçidinə icazə vermədi. Bundan əlavə, Gürcüstan müharibə ərzində hava məkanını da qapatdı ki, Ermənistana silah və hərbi texnika daşıyan təyyarələr uça bilməsin. Necə deyərlər, Gürcüstan tam mənada Azərbaycana dəstək verdi. Belə deyərdim: təxribatçılar var, amma ölkələrimiz arasında əlaqələr elə güclüdür ki, onu sarsıtmaq mümkün deyil.

- Zəngəzur dəhlizinin nə zamansa açılma ehtimalı bütün mənalarda Gürcüstanın rəsmi və ictimai dairələrində narahatlıq yaradırmı? Axı bu dəhliz işə düşərsə Gürcüstanın mövqeyi xeyli zəifləyə bilər? Bu mənada, bəlkə rəsmi Tiflis özü bilərəkdən baş verən məlum olaylar kimi təxribat yaratmaqla “mən də varam” deyə xatırlatmaq istəyir...

- Zəngəzur dəhlizinin açılması Gürcüstan üçün də maraqlı ola bilər. Çünki bu layihənin perspektivləri çox böyükdür. O ki qaldı Gürcüstanın bu məsələyə münasibətinə, heç bir narahatlığa əsas görmürük. Gürcüstanın iştirak etdiyi layihələr beynəlxalq miqyaslıdır və əvəzsizdirlər. Üstəlik, Gürcüstanın Azərbaycanla dost münasibətlərə sahib olduğunu da nəzərə alsaq, Bakı heç vaxt Gürcüstandan keçən yolun strateji əhəmiyyətini gözardı etməyəcək. Gürcüstanda hamı anlayır ki, Zəngəzur dəhlizinin gələcəkdə işə düşməsi bölgəmizin rifahına müsbət təsir edəcək. Yəni Gürcüstandan keçən megalayihələr olduğu kimi icra ediləcək - bunlar ziddiyyət təşkil etmir.

Vüsal Tağıbəyli
Dünyada yeni ölümcül virus əmələ gələcək - ÜST-dən AÇIQLAMAÜmumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Qebreyesus dünyada yeni ölümcül virusun əmələ gəlməsini proqnozlaşdırıb.

Baş direktor bu barədə Cenevrədə bu gün açılan 74-cü Ümumdünya Səhiyyə Assambleyasında bildirib.

“Dünya pandemiya təhlükəsi ilə sonuncu dəfə qarşılaşmır. Təkamül dəyərlərinə görə, yeni virus əmələ gələcək, potensial olaraq indiki virusla müqayisədə daha yoluxucu və daha ölümcül olacaq”, - deyə Tedros Qebreyesus bildirib.

ÜST rəhbəri xatırladıb ki, pandemiyanın başlıca drayveri beynəlxalq həmrəyliyin olmaması, məlumatlarla mübadilə aparmamaq, resurs və texnologiyaları təqdim etməmək arzusudur. Onun sözlərinə görə, əgər köhnə yol ilə getsən, o halda eyni nəticəyə - hazırlıqsız, təhlükəli və qeyri-ədalətli dünyaya çıxacaqsan. Dünyanın təhlükəsizliyinin qorunması liderlik, həmçinin bütün üzv ölkələrin cəlb edilməsini tələb edir.

Mayın 24-dən iyunun 1-dək davam edəcək 74-cü Ümumdünya Səhiyyə Assambleyasında koronavirus pandemiyasına qarşı mübarizə və yeni fövqəladə vəziyyətlərin qarşısının alınması məsələlərinə xüsusi diqqət yetiriləcək. ÜST-nin bu dəfə onlayn formatda keçirilən əsas illik forumunda 194 dövlətin nümayəndələri iştirak edir.
Bu dəstəyə görə Azərbaycana minnətdarıq - BaydenBiz Azərbaycana NATO-nun Əfqanıstandakı missiyasına və terrorla mübarizə səylərinə verdiyi 20 illik dəstəyə görə minnətdarıq.

Avrasiya.net xəbər verir ki, bunu Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef R.Bayden 28 May - Respublika Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubda deyib.

"Bu il Azərbaycanın müstəqilliyinin 1991-ci ildə bərpa edilməsindən 30 il keçir. Bu müddət ərzində Amerika Birləşmiş Ştatları və Azərbaycan Respublikası xalqlarımız arasında əlaqələri gücləndirərək təhlükəsizlik, enerji və demokratik idarəetmə məsələlərində birlikdə çalışıblar.

Amerika Birləşmiş Ştatları ötən il Cənub Qaz Dəhlizinin işə salınması ilə Azərbaycanın Avropanın enerji şaxələndirilməsinə verdiyi töhfələri və bu il Xəzərdəki yatağın Türkmənistanla birgə kəşfiyyatına və işlənməsinə dair imzaladığı Anlaşma Memorandumunu qətiyyətlə dəstəkləyir. Biz Azərbaycana NATO-nun Əfqanıstandakı missiyasına və terrorla mübarizə səylərinə verdiyi 20 illik dəstəyə görə minnətdarıq. ATƏT-in Minsk qrupunun həmsədri olaraq münaqişənin uzunmüddətli siyasi həllinə dair danışıqlarda kömək etməyə sadiq qalırıq.

Münaqişə və koronavirus pandemiyası ilə yadda qalan bir ildən sonra Azərbaycanın bu çətinliklərdən insan hüquqlarına və əsas azadlıqlarına hörmət etməklə və qonşuları ilə sülh içində yaşamaqla daha da firavan bir dövlət kimi çıxmasına ümid edirəm".
Ölkə hüdudlarından kənarda qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak edən şəxs saxlanılıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) xarici ölkələrin ərazisində fəaliyyət göstərən qanunsuz silahlı birləşmələrin tərkibində iştirak edən Azərbaycan Respublikasının vətəndaşlarının müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində mübarizə tədbirlərini davam etdirir.

Avrasiya.net Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəsmi saytına istinadən xəbər verir ki, aparılmış araşdırmalar zamanı Azərbaycan vətəndaşı 1986-cı il təvəllüdlü Camalov Orxan Tofiq oğlunun 2014-cü ildə ölkə hüdudlarını tərk edərək “İŞİD” terror təşkilatının Suriyadakı silahlı qruplaşmasına daxil olması, həmin qanunsuz birləşmənin tərkibində fəaliyyət göstərməsinə dair əldə edilmiş məlumatlar əsasında əməliyyat-istintaq tədbirləri həyata keçirilib:

“Əvvəllər Orxan Camalov Zaqatala rayon sakini İlqar Mollaçiyevin rəhbəri olduğu “Meşə qardaşları” adlı qanunsuz silahlı birləşmənin üzvlərinin ölkə ərazisində terror-təxribat aktları törətmək niyyətlərinin qarşısının alınması məqsədilə aparılmış əməliyyat-axtarış tədbirləri zamanı yaşadığı ünvana baxış keçirilərkən əl qumbaraları və müxtəlif çaplı patronlar aşkarlandığına görə müvafiq cinayət işi üzrə məhkum olunub. Orxan Camalov azadlığa çıxdıqdan sonra “Hanzala” ləqəbli Şamil adlı şəxsin dəvəti və köməyi ilə 2014-cü ilin avqust ayında Türkiyə Respublikasına, oradan isə qanunsuz yollarla Suriya Ərəb Respublikasının ərazisinə keçərək həmin dövlətin Rakka şəhərinə gedib. Orxan Camalovun orada “İŞİD” terror təşkilatına tabe olan “Azəri camaatı” adlı qanunsuz silahlı birləşməyə qoşulmasına, həmin cinayətkar qrupun tərkibində təlimlərdə və silahlı münaqişələrdə iştirak etməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd olunan faktlarla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə Orxan Camalov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 218.2-ci (cinayətkar birlikdə iştirak etmə) və 283-1.3-cü (dini məzhəbləri yayma, dini ayinlərin icrası adı altında, yaxud dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə məqsədilə yaradılmış qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. O, dindirilmə zamanı din adı altında aldadılaraq həmin bölgəyə getdiyini, orada baş verən hadisələrin dinin əsl mahiyyətinə zidd olduğunu və törətdiyi cinayət əməllərini etiraf edərək səmimi peşmançılıq hissi keçirdiyini bildirib. Hazırda cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir”.
Daha bir vəzifəli şəxs həbs edildiBakı Baş Gömrük İdarəsinin daha bir əməkdaşı həbs edilib.

Avrasiya.net xəbər verir ki, Binəqədi rayon Məhkəməsində Bakı Baş Gömrük İdarəsinin maliyyə inspektoru Azər Baxşıyev barəsində istintaq orqanın təqdimatına baxılıb.

Təqdimat təmin edilib və A.Baxşıyev barəsində həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi mayın 17-də Bakı Baş Gömrük İdarəsində əməliyyat keçirib.

Nəticədə idarənin vəzifəli şəxsləri - Elmar Mirzəyev, Emin Xəlilov, Mirağa Ağayev, Ceyhun Şabanov və Aydın Eylazov şübhəli şəxs qismində tutulub.

Daha sonra Binəqədi rayon Məhkəməsində həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçib.

Onu da qeyd edək ki, Azər Baxşıyev Naxçıvan Muxtar Respublikasının sabiq Baş naziri Əlövsət Baxşıyevin qardaşı oğludur.

Ə.Baxşıyev 20 il Naxçıvan MR-nın Baş naziri olub.
Millət vəkili o Anadan üzr istəyib, ayağına düşməlidir!Tanınmış idmançı Kamil Zeynallının “Kontakt Hom” mağazalar şəbəkəsinin Bakıxanov filialı əməkdaşlarının borca görə şəhidin yataq dəstini müsadirə etməsi iki gündür sosial şəbəkələrdə ciddi etirazla qarşılanır.

Mağazalar şəbəkəsi artıq bununla bağlı açıqlama yayıb. Açıqlamanın özü isə ciddi şübhələrə əsas verir.

1. Şirkətdən bildirilib ki, sözügedən yataq dəsti şəhidimizin ailəsinə deyil, onun qayınanası Azadə Süleyman qızı Məmmədovaya məxsusdur.

“Azadə xanım məhsulu qızı ailə həyatı qurarkən ona hədiyyə etmişdir”.

Bu açıqlamanı özü qəribədir. Fakt ondan ibarətdir ki, yataq dəsti “qayınanaya” məxsus deyil, onun adınadır, şəhidimiz ailə qurarkən onlara cehiz verilib. Bunu “qayınanaya məxsusdur” kimi təqdim etmək nəyə lazımdır ki?

2. Şirkət bildirib ki, Şirəli Adilov şəhid olduqdan sonra 1 aydır ailə qurduğu xanımı ata evinə geri qayıdıb. Azadə xanım da “Kontakt Hom”un Çağrı Mərkəzinə müraciət edərək məhsul üzrə ödənişlərini davamlı olaraq etsə də, ondan imtina etdiyini və yataq dəstini geri qaytarmaq istədiyini bildirib. Çağrı Mərkəzinin operatoru Azadə xanımın kürəkəninin şəhid olduğunu öyrəndikdən sonra borcun şirkət tərəfindən bağışlanılması və məhsulun şəhidin evində qalmasını təklif edib. Lakin o, buna razı olmayıb və məhsulun sahibi olaraq təkidlə geri qaytarılmasını istəyib.

Şəhidin qayınanasının bu tələbinin səbəbi nədir? Ödənişi onsuz da geri qayıtmayacaq, üstəlik, ondan əlavə ödənişlər də tələb etmirlər. Belə olan halda qayınana qızına aldığı cehizin şəhid kürəkəninin evindən götürülməsini niyə təkid etməlidir?

3. Şirkətdən bildirilib ki, fəhlələr məhsul sahibinin tələbini icra ediblər.

Sual yaranır: Şirkət cehizin yerləşdirildiyi şəhid ailəsi ilə əlaqə saxlayıbmı? Yataq dəsti götürülərkən, şəhid anasının sözünü eşidiblərmi?

Axı, şəhidimizin anası buna çox mənfi münasibət göstərib, hətta bir qədər gözləmələrini, yataq dəstinin qalan borcunu ödəməyə hazır olduğunu da bildirib. Onda fəhlələr niyə əl saxlamayıblar?

ayağına düşübBurdan aydın olur ki, şəhidimizin anası o yataq dəstinin evindən çıxarılmasına etiraz edib və şiddətlə buna qarşı çıxıb. Yaxşı o olardı ki, şirkət əməkdaşları hətta “məhsulun sahibi” Azadə xanımın “təkidi” ilə yataq dəstini sökməyə gələndə borcu bağışlamaq istəyirdisə, yerindəcə məhsulu şəhid anasının adına rəsmiləşdirib, bir bağışlanma sənədi də ona verərək, nüfuzuna və şəhid adına olan hörmətini göstərərdi.

Şirkət Azadə xanımın səs yazısını yaymağa hazır olduğunu bildirir. Ola bilsin ki, belə bir səs yazısı da var və Azadə xanım bəlkə də fərqinə varmadan bu təklifi irəli sürüb. Ancaq şəhid anası Zümrüd xanımdır, yataq dəsti də şəhidin evindən çıxarılır. Burda artıq məsələ hüquqi deyil, mənəvi müstəvidən həllini tapmalıydı.

Və nəhayət sonuncu: Ola bilsin ki, şirkət ciddi yanlışlığa, etinasızlığa yol verib, şəhid anasının ürəyini qırdığını dərk etməyib və s. Hər şey mümkündür. Bəs, məlumat yayılandan və şəhid anasının etirazı ictimailəşəndən sonra Zümrüd Ananın şəhid ovladı üçün yeni yataq dəsti almasına “Kontakt Hom” bu reaksiyası adekvatdırmı?

Hanı bu şirkətin sahibi? Üzə çıxıb, üzr istəyib, gedib o ananın əlini öpüb, ayağına düşüb, operatorun və fəhlələrin üstünə yıxdıqları yanlışı aradan qaldırmağa və yataq dəstini yerinə qaytarmağa ona nə mane olur?

P.S. “Kontakt Hom”un rəhbərinin millət vəkili Elnur Allahverdiyev olduğu bildirilir.

Kult.az
“Sakinlər deputatdan kənddən çıxıb getməsini istədilər” - İcra nümayəndəsi81 saylı Beyləqan seçki dairəsini təmsil edən deputat Şahin İsmayılovun rayonun Kəbirli kəndində seçiciləri ilə görüş zamanı baş vermiş narazılıqla bağlı videgörüntülər yayılıb.

Unikal.orgun yaydığı videoda seçicilər deputatın fəaliyyətindən narazı olduqlarını dilə gətiriblər. Eyni zamanda, bildiriblər ki, bu günə kimi ona yazdıqları ərizələr müsbət istiqamətdə həllini tapmayıb.

Modern.az saytı məsələylə bağlı Ş. İsmayılovla əlaqə saxlasa da, deputat sonra danışacağını söyləyib. Amma təkrar zənglərə cavab verməyib.

Sözügedən kəndin icra nümayəndəsi Bakir Ağayev isə "Qafqazinfo"ya bildirib ki, ötən gün kənddə şəhid bulağının açılışı olub: “Həmin açılışda da şəhid ailələri iştirak edirdilər. Bizim kənd Vətən müharibəsində 7 şəhid verib. Ailələr deputata narazılıq etdilər ki, müharibə günlərində Şahin İsmayılov onlarla maraqlanmayıb. Ona görə də deputatdan kənddən çıxıb getməsini istədilər”.
Rəis təkzib etdi: Səhv bizimdir, 5 milyon deyilBəzi mətbuat orqanlarında Dövlət Miqrasiya Xidmətinin elan etdiyi tender nəticələri ilə bağlı məbləğlərin qeyri-dəqiq göstərilməsi sistemə məlumatların daxil edilməsi zamanı tərəfimizdən xəta baş verməsi ilə əlaqədardır (məbləğdə “nöqtə” işarəsinin qeyd edilməməsi). Məlumatlara sistemdə artıq düzəlişlər edilib.

Avrasiya.net xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.

Xidmət rəisi bildirib ki, bununla yanaşı saytda yerləşdirilən müqavilələrdə doğru məbləğlər öz əksini tapıb:

“Qeyd edilən istiqamətlər üzrə tenderlər üzrə cəmi məbləği 5 milyon 429 min manat deyil, 54 min 290 manatdır. Gələcəkdə bu cür halların baş verməməsi diqqətdə saxlanılacaq. Mətbuat nümayəndələrinə bu məsələni anlayışla qarşılamağı və məlumatlarında müvafiq dəyişikliklərin edilməsini xahiş edirik”.

Qeyd edək ki, yayılan məlumatlarda Xidmətin keçirdiyi 5,4 milyonluq tenderin qalibinin qısa müddət əvvəl yaradılan şirkət olduğu bildirilirdi.
Zərif Azərbaycana buna görə gəlir – SəfirlikXarici işlər naziri Məhəmməd Cavad Zərifin Bakıya səfərində əsas məqsəd ikitərəfli münasibətlərdəki son inkişafları və ən vacib regional və beynəlxalq məsələləri müzakirə etmək və fikir mübadiləsi aparmaqdır.

Avrasiya.net xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Səfirlikdən bildirilib ki, Zərif Bakıda yüksək vəzifəli şəxslərlə görüşəcək.

Qeyd edək ki, İran XİN rəhbəri Bakıya sabah gələcək.