Paşinyan yenə qalib gəldiErmənistan Baş naziri Nikol Paşinyanın Baş Qərargah rəisi Onik Qasparyanı vəzifəsindən azad etməsi daxili siyasətdəki güc balansına təsir edəcək. Qasparyan çox ciddi fiqurdur.

Bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Ermənistan Baş naziri Nikol Paşinyanın Baş Qərargah rəisi Onik Qasparyanı vəzifəsindən azad etməsi və bunun ehtimal nəticələri haqda danışarkən deyib.

Politoloq qeyd edib ki, Qasparyan bu və ya başqa yolla vəzifədən getməli idi:

“Yəni bu gün onun vəzifədən uzaqlaşdırılması xəbəri mənim üçün heç də təəccüblü deyil. Əvvəla, onu qeyd edim ki, dünyanın hansı nöqtəsində olursa olsun, ordunun siyasətə qarışması, müəyyən güclərin oyuncağına çevrilməsi, hərbi çevriliş etməsi mənfi qarşılanır. Ordunun yalnız bir öhdəliyi var - dövlətin milli maraqlarına xidmət etmək, xalqını, dövlətini xarici qüvvələrdən qorumaq. Ordu bu kontekstdən kənara çıxarsa, həmin orduda nə nizam-intizam qalar, nə də o ölkədə siyasi sabitlik olar. Onik Qasparyan da faktiki olaraq Baş nazir Nikol Paşinyanın əmirlərinə qarşı gələrək, hərbi çevrilişə cəhd etmiş biridir. Ola bilsin biz geniş mənada bunun şahidi olmadıq, lakin istənilən halda Qasparyanın 40-a yaxın yüksək rütbəli zabitlə Paşinyandan hakimiyyətdən getməsini tələb etməsinin başqa bir adı ola bilməz”.

Politoloqun sözlərinə görə, Qasparyanın vəzifəsindən uzaqlaşdırılmasının bir sıra nəticələri olacaq:

“Birincisi, Paşinyan Qasparyanı sıradan çıxarmaqla hakimiyyətini gücləndirmiş oldu. Çünki hazırda onun iqtidarına müxalifətdən, Qarabağ klanından çox, Kremlin əlində oyuncağa çevrilən Ermənistan ordusu təhlükə törədir. Qasparyan isə bu təhlükənin əsas nüvəsidir. Paşinyan Qasparyanı istefaya göndərməklə faktiki olaraq iqtidarına təhlükə ola biləcək bir nömrəli adamı sıradan çıxarmış oldu.

İkincisi, Paşinyanın Onik Qasparyanı vəzifəsindən azad etməsi Qarabağ klanı üçün heç də arzuedilən bir ssenari deyildi. Çünki Qarabağ klanı rəsmi Moskvanın Ermənistanda təsirini qoruyan siyasi qanad idisə, Qasparyan da bu siyasi qanadı qoruyan hərbi qanad idi. Yəni Qasparyanın istefaya getməsi Qarabağ klanının ordudakı nüfuzunun ciddi ölçüdə azalması deməkdir. Bundan sonra Kreml Ermənistana birbaşa hərbi müdaxilə etməsə, Qarabağ klanının Paşinyana qarşı quru sözlü müdaxilədən başqa edə biləcəyi heç nə yoxdur.

Üçüncüsü, Qasparyan qanunun gücü ilə vəzifəsindən azad edildi. Bu da ondan xəbər verir ki, heç kəs bu qərara görə Paşinyanı tənqid edə, ya da təzyiq göstərə bilməz. Baş nazir öz konstitusion səlahiyyətlərindən istifadə edib. Buna görə onu heç kəs ittiham edə bilməz”.

Zəngəzur Azərbaycana bu cür qayıdacaq – Moskvadan baxışHətta hərbi analiz sahəsində istənilən diletant belə ən azı Ermənistan dövlətinin dağılmasına gətirib çıxara bilən üç əsas faktoru dəqiq deyə bilər: ərazilərin itirilməsi, daxili siyasi münaqişə və xarici müdaxilə.

Bu barədə Axar.az-a açıqlamasında Beynəlxalq Siyasi təhlil və Proqnozlaşdırma Mərkəzinin prezidenti, rusiyalı siyasi analitik Denis Korkodinov bildirib.

Onun sözlərinə görə, bu amillər Ermənistan ərazisinin tam parçalanmasının başlanğıc nöqtəsidir:

“Bununla yanaşı, Bakını bu ssenarinin reallaşdırılmasında ittiham etmək sadəlövhlük olardı, çünki Azərbaycan İkinci Qarabağ müharibəsini uğurla başa vurduqdan sonra İrəvandakı daxili siyasi qalmaqalları və Ermənistan ordusunun parçalanmasını sadəcə müşahidə edir. Nəticə etibarilə, Azərbaycana bir güllə atmadan belə Ermənistanın öz təşəbbüsü ilə təqdim edəcəyi bütün torpaqları geri götürmək qalacaq. Bu, Çiçəklənən Ermənistan Partiyasının deputatı, sabiq xarici işlər naziri Vartan Oskanyanın dediyi kimi Zəngəzura, o cümlədən hazırda rus sülhməramlılarının nəzarətində olan Azərbaycanın Xankəndi şəhərinə də aiddir.

Rəsmi İrəvanın bir sıra məsələlərin öhdəsindən gələ bilməməsi erməniləri tarixi ədalətin bərqərar olunması ilə barışmağa məcbur edərək”, - deyə həmsöhbətimiz qeyd edib.
Nizami Gəncəvi – iki xalqı birləşdirən ədəbi körpü“Eşq şeiriyyatının ustadı, bənzərsiz düha sahibi, yaradıcılığı ilə özündən sonra məktəb miras qoyan Nizami Gəncəvi haqqında söz demək çox çətindir, çünki təriflər onun kölgəsində qalır. Nizami Gəncəvi ötən 880 il ərzində farsdilli ədəbiyyatın mənzum hekayə yazmaq zirvəsində yer alıb və kimsə bu ucalıqda onunla rəqabət apara bilməyib”.

Bu sözlər İran İslam Respublikasının ölkəmizdəki Səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Əli Purmərcan dahi Azərbaycan şairi Nizami Gəncəvi haqqında yazdığı məqalədə deyilir. Cənab Purmərcan qeyd edir ki, Nizami Gəncəvinin üstün şairlik istedadı ilahi ilham və dini əqidəsi ilə birləşərək vəhdət təşkil edəndə daha da güclənir və şeirlərinin açıqlaması farsdilli ədəbiyyat dəryasına baş vuran ədəbiyyatşünaslar üçün əlçatan olur.

Müəllifə görə, Nizaminin “Xəmsə”si – “Məxzənül əsrar” (Sirlər Xəzinəsi), “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Həft peykər” (Yeddi gözəl) və “İsgəndərnamə” poemaları bədii mənalar, yenilikçi mövzularla zəngindir. Yaxın və Orta Şərq fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən, ecazkar söz sənəti incilərini yaradan Nizaminin əsərlərindəki yenilik və təravət qəlbləri oxşayır və öz oxucularının ilham mənbəyinə çevrilərək onlara şeirdə, musiqidə, sənətdə yeni yaradıcılıq qapıları açır. Mənanın və əqidənin dərinliyində gizlənmiş bu yenilik onun bütün məsnəvilərində görünür.

“Nizaminin özündən əvvəlki Firdovsi, Mənuçehri, Sənayi, Ömər Xəyyam və Əsədi Qorqani kimi şairlərdən faydalanması Xəmsədə özünü büruzə versə də, onun məsnəvilərindəki hikmət, irfan, fəlsəfə, əxlaq onu digərlərindən xeyli fərqləndirir. Əsrlərdən bəri axıb gələn bu hikmət çeşməsi bu gün də İran və Azərbaycanda, yaxud dünyanın fərqli bir məkanında yaşamasından asılı olmayaraq müasir insanın mənəvi qidasına çevrilməkdədir” yazan müəllif bildirir ki, Nizami Gəncəvinin doğum və vəfat tarixi, yaxud şeiriyyatı ilə bağlı ixtilaflar haqqında çoxlu kitablar yazılıb. Yaxın keçmişdə isə onun irfani və fəlsəfi fikirləri Əllamə Məhəmməd Təqi Cəfəri kimi alimlərimiz tərəfindən araşdırılıb.

“Nizami Gəncəvinin ədəbi, dini və irfani şəxsiyyəti vəhdət, dostluq və birlik axtaran insanlara örnəkdir. Dahi söz ustadını daim diqqət mərkəzində saxlamaq məqsədilə İran təqvimində hər il 11 mart “Nizami Gəncəvi günü” kimi qeyd edilir. Bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış, insanlara daim əxlaqi və yüksək mənəvi keyfiyyətlər aşılayan qüdrətli söz ustadı Nizami Gəncəvinin zəngin yaradıcılığının bəşər mədəniyyəti üçün müstəsna əhəmiyyətini nəzərə alaraq və ustad şairin irsinin öyrənilməsi, nəşri və təbliğinin daha da yaxşılaşdırması məqsədilə Azərbaycan Respublikasında 2021-ci il “Nizami Gəncəvi ili” elan edilib. Bütün bunlar hər iki qardaş millətin irfan şairi və Xəmsə yaradıcısına verdiyi dəyərin göstəricisi, ona olan sonsuz ehtiramın bariz nümunəsidir. Ümidvarıq ki, Nizami Gəncəvinin əsərlərinin və ya dərin fikirləri barədə əsərlərin çap edilməsi ilə dünya xalqları, xüsusilədə İran və Azərbaycan xalqları öz ruhlarını və qəlblərini daim Nizami şeiri ilə cilalayacaq. Bu isə onların daha da yaxınlaşmasına səbəb olacaq”, - yazır Mədəniyyət Mərkəzinin sədri Əli Purmərcan.

Avrasiya.net
Kavçalyuk: "Dost münasibətlərin inkişafında etibarlı tərəfdaş olaraq qalacağıq"Azərbaycan ilə Moldova arasında sıx əlaqələrin qurulması hər iki ölkəni iqtisadi cəhətdən inkişaf etdirəcək, sosial, siyasət, turizm və mədəniyyət sahələrində əməkdaşlığı inkişaf etdirəcək.

AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovla görüşündə bu ölkənin “Avropada ev quraq” Partiyasının lideri Georgi Kavçalyuk söyləyib.

Partiyanın proqramı haqqında ətraflı məlumat verən G.Kavçalyuk bildirib ki, ölkələrimiz arasında iqtisadiyyat, siyasət, təhsil, turizm və mədəniyyət əlaqələrin inkişafı üçün bütün resurslardan tam istifadə edilməlidir.

Səmimi qəbula görə təşəkkürünü bildirən G.Kavçalyuk vurğulayıb ki, rəhbərlik etdiyi partiya Azərbaycan ilə Moldova arasında dost münasibətlərin inkişafında etibarlı tərəfdaş olaraq qalacaq və əlaqələrə öz töhfəsini verəcək.

Görüşdə səsləndirilən təklif və tövsiyələrin iki ölkənin münasibətlərinin inkişafına xidmət etdiyini vurğulayan səfir Q.Osmanov vurğulayıb ki, ticari-iqtisadi əməkdaşlıq sahəsində yaxşı potensial var. Bu potensialdan tam istifadə edilməli, əmtəə dövriyyəsinin artırılması istiqamətində birgə işlər görülməlidir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.
Baş infeksionist vətəndaşlara müraciət etdi“Artıq bir ildən çox müddətdir ki, COVID-19 pandemiyası dünyanın hər yerində, o cümlədən ölkəmizdə də tuğyan edərək həyatımızı çətinləşdirmiş, xeyli sayda insanlarımızın xəstələnməsinə və itkilərə səbəb olub. Pandemiyanın ilk günündən Dövlətimiz bu infeksiyaya qarşı bütün resurslarını səfərbər edərək mübarizə aparır. Təəssüflə qeyd etmək istərdik ki, virusa qarşı hələki effektiv bir dərman vasitəsi icad olunmayıb. Belə bir durumda pandemiya ilə mübarizənin ən önəmli yolu onun profilaktikasıdır”.

Avrasiya.net xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazovun əhaliyə müraciətində bildirib.

T.Eyvazov qeyd edib ki, ilk aylarda bunlar yalnız müxtəlif gigiyenik qaydalara və karantin tədbirlərinə əməl olunması ilə məhdudlaşırdısa, artıq insanların xilası üçün daha effektiv və etibarlı vasitə olan vaksinlər tətbiq olunur:

“Yada salmaq istərdik ki, vaxtilə insanların kütləvi ölümünə səbəb olmuş təbii çiçək xəstəliyinə də məhz vaksinasiya yolu ilə qalib gəlinib. Vaksinasiya nəticəsində qızılca, difteriya, göy öskürək və s. kimi bir sıra infeksiyalarla xəstələnmə halları xeyli azalıb, yüz minlərlə insanların həyatı xilas edilib.

İndiyədək yeni koronavirus infeksiyasına qarşı müxtəlif vaksinlər hazırlanıb. Bəzilərinin hazırlanma metodları elmi tərəqqinin ən son nailiyyətlərinə əsaslanır. Artıq əminliklə deyə bilərik ki, hazırlanmış və tətbiqinə icazə verilmiş bütün vaksinlərin yetərli effektivliyi və təhlükəsizliyi aparılmış çoxsaylı elmi araşdırmalarla sübut olunub. Ölkəmizdə istifadə olunan peyvənd, təhlükəsizliyi və effektivlik dərəcəsi illərlə sınanmış ənənəvi üsulla, inaktivləşdirilmiş, yəni ölü virusdan hazırlanıb. Hər bir vaksinin yan təsirləri mövcuddur. Bu əsasən az hallarda rast gələn, zəif ifadə olunmuş və qısa müddətli, inyeksiya yerində mülayim ağrı hissi, qızartı, yüngül ümumi zəiflik, baş ağrıları, subfebril hərarət və s.-dir. Bu əlamətlər orqanizmin yeridilən yad maddələrə qarşı verdiyi təbii reaksiyasıdır və immun sistemin yetərli fəaliyyətini əks etdirir. Tətbiq olunan vaksinin qeyd olunan xüsusiyyətləri ölkə üçün vaksin seçimi zamanı bu sahənin əksər aparıcı alim və mütəxəssisləri tərəfindən nəzərə alınaraq dəstəklənib və müvafiq dövlət qurumlarına tövsiyə edilib. Nazirlər Kabineti tərəfindən qəbul olunmuş “Vaksinasiya Strategiyasına” əsasən artıq xeyli vətəndaşımız peyvənd olunub və vaksinasiya prosesi bu gün də davam edir”.

Baş infeksionistin sözlərinə görə, vaksinasiyanın məqsədi yoluxma hallarını əhəmiyyətli azalmasına nail olmaqla infeksiyanı nəzarət olunan həddə saxlamaq, ölüm hallarını minimuma endirməkdir:

“Lakin bu məqsədə yalnız əhalinin əksəriyyəti peyvənd olunduqda çatmaq mümkündür. Vurğulamaq istərdik ki, dünyada vaksin qıtlığının olması səbəbindən lazımi sayda preparatın ölkəyə birincilər sırasında gətirilməsini təmin etmək dövlətimizin nailiyyətidir.

Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, dövlətimizin bu uğuruna kölgə salmaq istəyənlər də var. Son günlər sosial şəbəkələrdə peyvənd edilən vətəndaşların iflic olması, ağır xəstələnməsi, hətta ölməsi, vaksinasiyanın gələcəkdə sonsuzluğa səbəb olacağı barədə heç bir elmi əsası olmayan və həqiqəti əks etdirməyən məlumatlar yayılır. Bu çür yoxlanılmayan şaiyələr tirajlanaraq insanlarda çaşqınlıq yaradır. Nəzərinizə çatdırmaq istərdik ki, Səhiyyə Nazirliyinə indiyənədək vaksin olunmuş insanlarda bu tip qeyri-adi ağırlaşmalar barədə heç bir məlumat daxil olmayıb. Bir daha əhalinin nəzərinə çatdırırıq ki, peyvənddən sonra hər hansı bir güclü reaksiya baş verərsə bu haqda mütləq qaydada müvafiq tibb qurumlarına müraciət etsinlər.

Artıq 400 mindən çox vətəndaşımız peyvənd olunub və hər gün vaksin olunmaq üçün minlərlə insan könülü olaraq müvafiq tibb idarələrinə müraciət edir. Sevindirici haldır ki, peyvənd olunanların sayı bir il ərzində bu infeksiya ilə xəstələnənlərin rəsmi statistik göstəricilərini üstələyib. Bu o deməkdir ki, yaxın gələcəkdə bu qədər insan infeksiyaya yoluxmayacaq və hətta az sayda yoluxmalar olsa belə onlar arasında ölüm halları baş verməyəcək. Ümid edirəm ki, tezliklə peyvəndləmənin müsbət effektini hər birimiz öz həyatımızda hiss edəcəyik.

Şaiyələrə deyil, elmi faktlara əsaslanaraq peyvənd kompaniyasında könüllü iştirak edək, bu infeksiyaya qalib gələk və normal həyatımıza qayıdaq!”
Əfv Komissiyası işini bitirir, sərəncam olacaqAzərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyası baxılan sənədlərin siyahısını gələn həftə Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edəcək.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, komissiyanın daha iki iclasının da keçirilməsi nəzərdə tutulur.

Komissiyadan bildirilib ki, Novruz bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir.
Azərbaycanın valyuta ehtiyatları 51 milyard dolları keçdi2020-ci ildə beynəlxalq konyukturun əhəmiyyətli dərəcədə pisləşməsinə baxmayaraq, Azərbaycan Respublikasının strateji valyuta ehtiyatları nəinki azalıb, əksinə artıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin ilin yekunlarına dair hesabatında qeyd edilib.

Bildirilib ki, ötən il Azərbaycan Respublikasının strateji valyuta ehtiyatları 0,2 faiz (99,2 milyon ABŞ dolları) artıb. Nəticədə ölkənin valyuta ehtiyatları 51,2 milyard ABŞ dollarına çatıb ki, bu da ümumi daxili məhsulu üstələyib.

Mərkəzi Bankın valyuta ehtiyatları 1,8 faiz artaraq 6,4 milyard ABŞ dolları, Dövlət Neft Fondunun vəsaiti isə 0,6 faiz (241 milyon ABŞ dolları) artaraq 43,6 milyard ABŞ dolları təşkil edib.

Çayxanada anasını öldürdüMartın 10-da saat 09 radələrində Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi 28 ünvanında yerləşən çayxanada xadimə işləyən Baxşiyeva Mahirə Hüseyn qızının üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərlə zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Avrasiya.net Xətai rayon Prokurorluğuna istinadən xəbər verir ki, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin oğlu 1990-cı il təvəllüdlü Baxşiyev Zamin Afərin oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Mahirə Baxşiyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Zamin Baxşiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmiş, cinayətin predmeti olan bıçaq, həmçinin iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar müvafiq qaydada qablaşdırılaraq götürülüb.
Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Azərbaycanda siqaret bahalaşdıBu gündən Azərbaycanda bütün növ siqaretlərin qiyməti artırılıb.

Ötən günlə müqayisədə qiymətlərdə 20 qəpik artım var.

"Siqaretin topdan satışı ilə məşğul olan firmalar bu gündən bizə malları yeni qiymətlərlə göndərib. Qiymət artımı bütün siqaret markalarında olub", - pərakəndə siqaret satıcıları bildirib.
Azərbaycanda saxlanılan erməni qadın buraxıldıAzərbaycanın Qarabağ bölgəsində saxlanılan erməni mənşəli Livan vətəndaşı Maral Nacaryan azadlığa buraxılıb.

Ermənistan KİV xəbər verir ki, noyabr ayında işğaldan azad edilmiş ərazilərimizdə saxlanılan erməni qadın artıq Livanın paytaxtı Beyrut şəhərindəki evindədir.

Bəzi məlumatlara görə, Maral Nacaryan Dağlıq Qarabağa döyüşlərdə iştirak etməyə gəlibmiş. Onun həyat yoldaşının da Qarabağa gəldiyinə dair xəbərlər var.

Xatırladaq ki, Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko erməni qadının azad olunması üçün Azərbaycan tərəfinə müraciət etmişdi.