Azərbaycan 3 hərbçinin meyitini ermənilərə qaytardıErməni axtarış qrupları Hadrut ərazisində bu gün 2 erməni hərbçisinin meyitini tapıblar.

Axar.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat verib.

Məlumata görə, bu gün Azərbaycan tərəfi Ağdərə istiqamətində daha 3 erməni hərbçisinin meyitini qarşı tərəfə verib.

Bununla da 14 noyabr 2020-ci ildən indiyədək aparılan axtarışlar nəticəsində tapılan erməni əsgər meyitlərinin sayı 1551 olub.

Axtarışlar Azərbaycan Ordusunun icazəsi ilə aparılır.

Vəhdət Partiyasın namizədinin MSK-da təmsil olunması hüquqi və mənəvi məsələdirMərkəzi Seçki Komissiyasının indiki tərkibinin fəaliyyət müddətinin yekunlaşması səbəbi ilə seçki komissiyalarının yenidən formalaşmasına başlanılıb. Artıq başda Yeni Azərbaycan Partiyası (YAP) olmaqla bir neçə partiya və bitərəflərin namizədləri məlum olub.Bu barədə saytımıza danışan Vəhdət Partiyası sədrinin müavini Vasif Əfəndiyev aşağıdakılar bildirdi:

“Mərkəzi Seçki Komissiyasının yeni tərkibinin formalaşması başa çatmaq üzrədir.Yeni Azərbaycan Partiyası başda olmaqla bir neçə partiya və bitərəflərin namizədləri artıq müəyyən olunub. Hazırda müzakirələr azlıqda qalan 5 partiyanın arasında gedir. Bunlar Vəhdət,VBP, Marifçilik, Real və Milli Cəbhə partiyalarıdır”.

Vasif Əfəndiyev Vəhdət Partiyasının namizədinin Mərkəzi Seçki Komisiyasında təmsilçiliyinin təsdiqlənməsi hüquqi və mənəvi məsələ olduğunu xüsysi vurğulayaraq, bu məsələdə iddialarının təmin olunacağının güman etdiyini bildirdi.

O, bildirdi ki, partiyalarının son iki seçkidə parlamentdə təmsil olunmaqla yanaşı aktiv şəkildə dairə və mənətəqə seçki komissiyalarının formalaşmasında iştirak edib və kifayət qədər seçki təcrübəsi toplayıb.Azlıqda qalan partiyalardan Real və Milli Cəbhə partiyaları seçkilərdən sonra rəsmi qeydiyyatdan keçdikdən sonra parlament partiyası statusunu alıb.

Rüşvət alan daha bir həkim tutulduSabirabad rayonu, Suqovuşan kənd sakininin koronavirus infeksiyasına (COVID-19) yoluxmaqla stasionar şəraitdə müalicəyə ehtiyacı olan qohumunun Rayon Mərkəzi Xəstəxanasının Fazil adlı həkimi tərəfindən xəstəxanaya yerləşdirilməsi müqabilində 1000 ABŞ dolları məbləğində pul alması barədə Sabirabad Rayon Prokurorluğuna müraciəti daxil olub.

Bu barədə Avrasiya.net-ə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Aparılan araşdırmalarla müəyyən edilib ki, Sabirabad Rayon Mərkəzi Xəstəxanasının İnfeksion şöbəsinin müdiri, koronavirus xəstələrinin müayinə və müalicələri üzrə koordinator həkim Fazil Məhərrəm oğlu Əliyev koronavirus infeksiyasına (COVID-19) yoluxan şəxsin qohumundan qeyd edilən xəstəxanaya yerləşdirilərək müalicə olunması üçün 1000 ABŞ dolları məbləğində pul vəsaitini rüşvət qismində alıb, sonradan isə həmin xəstə müalicə olunduğu xəstəxanada vəfat edib.

Toplanan material üzrə fakta görə Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb, Fazil Əliyev 23 aprel 2021-ci il tarixdə həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Səhiyyə nazirinin səlahiyyətləri bu şəxsə həvalə olunduTeymur Yusif oğlu Musayev Azərbaycan Respublikası səhiyyə nazirinin birinci müavini təyin edilib.

Avrasiya.net xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Prezidentin imzaladığı digər sərəncamla Azərbaycan Respublikası səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti səhiyyə nazirinin birinci müavini Teymur Yusif oğlu Musayevə verilib.

Teymur Musayev bu təyinatadək Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri vəzifəsində çalışıb.


Qeyd edək ki, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla Səhiyyə Nazirliyi haqqında Əsasnaməyə dəyişiklik edilib.

Bu dəyişiklik nəticəsində səhiyyə nazirinin birinci müavini vəzifəsi təsis edilib.

Dəyişiklikdən sonra səhiyyə nazirinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən birinci müavini və dörd müavini olub.
YAP Mirələmovu bütün vəzifələrindən qovdu
15:03

Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iclası başlayıb.

Avrasiya.net Report-a istinadla xəbər verir ki, toplantının gündəliyinə 2 məsələ daxil edilib.

İclasda Milli Məclisdə çoxluq təşkil edən YAP-ın Mərkəzi Seçki Komissiyası (MSK) üzvlüyünə namizədləri müəyyənləşdiriləcək və YAP-ın Xətai rayon təşkilatının sədri, YAP Veteranlar Şurasının üzvü Hüseynbala Mirələmovun sosial şəbəkələrdə yayılan videogörüntüdə qeyri-etik hərəkətlərinə qiymət veriləcək.

***

Milli Məclisin sabiq deputatı Hüseynbala Mirələmov Yeni Azərbaycan Partiyasının (YAP) üzvlüyündən xaric edilib.

Bununla bağlı YAP İdarə Heyətinin bu gün keçirilən iclasında qərar qəbul edilib.

O, həmçinin YAP-ın Xətai rayon təşkilatının sədri vəzifəsində azad edilib və YAP Veteranlar Şurasının üzvlüyündən də çıxarılıb.

Qeyd edək ki, aprelin 21-də sabiq deputat H.Mirələmovun sosial şəbəkələrdə qeyri-etik hərəkətlərinin olduğu videosu yayılıb. Həmin görüntülərin ADNSU-nun Elmi Şurasının onlayn iclası zamanı çəkildiyi bildirilir. Görüntülər yayıldıqdan sonra H.Mirələmov ADNSU-da kafedra müdiri vəzifəsindən azad edilib.
MSK üzvlüyünə namizədlər təsdiqləndi - SiyahıBu gün Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iclası keçirilib.

Avrasiya.net xəbər verir ki, iclasda Milli Məclisdə deputatları çoxluq təşkil edən YAP-ın Mərkəzi Seçki Komissiyası (MSK) üzvlüyünə namizədləri müəyyənləşib.

Həmin şəxslərin adlarını təqdim edirik:

Məzahir Pənahov

Rövzət Qasımov

Hüseyn Paşayev

Şaitdin Əliyev

Ramiz İbrahimov

Validə Kazımova

Sürəddin Hümmətov - ehtiyat üzv

Qeyd edək ki, bu ay MSK üzvlərinin səlahiyyət müddəti bitdiyindən Komissiya yenidən formalaşdırılır. Komissiya ənənəvi qaydada 18 nəfərdən ibarət olacaq. Həmin şəxslərdən 6 nəfəri hakim Yeni Azərbaycan Partiyasını (YAP), 6 nəfər bitərəf deputatları, 6 nəfər isə parlamentdə azlıqda olan partiyaları təmsil edəcək.

Məsələ gələn həftə - aprelin 27-də Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

Uşaqların dini etiqada məcbur edilməsi qadağan olunurUşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağan edilir.

Avrasiya.net xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Dini etiqad azadlığı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, uşaqların dini tərbiyəsi onların fiziki və psixi sağlamlığına təsir göstərməməlidir.

Bu qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, kütləvi dini ibadət, ayin və mərasimlərin icrası zamanı dini təlimin əsaslarının işıqlandırılması yalnız qanunla müəyyən edilmiş qaydada təyin olunmuş din xadimləri tərəfindən həyata keçirilə bilər.

Dini ekstremizmin təbliğinə, həmçinin siyasi məqsədlər üçün dinlərarası fərqlərin istifadəsinə yönəldilmiş fəaliyyət qadağandır.

Qanun layihəsi səsə qoyularaq I oxunuşda qəbul edilib.