Cəlilabadda vəzifəli şəxslər müğənnini qətlə yetirdiBir neçə gün öncə itkin düşən Cəlilabad rayon sakini Əflatun Abdullayevin qətlə yetirilməsinin bəzi təfərrüatı məlum olub.

Qətl hadisəsi rayonun iki kəndinin icra nümayəndələri tərəfindən törədilib.

Belə ki, rayonun Seyidbazar kənd icra nümayəndəsi Feyzulla İsmayilov və Təklə kənd icra nümayəndəsi Famil Mahmudovun Fərzili kənd sakini Əflatun Abdullayevə pul borcları olub.

Amma pulu ödəyə bilməyəcəklərini düşünən icra nümayəndələri qabaqcadan əlbir olaraq Əflatun Abdullayevi öldürmək qərarına gəliblər. Hər iki vəzifəli şəxs əvvəlcə rayon ərazisində Ə.Abdullayevlə görüşüblər. Bu zaman onların arasında mübahisə yaranıb və mübahisə daha sonra əlbəyaxa davaya çevrilib. Daha sonra F.İsmayılov və F.Mahmudov Ə.Abdullayevi öldürüblər və onun meyitini Sabirabad rayonuna gətirərək burada su kanalına atıblar.

Onlar Ə.Abdullayevə məxsus minik avtomobilini isə Salyan rayonu ərazisində saxlayaraq qaçıblar.

Hazırda hadisəni törətməkdə şübhəli bilinən F.İsmayılov və F.Mahmudov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xatırladaq ki, əvvəllər müğənnilik edən Ə.Abdullayev sələmə pul verməklə məşğul olub (report).
Mariya Stadnik 8 qat Avropa çempionu olduAzərbaycanın qadın güləşçisi Mariya Stadnik Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında final görüşünə çıxıb.

Avrasiya.net xəbər verir ki, 50 kq çəki dərəcəsində mübarizə aparan 2 qat dünya və 7 qat Avropa çempionu qızıl medal uğrunda bolqarıstanlı Miqlena Selişka ilə qarşılaşıb.

Rəqibinə 7:2 hesabı ilə qalib gələn Stadnik 8-ci dəfə Avropa çempionu titulunu qazanıb.

Bu gün həmçinin Səbirə Əliyeva (76 kq) bürünc medal uğrunda Yuliya Leorda (Moldova) ilə qüvvəsini sınayacaq.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Turan Bayramov (70 kq) gümüş, Əfqan Xaşalov (57 kq) , Əli Rəhimzadə (65 kq) və Osman Nurməhəmmədov (92 kq) isə bürünc medal qazanıb.
Mirələmovun videosunu tələbələrdən biri çəkib - İddiaYAP-ın Xətai rayon təşkilatının sədri, sabiq deputat, yazıçı, professor Hüseynbala Mirələmovun biabırçı görüntülərinin yayılması hiddətlə qarşılanıb. Sosial şəbəkə iştirakçıları keçmiş deputat H.Mirələmovun əxlaqdankənar hərəkətlətinə təkcə siyasi deyil, həm də hüquqi baxımdan qiymət verilməsini tələb edirlər.

Yenisabah.az ölkə gündəmini zəbt edən bu hadisəylə bağlı ilginc faktlar əldə edib. Hakim partiyanın adının çəkilməsini istəməyən funksionerlərindən biri saytımıza açıqlamasında Mirələmovun biabırçı görüntülərinin YAP-ın Xətai təşkilatının qərargahında çəkildiyini deyib. Onun sözlərinə görə, hadisə baş verən vaxt H.Mirələmov qərargahdakı kabinetində Azərbaycan Dövlət Neft Akademiyasının tələbələrinə onlayn dərs keçirmiş. Otağa daxil olan YAP-çı xanıma qarşı etdiyi əxlaqsız hərəkət də məhz onlayn dərsdə iştirak edən tələbələrin biri tərəfindən görüntülənib.

Mənbə deyib ki, H.Mirələmovun YAP-ın Xətai təşkilatının üzvü olan daha iki xanımla “isti” münasibəti var. Onlar istədikləri vaxt sədrin kabinetinə daxil olur, hətta onun kompüterində müxtəlif oyunlar oynayırlar...
YAP-ın MSK üzvlüyünə namizədləri - SiyahıMilli Məclisdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Komissiyası (MSK) üzvlüyünə namizədləri müəyyənləşib.

Avrasiya.net Report-a istinadən siyahını təqdim edir:

Məzahir Pənahov
Rövzət Qasımov
Hüseyn Paşayev
Şaitdin Əliyev
Ramiz İbrahimov

Xatırladaq ki, sabah YAP-ın İdarə Heyətinin iclasında partiyanın MSK üzvlüyünə namizədlərin təqdim edilməsi məsələsinə baxılacaq.

Qeyd edək ki, bu ay MSK üzvlərinin səlahiyyət müddəti bitdiyindən Komissiya yenidən formalaşdırılır. Komissiya ənənəvi qaydada 18 nəfərdən ibarət olacaq. Həmin şəxslərdən 6 nəfəri hakim Yeni Azərbaycan Partiyasını (YAP), 6 nəfər bitərəf deputatları, 6 nəfər isə parlamentdə azlıqda olan partiyaları təmsil edəcək.

Məsələ gələn həftə Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.
Prezident Palçıq Vulkanları Turizm Kompleksinin təməlini qoyduAprelin 22-də Abşeron rayonunun Qobustan kəndinin ərazisində Palçıq Vulkanları Turizm Kompleksinin təməli qoyulub.

Avrasiya.net xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

Palçıq Vulkanları Turizm Kompleksi Bakıdan 59 kilometr cənub-qərbdə, Qobustan qəsəbəsindən təxminən 17 kilometr şimal-qərbdə, Şamaxı istiqamətinə gedən əsas yolun üstündə dəniz səviyyəsindən 235 metr hündürlükdə yerləşən ərazidə yaradılacaq. Bura “Qılınc” palçıq vulkanlarının ərazisi kimi tanınır. Bu yerin turizm imkanları qiymətləndirildikdən sonra burada turizm kompleksinin yaradılması qərara alınıb. Beləliklə, “Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində növbəti turizm infrastrukturunun yaradılması layihəsi icra olunur.

Qeyd edək ki, Azərbaycan dünyada palçıq vulkanlarının nadir və klassik inkişaf regionu kimi tanınır. Yer kürəsindəki məlum 1700-dək palçıq vulkanından 700-ü ölkəmizdə - əsasən Abşeron yarımadası, Şamaxı-Qobustan, Cənub-Şərqi Şirvan və Bakı arxipelaqındadır. Onlardan 350-si aktiv vulkandır.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev dövlətimizin başçısına və birinci xanıma kompleks barədə məlumat verdi.

Prezident İlham Əliyev: Buraya gələn qonaq, turist nə görəcək?

Fuad Nağıyev: Konsepsiya ondan ibarətdir ki, kompleksin binası yuxarıdan krater kimi görünəcək. Eyni zamanda, burada emalatxana da fəaliyyət göstərəcək. Uşaqlar üçün dərslər keçəcəyik. Sərgi zalı və kafe də olacaq.

“Qılınc” palçıq vulkanlarının yerləşdiyi ərazidə turizm kompleksinin yaradılmasının bir sıra üstünlükləri vardır. Yaxınlıqda yerləşən və dünyanın ən böyük vulkanlarından olan “Torağay”a və digər vulkanlara mənzərənin açılması, burada turistlərə gəzinti üçün əlverişli şərait yaradan 3 müxtəlif vulkan qrupunun olması, Qobustan qoruğunun yaxınlığında yerləşməsi kimi amillər buranın turistik önəmini daha da artırır.

Dövlətimizin başçısı Palçıq Vulkanları Turizm Kompleksinin təməlini qoydu.

Sahəsi 12 hektar olan kompleksdə kvadrotsikl ərazisi, piyada yürüş yolları, zipline və baxış qülləsi, avtodayanacaq, suvenir dükanı, eləcə də müalicəvi vannalar nəzərdə tutulur.

Əraziyə gedən yol infrastrukturunun qurulması üçün Qobustan qoruğundan “Qılınc” və ətraf ərazilərdəki vulkanlara gediş-gəlişi təmin edəcək, eləcə də Bakı-Qobustan-Palçıq vulkanları turizm klasterinin yaranması ilə nəticələnəcək 20 kilometrlik yolun çəkilişi planlaşdırılır.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva vulkanların yerləşdiyi ərazini gəzdilər.
Sabah YAP-ın İdarə Heyətində  Mirələmovun məsələsinə baxılacaqYeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü, partiyanın Xətai rayon təşkilatının sədri, sabiq deputat Hüseynbala Mirələmovun ötən gün sosial şəbəkələrdə yayılmış videogörüntülərdə yol verdiyi qeyri-etik hərəkət cəmiyyətdə ciddi müzakirələrə səbəb olub.

Yeni Azərbaycan Partiyasından bildirilib ki, Hüseynbala Mirələmovun bu hərəkətləri təmsil olunduğu siyasi partiya nümayəndələri tərəfindən də şiddətlə qınanılıb.

YAP-ın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayevin sözlərinə görə, məsələ partiyanın İdarə Heyətinin aprelin 23-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.
Mirələmov əxlaqsız hərəkətinə görə qovulur - RəsmiÖtən gün sosial şəbəkələrdə Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmovun biabırçı görüntüləri yayılıb.

Məsələ ilə bağlı YAP-ın Mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev Unikal.org-a açıqlamasında Hüseynbala Mirələmovun bu əməli ilə bağlı YAP-dan münasibət bildiriləcəyini deyib:

"Mən hansı qərarın qəbul ediləcəyi barədə xəbər verə bilmərəm. Hər halda bu, Azərbaycan ziyalısı, cəmiyyətdə sayılıb-seçilən bir insan və keçmiş millət vəkili üçün xoşagəlməz və yolverilməz bir hadisədir.

Bu, cəmiyyət və eyni zamanda YAP tərəfindən kəskin surətdə qınanılır".

Redaksiyaya daxil olan məlumata görə, H.Mirələmovun YAP Xətai rayon təşkilatının sədri vəzifəsindən çıxarılacağı və ümumiyyətlə, partiyadan uzaqlaşdırılacağı gözlənilir.

***

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin sabah keçiriləcək iclasında Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü, partiyanın Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmovun məsələsinə baxılacaq.

Bu barədə partiyadan məlumat verilib.
Yazıçı-jurnalist Vüsal Tağıbəylinin “Türkmənlər” adlı kitabı çap olunubYazıçı-jurnalist Vüsal Tağıbəyli daha bir əsəri – “Türkmənlər” adlı siyasi romanı ilə oxucularının görüşünə gəlir.

Mürəkkəb hərbi-siyasi vəziyyətin hökm sürdüyü vaxtlarda bir neçə dəfə İraqa səfər edən müəllif, bu ölkədə görüb-eşitdiklərini, şahidi olduğu maraqlı hadisələri, həmsöhbət olduğu, bir-birindən maraqlı adamlarla görüşlərini, gözqamaşdıran qədim tarixi məkanları-abidələrin, dəhşətli müharibənin miras buraxdığı xarabalıqların, daşı-daş üstə qalanmış şəhər və kəndlərin qanlı xatirələrini qələmə alaraq bədiləşdirib.

“Türkmənlər” əsərinin əsas motivini İraqın üçüncü böyük xalqı olan türkmənlər təşkil edir. Qədim türk millətinin bir qolu olan türkmənlərin İraqda yaşayışından, xüsusilə də yığcam məskunlaşdıqları Türkməneli torpaqlarında, məhz türk olduqları üçün onillər boyunca başlarına açılan müsibətlərdən söz açan yazıçı, bu gün onların qədim türkmən şəhəri olan Kərkükdə azlığa çevrildiyini ürək ağrısı ilə qeyd edir. Son onillikdə İŞİD terrorçularının zəbt edərək xarabaya çevirdiyi Təlafər, Mosul, Tuz Xurmatu, Təzə Xurmatu, Bəşir və sair kimi türkmən şəhər və qəsəbələrindən aldığı acınacaqlı təəssüratları oxucuları ilə bölüşən yazıçı qeyd edir ki, çox təəssüf, türkmən xalqı özünün qan yaddaşı olan Kərkük qalasına mavi, aylı-ulduzlu bayrağını sancmaq imkanından məhrum edilib. Səddam Hüseyn dönəmində ərəbləşdirilməsinə start verilən Kərkük və digər türkmən yaşayış məntəqələrini, son iyirmi ildir birtərəfli qaydada kürdləşdirməyə çalışırlar. Amma nə yaxşı ki, öz torpaqlarında özgəyə çevrilmiş qəhrəman türkmən xalqının cəsur, mübariz övladları var, onlar bütün çətinliklərə, vaxtaşırı məruz qaldıqları təqib və təhdidlərə, hətta açıq silahlı hücumlara rəğmən, xalqın milli haqları uğrunda gecə-gündüz çalışırlar. Müəllif öz kitabında müasir türkmən siyasi fikir məktəbinin banisi, milli lider Riyaz Sarıkahyanın türkmən xalqı üçün əvəzsiz əhəmiyyətindən söz açır, onun ictimai fəaliyyətini müxtəlif obrazların görüşlərində canlandırır.
İki qızın öldüyü hostel kimə məxsusdur?Bir neçə gün əvvəl Bakının Səbail rayonunda yerləşən İST hostelin hamam otağında iki qadının müəmmalı ölümü barədə mediada məlumatlar yayılsa da, hadisənin detalları barədə ictimaiyyətə geniş məlumat verilmədi.

Avrasiya.net Hit.az-a istinadən xəbər verir ki, hadisə zamanı Ləman Əhməd qızı Dadaşova və onun rəfiqəsi dəm qazından boğularaq ölüb. Məlumatlarda qeyd edilirdi ki, hər iki şəxs Tiktok və İnstaqram sosial şəbəkələrində məşhur şəxs olublar.

İki xanımın müəmmalı şəkildə öldüyü hostelin kimə məxsus olduğu ictimaiyyətin marağındadır. İddialara görə, İST hostel və İST Petrol yanacaqdoldurma məntəqələrinin sahibləri eyni şəxslərdir.

Bildirilir ki, İST şirkəti təsisçilərin baş hərflərinin adlarının – İlqar, Seymur, Teymurun baş hərflərinin adlarına uyğun olaraq İST adlandırılıb.

Araşdırmalarımız zamanı bəlli olub ki, əslən Ağstafadan olan Seymur və Teymur Şabayevlər qardaşdılar. İlqar haqqında isə hər hansı bilgi yoxdur. İnternet resursları Şabayevlər barədə neqativ materiallarla zəngindir.

24.saat.org saytı isə yazır ki, baş verən hadisə kifayət qədər müəmmalıdır. “Belə ki, İST hostelin sahiblərinin kriminal aləmə yaxın şəxslər olması bildirilir ki, bu da hadisənin “hosteldə dəm qazından boğulma olmasına" əsaslı şübhə yaradır”, - sayt yazır.
Xızıda Rayon Ağsaqqallar Şurasının iclası keçirilibÖlkədə tətbiq edilən xüsusi karantin rejiminin qaydalarına riayət olunmaqla Xızı Rayon Ağsaqqallar Şurasının məhdud tərkibdə iclası keçirilib. Tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanov, Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov, Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Əzizov, o cümlədən rayon ağsaqqalları və ziyalıları iştirak ediblər.

Avrasiya.net xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.

İclasda Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının, habelə ötən dövr ərzində dünyasını dəyişən ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov çıxış edərək, Azərbaycanın hər bir bölgəsində olduğu kimi, Xızıda da ağsaqqallara böyük dəyər verilməsindən, onların da öz növbələrində rayonun ictimai-mədəni həyatında əhəmiyyətli rol oynamalarından bəhs edib. Qeyd olunub ki, gənclərimizin dövlətə, dövlətçiliyə və xalqa sədaqət, o cümlədən milli-mənəvi dəyərlərə hörmət və vətənpərvərlik ruhunda, sağlam təməl üzərində yetişdirilməsi işində ağsaqqallara həmişə böyük ehtiyac duyulub.

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanov çıxış edərək bildirib ki, tariximizin şanlı səhifəsinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun qazandığı parlaq Qələbə ağsaqqallarda da böyük ruh yüksəkliyi, tükənməz fəaliyyət əzmi yaradıb. Qeyd edilib ki, gənc nəslin tərbiyəsi istiqamətində Prezident İlham Əliyevin siyasi, iqtisadi, hərbi və mənəvi istiqamətlərdə apardığı məqsədyönlü siyasətin və bu siyasəti hər zaman dəstəkləyən xalqımızın, o cümlədən ağsaqqalların səyi nəticəsində yetişən gənclərimiz öz canlarını qurban verərək torpaqlarımızı azad etdilər. Vətənpərvər gənclərimizin bu qəhrəmanlıq salnaməsi bütün dünya xalqlarının gəncləri üçün bir örnəyə çevrildi. Artıq azad olunmuş həmin torpaqlarımızda aparılan quruculuq işlərindən bəhs edən Tahir Süleymanov əminliyini bildirib ki, tezliklə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fədakar əməyi və tükənməz səyləri nəticəsində Azərbaycanın bu dilbər guşəsi yenidən öz gözəlliyinə qovuşacaqdır. Respublika Ağsaqqallar Şurası da böyük ruh yüksəkliyi ilə həmin bölgələrdə öz fəaliyyətini bərpa edəcək. Tahir Süleymanov onu da vurğulayıb ki, hazırda Azərbaycan Ağsaqqallar Şurasının fəaliyyətində ciddi fəallıq müşahidə olunur. Şurada təşkilati və digər vacib məsələlər öz həllini tapmaqdadır. Əminik ki, bu fəaliyyət aktivliyi bütün şəhər və rayonlarımızda, o cümlədən Xızıda da özünü göstərəcəkdir.

Sonra iclasda təşkilati məsələlər müzakirə olunub. Xızı Rayon Ağsaqqallar Şurasının yeni Əsasnaməsi açıq səsvermə yolu ilə qəbul edilib.

Həmçinin Rayon Ağsaqqallar Şurasının sədri, o cümlədən İdarə Heyətinin və Təftiş Komissiyasının üzvləri seçiliblər. Xızı Rayon Ağsaqqallar Şurasının sədri seçilmış Arif Qazi oğlu Nağıyev və yeni üzvlər onlara göstərilmiş yüksək etimada görə tədbir iştirakçılarına öz minnətdarlıqlarını bildirərək, bu etimadı doğrultmaq üçün əllərindən gələni əsirgəməyəcəklərinə söz veriblər.

Sonda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanov, Xızı Rayon İcra Hakimiyyətinin başcısı Xəzər Aslanov və digər natiqlər Xızı Rayon Ağsaqqallar Şurasının yeni seçilmiş sədrini və heyətini təbrik edərək, gələcək fəaliyyətlərində təşkilat üzvlərinə uğurlar arzulayıblar.