Mingəçevir sakini döyülərək öldürüldüBəzi kütləvi informasiya vasitələrində Mingəçevir şəhər sakini Eldar Abbasovun döyülərək öldürülməsi barədə məlumatlar yayılıb.

Şəhər prokurorluğundan verilən məlumata görə, mayın 18-də saat 18 radələrində Mingəçevir şəhəri ərazisində Eldar Abbasovun döyülməsi və aldığı xəsarətlərdən mayın 19-da xəstəxanada ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub:

“Aparılmış araşdırmalarla müəyyən edilib ki, Şəki rayon sakini Rəşad Salamovun heç bir əsaslı səbəb olmadan aralarında yaranmış mübahisə zamanı Eldar Abbasovu döyərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsi nəticəsində sonuncu almış olduğu xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Rəşad Salamov təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib”.

Rəsmi məlumata görə, hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
DİM buraxılış imtahanı verəcək şagirdlərə müraciət etdiDövlət İmtahan Mərkəzi (DİM) iyunun 2-si və ya 3-də keçiriləcək buraxılış imtahanında iştirak edəcək şagirdlərə müraciət edib.

DİM-dən Avrasiya.net-ə verilən məlumatda bildirilir ki, şagirdlər özlərinin imtahana buraxılış vərəqəsini çap edə bilərlər. Təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər:

"Məlum olduğu kimi, iyunun 2-də Şəki və Lənkəran şəhərlərində, Gəncə şəhərinin Kəpəz rayonunda, Abşeron, Ağsu, Ağdaş, Bərdə, Qazax, Qusar, Saatlı, Siyəzən və Xızı rayonlarında, iyunun 3-də isə Naxçıvan MR-də, Şirvan və Sumqayıt şəhərlərində, Gəncə şəhərinin Nizami rayonunda, Ağstafa, Astara, Daşkəsən, Hacıqabul, Lerik, Qəbələ, Qobustan, Şabran, Ucar, Yardımlı, Yevlax və Zərdab rayonlarında Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcəkdir.

Qeyd edilir ki, buraxılış imtahanında iştirak edəcək şagirdlər https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=46 linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər. Şagirdlər iş nömrəsini təhsil aldıqları məktəbdən öyrənə bilərlər:

"Şagirdlər buraxılış vərəqəsi ilə bir yerdə “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni də çap edirlər. Bəyannamə ayrıca vərəqdə çap edilməlidir və imtahan günü şagird tərəfindən imzalanmaqla imtahan nəzarətçisinə təqdim edilməlidir.

Buraxılış vərəqəsini çap etmək üçün kompüterə Adobe Reader proqramı quraşdırılmalıdır və brauzerin “Pop-up blocked” sahəsindən qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.

Qeydlər:

- Şagirdlər bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər.

- Məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixdə imtahan verirlər.


Prezidentin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” konfransındakı çıxışında diqqət çəkən məqamlar və mesajlar var.

Zəngəzur dəhlizinin icrası ilə bağlı işlərə start verilib: İham Əliyev bundan öncə də dəhlizin inşasının getdiyini açıqlamışdı. Avtomobil yolu dekabr ayına qədər istifadəyə verilməlidir. Daha sonra dəmiryolunun inşasına başlanacaq.

“Gürcüstan marşrutu aktuallığını qoruyur” mesajı: Tbilisidə Zəngəzur dəhlizinin işə düşməsi ilə Gürcüstan marşrutunun aktuallığının azalacağı düşüncələri var, Qaribaşvilinin Bakıya səfərinin səbəblərindən biri də bu idi. Əliyev “Cənub Qaz Dəhlizi layinənin iştirakçısı olan dövlətlər arasında əməkdaşlığın gücləndirilməsinə gələcəkdə də töhfə verəcək” sözləri ilə Gürcüstan marşrutunun aktuallığının azalmayacağını bəyan etdi.

Əliyevin bu mesajı həm də Gürcüstan marşrutuna görə narahatlıq keçirən ABŞ-a da ünvanlanıb. Vaşinqtona iki əlavə mesaj da var:

1. Bakı müdafiə sənayesi də daxil olmaqla müxtəlif məsələlərdə əməkdaşlığa açıqdır. Bayden Administrasiyası Azərbaycana silah satışını qadağan edən 907-ci düzəlişi bu il də dondurulmuş vəziyyətdə saxladı. Əliyev “müdafiə sənayesində əməkdaşlıq” təklifi ilə incə manevr edir: Vaşinqton bu təklifi qəbul edərsə və Azərbaycana silah satarsa, I Qarabağ müharibəsi dövründə qəbul edilən məlum düzəliş əhəmiyyətini itirir və ABŞ münaqişənin həll edildiyi reallığını qəbul edir.

2. Bu sərfəli təklif fonunda Vaşinqtonu münaqişənin həllindən sonrakı dövrdə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına töhfə verməyə dəvət edir. Bununla, münaqişənin həll edildiyi reallığını növbəti dəfə vurğulayır.

Avropa İttifaqına çağırış: Əliyev Avropa İttifaqı ilə daha fəal əməkdaşlıqda maraqlı olduğumuzu bildirdi. Bu, növbətçi çağırış deyil:

- Avropa İttifaqından Ermənistana müəyyən dəstək çağırışlarının edilməsi fonunda Bakının istəyi Brüsseli proseslərdə ən azı neytrallaşdırmaqdır;

- Bu mesajın baş nazir Əli Əsədov Moskvada olarkən verilməsi xüsusilə əhəmiyyətlidir: Bakı Qərbə Rusiya ilə münasibətlərində məsafəli olduğunu göstərir, buna paralel olaraq, Moskvaya alternativ yollarının mövcudluğu mesajını verir.

Prezident Azərbaycan-İsrail münasibətlərinin inkişaf etməsindən də danışdı. Burada iki amil var:

Birincisi, İsrail-Fələstin müharibəsinə və Azərbaycanın Qüds məsələsində BMT qətnamələrini dəstəkləməyinə baxmayaraq, İsraillə əməkdaşlığa davam edəcək, son toqquşmalardan sonra Bakı bunu yenidən təsdiqləyir;

İkincisi, Ermənistana dəstək verən və Təl-Əvivlə münasibətlərinə görə Bakıya qarşı çağırışlar edən İrana kontr-cavabdır.

Prezidentin çıxışında iki məqam xüsusilə diqqət çəkir:

- Qarabağın statusu müzakirə mövzusu deyil: Əliyev bunu müxtəlif zamanlarda bəyan edib, lakin beynəlxalq səviyyəli tədbirdə səsləndirməsi “status” məsələsini gündəmə gətirən hər kəsə Qarabağın gələcəyinin bir daha göstərilməsidir;

- Qarabağda Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə 30 min erməni yaşayır: Moskva 52700 erməninin olduğunu açıqlamışdı, Prezident bununla ruslara şişirdilmiş rəqəm təqdim etdiklərini və əslində hər şeydən xəbərdar olduğumuzu deyir.

Asif Nərimanlı
Mobil telefonla yuxuya gedərkən nə baş verir? – İNANILMAZ FƏSADLARMobil telefon demək olar ki, hər yerdə bizi müşayiət edir. Hətta səhərə kimi telefonla birlikdə yatıb, oyanırıq. Mobil telefon istifadəçilərinin 56%-i söndürüldükdə və ya boşalmaq üzrə olduqda stres yaşayır. Rus alimlərinin apardıqları araşdırma nəticəsində bu qənaətə gəlinib. Eyni zamanda məlum olub ki, mobil telefonlar insan orqanizminə müəyyən dozada şüalandırır və əksər vaxtlar bunun fəsadları özünü göstərir.

Avrasiya.net lent.az-a istinadən bildirir ki, ümumiyyətlə radiasiya ionlaşdırıcı və ionlaşmayan növlərə bölünür. Birincisi və ən təhlükəsi rentgen, ultrabənövşəyi (böyük miqdarda) və qamma şüalarıdır. 10 eV-dən çox bir enerji daşıyırlar, bu da bir elektronu bir molekuldan ayırmaq və kimyəvi bir əlaqəni qırmaq üçün kifayətdir.

İonlaşdırmayan radiasiya - görünən və infraqırmızı işıq, mikro və radio dalğalarıdır. Bu tip elektromaqnit təsirlər insanlar üçün şərti olaraq təhlükəsizdir, lakin bəzi hallarda enerjilərini maddələrin molekullarına köçürə bilər və titrəməsinə və istiləşməsinə səbəb olur.

Mobil telefonun radiasiyası ionlaşdırıcı deyil. Daim belə elektromaqnit təsiri ilə qarşılaşırıq. Bura mikrodalğalı sobalar, televizorlar, radiolar və ümumiyyətlə hər hansı bir elektrikli cihazlar daxildir.

Qeyd edək ki, son 20 ildə müxtəlif ölkələrdən olan tədqiqatçılar bununla bağlı 29 mindən çox elmi nəşr buraxıb, 1300 təcrübə və 300 epidemioloji tədqiqat aparıblar.

Nəticədə "mobil radiasiyanın" sağlamlığa heç bir zərər vermədiyi üzə çıxıb. Lakin buna baxmayaraq, smartfonun özü, ilk baxışdan hiss olunmayan, lakin uzun müddətdə görünən digər mənfi təsirlərlə sağlamlığa zərər verə bilər.

Yatdığımız zaman ekrandan çıxan mavi işıq dalğaları bədəndəki melatonin istehsalını pozur.

Melatonin bioloji hormondur. Bu hormin, bir növ axşam yuxusunun xəbərvericisidir. Ekrandakı işıq isə beyinə ötürdüyü siqnallarla yuxu hormonunun miqdarını azaldır.

Bir sözlə, yatarkən nəinki mobil telefonda, ümumiyyətlə elektron cihazlardan uzaq durun.
İranla ABŞ arasındakı gizli danışıqlar müsbət nəticə verdi - RUHANİ AÇIQLADIArtıq İrana qarşı əsas sanksiyaların, o cümlədən neft sənayesinə, bankçılığa, gəmiçiliyə qarşı yönələnlərin ləğv ediləcəyi güclü dövlətlər tərəfindən qəbul olunur.

Publika.az xəbər verir ki, bu barədə İran prezidenti Həsən Ruhani IRIB-ə (dövlət televiziyası) bildirib.

Dövlət başçısı 2015-ci il nüvə sazişini bərpa etmək istiqamətində Vyanada ABŞ ilə aparılan dolayı danışıqlar zamanı mühüm irəliləyiş əldə edildiyini, qəti razılığa nail olmaq üçün hazırda təfərrüatlar üzərində iş aparıldığını dilə gətirib.

Xatırladaq ki, dünən Avropa İttifaqının yüksək rütbəli rəsmisi də Vyanada tərəflər arasında son razılaşmaya az qaldığını bildirmişdi. Danışıqlar dünən başa çatdırılıb.

Nikbin rəylərə görə, İran bir neçə ay ərzində neft hasilatını 2,4 milyon bareldən 4 milyon barelədək artıra bilər. “Citigroup İnc.” ekspertlərinə görə isə ABŞ İrana üçüncü rübdən etibarən gündəlik hasilatı 500 min barel artırmağa icazə verə bilər.

Həsən Ruhani hökuməti iyunun 18-də keçiriləcək növbəti prezident seçkilərinədək sazişi yekunlaşdırmaq istəyir. Hazırda hökumət Hörmüz boğazı yaxınlığında yeni neft terminalı tikintisini başa vurmaq üzrədir. NİOC (National İranian Oil Company) gələn aydan həmin məntəqədən neft tədarükünə başlamaq niyyətindədir.

İranın nüvə sazişinə qayıtması nəticəsində dünya neft bazarındakı qiymətlərin təxminən 5 dollar aşağı düşəcəyi güman edilir.
Bakıda 28 yaşlı gənc belindən bıçaqlandıBakıda bıçaqlanma hadisəsi olub.

"Report" xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, 3-cü mikrorayon döngəsində 1993-cü il təvəllüdlü Abbasov Emil Elman oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona bel nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Avroviziya-2021-in ikinci yarımfinalı: Bu ölkələr finalda!Niderland Krallığının Rotterdam şəhərində Avroviziya -2021 mahnı müsabiqəsinin ikinci yarımfinalı başlayıb.

Müsabiqənin ikinci yarımfinalında 17 ölkə - San-Marino, Estoniya, Çexiya, Yunanıstan, Avstriya, Polşa, Moldova, İslandiya, Serbiya, Gürcüstan, Albaniya, Portuqaliya, Bolqarıstan, Finlandiya, Latviya, İsveçrə və Danimarka çıxış edir.

Mövcud pandemiya səbəbindən Avroviziya-2021 müsabiqəsi məhdud sayda – real tutumun 20 faizi qədər tamaşaçının iştirakı ilə keçirilir. COVD-19 testi neqativ çıxan 3500 tamaşaçı müsabiqəni maskasız izləyə bilir.

Sayca 65-ci olan “Avroviziya” mahnı müsabiqəsi ötən il pandemiya səbəbi ilə təxirə salınıb. Təşkilatçılar ötən il baş tutmayan müsabiqənin devizini – “Open Up” (“Açıl”) – bu il də saxlayıblar. “Dövrümüzün ruhunu əks etdirən bu mövzunu seçməyi vacib hesab etdik. Bu şüarla insanları səmimi şəkildə bir-birindən fərqli fikirlərə, bir-birinin hekayələrinə və əlbəttə ki, bir-birinin musiqisinə açıq olmağa dəvət edirik” , – deyə müsabiqənin icraçı prodüseri Sietse Bakker bildirib.

Xatırladaq ki, müsabiqədə ölkəmizi təmsil edən Samirə Əfəndi finala vəsiqə qazanıb.

***

Niderland Krallığının Rotterdam şəhərində keçirilən “Avroviziya -2021” mahnı müsabiqəsinin ikinci yarımfinalı başa çatıb.

Səsvermənin nəticələrinə əsasən ikinci yarımfinal mərhələsindən final mərhələsinə adlayan ölkələr Albaniya, Serbiya, Bolqarıstan, Moldova, Portuqaliya, İslandiya, San-Marino, İsveçrə, Yunanıstan və Finlandiya olub.

Qeyd edək ki, ilk yarımfinalda Azərbaycan, Norveç, Litva, İsrail, Rusiya, Malta, Kipr, İsveç, Belçika və Ukrayna təmsilçiləri finala adlamışdılar.

Müsabiqənin final yarışması mayın 22-də keçiriləcək.

Bakıda sevgilisini qətlə yetirən polis öldü - FotoDaxili İşlər Nazirliyi Bakıda polis əməkdaşının qətl törətməsilə bağlı məlumat yayıb.

Nazirlikdən Avrasiya.net-ə verilən məlumata görə, mayın 20-də günorta saatlarında Yasamal rayonu ərazisində rayon polis idarəsinin əməkdaşı, 1995-ci il təvəllüdlü Həsən Osmanov qısqanclıq zəminində tabel silahından atəş açaraq, tanışı 1996-cı il təvəllüdlü Fatimə Hüseynovanı qətlə yetirib, özü isə intihara cəhd edib.

H.Osmanovun sağlamlıq durumu ağır qiymətləndirilir.

Faktla bağlı cinayət işi qaldırılıb, zəruri istintaq və əməliyyat tədbirləri həyata keçirilir.

***

Bakıda qadını tapança ilə qətlə yetirərək, intihara cəhd edən polis əməkdaşı ölüb.

Yasamal Rayon Polis İdarəsinin əməkdaşı, 1995-ci il təvəllüdlü Həsən Osmanov müalicə aldığı xəstəxanada vəfat edib.