Şirvanda iki bacı bıçaqlandıŞirvanda iki qadın bıçaqlı hücuma məruz qalıb.

Şirvan şəhər sakinləri - 1994-cü il təvəllüdlü İlahə Qasımova və onun bacısı, 1993-cü il təvəllüdlü Şəhla Qasımova qonşuları 1956-cı il təvəllüdlü Nəzərov Eyvaz Mehdi oğlu tərəfindən bıçaqlanıblar.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır (qafqazinfo).

Salyanda 38 yaşlı kişi itkin düşüb - FOTOSalyan rayonunda 38 yaşlı kişi itkin düşüb.

Rayonun Kürqaraqaşlı kənd sakini, 1983-cü il təvəllüdlü Məmmədov Niyaməddin Məzahim oğlu ötən il dekabrın 30-u saat 15:30 radələrində evdən çıxıb və geri qayıtmayıb.

Yaxınlarının dediyinə görə, N.Məmmədov Salyanın avtovağzal ərazisində meyvə satmaqla məşğul olub. Həmin gün ona zəng gəlib, dükanda işləyən Rəşad adlı şəxsə satdığı meyvələri tapşırıb, mən getdim, ola bilsin, qayıtmadım deyib. Bu günə kimi ondan heç bir məlumat yoxdur. Bu barədə Salyan Rayon Polis Şöbəsinə məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.

N.Məmmədovu görənlərdən Salyan Rayon Polis Şöbəsinə məlumat vermələri və ya 055 623 69 76 nömrəli telefonla əlaqə saxlamaları xahiş edilir (report).




İran körfəzdə 100 gəmi, 200 PUA yerləşdirirİran İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) hərbi dəniz qüvvələrinin sərəncamına 340 hərbi kater verilib.

Axar.az xəbər verir ki, Bəndər-Abbas liman şəhərində keçirilən təqdimat mərasimində İran ordusunun baş qərargah rəisi, general Məhəmməd Baqeri, SEPAH-ın baş komandanı, general Hüseyn Səlami və başqa rəsmi şəxslər iştirak ediblər.

Qeyd olunub ki, İran körfəzin təhlükəsizliyinə xüsusi önəm verir. Bu səbəbdən İran Körfəzdə 100-dən çox hərbi gəmi və 200 pilotsuz uçuş aparatı yerləşdirib ki, bunlar da ölkənin sərhədlərini tam şəkildə qorumaq imkanına malikdir.

İran Hərbi Dəniz Qüvvələrinin komandanı Əlirza Təngsiri bildirib ki, bu katerlər sürətlidir və uzaq hədəfləri vurmaq üçün silahlar, su altında əməliyyat aparmaq üçün ləvazimatlarla təchiz olunub. Onun sözlərinə görə, katerlər İranın müdafiə sənayesi tərəfindən hazırlanıb.
Paşinyan yenidən Moskvaya gedirErmənistan mətbuatında Nikol Paşinyanın Rusiyanın paytaxtı Moskva şəhərinə səfər edəcəyi ilə bağlı məlumatlar yayılıb.

Avrasiya.net Ermənistan KİV-ə istinadən xəbər verir ki, Ermənistan baş naziri Nikol Paşinyan 10 fevral tarixində Moskvaya gedəcək. Onun Rusiyada 2 günlük səfərdə olması planlaşdırılır.

Paşinyanın burada yüksək dövlət vəzifəsi tutan şəxslərlə görüşlər keçirməsi gözlənilir. Səfərlə bağlı detallar barədə məlumat verilməyib.
Ekspertin “Sinqapur təhsilinin fəlsəfəsi” kitabı çap olundu – Uğur sirləriJurnalist Böyükağa Mikayıllının “Sinqapur təhslinin fəlsəfəsi” adlı kitabı çap olunub.

Avrasiya.net xəbər verir ki, kitabda Sinqapur təhsilinin inkişaf dinamikasına nəzər yetirilir, onun təməlində dayanan amillər araşdırılaraq təhlilə cəlb olunur.

Müəllif öncə Sinqapur təhsilinin çox da uzaq olmayan tarixindən bəhs edir. Vurğulayır ki, 1980-ci illərə qədər Sinqapur məktəblərində digər ölkələrin dərsliklərindən istifadə olunub. Bu problem 1981-ci ildən həll olunmağa başlayıb. Həmin il Təhsilin İnkişafı İnstitutu ölkənin pedaqoqları qarşısında dərsliklərin hazırlanması kimi mühüm tapşırıq qoyub. Ölkənin peşəkar mütəxəssisləri bu mühüm tapşırığın icrasına cəlb olunublar. Bu işə məsul olan şəxslər hesab ediblər ki, ümummilli əhəmiyyət daşıyan, dövlətin gələcək inkişafı üçün vacib faktor olan, vətəndaş hazırlığında böyük əhəmiyyətə malik dərslik siyasətinə olduqca ciddi yanaşmaq lazımdır. Bu yanaşma, yalnız dərsliklərin hazırlanmasında deyil, ümumiyyətlə təhsilin bütün sferalarında həyata keçirilən islahatların əsasını təşkil edib.

Jurnalist Böyükağa Mikayıllı Sinqapur təhsilinin bugünkü inkişaf səviyyəsini peşəkarlıqla yanaşı, ölkənin təhsil idarəedicilərinin təəssübkeşliyi, vətəndaşlıq mövqeyi ilə əlaqələndirir.

Kitabı oxuduqca aydın olur ki, Sinqapur təhsili dünyanın məşhur pedaqoqlarının, psixoloqlarının, ümumiyyətlə ayrı-ayrı elm sahələrinin görkəmli mütəxəssislərinin, universitet qurucularının zəngin təcrübəsinə söykənərək yaradılıb və bu kontekstdə inkişaf edir.

Müəllif qeyd edir ki, Sinqapur təhsilinin başlıca məqsədi geniş dünyagörüşünə, təməl biliklərə və bacarıqlara malik şəxsiyyət hazırlamaqdır. Bu prinsipə sözdə deyil, işdə əməl olunur. Sinqapurlular biliksiz dünyagörüşünü, dünyagörüşsüz biliyi əhəmiyyətsiz hesab edirlər. Bilik və dünyagörüşü bu ölkənin təhsil sisteminin qoşa qanadıdır. Kitabda Lev Viqotskinin sosial təlim və yaxın inkişaf zonası nəzəriyyəsinin, Riçard Skempin əlaqəli və instrumental anlama nəzəriyyəsinin, Cerom Brunerin üçpilləli təlim prosesinin, Zoltan Dyeneşin riyaziyyatın mənimsənilməsinin altımərhələləli metodikasının Sinqapur təlim metodlarının yaradılmasındakı, ümumiyyətlə Sinqapur təhsilinin inkişafındakı rolu aydınlaşdırılır.

Nanyanq Texnologiya Universitetinin prezidenti, professor Subra Sureşin rəhbərlik etdiyi universitetin qlobal elmi-tədqiqat universitetinə çevrilməsini şərtləndirən konseptual fikirləri maraq doğurur.

Kitabın redaktoru Samir Mehdizadə, rəyçi Niyazi Şərifsoydur.
İnternet maraqlı və faydalı imkanlar aləmidir - QHT sədri9 fevral – Beynəlxalq Təhlükəsiz İnternet Günüdür…

Həmişə olduğu kimi, sosial şəbəkə bu gün də mənə “Nə düşünürsən?” sualı ilə müraciət etdi. Cavabsız qoymaq istəmədim… İnternet maraqlı və faydalı imkanlar aləmidir. Həm də bu imkanlardan bəhrələnənlər, xüsusən də uşaqlar üçün təhlükə mənbəyidir. Təcavüz, təqib, saxtakarlıq, psixoloji təzyiq, yad insanlarla onlayn görüş – bütün bunlar hər gün qlobal şəbəkədə uşağı gözləyən təhdidlərdən yalnız bir neçəsidir. Uşaqlarımızı, başqa sözlə, gələcəyimizi onlardan necə qorumaq olar?

Ölkəmizdə yetkinlik yaşına çatmamış yüz minlərlə uşaq İnternet xidmətlərindən istifadə edir. Əksər valideynlər isə övladlarının ümumdünya şəbəkəsində nə etdiyini, hansı məlumatları axtardığını, kimlə əlaqə qurduğunu bilmir, hansı təhlükələrlə üzləşə biləcəkləinin fərqinə varmırlar. İnterneti təhlükəsiz etmək üçün mütəxəssislər mütəmadi olaraq, qayğıkeş valideynlər və onların övladları üçün təhdidlərin qarşısını almaqda və İnternetin faydalı olmasında yardımçı olacaq təlimatlar hazırlayır, dəyərli tövsiyələr verirlər. Valideyn üçün ən faydalı məsləhət onun övladının fəaliyyətindən xəbərdar olması ilə bağlıdır. Uşaqla İnternet haqqında danışmaq, bu gün şəbəkədə nə etdiyini, kimlə tanış olduğunu, hansı maraqlı məlumatlar əldə etdiyini soruşmaq, uşağın müraciət etdiyi mənbələri mütəmadi olaraq, nəzərdən keçirmək və əlaqə qurduğu hər kəsi tanıdığına əmin olmaq üçün əlaqə siyahısını yoxlamaq vacibdir. Valideyn övladından İnternetlə əlaqəli hər hansı bir təhdid və ya narahatlıq barədə ona və ya digər yetkin yaşlı ailə üzvlərinə məlumat verməsini istəməli, amma xoşagəlməz hadisələrə görə hər dəfə övladını danlamamalıdır. Əks halda uşaq İnternetdən əldə etdiyi hər bir məlumatı gizlədəcəkdir.

Mütəxəssislərin fikrincə, valideyn övladının İnternetdə bələdçisi olmalı və bilməlidir ki, övladına öyrətmədiklərini başqaları öyrədəcək və ya təhdidlərdən şübhələnmədən uşaq özü öyrənəcəkdir. Valideyn özü İntrnetin imkanlarından məlumatlı olmalı, övladının müvafiq bilik və bacarıqları mənimsəməsinə kömək etməli, lazımi məlumatları düzgün axtarmağı öyrətməli, faydalı, maraqlı, uşaq üçün təhlükəsiz mənbələrin siyahısını tərtib etməli və onlardan düzgün istifadə etməyi, özü və ailəsi haqqında məlumat verməməsini tövsiyə etməlidir.

Hər bir valideyn texniki imkanlardan istifadə edərək övladının qlobal şəbəkədə istifadəçi qismində iştirakına nəzarət edə, İnternet saytlarının “ağ” siyahısını yarada, uşağın şəbəkədə keçirdiyi vaxtı məhdudlaşdıra və yaş filtri qura bilər. “Uşaqların Gələcəyi Naminə” İctimai Birliyi mütəxəssislərin tövsiyələrindən bəhrələnərək “Uşaqlar üçün təhlükəsiz İnternet qaydaları” hazırlamışdır. Düşünürük ki, valideynlər və müəllimlər uşaqları bu qaydalarla tanış etməklə onların virrtual ünsiyyətdə təhlükəsizliyinin təmin edilməsini asanlaşdıra bilərlər.

Uşaqlar üçün təhlükəsiz İnternet qaydaları:

• Şifrələrini heç vaxt heç kimə açıqlama. Onlar əsas sirrindir. Heç kimin təxmin edə bilməyəcəyi öz unikal şifrəni tap. Şifrələri kağız üzərində yazma, onları ictimai yerdə saxlama. Parollarını e-poçtla göndərmə.

• Veb saytlarda və sosial şəbəkələrdə qeydiyyatdan keçərkən şəxsi məlumatları (telefon nömrəsi, yaşayış yeri, məktəb, valideynin iş yeri və s.) göstərməməyə çalış – bu, hər kəs üçün, hətta tanımadığın insanlar üçün də əlçatan ola bilər.

• İnternetdə yerləşdirilən hər bir fotoşəkilin hər kəs tərəfindən izlənə biləcəyini unutma. Ailənizi, məktəbinizi, evinizi və digər şəxsi məlumatlarını əks etdirən fotoşəkilləri yerləşdirməməyə çalış. • İnternetdə tanış olduğun insanlarla görüşməməyə çalış.

• Bir çox hallarda insanların özləri haqqında İnternetdə yalan danışdıqlarını unutma. • İnternetdə və sosial şəbəkələrdə yalnız şəxsən tanıdığın insanlarla ünsiyyət qur. “Dostlar” siyahısına tanımadığın bir kəsi əlavə etməzdən əvvəl düşün və valideynlərinlə məsləhətləş.

• Əcnəbilərlə ünsiyyət qurarkən veb kameradan istifadə etmə, yad insanlardan uzaq durmağı, onlarla məsafə saxlamağı unutma.

• İnternetdəki həmsöhbətlərinə hörmətlə yanaş. Heç vaxt və heç bir halda başqalarını hədələmə, aqressiv və təxribat xarakterli materiallar, etik davranış qaydalarından kənar məlumatlar yerləşdirmə. Səmimi ol. Kobud olma.

• İnternetdə “şəbəkə etiketi”nin olduğunu unutma. Böyük hərflərlə yazılmış mesajı görən həmsöhbətin ona qəzəbləndiyini düşünə bilər.

• Tanımadığın qruplara qoşulma və kiminsə istəyi ilə məlumatlandırıcı, təhrikedici və aqressiv materiallar və mesajlar yayma.

• İnternetdə oxuduğun və ya görə bildiyin bir çox məlumatlar doğru deyil. Tənbəl olma, məlumatları digər axtarış sistemlərində yoxla və ya valideynlərindən soruş.

• Unutma ki, uşaqlar üçün nəzərdə tutulmayan saytlar var, “18+” qeyd olunan saytlara, ədəbsiz və aqressiv saytlara daxil olma. Əgər belə bir sayta keçid yolu ilə daxil olmusansa, “ctrl + alt + delete” düymələrindən istifadə edərək brauzerini bağla.

• Gördüyünü və yeni öyrəndiklərini böyüklərlə bölüş.

•Heç bir halda telefon nömrəni və ya e-poçt ünvanını göstərmə, ondan İnternetdəki naməlum nömrələrə SMS göndərmə.

• Naməlum ünvandan mesaj alsan, açmamağın yaxşıdır.

• Dostlarının sənə “qəribə” bir məlumat və ya proqram göndərdiyini düşünürsənsə, sənə hər hansı bir sənəd göndərib-göndərmədiyini soruş. Bəzən fırıldaqçılar kənar şəxslərin adından çıxış edə bilərlər.

• İnternetdən hər hansı bir xidmət və ya oyun yükləmək istəyirsənsə, valideynlərinlə məsləhətləş.

• Böyüklərin razılığı olmadan faylları, proqramları və ya musiqiləri yükləmə – onlar viruslara “yoluxmuş” ola bilər və kompüterinə (telefonuna) ziyan vura bilər.

• Valideynlərindən kompüterinə və ya smartfonuna virusların yayılmasının qarşısını ala biləcək antivirus və xüsusi proqram yükləmələrini xahiş et.

• Unutma: İnternet sənin üçün təhlükə mənbəyi yox, faydalı bilik mənbəyi olmalıdır. Təhlükəsiz internetlə dost ol!
Qələmə aldığım düşüncələrimin məqsədi gələcəyimiz olan uşaqlarımıza yeni texnologiyalardan yetərincə faydalanmağı, gözlənilən təhdidlərdən uzaq durmağı tövsiyə etməkdir. Təhlükəsiz İnternetin təhlükəsiz gələcəyimizi təmin edən reallıq olmasını hər birimiz dərk etməli, gənc nəsli yeni təhlükələrdən qorumalıyıq.

Könül Quliyeva
“Uşaqların Gələcəyi Naminə” İctimai Birliyin sədri
Speys TV-nin rəhbəri kim olacaq? – Sevil Əliyeva gəlirSpeys TV-nin sədri, tanınmış rejissor Vaqif Mustafayevin vəzifədən azad edilməsindən sonra bu kanala kimin rəhbərlik edəcəyi müzakirə mövzusudur.

Kult.az xəbər verir ki, hazırda bir çox şəxsin – Speys TV-yə bir vaxtlar rəhbərlik etmiş Etibar Babayev, ATV-nin keçmiş sədri Vüqar Qaradağlı, o cümlədən tanınmış aparıcı Turan İbrahimov və hətta Vado Korovinin namizədliyinin mümkünlüyü haqda iddialar səsləndirilir.

Speys TV-nin təsisçisi Sevil xanım Əliyeva mediaya açıqlamasında artıq kanalın rəhbərinin müəyyənləşdiyini, yaxın vaxtlarda onun ictimaiyyətə təqdim ediləcəyini bildirib.

Saytımıza verilən məlumata görə, S.Əliyevanın seçimi tanınmış jurnalist, uzun illərdir Speys TV-də çalışan, böyük sənətkarımız Rəşid Behbudovun kürəkəni (Rəşidə Rəşidin həyat yoldaşı) Kamil Şahverdiyevdən yanadır. Hazırda da kanala müvəqqəti rəhbərliyi K.Şahverdiyev edir.

Speys TV-dən saytımıza bildirilib ki, Sevil Əliyevanın yaxın günlərdə Azərbaycana gələcəyi gözlənilir və o zaman da kanal rəhbərini özü təyin edəcək.

Xatırladaq ki, Prezident İlham Əliyevin bacısı Sevil Əliyeva Londonda yaşayır.
Kolumbiya səfirliyi bülleten hazırlayıbKolumbiyanın Azərbaycandakı səfirliyi tərəfindən rəsmi məlumat bülleteni hazırlanıb.

Səfirlikdən Avrasiya.net-ə bildiriblər ki, bülletendə Kolumbiya hökumətinin sülhü möhkəmləndirmək və iqtisadiyyatı yenidən fəallaşdırmaq istiqamətindəki səyləri, eyni zamanda, ölkənin investisiya, ticarət və turizm imkanları barədə ətraflı məlumat verilir.




Ermənistan zərbə dronlarının sınağına BAŞLADIErmənistan zərbə dronlarının sınağını həyata keçirir.

Ermənistan KİV xəbər verir ki, bu barədə ölkənin yüksək texnologiyalar sənayesi naziri Akop Arşakyan açıqlama verib.

Onun sözlərinə görə, dövlət sınaqlarından sonra dronlar hərbi sınaqlara məruz qalacaq. Əgər hərbi sınaqlar da uğurlu alınarsa, onda həmin dronların kütləvi istehsalı başlayacaq.
Generalların təlimi başladı: Şoyqu əmri verdi Rusiya müdafiə naziri Sergey Şoyqu fevralın 9-da Rusiya Baş Qərargahının Hərbi Akademiyasında Silahlı Qüvvələrin idarəçi tərkibinin toplantısını keçirib.

Axar.az xəbər verir ki, toplantıya Silahlı Qüvvələrin bütün növ bölmələrinin əsas hərbi rəisləri dəvət edilib. Budəfəki toplantıda generallar və admiralların strateji ikitərəfli komanda-qərargah hərbi oyunlarının iştirakçısı olacağı bildirilib.

Generalların təlimi 3 gün davam edəcək. Onlar hərbi konfliktlərdə müxtəlif növ qoşun qruplaşmalarının idarəetmə sistemini və müasir şəraitdə döyüş fəaliyyətlərinin aparılması qaydalarını analiz edəcəklər.

Şoyqu generallardan hərbi konfliktlərin və lokal savaşların xarakteri ilə bağlı proqnozlardan, eləcə də xarici ordularda yeni prinsiplər əsasında işləyən silahların peyda olması perspektivlərindən çıxış edərək fəaliyyətlərini qurmasını istəyib. O, həmçinin robotlaşdırılmış komplekslər, pilotsuz uçuş aparatları və avtomatlaşdırılmış idarəetmə sistemlərindən geniş şəkildə istifadə olunmasıyla bağlı generalların qarşısına hədəf qoyub.