Bakıda 4 nəfər qız və oğlana hücum etdiBakıda gənc oğlan və qız döyülüb.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu, Bülbül prospekti, 29 ünvanında qeydə alınıb.

4 naməlum şəxs gənc oğlan və qızı döyərək hadisə yerindən qaçıb.

Daha sonra əraziyə polis əməkdaşları gəlib.

Faktla bağlı araşdırma aparılır.
Hərbi qulluqçuların maaşları artırıldı - RəsmiPost-müharibə dövrünün bir sıra təhdidlərini, xidmətin xüsusiyyətlərini, qulluq və sosial-məişət şəraitinin mürəkkəbliyini nəzərə alaraq, müdafiə nazirinin müvafiq əmrinə əsasən, hərbi qulluqçuların vəzifə maaşlarına müddətli əlavələr müəyyən edilib.

Müdafiə Nazirliyindən Avrasiya.net-ə bildirilib ki, əmrə əsasən, Azərbaycan Ordusunun Ermənistanla dövlət sərhədində və Azərbaycanın Qarabağ bölgəsində Rusiya Federasiyası sülhməramlı kontingentinin yerləşdirildiyi zonaya bitişik ərazilərdə hərbi xidmət keçən hərbi qulluqçuların vəzifə maaşlarına 100 faiz həcmində müddətli əlavələr təyin edilib.

İşğaldan azad edilmiş və hazırda infrastruktur qurulmayan ərazilərdə hərbi xidmət keçən hərbçilərin vəzifə maaşlarına isə 50 faiz həcmində müddətli əlavələr təyin olunub.

Əmr cari ilin yanvar və fevral ayları üçün ödəniləcək pul təminatına da şamil edilir.
Bakıda dələduz "general" azadlığa buraxıldıNərimanov rayon məhkəməsində Bakıda özünü "general-mayor" kimi təqdim edərək dələduzluq etməkdə təqsirləndirilən Firdovsi Ələkbərovun işi üzrə məhkəmə prosesi başa çatıb.

Avrasiya.net xəbər verir ki, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə F.Ələkbərova təqsirləndirildiyi 3 maddədən biri üzrə bəraət alıb. Belə ki, F. Ələkbərova qarşı Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq, təkrar törədilməklə), 178.2.4-cü (Külli miqdarda ziyan vurmaqla dələduzluq etmək) və 320.1-ci (saxta sənəd hazırlama və satma) ittiham irəli sürülsə də, məhkəmədə onun saxta sənəd hazırlamaq və satması sübuta yetirilmədiyindən ona qarşı irəli sürülən bu ittiham üzrə bəraət verilib. Məhkəmə digər iki maddəni əsas gətirərək F.Ələkbərova 1 il 1 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzası təyin edib. Təqsirləndirilən şəxs barəsində seçiklmiş həbs qətimkan tədbiri ləğv edilib və o məhkəmə zalından azadlığa buraxılıb.

Məhkəmənin qərarı ilə razılaşmayan F.Ələkbərov qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayət verib.

Bakı Pellyasiya Məhkəməsində şikayət araşdırılıb və qismən təmin edilib. Məhkəmənin qərarı ilə F. Ələkbərovun barəsindəki azadlığın məhdudlaşdırılması qərarı 2 min manat cərimə ilə əvəzlənib.

Xatırladaq ki, 2019-cu il sentyabrın 22-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Nərimanov Rayon Polis İdarəsi əməkdaşları tərəfindən birgə həyata keçirilən əməliyyat tədbiri nəticəsində insanların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onları aldadan şəxs saxlanılıb.

Araşdırma zamanı müəyyən edilib ki, əvvəllər dəfələrlə məhkum olunmuş paytaxt sakini Firdovsi Ələkbərov general formasında özünü İnsan Hüquqlarının Müdafiəsi üzrə Beynəlxalq Komitə adlı (İnternational Human Rights Defence Committee) beynəlxalq təşkilatın Paris Departamenitinin Mərkəzi Asiya Layihəsi üzrə rəhbəri kimi təqdim edib təşkilat tərəfindən ona general rütbəsi verildiyini deyərək insanları buna inandırıb.

Daha sonra o, ayrı-ayrı zərərçəkənləri təşkilatın Azərbaycan nümayəndəliyində rəhbər vəzifələrə təyin etdirəcəyini, onlara general, polkovnik və digər rütbələr, həmçinin diplomatik pasport, eləcə də təşkilatın nişanının veriləcəyini deyərək onları aldadıb. Bu üsulla F.Ələkbərov zərərçəkənlər İ.Ağayevdən 24976 manat, T.Musayevdən 3000 manat və E.Axundzadədən 6000 manat pulu dələduzluq yolu ilə ələ keçirib. Əvəzində isə zərərçəkmiş şəxslərə həmin təşkilatın adından qanunsuz hazırlanmış saxta diplomatik pasport, saxta vəsiqə və digər saxta sənədlər satıb.

F.Ələkbərovun Nəsimi rayonunda yerləşən ofisinə baxış zamanı təşkilatın adından qanunsuz hazırlanmış özünə aid saxta diplomatik pasport, saxta xidməti vəsiqə, müxtəlif saxta sənədlər, iki dəst general forması və digər madi sübutlar aşkar edilərək götürülüb. Qeyd edək ki, F.Ələkbərov zərərçəkənlərdə inam yaratmaq məqsədi ilə müxtəlif sosial şəbəkələrdə səhifələr yaradaraq general formasında şəkillərini də paylaşıb.

Faktla bağlı Baş İdarədə F.Ələkbərov barəsində Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq) və 320.1 (saxta sənəd hazırlama və satma) maddələri ilə cinayət işi başlanılıb.
"Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycan Prezidentindən nümunə götürməlidir"Özü hazırda dərin siyasi böhran yaşayan və iqtisadi sıxıntılar içində çabalayan Ermənistan dövlətinin Azərbaycan ərazisinə - Dağlıq Qarabağa tikinti materialları adı altında əsgər daşıması həm beynəlxalq hüquqa və 10 noyabr razılaşmasının müddəalarına ziddir, həm də siyasi riyakarlıqdır.

Yaxşı ki, cürbəcür millətçi, faşist, daşnak ideyaları ilə zəhərlənmiş Ermənistan cəmiyyətində övladlarının tikinti materialları daşıyan maşınlarda, gizli şəkildə Qarabağa gətiriləcəyindən xəbər tutaraq Müdafiə Nazirliyin qarşısına toplaşan, buna etirazını bildirən və “Biz istəmirik ki, uşaqlarımızı tikinti materialları kimi Qarabağa aparsınlar. Əvvəl bizə demişdilər ki, onlar daha Qarabağa qayıtmayacaqlar, xidməti Ermənistanda davam etdirəcəklər. İndi isə onları xəlvəti Qarabağa aparmaq istəyirlər. Bizim uşaqlar tikinti materialı deyil", - deməyi bacaran valideynlər, əsgər anaları da var. Bu analar haqlı olaraq tələb edirlər ki, onların övladları Qarabağa aparılmasın və ancaq Ermənistan ərazisində xidmətini davam etdirsin. Çünki dərk edirlər ki, Qarabağ Azərbaycanın ərazisidir.

Bir sözlə, erməni əsgər anaları Ermənistanın hərbi-siyasi rəhbərliyindən daha ayıq-sayıq və daha realist düşündüklərinə görə, öz övladlarının Qarabağda ölməsini istəmirlər. Onlar Ermənistan rəhbərliyinin və hərbi komandanlığının zorakı mövqeyinə, bu qanunsuz addımına etirazlarını bildirirlər. Erməni əsgər analarının etirazları və haray səsləri əslində Ermənistan rəhbərliyi üçün SOS siqnalı olmalı və onları ayıltmalıdır. Rəsmi İrəvan məsuliyyətli davranmalı və başa düşməlidir ki, Ermənistan, Rusiya və Azərbaycan rəhbərlərinin imzaladığı 10 noyabr üçtərəfli Bəyanatının şərtlərinə əməl etməyə məcburdur. Hətta istəməsə də belə, məcburdur.

Ermənistanın hərbi-siyasi rəhbərliyi heç olmasa, Azərbaycan Prezidentindən nümunə götürməlidir. “Bizim hədəfimiz sülhdür”, - deyən Azərbaycan Prezidenti İlham Əliyevin yerli və xarici KİV-lər üçün mətbuat konfransı zamanı sülh və əməkdaşlıq barədə fikirlər səsləndirməsi və revanşizmdən əl çəkməyə çağırış etməsi Ermənistan rəhbərliyi üçün ibrət olmalıdır. Ancaq çox təəssüflər olsun ki, biz tamamilə bunun əksinə olan bir mənzərəni müşahidə edirik. Belə ki, Ermənistan tərəfi həm Rusiyanı, həm də Azərbaycanı aldadaraq əsgərləri mülki paltarda və ya inşaat materiallarının altında gizlədərək Qarabağa daşımağa davam edir.

Əfsuslar olsun ki, bütün bu biabırçı-spekulyativ addımlar, hərəkətlər məhz Rusiya sülhməramlılarının gözü qarşısında baş verir. Qondarma "dqr"in terrorçu rəhbərliyi kimi rəsmi İrəvan da məhz Rusiya sülhməramlılarına arxalanaraq üçtərəfli Bəyanatın məlum müddəalarını həyasızcasına pozur. Rusiya sülhməramlıları Ermənistan ərazisindən "Laçın dəhlizi" vasitəsilə əsgərlərin Dağlıq Qarabağa daşınmasına şərait yaradır. Eyni zamanda Rusiyanın sülhməramlı qüvvələri bizim ərazimizə xarici vətəndaşların buraxılmaması məsələsinə də tam ciddiyəti ilə əməl etmirlər. İlham Əliyev də sözügedən mətbuat konfransında bu məsələyə toxundu və qeyd etdi ki, sülhməramlıların yol verdiyi bu cür nöqsanlar bizi narahat edir və bu narahatlığı da biz Rusiya tərəfinə çatdırırıq.

Azərbaycan Prezidenti 26 fevral tarixli mətbuat konfransında bütün bu kimi məsələlər barədə kifayət qədər sərt danışdı və həm Ermənistan rəhbərliyinə, həm də Ermənistanı yenidən silahlandırmağa hazırlaşan havadar ölkələrə birmənalı şəkildə xəbərdarlıq etdi. İlham Əliyev hər kəsin diqqətinə çatdırdı ki, heç kim bizim sülhpərvərliyimizdən sui-istifadə etməyə çalışmasın və səbrimizi də imtahana çəkməsin. Bizim səbrimiz limitsiz deyil. Odur ki, heç kim Azərbaycanı sərt antiterror əməliyyatı keçirməyə və ya Üçüncü Qarabağ müharibəsinə təhrik etməməlidir.

Əgər hazırki xoşagəlməz mənzərələr bu şəkildə davam edərsə, o zaman söz haqqı yenidən hərbçilərə verilə bilər. Azərbaycan bütün bu təxribatlara, siyasi oyunlara, "sülhməramlı" spekulyasiyalara dəmir yumruğu ilə son qoymağa qadirdir. Ermənistan rəhbərliyi öz xalqının gələcəyini az da olsa düşünürsə, Azərbaycan Prezidentinin bu xəbərdarlığını hər an göz önünə gətirməlidir: "Ermənistan siyasi dairələri anlamalıdırlar, hər hansı bir revanş və ya qisas cəhdləri Azərbaycan tərəfindən ciddi şəkildə cəzalandırılacaqdır. Biz hər hansı bir təhlükə görsək, bunu özümüzə ciddi təhlükə hesab etsək, buna dərhal cavab verəcəyik. Ona görə də mən xəbərdarlıq edirəm ki, burada hər hansı bir revanşizm və qisas cəhdləri olmamalıdır. 10 noyabr Bəyanatı Ermənistan tərəfindən tam icra olunmalıdır".

Paşinyan hökumətinin nöqtəsi ilə, vergülü ilə bu Bəyanatın bütün müddəalarına əməl etməkdən başqa bir çarəsi yoxdur. Odur ki, Ermənistanın baş naziri buyursun, həm millətçi-revanşist siyasətçilərin ipini yığsın, həm də Bəyanatın müddəalarını pozan erməni generallara öz yerlərini göstərsin. Əks təqdirdə, Azərbaycan Ordusunun erməni təxribatlarının qarşısını güc yolu ilə almaqdan başqa bir yolu qalmayacaq!

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Abbas Müsəvi: Azərbaycan ilə əlaqələrin inkişafı İran üçün prioritet siyasi xətt təşkil edirİran 15 ölkə ilə qonşu və həmsərhəddir. Lakin bu ölkələrin arasında Azərbaycanın İran üçün xüsusi yeri var.

AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Azərbaycandakı səfiri seyid Abbas Müsəvi Qum şəhərində keçirilən beynəlxalq Qarabağ konfransında deyib.

O bildirib ki, Azərbaycanın Qarabağı işğaldan azad etməsi regionda yeni reallıqların yaranmasına səbəb olub. Bu reallıqlar ondan ibarətdir ki, azad olunan rayonlar İranla sərhəddə yerləşir. Bu rayonların bərpasından sonra iki qonşu və dost ölkə arasında iqtisadi əlaqələrin genişlənməsi, qarşılıqlı faydalı əməkdaşlıq üçün böyük imkan yaranıb.

İran şirkətləri Qarabağın bərpasında iştirak etmək istəyirlər. Bərpa olunacaq rayonların İranla sərhəddə yerləşməsi tikinti materiallarının, digər ləvazimatların tez çatdırılmasına imkan verəcək və nəqliyyat xərci də çox az olacaq.

Səfir nəzərə çatdırıb ki, İranın Müdafiə Nazirliyi işğaldan azad olunmuş ərazilərinin minalardan təmizlənməsi işində iştirak edə bilər. İranın bu sahədə böyük təcrübəsi var.

Diplomat qeyd edib ki, İran ilə Azərbaycan Araz çayı üzərində “Xudafərin” və “Qız qalası” su anbarlarının tikintisinin davam etdirilməsi haqqında razılığa gəliblər. Bu anbarlar hər iki tərəf üçün faydalıdır. İşğaldan azad edilmiş rayonlarda kənd təsərrüfatının su problemi həll olunur. Eyni zamanda, Astaraçay üzərində yeni körpünün inşası barədə də razılıq var. Bu körpü İran ilə Azərbaycanın birgə iştirak etdiyi Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşmasında böyük rol oynayacaq.
Azərbaycanda koronavirus infeksiyasına 352 yeni yoluxma faktı qeydə alınıb, 143 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Avrasiya.net-ə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, son sutkada 2 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 235 014 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 228 982 nəfər müalicə olunaraq sağalıb, 3 225 nəfər vəfat edib. Hazırda 2 807 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 996, bu günə qədər isə ümumilikdə 2 610 880 test icra olunub.
Ermənilərin Qarabağda səpələnmiş meyitləri çaqqallara YEM OLURİki həftəlik fasilədən sonra Ermənistanın axtarış qruplarına Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında cəsəd axtarmağa icazə verilib.

Avrasiya.net xəbər verir ki, Ermənistan tərəfinin məlumatına görə, axtarışlar fevralın 15-dən dayandırılmışdı, bu gün isə bərpa olunub.

Ermənistanın 4 axtarış qrupu bu gündən Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisində 44 günlük müharibədə ölmüş hərbçilərin meyitlərini axtarmağa davam edəcək.

Bu arada BBC-nin Rus xidməti Qarabağ ərazisində ölüb qalmış erməni hərbçilərin meytitləri barədə tükürpədən məlumat yayıb.

Laçın şəhərinə ezam olunmuş BBC jurnalistləri bildiriblər ki, kimsəsiz çöllüklərdə qalmış erməni hərbçilərin meyitlərini ac-yalavac çaqallar didib-parçalayırlar. Bunu BBC-yə axtarış missiyasının bir üzvü etiraf edib:

"Burada qördüyüm ən dəhşətli mənzərə çaqqalların tikə-tikə didib parçaladıqları cəsədlərdir”, - deyə “Qızıl Xaç”la birgə ölənlərin axtarışı işinə cəlb edilən missiya üzvü bildirib.

“Biz mina sahələrinə də girmişik, çaqqalların tikə-tikə diddikləri cəsədlər də görmüşük. Yadımdadır, Şuşaya işləməyə gəlmişdik, orada isə bütün yol meyit içindəydi. Gənc 18-19 yaşlı erməni oğlanlarının meyitləri. Dəhşət idi...".

Axtarış missiyasının üzvü Azərbaycan hərbçilərinin humanistliyindən bəhs etməyi də unutmayıb:

“Haqq üçün demək lazımdır, öz gözümlə görmüşəm, azərbaycanlı əsgərlər yeni mövqelər tutarkən, bir çox həlak olmuş erməniləri torpağa basdırırdılar - beləliklə cəsədləri çaqqallardan xilas edirdilər. Harada ki, həlak olanları basdıra bilməyiblər, orda biz çaqqalların parçaladığı bədən hissələri və ayrı-ayrı sümüklər tapırıq", -deyə axtarış missiyasının üzvü söyləyib.

Ermənistan tərəfinin məlumatına görə, 13 noyabr 2020-ci ildən bu günə kimi aparılan axtarış nəticəsində 1485 cəsəd tapılaraq aidiyyatı üzrə təhvil verilib.
“Ideathon for People” adlı müsabiqə keçiriləcəkBakı Mühəndislik Universiteti (BMU), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, ADA Universiteti və Azərbaycan - Fransız Universitetinin Proqramçı Tələbələr Klubunun (Google Developer Student Clubs) birgə təşkilatçılığı ilə “Ideathon for People” adlı müsabiqə keçiriləcək. Yarış onlayn formada və “Discord” platforması vasitəsilə təşkil olunacaq.

Müsabiqənin keçirilməsində əsas məqsəd tələbələri “Solution Challenge” yarışmasına daha yaxşı hazırlamaqdır. Belə ki, “Google” tərəfindən hər il keçirilən və qlobal xarakter daşıyan “Solution Challenge” yarışmasına qeydiyyat artıq başlayıb.

Yarışmada iştirak etmək istəyən tələbələr fərdi və ya komanda şəklində https://bit.ly/3b4Mo29 linkində qeydiyyatdan keçə bilərlər. 6-7 mart 2021-ci il tarixlərində saat 10:30-da başlanacaq müsabiqə DSC BEU (https://bit.ly/2NOJ8iI) və DSC ASOIU (https://bit.ly/2Mz2Ez1) “YouTube” kanalında canlı yayımlanacaq.

Yarışmanın mövzusu “Dayanıqlı İnkişaf Məqsədləri”ndən ilk 5 məqsədi əhatə edir:

1. Yoxsulluğa son: Hər yerdə yoxsulluğun bütün formalarına son qoymaq;

2. Aclığa son: Aclığa son qoymaq, ərzaq təhlükəsizliyi və daha yaxşı qidalanmaya nail olmaq və dayanıqlı kənd təsərrüfatını təşviq etmək;

3. Səhiyyə və rifah: Yaşından asılı olmayaraq hamının sağlam yaşayış tərzini təmin etmək və rifah halını yaxşılaşdırmaq;

4. Keyfiyyətli təhsil: Hamı üçün inklüziv və bərabər keyfiyyətli təhsili təmin etmək və ömür boyu təhsil almaq imkanlarını dəstəkləmək;

5. Gender bərabərliyi: Gender bərabərliyinə nail olmaq, bütün qız və qadınların hüquq və imkanlarını genişləndirmək.

Tədbirin gündəliyi ilə tanış olmaq, həmçinin yarana biləcək digər suallarla bağlı [email protected] elektron poçtu və ya +994 77 640 07 38 nömrəsi ilə əlaqə saxlamaq mümkündür.
8 Mart üçün pul yığsalar, bu nömrəyə zəng vurun! - NazirlikTəhsil Nazirliyi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə məktəblərdə yarana biləcək xoşagəlməz hallarla bağlı ictimaiyyətə müraciət edib.

Avrasiya.net xəbər verir ki, müraciətdə bu və ya digər hallarla bağlı Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə və ya elektron ünvanına müraciət etmələri qeyd olunur:

“Təhsil Nazirliyi qarşıdan gələn 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bütün xanımları təbrik edir. Bu gün pedaqoji heyətimizin böyük əksəriyyətini təşkil edən xanım müəllimlərimizin həm də fədakar ana kimi Vətən müharibəsində iştirak etmiş qəhrəman övladlarımızın yetişməsində rolu danılmazdır.

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə xoşagəlməz hallara qarşı müəllimlər, valideynlər və ümumilikdə cəmiyyət olaraq birgə mübarizə aparmalı, dəyərlərimizi qorumalı və gələcək nəsillərə çatdırmalıyıq.

Bu və ya digər hallarla bağlı Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (146-1) və yaxud [email protected] elektron poçt ünvanına anonim olmadan müraciət edə bilərsiniz”.
Gürcüstan müxalifəti aksiyaya başladıGürcüstanın müxalifət partiyalarının nümayəndələri Tiflisdə parlament qarşısında etiraz aksiyası keçirirlər.

Avrasiya.net xəbər verir ki, bu məlumatı Gürcüstanın Birinci kanalı yayıb.

Etirazçılar Vahid Milli Hərəkat Partiyasının lideri Nika Meliyanın azad olunmasını tələb edirlər.