Kazanda məktəbdə baş vermiş atışmada ölənlərin sayı 13-ə çatıbRusiyanın Kazan şəhərindəki məktəbdə baş vermiş atışmada ölənlərin sayı 13-ə çatıb.

Avrasiya.net xarici mediaya istinadla xəbər verir ki, 16 nəfər xəstəxanaya yerləşdirilib.

Ölənlərdən çoxunun şagird olduğu bildirilir.

Bir qədər öncə naməlum şəxslərin təhsil müəssisəsinin yaxınlığında atəş açdığı bildirilib. Bundan sonra partlayış səsləri eşidilib. İlkin məlumata görə, atəş açan yeniyetmə olub. O, saxlanılıb.
Prezident Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edibAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Avrasiya.net-in xəbərinə görə, təbrik mətnində deyilir:

"Hörmətli həmvətənlər!

Mübarək Ramazan bayramı münasibətilə sizi ürəkdən təbrik edir, hamınıza səmimi arzu və diləklərimi yetirirəm.

Ən ülvi hissləri və nəcib niyyətləri özündə təcəssüm etdirən, yardımsevərlik və paylaşmaq kimi yüksək əxlaqi dəyərlər aşılayan Ramazan ayı artıq başa çatır. Müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu bu mübarək ayda hər bir müsəlman Allah qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək fürsəti qazanaraq xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının sevincini yaşayır.

Müsəlman dünyasının tarixi-mədəni mərkəzlərindən olan Azərbaycan yüz illərdir ki, ayrı-ayrı din və etiqad mənsublarının əmin-amanlıq şəraitində yaşadığı, dinlərarası həmrəyliyin və əməkdaşlığın mövcud olduğu nadir məkanlardandır. Etnik-mədəni müxtəlifliyi ilə seçilən cəmiyyətimizdə qarşılıqlı hörmət və etimada əsaslanan dözümlülük mühitinin, demokratik birgəyaşayışın, vəhdət və harmoniyanın bərqərar olmasında bəşəriyyəti daim sülhə, humanizmə, qardaşlıq və bərabərliyə dəvət edən İslam dini müstəsna rol oynamışdır. Hazırda ölkəmizdə vicdan və etiqad azadlığının, dövlət-din münasibətlərinin mütərəqqi tarixi ənənəyə və beynəlxalq hüquq normalarına uyğun təmin edilməsi, milli-mənəvi dəyərlərimizin təbliği və təşviqi dövlət siyasətimizin əsas prioritetlərindəndir.

Əziz bacı və qardaşlarım!

Xalqımızın birliyini daha da gücləndirən, mənəvi-əxlaqi zənginliyin təntənəsinə çevrilən mübarək Ramazan günlərində ölkəmizin firavanlığı və tərəqqisi naminə etdiyiniz dualara qatılır, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının ölməz xatirəsini ehtiramla yad edirəm. Əminəm ki, qədirbilən xalqımız onların müqəddəs adını həmişə uca tutacaq, şəhid ailələrinə, qazilərimizə diqqət və qayğısını heç vaxt əsirgəməyəcəkdir.

Bir daha sizə və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımıza bayram təbriklərimi yetirir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və xeyir-bərəkət arzulayıram.

Allah tutduğunuz orucu, dua və niyyətlərinizi qəbul etsin!

Ramazan bayramınız mübarək olsun!"
HƏMAS İsrailə 200 raket atdıHƏMAS Qəzza sektorundan İsrailə 200 raket atıb.

Axar.az xəbər verir ki, bu məlumatı İsrail ordusunun rəsmi nümayəndəsi Conatan Konrikus deyib. O, İsrailin Qəzzada 140 hərbi hədəfə cavab zərbəsi endirdiyini bildirib:

“200-dən çox raket Qəzza sektorundan İsrailin fərqli şəhərlərinə gecə ərzində atılıb. Raketlərin üçdə biri Qəzza sektorunun ərazisinə düşüb. İsrail ordusu cavab olaraq, Qəzza sektorunda 140 hərbi hədəfi vurub, üstəlik, HƏMAS və İslami Cihad qruplaşmalarının 15 üzvünü məhv edib”.
Lavrov Şəhidlər xiyabanında - FotoAzərbaycan Respublikasında səfərdə olan Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov mayın 11-də Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil qoyub.

Avrasiya.net xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Bundan sonra o, Şəhidlər xiyabanına gələrək ölkəmizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb.

Rusiya XİN başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Türkiyə güclənir, Makronun narahatlığı artır...Türkiyənin artan gücü Aralıq dənizində yarışa səbəb olub.

Axar.az xəbər verir ki, bu barədə Fransanın “İnstitut Français des Relations İnternationales” analitik mərkəzinin təhlilində bildirilib.

“Türkiyə bölgədə getdikcə gücünü artırır. Fransa Prezidenti Emmanuel Makron Ankaranın bölgədəki varlığından narahatdır. Makronun Fransanın bölgədə itirdiyi gücü yenidən qurma və Aralıq dənizində liderliyi ələ keçirmə məqsədi Paris rəhbərliyinin ənənəvi, köhnə qaydaya qayıtmaq istəyinin bir hissəsidir”, - təhlildə bildirilib.

Eyni zamanda vurğulanıb ki, Fransa Yunanıstan və Cənubi Kipri dəstəkləyərək, Türkiyəyə qarşı qarşıdurmanı artırmağa çalışır:

“Fransa hökumətinin Yunanıstana “Rafale” qırıcılarını satması, Aralıq dənizinin şərq hissəsinə freqatlar göndərməsi və keçirilən hərbi təlimlərin məqsədi bundan ibarətdir.

Şərqi Aralıq təbii qaz boru xətti layihəsi olan “Eastmed”ə daxil olmayan Türkiyənin öz enerji məsələlərini həll etməyə çalışması da Fransanın narahatlığının əsas səbəblərindən biridir. Ankaranın son vaxtlarda Misirlə yaxınlaşması enerji sahəsində atılan müsbət addımlardan sayıla bilər”.
HƏMAS İsrailə ultimatum verdi: İki saatınız varHƏMAS-ın hərbi qanadı olan Əl Kassam Briqadası İsrail hökumətinə ultimatum verib.

Axar.az xəbər verir ki, təşkilat adından ultimatumu Əl Kassam Briqadasının mətbuat katibi Əbu Obayda səsləndirib. O, İsraildən dərhal Əl Aksa məscidinin mühasirəsini dayandırmağı tələb edib:

“Əgər bu tələb icra edilməsə, HƏMAS yaxın iki saat ərzində cavab verəcək”.

Qeyd edək ki, bu son sutka ərzində İsrailə təşkilatın verdiyi ikinci ultimatumdur.
Başbuğ: Problem F-35 deyil, ABŞ-ın istəyi budurTürkiyə S-400 sistemlərini geri qaytarsa belə, ABŞ yeni problemlə qarşımıza çıxacaq.

Axar.az xəbər verir ki, bunu türkiyəli hərbi ekspert Coşqun Başbuğ F-35 böhranı ilə bağlı ölkə mətbuatına açıqlamasında deyib.

“Türkiyə ilə ABŞ arasında problem əslində F-35-lərlə bağlıdırmı? Məncə, deyil. ABŞ əvvəlki Türkiyənin geri qayıtmasını istəyir, ABŞ dəyirmanına su tökən bir quruluş axtarır. O quruluş FETÖ idi və o da çökdü.

Digər tərəfdən, F-35-lərin bir çox problemi mövcuddur. Türkiyə 2002-ci ildən bəri bu layihənin içərisindədir. F-35 məsələsi bir növ Türkiyənin milli təyyarə istehsalı prosesini də sürətləndirəcək. ABŞ-ın mövqeyi ortadadır. Onların hərəkəti müttəfiqlik mövqeyinə də sığmır”, - ekspert bildirib.
Tbilisidə atışma olub, yaralananlar varGürcüstanın paytaxtı Tbilisi yaxınlığında yerləşən Diğomi kəndində silahlı insident baş verib.

“Report”un yerli bürosu xəbər verir ki, atışma zamanı 4 nəfər yaralanıb.

Həmin şəxslər müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb və təcili əməliyyat olunublar.

Qanlı qarşudurma keçmişdə baş vermiş mübahisə ilə əlaqələndirilir.

İnsidentlə bağlı istintaqa başlanılıb.
Bu gün İranda prezidentliyə namizədlərin qeydiyyatı başlayırİranda prezident kürsüsünə namizədlərin qeydiyyatı mayın 11-də başlayacaq.

İRNA agentliyi xəbər verir ki, namizədlərin siyahısına daxil olmaq üçün müraciətlər mayın 15-dək qəbul ediləcək.

Xatırladaq ki, İranda 13-cü prezident seçkisi iyunun 18-ə təyin edilib.

Prezident seçkisində iştirak etmək istəyənlərin yaşı 40-dan aşağı və 75-dən yuxarı ola bilməz.

Qanunlara görə, seçkidə iştirak etmək istəyənlər qeydiyyatdan keçdikdən sonra İran Konstitusiyasının Mühafizə Şurası (Konstitusiya Qəyyumları Şurası) tərəfindən təsdiqlənməlidir. Şura tərəfindən təsdiqlənən namizədlərin adları mayın 26-27-də açıqlanacaq.

Namizədlər bundan sonra, mayın 28-dən iyunun 16-a qədər seçkiqabağı təbliğat-təşviqat kampaniyası apara biləcəklər. İyunun 17-də və səsvermə günü, yəni iyunun 18-də təşviqat qadağan ediləcək.

Üç uşaq atası intihar etdiGöyçay rayon sakini özünü öldürüb.

Avrasiya.net APA-ya istinadən xəbər verir ki, bu gün səhər saat 6:00 radələrində rayonun Bığır kənd sakini, 1970-ci il təvəllüdlü Zeynalov Aqil Sırac oğlu yaşadığı evin həyətindəki alça ağacından özünü kəndirlə asaraq intihar edib.

Ailə üzvləri hadisədən gec xəbər tutduğu üçün onun həyatını xilas edə bilməyiblər. Üç uşaq atası Aqil Zeynalovun özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil.

Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.