İranla sərhəddə atışma: 2 hərbçimiz şəhid oldu15 may tarixində saat 16:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə’” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonu­nun Gendərə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 3 nəfər naməlum şəxsin dovlət sərhədini pozması aşkar olunub.

Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzindən Avrasiya.net-ə verilən məlumata görə, sərhəd pozucuları sərhəd naryadının “Dayan” əmrinə tabe olmamış, sərhəd naryadına qarşı odlu silahdan atəş açmış, əllərində yükü ataraq hadisə yerindən qaçmağa cəhd ediblər.

Sərhəd pozucularının açdıqları atəş nəticəsində baş leytenant Eyvazov Samir Elmar oğlu və kiçik gizir Alimov Fərid Elçin oğlu yaralanıblar. Hərbi qulluqçular dərhal tibb müəssisəsinə təxliyə olunub, lakin həyatlarını xilas etmək mümkün olmayıb.

Hadisə yerində təxminən 10 kq narkotik vasitəyə bənzər maddələr aşkarlanıb.

Hadisənin baş verdiyi ərazi qapadılmış və havadan nəzarət məqsədilə sərhəd aviasiyası tətbiq olunmuşdur. Sərhəd pozucularının axtarışı üzrə keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində sərhəd pozucularından biri saxlanılıb, digərlərinin axtarışı davam etdirilir. İİR vətəndaşı olan sərhəd pozucusunun şəxsiyyətinin müəyyən edilməsi üzrə tədbirlər görülür.

Dövlət Sərhəd Xidməti rəisinin tapşırığına əsasən DSX rəisinin müavini – Sərhəd Qoşunlarının Komandanı general-leytenant Araz Məmmədovun başçılığı ilə bir qrup zabit hadisə yerinə ezam olunub.

Hadisə barədə aidiyyəti hüquq mühafizə orqanlarına və İran tərəfinə məlumat verilib.
Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır - İlham Əliyev“Udi xalqının çox böyük tarixi mirası var. İndi həm Qəbələ rayonu ərazisində və eyni zamanda, azad edilmiş torpaqlarda siz gedib ibadət edirsiniz - həm Xudavəngdə, həm Ağoğlanda. Orada udi xalqına məxsus olan digər məbədlər də var. Onların böyük hissəsi dağılmış, ya da ki, yarıdağılmış vəziyyətdədir. Ona görə, onları da bərpa edəcəyik. Siz o kilsələrə də gedəcəksiniz. Siz Xudavəngdə bir neçə dəfə olmusunuz”.

Avrasiya.net xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qəbələnin Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana Alban kilsəsində olarkən deyib.

Dövlət başçısı bildirib ki, Laçındakı Ağoğlan kilsəsinə səfərlər bundan sonra da davam edəcək.

“Çünki bu, böyük bir tarixi irsdir, bizim mirasımızdır. Bu günlərdə Şuşada “Xarıbülbül” festivalında udi xalqının nümayəndələri çıxış etmişlər və orada sizdən olan nümayəndə də var idi. Bu da bir daha onu göstərir ki, Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır. Uzun fasilədən sonra Şuşada təşkil edilmiş “Xarıbülbül” festivalının ilk günündə Azərbaycanda yaşayan xalqların nümayəndələri səhnəyə çıxmış və öz mədəniyyətlərini nümayiş etdirmişlər. Eyni zamanda, biz hamımız birliyimizi nümayiş etdiririk və bu kilsənin bərpa edilməsi də bizim birliyimizi təcəssüm etdirir”, - deyə Azərbaycan Prezidenti əlavə edib.
İcra başçısı Prezidentin suallarını cavablandırdıXəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Bum çayı üzərində yeni körpü və Bum qəsəbəsinə gedən 2 kilometrlik avtomobil yolunun açılışında iştirak edib.

Avrasiya.net xəbər verir ki, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev dövlət başçısının suallarını cavablandırıb:

Səbuhi Abdullayev: Cənab Prezident, icazə verin, bu körpünün tikilməsi ilə bağlı o tərəfdəki 11 kənddə yaşayan 20 min əhali adından Sizə minnətdarlığımı bildirim.

Prezident İlham Əliyev: Onların şəhərlə əlaqəsi necə idi?

Səbuhi Abdullayev: Bu 20 min əhalinin əlaqəsi, ümumiyyətlə, kəsilmişdi.

Prezident İlham Əliyev: Necə gəlirdilər, çayın üstündən keçirdilər?

Səbuhi Abdullayev: Bu çayın yatağının eni 703 metrdir. Bu, bizim ən təhlükəli dağ çaylarından biridir və sululuq burada həddindən çox olur.

Prezident İlham Əliyev: Nə vaxt, payız və qış aylarında?

Səbuhi Abdullayev: Bəli. Biz bu suyu borulara yönləndirirdik, insanlar gedirdilər. Bir güclü yağış yağanda yuyub aparırdı. İnsanlar rayon mərkəzinə gəlməkdən ötrü 30-35 kilometr məsafə qət edirdilər.

Bu layihənin icrası əhalinin məşğulluğunun təmin edilməsində və rayon mərkəzi ilə əlaqəsində mühüm rol oynayır.

Səbuhi Abdullayev: Cənab Prezident, Siz o vaxt - 2011-ci ildə Olimpiya Kompleksinin açılışında göstəriş verdiniz ki, biz şəhəri bu tərəfə istiqamətləndirək.

Prezident İlham Əliyev: Bəli, şəhərsalma ilə bağlı.

Səbuhi Abdullayev: Ondan sonra biz bu tərəfdə Peşə Təhsili Mərkəzi, 1 saylı uşaq bağçası, yanğınsöndürmə məntəqəsi inşa etdik. İndi isə Sizin müvafiq Sərəncamınızla 5 hektar ərazidə 160 çarpayılıq xəstəxana tikilir.

Prezident İlham Əliyev: Tikilən xəstəxanadır?

Səbuhi Abdullayev: Bəli, xəstəxana kompleksi tikilir. Artıq bu insanlar işlə təmin olunurlar.

Prezident İlham Əliyev: Şəhər bu tərəfə genişlənir. Artıq gediş-gəliş var. İşə cəlb olunurlar.

Səbuhi Abdullayev: 6-8 dəqiqəyə rayonun mərkəzindədirlər. Amma əvvəl 35 kilometr yol qət edirdilər. Qış aylarında buradan gediş-gəliş yox idi. Ona görə bu əhali Sizə həmişə minnətdardır.

Ölkədə koronaya yoluxanların sayı azalıbAzərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasına 377 yeni yoluxma faktı qeydə alınıb, 1 318 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 329 371 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 313 778 nəfər müalicə olunaraq sağalıb, 4 768 nəfər vəfat edib. Aktiv xəstə sayı 10 825 nəfərdir.

Ötən müddət ərzində 3 375 679 test aparılıb. Bugünkü test sayı isə 7 285-dir.
"Metsamor"un fəaliyyəti dayandırıldıErmənistanda "Metsamor" AES-in fəaliyyəti təmir məqsədi ilə 141 gün müddətinə dayandırılıb.

Avrasiya.net Axar.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistan AES-in rəsmisi Artur Qriqoryan məlumat verib.

O qeyd edib ki, AES-in ikinci enerji blokunun modernləşdirilməsi istiqamətində son vacib işlər görüləcək və proses artıq bu gündən etibarən başlayıb.

AES-in modernləşdirilməsi istiqamətində işləri Dövlət Atom Enerji Korporasiyasının "Rosatom" bölməsi həyata keçirəcək.
Adam oğurluğu ilə məşğul olan şəxslər saxlanıldıŞirvan Şəhər Polis Şöbəsinin (ŞPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3. (adam oğurluğu - bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə;) maddəsi ilə axtarışda olan Şirvan şəhər sakini, 58 yaşlı Nəzərov Eyvaz Mehti oğlu Abşeron rayonu Xırdalan şəhəri ərazisində və qohumu, eyni maddə ilə axtarışda olan Cəlilabad rayon sakini, 33 yaşlı Hüseynov İmran Ələşrəf oğlu Bakı şəhəri ərazisində saxlanılaraq, ŞPŞ-nin İstintaq Bölməsinə təhvil veriliblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, E.Nəzərov cari ilin fevral ayında qohumu İmran Hüseynov və tanışı Rahil Manafov ilə qabaqcadan əlbir olaraq, Şirvan şəhəri ərazisində baş vermiş adam oğurluğu hadisəsini törədib.

Dəstənin üzvü, Hacıqabul rayon sakini Manafov Rahil Sahil oğlu cinayət hadisəsinin törədilməsindən bir müddət sonra tutularaq məsuliyyətə cəlb olunub.


Kanada İsrailə silah satışını dayandırırİsrail-Fələstin münaqişəsinə Kanadadan fərqli reaksiya gəlib.

Axar.az xəbər verir ki, Kanadanın Baş naziri Castin Trudo Fələstin ərazilərindəki nəzarət bitənə qədər İsrailə Kanada istehsalı olan silahların satışının dayandırılmasını istəyib.

Bununla bağlı Yeni Demokrat Partiyası ictimai imza kampaniyası başladıb. Partiyanın rəsmi saytında başladılan kampaniyada kanadalılar İsrail polisinin Əqsa məscidinə basqınları və Şeyx Cərrahdakı şiddətin artmasından narahat olduqlarını vurğulayıblar.

Həmçinin açıqlamada mülki şəxslərin həyatının qorunmaması, eləcə də hər cür şiddət və təxribat qınanılıb
TELEVİZİYA KANALININ İMİCİNİ KİM FORMALAŞDIRIR?Könül Quliyeva
"EURO MEDİA QRUP" MMC-nin direktoru

Cavab bəllidir: veriliş aparıcısı.


Dünyanın nüfuzlu televiziya kanallarının təcrübəsi onların nəhəng auditoriyaya sahib olmaqla təsiredici qüvvəyə çevrilməsində aparıcıların nə dərəcədə mühüm rol oynadıqlarını göstərir.
Bu gün ekran qarşısında əyləşən tamaşaçı ona xoş, səmimi, kommunikativ və interaktiv münasibət göstərən, onunla həmfikir olan teleaparıcını görmək və dinləmək istəyir, onu inandığı və etibar etdiyi şəxsiyyət kimi qəbul edir. Bu baxımdan, teleaparıcılıq peşəsi müasir televiziyada xüsusi yer tutur.

Televiziya verilişinin aparıcısı özündə şərhçi, diktor və müsahibə alan şəxsin keyfiyyətlərini birləşdirən, həm özünün tərtib etdiyi, həm də digər müəllifin hazırladığı mətndən istifadə edən, jurnalist, aktyor və psixoloq bacarıqlarına malik olan, fotogenik zahiri görkəmi və düzgün nitq qabiliyyəti ilə fərqlənən, mədəni, savadlı, geniş dünyagörüşlü və hazırcavab şəxs olmalıdır.
Aparıcının üslubu onun şəxsiyyətinin bənzərsiz yaradıcılıq məzmunu ilə müəyyən edilir. Bu səbəbdən heç də hər bir kəsə öz fərdi üslubunu yaratmaq nəsib olmur, lakin başqasının davranış tərzindən istifadə etmək daha asandır. Qeyd edilməlidir ki, imic peşəkar mütəxəssisin öz üzərində yorulmadan çalışdığı yaradıcılıq prosesində əldə edilən fərdi xüsusiyyətdir.

Müasir televiziyada üç aparıcı qrupu bir arada cəmləşir: diktorlar, aktyorlar, jurnalistlər. Onlar bir-birlərindən nə ilə fərqlənirlər? Diktor ilk növbədə ifaçıdır. Onun səsi, mimikaları, aktyorluq qabiliyyəti başqa bir şəxsin (müəllifin) yazdığı və peşəkar redaktor tərəfindən redaktə olunmuş mətni izləyiciyə çatdırmaq məqsədi daşıyır. Jurnalist isə ekranda öz mətnini təqdim edir və ya (lazım olduqda) ssenari planı çərçivəsində improvizasiya edir. Televiziya hadisəni canlı efirdə təqdim edirsə, jurnalist müxbir rolunda çıxış edir. Mahiyyət etibarı ilə televiziyada müəllif fəaliyyəti ifaçılıq sənətinin müəyyən forması olan diktor fəaliyyəti ilə ziddiyyət təşkil edir.
İzləyicilərlə ünsiyyət bu gün daha canlı xarakter alır. Əvvəlki diktorlar yeni və getdikcə çətinləşən vəzifələrin öhdəsindən gələ bilmirlər. Bu səbəbdən bir çox televiziya verilişlərinin aparıcıları qismində məşhur və populyar aktyorlar çıxış edirlər. Bu halda izləyicilərin diqqətini aparıcının aktyorluq bacarığından daha çox onun şəxsi keyfiyyətlərini üzə çıxaran səmimiliyi, təbiiliyi cəlb edir.

Televiziya verilişinin aparıcısı bu gün KİV seqmentində ən çox tələb olunan peşələrdən biridir. Bəs bizim televiziya efirimizdə aparıcı hazırlığını müasir tələblərə uyğun şəkildə qura bilmişikmi?

Aparıcı hazırlığına televiziya işçilərinin müstəqil peşə fəaliyyətinə ümumi hazırlığının mühüm tərkib hissəsi kimi baxılmalıdır. Aparıcıya kamera qarşısında ünsiyyət ustalığının, yüksək davranış və nitq mədəniyyətinin aşılanmasına xüsusi diqqət yetirilməlidir. Televiziya aparıcılarının işində başlıca amil onların bu peşənin bütün nümayəndələrini bir-biri ilə əlaqələndirən ümumi peşə keyfiyyətləri və onları bir-birindən tamamilə fərqləndirən fərdi xüsusiyyətləridir.

Ekranda psixoloji və intellektual gərginlik, maksimum diqqət tələb edən canlı ünsiyyət məqamlarını çox zaman improvizasiya rejimində tamaşaçılarla birgə yaşayan televiziya aparıcısı özünün bənzərsiz və təkrarolunmaz şəxsiyyətini təqdim etməyi və izləyicilərin diqqətini verilişə cəlb etməyi bacarmalıdır. Fəqət, istənilən televiziya verilişinin uğuru, heç şübhəsiz, onun aparıcısından asılıdır.

Bu gün aparıcıların peşə təhsilində hansı yanaşmalar mövcuddur? Tanınmış efir ustalarının yaradıcılıq təcrübəsi nə cür öyrənilir? Televiziya aparıcılarının peşəkarlıq xüsusiyyətləri dəsti nədən ibatərdir? Bu suallara cavab axtarışında beynəlxalq təcrübəyə nəzər yetirmək faydalıdır.

Tanınmış ingilis tədqiqatçısı, uzun illər BBC-də çalışmış Brus Lyuis “Televiziya diktoru” kitabında aparıcının peşəkarlıq keyfiyyətlərinə hərtərəfli təhsili, böyük həyat təcrübəsini, intellektuallığı və yumor hissini, təmkinliyi və inadkarlığı, yaradıcı təxəyyülü və həvəsi, səbir və əzmkarlığı, özünə inama əsaslanan təvazökarlığı, komanda ilə və komandada işləmək bacarığını aid edir. Bu keyfiyyətlər son nəticədə televiziya verilişləri aparıcısı üçün önəmli “üslub”, “tərz”, “imic”, “ampula” anlayışlarını formalaşdırır.

Unutmaq olmaz ki, tamaşaçıların böyük əksəriyyəti ekranda səslənən nitqin məzmununa deyil, verbal elementlərə reaksiya verir, aparıcının zahiri görkəminə, mimika və jestlərinə, ünsiyyət maneralarına daha çox diqqət yetirir. Lakin bu o demək deyil ki, proqramın yayımlandığı studiya model və gözəllik yarışmasının keçirildiyi məkana çevrilməlidir. Ölkənin televiziya efirində xəbərlər proqramlarının yayımı bəzi hallarda dəbdə olan geyimlərin, ifrat dərəcəli makiyajın nümayişinə çevrilir. Hava proqnozunu səsləndirən müqəvva görünüşlü xanımlar isə sözün həqiqi mənasında gülüş obyektinə çevrilirlər.

Xüsusilə qeyd edilməlidir ki, hər hansı bir verilişin uğurlu alınması teleaparıcının biliyi, professional hazırlığı, nitq və davranış mədəniyyəti, bir sözlə, onun mənəvi keyfiyyətlərindən asılıdır. Onun intellektual qabiliyyəti, erudisiyası, dünyagörüşü izləyici diqqətinin cəlb edilməsində olduqca mühüm şərtdir. Bu və ya digər informasiyanın tamaşaçıya çatdırılması onun keyfiyyətindən, səviyyəsindən daha çox, teleaparıcının şəxsi keyfiyyətlərindən asılıdır. Bu keyfiyyətlər isə təcrübədə formalaşır, cilalanır və təkmilləşir.

Bəzi televiziya kanallarında xəbərlər və tok-şou proqramlarının aparıcılarına diqqət yetirərkən sıradan olan bir izləyici kimi müəyyən suallarla üzləşirəm. Görəsən televiziya şirkətlərinin rəhbərləri, redaktorlar aparıcı seçimində hansı meyarlara üstünlük verirlər? Aparıcı hazırlığı prosesinə psixoloqlar, imicmeykerlər, nitq və davranış mədəniyyəti mütəxəssisləri cəlb olunurlarmı? Teleaparıcıların attestasiyası keçirilirmi? Onların reytinq cədvəli mövcuddurmu?

Televiziya efiri incanların ideoloji baxışlarının, dünyagörüşünün və zövqünün formalaşmasına güclü təsir göstərən real məkandır. Bu məkanın sahibləri isə hər gün ekran vasitəsilə evimizə çağırılmamış qonaq qismində təşrif buyuran aparıcılardır. Bəzi hallarda xoş ovqat bəxş edir, bəzi hallarda isə qonaqpərvərliyimizdən sui-istifadə edib bizi qıcıqlandırırlar. Birincilərdən ayrılmaq, ikinciləri anlamaq çətindir.

Televiziya kanalının imici barədə düşünənlər bu həqiqəti dərk etməlidirlər – tamaşaçı gözünü televizor ekranına çətinliklə üzləşmək üçün yox, məlumatlanmaq və zövq almaq üçün dikir.

İsrail-Fələstin qarşıdurması davam edir: ölənlər varİsrail və Fələstin arasındakı qarşıdurma davam edir.

Axar.az xəbər verir ki, bu gün İsrailə məxsus döyüş təyyarələrinin Qəzzanın qərb hissəsindəki Şati qaçqın düşərgəsinə hücumu nəticəsində əksəriyyəti uşaq olmaqla, daha 10 fələstinli ölüb.

Xatırladaq ki, hücumlar nəticəsində 10 maydan bu günə qədər 139 fələstinli ölüb, 950 nəfər yaralanıb.
İlham Əliyev Qəbələdə - FotoAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva mayın 15-də Qəbələ rayonuna səfərə gəliblər.

Avrasiya.net xəbər verir ki, dövlətimizin başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva xalqımızın ümummilli lideri Heydər Əliyevin Qəbələ şəhərində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.

***

Qəbələ rayonunda 20 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini rayon mərkəzindən və digər yaşayış məntəqələrindən ayıran, Bum-Tikanlı-Abrıx avtomobil yolunun 2-ci kilometrliyində Bum çayı üzərində yeni körpü və Bum qəsəbəsinə gedən 2 kilometrlik avtomobil yolu bərpadan sonra istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva tədbirdə iştirak ediblər.

Dövlətimizin başçısına yeni körpünün və yolun texniki göstəriciləri barədə məlumat verildi.

***

Mayın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Qəbələnin Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana Alban kilsəsində olublar.

***

Mayın 15-də Qəbələ Dəmir yolu Vağzalının və Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva mayın 15-də Qəbələnin Nic qəsəbəsində 1 saylı orta məktəbdə və Müqəddəs Yelisey adına Cotari kilsəsində olublar.

Dövlətimizin başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva kilsədə şam yandırıblar.

Sonda xatirə şəkli çəkdirilib.