Hacıbala müəllim və “Xalq qəzeti”nin torpaq MƏSƏLƏSİHardasa 14-15 ilin söhbətidir, mən hələ “Xalq Qəzeti”ndə işləyirdim. Söz vaxtına çəkər deyərlər, havadan yaz iysi gəlirdi. “Neftçilər”dən çıxmışdım və evə gedirdim. Yorğun idim, hər gün yazı yazmaq sizə asan gəlməsin... Telefonuma zəng gəldi, (050)221....00 nömrəsindəndi. Bilənlər bilir, bu, bərkgedən nömrədir. Amma tanımırdım deyə cavab vermirdim, zənglər də ara vermirdi. Açdım və çaşdım... Müsahibim salamsız və kəlamsız “Hacıbala Abutalıbovdur, tez mənim yanıma gəlirsən, işdə gözləyirəm” dedi və telefonu qapatdı. Tənbəllik eləmədim cavab düyməsini basdım, təəccübümə rəğmən müsahibim telefonu açdı. Salamsız və kəlamsız “Qalib Arifdir, mənim iş günüm qurtarıb, evə gedirəm” dedim və telefonu qapatdım...

Mətləbə dəxli var deyə mətləbdən uzaqlaşmaq, bir haşiyə çıxmaq istəyirəm. Deməli, hardasa 3-4 il idi ki, bacımgil Sverdlovsk vilayətindəki evlərini satmışdılar, ailəliklə köçüb gəlmişdilər. Bakının ətraf rayonlarından birində 5 mərtəbəli binanın 1-ci mərtəbəsində 2 otaqlı mənzil almışdılar. Mənzil darısqaldı, balkonu da yox idi, odur ki, arxa meydana balkon çıxarmaq istəyirdilər. Qeyd edim ki, bu meydana 4 bina çıxırdı və hər birinin 1-ci mərtəbəsi artıq arxaya balkon çıxarmışdı. Nə isə, ixtisasca həkim olan yeznəm ərizə yazdı, birlikdə müvafiq İcra Hakimiyyətinə getdik. Başçı məni əvvəldən tanıyırdı, yaxşı qarşıladı. Amma dedi ki, özünüzü “Arzu”dan qoruyun. Dedim Arzu kimdir? Dedi biləcəksiz...

Yeznəmgil işə başlayan kimi, Arzu gəldi. Deməli, Hacıbala müəllimin dövründə Bakı Şəhər İcra Hakimiyyətində xüsusi bir “Nəzarət” şöbəsi vardı. Bu şöbənin əməkdaşları gecə-gündüz əldə çıraq Bakının küçələrini gəzirdi, bir nəfər bir divara bir mıx vuran kimi şöbə müdiri Arzu Məmmədova xəbər verirdi. Arzu müəllim də əsl “rus reketi” kimi divar sahibinin başının üstünü kəsdirirdi. İndi də yeznəmə ilişmişdilər, pulun pul vaxtı 5 min istəyirdilər. Onun pulu hardandır, həkim adamdır. Demişdi müvafiq İH başçısı ilə danışmışıq, rəsmi icazə də almışıq, kağızları da göstərmişdi. Amma Arzunun arzuladığı başqa kağızlar idi... Təbii ki, Bakı Şəhər İH-yə şikayət yazdıq, amma səs çıxmadı... İşlər də yarımçıq qaldı...

O vaxtlar Moskvada ən bərk gedən “Komersant”, Bakıda “Realnıy Azerbaycan” qəzetləri idi. Tənbəllik eləmədim, rus dilində “Bakı Şəhər İH-də reket dəstəsi fəaliyyət göstərir” adlı kiçik bir yazı hazırladım və öz adımdan hər iki ünvana yolladım. Sonda yazmışdım ki, bu, hələ “jurnal”dır, ünvanlı, detallı material arxadadır. 2-3 gündən Moskvadan səs gəldi, amma Bakıdan səs gəmədi (Sonra bildim ki, “Realnıy Azerbaycan” materialı dərhal Abutalıbova göndərib). Bəli, yazı “Komersant”da çıxan gündə və Hacıbala müəllimə çatan dəqiqədə o, mənə zəng etmişdi. Mən işimi bilirdim, ona görə də adekvat cavab vermişdim...

Telefonum yenidən zəng çaldı, yenidən açdım. Müsahibim bu dəfə ədəblə salam verdi, özünü təqdim etdi və məni Bakı Şəhər İH-yə dəvət etdi... Birinci və axırıncı dəfə idi ki, bu binada olurdum. Aşağıda özümü polisə təqdim etdim və 2-ci mərtəbəyə qalxdım. Hacıbala müəllimin özünün də həmişə dediyi kimi, qapıları “taybatay” açıqdı, kabineti “Nizami” kino-teatrının kiçik zalları boyda olardı. Məni tufanla, hücumla qarşıladı, görən kimi üstümə şığıdı. Yeznəmin adından yazdığım şikayət məktubu da əlində idi, səsinin tonu artdıqca bayraq kimi qaldırıb yelləyirdi. Bizi yalan danışmaqda, Arzu müəllimə və İcra Hakimiyyətinə şər atmaqda ittiham edir, məhkəmə ilə hədələyirdi. Bir xeyli gözlədim, bir az yoruldu, bir az sakitləşdi...

İndi növbə mənimdi... Dedim biz elə belə danışmırıq, Arzu müəllimin danışıqlarını yazmışıq, çəkmişik... Bəli, mənim bacımın qızı indi tanınmış fotoblogerdir, onda hələ məktəbli idi, hər şeyi kameraya çəkirdi... Siz Hacıbala müəllimi görəydiz, transformasiyaya diqqət edəydiz... Kişi bir andaca mənim ən səmimi dostuma çevrildi... Dedi ki, 10 ildir Bakının başçısıyam, amma Bakıda bir evim yoxdur, kirayədə qalıram... Dedi İH-nin əməkdaşları, Arzu müəllim, Sədaqət xanım o qədər təmiz adamlardır ki, onların ətəyində namaz qılmaq olar. Hamısı da kasıbdır, quru maaşa dolanır, Bakıda kirayədə qalırlar...

Düzü kişiyə lap yazığım gəldi, istədim ürək-dirək verim, dedim xalq sizi çox sevir, sizin haqqınızda yüksək fikirdədir. Dedi mən xalqın fikrinə tüpürmək də istəmirəm, məni bir kişinin fikri maraqlandırır... Sonra dedi ki, elə bilirsiz hündürmərtəbəli binalar üçün torpağın sərəncamını mən verirəm?! Mən vermirəm, mən versəydim 10 il burda otura bilməzdim... Sonda isə məni lap heyrətləndirdi, dedi sən “Realnıy Azerbaycan”a şikayət etmisən, mən bu qəzetə heç ayağımı da silmərəm. Amma mənim jurnalistlərə, xüsusən də “Xalq qəzeti”nə böyük hörmətim var. Redaktoru tez-tez yanıma gəlib-gedir, məndən torpaq istəyir. “Xalq qəzeti”nə Bakı ətrafında (deyəsən, Türkan dedi, indi xatırlamıram) 5 hektar yer ayırmışam, hərənizə 5 sot düşür, gedin bağ evinizi tikin... Amma mən bu hadisədən bir neçə il sonra “Xalq qəzeti”ndən getdim, bilmədim, mənim həmkarlarım torpaq aldılarmı, Türkanda bağ saldılarmı?!

Və son olaraq. Bakıda evi olmayan, kirayədə qalan Hacıbala müəllimin Azərbaycanın bəzi rayonlarında möhtəşəm villaları var. Biri də bizim Qaxdadır. Qaxdakı villanın tikilişində mənim yaxın qohumlarım iştirak edib. Hacıbala müəllim onların yanında da deyib ki, Bakıda işləyəndə çox xeyirxahlıq edib, rəsmi qəzetlərə, jurnalistlərə torpaq verib...

Qalib ARİF

Lənkəranda 16 yaşlı qız intihar edibHadisə rayonun Girdəni kəndində baş verib. Belə ki, 2005-ci il təvəllüdlü Monika Cəbrayıl qızı Hüseynzadə yardımçı tikilidə özünü asaraq intihar edib. Belə ki, 103 Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına damdan yıxılaraq xəsarət alma ilə bağlı çağırış olub. Həkim briqadası hadisə yerinə çatanda sözügedən şəxsin ölmüş olduğu məlum olub. İlkin müayinə zamnı M.Hüseynzadənin hündürlükdən yıxılaraq xəsarət alması nəticəsində deyil, asılaraq ölməsi müəyyənləşib.

Əldə etdiyimiz məlumata görə M.Hüseynzadə həddibuluğ yaşına çatmasa da, bir müddət əvvəl ona elçi gəlib və ailə üzvləri razılaşmayıblar. Bundan sonra qızda psixoloji narahatçılıqlar yaranıb. Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır (report).


Cüdoçumuz “Böyük dəbilqə”də birinci olduAntalyada keçirilən cüdo üzrə “Böyük dəbilqə” turnirində cüdoçumuz qızıl medal qazanıb.

Avrasiya.net xəbər verir ki, cüdoçumuz Zelim Katsoyev (100 kq) final görüşündə rəqibi yaponiyalı Aaron Voleni məğlub edərək qızıl medal qazanıb.

Qeyd edək ki, komandamızın digər üzvü Uşangi Kokauri (100 kiloqramdan yuxarı) bürünc medal uğrunda mübarizə aparacaq. Bundan əvvəl cüdoçumuz Nicat Şıxəlizadə (66 kq) bürünc medal qazanıb.Doxsan üç ölkədən 440 cüdoçunun mübarizə apardığı turnirdə Azərbaycanı 13 idmançı ilə təmsil edib. Yarışa bu gün yekun vurulacaq.
Ukrayna texnikaları Donbasın qəsəbələrindəUkraynanın hərbi texnikaları Donbasın qəsəbələrində yerləşdirilib.

Axar.az xəbər verir ki, bu barədə qondarma Donetsk “xalq respublikası”nın yaydığı məlumatda bildirilib.

"Ukrayna hərbçiləri və texnikalarının Ukraynanın nəzarətində olan ərazidəki yaşayış binaları və bələdiyyə obyektləri yaxınlığında yerləşdirildiyi müəyyən edilib", - məlumatda qeyd olunub.
Şəhid qardaşı itkin düşdü - FotoSalyan şəhər sakini itkin düşüb.

Avrasiya.net Salyan Rayon Polis Şöbəsinə istinadən xəbər verir ki, Salyan şəhər sakini, 1966-cı il təvəllüdlü Əbülfəz Qabil oğlu Xudaverdiyev martın 1-i səhər saatlarında evdən çıxaraq Bakıya gedib və bir daha geri qayıtmayıb.

Ötən gün onu Bakının “Torqovı” adlanan ərazisində görənlər olub.

Qeyd edək ki, I Qarabağ müharibəsi şəhidinin qardaşı olan Ə.Xudaverdiyev fiziki məhdudiyyətli və II qrup əlildir.

Onu görənlərdən Salyan Rayon Polis Şöbəsinə və aşağıdakı nömrəyə zəng vurmaları xahiş olunur: 051 768 66 89.
"Türk dünyasını parlaq gələcək gözləyir"Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) qeyri-rəsmi Zirvə görüşünün səmərəli keçməsinə görə başda İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan olmaqla bütün türk dövlət başçılarını təbrik edirəm. Bu görüş ilk növbədə özünün bir sıra maraqlı məqamları və dövlət başçılarının açıqlamaları ilə diqqəti cəlb etdi. Ən maraqlı, ən önəmli açıqlamalar isə təbii ki, Azərbaycan və Türkiyə prezidentlərindən gəldi.

Azərbaycan Prezidenti İlham Əliyevin Zəngəzur dəhlizinin Türk dünyasının gələcək iqtisadi perspektivləri baxımından oynayacağı rolu və 100 illik ayrılıqdan sonra türk xalqlarının həm coğrafi, həm də mənəvi anlamda birliyinin yenidən bərpa olunması üçün daşıdığı əhəmiyyəti barədə səsləndirdiyi fikirlər həqiqətən də tarixi səciyyəli fikirlərdir. Dövlət başçımız qeyd etdi ki, “vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi. Çünki əgər xəritəyə baxsaq, görərik ki, sanki bizim bədənimizə xəncər saplanmışdır, türk dünyası parçalanmışdır. Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq”. İlham Əliyevin bu fikirləri bütün Türk dünyasına ünvanlanmış ismarıc kimi dəyərləndirilməlidir. Azərbaycan Prezidenti bununla Türk birliyinin yenidən qurulacağının, yeni məzmunda və keyfiyyətdə dizayn ediləcəyinin anonsunu vermiş oldu. Bu isə o deməkdir ki, Türk dünyasını həqiqətən də parlaq gələcək gözləyir. Eyni zamanda Zəngəzur dəhlizi təkcə Qafqaz üçün deyil, Avropadan tutmuş Çinə qədər, böyük bir areal üçün də strateji əhəmiyyətə malik olacaq.

Qardaş Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Türk Şurası Zirvəsindəki çıxışı zamanı Azərbaycanı Qarabağın işğaldan azad edilməsi münasibətilə təbrik etməsi və digər türk cümhuriyyətlərinin dövlət başçılarını da hamılıqla birlikdə Azərbaycanın yanında olmağa çağırması sözügedən Zirvənin qürurla qeyd olunası məqamlarından biridir. Azərbaycanın ətrafında birləşməyə çağırış edilməsi əslində yeni Türk Birliyinə çağırış demək idi. Və bu çağırış Zirvəyə qatılan liderlər tərəfindən isti qarşılandı. Ərdoğanın Ramazan bayramından sonra Şuşaya gələcəyini deməsi isə bu Zirvəyə tamam ayrı bir rəng qatdı. O, bu açıqlaması ilə demək olar ki, Zirvəyə möhür vurdu. Ümumiyyətlə, dünənki qeyri-rəsmi Zirvə görüşünü yaxın gələcəkdə Avropa Birliyi tipində Türk Birliyinin yaradılması istiqamətində atılan növbəti uğurlu addım kimi qiymətləndirmək olar.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
“Atan kazaklardır”Elçin Mirzəbəyli

Rusiyanın informasiya resurslarında, xüsusilə də bu ölkənin əsas dövlət informasiya agentliyi olan TASS-ın hazırladığı xüsusi buraxılışlarda “İskəndər”
qısaməsafəlili ballistik raket sisteminin Makedoniyalı İskəndərin şərəfinə adlandırıldığı bildirilir. Amma bizim və digər müsəlman şərq xalqlarının “Makedoniyalı İskəndər” deyə xitab etdiyi böyük sərkərdənin adı rus dilində Aleksandrdı. O zaman ortalığa sadə bir sual çıxır: Nə üçün “Aleksandr” yox, “İskəndər”?

Bəlkə Rusiya bu kompleksi Şərq ölkələrinə satmaq, yaxud Şərq xalqlarını qorxutmaq, təhdid etmək üçün belə adlandırıb? Söhbətin Rusiyadan getdiyini nəzərə alsaq, bu suala məntiqlə cavab vermək mümkün deyil. Ola bilsin ki, raketin sınaqdan uğurla keçdiyini “qeyd edən” başbilənlərin əhval-ruhiyyələrinin kəlləçarxda olduğu vaxtda bu və ya digər səbəblərdən ağıllarına gələn ilk ad “İskəndər” olub. Yaxud layihəni “İskəndər” adlı hansısa iş adamı maliyyələşdirib və s. Önəmli deyil. Önəmli odur ki, Şərq xalqlarının böyük sevgiylə yanaşdığı böyük sərkərdənin adını hələ bu qədər urvatdan salan olmamışdı...

“İskəndər-M” raketlərinin Şuşada tapılan qalıqları da belə düşünməyə əsas verir. ANAMA-nın təqdim etdiyi qalıqlardan belə anlaşılır ki, raketlər partlayıb. Amma necə partlayıbsa… qalıqlarından başqa heç nə qalmayıb. Bir “İskəndər-M” raketinin dağıdıcı gücünün 15 min kv. metr (iki futbol meydançası qədər) olduğunu nəzərə alsaq, iki “İskəndər-M” raketi Şuşada daş üstə daş saxlamamalıydı...

Bu səbəbdən də, Nikol Paşinyanın dilindən çıxıb deyə, onun “İskəndər” raketlərinin 10% partlaması barədə dediklərini qəribçiliyə salmayaq. Ola bilsin ki, hərbçi olmadığı üçün “İskəndər-M”-in (,) düşdüyü... gülünc vəziyyətin izahını verə bilməyib, nəticəni qiymətləndirib. Yəni “İskəndər-M” raketi 15 min kv metr sahəni deyil, 1500 kv. metr sahəni dağıdıb, yaxud Nikol Kremlin xərtinə dəyməmək üçün 1%-i 10 dəfə böyüdüb.

Fakt isə faktlığında qalır: “İskəndər-M” raketləri Şuşaya atılıb. Ola bilsin, başqa yaşayış məntəqələrinə də... Hər halda işğaldan azad edilmiş ərazilərin minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi prosesində yeni faktların üzə çıxa biləcəyi ehtimalı yox deyil.

Və indi, faktlar göz önünə sərgiləndikdən sonra, Rusiya rəsmilərinin İkinci Qarabağ savaşında “İskəndər” raketlərindən istifadə olunmadığı barədə israrlı bəyanat və açıqlamalarının, bu qəbildən olan birbaşa və labirintvari təkziblərinin səbəbinin nədən ibarət olduğunu müəyyənləşdirməyə çalışaq.

Əvvəla qeyd edək ki, həm İrəvan, həm də Moskva Ermənistan ordusunun arsenalında “İskəndər-M” raketlərinin olmadığını dəfələrlə bəyan edib. Yəni ruslar ermənilərə, özlərinin dediyi kimi sözügedən raket sisteminin eksport variantını – “İskəndər-E” raketlərini hədiyyə ediblər. “İskəndər-M” raketləri isə Rusiyanın Gümrüdə yerləşən hərbi bazasında, bu ölkənin hərbi komandanlığının nəzarətində olub. Şuşada tapılan qalıqların “İskəndər-M” raketlərinə aid olduğunu və bugünədək verilən, yuxarıda haqqında söz açdığım bəyanat və açıqlamaları nəzərə alsaq, o zaman belə anlaşılır ki, raketlər Azərbaycan ərazisinə Rusiyanın Ermənistandakı hərbi bazasından atılıb. Rusiya bu müharibədə, əslində birbaşa, tərəf kimi iştirak edib. Raketləri isə müzəffər Azərbaycan Ordusunun yürüşünün qarşısını almaq üçün atıb. Vaxtilə özünün Cənubi Qafqaza, Azərbaycan torpaqlarına “əkdiyi” “alaq otları”nı himayə edib, qoruyub... Qoruyub ki, nə zamansa yenidən istifadə etsin... Raketləri Azərbaycana doğru tuşlayıb ki, ikibaşlı qartalın qanlı caynağını “sülhməramlı” pərdəsi arxasında gizlətsin və tarix boyu oynadığı iyrənc oyunlarını, xəyanətlərini davam etdirsin...

Əgər belədirdə, o zaman mərhum yazıçımız İsmayıl Şıxlının 300 ildə yalnız görüntüsü və adı dəyişən Rusiya siyasətinin mahiyyətini mükəmməl bir dəqiqliklə ifadə edən “Atan kazaklardır” ifadəsinin daşıdığı məzmunun yenidən təkrarlandığını söyləyə bilərik. Bəli, atan kazaklardır. Həm də sözün bütün mənalarında... Bu xüsusda qeyd edim ki, “atmaq” Rusiya siyasətinin real məzmununu ifadə edən ən qısa, ən lakonik və ən dəqiq sözdür.

Yox əgər Rusiyanın siyasi və hərbi dairələri Ermənistana “İskəndər-M” raketlərini vermədiklərini iddia edəndə klassik ənənələrinə sadiq qalaraq həqiqəti söyləməyiblərsə, bu da onları məsuliyyətdən azad etmir. Əgər belədirsə, Ermənistanın işğal prosesinin başlandığı ilk günlərdən yeganə məqsədinin Azərbaycanı tamamilə məhv etməkdən ibarət olduğu və Rusiyanın da bunu bildiyi halda Ermənistana belə bir imkan yaratdığı bir daha öz təsdiqini tapır.

Bu qədər... “Atan kazaklardır”, atam, atam, kazaklar...

Neftçalada iki azyaşlı qızın zorlanması iddiası ilə bağlı saxlanılan var - DİN-dən açıqlamaDaxili İşlər Nazirliyi bələdiyyə üzvü Vəfa Nağının Neftçala rayonunda iki azyaşlı qızın təcavüzə məruz qalması haqda paylaşdığı məlumatla bağlı araşdırmalara başlayıb.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Zeyni Hüseynov bildirib ki, rayonun Günəşli kənd sakini N.M. Polis Şöbəsinə və DİN-in 102-Zəng Mərkəzinə qonşuluqda yaşayan oğlanın onun 11 yaşlı qızını döyməsi və ona qarşı əxlaqsız hərəkətlər etməsi barədə şikayət edib: “Dərhal oğlan saxlanılaraq Polis Şöbəsinə gətirilib, izahatı alınıb. Lakin o, qıza qarşı heç bir zorakılıq hərəkətləri etmədiyini, yalnız döydüyünü bildirib. Buna baxmayaraq vətəndaşın müraciəti Rayon Polis Şöbəsində araşdırılaraq toplanmış materiallar rayon prokurorluğuna göndərilib.

V.Nağının iddia etdiyi ikinci halla bağlı isə bu günə qədər Rayon polis Şöbəsinə heç bir şikayət daxil olmayıb. Amma bununla belə o iddia da hazırda araşdırılır”.

Qeyd edək ki, bələdiyyə üzvü Vəfa Nağı sosial şəbəkə hesabında Neftçala rayonunda Mirqurbanlı kəndində 9-cu sinif şagirdinin üç-dörd oğlan tərəfindən zorlanaraq kənddə yolun kənarına atıldığını yazıb. O qeyd edib ki, həmin qız bağlı qapı arxasında saxlanılır və bayıra buraxılmır.

Bundan başqa eyni kənddə 12-13 yaşlı uşağın 32 yaşında kişi tərəfindən təcavüzə məruz qaldığı iddia edilir.

Modern.az
Keçmiş Aparat rəhbərinin nədə ittiham olunduğu açıqlandıBakı Şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri Rasim Quliyevin nədə ittiham olunduğu məlum olub.

R.Quliyevin qardaşı, “Səs” qəzetini baş redaktoru Bəhruz Quliyev “Report”a bildirib ki, sabiq Aparat rəhbəri Cinayət Məcəlləsinin iki maddəsi ilə ittiham olunur:

“Rasim Quliyevin barəsində Cinayət Məcəlləsinin 314-2.3-cü (Qanunla müəyyən olunmuş qaydaları pozmaqla torpaq sahələri ayırma, yaxud tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb”.

B.Quliyev qərarla razılaşmadıqlarını və apellyasiya şikayəti verəcəklərini deyib.

Baş redaktor qeyd edib ki, R.Quliyev aprelin 2-də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb və məhkəmənin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Mətanət Əliverdiyeva “Space”dən çıxarıldıAparıcı Mətanət Əliverdiyeva “Space” telekanalı ilə yollarını ayırıb. O, bundan sonra MTV-də çalışacaq.

Avrasiya.net xəbər verir ki, bu haqda aparıcı “axşam.az”a açıqlamasında deyib.

O bildirib ki, fərqli bir şou hazırlayır: “Qonaq tək gəlib mahnı oxuyub getməyəcək. Rubrikalar, süjetlər edəcəyik. Əsl axşam şousu hazırlayırıq. Adı “6/8”dir. Həm saat 6-dan 8-ə kimi yayımlanacaq, həm də bizim milli ritmimizdir”.

Qeyd edək ki, M.Əliverdiyeva ATV telekanalı ilə yollarını ayırdıqdan sonra “Space”də işə başlamışdı. Onun kanalda fəaliyyəti bir neçə həftə çəkib.