MHP sədri Türkiyənin səfiri ilə görüşübMilli Həmrəylik Partiyasının (MHP) sədri, Birinci Qarabağ müharibəsinin iştirakçısı Əlisahib Hüseynov Türkiyə Respublikasının ölkəmizdə yenicə fəaliyyətə başlayan fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı ilə görüşüb.

MHP mətbuat xidmətinin verdiyi məlumata görə, Cahit Bağcını Azərbaycanda qardaş ölkənin səfiri olaraq görəvinə başlaması münasibətilə təbrik edən və ona Azərbaycan-Türkiyə münasibətlərinin bundan sonra daha da inkişaf etdirilməsi işində uğurlar diləyən partiya sədri yeni səfirin həm Azərbaycan üçün, həm də Azərbaycan-Türkiyə münasibətləri üçün fərqli bir dönəmdə, yeni şəraitdə fəaliyyətə başladığını bildirib.

Əlisahib Hüseynov səfirlə söhbət zamanı 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana verdiyi dəstək barədə fikirlərini bölüşüb və perspektivdə birlikdə görüləcək işlərimizdən danışıb:

“Siz sadəcə qardaş ölkəyə deyil, həm də qalib ölkəyə gəlmisiniz. Dost və qardaş Türkiyənin dəstəyi ilə torpaqlarımızın bir hissəsinin – doğma Qarabağımızın 30 ilə yaxın davam edən erməni işğalından azad edilməsindən sonra burda səfir kimi çalışmaq zənnimcə, sizin üçün də çox önəmli və maraqlı olacaq. Azərbaycanın haqq mövqeyinə Türkiyənin bundan sonra da dəstək verməsində sizin də üzərinizə böyük bir missiya düşəcək.

Azərbaycan və Türkiyənin bir millət, iki dövlət olduğunu tarix dəfələrlə sübut edib. Bu qardaşlığımızın bundan sonra da davam etməsi həm də səfirlərimizdən, diplomatlarımızdan asılıdır. 44 günlük savaşın bitməsindən sonrakı mərhələdə ölkələrimizin diplomatik və siyasi sahədə fəaliyyətlərini, səylərini birləşdirməsinə daha çox ehtiyac var. İndi tamamilə yeni dövr başlayıb. Və bizə qarşı təzyiqlər də gün-gündən artmaqdadır. ABŞ, Fransa, Niderland, Belçika, Kanada kimi ölkələr 44 günlük savaşdan sonra Azərbaycanla bərabər, Türkiyənin də üzərinə tez-tez hücuma keçir, siyasi basqı göstərməyə çalışırlar.

Co Baydenin sözdə “erməni soyqırımı”nı tanıması da bəhs etdiyimiz siyasi basqıların bir hissəsi, bir parçasıdır. Azərbaycan dövləti də, cənab Prezidentimiz İlham Əliyev də, bütün Azərbaycan xalqı da ABŞ prezidentinin bu ədalətsiz davranışını qınadı. Biz də Milli Həmrəylik Partiyası olaraq Amerika liderinin bu haqsız addımına qarşı kəskin etirazımızı bildirdik. Baydenin bu addımına qarşı Bəyanatı imzalayan 48 siyasi partiya sədrləri arasında mən də var idim. Biz Azərbaycan və Türkiyəni heç vaxt bir-birindən ayırmırıq. İkisi də bizim doğma Vətənimizdir. Şəxsən Ankara da, İstanbul da mənim üçün Bakı qədər, Şuşa qədər əzizdir, doğmadır. Məhz bu sevginin nəticəsi olaraq mən Türkiyə haqqında tez-tez açıqlamalar verirəm. Türkiyə-Azərbaycan münasibətlərinə dair mediada yazılarım, şərhlərim dərc olunur. Biz Türkiyə ilə bağlı hər bir məsələni diqqətdə saxlayırıq. Yeri gəlmişkən, 2015-ci ildə Çanaqqala Zəfərinin 100 illiyi münasibətilə təşkil olunmuş törənlərə mən də qatılmışdım”.

MHP sədri Türkiyə ilə Azərbaycanın bundan sonra bir-birilə daha da yaxınlaşmasının, sıx ittifaq qurmasının zamanın tələbi olduğunu qeyd edib və Türk dünyasının gələcək inteqrasiyasında iki qardaş ölkənin aparıcı rol oynayacağını bildirib.

“Prezidentlərimiz İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın dostluğu, qardaşlığı Azərbaycanla Türkiyənin birlikdə güclü olmasına möhkəm və etibarlı zəmin yaradır. Doğrudan da biz birlikdə çox güclüyük”,- deyə Ə.Hüseynov qeyd edib.

Milli Həmrəylik Partiyasının sədri Azərbaycan ilə Türkiyə arasında siyasi əlaqələrin möhkəmlənməsində siyasi partiyaların da roluna toxunub və bunları deyib:

“Yəqin ki, mən sizi Azərbaycanda qardaş ölkənin səfiri kimi ziyarət edən, sizi təbrik etməyə, sizə uğur diləməyə gələn ilk partiya sədriyəm. Əminəm ki, həm bizim partiya ilə, həm də Azərbaycanda fəaliyyət göstərən digər siyasi partiyalarla əməkdaşlığınız ölkələrimiz üçün də faydalı olacaq. Prezident İlham Əliyevin siyasi iradəsi və Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin səyləri nəticəsində hazırda ölkəmizdə yeni siyasi konfiqurasiya formalaşıb, iqtidar-müxalifət münasibətləri üçün, siyasi dialoq üçün, milli birlik və həmrəylik üçün əlverişli zəmin yaranıb. Hesab edirik ki, həm Azərbaycanda, həm də Türkiyədə milli həmrəylik mühitinin formalaşması ölkələrimizin gələcək strateji hədəflərinin gerçəkləşməsində çox önəmli rol oynayacaq”.

Təbrik və diqqətə görə MHP sədrinə təşəkkürünü bildirən Türkiyənin Azərbaycandakı yeni səfiri Cahit Bagçı qeyd edib ki, Türkiyənin Azərbaycanın haqq mövqeyinə verdiyi dəstək Azərbaycan və Türkiyənin bir millət, iki dövlət olduğunun təcəssümüdür və bu bir qardaşlıq məsələsidir. Türkiyə və Azərbaycan münasibətlərinin zirvədə olduğunu diqqətə çatdıran səfir Cahit Bağçı iki ölkə rəhbərinin dostluq və qardaşlıq əlaqələrimizin möhkəmlənməsində müstəsna rol oynadığını bildirib.

C.Bağçı səfir kimi gələcək fəaliyyətində Azərbaycan və Türkiyə ikitərəfli əlaqələrinin səviyyəsinin daha da inkişaf etdirilməsi, əməkdaşlığın genişləndirilməsində səylərini əsirgəməyəcəyini açıqlayıb. Hörmətli səfir həmçinin siyasi partiyalarla, ictimai təşkilatlarla əməkdaşlığın da önəmli olduğunu vurğulayıb.

MHP sədrinin Türkiyə səfiri ilə görüşündə partiya fəalı Natəvan Mehdiyeva da iştirak edib. Natəvan xanım qardaş ölkənin səfirinə Birinci Dünya müharibəsi zamanı Çar Rusiyası tərəfindən Nargin adasında saxlanılan Osmanlı (türk) hərbi əsirlərinin adadan qaçırılıb xilas edilməsində fəallıq göstərmiş doğma babası Məşədi Ələsgər Məmmədov haqqında məlumat verib. Yeri gəlmişkən, Məşədi Ələsgər türk əsgər və zabitlərinin xilas edilməsindəki xidmətlərinə görə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk tərəfindən ödülləndirilib.

Sonda MHP sədri Əlisahib Hüseynov qardaş ölkənin Azərbaycana yeni təyin olunan səfiri Cahit Bağçıya bir daha fəaliyyətində uğurlar diləyib və ona üzərində Azərbaycan və Türkiyə bayraqlarının təsvir olunduğu, həmçinin Azərbaycan və Türkiyə türkcəsində “Bir millət, iki dövlət” sloqanının yazıldığı fotokompozisiyanı və “Qarabağ Azərbaycandır!” şüarının, Xarı bülbülün, Azərbaycan xəritəsinin foto-təsvirlərini hədiyyə edib.

Səmimi şəraitdə keçən görüşün sonunda xatirə şəkilləri çəkilib.

İcra başçısının qalmaqallı müavini işdən çıxarıldıSəbail Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini Xalidə Bayramova işdən çıxarılıb.

“Report” xəbər verir ki, bununla bağlı Səbail RİH başçısı Vüqar Zeynalov əmr imzalayıb.

Qeyd edək ki, X.Bayramova 2019-cu ilin aprelində intihar edən şagird Elina Hacıyeva "işi”ndə adı hallanan şəxslərdən biri olub.

Eyni zamanda, bu il may ayının 4-də Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma zamanı müəyyən edilib ki, X.Bayramova öz vəzifə səlahiyyətlərindən istifadə edərək Səbail rayonu ərazisində yerləşən 1 saylı Şəhər Poliklinikasının vəzifəli şəxslərinə zəng edib COVID-19 xəstəliyi əleyhinə vaksinasiya prosesi ilə əlaqədar yaxın qohumuna peyvənd vurulmadan peyvəndlənmiş şəxs kimi qeydiyyata alınaraq bu barədə tibbi sənədin verilməsini tələb edib.

Qeyd edilənlərlə bağlı X.Bayramovaya Baş Prokurorluq tərəfindən xəbərdarlıq edilməklə, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanunun tələblərinin pozulması səbəbindən barəsində qanuni tədbirlər görülərək intizam məsuliyyətinə cəlb edilməsindən ötrü “Prokurorluq haqqında” Qanunun 23-cü maddəsinə əsasən Səbail RİH-ə müvafiq təqdimat verilib.
"Bütün dünya ulu öndər Heydər Əliyev siyasi kursunun daha bir təntənəsinin şahidi oldu"Bu il Azərbaycan xalqı öz xilaskar oğlu və ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünü hər zaman olduğu kimi, dərin ehtiram və sonsuz sevgi ilə, eyni zamanda da hər zaman olduğundan daha böyük coşqu və fəxarət hissi ilə qeyd edir. Ötən il Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusu erməni təxribatlarına son qoymaq və ölkənin ərazi bütövlüyünü bərpa etmək məqsədilə hərbi əməliyyatlara başladı. Cəmi 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın şanlı Qələbəsilə başa çatdı. Beləliklə, bütün dünya ulu öndər Heydər Əliyev siyasi kursunun daha bir təntənəsinin şahidi oldu. Məhz bu siyasi kursu inamla və uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı əraziləri işğal altında olan ölkədən qalib ölkəyə çevirdi.

Heydər Əliyev siyasi kursu müasir Azərbaycan dövlətinin mövcudluğunu təmin etmiş əsas amildir

Məlumdur ki, 1993-cü ildə, Heydər Əliyevin xalqın təkidli tələbi ilə ölkə rəhbərliyinə qayıdışı ərəfəsində Azərbaycanda ictimai-siyasi vəziyyət artıq böhran həddinə çatmışdı. Ulu öndərin qarşısında başlamaqda olan vətəndaş müharibəsini dayandırmaq, erməni işğalını qarşısını almaq, separatçı qüvvələrə ölkəni parçalamağa imkan verməmək kimi mürəkkəb, demək olar ki, icrası mümkünsüz olan vəzifələr dururdu. Lakin ümummilli liderin dühası bu vəzifələrin öhdəsindən misilsiz bir məharətlə gəldi. Xaosa sürüklənən Azərbaycan ulu öndərin hakimiyyətə gəlişi ilə parçalanmaqdan və məhv olmaqdan qurtuldu. Bundan sonra müstəqil dövlət quruculuğunu həyata keçirmək üçün Heydər Əliyev siyasi kursunun üç əsas istiqaməti müəyyənləşdi. Bunlar güclü iqtisadiyyat yaratmaq, daxili sabitliyi təmin etmək və geosiyasi mənzərəni Azərbaycanın xeyrinə dəyişməkdən ibarət idi. Artıq 1994-1996-cı illərdə həmin Azərbaycanda sosial-iqtisadi vəziyyət sabitləşdi, ölkə davamlı inkişaf xəttinə çıxdı.

Ümummilli lider Heydər Əliyevin siyasi kursu çoxtərəfli, müasir tələblərə tam cavab verən və çevik manevrlər etmək imkanlarına sahib olan mükəmməl idarəetmə sistemidir. Məhz bu günün reallıqlarına əsaslanaraq biz əminliklə deyə bilərik ki, illər keçdikcə ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyində və demokratikləşməsindəki əvəzsiz rolu daha aydın görünür. Hər keçən gün bu siyasi kursun bir-birini sürətlə əvəz edən vəziyyətlərə uyğunlaşmaq imkanlarının unikallığını və möhtəşəmliyini sübut edir. Ulu öndərin siyasi kursu XXI əsrin bütün sınaqlarından uğurla çıxmaqdadır. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən müasir dövrün və dünyada formalaşan yeni ictimai-siyasi münasibətlərin tələblərinə cavab verən konsepsiyalarla zənginləşdirilən Heydər Əliyev siyasi kursu malik olduğu sonsuz potensialı ilə Azərbaycanı dünyanın ən güclü və firavan dövlətləri sırasına çıxarmaq imkanına malikdir.

Bu gün bütün dünyada təhlil olunan və öyrənilən Heydər Əliyev siyasi kursu müasir Azərbaycan dövlətinin mövcudiyyətini təmin etmiş əsas amildir. Məhz buna görə də ulu öndərin şah əsəri olan müstəqil Azərbaycan dövləti yaşadıqca, Heydər Əliyev bu ölkənin vətəndaşlarının, bütün dünya azərbaycanlılarının qəlbində əbədi yaşayacaq.

Azərbaycançılıq məfkurəsinin banisi

Sovet Sosialit Respublikalrı İttifaqı adı altında 14 ölkəni faktiki olaraq Rusiyanın müstəmləkəsi vəziyyətində saxlayan sovet imperiyası 70 il ərzində beynəlmiləlçilik şüarları altında fərqli ideologiya təbliğ edirdi. İnsanların beyinlərinə yeridilən bu ideologiyanın əsas məqsədi SSRİ xalqlarını öz milli dəyərlərindən məhrum etmək və perspektivdə onlara milli mənsubiyyətlərini unutdurmaq idi. Əlbəttə ki, bu ideoloji siyasətin əsas məqsədi çoxmillətli imperiyanı dağılmaqdan qorumaq idi. Lakin öz müdrikliyi və uzaqgörənliyi sayəsində İttifaqın tezliklə süqut edəcəyini görən Heydər Əliyev artıq o dövrdə möhkəm milli əsaslara malik olan müstəqil Azərbaycan dövlətinin bünövrəsini formalaşdırırdı. Ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısında göstərdiyi misilsiz xidmətlərdən biri də milli dövlətçiliyimizin möhkəmləndirilməsi baxımından həyati əhəmiyyət kəsb edən azərbaycançılıq ideyasını irəli sürməsi, onu bir ideologiya şəklində formalaşdırması olmuşdur. Bütün bu illər ərzində möhtəşəm nailiyyətlərin qazanılmasına səbəb olmuş uğurlu daxili və xarici siyasət də məhz Heydər Əliyev dühasının formalaşdırdığı azərbaycançılıq konsepsiyasının tərkib hissəsidir. XX əsrin 30-cu illərində formalaşmağa başlayan azərbaycançılıq vətənpərvərlik, milli özünüdərk dünyagörüşünün təşəkkülü ilə bağlı olmuşdur. Bu mənada Heydər Əliyev ən böyük azərbaycanlıdır. Ulu öndər deyirdi: “Hər bir kəsin milli mənsubiyyəti onun üçün qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam.” Azərbaycançılıq dünyagörüşü ulu öndərin siyasi fəaliyyətinin bütün sahələrində geniş kontekstdə öz ifadəsini tapmışdır. O cümlədən, 1969-1982-ci illər ərzində Azərbaycana rəhbərlik etdiyi dövrdə Heydər Əliyev tərəfindən siyasi-ideoloji müstəvidə görülən işlər milli inkişaf və həmrəyliyimizin təminatçısı qismində çıxış etmişdir. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə edilmiş milli birlik respublikamızın ən qiymətli mənəvi-ideoloji sərvətlərindən biridir. Xalqın nəzərində bütöv, milli şəxsiyyət kimi təcəssüm olunan Heydər Əliyev dühası Azərbaycana ikinci rəhbərliyi dövründə vətəndaş sülhü və ümumxalq həmrəyliyinin möhkəmləndirilməsi xəttini davam etdirmiş, bu siyasi xətti özünün konkret addımları ilə kamil elmi-nəzəri konsepsiya səviyyəsinə qaldırmışdır.

Aqrar islahatlar ulu öndərin yürütdüyü iqtisadi siyasətin əsas tərkib hissəsi olmuşdur


Keçən əsrin 70-ci illərinə qədər Azərbaycan kənd təsərrüfatı məhsullarının istehsalında sovet respublikaları arasında ən aşağı göstəricilərə malik idi. Kənd təsərrüfatının bütün sahələrində məhsuldarlıq çox aşağı olmaqla yanaşı torpaqlardan səmərəli istifadə olunmurdu, kolxoz və sovxozların əksəriyyəti ziyanla işləyirdi. Elmin və texnikanın tətbiqi hiss olunmurdu, kadr hazırlığı bərbad vəziyyətdə idi. Kənd təsərrüfatı üçün maşınqayırma və kimya sənayesi inkişaf etdirilmirdi. Meyvə, tərəvəz, çay və digər məhsulların emalında sistemsizlik, hər-mərcilik vardı. Həmçinin ət, süd, pambıq strateji məhsulların emalı da primitiv sexlərdə və çox cüzi miqdarda həyata keçirilirdi. Lakin ulu öndər Heydər Əliyevin 1969-cu ildə respublikanın rəhbərliyinə gəlişi ilə vəziyyət qısa müddət ərzində kəskin şəkildə dəyişdi. 1982-ci ilə qədərki fəaliyyəti dövründə Heydər Əliyev Azərbaycanda aqrar-sənaye kompleksinin yaradılmasına nail oldu. Bunun üçün öncə ümummilli lider Heydər Əliyevin yüksək idarəçilik qabiliyyəti, tələbkarlığı, işgüzarlığı və əzmkarlığı sayəsində kənd təsərrüfatı məhsullarının istehsalının artırılması təmin edildi. Heydər Əliyev respublikanın kənd təsərrüfatında mövcud olan potensial imkanların müvafiq proqramlar əsasında rallaşdırılmasını gələcək inkişafın mühüm istiqaməti kimi qiymətləndirdi və ittifaq hökumətinin bu məsələyə dair bir neçə qərar qəbul etməsinə nail oldu. Qısa müddət ərzində respublikada kənd təsərrüfatının bütün sahələrində əsaslı dönüş yarandı, məhsul istehsalının dinamik artımı təmin edildi. Ulu öndər Heydər Əliyev ittifaq rəhbərlərinə sübut etdi ki, onun rəhbərliyi altında Azərbaycan xalqı kənd təsərrüfatının inkişaf etdirilməsində yeni zirvələr fəth etməyə qadirdir və bu sahəyə yönəldilən sərmayə qısa müddətdə öz bəhrəsini verir.

Ulu öndərin 1993-cü ildə yenidən ölkə rəhbərliyinə gəlməsi ilə Azərbaycan iqtisadiyyatında yeni inkişaf mərhələsi başlandı. Həmin dövrdə öz müstəqilliyinə yeni qovuşmuş Azərbaycanda iqtisadiyyatın bütün sahələrində olduğu kimi, aqrar bölmədə də çox acınacaqlı vəziyyət hökm sürürdü. Maddi təchizatın pozulması səbəbindən aqrotexniki tədbirlərin vaxtında həyata keçirilməməsi məhsuldarlığın aşağı düşməsinə və məhsul istehsalının azalmasına səbəb olmuşdu. Aqrar-sənaye kompleksinin maşınqayırma və kimya sənayesi bölmələri, emal sənayesi müəssisələri tam gücü ilə işləyə bilmirdi. Müəssisələr bağlanır, işsizlik artır və əhalinin ərzaqla təmintında yaranmış çətinliklər aclıq təhlükəsini getdikcə artırırdı. Lakin ümummilli lider vəziyyəti araşdıraraq, kənd təsərrüfatının inkişafına diqqətin artırılması üçün bütün qüvvələri səfərbər etdi. Ulu öndər 1991-ci ildən iqtisadiyyatda, o cümlədən də aqrar sahədə islahatlar haqqında gedən uzun-uzadı mübahisələrə və müzakirələrə qətiyyətlə son qoydu, sözdən işə keçməyin yolunu müəyyən etdi və eyni zamanda, islahatların keçirilməsi yolları, üsulları və müddəti barədə proqram hazırlanmasının labüdlüyünü əsaslandırdı. Bununla da Heydər Əliyev respublikada aqrar islahatların hüquqi bazasının yaradılması, onun təşkili və həyata keçirilməsi kimi çox mühüm iqtisadi tədbirin həm banisi, həm də təşkilatçısı oldu. Ulu öndər keçirdiyi görüşlərdə və müşavirələrdə dəfələrlə qeyd edirdi ki, ölkəmizdə həyata keçiriləcək aqrar islahatlar öncə Azərbaycan xalqının milli mənafeyinə xidmət etməli, maraqlı tərəflər üçün ağrısız aparılmalı və ədalət prinsipinə əsaslanmalıdır. 1996-cı ildən başlayaraq Azərbaycanda MDB məkanında analoqu olmayan aqrar islahatlarına start verildi. Vahid torpaq fondunun 57 faizi dövlət mülkiyyətində qalmaqla 20 faizi bələdiyyə mülkiyyətinə və 23 faizi xüsusi mülkiyyətə verildi. Xüsusi mülkiyyətə əsasən ən qiymətli torpaqlar, yəni əkin və çoxillik əkmələr altında olan torpaqlar verildi ki, bu da aqrar sahədə sahibkarlığın inkişafına öz müsbət təsirini göstərdi. Aqrar silahatların aparılması və Heydər Əliyevin həyata keçirdiyi təşkilati, siyasi və digər tədbirlər tezliklə öz bəhrəsini verdi və aqrar sahədə dönüş yaranmasına səbəb oldu.

Bu gün də kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının prioritet sahələrindəndir və bu sektorun inkişafına ölkəmizdə böyük dəstək göstərilir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin imzaladığı Regionların inkişafına, əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsinə, yoxsulluğun azaldılmasına və digər məsələlərə dair Dövlət Proqramlarının icrasının nəticəsidir ki, ölkəmizin bütün bölgələrinin siması kökündən yaxşılaşmış, regionlarda yaşayış məntəqələrinin infrastruktur və kommunal xidmətlərlə təminatı səviyyəsi yüksəlmişdir. Dövlətimizin başçısı aqrar sahəni iqtisadiyyatın qeyri-neft bölməsinin prioritet istiqaməti elan etmiş və ölkənin aqrar siyasətinin əsas məqsədinin ölkənin ərzaq tələbatının tamamilə yerli istehsal hesabına ödənilməsi və bəzi kənd təsərrüfatı məhsulları və ərzaq mallarının xarici bazarlara ixracının təmin edilməsi olduğunu önə çəkmişdir.

Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev ulu öndərin siyasi kursunu keyfiyyətcə yeni müstəvidə davam etdirməklə, xalqımızın və dövlətçiliyimizin bu kursun mahiyyətindən doğan milli maraqlarını beynəlxalq miqyasda təmin edir. Heydər Əliyev siyasətinin uğurla həyata keçirilməsi müstəqilliyimizi möhkəmləndirir, dövlətçiliyimizi qüdrətləndirir və nəticədə beynəlxalq aləmdə Azərbaycan Respublikasının rolunu və nüfuzunu artırır. Bu deyilənlərin ən bariz sübutu da Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəsi və öz torpaqlarını işğaldan azad etməsidir. Xalqımız 44 günlük Vətən müharibəsinin gedişində Prezident İlham Əliyevə dərin inam və məhəbbət bəslədiyini bir daha təsdiq etdi. Azərbaycanın sürətli, hərtərəfli və dinamik inkişafı Heydər Əliyev siyasi kursu və bu kursu inamla irəli aparan Prezident İlham Əliyevin düşünülmüş və yaradıcı fəaliyyəti ilə qırılmaz tellərlə bağlıdır.


İbrahim Cəfərov
Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru,
AMEA-nın müxbir üzvü,
Kənd təsərrüfatı elmləri doktoru, professor
Əhəd Abıyevin həbs xəbərinə İcra Hakimiyyətindən CAVABÖtən gün bəzi internet saytlarında sabiq deputat və hazırda Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin DTX tərəfindən həbs olunması xəbəri yayılmışdı.

Daşkəsən RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavin Elmar Əliyevin Modern.az-a verdiyi məlumatda deyilir ki, Əhəd Abıyevlə bağlı yayılan qərəzli məlumatların ona heç bir aidiyyəti yoxdur:

"Bir sıra xəbər saytlarında xəbər yayılıb ki, guya “Daşkəsəndə DTX həbslərə başladı: İcra başçısı həbs ediləcəyi xəbərini eşidib rayondan qaçdı” başlıqlı yazılara cavab olaraq bildiririk ki, Daşkəsən rayonunda heç bir korrupsiya əməliyyatı keçirilmir və Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev hazırda iş başındadır. Yayılan məlumatlar qərəzli, uydurma, şayiə və yalandır.

Daşkəsən rayon Xoşbulaq kənd bələdiyyəsinin sədri vəzifəsində işləmiş Rasim Allahverdiyev ilə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin sabiq müdiri Şahbaz Mehdiyev 2007-ci ildə apardıqları torpaq sənədləşdirilməsinə dair Gəncə şəhər sakini Ələkbərov Rəşad Sədrəddin oğlunun şikayəti əsasında saxlanılıblar və hazırda həmin məsələ Gəncə şəhərində məhkəmədə baxılır.

Bildiririk ki, 2007-ci ildə olmuş həmin məsələnin Əhəd Abıyevlə heç bir bağlılığı və aidiyyəti yoxdur, belə ki, 2007-ci ildə Əhəd Abıyev Milli Məclisin deputatı olub".
Ermənistan Türkiyəyə qarşı İrandan silah satır - SensasiyaTürkiyənin anti-terror əməliyyatları qarşısında duruş gətirə bilməyən PKK “sağ qalmaq” üçün Ermənistandan 9K33 OSA zenit raket sistemləri almaq istəyir.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası yazıb.

Gizli danışıqlarda terrorçuları erməni əsilli Bese Hozat və Nuriye Kesbir, Ermənistan tərəfini isə Xocalı qatili, Xankəndidəki separatçıların “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyan, separatçıların keçmiş “müdafiə naziri”, hazırda Ermənistan Müdafiə Nazirliyində Hərbi Nəzarət Xidmətinin rəisi Cəlal Arutyunyan və I Qarabağ müharibəsinin canilərindən olan, bir müddət separatçıların “müdafiə naziri” və “təhlükəsizlik şurasının katibi” olmuş Samvel Babayan təmsil edib.

Təmasları quran İrana bağlı Haşdi Şabi qruplaşması silahların PKK-ya daşınmasını həyata keçirəcək.
Orqanik məhsul istehsalçılarına ÇAĞIRIŞSon dövrlər ölkəmizdə orqanik məhsul istehsalı və istehlakı ilə bağlı təbliğat və təşviqat işləri xeyli artmışdır.

Qeyd edək ki, orqanik məhsul istehsalı artıq bütün dünyada artan trend üzrə inkişaf edir. Ölkəmizin də bu sahədə potensialının böyük olması şübhəsizdir.

“Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları” İctimai Birliyinin təsisçisi Emin Əliyevin saytımıza verdiyi məlumata görə artıq dövlət orqanları da bu sahəyə dəstək verməyə başlamışdır. İqtisadiyyat Nazirliyi bu sahədə xüsusi olaraq fərqlənir.

E.Əliyev bildirib: “Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə sıx əməkdaşlıq çərçivəsində 17 may tarixində ölkəmizin orqanik məhsul istehsalı potensialı, qarşıya çıxan problemlərin müzakirəsinin təmin edilməsi üçün KOBİA və “Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları” İctimai Birliyi”-nin birgə təşkilatçılığı ilə onlayn görüş təşkil ediləcəkdir. Bu görüşdə KOBİA ilə bərabər digər bir çox dövlət təşkilatlarının, eyni zamanda orqanik sertifikatlı istehsalçıların iştirakı nəzərdə tutulmuşdur. O cümlədən ölkəmizdə sertifikat sahibi olmayan, lakin orqanik standartlarda məhsul istehsal edən sahibkarların da iştirakı nəzərdə tutulmuşdur. “Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları” İctimai Birliyinə üzv olan sahibkarların bu görüşdə aktiv olması gözlənilir. Fermerlərdən xahiş edirik ki, bu tədbirdə aktiv iştirak etsinlər və müzakirələrdə fəal olsunlar”.

Emin Əliyev eyni zamanda bildirib ki, 2022-ci il ilin fevral ayında Almaniyanın Nürnberq şəhərində keçiriləcək BioFach 2022 beynəlxalq orqanik məhsullar sərgisində Azərbaycan stendinin olmasının perspektivləri hal-hazırda araşdırılır. “AZPROMO ilə birlikdə fermerlər arasında sorğu keçiririk. Ehtimal vardır ki, dövlətin müəyyən dəstək tədbirləri çərçivəsində BioFach 2022 beynəlxalq sərgisində “Made in Azerbaijan” stendi olsun.

Arzu edirik ki, bu stenddə “Organic Karabakh” brendli milli orqanik məhsullarımız da nümayiş etdirilsin. Bu sərgidə kiçik və orta sahibkarlıq nümayəndələrinin iştirakının təmin edilməsi istiqamətində də danışıqlar davam edir. Çalışırıq ki, bu sərgidə orqanik məhsul istehsalına maraq göstərən sahibkarlarımızın iştirakı təmin edilsin”.

Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları” İctimai Birliyi ilə əməkdaşlıq etmək istəyən orqanik məhsul istehsalçıları 012 409 21 16 və 055 211 39 31 telefon nömrələri ilə əlaqə saxlaya bilərlər.
"Azərsu"ya Köçərli rəhbərlik edəcəkXəbər verdiyimiz kimi, 04 aprel tarixində Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov vəzifəsindən azad olunub.

Avrasiya.net Unikal.org-a istinadən xəbər verir ki, hazırda Q.Hüseynovun səlahiyyətləri Köçərli Həsənova həvalə edilib. Onu kollektivə Baş nazirin müavini Yaqub Eyyubov təqdim edib.

Qeyd edək ki, Köçərli Həsənov "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədr müavinidir.
Elektron xəritələrin yaratdığı suallar: ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT XİDMƏTİNƏÖlkəmizdə formalaşan 1606 bələdiyyənin fəaliyyətiylə bağlı apardığımız müşahidə və araşdırmalardan belə qənaətə gələ bilərik ki, yerli icra strukturlarından, yəni RİH-lərdən də çox bələdiyyələrin fəaliyyətinə süni əngəl yaradan orqan Əmlak Məsələləri Dövlət Xidmətidir (ƏMDX). Açıq etiraf edim ki, özümdə belə qənaətə gəlməyi istəməzdim. Amma məcburam, çünki reallıq budur.

“Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanlanan həlli vacib suallar” başlıqlı yazımdan sonra (http://belediyye.info/new/details/emlak-meseleleri-dovlet-xidmetine-unvanlanan-helli-vacib-suallar--6382.htm) çoxsaylı bələdiyyə təmsilçiləri bizimlə əlaqə saxlayaraq onları ciddi şəkildə narahat edən və səmərəli fəaliyyət göstərmələrinə mane olan problemləri qaldırdığıma görə minnətdarlıqlarını bildirmiş, tərəfimizdən qaldırılan problemlərə iqtisadiyyat naziri cənab Mikayıl Cabbarovun tezliklə reaksiya verəcəyinə və həllini nəzarətə götürəcəyinə inandıqlarını qeyd etmişlər. Bununla yanaşı bələdiyyə təmsilçiləri, xüsusən də paytaxt bələdiyyələri mövzu ilə əlaqəli digər məqamların da işıqlandırılmasını xahiş ediblər.

Lakin mətləbə keçməmiş sosial media üzərindən mövzu ilə əlaqəli apardığım müzakirədən bəzi bələdiyyə təmsilçilərinin fikirlərini həm cənab nazir Mikayıl Cabbarovun, həm Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşlarının, həm də oxucuların diqqətinə çatdırmaq istərdim.

***

“Hazırda bələdiyyəmizin ərazisində gənc ailələrə ayrılacaq bir qarış torpaq sahəsi yoxdur. Bir gənc ailə ona ayrılmış torpaq sahəsinin bələdiyyə tərəfindən 2007-ci ildə verilmiş və torpaqayırmaya aid olan bütün sənədlərini torpaq şöbəsi tərəfindən, baş memardan və baş plandan çıxarış (kadastr) olmaqla bizə təqdim etdi. Biz həmin sənədi Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim etdik, cavabı o oldu ki, örüş şahəsinə düşür. Halbuki həmin örüş yeri deyilən ərazi cəmi 0.27 ha torpaq sahəsinin əhatəsindədir. Siz deyin belə örüş sahəsi olar? (Gədəbəy bələdiyyəsi)
“Əziz həmkarlar məndə təqdim edilən xəritəni təsdiq etməmişəm. Ona gorə ki, 18 yeri yoxlatdırmışam, müvafiq orqana koordinatda vurdurmuşam. Amma hec birini qəbul etməyiblər.Vətəndaşlarda məndən yuxarı orqanlara şikayət ediblər. Nəticədə vətəndaşlarla problemlərimiz yaranlb. Bu gün dörd kəndi əhatə edən Noda bələdiyyəsinin ərazisində boş yer yoxdur. Gələn xəritədə 40 il bundan əvvəl tikilən evlərin yerlərini perspektiv inkişaf kimi göstəriblər” (Lerik rayonu Noda bələdiyyəsi)
“Məndə xəritəni təsdiq etmədim. Bu gün Saatlı rayon Mollavaizli bələdiyyəsinin ərazisindən 27,83 ha əhalinin pay torpağı təzə xəritədə yoxa çıxıb” (Saatlı rayonu Mollavaizli bələdiyyəsi)
“Özlərinə necə sərf edir, elədə işləyirlər. Vaxtı ilə üçtərəfli imzalanmış xəritələr var idi. İndi isə təqdim edilən ərazilərin böyük əksəriyyəti dövlət torpağı kimi göstərlib” (Şirvan bələdiyyəsi)
“Muxax bələdiyyəsinin xəritələrində də çox ciddi problemlər var. Hər yuxarıdan göndərilən mütəxəssisin hərəsi öz gücünə, savadına görə problemlər yaradıb. Bələdiyyə xəritələrini pis günə qoyublar. Bu gün də həlli istiqamətində heç bir tədbir görülmür. Xəritələri elə günə qoyublar ki, heç özləri də artıq baş acmırlar” (Zakatala rayonu Muxax bələdiyyəsi)
“ƏMDX tövsiyəm odur ki, sənədlərin düz olması üçün yerində gəlib bir-bir payları və həyətyanı sahələri ölçməlidirlər ki narahatlıq yaranmasın.Yoxsa pay torpağı ayrı, həyətyanı ayrı, o heç vaxt düz gəlməz” (Zakatala rayonu Mosul bələdiyyəsi)
“Horadiz bələdiyyəsi olaraq bizə ilkin variantı göstərilən xəritə ilə razı deyilik. Heç bir əsas gətirmədən sakinlərin yaşayış sahələrini, 90-92-ci illərdən tikilmiş evlərinin də olduğu əraziləri bələdiyyə torpağı kimi göstərmirlər. O belə dedi, bu belə dedi, bu belə olmalıdır kimi ifadələrlə yola verməyə çalışırlar.” (Füzuli rayon Horadiz bələdiyyəsi)

***

Beləliklə, göründüyü kimi, bələdiyyələri narahat edən əsas məsələ təqdim edilən xəritələrin ciddi nöqsanlarla müşaiyət olunmasıdır. Hiss olunur ki, xəritələr tələm-tələsik hazırlanıb. Gəlin unutmayaq ki, bu nöqsanlar tezliklə aradan qalxmamış hansısa formada imzalanmasına nail olunacaqsa yaxın gələcəkdə bələdiyyə-vətəndaş qarşıdurması yarana bilər. Vətəndaş bütün günahın bələdiyyədə olduğunu düşünsə də, əslində əsas günah sahibi məhz adıçəkilən qurumdur, yəni Əmlak Məsələləri Dövlət Xidməti.

Bu gün Bakı bələdiyyələrinin heç birinin torpaqlarının real xəritəsi hazırlanmayıb və torpaqlar bələdiyyənin mülkiyyətinə verilməyib. Düzdür uzun çəkən proseslərdən sonra bələdiyyələrin elektron xəritələrinin layihələri hazırlanıb. Lakin elə vəziyyətdə hazırlanıb ki, onlarla heç cür razılaşmaq olmur. Misal üçün, Sabunçu bələdiyyəsinin xəritəsi hazırlanarkən bələdiyyənin bütün qonşu bələdiyyələrlə - Ramana, A.A.Bakıxanov, M.Ə.Rəsulzadə bələdiyyələri ilə ciddi problem yaradılıb. Yəni, 2000-ci ildə təqdim edilən cizgilərlə üst-üstə düşmür. Demək olar ki, xəritələrdə bələdiyyələr üçün torpaq nəzərdə tutulmayıb. Yalnız çoxdan məskunlaşma getmiş, artıq üzərində uzun illərdir yaşayış olan torpaqlar bələdiyyə mülkiyyətinə aid edilib. Qalan torpaqlar dövlət mülkiyyəti kimi göstərilib. İddia olunur ki, bu xəritələri Əmlak Məsələləri Dövlət Xidməti (əvvəllər də Əmlak Məsələləri Dövlət Komitəsi) hazırlayır, həmin qurum da dövlət əmlakının sərəncamçısıdır. Ona görə də maraqlı tərəf kimi çıxış edir. Deməliyik ki, həm də bu zaman qanunun tələbi kobud pozulur. Qanun deyir ki, xüsusi mülkiyyətdə və dövlət mülkiyyətində olan torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyəti hesab olunur. Hələ 1996-cı ildə qəbul edilən, Ulu öndər Heydər Əliyevin imzaladığı “Torpaq islahatı haqqında” Qanunun 1-ci maddəsində belə göstərilib. Torpaq Məcəlləsində hansı torpaqların dövlət torpaqları olması açıq-aydın yazılıb (46-cı maddə). Deməli, ərazidə xüsusi mülkiyyət torpaqları və dövlət torpaqları müəyyənləşməli, qalan torpaqlar bələdiyyənin olmalıdır.

Yeri gəlmişkən bələdiyyələrə narahatlıq yaradan ikinci məqam isə Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyindəki Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC tərəfindən tarif dərəcələrinin artırılmasıdır. Ola bilər deyilsin ki, bu məsələnin bizə aiddiyəti yoxdur. Cünki tariflərin artırılmasını Tarif Şurası həyata keçirir. Düzdür, razıyam. Belə olan halda Tarif Şurasına təklifi hansı orqan göndərib?

Hazırda qiymətlər belədir. Yəni 12 sota qədər torpağın layihə koordinatının müəyyən edilməsi (yəni dörd nöqtə üzrə) əvvəl 60 manat ödənildiyi halda, bu gün həmin xidmətin dəyəri 179 manat olub. Bu qiymət artımı hansı əsasla həyata keçirilib? Qiymət dəyişikliyinin kökündə nə dayanır? Üstəlik bələdiyyə mülkiyyətdə olan ümumi torpaq sahəsinin bir hissəsi bələdiyyə tərəfindən hərraca çıxarılarkən satışa çıxarılan torpaq sahəsi üçün ayrıca çıxarışın əldə edilməsi və ondan sonra alqı-satqıya gedilməsini necə başa düşmək olar. Hesab edin ki, bələdiyyə büdcəsinə mədaxil olunan, misal üçün 2000 manat vəsaitin 700 manata yaxın hissəsi ƏMDX müvafiq qurumlarına rüsum şəklində qayıdır. Biz bələdiyyənin inkişafına bu cür dəstəkmi veririk?

Son olaraq qeyd edək ki, cənab Prezident İlham Əliyev hər daim məmurların xalqın xidmətçisi olduğunu dilə gətirir. Belə olan halda hər bir yerli məmur vətəndaş məmnunluğunu təmin etmək üçün çalışmalı və vətəndaşın səs verdiyi bir orqanın fəaliyyətinə təkan verməyə borcludur. Fikrimcə, düşünməyə dəyər. Odur ki, hörmətli nazir Mikayıl Cabbarovdan bu məsələnin ciddi nəzarətinə götürməsini xahiş edərdim və əlavə edim ki, bu həmdə 15 min üzvü olan bələdiyyələrin xahişidir.

Vüqar Tofiqli
“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri
Lavrov: Ermənistan sınaqdan çıxmış müttəfiqdir2020-ci ildə ticarət dövriyyəsinin cüzi azalmasına baxmayaraq, Rusiya hələ də Ermənistanın aparıcı tərəfdaşı və investorudur.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında deyib.

O, hər iki ölkənin zamanın sınağından çıxmış müttəfiqlər olduğunu bildirib.

Lavrov cari ildə iki ölkənin liderlərinin iki dəfə üz-üzə görüşdüyünü, 8 dəfə isə telefonla danışdığını bildirib.