Bayden İrana qarşı sanksiyaların bir qismini ləğv edəcəkABŞ Prezidenti Cozef Bayden administrasiyası keçmiş dövlət başçısı Donald Trampın hakimiyyəti zamanı İrana qarşı sanksiyaların əhəmiyyətli qismini ləğv etmək niyyətindədir.

“Report” xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Bildirilib ki, Cozef Bayden İranın nüvə proqramı ilə birbaşa əlaqəsi olmayan sanksiyaları ləğv edəcək. Bu halda İran beynəlxalq bank və kredit sistemi ilə əlaqəni bərpa edə bilər.

Məlumata görə, ABŞ-ın Yaxın Şərq üzrə koordinatoru Brett Makqerkin başçılığı altında nümayəndə heyəti Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya və Misirə səfər edəcək. Səfər zamanı amerikalı təmsilçilər İranın nüvə danışığına qayıtması ilə bağlı müttəfiqlərinin narahatlığını müzakirə edəcəklər.

Koçaryandan revanşist AÇIQLAMA: “Şuşanı, Hadrutu qaytaracağıq”Ermənistanın eks-prezidenti Robert Koçaryan parlament seçkiləri öncəsi hazırlıqlarını davam etdirir.

Ermənistan KİV xəbər verir ki, o, Qarabağ müharibəsindəki sarsıdıcı məğlubiyyəti və iqtisadiyyatda yaranmış çətinlikləri idarəetmədəki problemlərlə əlaqələndirib.

“Danışıqlar prosesində mövqeyimizi möhkəmləndirsək, nəticədə bütün "əsirləri", Şuşanı və Hadrutu geri qaytara, regionun ən güclü dövlətinə çevrilə bilərik”-deyə Koçaryan deyib.

O, tərəfdarlarına seçkilərdə qalib gələcəyinə böyük ümidinin olduğunu deyib.

Modern.az
Sabiq başçının cinayət əməlləri: Famil Xəlilov kimdir? - TəfərrüatŞəmkirin həbs edilən İH başçısının cinayət əməlləri ilə bağlı bəzi yeni təfərrüatlar üzə çıxıb.

Cinayət Məcəlləsinin mənimsəmə və rüşvət alma maddələri ilə ittiham olunan Alimpaşa Məmmədovun kimdən və hansı məqsədlə rüşvət alması, kimlərlə əlbir olması məlum olub.

Alimpaşa Məmmədovun həbsinə səbəb rayondakı korrupsiya halları, aparılan qanunsuz tikililər, habelə şəhərin baş planına uyğun gəlməyən, tikinti normativlərini ciddi şəkildə pozan çoxmərtəbəli binalara verilən qanunsuz icazələrdir.

Avrasiya.net Musavat.com-a istinadən xəbər verir ki, qanunsuz tikililər isə “Park Kolizey” MTK adlı tikinti şirkəti tərəfindən aparılıb.

Məlumata görə, Alimpaşa Məmmədov rayonda tikinti monopoliyası yaradıb və qeyri-qanuni olaraq digər tikinti şirkətlərini rayona buraxmayıb.

Ancaq xüsusi imtiyaza malik olan “Park Kolizey” MTK şəhərin ən görkəmli yerlərində çoxmərtəbəli yaşayış binaları üçün nəzərdə tutulmayan ərazilərdə də tikintilər aparıb.

Belə ki, “20 Yanvar” abidəsinin ətrafında salınmış park sonradan hansısa yollarla çoxmərtəbəli yaşayış binasi üçün ayrılıb və artıq burada binanın tikintisi yekunlaşmaq üzrədir. Bildirildiyinə görə binanın tikintisinə icazə almaq üçün MTK rəhbəri Famil (Veyis) Xəlilov nə az nə çox bir neçə çoxotaqlı mənzildən keçməli olub. Binanın bir mərtəbəsinin mənzillərini birləşdirərək Alimpaşa Məmmədova, 4 otaqlı bir mənzili rayonun baş memarı İlqar Quliyevə və hal-hazırda həbs olunan digər aidiyyatı şəxslərə rüşvət olaraq verib.

Bundan əlavə, Famil Xəlilov həmin parkın ərazisini almaq üçün Alimpaşa Məmmədova 1 milyon 300 min manat da pul veribmiş. Xəlilov bunu etiraf edib.

Alimpaşa Məmmədov şirkət rəhbəri F.Xəlilova rayonun İsrafil Məmmədov və ya 4-cü küçə adlandırılan ərazisində tikinti aparmağa da şərait yaradıb.

Belə ki, tikintisinə yalnız 6 mərtəbə olmaqla icazə verilən bina 9 mərtəbə olaraq tikilib. Maraqlıdır ki, binanın məhz 6 mərtəbəyə qədər icazə verilməsi həmin ərazidə hərbi hissənin yerləşməsi ilə bağlı olub.

Binanın tikintisi hərbi obyektlərlə bağlı normativi pozduğundan yolverilməz olsa da hansısa yollarla 9 mərtəbəli bina tikilib.

İşin maraqlı tərəfi budur ki, tikiniti üçün razılıq Şəmkir korpusundan da alınıb. Bu icazəni kimin verdiyi də araşdırılır.

Bu işdə adı keçən Famil Xəlilov kimdir və Alimpaşa Məmmədovla əlaqələri nə zaman yaranıb?

Xəlilov qardaşları zamanında Sankt-Peterburq şəhərində ticarətlə məşğul olublar. Onların MTN-nin həbs olunan vəzifəli şəxsləri ilə əməkdaşlıqları barədə də məlumatlar var. Hətta Famil Xəlilovun Akif Çovdarovu ətrafına doğmaca dayısı kimi təqdim edirmiş.

MTN-nin qanunsuz əməlləri, iş adamlarına təzyiqləri davam edən ərəfədə Famil Xəlilov bu münasibətlərdən yaxşı istifadə edə bilib və fəaliyyətini genişləndirib. Onun Alimpaşa Məmmədovla yaxın münasibətləri də həmin ərəfəyə təsadüf edir.

Xatırladaq ki, Famil Xəlilovun adı müğənni Şəbnəm Tovuzlunun MTN-ə aparılması qalmaqalında da hallanırdı. Məlum olmuşdu ki, iş adamı ilə Şəbnəm Tovuzlu arasında münasibət olub və sonra Famil Xəlilov qisas almaq üçün MTN-dəki əlaqələrindən istifadə edərək ona təzyiq göstərirmiş.
Tikdim ki, izim qala44 günlük Vətən müharibəsinin qazandırdığı elimizi, obamızı möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan tez -tez öz ailəsi ilə ziyarət edir, hər qarışını addım -addım gəzib diqqətdə saxlayır.

Bu günlərdə də həmin günlərdən biri yaşandı. Əziz, möhtərəm Prezidentimiz 26 aprel 2021 ci ildə "Ağıllı"kənd layihəsinin açılışını etmək üçün Zəngilana səfər etdi. Ənənəvi olaraq avtomobili özü idarə edən dövlət başçısı yol boyu təbiətin gözəlliyini sevinclə seyr edərək mənfur düşmənlərin torpaqlarımızda törətdikləri vəhşilikləri zamanla aradan qaldıracağına və xarabalığa çevrilən yurdların yenidən bərpasına,vdaha gözəl,vdaha ağıllı infrastrukturun yaradəcılığına söz verdi.

Qarabağ torpaqıarının yenidən canlanması üçün bütün qüvvələri səfərbər edən cənab Prezidentimiz özüvdə canidildən bu işdə iştirak edir.

İlk ağılı kənd lahiyəsinin təməli Zəngilan rayonunun Ağalı kəndində qoyuldu. 28 ildir öz dədə-baba torpaqlarından ayrı düşmüş kənd sakinləri də açılışda iştirak etdi. Onların üzlərindəki xoşbəxtlik görüntüsünü sözlərlə ifadə etmək mümkün deyildi. Bu xoşbəxtliyi onlara yaşadan Prezidentimiz İlham Əliyevi təkrar gəlişdə evinə dəvət edən kənd sakini, səmimiyyəti ilə insanın gözlərini yaşartdı.

Zəngilan məscidinin bərpası üçün Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın tapşırığı ilə əlaqədar aparılan işlərə nəzarət etmək və təməl qoymaq məqsədi ilə Prezidentimiz İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızları Leyla xanım Əliyeva qədim məscidi dağılmış olsa da həm ziyarət edib, həm də təməlinə daş qoyub suvaq çəkdilər.

Atalardan belə bir məsəl var "Tikdim ki,izim qala, tikmədim özüm qalam". Möhtərəm Prezidentimizin atdiğı bu addımlar da eyni kəlamı əks etdirir. Hər kənddə, hər qəsəbədə öz dəsti xəttini, öz izini yadigar qoyur. Bu isə ancaq xalqını sevən, dəyərli oğulun işi, əməli ola bilər.

Atadan oğula keçən bu bacarıq və xarakter Azərbaycan üçün bir nemətdir. Bu nemətin dəyərini bilmək isə biz vətəndaşların borcudur.

QARABAĞ BİZİMDİR, QARABAĞ AZƏRBAYCANDIR.!!!

Starə Hacıyeva

Gəncə İnsan Hüquqlarının Müdafiəsi və Ekologiyanın Qorunması Mərkəzinin sədri

DTX rəisi Əli Nağıyev Gürcüstanda rəsmi səfərdə olub27-28 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Qriqol Liluaşvilinin dəvəti ilə bu ölkədə rəsmi səfərdə olub.

Avrasiya.net DTX-ya istinadən xəbər verir ki, səfər çərçivəsində general-polkovnik Əli Nağıyev Ümummilli Lider Heydər Əliyevin Tbilisidə ucaldılmış abidəsini ziyarət etmiş, əziz xatirəsini dərin ehtiramla yad edərək abidəsi önünə əklil qoymuşdur. Sonra şəhərin Qəhrəmanlar meydanında Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olanların şərəfinə ucaldılmış abidə ziyarət olunmuş, önünə əklil qoyulmuşdur.

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Qriqol Liluaşvili ilə keçirilmiş görüşdə regionda möv­cud əməliyyat şəraiti və ona təsir göstərən amillər, beynəlxalq terrorçuluğa və transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizənin təkmilləşdirilməsi, təcrübə və səmərəli məlumat mübadiləsi sahəsində əməkdaşlığın daha da genişləndirilməsi, habelə dünyada ciddi siyasi-iqtisadi fəsadlara səbəb olmuş koronavirus pandemiyası ilə bağlı meydana çıxan yeni təhdid­lərə qarşı birgə mübarizənin effektivliyinin artırılması və təhlükəsizliklə bağlı digər aktual məsələlər müzakirə olunmuşdur.

Eyni zamanda, general-polkovnik Əli Nağıyev Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri ilə də görüşmüşdür. Tərəflər üçün əhəmiyyət kəsb edən məsələlərə dair fikir mübadiləsi aparılmış, bölgədə təhlükəsizliyin etibarlı təmin olunmasının, terrorçu və digər cinayətkar qruplara qarşı mübarizədə birgə səylərin artırılmasının vacibliyi qeyd edilmişdir. Tərəflər bundan sonra da hər iki ölkənin hüquq mühafizə orqanları arasında əməkdaşlığın yüksələn xətlə inkişaf edəcəyinə əminlik ifadə etmişlər.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyevin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Azərbaycanla Gürcüstan arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluğunu ifadə edən Baş nazir İrakli Qaribaşvili təhlükəsizlik sahəsində ölkələr arasında əlaqələrin davamlı inkişaf etdiyini və bu əməkdaşlığın bölgədə sülh və əmin-amanlığın bərqərar olmasına öz töhfəsini verdiyini vurğulamışdır.

İsti qarşılanmaya və yüksək qonaqpərvərliyə, həmçinin təhlükəsizlik sahəsində tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsi üzrə məsələlərin müzakirəsi üçün yaradılmış şəraitə görə minnətdarlığını bildirən Xidmət rəisi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını Gürcüstanın Baş nazirinə çatdırmışdır. General-polkovnik Əli Nağıyev ölkələr arasında olan mövcud münasibətlərin regional təhlükəsizliyin təmin olunmasına xidmət etdiyini qeyd edərək bundan sonra da müvafiq orqanların dövlətlərin milli təhlükəsizliyinə yönələn beynəlxalq təhdid və hədələrə qarşı birgə mübarizə istiqamətində daim sıx əməkdaşlıq edəcəyinə əminliyini bildirmişdir.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirmiş, onun da salamlarını Azərbaycan Prezidentinə çatdırmağı xahiş etmişdir.
Avropa Birliyi Yerevandan mina xəritələrini tələb etdi – BƏYANATAvropa Birliyi Ermənistanı mina xəritələrini Azərbaycana təqdim etməyə çağırıb.

Avrasiya.net xəbər verir ki, Birliyin bu gün yaydığı bəyanatda Azərbaycan və Ermənistandan mina xəritələri ilə bağlı əməkdaşlıq etmək istənilib.

Bundan başqa, rəsmi Brüssel tərəflərə düşmənçilik və təhqir dolu ritorikadan çəkinməyə, əsirlərlə bağlı hərtərəfli əməkdaşlıq etməyə çağırış edib.

Xatırladaq ki, Ermənistanın Qarabağda minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməsi nəticəsində bu günə qədər 20-dən artıq Azərbaycan vətəndaşı həlak olub, onlarla insan isə yaralanıb.

Daha bir fəhlə faciəvi şəkildə öldüAprelin 28-də saat 13 radələrində Abşeron rayonu ərazisində yerləşən asfalt-beton zavodunda 1973-cü il təvəllüdlü Mövludov Cəmşid Mövlud oğlunun yük avtomobilinin altında qalaraq ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Avrasiya.net-ə Abşeron Rayon Prokurorluğundan məlumat verilib.

Aparılmış araşdırmalarla Abşeron rayonunda yerləşən “14 saylı Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin asfalt-beton zavodunda fəhlə işləyən Cəmşid Mövludovun yükün boşaldılması zamanı yük avtomaşınının altında qalması nəticəsində almış olduğu xəsarətlərdən ölməsi müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunmuş və digər zəruri tədbirlər yerinə yetirilib.

Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.
Koronaya yoluxan məktəb direktoru vəfat etdiFüzuli rayon Böyük Bəhmənli kənd Ehtiram Piriyev adına 1 nömrəli tam orta məktəbin direktoru Məmməd Əliyev 54 yaşında vəfat edib.

Avrasiya.net xəbər verir ki, bu barədə Füzuli rayon Təhsil Şöbəsi məlumat yayıb.

Bildirilib ki, o, bir müddət əvvəl koronavirusa yoluxubmuş.

M.Əliyev müalicə aldığı İmişli Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

DTX məlumat yaydı: Başçının həbs əməliyyatı...Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmədovun həbs edilməsi ilə bağlı rəsmi məlumat yayıb.

Avrasiya.net xəbər verir ki, DTX-nın saytında yer alan məlumatda deyilir:

"Ölkədə həyata keçirilən sistemli islahatlara mane olan, dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, dövlət orqanlarının fəaliyyətinə kölgə salan korrupsiya və digər əlaqəli cinayət əməllərinə qarşı hüquqi mübarizə tədbirləri davam etdirilir.

Şəmkir Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri tərəfindən külli miqdarda dövlət əmlakının ələ keçirilməsi, vətəndaşların hüquqlarına zərər vurulması ilə bağlı qanunsuz əməllərə yol verilməsinə dair məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri həyata keçirilib.

Başlanılmış cinayət işi üzrə araşdırmalar zamanı Alimpaşa Adil oğlu Məmmədovun Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı kimi vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, Şəmkir rayonu Çinarlı bələdiyyəsi tərəfindən təsis edilmiş, mülkiyyətində 2 milyon 844 min manat dəyərində əmlakı olan Çinarlı Qəsəbə MMC-nin bütün paylarını oğlu Adilzadə Adil Alimpaşa oğlu və tabeçiliyində fəaliyyət göstərən digər şəxslərə məxsus Şəmkir Səbət Ticarət Mərkəzi MMC-yə cəmi 40 manata satılmasını, Şəmkir şəhər Bələdiyyəsi tərəfindən təsis edilmiş, mülkiyyətində 967 min manat dəyərində qida məhsulları istehsal zavodu olan Abad Şəmkir MMC-nin bütün paylarını oğlu Adil Adilzadəyə cəmi 180 manata satılmasını təmin edib xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Alimpaşa Məmmədovun Şəmkir rayon ərazisində abadlıq işlərinin görülməsi ilə bağlı Ağstafasutikinti MMC-nin hesabına köçürülmüş 218 min manat külli miqdarda pul vəsaitini nağdlaşdıraraq təkrar mənimsəmə yolu ilə ələ keçirməsinə, Şəmkir rayonu ərazisində dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına tikinti və abadlıq işləri, əsaslı və cari təmir, habelə yolların təmir edilməsi ilə bağlı işləri yerinə yetirən ayrı-ayrı şəxslərdən ümumilikdə 382 min manat, rayon ərazisində sahibkarlıq və yaşayış təyinatlı tikinti işlərinin aparılması ilə bağlı ayrı-ayrı vətəndaşlardan ümumilikdə 217 min manat vəsaiti tabeçiliyində olan şəxslər vasitəsi ilə rüşvət qismində istəyərək almasına əsaslı şübhələr müəyyən edilib.

Alimpaşa Məmmədovun həmçinin rayon icra hakimiyyəti başçısının ərazi icra nümayəndələri və digər yerli dövlət təsisatlarının vəzifəli şəxslərindən müxtəlif adlar altında 3 min - 10 min manat məbləğində pul vəsaitləri tələb edərək almasına dair əldə edilmiş məlumatlar üzrə araşdırma aparılır. Eləcə də, onun mənimsəmə və rüşvət alma yolu ilə pul vəsaitlərinin əldə edilməsinin həqiqi mənbəyini gizlətmək məqsədi ilə 832 min manat vəsaitin oğlu Adil Adilzadənin adına təsis etdiyi Az Forel MMC-nin Şəmkir rayonunda yerləşən balıqyetişdirmə və emalı müəssisəsinin tikintisinə və digər xərclərinə yönəltməklə cinayət yolu ilə əldə etdiyi külli miqdarda pul vəsaitlərini leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilmişdir.

Alimpaşa Məmmədovun xidməti və yaşayış yerlərinə baxış zamanı müxtəlif vəzifəli şəxslərdən, o cümlədən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin siyahıları, pul vəsaitləri, sənədlər, iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülüb.

Alimpaşa Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir".
Dövlət katibi Blinken Rusiyadan silah alanları sanksiyalarla hədələdiABŞ prezidenti Cozef Bayden Osmanlı imperiyasında baş verən hadisələr və “erməni genosidi” haqda danışarkən günahı Türkiyənin üzərinə qoymağa cəhd etməyib. Virtualaz.org xəbər verir ki, ABŞ dövlət katibi Entoni Blinken ötən gün xarici jurnalistlərlə online-görüşü zamanı belə deyib.

“Prezident qeyd edib ki, onun məqsədi qurbanların xatirəsini yad etməkdir, kimisə günahlandırmaq deyil. Və əlbətdə, bizim diqqət mərkəzimizdə Osmanlı imperiyasının son günlərində baş verən hadisələr idi”,-dövlət katibi bildirib.

Entoni Blinken qeyd edib ki, Vaşinqton Türkiyəni və dogər xarici müttəfiqlərini, tərəfdaşlarını Rusiyadan bundan sonra silah və hərbi texnika almaqdan çəkinməyə çağırıb. Xəbərdarlıq edib ki, belə sövdələşmələr Amerika sanksiyalarının təsiri altına düşə bilər.

“Mən çox ümid edirəm ki, S-400 kompleksləri ilə bağlı Vaşinqton və Ankara irəlidə yol tapa biləcəklər. Ancaq bu da çox mühümdür ki, Türkiyə və ABŞ-ın digər müttəfiqləri, tərəfdaşları Rusiyadan silahlar almaqdan çəkinsinlər, o cümlədən əlavə S-400 kompleksləri. Çünki bu sövdələşmələr Rusiyaya gəlir, təsir imkanları və həmin ölkələrə çıxış imkanları verir. İstənilən halda Rusiyanın hərbi sənaye təşkilatları ilə istənilən əhəmiyyətli tranzaksiyalar ABŞ-ın CAATSA qanununun təsiri altına düşə bilər”,-Entoni Blinken deyib.

Virtualaz.org