Sadiq Qurbanov
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Bildiyimiz kimi, Azərbaycan xalqının parçalanması, tarixi torpaqlarımızın isə bölünməsi və özgəninkiləşdirmə prosesinə 1813-cü və 1828-ci illərdə imzalanmış Gülüstan və Türkmənçay müqavilələri ilə başlanılıb. Bu müqavilələrin nəticəsində ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirilib. İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər azlıq təşkil etmələrinə baxmayaraq, “böyük dayılarının” köməyi ilə yeni süni inzibati ərazi bölgünün yaradılmasına nail oldular ki, buda öz növbəsində azərbaycanlıların öz torpaqlarından qovulması, Azərbaycan xalqına qarşı soyqırımı siyasətinin həyata keçirilməsinə şərait yaratdı. “Böyük Ermənistan” yaratmaq xülyaları ilə yaşayan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı kütləvi qırğınlar həyata keçirdərək yüzlərlə yaşayış məntəqəsini dağıdıb, minlərlə azərbaycanlını vəhşicəsinə qətlə yetirdilər.
1918-ci il martın 31-də isə erməni silahlı dəstələrinin Bakıda azərbaycanlı əhaliyə qarşı başladığı qırğınlar dəhşətli həddə çatıb. Bu hadisə öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Əllərinə düşən fürsətdən istifadə edən ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirdilər, diri-diri yandırdılar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtdılar. Şaumyanın tabeçiliyindəki daşnak-bolşevik hərbi qüvvələri 10 min silahlı qüvvə, eyni zamanda Bakı buxtasındakı hərbi gəmilər vasitəsi ilə şəhərdə və ətraf kəndlərdə kütləvi qətliam və dağıntılar törədərək Bakının böyük bir hissəsini xarabalığa çevirdilər. Təkcə martın 31-də 8 minə yaxın azərbaycanlı öldürülüb, ümumilikdə martın 30-31-i və aprelin 1-də Bakıda 12 min nəfər qətlə yetirilmişdi.
Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinin araşdırılmasına xüsusi diqqət yetirilmişdir. Nazirlər Şurası tərəfindən 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədi ilə Fövqəladə İstintaq Komissiyası yaradılmışdır.
Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin yaratdığı Fövqəladə İstintaq Komissiyasının materiallarına əsasən, azərbaycanlılara qarşı soyqırımı keçirən erməni quldurları Şamaxıda 8 minədək dinc sakini öldürmüşdülər. Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə əhalisi ilə birgə məhv edilmişdir. Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və qocalardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq, son nəfərinədək qətlə yetirilmişdir. Erməni silahlı dəstələri Naxçıvan qəzasının bir neçə kəndini yandırmış, Zəngəzur qəzasında 115 azərbaycanlı kəndi məhv edilmiş, 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüşdür. Bütövlükdə Zəngəzur qəzası üzrə 10068 azərbaycanlı öldürülmüş və ya şikəst edilmiş, 50000 azərbaycanlı isə qaçqın düşmüşdür. İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı qətlə yetirilmiş, kəndlər isə yerlə yeksan edilmişdir. Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş etmiş, 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kəndi dağıtmış və əhalisini məhv etmişdir.
Ermənilərin xalqımıza qarşı törətdiyi 31 Mart soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya yayılması işi Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə başlanılmışdır. 1998-ci il martın 26-da Heydər Əliyevin imzaladığı və böyük tarixi əhəmiyyət daşıyan “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla 1918-ci il martın 31-i “Azərbaycanlıların soyqırımı günü” elan edilmişdir.
Cənab Prezidentimiz İlham Əliyevin 2009-cu il 30 dekabr tarixli Sərəncamı ilə Quba şəhərində Soyqırımı Memorial Kompleksi yaradılmışdır.
18 yanvar 2018-ci ildə isə 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı olmuşdur.
Azərbaycan xalqı Xocalı da daxil olmaqla bu qətliyamları hec vaxt unutmamalıdır.
Düzdür, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Milli Ordumuz tərəfindən aparılan 44 günlük müharibə xalqımızın şərəf tarixinə yeni bir “qızıl tarix” yazdı. Azərbaycanın Dövlət-Ordu-Xalq Birliyinin gücü, savaş meydanında qəhrəmanlıq dastanı yazan oğul və qızlarının şücaəti ilə nəinki düşmənin dünyada 30 ildə yaratmağa cəhd etdiyi mifi bu 44 gündə alt-üst elədi, eyni zamanda 200 ildən artıq aparılan mənfur ermənilik siyasətini darmadağın etdi. Dünya erməniliyinin iç üzünü hər kəsə göstərdi. Amma nəzərə almalıyıq ki, dünya elə həmin ikiüzlü dünya olaraq qalır........
Ona görə də biz yaşadığımız bu soyqırımılar barədə hər gün təbliğat aparmalıyıq. Soyqırımı unudan millət yeni soyqırım yaşamağa məhkumdur.
Başımıza gələnləri UNUTMAYAQ!