İlham Əliyev Ərdoğana başsağlığı verdiAzərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

Avrasiya.net xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat verib.

“Hörmətli cənab Prezident.

Əziz Qardaşım.

Hərbi helikopterin qəzaya uğraması nəticəsində türk əsgərlərinin şəhid olması xəbəri məni olduqca kədərləndirdi.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, şəhid olmuş hərbçilərin ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!”

İlham Əliyev İƏT toplantısında iştirak etdiMartın 4-də İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn Zirvə toplantısı keçirilib.

Avrasiya.net xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantıda videoformatda çıxış edib.

- Əziz qardaşım, əziz Prezident,

Mənə söz verdiyiniz zaman səsləndirdiyiniz fikirlərə görə Sizə təşəkkür edirəm.

Bütün həmkarlarımızın diqqətinə çatdırmaq istərdim ki, Prezident Ərdoğanın yalnız müharibə vaxtı deyil, ümumiyyətlə Türkiyənin Prezidenti və lideri olduğu müddətdə Azərbaycana olan davamlı dəstəyi Azərbaycan torpaqlarının işğaldan azad edilməsində mühüm rol oynamışdır.

Türkiyə bizim qardaşımızdır. Türkiyə bizim böyük müttəfiqimizdir. Azərbaycan xalqı Türkiyə kimi müttəfiqi olmasından çox məmnundur.

Azərbaycan və Türkiyə xalqları və əminəm ki, dünyada bir çoxları Prezident Ərdoğanın Türkiyənin yalnız dünyada ən önəmli güc mərkəzlərindən birinə çevrilməsində deyil, eləcə də regionda təhlükəsizliyin təmin edilməsindəki tarixi rolundan açıq şəkildə xəbərdardırlar.

Türkiyə geniş regionda təhlükəsizlik və sabitliyin təmin olunmasında çox önəmli rol oynayır.

Əvvəllər də çox demişəm, indi də bir daha bildirmək istərdim ki, Türkiyənin güclü olması Azərbaycan və bütün digər müttəfiqlərin də güclü olması deməkdir.

Hörmətli cənab sədr, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan,

Hörmətli dövlət və hökumət başçıları,

Hörmətli cənab baş katib,

İlk öncə mən bir daha əziz qardaşlarıma, Prezident Ərdoğana, Prezident Əşrəf Qaniyə, Baş nazir İmran Xana Azərbaycanın qələbəsi və ərazi bütövlüyünü bərpa etməsi münasibətilə səsləndirdikləri xoş təbriklərə görə təşəkkürümü bildirmək istərdim.

Qardaş Türkiyəni İqtisadi Əməkdaşlıq Təşkilatında uğurlu sədrliyi münasibətilə təbrik etmək istərdim. Yeni sədr ölkə kimi qardaş Türkmənistana uğurlar arzulayıram.

Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə münasibətlərinə böyük əhəmiyyət verir. Bu gün burada İqtisadi Əməkdaşlıq Təşkilatının Tədqiqat Mərkəzinin nizamnaməsini imzalayacağıq. Biz Azərbaycanın mərhum Prezidenti Heydər Əliyevin təşəbbüsünü dəstəklədiklərinə görə üzv dövlətlərə minnətdarıq və Azərbaycanda yerləşəcək Mərkəzin səmərəli fəaliyyəti üçün əlimizdən gələni edəcəyik.

2020-ci ildə Azərbaycan öz torpaqlarının Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına hərbi-siyasi yollarla son qoydu. Ermənistan üzərində döyüş meydanında əldə edilmiş hərbi zəfər siyasi yollarla tam təmin edildi.

BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələri 27 il kağız üzərində qalmışdı. Azərbaycan özü həmin qətnamələrin icrasını təmin edərək ərazi bütövlüyünü bərpa etdi. İşğalçılar qədim Azərbaycan torpağı olan Qarabağdan qovuldu. 44 gün ərzində Ermənistan ordusu tam darmadağın edildi. 10 noyabr 2020-ci il tarixində Azərbaycan Ermənistanı kapitulyasiya aktı imzalamağa məcbur etdi.

Müharibə başlayan kimi bizi dəstəkləyən ilk ölkə qardaş Türkiyə oldu. Əziz qardaşım, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın açıqlamalarını və onun siyasi və mənəvi dəstəyini yüksək qiymətləndiririk.

27 və 28 sentyabr tarixlərində qardaş Pakistan və Əfqanıstan Ermənistanı işğala son qoymağa, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini icra etməyə çağırmış və Azərbaycanın ərazi bütövlüyünə öz dəstəklərini ifadə etmişlər.

Mən bizi dəstəklədiklərinə görə onlara dərin təşəkkürümü bildirirəm.

Eyni zamanda müharibə dövründə bizi dəstəkləyən ölkələrin dövlət və hökumət başçılarına da təşəkkür edirəm.

İşğal zamanı Ermənistan işğal etdiyi ərazilərdə Azərbaycanın kənd və şəhərlərini, bütün mədəni və dini abidələrini qəsdən dağıtmışdır. Bizim məscidlər donuz və inək saxlanılan yerlərə çevrilmişdir. Bütün bunların foto və videoları internetdə var. Bu bütün İslam dünyasına qarşı olan düşmənçilikdir. Azərbaycan xalqının mədəni və dini irsinin qəsdən dağıdılması və təhqir edilməsi faktları beynəlxalq media nümayəndələri tərəfindən əks etdirilmişdir.

Bütün müsəlmanların hisslərini təhqir edən Ermənistanın müsəlman ölkələri ilə əlaqələrini genişləndirmək cəhdləri riyakarlıqdan başqa bir şey deyil.

Azərbaycan müsəlman ölkələri arasında həmrəyliyə dəyərli töhfələr vermişdir. Biz müxtəlif beynəlxalq kürsülərdən islam ölkələrini birliyə çağırmışıq.

Azərbaycan islam dininin zorakılıq və terrorla əlaqələndirilməsini kəskin şəkildə pisləyir. Biz İslamofobiyaya qarşı mübarizə aparmalı və İslamın həqiqi dəyərlərini-sülh, tolerantlıq və ədaləti-təşviq etməliyik. Bu mənada, qardaş Pakistanın təşəbbüsü ilə İslam Əməkdaşlığı Təşkilatının 15 mart tarixinin Beynəlxalq İslamofobiya ilə Mübarizə Günü elan olunması qərarını alqışlayırıq.

Hazırda qarşımızda azad olunmuş ərazilərin yenidən qurulması kimi nəhəng vəzifə dayanır. Biz azad olunmuş ərazilərdə şəhər və kəndlərimizi yenidən quracağıq, mədəni və dini abidələrimizi bərpa edəcəyik.

Azərbaycan COVID-19 pandemiyası ilə mübarizədə qlobal səyləri səfərbər edən ilk ölkələrdən olmuşdur. Azərbaycan ötən il hazırda sədrlik etdiyi iki beynəlxalq təşkilatın-Türk Şurası və Qoşulmama Hərəkatının Zirvə toplantıları, eləcə də BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyasının keçirilməsinin təşəbbüskarı olmuşdur. Bu təşəbbüslər bizim beynəlxalq həmrəyliyə və əməkdaşlığa sadiqliyimizi bir daha nümayiş etdirmişdir.

Pandemiyanın ilk günlərindən biz Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq edirik. Biz Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar həcmində könüllü maliyyə yardımı etmişik. Azərbaycan koronavirusla əlaqədar dünyanın 30-dan artıq ölkəsinə humanitar və maliyyə yardımı edib.

Azərbaycan yanvar ayının 18-dən peyvəndləmə prosesinə başlayıb. Biz regionda peyvəndləməyə start vermiş ilk ölkələrdən biriyik.

Biz vaksinlərin inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında qeyri-bərabər və ədalətsiz şəkildə bölünməsini pisləyirik. Bəzi ölkələr özlərinin ehtiyacları ilə müqayisədə bir neçə dəfə çox həcmdə vaksin alır. Aydındır ki, belə olduğu təqdirdə, bəzi ölkələrə peyvənd çatmayacaq.

Azərbaycan bu məsələ ilə bağlı BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından qətnamə layihəsi ilə çıxış etməyi planlaşdırır və mən İqtisadi Əməkdaşlıq Təşkilatının üzv dövlətlərini həmin təşəbbüsü dəstəkləməyə dəvət edirəm.

Azərbaycan Avrasiyada enerji təhlükəsizliyini təmin edən mühüm tərəfdaş ölkədir. Cənub Qaz Dəhlizi 2020-ci il dekabrın 31-də istismara verildi. 7 ölkəni birləşdirən 3500 kilometr uzunluğunda olan Cənub Qaz Dəhlizi dünyanın ən böyük enerji infrastrukturu layihələrindən biridir.

Azərbaycan Şərq-Qərb, Şimal-Cənub və Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrində fəal iştirak edir və ölkəmiz Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Biz öz tərəfdaşlarımızla birgə Azərbaycanın nəqliyyat infrastrukturunu Lapis Lazuli nəqliyyat dəhlizi ilə birləşdirdik və nəqliyyat sahəsində çoxtərəfli əməkdaşlıq üçün geniş imkanlar yaratdıq.

Artıq qeyd etdiyim kimi, Azərbaycanın Ermənistan üzərində şanlı qələbəsindən sonra Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Dağlıq Qarabağ münaqişəsi tarixdə qaldı.

Biz indi gələcək haqqında düşünürük. Biz bölgədə sülh və sabitliyi təmin etmək üçün bir çox ölkələri birləşdirən nəqliyyat layihələrini müzakirə etməyə başlamışıq. Azərbaycan, Türkiyə və İran bölgədə nəqliyyat layihələrinin icrası ilə bağlı vahid mövqe sərgiləyir. Ermənistan da özünü normal apararsa, bu prosesdən faydalana bilər.

Bu xüsusda qeyd etmək istərdim ki, Azərbaycanın tarixi ərazisi olan Zəngəzurdan keçəcək və Azərbaycanın əsas hissəsi ilə ölkəmizin ayrılmaz hissəsi Naxçıvan Muxtar Respublikasını və Türkiyəni birləşdirəcək yeni bağlantı dəhlizi regionda nəqliyyat sektorunda yeni imkanlar yaradacaq. Biz İqtisadi Əməkdaşlıq Təşkilatının üzv dövlətlərini Zəngəzur dəhlizindən faydalanmağa dəvət edirik.

Diqqətinizə görə sağ olun.
Hövsanda məktəbli qız itkin düşüb - FOTOBakıda 13 yaşlı qız itkin düşüb.

Avrasiya.net xəbər verir ki, bu haqda onun yaxınları sosial şəbəkədə məlumat paylaşıb.

Bildirilib ki, Suraxanı rayonu, Hövsan qəsəbəsində yaşayan Dünyamalızadə Aleksandra dünən axşam saat 21:00 – 22:00 radələrində evdən çıxıb və geri qayıtmayıb.

Onu görən şəxslərdən yaxınlıqdakı polis bölməsinə müraciət etmələri xahiş olunur.

A.Dünyamalızadənin əynində şəkildə gördüyünüz paltarlar olub.
MQP də YAP-a birləşmək qərarı veribBu gün Milli Qurtuluş Partiyasının (MQP) V qurultayı keçirilib.

Partiyadan Avrasiya.net-ə verilən məlumata görə, koronavirus pandemiyası ilə əlaqədar olaraq qurultay onlayn formada baş tutub. Qurultay şəhidlərimizin, partiyanın ilk başqanı, Milli Azadlıq Hərəkatının liderlərindən olan mərhum Məhəmməd Hatəmi Tantəkinin xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edilib.

Partiya başqanı Vüqar Orucun və Mərkəzi Nəzarət-Təftiş Komissiyası sədrinin fəaliyyət hesabatları dinlənilib. Qurultay nümayəndələri partiyanın bu müddət ərzində fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.
Partiya başqanı Vüqar Oruc partiyanın fəaliyyətinə xitam verilməsi və kollektiv şəkildə Yeni Azərbaycan Partiyasına qoşulması təşəbbüsü ilə çıxış edib və məsələ gündəliyə daxil edilib.
Təklifini əsaslandıran başqan qeyd edib ki, Milli Qurtuluş Partiyası ideoloji dəyərlərlə silahlanan partiya olub və torpaqlarımızın düşmən tapdağından azad olunması, instusional və idarəetmə sistemində köklü islahatların aparılması istiqamətində ardıcıl fəaliyyət göstərib:

“44 günlük Vətən Müharibəsi zamanı Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında böyük tarixi uğura imza atdı. Prezidentin əzmkarlığı, iradəsi, şəhid və qazilərimizin canı-qanı bahasında biz bu qələbəni əldə etdik. Bu qələbə ilə dövlət kimi, bir daha bütün dünyada özümüzü təsdiq etdik. Üzərimizdə olan ləkəni sildik. Biz tarixi Zəfər qazandıq”.

“Uzun illərdir idarəetmə sistemində ishalatların həyata keçirilməsini tələb edirdik” deyən V.Orucun sözlərinə görə, bu gün hakimiyyətin bütün qollarında – icraedici, qanunverici, məhkəmə sistemində dərin islahatlar həyata keçirilir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ölkəmizin inkişafı naminə ortaya ciddi siyasi iradə qoyublar və bu bizim maraqlarımıza tam uyğundur”.

MQP başqanı qeyd edib ki, müasir şəraitdə yenilənən Yeni Azərbaycan Partiyası ilə Milli Qurtuluş Partiyasının strateji məqsədləri eynidir və vacib hədəflər uğrunda dağınıq deyil, birgə fəaliyyət daha məqbuldur.

Məsələ səsə qoyulub və partiya üzvləri yekdilliklə Milli Qurtuluş Partiyasının kollektiv şəkildə Yeni Azərbaycan Partiyasına qoşulması ilə bağlı qərar qəbul ediblər.

Qeyd edək ki, bundan əvvəl Yurddaş Partyası YAP-a birləşmək barədə qərar qəbul edib.
Nazir özünü yandıran polisi işdən çıxardıÖzünü yandıran polis əməkdaşı daxili işlər orqanlarından xaric edilib.

Avrasiya.net Unikal.org-a istinadən xəbər verir ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşı Fətiyev Miri Bəxtiyar oğlu vəzifəsindən azad olunub.

Qeyd edək ki, keçən ilin dekabr ayında rayonun Xələc kənd sakini, 1986-cı il təvəllüdlü Fətiyev Miri Bəxtiyar oğlu üzərində gəzdirdiyi yanacağı üstünə tökərək özünü yandırmmışdı.
Ramiz Mehdiyevin bankı bağlanır? - RəqəmlərBank BTB 2019-cu ilin sonunda əldə etdiyi 12 milyon manatdan çox yığılmış zərərini mənfəətə keçirə bilməyib. Ramiz Mehdiyevin gəlininə məxsus olan bank yığılmış zərərini mənfəətə keçirə bilməsi üçün illik xalis mənfəətini artırmalı və balans maddəsində bölüşdürülməmiş mənfəətinə əlavə etməlidir. Daha sonra səhmdarların toplantısında bölüşdürülməmiş mənfəət yığılmış zərərdən çıxılmalı və bununla da bankın yığılmış zərəri mənfəətlə əvəz olunmalıdır.

Avrasiya.net Valyuta.Az-a istinadən xəbər verir ki, bank 2020-ci ilin sonunda 9 milyon 130 min manat xalis zərər əldə edib. Buna görə də Bank BTB-nin yığılmış zərəri daha da artıb.

Qeyd edək ki, 2019-cu ilin dekabr ayında vəzifədən ayrılan Ramiz Mehdiyevə məxsus bank sabiq aparat rəhbərinin vəzifədə olduğu dönəmdə xalis mənfəət əldə edir, bununla da kapitalını artırırdı. 2020-ci ildən sonra isə bankın xalis mənfəəti azalıb və daha sonra zərərlə əvəz olunub.

Ramiz Mehdiyev vəzifədən ayrıldıqdan sonra bankın xalis mənfəəti 16 milyon 653 min manat azalaraq 9 milyon 130 min manatlıq zərərə düşüb.

Bankın illərdir yığılmış zərəri isə 2020-ci ilin sonunda daha da artıb. Aşağıda qeyd olunan cədvəldə "Bank BTB”-nin illər üzrə yığılmış zərərini görəcəksiniz:

Mənfəət vergisini ödəməyən bankın xalis zərəri 9 milyon 130 min manatdan daha da çox olacaq.

Qeyd edək ki, Bank BTB ASC-nin səhmdarları haqda açıq mənbələrdən əldə edilən informasiyaya görə, səhmlərin 75 faizi Nigar İsmayıl qızı Mehdiyevaya, 19 faizi isə Rza İsmayıl oğlu Sadiqə məxsusdur. N. Mehdiyeva Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin gəlinidir. Bu məlumat indiyədək təkzib olunmayıb. Rza Sadiq isə bankda Müşahidə Şurasının sədridir.
Azad edilmiş Qarabağ Moldova jurnalistlərinin gözü ilə26 fevral tarixində Prezident İlham Əliyevin mətbuat konfransına gələn xarici jurnalistlərin daha sonra azad edilmiş torpaqlara səfəri təşkil edilib. Səfərdə dünyanın bir çox ölkəsindən gələn media nümayəndələri iştirak ediblər. Moldovalı jurnalistin Qarabağa səfər edən jurnalistlərin təəssüratları barədə Moldova mətbuatında "Освобождённый Карабах глазами молдавских журналистов" adlı məqaləsi dərc edilib. Məqalədə bölgədəki erməni vandalizminin nəticələrinə media nümayəndələrinin şahid olmaları və bu kimi məsələlər şərh edilir.

Həmin məqalənin Azərbaycan dilində tərcüməsini təqdim edirik:

Bu yaxınlarda Prezident İlham Əliyevin mətbuat konfransı üçün Bakıya gələn xarici jurnalistlərin Azərbaycanın azad edilmiş ərazilərinə səfəri təşkil edildi.

Moldova Respublikasından olan jurnalistlər də daxil olmaqla dünyanın hər yerindən gələn media təmsilçiləri Laçın rayonu, Füzuli, Cəbrayıl və Ağdam şəhərlərinə səfər etdilər və bir vaxtlar çiçəklənən bu ərazilərin erməni vandallarının əməlləri sayəsində nəyə çevrildiyinin şəxsən şahidi oldular.

Jurnalistlərin özləri üçün qeyd etdikləri ilk şey buradakı gözəl təbiət idi. Bölgənin ermənilər tərəfindən dağıdılıb xarabalığa çevrilməsi fonunda, ərazi həm də böyük potensiala malikdir. Media nümayəndələri bu gün Azərbaycanın Qarabağının tamamilə dağıdılmış infrastrukturu, yandırılmış qəbiristanlıqları, abidələri və kəsilmiş meşələri olan bir ruhlar şəhəri olduğunu ifadə ediblər.

1990-cı illərdəki Birinci Qarabağ müharibəsindən əvvəl Ağdam ticarətin inkişaf etdiyi və ümumən Sovet İttifaqı üzrə bütün bölgədəki ən böyük şəhərlərdən biri idi. İndi şəhər tamamilə məhv edilib - evlərin yarı sökülmüş daş skeletləri, yandırılmış torpaq və bəzi hissələrdə paslı dəmirlərdən başqa heç nə qalmayıb.

Bu günə qədər gəlib çıxan yeganə dağıdılmayan bina məsciddir və burada həyat olduğunun yeganə işarəsi bu yaxınlarda ortaya çıxan bir hərbi zastavada toplanılmış sahibsiz itlər və pişiklərdir. Jurnalistlər eyni şeyə Cəbrayıl və Füzulidə də şahid oldular. Mütəxəssislər, erməni işğalının nəticələrini Xirosimadakı atom bombası partladılması ilə müqayisə ediblər.

Doğrudur, Füzuli artıq yenidən qurulmağa başlanıb. Azərbaycanın səlahiyyətli şəxslərinin ən sevindirici və vacib uğuru hava limanı tikintisinə başlanılmasıdır. Hava limanı beynəlxalq olacaq və 2021-ci ilin sonuna qədər açılması planlaşdırılır. Hava limanı ilə birlikdə Şuşaya gedən magistral yolun inşasına da artıq başlanılıb. Bundan əlavə, jurnalistlərə bildirilib ki, yaxın üç il ərzində Laçın dəhlizi boyunca Ermənistanla Xankəndi arasında əlaqəni təmin etmək üçün yeni bir yolun tikintisi üçün plan hazırlanacaq.Həmçinin Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistan ərazisindən keçən nəqliyyat əlaqələrinin nüansları da işlənərək hazırlanıb.
Əlbətdə ki, yaxın gələcəkdə erməni təcavüzündən əziyyət çəkmiş bütün ziyarətgahlar bərpa ediləcəkdir. Bunlar ilk növbədə məscidlər, qəbiristanlıqlar və tarixi abidələrdir. Məktəblər, xəstəxanalar, inzibati binalar və yaşayış binaları yenidən tikiləcək ki, bütün məcburi köçkünlər evlərinə qayıda və tam rahat həyat sürə bilsinlər. Həmçinin, "Ağıllı kənd" pilot layihəsinin də həyata keçirilməsi planlaşdırılır, çünki Qarabağa qayıtmaq istəyənlərin bir çoxu kənd təsərrüfatı ilə məşğul olmağı planlaşdırır Bu layihə onların həyatını xeyli asanlaşdıracaq.

Azərbaycan Prezidenti İlham Əliyev jurnalistlərə açıqlamasında bildirib ki, bu il hökumət azad edilmiş ərazilərin bərpası üçün büdcədən 2,2 milyard manat ayırıb (bu, təxminən 1,5 milyard dollardır). Ancaq əlbəttə ki, bu, aysberqin yalnız görünən hissəsidir: Bu məbləğə dövlət şirkətləri tərəfindən idarə edilən, müxtəlif fondlar tərəfindən maliyyələşdirilən layihələrin və təbii ki, xarici investisiyaların dəyəri daxil deyil. Yaxın gələcəkdə bu torpaqlar prioritet inkişaf əraziləri olacaqdır.
Buraya yatırılan investisiya üç dəfəyə qədər özünü doğruldacaq, çünki bu ərazilərdə mədən sənayesi və kənd təsərrüfatı, həmçinin emal da daxil olmaqla, uzun müddətdə bölgələrə böyük yük axınlarına xidmət göstərməyə imkan verəcək turizm və logistika mübadilələri də mümkün olacaq. Bütün bunlar iqtisadiyyatın neft sənayesi ilə əlaqəli olmayan yeni iş yerləri və bütün ölkə üçün faydalı olacaq iqtisadi inkişafa kömək edəcək sahələr yaradacaqdır.

Ancaq infrastrukturun bərpası xaricində Azərbaycan Rusiya tərəfi ilə birlikdə bütün ərazini təmizləməlidir və Ermənistanın vermək istəmədiyi minalanmış ərazilərin xəritələri olmadan bunu etmək çox çətin olacaq. Gələn jurnalistlərə dərhal xəbərdarlıq edilib ki, bölgədəki minaların davamlı olaraq partlaması kiminsə həlak olmasına səbəb olur və burada olmaq heç də təhlükəsiz hesab edilmir.

Bu bir çox insanı narahat edirdi. Müharibədən sonrakı 4 ay ərzində təxminən 70 nəfər minalardan zərər çəkib. Bunu dayandırmaq üçün xəritələrə ehtiyac var və onların Ermənistan rəhbərliyi tərəfindən təqdim edilməməsi insanlığa qarşı başqa bir cinayət kimi qiymətləndirilə bilər. Ermənistana təsir etmək və günahsız vətəndaşların ölümünün dayandırılması üçün dünya ictimaiyyətinin diqqətini bu problemə cəlb etmək vacibdir.
Rusiyalı deputat: “Sülhməramlılar Qarabağa 5 illik deyil, həmişəlik gəliblər”Rusiya Dövlət Dumasının deputatı, ermənipərəst siyasətçi Konstantin Zatulin qalmaqallı açıqlama verib.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, o, videokörpü vasitəsilə keçirilən tədbir zamanı sülhməramlıların Qarabağa daimi əsasda gəldiyini söyləyib.

“Rusiya Dağlıq Qarabağa rəsmi olaraq 5 illik gəlsə də, düşünürəm ki, onlar həmişəlik gəliblər. Mən onu da düşünürəm ki, situasiya hazırda inkişaf etdiyi kimi qalsa, müyyən müddət sonra Zəngəzurdakı Rusiya qüvvələrinin gücləndirilməsi baş verəcək. İnsanların Qarabağdan qaçmaması üçün vəziyyət bunu tələb edir. Ermənilərin öz tarixi torpaqlarında yaşaması bizim üçün vacibdir”- deyə Zatulin əlavə edib.
Arvadının ölümünə dözməyən kişi özünü öldürdüQəbələdə 61 yaşlı kişi həyətində ölüb.

Hadisə rayonun Məlikli kəndində baş verib. Kənd sakini, 1958-ci il təvəllüdlü Həsənov Hümbət Ədil oğlunun üzərində zorakılıq xəsarətlər olmayan meyiti evinin həyətyanı sahəsində gəlini Vahidə Abdullayeva tərəfindən aşkarlanıb.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Araşdırmalar zamanı məlum olub ki, H.Həsənovun həyat yoldaşı bir müddət əvvəl qəfil dünyasının dəyişib.

Hadisədən sonra H.Həsənov stres keçirib və əsəb xəstəsi olub. Son vaxtlar isə H.Həsənovun tüfeyli həyat tərzi keçirdiyi bildirilir.

Faktla bağlı araşdırmalar aparılır.(Trend.az)