Qasparyan real gücə çevrilirErmənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan Nikol Paşinyandan dərhal istefa verməyi tələb edən Baş qərargahı və onun rəisi Onik Qasparyanı dəstəkləyib.

Ter-Petrosyan ilur.am saytında dərc edilmiş məqaləsində generalların “dövlətçilik mövqeyindən çıxış etdiyini” bildirib.

Keçmiş prezident hərbi komandanlığın narazılığını və ordunu de-fakto siyasi proseslərə çəkmək səylərini tam başa düşdüyünü yazır. “Bunun səbəbi isə baş nazirin alçaldıcı məğlubiyyətə görə ehtiyatsız şəkildə öz günahını ordunun üzərinə atmaq cəhdidir”,-o vurğulayıb.

Ter-Petrosyan bununla belə generalların özlərini “təmkinli aparmasını” və bəzi qüvvələrin ordunu antikonstitusion hərəkətlərə çəkməsinə imkan verməməsini alqışlayır. O, hərbçilərin özünü belə aparmasını “dövlətçilik düşüncəsinin nümunəsi” adlandırır və bildirir ki, generalların hərəkətləri xalqın həqiqi dəstəyinə layiqdir.

Bununla belə Ter-Petrosyan digər keçmiş prezident Robert Köçəryanın hərbi çevrilişi “dövlətin sağlamlaşdırılması vasitəsi” kimi təqdim etməsini təhlükəli adlandırıb və qınayıb.

Xatırladaq ki, ordunun Paşinyanın istefasını tələb etməsi baş nazirin “İsgəndər” raketlərinin “partlamadığı, yaxud 10 faiz partladığı” haqda dediklərindən sonra başlayıb. Belə ki, Paşinyan onun sözlərinə gülən Baş qərargah rəisinin müavini Tiqran Xaçatryanı vəzifəsindən azad edib. Buna cavab olaraq Onik Qasparyan və generallar bəyanatla çıxış edərək Paşinyanın adekvat qərarlar vermək iqtidarında olmadığını bildirib, onu dərhal istefaya çağırıb. Hazırda böhran davam edir. / "Virtual"
Koronavirusa yoluxanların sayı azaldı: 6 nəfər öldüAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 195 yeni yoluxma faktı qeydə alınıb, 71 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 236 963 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 229 789 nəfər müalicə olunaraq sağalıb, 3 247 nəfər vəfat edib, aktiv xəstə sayı 3 927 nəfərdir.
ATV-nin keçmiş prezidentinə vəzifə verildiAzad Azərbaycan Müstəqil Teleradio Kompaniyasının sabiq prezidenti Vüqar Qaradağlıya Bakı Dövlət Universitetində (BDU) vəzifə verilib.

Avrasiya.net Pravda.az-a istinadən xəbər verir ki, V.Qaradağlı BDU-nun Şərqşünaslıq fakültəsinin Ərəb filologiyası kafedrasının müdiridir.

O, bu vəzifədə mərhum akademik Vasim Məmmədəliyevi əvəz edib.

Qeyd edək ki, 1966-cı il təvəllüdlü V.Qaradağlı 1990-cı ildə BDU-nun Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib və əmək fəaliyyətinə də elə həmin fakültədə başlayıb. 2012-2017-ci illərdə Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasının prezidenti olub.
Yüzlərlə ABŞ hərbi texnikası Türkiyə sərhədinə toplandıABŞ Yunanıstanda Türkiyə sərhədinə 20 kilometrlik məsafədə Dədəağaca hərbi texnika və silah-sursat yığaraq Egey dənizində həbi varlığını artırmağa davam edir.

Publika.az-ın məlumatına görə, yunan mediası Vaşinqton rəhbərliyinin Afina ordusunu gücləndirmək üçün yeni silah yardımları edəcəyini açıqlayıb və ABŞ-ın Afinaya bağışlamağı planlaşdırdığı mümkün silahların təfərrüatlarını paylaşıb.

ABŞ-ın Yunanıstana bağışlamağı planlaşdırdığı silah və hərbi nəqliyyat vasitələri arasında 9 ədəd “AH-64D Apache” hücum helikopteri, 50 ədəd “OH-58D” hücum helikopteri, 350 ədəd “M-2A2” zirehli personal daşıyıcısı tanklar, 60 ədəd “MLRS” paletli raket atanlar, 120 ədəd “109A5” zirehli “Howitzer” tipli tank, “-198 / M-119” qısa mənzilli top, “HEMTT” sursat daşıyıcı vasitə, “MRAP” zirehli personal daşıyıcısı vasitə yer alır.

Yunanıstana bağışlanılması planlaşdırılan silahların çatdırılmasının Yunanıstanın Baş naziri Kiryakos Miçotakisin ABŞ-a səfərindən sonra bəlli olacağı bildirilib.

Şəhidimizin nəşi Sabirabada gətirildiVətən müharibəsi zamanı yaralanaraq 5 ay komada qalan şəhid əsgərin nəşi dəfn edilmək üçün Sabirabad rayonuna gətirilib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, əsgər Zamin Dadaş oğlu Balakişiyev dünən müalicə olunduğu hospitalda vəfat edib.

Şəhid əsgər vida mərasimindən sonra doğulduğu rayonun Qaralar kəndində dəfn ediləcək.

Şəhidimiz nişanlı idi.

Qeyd edək ki, Zamin Balakişiyev 2001-ci ildə Sabirabad rayonunun Qaralar kəndində anadan olub.

Ali Baş Komandanın sərəncamı ilə “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib.

Allah rəhmət eləsin!
ABŞ elan etdi: İran qüvvələrini vuracağıq“İnsanları hərəkətlərinə görə hər zaman cavabdeh edəcəyimizi gözləyə bilərsiniz. ABŞ-ın seçdiyi istənilən yerə, istənilən zamanda da hücuma keçəcəyik”.

Publika.az xəbər verir ki, bu sözləri “ABC News”a müsahibəsində ABŞ Müdafiə naziri Lloyd Ostin deyib.

L.Ostin İranı ABŞ-ın İraqdakı hərbi bazasına edilən hücum əməliyyatlarında günahlandırıb. ABŞ prezidenti Co Baydenin təlimatı ilə Suriyada İranın dəstəklədiyi qüvvələrə qarşı həyata keçirilən hücum əməliyyatından sonra yaşanan hadisənin ABŞ-ın İraqda daha öncə etdiyi hücumlara cavab olduğu ifadə edilib.

İranın İraqdakı şiə qüvvələrini idarə edib-etməməsi ilə bağlı hələ dəqiq bir dəlil olmasa da, Pentaqon rəhbərliyi hücumların arxasında İranın olduğunu düşünür. Ostin müsahibəsində İranın ABŞ-ın öz qoşunlarını müdafiə edəcəyini unutmamalı olduğunu söyləyərək, bu ölkənin doğru olanı seçməsinin vacib olduğunu qeyd edib.

Bölgədə yer alan şiə silahlıları ilə günahlandırılan İran onlara qarşı ittihamları rədd edib və ABŞ-ın terrorizm üçün yer açdığını iddia edib. İran Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Şamxani ABŞ-ın hava əməliyyatlarında İŞİD üçün yer açdığını və ABŞ-ın bölgədəki terrorizmi canlandırmaq planına qarşı çıxacaqlarını vurğulayıb.

Vəzifəyə gəldikdən sonra qoşunlarını İraqdan çıxarmaq üçün bir açıqlaması və ya hansısa buna yönəlmiş addımı olmayan Bayden rəhbərliyi Tramp idarəçilyindən fərqli olaraq bölgədəki hücumlarını artırmağa meyillidir. ABŞ hərbçilərinin şiə milislərinə qarşı artan hücumları və üst səviyyə idarəçilərin İranı günahlandıran açıqlamaları iki ölkə arasında 2015-ci il nüvə razılaşmasına qayıtmaq ehtimalını çətinləşdirir.

Qeyd edək ki, martın 3-də İraqın qərbindəki Anbar vilayətində ABŞ və İŞİD əleyhinə koalisiya əsgərlərinin yerləşdiyi Ayn əl-Əsəd hərbi bazasına azı on raketin endirildiyi əməliyyat həyata keçirilmişdi.

"Bu arzuların çin olması qadınlarımızdan da çox asılıdır"8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını ürəkdən təbrik edir, onlara xoşbəxtlik və firəvan həyat arzulayıram.

Avrasiya.net xəbər verir ki, bu sözləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) mətbuat xidmətinə açıqlamasında partiyanın sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib.

BAXCP sədri qeyd edib ki, bu arzuların çin olması qadınlarımızdan da çox asılıdır: “Kaş ki, bəzi xanımlarımızın düşündüyü kimi onlara layiq olduqları gözəl həyatı kişilər yarada biləydi. Amma təəssüf ki, reallıqda bu mümkün deyil. Qadınlarımız ərlərini, ata və qardaşlarını, oğullarını başlarını aşağı salıb “özlərini qorumağa”, bununla da cəmiyyəti mütiləşdirməyə aparmağa yox, onları haqsızlığa göz yummamağa, hüququ pozulanların yanında olub ədaləti müdafiə etməyə çağırmalı, onlarla birlikdə güclü hüquqi dövlət, mülki cəmiyyət quruculuğu prosesində fəal iştirak etməlidirlər. Yalnız bu zaman böyük tərəqqiyə və uğurlara imza ata bilərik. 44 günlük Vətən müharibəsi zamanı biz qadınlarımızın öz ata və oğullarını, ərlərini, qardaşlarını necə mətanətlə müharibəyə yola salmasını gördük və onlarla qürur hissi keçirdik.

Vətən müharibəsində əzizlərini itirmiş bütün qadınlarımıza bir daha dərin hüznlə başsağlığı verir, onlara Allahdan səbr diləyirəm.

Allah bütün qadınlarımızı arzularına çatdırsın”.

Qüdrət Həsənquliyev Yeni Azərbaycan Partiyasının son qurultayına və burada müzakirə olunan, diqqətini cəlb edən məqamlara da münasibət bildirib.

BAXCP sədri bildirib ki, qurultayda ilk növbədə YAP-ın rəhbərliyində nəsil dəyişməsi baş verdi və bu böyük hörmətlə edildi: “Estafeti gənc nəslə təhfil verən yaşlı nəslin təcrübəsindən istifadə edilməsi və onlara yüksək dəyər verildiyini göstərmək üçün “Ağsaqqalar Şurası” yaradıldı. Ən çox bəyəndiyim məqam bu idi. Vətən müharibəsində şanlı qələbəmizdən sonra siyasi partiyaların təmərküzləşməsi istiqamətində atılan addım, 6 partiyanın YAP-a birləşməsi də xüsusi qeyd olunmalıdır. Bunu həm də proqram və nizamnamələri oxşar olan digər siyasi partiyalar üçün yaxşı nümunə hesab etmək olar. Azərbaycanda bütün siyasi cərəyanlara bağlı, onları əhatə edən 4-5, maksimum 6 güclü siyasi partiya olmalıdır. YAP-ın son qurultayında dövlət hakimiyyət orqanlarında, xüsusilə parlamentdə YAP-ı təmsil edən çoxlu sayda millət vəkilinin rəhbər orqanlara seçilməsi də təqdirəlayiq haldır. Həmin həmkarlarımı və yeni seçilən YAP rəhbərliyini təbrik edir, onlara Azərbaycan naminə fəaliyyətlərində uğurlar arzu edirəm”.

Qüdrət Həsənquliyev qeyd edib ki, YAP-ı təmsil edən bütün hökumət üzvüləri və digər yüksək çinli rəsmilər də iqtidar partiyasının siyasətini müəyyən edən, pariyanın ali orqanlarında təmsil olunub həmin prosesdə iştirak etsəydilər daha yaxşı olardı: “YAP iqtidar partiyası kimi fəallaşacaqsa, bu, öz növbəsində siyasi sistemin canlanmasına yol açacaq. Bu məqsədlə nöbəti parlament seçkilərinə qədər mojaritar seçki sistemi ləğv edilməli, proporsional seçki sistemi bərpa olunmalı, topladığı səsdən asılı olmayaraq hər hansı pariyanın, yaxud siyasi blokun parlamentdə yerlərin 2/3 (üçdə ikisindən) çoxuna sahib olmasına qanunvericiliklə qadağa qoyulmalıdır. Yalnız bu cür qəti addımlarla cəmiyyətdə müsbət və ciddi dəyişikliklərə nail ola bilərik”.

BAXCP sədrinin sözlərinə görə, qurultayda diqqət çəkən daha bir mühüm məqam Prezidentin digər siyasi partiyalarla əməkdaşlıq barədə verdiyi açıqlama olub: “Bu açıqlama çox ümidvericidir və siyasi islahatların genişləndirilməsinə, siyasi sistemin daha da güclənməsinə yol açacaq”.
Space Tv-də ixtisarlar aparılırSpeys TV-nin efirində yayımlanan Nurlan Rafiqoğlunun aparıcısı olduğu “Operativ hissə” verilişi də fəaliyyətini dayandırıb.

Avrasiya.net Pravda.az-a istinadən xəbər verir ki, bu qərarı televiziyanın direktoru vəzifəsini icra edən Kamil Şahverdiyev qəbul edib.

Direktor aparıcıdan öz istəyi ilə ərizə yazmasını xahiş edib.

Bir müddət öncə də Füruzə Cəlilovanın aparıcısı olduğu “Günaydın Azərbaycan”, Mikayıl Güləddinoğlunun aparıcısı olduğu “Sevimli şou” və Mətanət Əliverdiyevanın aparıcısı olduğu “Hər səhər Mətanətlə” verilişləri bağlanıb. M.Güləddinoğlu fəaliyyətini ARB telekanalında davam etdirir.

"Speys"də verilişlərin bağlanmasından sonra prodüser, montajçı və müxbirlər ixtisara düşüb. İxtisarların davam edəcəyi bildirilir. Bu addım pandemiya dövründə atıldığı üçün narazılıq yaradıb.

Qeyd edək ki, kinorejissor Vaqif Mustafayev bir müddət əvvəl televiziyanın rəhbəri vəzifəsindən azad edilib.
"Gürcü Arzusu öz-özünü məhv edir"Gürcü Arzusu Partiyasının idarəetməsinə nə müxalifət, nə də Qərb son qoyacaq. Bunu bir ildən çoxdur ciddi qarşıdurmanın getdiyi hakim komandanın özü edəcək. Qaxariyanın gedişi və onların yeni komanda hazırlaması, Berya İvanişvilinin baş nazirlə və güc strukturları ilə səs yazısı bir-birinə qarşı ictimai təzyiq üçün yalnız aysberqin görünən hissəsidir.

Bu iddia ilə məşhur gürcüstanlı ekspert Yeqor Kuroptev öz Feysbuk səhifəsində çıxış edib.

“Müxalifətin indiki görünüşü ilə bu prosesdən qalib kimi çıxacağını da gözləməyə dəyməz, ona görə ki, hakim komandanın destruktiv fəaliyyətləri müxalifətin etdiklərindən daha effektivdir. Əgər Gürcü Arzusu xalqın müəyyən etdiyi sərhədi keçməsə, Gürcüstanda hakim partiyanın parçalanması və müxalifətdəki məntiqli dəyişikliklər sayəsində ciddi proseslər görəcəyik. İvanişvilinin özü Gürcü Arzusunun dağılması, Vahid Milli Hərəkatın yekun olaraq zəifləməsi, siyasi landşaftı onu həbsə salmaq istəməyən mötədil qüvvələrin tutmasında maraqlıdır. Bunda həmçinin müxalifətin bir hissəsi də maraqlıdır. Bu, Vahid Milli Hərəkatı dəstəkləməyən və Gürcü Arzusundan yorulan cəmiyyətin bir hissəsini, eləcə də Gürcüstanda özbaşınalıqdan bezən Qərbi də qane edir.

Bu gün məhz bu konstruksiya nəzərdən keçirilir. Suallar çoxdur. Gürcü Arzusunun qocamanları hakimiyyətə sarılırlar, çünki bu onlar üçün mövcudluq məsələsidir. Onlar elə şey edə bilərlər ki, küçədən başqa heç bir çıxış yolu qalmaz. Bu da bütün ssenariləri və planları dağıda bilər”, – deyə o bildirib.
Dostların məclisi faciə ilə nəticələndi - 16 yaşlı gənc öldüSumqayıt şəhərində dostların məclisi faciə ilə nəticələnib.

Avrasiya.net APA-ya istinadən məlumat verir ki, hadisə şəhərin 12-ci mikrorayonunda baş verib.

Belə ki, dostu tərəfindən gətirilən spirtli içkini qəbul edən 2005-ci il təvəllüdlü Fərhadlı Turan Faiq oğlunun vəziyyəti qəflətən pisləşib. O, dərhal xəstəxanaya aparılıb. Həkimlərin səylərinə baxmayaraq 16 yaşlı gənci xilas etmək mümkün olmayıb.

Meyit müayinə üçün aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.