Nemət Pənahlı virusa yoluxubMilli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı koronavirusa (COVİD-19) yoluxub.

Avrasiya.net xəbər verir ki,bu barədə tanınmış hüquqşünas Namizəd Səfərov öz “Feysbuk” hesabında paylaşım edib.

Namizəd Səfərovun sözlərinə görə, Nemət Pənahlının son durumu heç də ürəkaçan deyil.

“Nemət Pənahlı COVID-19-la həyat uğrunda ölüm-dirim mübarizəsi aparır”.

Qeyd edək ki, Nemət Pənahlı Milli Dövlətçilik Partiyasının sədri, 1988-ci ildə meydan hərəkatı zamanı əsas simalardan biri olub.

Rəmiş vəfat etdiAzərbaycanın xalq artisti, tanınmış gitara ifaçısı Rafiq Hüseynov (Rəmiş) vəfat edib.

Bu barədə onun yaxınları məlumat verib.

Xatırladaq ki, səhhətində problemlər yaranan xalq artisti yanvarın 28-də xəstəxanaya yerləşdirilmişdi.
Prezident Zaur Mikayılovu qəbul etdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zaur Mikayılovu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edib.

Dövlətimizin başçısı qəbulda çıxış etdi.

-Siz Meliorasiya və Su Təsərrüfatı Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin edilirsiniz. Bu sahə prioritet sahələrdən biridir. Mən bu sahəyə həmişə çox böyük diqqət göstərmişəm. Bu gün, indiki şəraitdə bu sahənin əhəmiyyəti daha da artır. Son illər ərzində bu sahədə böyük işlər görüldü. Köhnə infrastrukturun təmiri ilə bağlı əsaslı işlər görülmüşdür. Çünki əsas infrastruktur sovet dövründə yaradılmışdı və vaxt keçdikcə yararsız vəziyyətə düşmüşdü, ona görə buna ehtiyac var idi. Eyni zamanda, mənim təşəbbüsümlə bir neçə böyük su anbarı inşa edilmişdir. Əgər vaxtında bu su anbarları inşa edilməsəydi, bu gün meliorasiya sahəsində bizim böyük problemlərimiz ola bilərdi. Eyni zamanda, içməli su təminatı da Meliorasiya və Su Təsərrüfatı Səhmdar Cəmiyyəti tərəfindən həmişə diqqət mərkəzində olmuşdu. Cəmiyyət ölkəmizdə bir neçə içməli su layihəsini də icra etmişdir.
Bildirməliyəm ki, mənim təşəbbüsümlə inşa edilmiş Taxtakörpü su anbarı, eyni zamanda, suvarma işləri ilə bərabər, Bakının da içməli su ilə təmin edilməsində önəmli infrastruktur obyektidir. Çünki Taxtakörpü-Ceyranbatan su kanalının çəkilməsi Ceyranbatan su anbarında suyun səviyyəsinin lazımi səviyyədə saxlanmasına şərait yaratmışdır. Əgər biz son iki ilin quraqlığını nəzərə alsaq, birmənalı şəkildə demək olar ki, vaxtilə Taxtakörpü su anbarı və su kanalı tikilməsəydi, Bakıda çox kəskin su problemi olacaqdı. Taxtakörpü su anbarından sonra Şəmkirçay su anbarı inşa edilmişdir. Beləliklə, ölkəmizin həm şimal, həm də qərb bölgələrində vaxtilə suvarılmayan on minlərlə hektar torpağa su verilmişdir. Artıq bu, özünü kənd təsərrüfatı istehsalının, məhsuldarlığın artmasında göstərir.

Meliorativ tədbirlər hər bir ölkə üçün xüsusi əhəmiyyət daşıyır, xüsusilə su ehtiyatları o qədər də böyük həcmdə olmayan ölkələrdə bunun daha da böyük əhəmiyyəti var. Bir daha demək istəyirəm ki, su anbarlarının, su kanallarının tikintisi infrastruktur layihələr arasında həmişə prioritet yerdə olub və bundan sonra da belə olacaq. Bütün bu işlərlə bərabər, biz əlbəttə ki, suyun səmərəli istifadəsindən də həmişə narahat idik. Bu sahədə əldə edilmiş uğurlar var, eyni zamanda, çətinliklər var, çatışmamazlıqlar var. Bunlar aradan qaldırılmalıdır. Amma bütövlükdə son illər ərzində kənd təsərrüfatının dayanıqlı inkişafı, o cümlədən su təminatının səmərəliliyi ilə bilavasitə bağlıdır. Biz son illər ərzində vaxtilə suvarılmayan torpaqlara su gətirmişik. Bu torpaqların həcmi 100 min hektarlarla ölçülür. Vaxtilə, ümumiyyətlə, su görməyən torpaqlara, yaxud da ki, qismən suvarılan torpaqlara suyun verilməsi bu bölgələri canlandırdı və 100 minlərlə hektar torpağa su verildi.

Bu gün biz kənd təsərrüfatının müxtəlif sahələrində bu siyasətin təzahürlərini görürük. Bizim bəzi iri fermer təsərrüfatlarımızda, taxılçılıqla məşğul olan təsərrüfatlarda məhsuldarlıq bir hektardan 50, 60, hətta 70 sentnerə çatır. Bu, Avropanın aparıcı ölkələrinin səviyyəsinə uyğundur və ona bərabərdir. Burada əlbəttə ki, təkcə suvarma işləri yox, eyni zamanda, digər tədbirlərin də xüsusi çəkisi var. Ancaq suvarma olmadan məhsuldarlıqdan söhbət gedə bilməz.

Biz son illər ərzində Azərbaycanda pambıqçılıq sahəsini demək olar ki, dirçəltmişik. Təqribən 5-6 il bundan əvvəl pambıqçılıq tamamilə məhv olmuşdu və ölkədə cəmi 20-30 min ton pambıq yığılırdı. Görülmüş tədbirlər nəticəsində biz keçən il rekord göstəriciyə nail olduq – 330 min tondan çox pambıq yığıldı və hektardan məhsuldarlıq 33 sentnerdən çoxdur. Yəni, əgər sovet dövrünün ən uğurlu illəri ilə müqayisə etsək, deyə bilərik ki, ancaq sovet dövründə cəmi iki ildə hektardan məhsuldarlıq 33 sentnerdən çox olmuşdur. Yəni, bütün bunların təməlində məqsədyönlü siyasət və aidiyyəti qurumların koordinasiyalı şəkildə fəaliyyətinin təkmilləşməsi dayanır. Kənd təsərrüfatında məhsuldarlığın artırılması bizim üçün bundan sonra da prioritet məsələlərdən biri olacaq.

Biz indi ərzaq təhlükəsizliyimizi təmin etmək üçün əməli addımlar atırıq. Ölkəmizin imkanları, gözəl iqlim, bir neçə iqlim zonasının mövcudluğu bizə imkan verir ki, bir çox məhsullar Azərbaycanda yetişdirilsin. Məhsuldarlığın artırılması əlbəttə ki, bu işlərə daha böyük təkan verəcək. Biz nəzərə almalıyıq ki, Azərbaycan dövləti sürətlə inkişaf edir, tələbat artır, əhali artır. Sovet İttifaqı dağılanda Azərbaycan əhalisi 7 milyon idisə, bu gün 10 milyondan çoxdur. Deməli, istehlak artır. Daxili istehlakı təmin etmək və ixrac imkanlarımızı artırmaq üçün əlbəttə ki, qeyri-neft sektoru sahəsində kənd təsərrüfatının xüsusi yeri vardır. Təbii ki, suvarma aparılmadan, bu sahədə işlər düzgün istiqamətdə təşkil olunmadan biz hər hansı bir uğurdan söhbət apara bilmərik. Əldə edilmiş nailiyyətlərlə əlaqədar çox danışmaq olar, mən, sadəcə, əsas məqamları qeyd etmişəm.

Eyni zamanda, sizin qarşınızda duran vəzifələrdən biri çatışmazlıqların aradan qaldırılmasıdır, idarəetmədə müasir yanaşmanın tətbiq edilməsidir, müasir texnologiyaların ölkəmizə gətirilməsidir. Çünki biz bundan sonra meliorativ tədbirləri, necə deyərlər, dədə-baba üsulu ilə apara bilmərik. Dünyanın bu sahədə ən müasir texnologiyaları Azərbaycana gətirilməlidir, sudan səmərəli istifadə edilməlidir. Bizdə mövcud problemlərdən biri də itkilərin böyük həcmdə olmasıdır. Bu itkilər bəzi hallarda təbii xarakter alır, amma bəzi hallarda səhlənkarlıq ucbatından baş verir. Uçotun olmaması əlbəttə ki, bizim işimizi çətinləşdirir. Ona görə tam uçot aparılmalıdır. Bizim su anbarlarımıza daxil olan və oradan çıxan suyun həcmi yaxın aylara qədər uçota alınmırdı. Düzgün təhlil aparmaq, proqnoz vermək üçün imkanımız yox idi. Ona görə itkilərin azaldılması ən vacib problemlərdən biridir.

Kanalların təmiri və yenidən qurulması da önəmli vəzifələrdən biridir. Sovet vaxtında çəkilmiş kanalların böyük əksəriyyəti torpaq kanallar idi. Onların böyük hissəsi bu gün də fəaliyyətdədir. Əlbəttə ki, torpaq kanallar suyun istənilən həcmdə ötürülməsinə imkan vermir, itkilər, o cümlədən buna görə baş verir, eyni zamanda, torpağın şoranlaşmasına da gətirib çıxarır. Ona görə də biz canımızı torpaq kanallardan qurtarmalıyıq. Ancaq onun əvəzinə hansı texnologiyalar gətiriləcək, bunu artıq siz müəyyən etməlisiniz. Dünyanın bu sahədəki aparıcı şirkətləri ilə sıx təmaslar qurulmalıdır, iqlimi bizim iqlimimizə oxşar olan ölkələrin təcrübəsindən faydalanmalıyıq. Elə ölkələr var ki, orada su resursları bizimkindən də azdır, ancaq məhsuldarlıq qat-qat çoxdur. Ona görə bütün bunlar gərək dəqiq araşdırılsın, düzgün fəaliyyət planı tərtib edilsin, lazım olarsa, Dövlət Proqramı qəbul olunsun ki, biz bundan sonrakı illərdə meliorasiya və suvarma sahəsində dünyanın ən müasir prinsiplərini ölkəmizdə tətbiq edək.

Bir müddət bundan əvvəl bu məsələ araşdırılarkən göstəriş vermişdim ki, yeni kiçik su anbarlarının yaradılması ilə bağlı təkliflər hazırlanıb təqdim olunsun. Belə təkliflər verildi. Mən prinsip etibarilə bu təklifləri təsdiqlədim və 10 yeni su anbarının tikintisi nəzərdə tutulur. Siz bir daha bu məsələlərə baxın, bu məsələləri təhlil edin. Çünki hər bir su anbarının tikintisi böyük vəsait tələb edir. Ondan sonra kanallar çəkilməlidir, digər tədbirlər görülməlidir. Bütün bu vəsait dövlət büdcəsi tərəfindən təmin edilir. Ancaq biz baxmalıyıq ki, bu sahəyə qoyulan vəsait nəticə ilə nə qədər uzlaşır. Qoyulmuş bu vəsaitin müqabilində biz hansı nəticəni əldə edirik və edəcəyik. Çünki bu, düzgün hesablanmasa, bizim işimiz heç vaxt səmərə verməyəcək. Bu sahənin inkişafı dövlətin özəl sektora göstərdiyi növbəti qayğının təzahürüdür. Çünki dövlət bütün xərcləri öz üzərinə götürür ki, fermerlər, kəndlilər daha yaxşı məhsul götürsünlər, özləri üçün daha yaxşı şərait yaratsınlar, onların həyat səviyyəsi qalxsın. Nəzərə alsaq ki, kənd təsərrüfatı sahəsində fermerlər torpaq vergisi istisna olmaqla bütün vergilərdən azaddırlar, bu sahənin inkişafı, ilk növbədə, insanların həyat şəraitinin yaxşılaşmasına xidmət edir. Bu, Azərbaycanda artıq bir növ sosial sahə kimi qəbul olunur. Ancaq əgər biz inkişaf etmiş ölkələri götürsək görərik ki, orada belə deyil – suyun hər bir litri hesablanır, hər yerdə sayğaclar qoyulur, uçot düzgün aparılır və qoyulmuş investisiyanın müqabilində hansı nəticə əldə olunacaq bəri başdan hesablanır. Bizdə də belə olmalıdır.

Biz bundan sonra da kənd təsərrüfatı ilə məşğul olan vətəndaşlarımızı dəstəkləyəcəyik. Artan subsidiyalar bunu bir daha göstərir. Bizim niyyətimiz, siyasətimiz dəyişməz olaraq qalır. Ancaq bununla bərabər, kənd təsərrüfatı ilə məşğul olan hər bir adam öz məsuliyyətini də dərk etməlidir. Təhlil aparılarkən biz bir şeyə də rast gəldik – suyun ədalətsiz bölüşdürülməsi halları geniş vüsət almışdır. Burada həm mərkəzi icra orqanları, yerli icra orqanları, bəzi sahibkarlar elə bil ki, sövdələşərək, sudan vicdansızcasına istifadə edirdilər. Belə olan halda, bəzi fermerlərə, bəzi kəndlərə su çatmırdı. Mən göstəriş vermişdim, indi təhlil aparılır, araşdırma aparılır. Buna da son qoyulmalıdır. Su xətlərinin üzərində çoxsaylı qanunsuz birləşmələr quraşdırılmışdır. Təhlil aparılarkən biz buna da rast gəldik. Belə çıxdı ki, heç kim buna məsuliyyət daşımır, heç kim buna cavabdehlik daşımır. Buna son qoyulmalıdır. Mən göstəriş vermişdim ki, su xətləri üzrə həm vizual monitorinq aparılmalıdır, yəni, yerində, eyni zamanda, müasir müşahidə sistemləri - kameralar quraşdırılmalıdır və bu qanunsuz birləşmələrə son qoyulmalıdır.

Çatışmazlıqlar çoxdur və siz indi fəaliyyət dövrünüzdə əlbəttə ki, bütün bu işləri təhlil edəcəksiniz. Yenə də deyirəm, bu sahə prioritet sahə olaraq qalır və qalacaq. Ancaq burada yeni yanaşma olmalıdır, müasir tələblərə uyğun yanaşma. Hesab edirəm ki, siz bütün bu məsələləri qısa müddət ərzində bir daha təhlil edib, konkret təkliflər paketi ilə çıxış edəcəksiniz.

Digər önəmli məsələ azad edilmiş torpaqlarda meliorativ tədbirlərin görülməsi ilə bağlıdır. Azad edilmiş torpaqlarda bizim böyük su mənbələrimiz mövcuddur və su mənbələrimiz orada formalaşır. Biz uzun illər ərzində, 30 ilə yaxın müddətdə bu imkanlardan məhrum idik. Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini, o cümlədən bu sahədə də aparırdı və bizə qarşı ekoloji terror təşkil edilmişdir. Meşələrin qırılması, qoruqların məhv edilməsi - 54 min hektar meşə sahəsi ermənilər tərəfindən kəsilib, dağıdılıb, talanıb, oğurlanıb və bu, böyük cinayətdir. Dəymiş bütün ziyan indi hesablanır, o cümlədən bu ziyan da hesablanacaq. Onlar bizi sudan məhrum etmişdilər. Sərsəng su anbarı və Suqovuşan su anbarı onların nəzarətində idi. Bu iki su anbarını 1970-ci illərdə ulu öndər Heydər Əliyev tikdirmişdir. Onun təşəbbüsü ilə bu su anbarları tikilmişdir ki, Ağdam, Tərtər, Goranboy, Bərdə və digər rayonlarımızda suvarma işləri aparılsın. Sərsəng su anbarının əsas məqsədi, funksiyası sadaladığım və digər rayonlarımıza suyun verilməsi idi. O vaxt bu mənbədən 100 min hektara yaxın torpağa su verilirdi, eyni zamanda, Suqovuşandan da. O daha kiçikhəcmli su anbarıdır. Sərsəng su anbarında 500 milyon kubmetrdən çox su toplanırdı. Ancaq ermənilər suyumuzu kəsirdilər, qışda ekoloji ziyan vurmaq üçün qəsdən buraxırdılar, yaz-yay aylarında suyu kəsirdilər, biz susuz qalmışdıq. Biz o bölgənin suvarılması ilə bağlı xüsusi tədbirlər planı hazırlamışdıq və mənim göstərişimlə orada yüzlərlə subartezian quyusu qazılmışdır. Ancaq biz Suqovuşan qəsəbəsini azad edərkən Suqovuşan su anbarını da nəzarətimizə götürdük. Suqovuşan nəzarətimizə keçəndən sonra imkan yaranıb ki, dediyim Ağdam, Tərtər, Bərdə, Goranboy və digər rayonlarımızda su təminatı böyük dərəcədə yaxşılaşsın. Ancaq o rayonlara gedən kanallar uzun illər ərzində istifadəsiz qalıb. Təhlil aparılmalıdır, onların vəziyyəti nə yerdədir, təmirə ehtiyac varsa, bu işlərə də baxılmalıdır ki, biz vaxt itirmədən suyu sahə başına, vətəndaşlarımızın sərəncamına gətirək.

Ağdam rayonunda Xaçınçay su anbarı, Füzuli şəhərinin, daha doğrusu, dağıdılmış şəhərin yaxınlığında su anbarı yerləşir. Artıq mənim göstərişimlə oraya qruplar ezam edilmişdir. Azad edilmiş torpaqlarda digər su anbarları da var. Onların bütün parametrləri təhlil edilməlidir. Əlbəttə ki, biz bu su anbarlarından səmərəli şəkildə istifadə edəcəyik. Azad olunmuş torpaqlara vətəndaşlarımız qayıdandan sonra əlbəttə ki, bu, onlar üçün əlavə imkanlar yaradacaqdır.

Bununla paralel olaraq, azad edilmiş torpaqlarda bizim böyük çay resurslarımız var. Biz bundan da məhrum idik. Bu gün azad edilmiş torpaqlarda formalaşan çaylarımız bizim əsas çaylarımızdır. Tərtərçay Kəlbəcər rayonu ərazisində formalaşır. Amma mənfur düşmən bizi Tərtərçayın suyundan məhrum edirdi. Hətta Qarabağ bölgəsinə dəfələrlə səfərim zamanı mən bu problemlə maraqlanarkən görürdüm ki, bu, böyük problemlər yaradır. Misal üçün, Tərtərin suyunu tam kəsirdilər. Tərtərçay bir çox yerlərdə demək olar ki, qurumuşdu. İndi biz Tərtərçaya qayıtmışıq, onun mənbəyinə qayıtmışıq. Bazarçay - ona Bərgüşad çayı da deyirlər, Həkəri çayı, Oxçuçay – bir çox çaylar, 10-dan çox çay orada formalaşır. Onların potensialı təhlil edilməlidir. Çayların məcrası ilə bağlı düzgün təhlil aparılmalıdır, biz bu çaylardan necə səmərəli istifadə edək. Onların bir çoxu Araz çayına axır.

Azad edilmiş torpaqlarda su anbarlarının tikintisinə ehtiyac varmı, yoxmu, bu məsələyə də mütləq baxılmalıdır. Əlbəttə ki, azad edilmiş torpaqlarda bizim ən böyük su mənbəyimiz qonşu İranla sərhəddə yerləşən Xudafərin və Qız Qalası su anbarlarıdır. Bunlar çox böyük su anbarlarıdır. Xudafərin su anbarının həcmi 1,6 milyard kubmetrdir, çox böyük su anbarıdır. Bu su anbarından istifadə etmək üçün əlbəttə ki, əlavə infrastruktur layihələri icra edilməlidir. İlk növbədə, kanallar çəkilməlidir ki, azad edilmiş torpaqlara - Zəngilan, Cəbrayıl, Qubadlı və digər bölgələrə biz bu su anbarlarından su götürüb, ondan səmərəli şəkildə istifadə edə bilək. Bu, bizim böyük potensialımızdır.

Həm azad edilmiş torpaqlarda, həm də ölkəmizin digər yerlərində bizim bütün su ehtiyatlarımızın potensialı dəqiq təhlil olunmalıdır. Bu su ehtiyatlarından maksimum səmərə ilə istifadə etmək üçün konkret proqramlar və təkliflər təqdim edilməlidir. Beləliklə, bu sahədə görüləcək işlər çoxdur, həm azad edilmiş torpaqlarda, həm də digər ərazilərdə. Əsas prinsip müasirlik, ekoloji təhlükəsizlik və maksimum səmərəlilik olmalıdır ki, Azərbaycan vətəndaşları, kənd təsərrüfatı ilə məşğul olan vətəndaşlar öz həyatlarında müsbət dəyişiklikləri görsünlər. Əminəm ki, bu, belə də olacaq.

Yenə də deyirəm, son illər ərzində bu sahə mənim tərəfimdən həmişə prioritet sahə kimi qiymətləndirilmişdir və bu sahənin inkişafı üçün çox böyük işlər görülmüşdür, dövlət büdcəsindən böyük həcmdə vəsait ayrılmışdır. Əgər bu işlər görülməsəydi, bu gün biz çox böyük problemlərlə üzləşmiş olardıq. Ancaq əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik, biz bu sahəyə müasir menecment gətirməliyik. Mən sizi bu vəzifəyə təyin edərkən məhz bu amili nəzərə almışam ki, hər bir yerdə müasir menecment olmalıdır, idarəetmə olmalıdır. Son vaxtlar apardığım kadr islahatları onu göstərir. Harada ki, müasir menecment, müasir idarəetmə, dürüstlük, təmizlik, vicdan varsa, orada nəticə də olacaqdır. Sizi bu vəzifəyə təyin edərkən bu tövsiyələrimi verərək əmin olduğumu bildirmək istəyirəm ki, siz bu yüksək etimadı doğruldacaqsınız.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Zaur Mikayılov dedi:

-Möhtərəm cənab Prezident, çox təşəkkür edirəm. Bu təyinat mənim üçün çox böyük şərəf, eyni zamanda, çox böyük məsuliyyətdir. Bu etimadınıza görə Sizə dərin minnətdarlığımı bildirirəm. Sizi əmin etmək istəyirəm ki, bu etimadı doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm və Vətənimiz üçün, ölkəmiz üçün canla-başla çalışacağam.
İordaniyada çevriliş hazırlayan şahzadə: Sakit durmayacağamİordaniya şahzadəsi, kral II Abdullahın ögey qardaşı Həmzə bin Hüseyn ordunun tələbini yerinə yetirməyəcəyini və susqunluğunu qorumayacağını bildirib.

Axar.az xəbər verir ki, şahzadənin səs yazısını İordaniya müxalifəti yayıb. Şahzadə səs yazısında hökumətlə konfliktdə eskalasiyaya gedəcəyini bildirib.

Qeyd edək ki, bundan öncə Həmzə bin Hüseyn gözlənilmədən bir neçə mühüm vəzifəli şəxslə birgə nəzarət altına alınmışdı. Onun çevrilişə cəhddə şübhəli bilindiyi mətbuat tərəfindən yayılmışdı.
Hesablama Palatası “Qaçqınkom”dakı nöqsanlara görə Baş Prokurorluğa müraciət etdiHesablama Palatası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində (“Qaçqınkom”) aparılan yoxlamaların nəticələri ilə bağlı Baş Prokurorluğa müraciət edib.

Avrasiya.net xəbər verir ki, bu barədə “Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabatında bildirilir.

Pozuntu komitəyə dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsinə dair uyğunluq üzrə - malların (işlərin və xidmətlərin) satınalınması zamanı satınalma proseduru keçirilmədən müqavilələr bağlanılaraq dövlət büdcəsi vəsaitlərinin xərclənməsi səbəbindən inzibati məsuliyyət üzrədir.

Qeyd edək ki, “Hesablama Palatası haqqında” Qanunu ilə cinayət tərkibi ehtimal olunan hər bir nəzarət tədbiri üzrə materialların Baş Prokurorluğa göndərilməsi ilə bağlı tələb təsbit edilib.

Hesabat aprelin 8-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılacaq.(Report)
Vüqar Səfərlinin əmlakına, maşınlarına həbs qoyulduKütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli və Portos MMC-nin direktoru Məmmədov Nadir Məhərrəm oğlunun əmlaklarına həbs qoyulub.

Avrasiya.net xəbər verir ki, bu barədə “Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabatında bildirilir.

Məlumatda qeyd edilir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təqdim edilmiş məlumata görə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda 2017-2020-ci illəri əhatə edən dövr üzrə qanunsuz olaraq xərclər smetasından artıq məbləğdə pul vəsaitlərinin xərclənməsi haqqında daxil olmuş müraciətlə bağlı 12 iyun 2020-ci il tarixində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4, 308.1, 308.1-2 və 308.2-4-cü maddələri ilə başlanılıb.

İstintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən şəxslərin mülkiyyətində olan qeyri-yaşayış, torpaq və bağ sahələri, həmçinin fərdi yaşayış evləri, mənzil və avtomobillərin üzərinə Binəqədi Rayon Məhkəməsinin müvafiq qərarı ilə həbs qoyulub.

Xatırladaq ki, KİVDF-də dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsi zamanı aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar Hesablama Palatasından daxil olmuş materiallar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

İttihama görə, Vüqar Səfərli qeyriləri ilə qabaqcadan əlbir olaraq qeyd edilən mənimsəmə və vəzifə saxtakarlığı cinayətləri üzrə əldə etdiyi xüsusilə külli miqdarda pul vəsaitini kommersiya bankında olan milli və xarici valyutadakı depozit hesablarına 2015-2018-ci illər ərzində cəmi 5 milyon 796 min manatı yerləşdirməklə cinayət yolu ilə əldə edilmiş həmin pul vəsaitlərini külli miqdarda leqallaşdırıb.

İş üzrə toplanmış ilkin sübutlar əsasında Səfərli Vüqar Müzəffər oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq olaraq 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 308-2.4 (satınalma prosedurları keçirilmədən külli miqdarda ziyan vurmaqla dövlət vəsaitlərini xərcləmə) və 313 (vəzifə saxtakarlığı), Məmmədov Nadir Məhərrəm oğlu isə Cinayət Məcəlləsinin 179.4, 308.2 və 313-cü maddələrinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Ermənilərin Qarabağda tapdığı meyitlərin sayı 1529-a qalxdıErməni axtarış qrupları bu gün də Qarabağdakı döyüş meydanlarında erməni əsgərlərin meyitini axtaracaqlar.

Avrasiya.net xəbər verir ki, bugünkü axtarışlar Cəbrayıl rayonunda olacaq.

Qeyd edək ki, 14 niyabr 2020-ci ildən indiyədən aparılan axtarışlar nəticəsində 1529 erməni əsgərin meyiti tapılıb.

Axtarışlar Azərbaycan Ordusunun razılığı ilə aparılır.
Şəkidə "Zəfər parkı” salınıbAprel qələbələrinin (2016) 5 illiyində, aprelin 4-də Şəki şəhərində Vətən müharibəsinin şəhidlərinin xatirəsinə “Zəfər parkı” salınmışdır.

“Ekoloji təmiz məhsul istehsalçıları və İxracatçıları İctimai Birliyi” və “Proqres Klub Sosial Təşəbbüslər İctimai Birliyi”nin birgə layihəsi və təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə icra olunmuş layihəyə millət vəkili Əli Məsimli, vətəndaş cəmiyyətinin fəal şəxsləri, İDEA ictimai birliyinin nümayəndələri, Şəki Şəhər İcra Hakimiyyəti də dəstək verərək aktiv iştirak etmişdirlər.

Layihə üçün nəzərdə tutulmuş ağaclar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidməti və millət vəkili Əli Məsimli tərəfindən təchiz edilmişdir.
“Ekoloji təmiz məhsul istehsalçıları və İxracatçıları İctimai Birliyi”nin təsisçi, ictimai fəal Emin Əliyev saytımıza verdiyi açıqlamada bildirdi ki, Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın xatirəsi üçün 3 minədək meyvə və meşə sortlarından olan ağaclar əkilmişdir. E.Əliyev qeyd etdi ki, bu cür sosial layihələr bundan sonra da icra ediləcəkdir. Artıq azad olunmuş rayonlarımızdan birində “Zəfər bağı”nın salınması üçün ilkin layihələndirmə işləri aparılır. Emin Əliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinə xüsusi təşəkkürünü bildirdi. Qeyd etdi ki, nazirlik bu təşəbbüsə tərəddüd etmədən dəstək verəcəyini bildirdi və 3000 ağacın Şəki rayonu ərazisinə çatdırılmasını təmin etdi. “Millət vəkili Əli Məsimli isə bizlərlə bərabər həm Şəki şəhərində, həm də Şəkinin şəhid vermiş kəndlərində ağacların əkilməsində şəxsən iştirak etdi.

Bu təşəbbüsə dəstək verdiyi üçün şəxsən Əli Məsimliyə, Şəki RİH rəhbərliyinə, ADPU-nin Şəki filialının rəhbərliyinə və müəllim-tələbə heyətinə, İDEA İctimai Birliyindən Nuranə Əliyevaya, ictimai fəal Zülfiyyə Nuriyevaya və digər fəal iştirak edən hər kəsə təşəkkür edirəm”.

Layihənin digər təşkilatçısı olan “Proqres Klub Sosial Təşəbbüs İctimai Birliyi”nin təsisçisi Nizaməddin Əhmədov saytımıza verdiyi açıqlamada bu bağın rəmzi xarakter daşıdığını və ağacların hər bir şəhidimizin adına əkildiyini bildirdi. Qeyd etdi ki, gələcək nəsillərin nümayəndələri torpaqlarımızın bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizi heç zaman unutmayaraq onların adına yetişdirilmiş meyvələrdən faydalanacaqlar.

N. Əhmədov bildirdi ki, bu layihə üzərində təxminən bir ildir ki, çalışırlar. “Bu layihənin icra edilməsi üçün bir neçə rayonla da danışıqlar aparılmışdır və ilk müsbət cavab vermiş Şəki şəhərində bu layihə icra edildi. Lakin bu layihənin bütün ölkə üzrə icra edilməsi planlaşdırılır. Hesab edirik ki, bu cür layihələrin sosial əhəmiyyəti ilə yanaşı ekoloji balansın qorunması sahəsində də əhəmiyyətinin olduğu şübhəsizdir”.

Qeyd edək ki, “Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları” İctimai Birliyi 2019-cu ildə təsis edilmiş və indiyədək 30-dan çox maraqlı layihələr icra etmişdir. Təşkilatın əsas hədəfi Azərbaycan istehsalı olan ekoloji təmiz məhsullarımızı dünya bazarına çıxarmaq və yerli brendlərimizi dünya miqyasında tanıtmaqdır. İctimai birlik 2019-cu ilin dekabr ayının 24-də Şamaxı şəhəri ərazisində 1000 ədəd Sakura ağacından(Yapon gilası) ibarət gözəl bir parkın salınması layihəsini icra etmişdir.
“Zəfər parkı” layihəsinin digər təşkilatçısı “Proqres Klub Sosial Təşəbbüs İctimai Birliyi” də artıq 10 ildir ki, aktiv fəaliyyət göstərir. Xüsusilə maarifləndirici layihələr icra edən təşkilat sadəcə 2020-ci il ərzində 60-dan çox maraqlı layihələr icra etmişdir.
Qusarda Rayon Ağsaqqallar Şurasının iclası keçirilib Qusarda xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla, Rayon Ağsaqqallar Şurasının konfransı keçirilmişdir. Konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanov, Rayon İcra Hakimiyyəti başçısının müavini Elman Musatafayev, rayon ağsaqqalları və ziyalıları iştirak etmişlər.

Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzinə gedərək Ümummilli Liderin abidəsi önünə gül dəstələri qoymuş, xatirəsini ehtiramla yad etmişlər. Sonra Mərkəzin fəaliyyəti və burada yaradılmış şəraitlə yaxından tanış olmuş, ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşmüşlər.

YAP Qusar rayon təşkilatının akt zalında keçirilən konfransda Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların və ötən dövr ərzində dünyasını dəyişən ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Rayon İcra Hakimiyyəti başçısının müavini Elman Musatafayev tədbir iştirakçılarını salamlamış və bildirmişdir ki, Qusar rayonunda ağsaqqallara hər zaman böyük dəyər verilmişdir. Ağsaqqalların rayonuun mədəni-ictimai həyatında əhəmiyyətli rolu vardır. Qeyd edilmişdir ki, işğal olunmuş torpaqlarımızın azad olunmasında, böyük Qələbənin qazanılmasında Qusardan olan onlarla oğullarımız qəhrəmanlıqları ilə Azərbaycanın şanlı Zəfər tarixinə qızıl hərflərlə öz adlarını yazmışlar.

Bu Qələbənin əldə edilməsində ağsaqqalların da əməyi danılmazdır. Rayonun milli-mənəvi dəyərləri sayılan ağsaqqallara sağlam ömür arzulayan Elman müəllim əmin olduğunu bildirmişdir ki, Qusarın müdrik, ziyalı insanlarından seçiləcək Rayon Ağsaqqallar Şurasının yeni tərkibi təşkilatın işini daha da aktivləşdirəcək, yeni ruh, yeni nəfəs gətirəcəkdir.

Konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanov çıxış edərək bildirdi ki, “Qarabağ Azərbaycandır!”, “Güc birlikdədir!” deyərək başladığımız 44 günlük Vətən müharibəsi, Dəmir yumruq əməliyyatı zamanı Azərbaycan xalqı, o cümlədən ağsaqqallarımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək, bütün dünyaya xalqımızın gücünü və iradəsini göstərdi. Bu birlik, bu həmrəylik, xüsusilə Ali Baş Komandanın iradəsi, qətiyyəti, Ordumuzun gücü və qüdrəti sayəsində Azərbaycan Vətən müharibəsində tarixi və möhtəşəm Qələbə qazandı. Qeyd edildi ki, şanlı Ordumuz tərəfindən azad olunmuş torpaqlarımızda artıq böyük quruculuq, abadlıq və yenidənqurma işləri gedir. Biz əminik ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Mehriban xanım Əliyevanın fədakar əməyi və incə zövqü sayəsində Vətənimizin bu dilbər guşəsi tezliklə daha da gözəlləşəcək və inkişaf edəcəkdir.
Daha sonra Tahir müəllim bildirdi ki, ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edərək öz fəaliyyətini bir çox istiqamətlərdə quran Azərbaycan Ağsaqqallar Şurasında təşkilatın sədri, millət vəkili, professor Eldar Quliyevin rəhbərliyi altında hal-hazırda böyük canlanma hiss edilir. Şurada təmsil olunan respublika ağsaqqalları ulu öndər Heydər Əliyevin layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin hər zaman xalqın mənafeyinə xidmət edən daxili və xarici siyasətini bu gün də ürəkdən dəstəkləyir, gənc nəslin milli adət-ənənələrə, azərbaycançılıq məfkurəsinə bağlılıq ruhunda tərbiyəsi işinə xüsusi diqqət yetirir, dinamik inkişaf edən ölkəmizin gələcəyi naminə öz qüvvə, bilik və bacarıqlarını əsirgəmirlər.
Sonra təşkilati məsələlər müzakirə olundu. Qusar Rayon Ağsaqqallar Şurasının yeni Əsasnaməsi açıq səsvermə yolu ilə qəbul edildi.

Vahid Mehdixanlı Qusar Rayon Ağsaqqallar Şurasının sədri seçildi. Konfransda, həmçinin Ağsaqqallar Şurasının İdarə Heyətinin və Təftiş Komissiyasının yeni tərkibi formalaşdırıldı.

Sonda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanov və digər natiqlər Qusar Rayon Ağsaqqallar Şurasının yeni seçilmiş sədrini və heyətini təbrik edərək, gələcək fəaliyyətlərində təşkilat üzvlərinə uğurlar arzuladılar.