Məhkəmə Əjdər Ol barədə həbs qərarı verdiƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) keçmiş aparat rəhbəri Əjdər Ol (Cəbiyev) Səbail Məhkəməsinin qərarı ilə 4 ay müddətinə azadlıqdan məhrum olunub.

Avrasiya.net xəbər verir ki, bu haqda “Hürriyət” qəzeti məlumat yayıb.

Məlumata görə, Əjdər Cəbiyev ƏƏSMN-də çalışdığı dönəmdə vəzifə səlahiyyətlərindən sui-istifadəyə yol verməkdə ittiham edilir.

Ə.Cəbiyev keçmiş nazir Səlim Müslümovun “sağ əli” kimi tanınırdı.

Xatırladaq ki, 2018-ci ildə fəaliyyətində ciddi korrupsiya əməlləri aşkarlanan sabiq nazir Səlim Müslümov üzərindən 3 il keçdikdən sonra həbs olunub. S.Müslümov nazir işlədiyi dövrdə korrupsiya əməllərinə bulaşdığı üçün DTX tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilir.

Bir müddət öncə isə Əjdər Olun da saxlanacağı barədə xəbər yayılmışdı.
İran koronavirusa qarşı ikinci vaksinini təqdim etdiİran koronavirusa qarşı ikinci vaksini olan “Razi Cov Pars”ı təqdim edib.

“Anadolu” agentliyi xəbər verir ki, vaksinin insan üzərində sınaqlarına yaxın vaxtda başlanacaq.

Təqdimat Elburz əyalətinin Kərəc şəhərində baş tutub.

“Razi” qurumunun rəhbəri Əli İshaqi təxminən bir ildir vaksin üzərində işlədiklərini, peyvəndin inkişaf etdirilməsi zamanı meymunlar üzərində sınandığını və müsbət nəticələr əldə edildiyini bildirib.

O vurğulayıb ki, vaksin həm burundan damcı yolu ilə, həm də inyeksiya yolu ilə tətbiq edilə bilər. İlk sınaqlar 13 könüllü üzərində aparılacaq.

Qeyd edək ki, İran ilk yerli peyvəndi olan “COVIRAN Bərəkət”i kliniki sınaq mərhələsində ötən il dekabrın 29-da insan üzərində sınamış və uğurlu nəticələr alındığını elan etmişdi.
Cəbrayılda 3 nəfərin minaya düşməsi barədə rəsmi açıqlamaXəbər verdiyimiz kimi, fevralın 7-də Füzuli rayon sakinləri Mehman Quliyevin, İlqar Əhmədovun və Müstəqim Ələsgərovun Cəbrayıl rayonunun işğaldan azad edilmiş ərazisində olarkən İlqar Əhmədova məxsus VAZ 2106 markalı 99-NH-623 dövlət qeydiyyat nişanlı avtomobilin tank əleyhinə minaya düşərək partlaması faktı ilə bağlı Cəbrayıl Rayon Prokurorluğunda araşdırma aparılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Avrasiya.net-ə bildiriblər ki, prokurorluq əməkdaşları, o cümlədən prokuror-kriminalistlər tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə keçirilən baxış zamanı həmin ərazidə 1988-ci il təvəllüdlü Mehman Quliyevin meyiti, başqa şəxslərə aid meyit fraqmentləri aşkarlanıb. Həmin fraqmentlərin İ.Məmmədova və M.Ələsgərova aid olub-olmamasını müəyyənləşdirmək məqsədilə məhkəmə tibbi-genetik ekspertizası təyin edilib.

Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 100.2-ci (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6-cı (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) və digər maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

İstintaqın gedişi və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Əliağa Hüseynov 4 min cərimə olunduYasamal rayonunda yerləşən “Atlantis” restoranında gizli şəkildə keçirilən toy məclisinin təşkilatçısı və restoranın administratoru 400 manat məbləğində cərimə edilib.

Bunu Axar.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, obyekt sahibi 4 min manat məbləğində cərimələnib:

“Məclis iştirakçıları barəsində isə 200 manat məbləğində inzibati tənbeh tədbiq olunub”.

Qeyd edək ki, ötən gün DİN Yasamal rayonunda yerləşən “Atlantis” restoranının “Eyforiya” zalında gizli şəkildə toy mərasiminin keçirilməsinin qarşısının alınması barədə məlumat yayıb.

İddialara görə, sözügedən restoran sabiq hərbi komissar və deputat Əliağa Hüseynova aiddir.
Generallar Rövşən Əkbərov və Xəqani Cəbrayılov ehtiyata buraxılıbAzərbaycan Ordusunun birlik komandirləri general-leytenant Rövşən Əkbərov və general-mayor Xəqani Cəbrayılov vəzifələrindən azad ediliblər.

Avrasiya.net APA-ya istinadən xəbər verir ki, bu barədə Müdafiə naziri, general-polkovnik Zakir Həsənov əmr imzalayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Nazirlikdən bildirilib ki, hər iki general ehtiyata buraxılıb.
"Qarabağı yenidən qurub Azərbaycanı ideal dövlət kimi dünyaya təqdim edəcəyik"Sevindirici haldır ki, ölkəmizin inkişaf strategiyası məhz bütöv Azərbaycan çərçivəsində reallaşacaqdır!

Düşmənin yıxıb dağıtdığı şəhərlərimizin, kənd və qəsəbələrin yenidən qurulması, müasir səviyyədə təmir tikinti işlərinin aparılması, tarixi abidələrimizin bərpası ölkəmiz üçün qarşıda duran əsas məsələlərdəndir. Əlbəttə ki, bütün bunların yaxın gələcəkdə həyata keçməsi üçün hər bir azərbaycanlı bir olmalı, vətənimizin inkişafı naminə verilən hər qərarı bütün gücü ilə dəstəkləməlidir. Mən əminəm ki, biz milli birlik nümayiş etdirib düşmənə qalib gəldiyimiz kimi, yenə də vahid ideya altında birləşib Qarabağı yenidən qurub Azərbaycanı ideal dövlət kimi dünyaya təqdim edəcəyik. Düşmən tapdağından azad olan torpaqlarımızda milli tarixi və mənəvi dəyərlərimiz qorunmaqla görüləcək işlər bütün dünyaya nümunə olacaqdır.

Bu həqiqətdir ki, hər bir inkişaf etmiş güclü dövlətin yüksəlişində siyasi liderlərin çox böyük rolu olub. Düzgün aparılan siyasət nəticəsində məqsədə ən ali səviyyədə nail olmaq olur. Azərbaycan da məhz elə dövlətlərdəndir ki, dövlət başçısının möhkəm iradəsi və siyasi ustalığı nəticəsində bütün sahələrdə güclü inkişafa nail olub və dünyada böyük nüfuz qazanmış ölkələr sırasındadır. Son zamanlar ölkə başçısının apardığı islahatlar və Azərbaycanın inkişafı naminə gördüyü işlər hər bir azərbaycanlı tərəfindən müsbət qarşılanıb alqışlanmaqdadır.

Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi islahatlardan əldə edilən dividendlər dünyadakı böhranın Azərbaycan iqtisadiyyatına ciddi təsirinin qarşısını almaqdadır. Bunun nəticəsidir ki, ölkəmiz pandemiya ilə mübarizədə müsbət dinamika əldə edən dövlətlər sırasındadır. Bu gün ölkəmiz regionda təhlükəsizliyi təmin edən və dinamik inkişafa malik ölkə kimi öndədir. Azərbaycanın iqtisadi gücü və uğurlu inkişaf strategiyası tək ölkəmiz üçün deyil, region dövlətləri üçün də tənzimləyici funksiyanı yerinə yetirir və ölkəmizin etibarlı tərəfdaş olmasına böyük inam yaradır.

Dost-qardaş dövlətlərlə yanaşı çox sayda dünya dövlətləri də Azərbaycan Prezidentinin qətiyyətli, humanizm prinsiplərinə əsaslanan siyasi fəaliyyətini nümunəvi addım kimi qiymətləndirir və hər zaman dəstək nümayiş etdirirlər. Ölkəmizin bütövlüyünü və inkişafını dəstəkləyən dost dövlətlərdən gələn mesajlar da bizə stimul verir ki, “dəmir yumruq” kimi birləşib hər zaman böyük uğurlara imzalar ataq. Əgər dövlətin təməli milli maraqlara və vətəndaş birliyninə söykənən dövlətçilik ənənələri üzərində qurulubsa o dövlət güclü və sarsılmaz olur. Qüdrətli Azərbaycan dövləti kimi!

Yusif Babanlı
ADBTİA-nın prorektoru, professoraq

14 yaşlı azərbaycanlı qız nişanlandıGürcüstanda 11 yaşlı azərbaycanlı qızın 15 yaşlı dayısı oğluna nişanlanması barədə məlumatlar yayılıb.

Nişan mərasiminin ötən həftə Poniçala (Soğanlıq) kəndində evdə keçirildiyi bildirilir.

Nişandan çəkilən foto və videogörüntülər sosial şəbəkələrdə yayılıb və geniş müzakirələrə səbəb olub.

Kəndin ictimai fəalları “Report”un yerli bürosuna nişan mərasiminin baş tutduğunu təsdiqləyiblər. Onların sözlərinə görə, mərasim “sözkəsdi” adı ilə keçirilib, qızın 14, oğlanın isə 16 yaşı var. Verilən məlumata əsasən, yeniyetmələr bir neçə il nişanlı qalıb yetkintilk yaşına çatan kimi nikaha daxil olmağı planlaşdırırlar.

Poniçala gəncləri kənddə erkən nişanın olması faktını qınayıblar. Onlar deyiblər ki, erkən evlənmə adət-ənənə deyil, stereotipdir və bu cür neqativ halların aradan qaldırılması üçün maarifləndirmə və təhsil səviyyəsinin artırılmasına böyük ehtiyac duyulur. (report)
"İFŞA" - Azərbaycanda ilk dəfə insan alverinə həsr olunan serial çəkiləcəkAzərbaycanda ilk dəfə olaraq asayiş keşikçiləri olan polislərin fəaliyyətindən, insan alverinə, narkomaniyaya, kiber və digər cinayətkarlıqla mübarizədən bəhs edən  “İFŞA” adlı serial çəkiləcək.

Layihənin rəhbəri və ideya müəllifi Ramiz Alıyevdir.

Azad Azərbaycan (ATV) televiziyasında yayımlanacaq serialın başlanğıc olaraq 6 bölümdən ibarət olması nəzərdə tutulub.  Serialı “Biz Group” və “Baku Art Lab” şirkəti birlikdə çəkəcək, quruluşçu rejissoru  Elvin Abdulla, ssenaristləri Fariz Əliyev və Səbuhi Bayramov, produsserləri  Nicat Həsənzadə və Vüqar Təhməzovdur.

Layihə rəhbərinin saytımıza verdiyi məlumata görə, məqsəd ölkədə sabitlik və təhlükəsizliyin təmin olunması istiqamətində polisin,  hüquq-mühafizə orqanlarının məqsədyönlü fəaliyyətini, cinayətkarlıqla məşğul olan şəxslərin necə ifşa olunmasını göstərməkdir: “Biz  bu  6 seriyada göstərəcəyik ki, Azərbaycan dövləti xalqın təhlükəsizliyinin tam təmin olunması istiqamətində necə fəaliyyət göstərir və aidiyyəti orqanlar öz üzərlərinə düşən vəzifəni hansı məsuliyyətlə yerinə yetirirlər. Ssenariyə uyğun olaraq cinayətkar qrupların fəaliyyəti müəyyən olunacaq, onların hansı qanun pozuntularına yol verdikləri, hansı məkrli planlar üzərində çalışdıqları  aşkara çıxacaq. İnsan alverinə qarşı yalnız müvafiq idarənin deyil, həmçinin hər bir vətəndaşımızın mübarizə aparmasının vacibliyi qeyd olunacaq. Eyni zamanda, bu layihənin əsas məqsədlərindən biri insanların maarifləndirilməsindən ibarətdir.  Peşəkar komanda var, həm ssenaristlər,  həm rejissor və komandası, həm də prodüserlər  bu layihə çərçivəsində qarşıya qoyulan məqsədlərə çatmaq üçün əllərindən gələni edirlər".
Arvadı Paşinyana zəng edib, nələr deyib? – Şok sirlər açıldıErmənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Argişti Kərəmyanın istefasının detalları bəlli olub.

Axar.az xəbər verir ki, bu məlumatı öz Teleqram səhifəsində rusiyalı media maqnat Aram Qabrelyanov paylaşıb. Onun sözlərinə görə, Kərəmyan müharibə zamanı MTX-nın 30 əməkdaşı ilə Qarabağda olub və Paşinyanın onun qarşısında qoyduğu hədəfi - həyat yoldaşı Anna Akopyan və oğlunun təhlükəsizliyinin təminini reallaşdırıb.

Bununla bərabər o, daha 10 nəfərin Paşinyanın oğlunun mühafizəsinə cəlb olunduğunu, yerdə qalanların isə Argişti Kərəmyanın yanında olduğunu yazıb:

“General Movses Akopyanın sərt formada Nikolun həyat yoldaşından məxfi hərbi əməliyyatın müzakirəsi aparıldığı bunkeri tərk etməsini istəyəndə skandal yarandı. Bu ana qədər Anna Akopyan bir neçə dəfə generalları açıq şəkildə tənqid edərək, onlara ordu ilə bağlı nəsə öyrətməyə cəhd edib. Movses Akopyan dözməyərək, qadından qərargahı tərk etməsini sərt şəkildə tələb edib. Bundan sonra Akopyanın mühafizəçiləri onu sakitləşdirməyə çalışıblar”.

Məlumata görə, sərxoş olan qadın bundan sonra Nikol Paşinyana zəng edərək, onu ağır ana söyüşləri ilə təhqir edib və ona “hansısa moska (Moska İvan Krılovun “Fil və Moska” təmsilində mops növündən olan itə verilən addır – red.) sənin arvadını biabır edir, sən necə kişisən” sözlərini deyib. Həyat yoldaşı ilə danışıqdan az sonra Paşinyan Kərəmyana zəng edib və ondan Movses Akopyanın həbs edilib, İrəvana qandalda gətirilməsini tələb edib. Bu məlumatı Araik Arutyunyana Kərəmyanın çatdırmasından sonra Qarabağdakı separatçıların lideri iki generalla məsləhətləşib. Generallar ona Movses Akopyanın həbsinə izn verməyəcəklərini və Kərəmyanla mühafizəçilərini həbs etdirəcəklərini bildiriblər:

“Bundan sonra Araik Paşinyanın əmrini icra etməkdən imtina edib və bunu Argiştiyə deyib. Kərəmyan titrək səslə Nikola məruzə edib ki, general Akopyanı həbs etmək əmrini icra etmək mümkünsüzdür. Paşinyan MTX-nin gənc rəhbərinə qışqırmağa və onu kişi olmamaqda ittiham etməyə başlayıb. Az sonra isə MTX rəhbərinin vəzifədən azad edilməsi barədə sərəncam dərc olunub”.
Bakıda hərbi forma geyinərək dilənçilik edən “qazi” - Foto + VideoPaytaxtın Yasamal rayonunda qazi adı ilə vətəndaşlara yaxınlaşaraq insanlardan pul istəyən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı bu əməli törətməkdə şübhəli bilinən vətəndaş Elbrus Hüseynov tutulub.

Polis Bölməsində araşdırma aparılan zaman onun ümumiyyətlə heç bir hərbi əməliyyatda iştirak etmədiyi məlum olub.

Elbrus Hüseynov qolundakı tibbi sarğıya baxış zamanı zədə və yaralanma əlamətləri də aşkar edilməyib.

Qəsdən insanları aldatmaq və guya Vətən Müharibəsi qazisi görüntüsü yaratmaq üçün qolunu sarıyan Elbrus Hüseynov barəsində 26-ci Polis Bölməsində araşdırmalar davam etdirilir.