İranda daha 174 nəfər koronavirusdan öldüİranda ötən sutka ərzində 17 430 nəfər koronavirusa (COVID-19) yoluxub.

Avrasiya.net-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusa yoluxanların sayı 1 963 394 nəfərə çatıb. Virus daşıyıcılarından 4 138 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 174 nəfər koronavirusdan ölüb. Beləliklə İranda bu virusdan ölənlərin sayı 63 506 nəfərə yüksəlib.

İranda indiyədək 1 667 079 nəfər koronavirusdan sağalıb, 13,2 milyondan çox diaqnoz testi həyata keçirilib.
"Deputat olaraq biznesimi kiməsə bağışlamalıydım?"Bəzi KİV-lərdə “Kapital Bank”ın deputat İqbal Məmmədov və qardaşı Çingiz Məmmədovu borc müqaviləsi üzrə mübahisəyə görə məhkəməyə verməsilə bağlı məlumat yayılıb. Bildirilir ki, iddia Bakı Kommersiya Məhkəməsinin hakimi Leyla Əliyevanın icraatındadır.

Məsələ ilə bağlı “Kapital Bank”dan Modern.az-a bildirilib ki, iş hazırda məhkəmədə olduğundan, hər hansı açıqlama vermək istəmirlər.

Deputat İqbal Məmmədov isə Modern.az-a danışarkən iddiaları yalanlayıb. O bildirib ki, heç bir banka kredit borcu yoxdur:

“Məsələnin mənə heç bir aidiyyatı yoxdur. Nə “Kapital Bank” məni məhkəməyə verib, nə də bunun üçün əsas var. Çünki mən Məmmədov İqbal Nəriman oğlu indiyədək nəinki “Kapital Bank”, ümumiyyətlə heç bir bankdan kredit götürməmişəm. Çingiz Məmmədov mənim qardaşımdır. Ola bilər məsələ onunla bağlıdır, amma bunu mənim adıma yazmaqda məqsəd nədir?! Bunu yazanlar Azərbaycanda jurnalistikaya aidiyyatı olmayan, hansısa məqsədlər üçün bu sahəyə gələnlərdir. Məqsədlərinə çatmayanda da bu üsullara əl atırlar”.

İ.Məmmədov deyib ki, 2010-cu ilə qədər kommersiya, bizneslə məşğul olub:

“Lerikdə 600 iş yeri yaratmışam. İndi belə çıxır ki, deputat olaraq biznesimi kiməsə bağışlamalıydım? Mən deputat kimi bizneslə məşğul ola bilmərəm. Ona görə də bütün biznesimi qohumlarıma transfer etmişəm. Biznesdə kredit də götürülə bilər, borc da verilə bilər. Bunu hardasa “filankəs kredit götürüb, yaxud borc müqaviləsi bağlayıb” kimi yazmağı, xəbərə çevirməyi anlamıram. Ya gərək məmur biznesi ola, rüşvət ola və aparıb harasa investisiya qoyasan ya da bankdan kredit götürəsən. Axı bankdan kredit götürmək qanunsuz bir şey deyil. Dediyim kimi, 2010-cu ildən bu yana ümumiyyətlə, proseslərin mənə aidiyyatı yoxdur”.

İqbal Məmmədov dördüncü və beşinci çağırış Milli Məclisin deputatı olub. O, 2020-ci il fevralın 9-da 6-cı çağırış Milli Məclisə keçirilən növbədənkənar parlament seçkilərində də mandatını qoruya bilib.

İqbal Məmmədov həm də "Kaspi Yıldız" şirkətinin, Lerikdə yerləşən "Relax" istirahət mərkəzinin, “Lerik Broyler” MMC-nin qeyri-rəsmi sahibi kimi tanınır.

Jurnalistlərin vaksinasiyası ilə bağlı tapşırıq verildiAzərbaycan Mətbuat Şurasının “COVID-19” xəstəliyi əleyhinə vaksinasiyanın aparılması ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə ünvanladığı müraciət aidiyyatı üzrə Azərbaycan Respublikasını İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində baxılıb.

Mətbuat Şurasından Avrasiya.net-ə verilən məlumata görə, bununla bağlı agentlikdən Şuraya daxil olan məktubda bildirilir ki, jurnalistlərin vaksinasiya olunması ilə əlaqədar müvafiq tapşırıq verilib. Məktubda həmçinin vaksinasiya olunacaq jurnalistlərin siyahısının “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsə (TƏBİB) təqdim edilməsinin vacibliyi vurğulanıb.

Mətbuat Şurası bununla əlaqədar olaraq KİV redaksiyalarından yaşı 18-dən yuxarı olan və vaksinasiyadan keçməyən əməkdaşlarının siyahısını Şuraya ünvanlamağı xahiş edir. Siyahı redaksiyanın rəsmi blankında olmalı və möhürlə təsdiqlənməlidir. Orada vaksinasiya olunacaq jurnalistlərlə bağlı aşağıdakılar yer almalıdır:

1. Adı, soyadı, atasının adı;
2. Doğum tarixi;
3. Şəxsiyyət vəsiqəsinin rekvizitləri (seriya və nömrə və ya fin kod);
4. Əlaqə vasitələri (şəhər telefonu və mobil telefon).

Siyahı şəxsən də, Mətbuat Şurasının [email protected][email protected] elektron poçt ünvanlarına da (PDF faylda skan olunmuş formada) göndərilə bilər.

Mətbuat Şurasından əlaqələndirici şəxs Əvəz Rüstəmov: (012) 441 35 30; (050) 206 96 02

Qeyd edək ki, Azərbaycan Mətbuat Şurası KİV redaksiyaları tərəfindən daxil olmuş siyahıları ümumiləşdirib TƏBİB-ə təqdim edəcəkdir. Bundan sonrakı prosedur da tərəfimizdən diqqətdə saxlanılacaq.

Mətbuat Şurası KİV rəhbərlərinə müraciət edərək onları əməkdaşlarının vaksinasiya olunması prosesinə həssas yanaşmağa, bununla bağlı nəzərdə tutulan proseduru mümkün qədər tez bir zamanda icra etməyə çağırır.
"Əmanətçinin qorunan dividend faizini də nəzərə alması çox vacibdir”“Əmanətlərin sığortalanması haqqında” qanun yeni dəyişikliklərlə qüvvəyə minir. Belə ki, bu gündən fiziki şəxslərin bankda olan 100 min manatadək olan əmanətləri sığortalanacaq, milli valyutada olan əmanətlər üzrə qorunan dividend faiz dərəcəsi 12, xarici valyutada isə 2.5 faizdir.

Deputat Vüqar Bayramov bildirib ki, əmanətçinin bankda olan depozitinin məbləği 100 min manatdan azdırsa, o vəsait tam olaraq sığortalanmış sayılır:

“Bank müflis olan zaman isə həmin depozit tam olaraq ödənilir. Bu zaman sığortalanan faiz dərəcələri də nəzərə alınır.
Bu baxımdan, əgər vətəndaşın pulu 100 min manatdan çoxdursa, o zaman depoziti bölərək ailə üzvlərinin adına yerləşdirməsi və ya bir neçə bankda yerləşdirməsi məqsədəuyğun olar. Digər tərəfdən isə, yüksək dividend faizinə aldanıb depozit yerləşdirmək də riskli hesab olunur. Belə ki, əgər məbləğ 100 min manatdan az olsa belə, dividend faizi 12 faizdən çoxdursa, məsələn 13 faizdirsə, o zaman həmin əmanət qorunmayan hesab olunur. Bank müflis olan zaman həmin vəsait qorunan əmanət kimi geri qaytarılmır. Bu baxımdan, əmanətçinin qorunan dividend faizini də nəzərə alması çox vacibdir”.


Deputat qeyd edib ki, ölkədə fəaliyyətdə olan banklarda əmanət sahiblərinin 99,8 faizinin depozitləri 100 min manata qədərdir.
Hacıbala Abutalıbov HƏBS OLUNA BİLƏRBakı Şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri Rasim Quliyev həbs edilib. O, Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bəs fəaliyyəti dövründə Rasim Quliyevə tapşırıqlar verən Bakı şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov da məsuliyyətə cəlb oluna bilərmi?

Modern.az-ın bu sorğusunu Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə cavablandırıb.
Ç.Qənizadə hər kəsin öz əməlinə görə məsuliyyət daşıdığını qeyd edib:

“Hər kəs öz əməlinə görə məsuliyyət daşıyır. Əgər istintaq zamanı məlum olsa ki, Rasim Quliyev qanunazidd əməlləri Hacıbala Abutalıbovla birgə və ya onun tapşırığı ilə edib, o zaman keçmiş mer də məsuliyyətə cəlb oluna bilər. Hər hansı bir məmurun həbsi nəticəsində onun rəhbərinin barəsində də cinayət işinin qaldırılması qanuna ziddir. İstintaq zamanı qanunauyğunsuzluq ortaya çıxarsa,o zaman rəhbər şəxs də məsuliyyətə cəlb olunacaq”.
“İsgəndər”in atılması Rusiyanın mesajı idi? – Brayzadan şokATƏT-in Minsk Qrupunun keçmiş həmsədri, ABŞ-ın Azərbaycandakı sabiq səfiri, Atlantik Şuranın (Atlantic Council) böyük elmi işçisi Metyu Brayzanın Axar.az-a müsahibəsi:

Şuşaya İsgəndər-M raketlərinin atılması ilə bağlı faktlara münasibətinizi öyrənmək istərdik...

– “İsgəndər” raketi yüksək keyfiyyətli və böyük imkanlara malik raketdir. Ermənistanın müharibə dövründə Gəncə və Bərdədə mülki insanları hədəf aldığı “Skad” və “Toçka” raketlərindən fərqli olaraq, bu raket daha ağır, buna görə daha ölümcüldür, daha dəqiqdir və daha uzun məsafəyə uça bilir. Hərbi mütəxəssislər və analitiklər “İsgəndər” raketlərindən istifadəni yeni bir döyüş fazası kimi qəbul edirlər, yəni bu silahdan istifadə edən tərəf qarşı tərəfə bütün gücü ilə hücum etdiyini göstərir. Bu vəziyyətdə sözügedən raketlər əhalinin yaşayış mərkəzlərinə atıldı. Bu, müharibənin gedişatını dəyişdirmədi, ancaq təəssüf ki, azərbaycanlı mülki insanları terrora məruz qoydu.

Unutmayaq ki, 2008-ci ilin avqust ayında Rusiya Gürcüstana hücum zamanı “İsgəndər” raketlərindən istifadə etmişdi. Yəni bu raketlərin döyüşdə istifadə olunduğunu ilk dəfə eşitmirik. Artıq Ermənistanın Azərbaycana ən azı iki “İsgəndər” atdığı yəqinləşib və bu xəbər özlüyündə sürpriz olmadı, çünki “İsgəndər”ləri atan erməni əsgərlərinin video görüntülərini görmüşdüm.

Sürpriz olan budur: hərbi ekspertlər tərəfindən Rusiya və Ermənistanın Ermənistandakı “İsgəndər”lərə birgə nəzarəti davam etdirdikləri barədə məlumat təsdiqlənib. Onda belə çıxır ki, Ermənistan tərəfi bu raketdən istifadə edibsə, Rusiyanın icazəsi olub? Və bu, ümumiyyətlə niyə baş verib? Hər iki raket müharibənin sonlarına yaxın atıldı. Bəlkə bu, Rusiyanın Azərbaycana hərbi əməliyyatları Şuşadan kənara çıxarmaması üçün mesajı idi? Bilmirəm.

Erməni generalı Akopyan (Baş Qərargah rəisi Movses Akopyanın 19 noyabr açıqlaması nəzərdə tutulur – red.) iki “İsgəndər” atıldığı faktını təsdiqlədiyi zaman onların hara atıldığını demədi, lakin raket atdıqları yerin həmin tarixdə buludlu olduğunu açıqladı. Müharibənin son günlərində Bakı səmaları buludlu idi.

Bir başqa “İsgəndər”in Bakıya doğru uçduğunu və İsrail istehsalı olan “Barak” hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğunu irəli sürən, adı açıqlanmayan başqa bir rəsmi, erməni məmur da var. Hətta bu barədə İngiltərə mediası da hərbi mənbələrə istinadla məlumat yaydı. Bunun da doğru olub-olmadığını bilmirəm. Dediyim odur ki, heyət yüksək səviyyədə hazırlanmasa, “İsgəndər”i hədəfə uğurla çatdırmaq o qədər də asan deyil. Raketlərin əslində Şuşanı hədəf alıb-almamasını araşdıran hərbi analitiklər tanıyıram ki, onların fikrincə, erməni tərəfi hədəf seçimi zamanı data səhvinə yol verib və beləcə raket Şuşaya düşüb. Və əlbəttə, əlavə etmək istərdim ki, həqiqətən də “İsgəndər”raketləri Bakını və ya başqa bir yaşayış məntəqəsini hədəf alıbsa, bu, müharibə cinayətidir.

NATO, ATƏT kimi beynəlxalq təşkilatların bu məsələyə hələ də münasibət bildirməməsinin səbəbini nə ilə izah etmək olar?

– NATO-nun “İsgəndər” raketlərinə münasibət bildirməsi doğru olmaz, çünki nə Azərbaycan, nə də Ermənistan NATO üzvüdür və bu münaqişə NATO portfelinin bir hissəsi deyil. Zənnimcə, mülki əhalini hədəfə almaq məsələsinə ATƏT və Minsk Qrupu şərh verə bilərdi, lakin Ermənistanın ən azı iki “İsgəndər-M” raketindən istifadə etməsi artıq yeni bir xəbər deyil və adı çəkilən qurumlar bu məsələyə vaxtında münasibət bildirməli idi. ATƏT-in hələ də məsələni şərh etməməsi həm də ola bilər, rusların Ermənistana raketlərin buraxılması üçün icazə verilməsi məsələsində iştirak edib-etməməsi və əsl hədəflərin nə olduğu barədə dolğun məlumatının olmamasıdır.

Əgər məlum olsa ki, Şuşaya İsgəndər-M raketini Ermənistan yox, məhz Rusiyanın Ermənistandakı bazasından atılıb, bu, Rusiyaya növbəti sanksiyalara səbəb ola bilərmi?

– Bu məqamda düşünmürəm ki, “İsgəndər” raketləri Gümrüdəki 102-ci Rusiya bazasından atılıb. Bu, ABŞ və Avropa Birliyinin əlavə sanksiyaları ilə nəticələnərdi. Bəli, Rusiya Ermənistanı onları işə salmağa təşviq edə bilər, ancaq heç bir insana ziyan vurmayacağından əmin olmaq şərtilə və Azərbaycana hərbi əməliyyatları dayandırmasının lazım olduğu mesajını ötürmək üçün. Bu, mənim fərziyyəmdir, bilmirəm, ehtimal ki, bu hipotetik suala cavab verməməli idim. Ancaq videokadrlardan “İsgəndər”lərin Gümrüdən deyil, başqa bir ərazidən atıldığını gördüm, mənə elə gəldi ki, onlar Qarabağ yaxınlığından atıldı...

Xanımından Rəmişin ölümü ilə bağlı şok açıqlamaXalq artisti Rafiq (Rəmiş) Hüseynovun nəşi birbaşa 1 saylı Kliniki Mərkəzdən qaldırılacaq və "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.

Kult.az xəbər verir ki, bu sözləri Rəmişin həyat yoldaşı Güllü Hüseynova Teleqraf.com-a açıqlamasında deyib. O, həyat yoldaşının koronavirusa yoluxmadığını bildirib:

"Rəmiş bu gün yeni mənzilinə köçür, məni aparmır, mənsiz gedir. Dünən Rəmişlə son dəfə bir evdə qalacaqdıq, amma icazə vermədilər. Bilmirəm niyə qoymadılar... Bu gecə yatmadım. Dedim, bəlkə insafa gəlib, evə gələr.

Morqdan cənazəsini bizə vermədilər. O, koronavirusa yoluxmamışdı. And içirəm ki, korona xəstəsi deyildi. Sadəcə, onu müalicə edə bilmədilər. Dövlətə cavab verə bilməyəcəklər deyə, adını koronavirus qoydular.

Xəstəxanadan bizə xəstəlik səbəbi ilə bağlı sənəd vermədilər. Heç birimiz koronavirus xəstəsi deyilik. Onlar günaha batdılar".

Xalq artistinin həyat yoldaşı xəstəxanadan qaçmadığını deyib: "Mən xəstəxanadan qaçmamışam, oradan qaçmaq olar? Hər söz deyə bilərlər. Allah göydən baxır. Xəstəxananın arxa qapısından yox, təcili yardımın qapısından çıxmışam".
Dövlət Sərhəd Xidmətinin hərbçisi özünü GÜLLƏLƏDİHərbi hissədə intihar edən İsmayılov Əli Arif oğlunun ölümü ilə bağlı cinayət işi açılıb.

Hərbi Prokurorluğun Mətbuat Xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, 29 mart 2021-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər İsmayılov Əli Arif oğlunun həmin gün odlu silahdan atəş açaraq özünü öldürməsi barədə Füzuli hərbi prokurorluğuna məlumat daxil olub.

Daxil olan məlumat əsasında Füzuli hərbi prokurorluğunun əməkdaşları tərəfindən dərhal hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş, izahatlar alınmış və digər hərəkətlər icra edilib.

Fakt üzrə 29 mart 2021-ci il tarixdə Füzuli hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib. Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək.


ABŞ-dan Türkiyəyə növbəti sanksiyaABŞ Rusiyanın müdafiə sektoru ilə əməkdaşlığa görə Türkiyə Müdafiə Sənayesi İdarəsi və 4 əməkdaşına qarşı sanksiya tətbiq edib.

Axar.az xəbər verir ki, bu barədə ABŞ hökumətinin rəsmi nəşr orqanı olan Federal Qeydiyyatda yerləşdirilən sənəddə bildirlib.

Sanksiya siyahısına Türkiyə müdafiə sənayesi idarəsinin rəhbəri İsmayıl Dəmirin də adı daxil edilib.

Sanksiyalar CAATSA qanunu çərçivəsində tətbiq edilib. Sanksiyalar aprelin 7-də qüvvəyə minəcək.

Qeyd edək ki, ABŞ ötən ilin dekabrında da Türkiyə Müdafiə Sənayesi İdarəsi və onun rəhbəri İsmayıl Dəmirə qarşı da sanksiya tətbiq etmişdi.
Azərbaycan və Türkiyə ordularının birgə təlimləri başlayıbAzərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən Azərbaycan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə rabitə qoşunlarının birgə taktiki-xüsusi təlimləri başlayıb.

Avrasiya.net xəbər verir ki, təlimlər zamanı hərbi rabitəçilər təlim-döyüş tapşırıqlarının yerinə yetirilməsi rayonlarına çıxarılaraq vahid rabitə sisteminin təşkil edilməsi üzrə tapşırıqları yerinə yetirəcəklər.

Müasir rabitə vasitələrinin və avtomatlaşdırılmış idarəetmə sistemlərinin tətbiqi ilə keçiriləcək təlimlərdə qoşunların qarşılıqlı fəaliyyətinin təşkili, səhra idarəetmə məntəqələrinin açılması və digər tədbirlər icra olunacaq.

Təlimlər aprelin 8-dək davam edəcək.