Antikonstitusion yolla hakimiyyət dəyişikliyi pis nümunədir və pislənilməlidir. Amma ilahi bir ədalət var. Onlar zamanla bizim torpaqları işğal edib, xalqımıza böyük acılar yaşatmaqla Azərbaycanda siyasi böhran yaratmışdılar.

Avrasiya.net Moderator.az-a istinadən xəbər verir ki, bu sözləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Ermənistanda baş verənlərlə bağlı şərhində deyib.

“İndi biz torpaqlarımızı işğaldan azad etməklə Ermənistanda siyasi böhran yaratmışıq. Ədalətli müharibə apardığımıza görə Allah bizim köməyimiz oldu, erməni faşitlərinə isə törətdikləri insanlıq əleyhinə qanlı cinayətlərə görə cəzalarını verir. İstəyirlər bir-birlərini qırsınlar. Orda hərbi xuntanın hakimiyyətə gəlməsi bizim maraqlarımıza uyğundur. Çünki Paşinyan Azərbaycana qarşı sərt mövqeyi ilə hərbi canilər olan, eks-prezidentlər Köçəryan və Sarkisyanı geridə qoyub. Həm də Paşinyandan fərqli olaraq hakimiyyətə gələcək hərbi xunta bütün beynəlxalq siyasi və diplomatik dəstəkdən məhrum olacaq. Daha yaxşı olar ki, hərbi çevriliş vətəndaş müharibəsi yolu ilə baş versin. Başqa cür mümkün də deyil, çünki erməni xalqı korrupsiyalaşmış, quldur Qarabağ klanının yenidən hakimiyyətə qayıtmasını istəmir. Erməni siyasi elitası sülh barədə yox, revanş haqqında, torpaqlarımızı ordularını modernləşdirməklə yenidən işğal edəcəklərindən danışırlar. Bizim əsgərlərimizlə vuruşub ölməkdənsə qoy bir-birilərini qırsınlar. Allah bilən məsləhətdir”, - deyə partiya sədri bildirib.

Bərdə şəhər 10 saylı uşaq bağçasında Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı tədbir keçirilib.

Tədbirdə bağçanın müdiri Leyla Məmmədova uşaqlara ermənilərin işğalçılıq siyasətindən, azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərdən danışıb.

L.Məmmədova bildirib ki, ermənilər əsrlər boyu azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparıb. Daha sonra 1992-ci il fevralın 25-dən 26-a keçən gecə ermənilərin Xocalı şəhərində dinc azərbaycanlılara qarşı törətdikləri soyqırımdan bəhs edib.

Leyla xanım bildirib ki, 1 mart 1994-cü ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Xocalı soyqırımı ilə əlaqədar xüsusi Fərman imzalayıb. Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə 26 fevral "Xocalı soyqırımı günü" elan olunub, bu barədə beynəlxalq təşkilatlara məlumat verilib. Həmçinin 25 fevral 1997-ci ildə Ümummilli lider Heydər Əliyev tərəfindən "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" iki xüsusi Fərman imzalanıb: "Ümummilli liderimiz deyib ki,
bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir"


Daha sonra bağçada soyqırımla bağlı hazırlanan foto-stend nümayiş olunub, uşaqların hazırladıqları səhnəciklər təqdim olunub. Uşaqlar vətənpərvərliyə həsr olunan şeirlər söyləyiblər.

Tədbirdən əvvəl isə Bərdə rayonunda yerləşən Şəhidlər Xiyabanı ziyarət olunub, şəhid məzarları üstünə gül qoyulub. İkinci Qarabağ müharibəsində şəhid olan Xudayar Yusifzadənin ailəsi də ziyarət olunub.

Bağça müdiri bildirib ki, hökumətimiz həmişə şəhid ailələrinə, qazilərə, əlillərə xüsusi diqqət və qayğı göstərib.
Uşaq bağçasında Xocalı faciəsi anılıb - Fotolar







.


Ölkəmizdə koronaya yoluxanların sayı açıqlandıAzərbaycanda bu gün koronavirus infeksiyasına 126 yeni yoluxma faktı qeydə alınıb, 142 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 3 nəfər “COVID-19”dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 233 770 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 228 299 nəfər müalicə olunaraq sağalıb, 3 209 nəfər vəfat edib. Hazırda 2 262 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 438, bu günə qədər isə ümumilikdə 2 576 545 test icra olunub.
Xocalı qurbanlarının qanı II Qarabağ müharibəsində alındıO vaxt faktiki olaraq bizim bölgələrimizin müdafiəsi demək olar ki, özünümüdafiə qüvvələrinin öhdəsinə buraxılmışdı. Nizami ordu yox idi. Hətta insanları Kəlbəcərdən, Laçından çıxarmaq üçün lazımi tədbirlər görülməmişdi, ona görə də, əhali arasında böyük itkilər olmuşdu. Sabah Xocalı soyqırımının 29-cu ildönümüdür. Xocalı soyqırımı insanlığa qarşı törədilmiş cinayətdir. Bu cinayəti Ermənistan dövləti törədib. Xocalı qurbanlarının da qanı İkinci Qarabağ müharibəsində alındı.

Avrasiya.net xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 25-də Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində deyib.

"Əlbəttə ki, biz bütün bu illər ərzində müharibəyə hazırlaşırdıq. Bunu heç gizlətmirdik. Çünki bizim torpaqlarımız işğal altında idi və biz görürdük ki, bu məsələnin sülh yolu ilə həlli mümkün deyil. Artıq son illər ərzində buna tam əmin idik. Ermənistan rəhbərliyinin davranışı, təxribat xarakterli çıxışları, addımları bizi və deyə bilərəm ki, beynəlxalq ictimaiyyəti əmin etmişdir ki, bu müharibənin sülh yolu ilə həlli mümkün deyil. Halbuki bu məsələ ilə məşğul olan Minsk qrupuna həmsədrlik edən ölkələrin yüksəkvəzifəli rəsmi nümayəndələri daim təkrarlayırdılar ki, münaqişənin hərbi həlli yoxdur. Amma biz görürdük ki, münaqişənin sülh yolu ilə həlli yoxdur. Çünki əks-təqdirdə 30 il ərzində bu məsələ həll olunardı.

Deməli, buna maraq yoxdur, yaxud da ki, belə nə hərb, nə sülh vəziyyəti kimisə qane edirdi. Kimisə qane edirdi ki, Azərbaycan xalqı 30 il ərzində belə vəziyyətdə yaşasın. Kimisə qane edirdi ki, bizim torpaqlarımız işğal altındadır və sanki Azərbaycana bu, müəyyən təzyiq mexanizmi kimi qəbul edilirdi. Bizi inandırmağa çalışırdılar ki, indi reallıq yaranıb, 30 il ərzində bu reallıq mövcuddur və Azərbaycan bu reallıqla barışmalıdır. Mən isə deyirdim ki, heç vaxt biz bu vəziyyətlə barışmayacağıq. Mən deyirdim, heç vaxt imkan verməyəcəyik ki, bizim torpağımızda ikinci qondarma erməni dövləti yaradılsın və imkan vermədik. Bütün gücümüzü səfərbər etdik, bir çox illər ərzində ardıcıl siyasət apardıq, həm beynəlxalq müstəvidə, həm iqtisadi sahədə, həm qonşu ölkələrlə münasibətlərdə, regional layihələrin icrasında və əlbəttə ki, ordu quruculuğunun təkmilləşdirilməsi üçün böyük işlər gördük. Eyni zamanda, gənc, vətənpərvər, Vətəni hər şeydən çox sevən nəsil yetişdi. Bax, bu nəsil torpaqlarımızı azad etdi. Şuşada Cıdır düzündə Azərbaycan xalqına müraciət edərkən demişdim ki, mən 2003-cü ildə hakimiyyətə gələndə bu gün 25-30 yaşında olan insanlar uşaq idi. Biz onları vətənpərvərlik ruhunda, dövlətə sədaqət ruhunda yetişdirdik və onlar bizim torpaqlarımızı işğalçılardan azad etdilər. O cümlədən işğal edilmiş torpaqlarda heç vaxt olmayan, amma əslən o torpaqlardan olan gənclər torpaqları uğrunda aslan kimi vuruşurdular. Bütün Azərbaycan xalqı, Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri bir yumruq kimi birləşərək düşməni məğlub edib və torpaqlarımızı işğaldan azad ediblər. Bu, tarixi hadisədir. Azərbaycan tarixində buna oxşar parlaq qələbə olmamışdır. Azərbaycan bütün dünyaya öz gücünü göstərdi, xalqımızın iradəsini göstərdi. Bir daha bütün dünya gördü ki, əgər iradə varsa, güc varsa, xalq-iqtidar birliyi, əzmkarlıq və cəsarət varsa, haqq-ədalət öz yerini tapır. Biz bunu nümayiş etdirdik", - dövlət başçısı bildirib.
“Xocalı soyqırımı xalqımızın qan yaddaşıdır” mövzusunda onlayn inşa-yazı müsabiqəsinə yekun vurulubSiyəzən rayon tam orta məktəblərinin VII-XI sinif şagirdləri arasında 26 Fevral Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş “Xocalı soyqırımı xalqımızın qan yaddaşıdır” mövzusunda onlayn inşa-yazı müsabiqəsinə yekun vurulub.

Siyəzən Rayon Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə 5 fevral tarixində elan olunmuş müsabiqə Xocalı faciəsi qurbanlarının xatirəsinin yad edilməsi, “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının müvafiq bəndlərinin icrasının təmin olunması, yeniyetmə və gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi, gənc nəslə tarixi həqiqətlərin çatdırılması, eləcə də istedadlı və bacarıqlı şagirdlərin üzə çıxarılması məqsədi daşıyıb. Müsabiqəyə şəhər və kənd tam orta məktəblərindən 57 nəfər şagird iştirak edib.

Fevralın 25-də başa çatan müsabiqənin nəticəsinə əsasən şəhər 6 saylı məktəb-liseyin şagirdi Mövsümova Məryəm I, şəhər 3 saylı tam orta məktəbin şagirdi Ələsgərli Jalə II, şəhər 2 saylı və Böyük Həmyə kənd tam orta məktəblərin şagirdləri Kərimova Aysel və Zeynalova Lalə III yeri tutub. Şəhər 2 saylı tam orta məktəbin şagirdləri Bayramova Aysu, Məmmədli Şirinbacı və Hüseynli Ziyadxan, şəhər 3 saylı tam orta məktəbin şagirdləri Qurbanova Lamiyə, Atakişiyeva Qızılgül və Həsənova Fəxriyyə, şəhər 4 saylı tam orta məktəbin şagirdi Xələfova Türkan, şəhər 5 saylı tam orta məktəbin şagirdi Səfərli Şəhanə, şəhər 6 saylı məktəb-liseyin şagirdi Pirəliyeva Fatimə, Böyük Həmyə kənd tam orta məktəbin şagirdi Quliyeva İlahə, Eynibulaq kənd tam orta məktəbin şagirdi İbrahimli Nisə və Daşlı Calğan kənd ümumi orta məktəbin şagirdi Xalıqova Aynur isə həvəsləndirici yerlərə layiq görülüblər.

Müsabiqənin qalibləri onlayn qaydada fəxri fərmanlarla təltif ediliblər.

#Xocalı #Khojaly #xocalısoyqırımı #khojalygenocide #JusticeforKhojaly #26Fevral #SiyəzənGİİ #GənclərvəİdmanNazirliyi #MysGovAz #MysAz
MHP Xocalı soyqırımı ilə bağlı bəyanat yayıbMilli Həmrəylik Partiyasının (MHP) Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar

Bəyanatı

Bu gün tarixin və insanlığın ən dəhşətli faciələrindən biri sayılan Xocalı soyqırımının 29-cu ili tamam olur. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri 366-cı rus-sovet motoatıcı alayının hərbçilərinin köməyilə Avropanın bir hissəsi olan Azərbaycan ərazisində - Xocalı şəhərində kütləvi qırğın, qanlı soyqırımı törədiblər. Həmin gecə Xocalıda ümumbəşəri dəyərlər, Avropa dəyərləri, insan hüquqları kobudcasına tapdalanıb, ayaqlar altına atılıb.

Diqqət edin, Xocalı şəhərinin sakinləri müharibə iştirakçıları deyildi və bu soyqırımı iki tərəfin hərbi əməliyyatı zamanında hərbçilərə qarşı törədilməyib. Bu vəhşilik məhz dinc insanlara, mülki əhaliyə qarşı törədilib. Xocalılar əvvəlcədən düşünülmüş və planlaşdırılmış etnik təmizləmə aktının nəticəsində qətlə yetirilib. İnsanlarımız xüsusi vəhşiliklə öldürülüb, onların meyitləri təhqirə məruz qalıb, tanınmaz hala salınıb. Bu dəhşətli cinayət Ermənistan Respublikasının o vaxtkı siyasi rəhbərliyi , millətçi ziyalıları, səhra komandirləri, müharibə caniləri tərəfindən təşkil edilib. Xocalının köməksiz, əliyalın dinc sakinlərinin üzərinə ağır hərbi texnika yeridilib. Yandırılan və talan edilən şəhərdən qaçıb xilas olmaq istəyən xocalılara aman verilməyib. Bir çox sakinlər yollarda, meşələrdə pusqu qurularaq ermənilər tərəfindən xüsusi amansızlıqla öldürülüb.

Beləliklə, bu dəhşətli qırğının nəticəsində Xocalı sakinlərindən 613 nəfəri qətlə yetirilib. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olub. 487 nəfər dinc sakin ağır yaralanıb, 1 275 nəfər isə girov götürülüb. Həmin girov götürülən şəxslərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi indiyə qədər hələ də məlum deyil. Erməni canilər bu soyqırımı zamanı sanki insan vəhşiliyinin ən qəddar növlərini sınamaq niyyəti ilə 56 nəfər vətəndaşımızı xüsusi qəddarlıqla öldürüblər. Belə ki, o insanların başlarının dərisi soyulub, müxtəlif əzaları kəsilib, gözləri çıxarılıb. Eləcə də hamilə qadınların qarnı süngü ilə deşilib, döşləri kəsilib. Ümumən bu soyqırımının nəticəsində səkkiz ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini itirib, 130 uşaq isə valideynlərindən birindən məhrum olub.

Bununla da, 30 ilə yaxın dönəmdə Azərbaycana qarşı işğalçı və təcavüzkar mövqe tutan, dinc azərbaycanlılara qarşı etnik təmizləmə və terror siyasəti aparan, 1 milyona yaxın azərbaycanlının doğma torpaqlarından didərgin salınmasına bais olan, Ağdam şəhərini "Qafqazın Xirosiması"na çevirən faşist və vandal Ermənistan dövləti Xocalı faciəsinə imza atmaqla tarixi yaddaşlara həkk olunmuş Katın, Liditsa, Oradur, Holokost, Sonomi, Ruanda, Srebrenitsa kimi dəhşətli faciələrin, soyqırımlarının siyahısını genişləndirmiş oldu. Bəli, bu kütləvi qətliam beynəlxalq hüququn norma və prinsiplərinin, eləcə də təməl insan hüquqlarının kobudcasına pozulmasıdır. Xocalıda mülki əhaliyə qarşı törədilmiş qırğında soyqırım cinayətinin elementlərinin mövcudluğu müəyyən edilib.

Ən pisi isə budur ki, bu soyqırımının törədilməsində əli olan və bunu etiraf edən şəxslərin (o cümlədən Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan, Serj Sarkisyan, qatı millətçi yazıçı Zori Balayan, qatil generallar Seyran Ohanyan, Samvel Babayan, Vitali Balasanyan və b.) heç biri hələ də cinayət məsuliyyətinə cəlb edilməyib, ədalət məhkəməsi qarşısına çıxarılmayıb. Bütün dünyanın gözü qarşısında baş verən bu soyqırımını törədənlərin məsuliyyətə cəlb olunmaması gələcəkdə növbəti kütləvi qırğınlar üçün də münbit zəmin yaradıb. Təcavüzkarlığın cəzalandırılmadığını görən Ermənistan işğal siyasətini davam etdirməyə şirniklənib və torpaqlarımızı tam 30 il ərzində işğal altında saxlayıb. Təcavüzkar cəzasız qalanda isə nəticəsi həmişə ağır olur.

Amma ermənilərin bu təcavüzkarlığı dünya dövlətlərinin, beynəlxalq təşkilatların gözü qarşısında baş verdiyi üçün dünya liderləri dərk etməliydilər ki, Xocalı soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, eyni zamanda bütün insanlığa qarşı törədilmiş cinayətdir. Və onlar bilməliydilər ki, bu gün dünyanın bir nöqtəsində (Xocalıda) qan tökən erməni faşizmi sabah isə dünyanın başqa guşələrində və başqa formalarda üzə çıxa, növbəti kütləvi qırğınların törədilməsinə səbəb ola bilər. Lakin təəssüf ki, həmin vaxt dünyanı idarə edənlər liderlər, sülh və əminamanlıq üçün məsuliyyət daşıyan təşkilatlar bu incə həqiqəti başa düşə bilmədilər, yadaki sadəcə başa düşmək istəmədilər. Alman faşizmini cəzalandırmaq üçün Nürnberq məhkəməsini quran dünya ictimaiyyəti erməni faşizminə qarşı yumşaq davrandı, onu cəzasız buraxdı. Ona görə də, soyqırımın törədilməsindən 29 il keçməsinə baxmayaraq beynəlxalq ictimaiyyət tərəfindən bu soyqırımı aktına hələ də lazımi siyasi və hüquqi qiymət verilməyib, cinayəti törətmiş şəxslər hələ də məsuliyyətə cəlb edilməyib.

Məhz bu cəzasızlığın nəticəsidir ki, təcavüzkar Ermənistan 2020-ci ilin iyulunda və sentyabr ayının sonlarında atəşkəsi yenidən pozaraq, Azərbaycan ordusunun mövqelərini və mülki yaşayış məntəqələrini beynəlxalq səviyyədə qadağan olunmuş silahlardan istifadə etməklə atəşə tutdu, 44 gün davam edən İkinci Qarabağ müharibəsinin başlanmasına səbəb oldu, dinc şəhərlərimiz bombalandı. Bunun nəticəsində 12-si uşaq olmaqla, 94 nəfər mülki azərbaycanlı həlak oldu, 50-si uşaq olmaqla, 414 nəfər yaralandı, 3 410-dan çox ev, 120 çoxmənzilli yaşayış binası və çoxlu sayda məktəb, xəstəxana, uşaq bağçası da daxil olmaqla 512 mülki infrastruktur dağıdıldı. Bəli, bütün bunların baiskarı 29-30 ildir cəzasız qalan faşist Ermənistan dövlətidir.

Biz dünyanın erməni faşizminə susqun yanaşmasının, erməni faşistlərinin cəzalandırılması üçün dərhal hərəkətə keçməməsinin səbəblərini heç cürə başa düşə bilmirik. Biz dünya ictimaiyyətinin Xocalı soyqırımına bu cür biganə münasibətini qeyri-adekvat və qəbuledilməz hərəkət kimi qiymətləndiririk. Və bir daha diqqətə çatdırmaq istəyirik ki, məhz sizin bu cür qeyri-adekvat yanaşmanız gələcəkdə oxşar cinayətlərin, növbəti kütləvi qırğınların təkrarlanmasına zəmin yaradır.

Biz sizi təkcə erməni əsgər analarını dinləməklə və həlak olmuş erməni əsgərləri üçün dualar etməklə kifayətlənməməyə çağırırıq. Ədalət birtərəfli ola bilməz. Və yaxud, haqqı qoyub nahaqqı müdafiə etmək də ədalətlilik, obyektivlik sayıla bilməz. Biz sizi bu cür “ikili standartlar”dan əl çəkməyə və nəhayət ki, erməni faşizminə obyektiv qiymət verməyə, o cümlədən erməni faşizminin törətdiyi qətliamlar və vəhşiliklər nəticəsində Birinci Qarabağ müharibəsi zamanı həlak olmuş 25 min, İkinci Qarabağ müharibəsində isə həlak olmuş 6 min insan haqqında fikirləşməyə dəvət edirik.

Onu da mütləq nəzərə alın ki, bu qədər insanın məhvinə səbəb olmuş hər iki müharibə Ermənistan ərazisində deyil, məhz Azərbaycan ərazisində aparılıb. Yəni ki, torpaqları işğala məruz qalan ölkə Ermənistan deyil, Azərbaycan Respublikasıdır. Ermənilər bizim torpaqlarımızı məhz sizin – beynəlxalq ictimaiyyətin, beynəlxalq təşkilatların gözü qarşısında 30 il ərzində işğal altında saxlayıblar.

Biz Milli Həmrəylik Partiyası olaraq sizi sözlə inandırmaq, sizi Azərbaycanın tərəfini tutmağa çağırmaq niyyətində deyilik. Biz sizi sadəcə haqqın tərəfində dayanmağa, obyektiv olmağa, erməni faşizminə, Ermənistanın terrorçu siyasətinə öz vicdanınızın səsinə qulaq asaraq qiymət verməyə çağırırıq.

Biz xüsusən də bir əsrdə iki dünya müharibəsinin ağrı-acısını yaşamış, alman faşizminin törətdiyi müsibətlərə, kütləvi qırğınlara şahidlik etmiş Avropa xalqlarını, Avropa liderlərini erməni faşizminə qarşı susmamağa, Xocalı soyqırımına siyasi qiymət verməyə çağırırıq. Cənablar, heç olmasa, günün birində bu cür dəhşətli cinayətlərin yenidən Avropa qitəsinin bu və ya digər nöqtəsində təkrarlanmaması naminə Xocalıda baş verən vəhşilikləri Soyqırımı kimi tanıyın və cinayətkarların məsuliyyətə cəlb edilməsi üçün cəhd göstərin.

Eləcə də bütün beynəlxalq təşkilatları, böyük dövlətləri Xocalı qətliamını törədən və hətta bu gün də Azərbaycana qarşı revanşist çağırışlar edən Robert Köçəryan, Serj Sarkisyan, Vazgen Manukyan, Zori Balayan kimi müharibə canilərini ədalət məhkəməsi qarşısına çıxarmaq üçün hərəkətə keçməyə çağırırıq. Caniləri vaxtında cəzalandırın ki, cinayətlər təkrarlanmasın, xalqlar və insanlar da əminamanlıq içində yaşasın!
Vüqar Oruc: Azərbaycan İnvestisiya Holdinqindən böyük gözləntilər varÖtən ilin avqust ayında Azərbaycanda yeni bir qurumun – İnvestisiya Holdinqinin əsası qoyuldu. Prezident İlham Əliyevin bununla bağlı imzaladığı sərəncamda qeyd olunduğu kimi, Azərbaycanda həyata keçirilən davamlı struktur islahatları və iqtisadiyyatın səmərəliliyinin daha da artırılması məqsədilə yaradılan İnvestisiya Holdinqi qısa müddətə xeyli aparıcı dövlət qurumunu öz nəzarətinə götürdü.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavini, “VECON CONSULTING” qiymətləndirmə şirkətinin direktoru Vüqar Orucla Azərbaycan İnvestisiya Holdiqinin gələcək fəaliyyət perspektivləri, ölkədə həyata keçirilən instusional islahalatlar və digər mövzularla bağlı müzakirə apardıq.

– SOCAR, AZAL, Azərenerji və digər mühüm dövlət qurumları Azərbaycan İnvestisiya Holdinqinin tərkibinə verildi. Sizcə, bu hansı zərurətdən doğur?

– Dövlət şirkətlərinin vahid idarəetmə sisteminə keçidi və Azərbaycan İnvestisiya Holdinqi tərəfindən idarə olunması həmin şirkətlərin fəaliyyətində səmərəliliyin və eyni zamanda şəffaflığın artırılması baxımdan çox vacibdir. Bu şirkətlər dövlət idarəetməsində, dövlət gəlirlərinin formalaşmasında kifayət qədər mühüm rol oynayırlar. Həmin dövlət müəssisələrində idarəetmənin optimallaşdırılması və təkmilləşdirilməsi imkan verəcək ki, dövlət vəsaitlərinin səmərəli istifadə olunması imkanları genişlənsin. Eyni zamanda həmin müəssisələrin investisiya qoyuluşlarının qiymətləndiriməsi baxımından da bu vacib addımdır. Hesab edirəm ki, Azərbaycan İnvestisiya Holdinqinin yaradılması idarəetmə sistemində keyfiyyətcə yeni mərhələnin başlanğıcıdır. Bilirsiniz ki, indiyə qədər dövlət idarəçilyinin müxəlif qollarında şəffaflıq təmin edilməsinə maneələr yaradılıb və bu da öz növbəsində korrupsiya üçün münbit şərait yaradıb. Təsadüfi deyil ki, Prezident İlham Əliyev dəfələrlə mövcud vəziyyəti gündəmə gətirirərək, məmurları neqativ hallara son qoymağa çağırıb. Məsələnin kompleks həlli baxımından Azərbaycan İnvestisiya Holdiqinin yaradılması zəruri addımdır.

– Hazırki mərhələdə əsasən böyük dövlət qurumları və müəssisələr Holdinqin tərkibinə verilib. Gələcəkdə digər dövlət müəssisələrinin də fəaliyyətinə qurum nəzarət edə bilərmi?

– Bilirsiniz ki, Azərbaycan İnvestisiya Holdinqi yeni yaranıb. Fəaliyyətə başlamasından 6 aydan bir qədər artıq zaman keçir. Təbii ki, yaxın gələcəkdə Holdinqin fəaliyyətinin genişləndirilməsi qaçılmazdır və bu baş verəcək. Yeni modelə transformasiya ölkədə həyata keçirilən instusional islahatların vacib elementidir və qarşıdakı dövrdə biz bunun daha geniş vüsət almasının şahidi olacağıq. Bir daha qeyd etmək istəyirəm ki, Holdinqin fəaliyyətə başlaması ilə şəffaflığın təmin edilməsi, korrupsiya risklərinin aradan qaldırılması, hesabatlılığın artırılması, idarəetmənin təkmilləşdirilməsi, korporativ idarəetmə modellərinin təşviqi imkanlarının araşdırılması üçün zəmin yaranıb. Qurumdan daxil olan açıqlamalara nəzər yetirsək görərik ki, hansısa müəssisələrin ya bütövlükdə, ya da onun fəaliyyətinin müəyyən bir hissəsinin təchizat zəncirinin özəlləşdirilməsi imkanlarının öyrənilməsi məqsədilə təkliflər hazırlanıb hökumətə təqdim ediləcək. Yaxın gələcəkdə heç şübhəsiz digər dövlət qurumlarının da birgə fəaliyyəti nəzərdən keçiriləcək. Burada haşiyə çıxaraq bir məqamı qeyd etmək istəyirəm ki, İnvestisiya Holdinqinin yaradılması təkcə Holdinqin tərkibinə daxil edilən qurumların yox, digər müəssisələrin da fəaliyyətində şəffaflığa səbəb olacaq. Çünki ortada mütərəqqi iradə var və əksər dövlət qurumları da oxşar fəaliyyət üslubuna transformasiya etməli olacaq. Bunu etməyənlər və ya etmək istəməyənlər isə kənarda qalacaq.

– Son illərin statistikasına nəzər salsaq görərik ki, əksər dövlət qurumları dotasiyalar hesabına fəaliyyət göstərib. Bu sahədə hansı dəyişikliklər gözlənilir?

– Təəssüf ki, faktiki olaraq vəziyyət bu yerə gəlib çatıb. Dövlət başçısının xəbərdarlıqlarına baxmayaraq, məmurların özbaşınalığının və şəxsi mənafelərini milli maraqlardan üstün tutmalarının nəticəsi olaraq, bir çox dövlət qurumlarının uzun müddət səmərəsiz şəkildə idarə olunması və korrupsiyalaşması prosesi baş verib. Onlar büdcədən dotasiyalar alıb, özləri də çox vaxt korrupsiya predmetinə çevrilib. İndiki məqamda fərqli sahələrdə fəaliyyət göstərən böyük dövlət müəssisələrinin yalnız bir “çətir” altında birləşdirilməsi prosesi mürəkkəb məsələdir və uğurlu nəticələr haqqında danışmaq hələ tezdir. Holdinqin fəaliyyəti ilə bağlı müəyyən tənqidi mülahizələrə də rast gəlirik. Bəzi ekspertlər nikbin ehtimallar irəli sürmürlər. Lakin unutmamalıyıq ki, bunun alternativi yoxdur. Əgər biz idarəetmə sistemində şəffaflığa nail olmaq istəyiriksə, bütün bu addımları atmalıyıq. Bu mənada Azərbaycan İnvestisiya Holdinqindən gözləntilər böyükdür. Prezident İlham Əliyev dəfələrlə xəbərdarlıq edib və bildirib ki, məmurlar vəzifəyə xalqa xidmət vasitəsi kimi baxmalıdır, şəxsi maraqları həyata keçirmək vasitəsi kimi yox. Son aylarda bir çox məmurların korrupsiya ittihamı ilə həbs olunması, yüksək rütbəli məmurların vəzifələrindən azad edilməsi, o cümlədən onların fəaliyyətinə nəzarət mexanizminin təşkili bunun bariz nümunəsidir.

– Dövlət qurumları ilə özəl şirkətlərin əməkdaşlığı qənaətbəxş səviyyədə deyil. Bütün məsuliyyəti dövlət qurumlarının üzərinə qoymaq nə dərəcə doğrudur?

– XXI əsrin qızıl standartı – bütün sahələrdə olduğu kimi, idarəetmə sahəsində də Avropa standartlarıdır və biz inkişaf etməkdə olan dövlət olaraq beynəlxalq təcrübəyə istinad etməliyik. Son dövrlər atılan addımlar, həyata keçirilən islahatlar, istər instusional islahatlar olsun, istərsə də iqtisadi və kadr islahatları, birmənalı şəkildə müasir və islahatçı təfəkkürü təmsil edir. Zənnimcə, yaxın gələcəkdə kiçik və orta müəssisələrin də dövlət şirkətləri tərəfindən reallaşan layihələrə cəlb edilməsi mümkün olacaq. Bu da dövlət və özəl müəssisələrin tərəfdaşlığının gücləndirilməsinə imkan verəcək. Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin, eləcə də fəaliyyət dairəsinə daxil olan müəssisələrin siyahısının dəqiqləşdirilməsi və təsdiq olunması bu sektorda həm idarəetmədə, həm səmərəlilikdə, həm də şəffaflıqda yeni bir mərhələnin başlanmasına imkan verəcək. Nəticə etibarilə bu, Azərbaycan iqtisadiyyatında növbəti mərhələdə xüsusi lokomativlərdən biri olacaq.

– Azərbaycan İnvestisiya Holdinqinin tərkibinə verilən dövlət şirkətlərinin yenidən qiymətləndirilməsi gözlənilirmi?

– Nəzərə alanda ki, yeni modelə transformasiyanı labüd edən bir məqam müasir idarəetmə sisteminə keçidi təmin etməkdirsə, digər səbəb mövcüd idarəetməni qeyri-şəffaf və korrupsiyalaşmış idarəetmə elementlərindən təmizləməkdir. Bu mənada istər Azərbaycan İnvestisiya Holdiqinin tərkibinə verilən, istərsə də rəhbərliyin Müşahidə Şurasına həvalə edildiyi qurumların balansında əsas vəsaitlərin yenidən müstəqil qiymətləndirmə şirkətləri tərəfindən qiymətləndirilməsi zəruridir. Beynəlxalq təcrübəyə istinad etsək, bu belə olmalıdır. Yəqin ki, yaxın gələcəkdə bu baş verəcək. Təvazökarlıqdan uzaq olsa da deməliyəm ki, bu gün Azərbaycanda Avropa protokolları ilə çalışan, müasir dəyərləri əxz edən kifayət qədər peşəkar və təcrübəli qiymətləndirmə şirkətləri var və onların da potensialından istifadə olunmalıdır.
Zöhrə Abdullayeva xəstəxanaya yerləşdirildiƏməkdar artist Zöhrə Abdullayevanın səhhətində problem yaranıb.

Avrasiya.net Axşam-az-a istinadən xəbər verir ki, ayaqları ağrıyan müğənni neçə gündür xəstəxanaya yerləşdirilib.

Bu haqda danışan ifaçı revmatizmdən əziyyət çəkdiyini bildirib:

“Bu gün səhər xəstəxanadan çıxdım, indi yaxşıyam. Səhv müalicələrlə məni qara günə qoydular. Professor Sahib Musayev məni xilas edib. Revmatizmdən sümüklərim ağrıyırdı. Həm də balamı istəyirəm".

Aparıcı Zaur kamal isə "Həmin Zaur" proqramında Z.Abdullayeva haqda "Deyir, xəstəyəm, ayaqlarım tutulub. Əlil arabasında aparıb gətirirlər" sözlərini söyləyib.

Qeyd edək ki, müğənni bir neçə il əvvəl oğlunu itirib.
Gəncədən Volqoqrada oxumağa gedən 17 yaşlı Timurun milli nifrət zəminində qətliRusiyanın Volqoqard şəhərində 17 yaşlı azərbaycanlı tələbəni öldürməkdə ittiham olunan Vitali Vasilyevin işi üzrə istintaq tamamlanıb. Cani Gəncədən Volqoqrada oxumağa gedən Timur Qavrilovu milli nifrət zəminində öldürdüyünü etiraf edib.

Virtualaz.org xatırladır ki, bu səs-küylü cinayət ötən ilin iyununda baş verib. Volqoqrad Dövlət Tibb Universitetinin 17 yaşlı tələbəsi Timur Qavrilov küçədə getdiyi yerdə naməlum şəxs tərəfindən 20 yerindən bıçaqlanaraq xüsusi amansızlıqla öldürülüb. Videomüşahidə kameralarının görüntülərinə əsasən qatilin kimliyini tezliklə müəyyənləşdirmək mümkün olub. Bu, şəhər sakini, 22 yaşlı Vitali Vasilyev idi.

İstintaq müəyyən edib ki, Vitali əvvəlcədən heç vaxt Timurla tanış olmayıb və onların aralarında şəxsi münaqişə yaranmayıb. Nəticədə qətlin milli nifrət zəminində baş verdiyi qənaətinə gəlinib. Cani hadisədən bir neçə gün sonra, Rusiyanı tərk etmək istərkən yaxalanıb.

İstintaq müəyyən edib ki, Vasilyev ötən il iyunun 12-də müəyyən millətdən olan şəxslərə qarşı nifrət, dözümsüzlük və düşmənçilik hissləri ilə Volqoqrad tibb universitetinin yetkinlik yaşına çatmayan birinci kurs tələbəsini, Azərbaycan sakinini küçədə görüb. O, gəncə küçənin adamlar olmayan yerində hücum edib və 20-dən çox bıçaq zərbəsi vurub. Timur hadisə yerində keçinib. Cinayətkar iyunun 21-də Smolenskdə yaxalanıb, həmin vaxt o, taksi ilə Rusiya ərazisini tərk etməyə çalışırdı.

İstintaqın gedişində müəyyən edilib ki, ittiham olunan şəxs nifrət zəminində cinayətlər törətmək üçün odlu silah və patronlar əldə edib, arsenalını əmisi oğlunun qarajında saxlayıb. Tələbəni öldürəndən sonra o, əmisi oğluna tapşırıb ki, silahı və patronları qarajdan çıxarıb çöllükdə gizlətsin. V.Vasilyev dindirmə zamanı cinayəti tam etiraf edib, istintaq materialları yekun ittiham aktının tərtib edilməsi üçün prokurorluğa göndəriləcək.

Xatırladaq ki, bu qətl Rusiya mediasında böyük rezonans doğurmuşdu. Timurun anası İrina Qavrilova Rusiya mətbuatına müsahibəsində deyirdi ki, oğlu ilə tez-tez danışırdı: “Timur deyirdi ki, evi istəyir, doğma Gəncə üçün darıxırdı. Lakin tabutda qayıtdı. Biz meyitin Rusiyadan Azərbaycana gətirilməsi üçün böyük çətinliklə razılıq əldə etdik...Mən bu ağrını heç vaxt unutmayacam”.

Anası deyir ki, oğlunun millətçi tərəfindən qətlə yetirilməsini heç cür anlaya, dərk edə bilmir. Çünki Timuru oxumağa Volqoqrada göndərəndə onlara demişdilər ki, şəhər təhlükəsizdir, tələbə şəhəridir, milli məsələ yoxdur, heç kim heç kimin xətrinə dəymir.
MEDİA-nın İcraçı direktoru AİJF prezidenti ilə görüşdüAzərbaycan Respubikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov və Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) prezidenti Qabil Mehdiyev arasında görüş keçirilib.

Avrasiya.net xəbər verir ki, görüş AİJF-nin MEDİA-ya təqdim etdiyi təkliflər paketinin müzakirəsi məqsədilə təşkil olunub. İdman mediasına mümkün dövlət dəstəyi ilə bağlı məsələlər, xüsusən də AİJF-nin MEDİA-ya təqdim etdiyi təkliflər ətrafında birgə müzakirələr aparılıb.

Müzakirələr zamanı Ə.İsmayılov qeyd edib ki, təqdim edilən bəzi təkliflər ümumən Agentliyin öz qarşısına qoyduğu planlarla üst-üstə düşür. Həmçinin vurğulanıb ki, agentlik öz fəaliyyətində heç bir media nümayəndəsinə fərq qoymayacaq və idman jurnalistləri də digər media nümayəndələri kimi dövlətin yaratdığı imkanlardan istifadə edə biləcəklər.

Eyni zamanda, yaxın gələcəkdə tətbiq edilməsi planlaşdırılan yeniliklərə əsasən istər qəzetlər, istər saytlar, istərsə də digər media subyektləri tərəfindən biznes layihələrin hazırlanıb Agentliyə təqdim edilməsi nəzərdə tutula bilər. Bu layihələr həmin media subyektinin gələcək inkişafına təkan məqsədi daşımalıdır.

Agentlik perspektivli olacağına əmin olduğu təqdirdə, həmin layihələrin və onları təqdim edən media qurumlarının dəstəklənməsi istiqamətində tədbirlər həyata keçirə bilər. Ə.İsmayılov bildirib ki, idman saytları da qeyd olunan layihələrlə çıxış etmək imkanı əldə edəcək.

Görüş zamanı bildirilib ki, ötən ildə olduğu kimi bundan sonrakı dövrdə də idman jurnalistləri Agentliyin təşkil etdiyi yazı müsabiqələrinə qatıla biləcəklər.