“...Kağız qızarmır”Avropa Parlamentinin “Avropa Xalq Partiyası” fraksiyasından olan deputatlarının Avropa Komissiyasının və Avropa Şurasının sədrlərinə ünvanladıqları, Azərbaycana qarşı ən radikal erməni millətçisinin yaza biləcəyi qərəz və böhtandan ibarət olan məktub məni heç təəccübləndirmədi. Ən azı ona görə ki, bu prosesin önündə Avropa Parlamentinin Ermənistan üzrə daimi məruzəçisi, AP-də “Avropa Xalq Partiyası” fraksiyasının vitse-prezidenti Andrey Kovaçev dayanır və məktubu imzalayanların 49 nəfəri Fransanı təmsil edir. Məktubi imzalayanlar arasında ikinci sırada dayananlar isə Yunanıstan və Şimali Kipri təmsil edən parlamentarilərdir. Yəni mənzərə aydındır. Heç bir fundamental əsası olmayan klassik Azərbaycan və Türkiyə düşmənçiliyi absurd iddialardan ibarət olan anti-Azərbaycan məktubunun imzalanmasında da özünü büruzə verib.

Qeyd edim ki, maraq doğuran məqamlardan biri, şansız və şərəfsiz məktubu imzalayanların arasında türk əsilli Bolqarıstan vətəndaşının olmasıdır. Onun da mayası çox güman ki, əvvəldən tərs gəlib və sapı nütfəsi qoyulan gündən özgəyə məxsus olub.
İndi keçək mətləbə…

Məktub müəllifləri iddia edirlər ki, Azərbaycan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 8-ci bəndinin tələblərinə əməl etməyib və bununla da həm məlum bəyanat çərçivəsində üzərinə götürdüyü öhdəliklərin, həm də Cenevrə Konvensiyasının tələblərini pozub.
Xatırladım ki, “Avropa Xalq Partiyası” fraksiyası təmsilçilərinin sözügedən məktubda istinad etdikləri konvensiyanın və elə onların da nümunə gətirdikləri 4-cü maddəsinin 1-ci bəndində kimlərin və hansı dövrdə hərbi əsir hesab edildikləri dəqiqliklə ifadə olunur. Sitat: “Münaqişə tərəflərindən birinin digər tərəfin hakimiyyəti altına düşən silahlı qüvvələrinin üzvləri, həmçinin bu silahlı qüvvələrin tərkibindəki könüllü dəstələrin təmsiçiləri hərbi əsir sayılırlar”.

Göründüyü kimi, Konvensiyada söhbət münaqişə tərəflərindən və münaqişə (müharibə) vəziyyətində əsir düşən şəxslərdən gedir. Məlum olduğu kimi Azərbaycanla Ermənistan arasındakı münaqişəyə (müharibəyə) Avropa parlamentarilərinin də istinad etdiyi 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla son qoyulub. Ermənistanın təxribatçı-terrorçuları isə müharibə başa çatdıqdan 1 ay sonra, dekabr ayının 11-də, həm də konkret cinayət əməlləri törətdiklərinə görə, antiterror əməliyyatı nəticədə saxlanılıblar. Yəni “Avropa Xalq Partiyası” fraksiyası təmsilçilərinin həvəslə istinad etdikləri Cenevrə konvensiyasının hazırda Azərbaycanda istintaq altında olan terorçulara hər hansı bir aidiyyatı yoxdur.

Avropa Parlamentarilərinin məktubunda istinad olunan digər “sənədlər” isə Ermənistan Ombudsmanının və "Human Rayts Votç" təşkilatının ilkin hesabatıdır. Amma nədənsə Avropalı “humanistlər” Azərbaycan Baş Prokurorluğunun, Ombudsmanının müraciətlərində yer alan faktlar, HRV-nin mülki Azərbaycan əhalisinə qarşı Ermənistanın törətdiyi ağır cinayətlər, həmçinin qadağan olunmuş mərmilərdən istifadə edilməsi haqqında hesabatından söz açmağı “unudurlar”.
Azərbaycan torpaqlarının 30 ilə yaxın bir müddətdə Ermənistanın işğalı altında olduğu, yaşayış məntəqələrimizin vəhşicəsinə dağıdıldığı, yüzminlərlə azərbaycanlı məcburi köşkün və qaçqının fundamental hüquqlarının pozulduğu, Birinci Qarabağ müharibəsində 4 mindən artıq azərbaycanlının itkin düşdüyü, əsir və giröv götürüldüklərini təsdiqləyən çoxsaylı şahid ifadələrinin olduğu bu şəxslərlə bağlı Azərbaycanın tələblərinə Ermənistanın reaksiya vermədiyi hər zaman olduğu kimi yenə də yada düşmür.

Gözləri erməni yalanlarının tüstüsünə kor olan, amma məşhur misalda deyildiyindən fərqli olaraq, erməni diasporunun istisinə qızınan Avropa parlamentariləri utanıb qızarmadan, misilsiz bir həyasızlıqla ölkəmizə böhtan atırlar. Qədim Roma filosofu, natiqi Siseronun təbirincə desək, “yaxşı ki, kağız qızarmır”. Yoxsa “Avropa Xalq Partiyası” fraksiyası təmsilçilərinin imzaladıqları məktub qan rəngində olardı. Erməni işğalının və terrorunun qurbanı olan günahsız azərbaycanlıların qanı rəngində. Bu qana isə erməni siyasətçiləri və hərbçilərinin əli, Avropa parlamentarilərinin vicdanı bulaşıb. İkincisi daha ağır cinayətdir. Çünku yeni-yeni faciələr üçün president yaradır…

Elçin Mirzəbəyli
Qəbələdə dəhşətli qəza: 3 ölü, 3 yaralı...Qəbələ rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, hadisə Ağdaş-Zarağan avtomobil yolunun, rayonun Savalan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Qəbələ rayon Bum kənd sakini Tərlan Tapdıq oğlunun idarə etdiyi "Mersedes" markalı avtomobillə Göyçay rayon sakini Nəsib Şakir oğlunun (soyadı dəqiqləşdirilir-red) sükanı arxasında olduğu VAZ-2107 markalı avtomobil toqquşub.

Nəticədə VAZ-2107-də olan 1964-cü il təvəllüdlü Vilayət Baxış qızı Yusifova hadisə yerində ölüb. Avtomobilin sürücüsü N.Yusifov və sərnişini, 2019-cu il təvəllüdlü Dəniz Ramil qızı Məmmədova Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılsalar da, xəstəxanada vəfat orada keçiniblər. VAZ-2017-də olan 36 yaşlı Mehriban Məmmədova, 24 yaşlı Xəyalə Bəkirova və 7 yaşlı İsmayıl Məmmədov müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdiriliblər. Məlumata görə, qəzada ölən və yaralananlar bir ailənin üzvləri və yaxın qohumlardır.

Faktla bağlı araşdırma aparılır.
Qarabağda döyüşən terrorçuların görüntüləri - VideoXəbər verdiyimiz kimi, bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin Baş İstintaq İdarəsi tərəfindən Livan Respublikasının vətəndaşı Eulcekciyan Viken Abraham və digər şəxslərin muzdlular kimi Azərbaycan vətəndaşlarına qarşı terror fəaliyyətində iştirakı faktı üzrə cinayət işinin istintaqı başa çatdırılıb.

İstintaqla müəyyən edilib ki, Livan Respublikasının vətəndaşı, 1979-cu il təvəllüdlü Beyrut şəhər sakini Eulcekciyan Viken Abraham 29 sentyabr 2020-ci il tarixində Livan Respublikasının vətəndaşı Hovak Kikiyanın ilkin olaraq 2500 ABŞ dolları məbləğində maddi mükafat müqabilində muzdlu kimi Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərində hərbi əməliyyatlarda iştirak etmək təklifini qəbul edib, bu məqsədlə həmin gün digər şəxslərlə mütəşəkkil dəstə halında Ermənistan ərazisindən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək digər muzdluların da olduğu ərazilərə gəlib.

Livanlı Abrahamın Azərbaycanın işğal olunmuş ərazilərindəki hərbi əməliyyatlarda iştirak etdiyini göstərən nadir kadrlar yayılıb.

Avrasiya.net Virtualaz.org-a istinadən həmin görüntüləri təqdim edir:



Ağdaşda kütləvi dava: yaralılar varAğdaş rayonunda sakinlər arasında insident baş verib.

Avrasiya.net xəbər verir ki, bu barədə vəkil Bəhruz Bayramov məlumat verib.

Onun sözlərinə görə, hadisə Pirkəkə kəndində qeydə alınıb.

Vəkil deyib ki, davaya səbəb kənd bələdiyyəsinə məxsus örüş sahələrində heyvanların otarılması olub. Nəticədə bir neçə şəxs yaralanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidməti Report-a faktı təsdiqləyib.

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində araşdırma aparılır.
Vətən müharibəsində kontuziya almış leytenant intihar edibVətən müharibəsində ilk gündən son günə kimi döyüşlərdə iştirak etmiş leytenant Nəbizadə Rüfət Ağayar oğlu intihar edib.

Avrasiya.net xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.

Ailəsinin verdiyi məlumata görə, hərbçi döyüşlər vaxtı aldığı kontuziyadan əziyyət çəkirmiş.

Məhrum 2019-cu ildə xaricdə xüsusi təyinatlı kursu bitirmişdi.

Nəbizadə Rüfət Ağayar oğlu Ali Baş Komandan tərəfindən “Şuşanın azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.

Allah rəhmət eləsin!




Azərbaycan-İran sərhədində insidentMay ayının 4-də Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Ostair kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 3 nəfər naməlum şəxsin İran İslam Respub­likasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmasının qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, sərhəd naryadının “Dayan” əmrinə tabe olmayan sərhəd pozucuları əllərindəki əşyanı əraziyə ataraq havanın qaranlıq, relyefin mürəkkəb olmasından istifadə edərək geriyə qaçıblar. Ərazi dərhal qapadılaraq keçirilmiş axtarış təd­birləri nəticəsində 1 ədəd qara rəngli çantanın içərisində 11 550 qram narkotik vasitəyə (3415 qram “marixuana”, 5085 qram “heroin”, 2030 qram “tiryək” və 1020 qram “metamfetamin”) bənzər maddələr aşkarlanaraq götürülüb.

Həmin gün Yardımlı rayonunun Abbaslı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində İran İslam Respub­likasından Azərbaycan Respublikasının ərazisinə hərəkət edən 2 nəfər naməlum şəxsin dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən müşahidə edilib. Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb. Sərhəd nar­yadının “Dayan” əmrinə tabe olmayaraq ərazidən uzaqlaşmağa cəhd göstərən sərhəd pozucuları saxlanılıblar. Saxlama zamanı sərhəd pozucularından biri sərhəd naryadına qarşı bıçaqla müqavimət göstərib, cinayətkar tərksilah olunarkən üz nahiyəsindən yüngül xəsarət alıb, hadisə yerində ona ilkin tibbi yardım göstərilib.

Saxlanılan şəxslərin İran vətəndaşları 1973-cü il təvəllüdlü Səidi Zeğəm Səyyad və 1983-cü il təvəllüdlü İbrahim Seyiddi Ağabala olmaları müəyyən­ləş­dir­ilib. Hadisə yerinə baxış zamanı sərhəd pozucularının qanunsuz yolla AR ərazisinə gətirdikləri ümumi çəkisi 3935 qram narkotik vasitəyə (3840 qram “marixuana” və 95 qram “metamfetamin”) bənzər maddələr və 17715 ədəd “Preqabalin” həbi aşkar olunaraq götürülüb.
Putinlə Ərdoğan Qarabağı MÜZAKİRƏ ETDİRusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığı olub.

Avrasiya.net Rusiya KİV-nə istinadən xəbər verir ki, danışıqlarda Dağlıq Qarabağ məsələsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Tərəflər şəxsi ünsiyyətlərini sıxlaşdırmaq barədə qərar veriblər. Danışıqlar zamanı Liviya və Suriya münaqişləri də diqqətdə saxlanılıb.
Prezident Fikrət Qocanın vəfatı ilə bağlı nekroloq imzaladıPrezident İlham Əliyev Xalq şairi Fikrət Qocanın vəfatı ilə bağlı nekroloq imzalayıb.

Avrasiya.net nekroloqun mətnini təqdim edir:

Azərbaycan ədəbi ictimaiyyətinə ağır itki üz vermişdir. Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Dövlət mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Xalq şairi Fikrət Qoca (Fikrət Göyüş oğlu Qocayev) 2021-ci il mayın 5-də ömrünün 86-cı ilində vəfat etmişdir.

Fikrət Qoca 1935-ci il avqustun 25-də Ağdaş rayonunun Kotanarx kəndində anadan olmuşdur. O, Ağdaş şəhərində orta məktəbi bitirmiş, 1953–1957-ci illərdə Bakı dəmir yolu texnikumunda oxumuş və 1957–1959-cu illərdə Bakı şəhərində tikinti idarəsində işləmişdir.

Ədəbi yaradıcılığa gənc yaşlarından meyil göstərən Fikrət Qoca 1959–1964-cü illərdə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda təhsil almış, Bakıya qayıtdıqdan sonra 1964–1965-ci illərdə Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsində redaktor, 1967–1970-ci illərdə “Azərbaycan gəncləri” qəzeti redaksiyasında ədəbi işçi, 1970–1975-ci illərdə Azərbaycan Yazıçılar İttifaqında məsul katib, 1978–1987-ci illərdə “Azərbaycan” jurnalında şöbə müdiri və 1987–2004-cü illərdə “Qobustan” incəsənət toplusunun baş redaktoru vəzifələrində çalışmışdır. O, 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin katibi, 2004-cü ildən birinci katibi olmuşdur.

Fikrət Qoca Azərbaycan ədəbi mühitinə yeni ab-hava gətirən sənətkarlardandır. Şair dərin ictimai məzmunlu yaradıcılığı ilə müasir poeziyamızın mövzu dairəsinə, poetik forma və ifadə tərzinə özünəməxsus çalarlar qazandırmış, mühüm hadisələr və cəmiyyətdəki mənəvi-ictimai proseslər fonunda insanın daxili aləminin dolğun təsvirinə nail olmuşdur. Mənəvi ucalığa və mənalı yaşamağa səsləyən, insan və zaman haqqında lirik-fəlsəfi ümumiləşdirmələrlə zəngin əsərləri Fikrət Qocanı geniş oxucu kütləsinə sevdirmişdir. Şairin bədii tərcümələri sayəsində Azərbaycan oxucusu dünya poeziyasının dəyərli nümunələri ilə yaxından tanış olmaq imkanı əldə etmişdir. Fikrət Qocanın sözlərinə bəstələnmiş mahnılar tanınmış müğənnilərin repertuarında geniş yer tutur.

Fikrət Qoca istiqlal ideyalarının tərənnümünü həmişə diqqət mərkəzində saxlamışdır. Onun xalqımızın azadlıq mübarizəsindən bəhs edən əsərlərinin gənc nəslə vətənpərvərlik ruhunun aşılanmasında əhəmiyyətli rolu vardır.

Fikrət Qocanın uzunmüddətli səmərəli yaradıcılıq fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, “Əməkdar incəsənət xadimi” və “Xalq şairi” fəxri adlarını almış, Azərbaycan Respublikasının ali dövlət təltiflərindən olan “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenlərinə, Dövlət mükafatına və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülmüşdür.

Görkəmli şair, qayğıkeş və səmimi insan Fikrət Qocanın xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Sahibə Qafarova

Samir Nuriyev

Eldar Əzizov

Fərəh Əliyeva

Anar Kərimov

Anar Rzayev

Çingiz Abdullayev

Nəriman Həsənzadə

Elçin Əfəndiyev

Sabir Rüstəmxanlı

Rəşad Məcid.

Başına daş parçası düşən yeniyetmə öldüBakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Rafiq İsgəndərov küçəsindəki 2 saylı beşmərtəbəli binanın yaxınlığından keçərkən başına binanın fasadından daş parçası düşən yeniyetmə vəfat edib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, 2006-cı il təvəllüdlü Əli Mahir oğlu Şabanov müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.
5 nəfərdən artıq şəxsin bir yerə cəmlənməsi qayda pozuntusudur - DİN“Sosial şəbəkələrin bəzi istifadəçilərinin polis tərəfindən Sabunçu rayonunda dini mərasimlərin qarşısını alaraq zorakılıq etməsilə bağlı paylaşımları əsassızdır”.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Avrasiya.net-ə bildirilib ki, respublika ərazisində tətbiq olunan xüsusi karantin rejiminin qayda və tələblərinə uyğun olaraq, bütün kütləvi tədbirlərin təşkili və keçirilməsi qadağandır:

“Keçirilən mərasimlərin məqsədindən asılı olmayaraq, 5 nəfərdən artıq şəxsin bir yerdə cəmlənməsi epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejim qaydalarının pozulmasıdır. COVID-19 infeksiyasına yoluxma təhlükəsini nəzərə alaraq, ayrı-ayrı ünvanlarda kütləvi toplaşmalarla müşayət olan halların qarşısı alınıb. Həmin şəxslərin hər birilə profilaktik söhbətlər aparılmaqla, barələrində inzibati tənbeh tədbirləri tətbiq olunub.

İnfeksiya şəraitində hər bir şəxs epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejim qaydalarına və özünütəcrid tədbirlərinə ciddi əməl etməlidir”.

Rəsmi məlumata görə, ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin qayda və tələblərinin mühafizəsində daxili işlər orqanları tərəfindən gücləndilimiş nəzarət-profilaktik tədbirlər davam etdirilir.