İtkin düşən hərbçimizin nəşi tapıldı - FOTOVətən müharibəsində itkin düşən daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib.

Şəhid Gəncə şəhər sakini, 1998-ci il təvəllüdlü Məmmədov Vüsal Elşən oğludur.

V.Məmmədovun nəşi Xocavənd istiqamətində tapılıb. Onun cənazəsi sabah Gəncə şəhərinə gətirilərək Şəhidlər Xiyabanında dəfin ediləcək.

Qeyd edək ki, V.Məmmədov ailəsi ilə sonuncu dəfə ötən ilin noyabrın 6-da telefonla danışıb (apa).
Azərbaycanın haq savaşında qalib gəlməsini istəməyənlər...Elçin Mirzəbəyli

Prezident İlham Əliyevin Füzuli və Xocavəndə səfəri zamanı Hadrutun alınmasının əhəmiyyəti barədə səsləndirdiyi fikirlərdən sonra, həmin dövrdə sosial şəbəkələrin erməni, rus və ingilisdilli seqmentində, eləcə da sözügedən dillərdə yayımlanan informasiya vasitələrində yayımlanan rəy və şərhlərə yenidən nəzər salmaq qərarına gəldim. Maraqlıdır, həmin dövrdə nəinki ermənilərin, hətta Rusiya və Qərb mediasının, həmçinin ekspertlərinin bütün açıqlama, şərh və rəylərində israrla Hadrutun alınmasının mümkünsüzlüyü barədə iddialar irəli sürülür və Azərbaycanın sadəcə informasiya müharibəsi apardığı bildirilir. İndi həmin dövrdə yayımlanan məlumatlara və digər materillara nəzər salanda, acı təbəssümünü gizlədə bilmirsən.

Sentyabrın 27-dən oktyabrın 4-dək olan müddətdə, yəni Cəbrayılın alınmasına qədər olan dövrdə əksər məlumatlarda və ekspert rəylərində Azərbaycanın bəzi yüksəkliklərə sahiblənməsindən sonra müharibənin tezliklə dayanacağından bəhs edilir. Müharibənin gedişində rəylər dəyişir, şübhəsiz. Təbii ki, Hadrutun işğaldan azad edildiyi zaman kəsiyinədək… Ermənilər və Azərbaycanın haq savaşında qalib gəlməsini istəməyənlər “Hadrut ermənilərdədir” deyə daş atıb başlarını tuturlar. Nə üçün? Hansı səbəbdən? Çünki Hadrutun azad edilməsi Azərbaycan ordusunun yolunu Şuşaya və digər ərazilərə açmaqla yanaşı, Ermənistan cəmiyyətinə, separatçılara və Azərbaycan torpaqlarında qanunsuz olaraq məskunlaşdırılan ermənilərə çox ciddi və sarsıdıcı bir mesaj verirdi.

Məlum olduğu kimi, Hadrut ermənilər tərəfindən ən çox məskunlaşdırılan, infrastrukturu dağıdılmayan azsaylı ərazlərdən biri kimi diqqət mərkəzində idi və düşmənin bütün potensialı Xankəndi və Şuşa ilə yanaşı, həm də Hadruta yönəlmişdi. Hadrutun işğaldan azad edilməsi isə, o anlama gəlirdi ki, işğalçı ordu mülki əhalinin təhlükəsizliyini təmin etmək iqtidarında deyil. Bu isə öz növbəsində, Ermənistanda, həmçinin qanunsuz məskunlaşdırma və digər səbəblərdən Azərbaycan ərazilərində yaşayan ermənilərin Ermənistan ordusu ilə bağlı “məğlubedilməzlik” iddialarını sıradan çıxaracaq, mifləri məhv edəcək və Azərbaycanın bu müharibədə qalib gələcəyi mesajını verəcəkdi.

Digər tərəfdən, Hadrutun azad edilməsi prosesində Azərbaycan ordusunun beynəlxalq humanitar hüququn norma və prinsiplərinə sonunadək əməl etdiyi, mülki əhalini qoruduğu faktlarını ortaya çıxaracaqdı ki, bu da əsgər və zabitlərimizi, bütövlükdə isə xalqımızı dünyaya “qaniçən” kimi təqdim etməklə informasiya müharibəsində önə cıxmağa çalışan Ermənistanı və himayədarlarını pis vəziyyətə qoyacaqdı. Məhz bu səbəblərdən Hadrutun alınmadığı barədə iddialar və saxta məlumatlar, ekspert rəyləri fasiləsiz olaraq körüklənir, Azərbaycan ərazilərində qanunsuz şəkildə məskunlaşdıprılan ermənilərin Ermənistana qaçmaması, erməni ordusundakı fərariliyin daha da genişlənməməsi, məğlubiyyətin qaçılmaz olduğu barədə reallığın dərk edilməməsi üçün düşmənin bütün resursları işə salınırdı..

Bu, şübhəsiz ki, məsələnin siyasi və psixoloji tərəfidir. Hərbi aspektlərə gəldikdə isə, Azərbaycanın qələbəsinin labüdlüyünü əsaslandıran rəylərə diqqət yetirək:

Rusiyalı hərbi ekspert Vasili Kaşinin qənaətinə görə, Azərbaycanın qələbəsini şərtləndirən əsas səbəblərdən biri, silahlanmanın düşünülmüş, ciddi şəkildə planlaşdırılmış şəkildə aparılmasıdır: “Azərbaycan hakimiyyəti pulu havaya sovurmur, hərbi sahədə yeni tendensiyaları diqqətlə izləyir, Yaxın Şərqdəki müharibənin təcrübəsini öyrənirdi. Azərbaycan müharibəyə nümunəvi şəkildə hazırlaşmışdı.Həm də bu, təkcə hərbi deyil, siyasi, iqtisadi və təbliğat aspektlərini də əhatə edirdi”.

Hərbi ekspert, Rusiyanın “Arsenal Oteçestva” jurnalının redaktoru Viktor Muraxovski isə Hadrutun azad edilməsində və müharibənin davamında Azərbaycan ordusunun ehtiyatlı davrandığını, ciddi kəşfiyyat məlumatlarına əsaslanaraq hərəkət etdiyini bildirir.
Hadrutun azad edilməsinin təkzib olunmasının mümkünsüzlüyündən sonra, Azərbaycan ordusunun gücünü etiraf edənlərin sayı kifayət qədər çoxdur. Əlbətdə, qalib gələcəyi şübhə doğurmayan ölkənin yanında kim olmaq istəməz ki...
Qaqauziyanın rəhbəri səfirimizlə görüşübQaqauziya Muxtariyyətinin başqanı İrina xanım Vlah Azərbaycan Respublikasının Moldovadakı fövqəladə və səlahiyyətli səfiri cənab Qüdsi Dursun oğlu Osmanov ilə görüşüb.

Avrasiya.net xəbər verir ki, başqan, Çadır-Lunqa şəhərində Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə inşa edilən Mədəniyyət-Təhsil Mərkəzindəki işin icra mərhələsi və istifadəyə verilməsi şərtləri barədə səfirə məlumat verib.

Mərkəzin açılışı 2021-ci ilin birinci yarısına planlaşdırılır. Qaqauziyanın rəhbəri Mədəniyyət-Təhsil Mərkəzinin Heydər Əliyev adına adlandırılması təşəbbüsü ilə çıxış edib.

Həmçinin görüş zamanı başqan və cənab Qüdsi Osmanov, Muxtariyyət rəhbərlərinin Azərbaycana gözlənilən səfərini və Qəbələ rayonu ilə əməkdaşlıq müqaviləsinin imzalanması planlarını da müzakirə ediblər.
QHT sədri "Tərəqqi" medalı ilə təltif edilibPrezident İlham Əliyev Azərbaycan Respublikasında miqrasiya sahəsində fərqlənən şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Avrasiya.net xəbər ki, Sərəncama əsasən, miqrasiya sahəsində uzunmüddətli fəaliyyətinə və vətəndaş cəmiyyəti institutları ilə dövlət qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsində xidmətlərinə görə Azər Kərim oğlu Allahverənov “Tərəqqi” medalı ilə təltif edilib.

Qeyd edək ki, Azər Allahverənov Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın və “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədridir
Türkiyədə bütöv bir kənd yanır - VideoBu gün Türkiyənin Artvin bölgəsinin Yusifəli rayonunun Dərəiçi kəndində yanğın başlayıb.

Avrasiya.net xəbər verir ki, yanğın barədə danışan kəndin muxtarı yanğının bir evdən başladığını və kənddəki 170 evdən 50-yə yaxının yandığını bildirib.

Yanğının söndürülməsinə yanğınsöndürənlər cəlb olunub.
Azərbaycan Braziliya Ciu-Citsu Klubunda yeni təyinatBu gün Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin növbəti iclası baş tutub.

Avrasiya.net xəbər verir ki, iclasda İctimai Birliyin prezidenti Aqil Acalov, Braziliya Ciu-Citsu döyüş sənətinin Azərbaycanda banisi, həmçinin klubun təsisçisi Taleh Həsənov, klubun Birinci vitse-prezidenti Rəsul Məmmədov, vitse-prezidenti Anar Səfərov, Mədəniyyət Departamentinin sədri Zavir Nəcəfov və klubun hüquqşünası Fərid Mikayılov iştirak etmişlər.

İclası açılış sözü ilə açan İctimai Birliyin prezidenti Aqil Acalov əvvəlcə ağır pandemiya şərtlərindən, tətbiq edilən karantin rejiminin idmançılara və ümumiyyətlə idmana vurduğu mənfi təsirlərdən danışıb. Tezliklə hər şeyin sona çataraq normal həyata dönməyini arzulayan A. Acalov ictimai birliyin yenidən öz fəaliyyətini bərpa edəcəyini və ötən zaman ərzində dəymiş zərəri qısa müddət ərzində bərpa etmək üçün əlindən gələni edəcəyini vurğulayıb.

Daha sonra çıxış edən Taleh Həsənov pandemiyadan sonrakı dövr üçün görülən hazırlıqlardan və bu dönəmdə insanları, xüsusilə uşaqları və gəncləri həvəsləndirərək idmana sevgini onlara aşılamağın vacibliyindən danışıb. O, bu ötən zaman kəsiyi ərzində idmanda yaşanan durğunluqdan danışaraq post-pandemiya dövründə görüləcək işlərin çoxluğunu xüsusi vurğulayıb.

İctimai Birliyin Birinci vitse-prezidenti Rəsul Məmmədov çıxışında İctimai Birliyin idarə heyətinin üzərinə böyük vəzifə düşdüyünü deyərək istər Ciu-Citsu idman növünün, istərsə də idmanın digər növlərinin və ümumiyyətlə Azərbaycan idmanının inkişafı üçün görüləcək işlərdən və yeni layihələrdən danışıb.
Tədbirdə çıxış edən İctimai Birliyin vitse-prezidenti Anar Səfərov isə Braziliya Ciu-Citsu idman növünün ölkəmizdə inkişaf etdirilməsinin İctimai Birliyinin prioriteti olduğunu vurğulayaraq bu idman növünün Azərbaycana gəlməsinin tarixi barədə söz açıb. O bildirib ki, bu idman sahəsinin daha geniş yayılması üçün İctimai Birliyin işlərində öz üzərinə düşən bütün öhdəlikləri layiqincə yerinə yetirməyə hazırdır.
Tədbirdə söz alan klubun Mədəniyyət Departamentinin rəhbəri Zavir Nəcəfov da məsələnin ciddiyyətindən bəhs edib. O bildirib ki, ölkə başçısının idmana olan xüsusi diqqət və qayğısı hər kəs üçün nümunə olmalıdır.

Bundan sonra növbə ilə söz alan iclas iştirakçıları da mövcud vəziyyətlə bağlı fikirlərini bildirmişlər.
İclas zamanı Rüfət Həsənov (idarəçilik və marketinq üzrə təlimçi, sosial və xeyriyyə layihələrinin təşkilatçısı, iş adamı, ictimai xadim) İctimai Birliyin vitse-prezidenti seçilib. O, söz alaraq qəbul olunan qərardan məmnunluq duyduğunu, hər zaman idmana dəstək olduğunu, bundan sonra xüsusilə İctimai Birliyin inkişafı, həmçinin bu idman növünün ölkədə öz layiqli yerini tapması üçün əlindən gələni edəcəyini bildirib.
Azərbaycan Moldova ilə oynayacaqAzərbaycan milli komandasının daha bir yoldaşlıq oyunu keçirəcəyi müəyyənləşib.

Avrasiya.net xəbər verir ki, millimiz iyunun 5-də Kişinyov şəhərində Moldova yığma komandası ilə qarşılşacaq.

Xatırladaq ki, Azərbaycan milli komandası mayın 28-də Alanyada Türkiyə, iyunun 2-də isə Minsk şəhərində Belarus yığması ilə üz-üzə gələcək.
Azay Quliyev seçicilərlə videogörüş keçiribBu gün deputat Azay Quliyev 8 saylı Binəqədi birinci seçki dairəsinin seçiciləri ilə növbəti videogörüşünü keçirib.

Videogörüşdə iştirak edən seçicilər abadlıq-quruculuq işləri, kommunal və məşğulluq məsələləri ilə bağlı onları narahat edən problemlər haqqında deputata müraciətlərini çatdırıblar.

Qaldırılan problemlərin bir qismi yerində həll edilib, digərləri ilə bağlı müvafiq addımların atılacağı bildirilib.

Mərkəzi və yerli icra hakimiyyətlərinin səlahiyyətlərinə aid olan məsələlərlə bağlı aidiyyəti qurumların videogörüşdə iştirak edən nümayəndələri qeydlər aparıb və onların araşdırılaraq həll ediləcəyi bildirilib.

Görüşdə Binəqədi rayon İcra Hakimiyyəti başçısı aparatının Sakinlərin Müraciət Xidmətinin rəisi Anar Səfərov, Binəqədi bələdiyyəsinin sədri Mürsəl Eminov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin müdiri Arzuman Hüseynov və 4 saylı Bakı Ərazi Məşğulluq Mərkəzinin baş mütəxəssisi Rəcəb Əliyev də iştirak edib.
Ölkəmizdə Britaniya ştammı təhlükəsi: Qapanma gözlənilirMartın 19-da Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi gözlənilir.

Avrasiya.net xəbər verir ki, bu barədə Report məlumat yayıb.

Brifinqdə qəbul edilmiş sərt qərarlar barədə açıqlama veriləcəyi ehtimal edilir. Buna səbəb kimi isə Azərbaycanda koronavirusun yeni növü olan Britaniya ştammının tapılması ehtimalı qeyd edilir.

Qarşıdan Novruz bayramı ilə əlaqədar Azərbaycanda 9 gün tətil olacaq. Bununla əlaqədar olaraq isə bir çox insan regionlara getməyi planlaşdırır. Bu da öz növbəsində pandemiyanın və ən təhlükəli olan Britaniya ştammının yayılmasına, ölkədə acınacaqlı vəziyyətin yaranmasına səbəb ola bilər. Bunun qarşısını almaq üçün preventiv tədbirlərin görülməsi qaçılmaz zərurətə çevrilir.

Qeyd edək ki, koronavirusun Britaniya ştammı daha təhlükəli, sürətlə yayılan, ağır keçirilən sayılır. Avropada bir çox ölkələr üçüncü dəfə qapanmaya məhz Britaniya ştammının yayılmasının qarşısını almaq məqsədilə gediblər.

Buna misal kimi Slovakiyada pandemiyanın artıq dövlət böhranına səbəb olmasını göstərmək olar. Bu ölkədə gündəlik yoluxma 3 min, ölənlərin sayı isə yüzlərlədir.

Ümumdünya Səhiyyə Təşkilatının həftəlik epidemioloji bülletenində qeyd olunur ki, keçən həftə virusun müxtəlif variantları barədə məlumat verən ölkələrin sayı artmağa davam edib. VOC 202012/01 koronavirusundan başqa, ilk dəfə Cənubi Afrikada aşkar olunmuş 501Y.V2 ştammının coğrafiyası da genişlənərək (daha 6 ölkə) 64 ölkəyə çatıb. Əvvəlcə Braziliya və Yaponiyada təsbit edilən P.1 ştammı da daha 6 ölkədə aşkar edilib və indi bu mutasiya növü 38 ölkədə dolaşmaqdadır.
Baş infeksionistdən əhaliyə ÇAĞIRIŞSəhiyyə Nazirliyinin Baş infeksionisti Təyyar Eyvazov Novruz bayramı ərəfəsində əhalini özünü daha çox qorumağa və diqqətli olmağa çağırıb.

Avrasiya.net xəbər verir ki, o, bu barədə Səhiyyə Nazirliyinin sosial şəbəkə hesabında canlı yayım zamanı bildirib.

Qeyd edib ki, insanların qoruyucu vasitələrdən istifadə etməsi virusun azalmasında həlledicidir: “Yoluxma hallarının çoxalması ilə qaydaların sərtləşməsi baş verir. Karantin sərtləşəndə təmaslar azalır. Bəri başdan təmasları azaldaq, boş yerə özümüzü riskə atmayaq.

Biz mütləq qızıl qaydalara ciddi əməl etməliyik. Yalnız bu yolla süni immunitet qazanıb dözümlülük əldə edə bilərik. Epidemioloji zənciri qıraraq epidemiyanın azalmasına, idarəolunan həddə düşməsinə səbəb olarıq. Ona görə də hansısa adminstrativ tədbirlərə əl atılmasına lazım gəlməz. Arzu edirəm, gələn Novruzda bu virusu çözmüş olaq”.