Rusiya üç ölkənin diplomatlarını ölkədən qovurRusiya 3 ölkənin diplomatlarını ölkədən çıxarır.

Avrasiya.net xəbər verir ki, Xarici İşlər Nazirliyi (XİN) Almaniya, Polşa və İsveçin diplomatlarını “persona non qrata” elan edib.

Adları açıqlanmayan diplomatlar icazəsiz aksiyalarda iştirak etdikləri üçün müvafiq qərar qəbul olunub.

Yaxın vaxtlarda 3 diplomat ölkəni tərk etməlidir.
Pandemiya 7 ildən sonra bitəcəkKoronavirus pandemiyasına son qoymaq üçün dünya əhalisinin 75 faizi peyvənd olunmalıdır. Hazırkı sürətlə bu iş 7 il vaxt aparacaq.

Avrasiya.net “Blumberq”ə istinadən xəbər verir ki, hazırda dünyada orta hesabla gündə 4,5 milyondan artıq şəxs peyvənd olunur.

Hər kəsə iki doza peyvənd vurulduğu nəzərə alınsa, bu məsələ 7 ilədək vaxt aparacaq.

"Prezident yeni dövrün reallıqlarına uyğun milli prioritetləri müəyyən edib"44 günlük müharibə Azərbaycana təkcə Qələbə gətirmədi, bu müharibə həm də ölkəmizi yenilədi, ölkədə yeni ab-havanın, fərqli ictimai-siyasi mühitin formalaşmasına start və stimul verdi. İndi ölkəmizdə bir dönəm bitib, yeni quruculuq dövrü, bərpa və inkişaf mərhələsi başlayıb. Bu günlərdə dövlətimizin başçısı İlham Əliyevin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlı mühüm strateji sənədi təsdiq etməsi də artıq ölkənin və cəmiyyətin həyatında yepyeni bir dövrün başlanmasının əyani sübutudur.

Prezident yeni dövrün reallıqlarına uyğun milli prioritetləri müəyyən edib və onların icrası mexanizmini təqdim edib. Belə ki, bu sənədə uyğun olaraq növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritet reallaşdırılmalıdır:

-Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat;
-Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət;
-Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı;
-İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış;
-Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi.

Göründüyü kimi yeni sənəddə ölkəmizin gələcək inkişafı üçün olduqca mühüm məqamlar öz əksini tapıb. Rəqabətqabiliyyətli iqtisadiyyat, ədalətli cəmiyyət, müasir innovasiyalar, Böyük Qayıdış və təmiz ətraf mühit bu gün dövlətin idarəolunmasında strateji planlaşdırmanın əsas hədəflərindən sayılır. Bu hədəflər eyni zamanda ölkəmizin gələcək inkişaf mənzərəsini də müəyyən edir. Əslində bu prioritetlər müasir dünyamızın hər bir ölkəsi üçün böyük önəm kəsb edir. Lakin heç də hər hökumət bu proritetləri, bu hədəfləri vaxtında müəyyənləşdirə bilmir.

Azərbaycan Prezidenti zamanın çağırışlarına, innovativ tələblərə uyğun Milli Proritetləri müəyyən etməklə Azərbaycanın hazırki qlobal proseslərlə ayaqlaşa bilən bir ölkə olduğunu bir daha təsdiqləmiş oldu. Beləliklə, müstəqil və qalib Azərbaycan dövləti qarşıdakı 10 illik dövrü (2021/2030-cu illər) əhatə edən yeni və həm də həlledici, strateji mərhələyə daxil olur. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədi bu mərhələdə qarşıda duran ən ümdə vəzifələri müəyyənləşdirdiyinə görə təkcə hökumətin fəaliyyətindən deyil, həm də bütün azərbaycanlıların həyatından qırmızı xətt kimi keçəcək. "Milli Prioritetlər” sənədi hər bir azərbaycanlı üçün "yol xəritəsi"dir.

Əlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının sədri
Ərdoğan: ABŞ heç utanırmı? Makron, sən necə?ABŞ və AB “Boğaziçi Universitetində baş verən hadisələri qınayırıq” deyir. ABŞ əvvəlcə öz daxilində baş verənlərə baxsın.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Buradan ABŞ-a səslənirəm. Seçkilərdən əvvəl baş verən etirazlara görə demokratiya adına heç utandınızmı? Oradakı hadisələrdə hər kəsin bir-birini necə təhdid etdiyinin şahidi olduq. Bundan başqa, zənci vətəndaşlarınızı polislər yerə yıxıb öldürdü. Bunları dünyaya necə izah edəcəksiniz?” - Ərdoğan bildirib.

Türkiyə lideri fransalı həmkarı Emmanuel Makrona da səslənib:

“Makron, sən əvvəlcə “Sarı jiletlilər” məsələsini həll et. Hazırda bütün “Sarı jiletlilər”, vətəndaşlar küçələrdədir. Sən bunu həll edə bilmirsən. Əvvəl bununla məşğul ol. Mənim ölkəmdə hazırda belə bir problem yoxdur”.
Azərbaycanda pensiyalar 2,8 % artırılırDövlət başçısının yeni Sərəncamı ilə fərdi hesabların sığorta hissəsindəki pensiya kapitalı da istehlak qiymətləri indeksinin 2020-ci il üzrə illik səviyyəsinə uyğun səviyyədə indeksləşdirilərək yanvarın 1-dən 2,8% artırılır.

Avrasiya.net-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) direktoru Himalay Məmişov bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu da əmək müqaviləsi ilə çalışaraq sosial sığorta sistemində iştirak edən şəxslərin mənafeyinə xidmət edir və onların fərdi hesablarındakı pensiya kapitalının təkcə hər ay əməkhaqlarından sosial sığorta ayırmaları nəticəsində deyil, həmçinin hər il dövlət tərəfindən indeksləşdirilərək artırıldığını da göstərir. DSMF sədri pensiya sahəsində aparılan islahatlar, bu il ərzində görüləcək işlər barədə də məlumat verib,
Kəşmir Həmrəylik Günü: 70 ildir davam edən mübarizə5 fevral – bu gün Kəşmir Həmrəylik Günüdür. 1989-cu ildə bu təqvim Pakistanda “Kəşmir Həmrəylik Günü” olaraq qəbul edilib və bütün ölkə üzrə xüsusi qeyd olunur: məqsəd Kəşmir münaqişəsinə diqqəti çəkmək, Hindistan idarəçiliyi altında qalan Kəşmir xalqı ilə həmrəy olduqlarını nümayiş etdirməkdir.

70 ildən artıqdır davam edən Kəşmir münaqişəsi dünyanın ən ağır problemlərindən biri hesab olunur. Hər şey 74 il öncə Hindistan və Pakistanın müstəqilliyini əldə etməsi ilə başladı.

Böyük Britaniyanın Hindistan subkontinenti üzərindəki hökmranlığının sonunda - 1947-ci ildə 550-dən çox knyazlıq Hindistan və Pakistan arasında bölündü. Bölünmə planında əsas prinsip knayzlıqlarda yaşayan əhalinin dini tərkibi idi: müsəlman əhalisi olan ərazilər Pakistana, qeyri-müsəlmanlar Hindistana birləşirdi. Əhalisinin 77 faizi müsəlman olan Kəşmirdə isə bu ədalətli prinsip pozuldu. Halbuki, bölünmə planında əhalisinin əksəriyyəti müsəlman olan Kəşmir Pakistana birləşməli idi, yerli əhalinin əsas istəyi də bu idi.

1947-ci ilin 19 iyulunda Şrinaqar şəhərində İslam Konfransı keçirildi və orada Kəşmirin nümayəndələri Pakistana birləşməklə bağlı qərar qəbul etdilər. Lakin bu istək süngü ilə qarşılandı. Həmin vaxt bölgəyə rəhbərlik edən hindli knyaz Hari Sinqx əhalinin istəyinə baxmayaraq, “müstəqil olmaq” itəyini açıqladı. Kəşmir xalqının qəbul etdiyi qərardan sonra Pakistan bölgə əhalisinin köməyinə gəldi və 24 oktyabrda xalqın istəyinə uyğun olaraq, Kəşmirin Pakistana birləşdirildiyi elan olundu.

Mütləq əksəriyyətin seçimi ilə razılaşmayan Hari Sinqx Cammuya qaçdı və oktyabrın sonlarında Kəşmirin Hindistana birləşməsi ilə bağlı müqaviləyə imza atdı. Xalq Pakistanı, Hari Sinqx Hindistanı istəyirdi və qeyri-bərabər münasibətə baxmayaraq, Hindistan müqaviləyə istinadla bölgəyə ordu yeritdi.

1947-1948-ci illərdə Hindistan və Pakistan arasında I Kəşmir müharibəsi baş verdi. BMT-nin prosesə müdaxiləsi ilə döyüşlər dayandırıldı və BMT Təhlükəsizlik Şurasının 47 saylı qətnaməsinə əsasən, hər iki qoşun ərazini tərk etməli, yerli əhali referendum yolu ilə seçimini müəyyən etməli idi. Kəşmir xalqı öz gələcəyini ümumxalq səsvermə ilə seçəcəkdi:
bu, həm Britaniyanın Hindistanın bölünməsi prinsiplərinə, həm də beynəlxalq hüquqa görə ədalətli seçim idi.

Referendum olsaydı, təbii ki, yerli əhali Pakistana birləşməyə səs verəcəklərdi. Lakin olmadı, çünki Hindistan səsvermənin nəticəsinin xeyrinə olmayacağını bildiyi üçün referendumun keçirilməsinə imkan vermədi.

Ümumxalq səsvermənin keçirilməsinin nəticəsi olaraq, 70 ildir Kəşmir iki hissəyə bölünmüş vəziyyətdədir: şimal-qərbi ərazi Pakistanda, qalan əsas ərazi isə Hindistanda. 70 ildən artıqdır ki, nə BMT qətnamələri, nə də Hindistanın verdiyi vədlər yerinə yetirilir. 70 ildən artıqdır ki, kəşmirlilər Pakistana birləşmək uğrunda mübarizə aparırlar.

- “Yaşasın Pakistan”, “Pakistanı istəyirik” şüarları Kəşmir xalqının dilindən düşmür;
- Yerli əhali şəhidlərini dəfn edərkən, Pakistan bayraqlarına bükürlər;
- 70 il ərzində Kəşmirin Hindistan nəzarətində qalan ərazisindən milyonlarla insan Pakistana köç edib;

1989-cu ildən etibarən Kəşmirdə xalq Pakistana birləmək istəklərini açıq şəkildə yenidən səsləndirməyə başladılar: ümumxalq yürüşləri edir, şüarlar səsləndirir, dinc şəkildə istəklərini dilə gətirirdilər.

Hindistan bu tələblərə hərbi müdaxilə ilə cavab verdi və nümayişlər dağıdıldı. Lakin kəşmirlilər tələblərindən geri çəkilmədi. 2008, 2009, 2010 və 2016-cı illərdə kütləvi etirazlar başlandı. Hindistanın güc tətbiqi nəticəsində yüzlərlə kəşmirli öldürüldü.

2016-cı ildə Kəşmirin liderlərindən Burhan Vaninin məhkəməsiz edam olunmasından sonra başlanan kütləvi etirazlar zamanı 1330 insan öldürüldü, 30 mindən çox insan yaralandı.

2019-cu ilin 5 avqustunda Hindistanın Kəşmirin statusunu ləğv etməsi bölgədə gərginliyi daha da artırdı. Pakistan və beynəlxalq ictimaiyyət Hindistanın bu addımını pisləsə də, rəsmi Dehli geri çəkilmədi, əvəzində Kəşmir bölgəsində azadlıq tələblərinə qarşı münasibət daha da sərtləşdi.

2019-cu ilin 5 avqustundan 2020-ci ilin 31 dekabrına qədər Kəşmirin Hindistan nəzarətində olan hissəsində 305 dinc sakin qətlə yetirilib.

Kəşmir xalqının Pakistana birləşmək üçün aksiyalara başladığı 1989-cu ildən indiyə qədər isə 95 min 273 din insanın qətlə yetirildiyi təsdiqlənib. Bununla yanaşı, 22 min qadın dul, yüz mindən artıq uşaq yetim qalıb, 10 mindən çox qadın təcavüzə uğrayıb. 7 mindən çox gənc həbs edildikdən sonra itkin düşüb. Bölgədə zaman-zaman kütləvi məzarlıqlara rast gəlinir. Kəşmirdə müsəlman əhalisinin dini etiqad azadlığının pozulduğu, 50 minə yaxın hind məbədinin inşa edilməsi istiqamətdə addımların atıldığına dair məlumatlar beynəlxalq hesabatlarda öz əksini tapır.

Hindistanın Kəşmirin statusunu ləğv etməsindən sonra bölgədə yaşanan eskalasiya beynəlxalq ictimaiyyətin diqqətini yenidən bu məsələyə çəkdi. Hazırda BMT vasitəçiliyi ilə Pakistan və Hindistan münaqişənin həlli üçün danışıqlar aparır. Əsas prinsip BMT-nin 47 saylı qətnaməsinin yerinə yetirilməsi, bölgədə ümumxalq referendumun keçirilməsidir, lakin Hindistan tərəfi bunu qəbul etmir.

Kəşmirlilər isə 70 ildən artıqdır Pakistana birləşmək tələblərini davam etdirirlər.

Bu gün – 5 fevral tarixi də Pakistanda məhz Kəşmir xalqının istəyi ilə həmrəy olduqlarını göstərmək üçün xüsusi qeyd olunur.
Gizli yollarla Suqovuşan və Talışa gedən 2 nəfər tutulduTərtər Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində rayonun işğaldan azad edilmiş ərazilərinə gizli yollarla daxil olmağa çalışan şəxslər müəyyən edilərək məsuliyyətə cəlb ediliblər.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan Avrasiya.net-ə verilən məlumata görə, fevral ayının 4-də Tərtər RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində rayon sakinləri Şəhriyar Mahmudov, qardaşı Bəxtiyar Mahmudov, eləcə də Orxan Məmmədov və Dağıstan Şahvələdovla birlikdə işğaldan azad edilmiş Suqovuşan və Talış kəndlərinin ərazisinə gizli yollarla daxil olsalar da, polis əməkdaşları tərəfindən müəyyən ediliblər.

Saxlanılarkən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmadıqlarına görə B.Mahmudov, O.Məmmədov və D.Şahvələdovun barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək baxılması üçün Tərtər Rayon Məhkəməsinə göndərilib və hər biri 200 manat miqdarında cərimə edilib.

Ş.Mahmudov barəsində isə Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə cinayət işi başlanılıb.

Faktla bağlı Tərtər RPŞ-də araşdırmalar davam etdirilir.
Avropa Komissiyası “Metsamor”un bağlanmasını tələb edirErmənistanın Metsamor şəhərində yerləşən atom elektrik stansiyası tezliklə bağlanmalı və təhlükəsiz şəkildə istismardan çıxarılmalıdır.

Bu barədə Avropa Komissiyasının Ermənistanla tərəfdaşlıq sazişinin icrası barədə işçi qrupunun 2020-ci il üzrə hesabatında deyilir.

Qeyd olunur ki, AES-in nüvə təhlükəsizliyi ilə bağlı beynəlxalq standartlara uyğun olaraq yenilənməsinin mümkün olmadığı üçün bu addımlara zərurət var:

"Bu problemin həlli üçün tez bir zamanda yol xəritəsi və ya fəaliyyət planı qəbul edilməlidir".
DSMF-dəki ixtisarların səbəbi açıqlandı – RəsmiDövlət Sosial Müdafiə Fondundan (DSMF) 2 ay ərzində 1200-ə yaxın işçinin ixtisar olunması ilə bağlı yayılan məlumatlar yanlışdır.

Bunu Axar.az-ın sorğusuna cavab olaraq Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rəşad Mehdili deyib. O bildirib ki, bəzi əməkdaşların əmək müqavilələrinin müddəti bitdiyi üçün onlarla bağlanan müqaviləyə xitam verilib:

“Son vaxtlar aparılan islahatlar Fondun fəaliyyətinin müasir standartlara cavab verən əhaliyə xidmət modeli əsasında qurulmasına, fəaliyyətinin optimallaşdırılmasına, xidmətlərin təkmilləşdirilməsinə, vətəndaşlara əlçatan, şəffaf və operativ xidmətlərin göstərilməsinə xidmət edir. Fondun ixtisaslaşmış mərkəzi filialları və regional ərazi filialları yaradılıb. Müvafiq vəzifələr üzrə vəzifə təlimatları və ixtisas tələbləri hazırlanıb və təsdiq edilib, işçilərin peşə biliklərinin yoxlanılması aparılıb, əməkdaşlar müxtəlif təlimlərə cəlb olunublar. Təhsil, bilik və peşəkarlıq səviyyələri vəzifə təlimatlarına uyğun gəlməyən, müvafiq vəzifələr üzrə müəyyən edilmiş ixtisas tələblərinə cavab verməyən, ali təhsili olmayan əməkdaşlarla isə vaxtilə bağlanmış müddətli əmək müqavilələrinin müddəti bitdiyi üçün Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə uyğun olaraq, müqavilələrə xitam verilib”.

R.Mehdili qeyd edib ki, əmək müqavilələrinin müddəti uzadılmayan şəxslərin də işsiz qalmamaları, əmək müqaviləsi əsasında əmək fəaliyyətlərini davam etdirmələri üçün onlara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İş Mərkəzi tərəfindən müvafiq işlər təklif olunub.