Ağdamda partlayış - 1 hərbçimiz həlak oldu, 2-si yaralandıFevralın 4-də günorta saatlarında Ağdam rayonu ərazisində partlayış baş verib.

Müdafiə Nazirliyindən Avrasiya.net-ə verilən məlumata görə, hadisə nəticəsində əsgər Zeynalov Qubad İslam oğlu həlak olub.

Digər iki hərbi qulluqçumuz Babayev Nemət Novruz oğlu və Məlikməmmədov Balaqardaş Mübariz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hazırda yaralılar həkim nəzarətindədir, həyatları üçün təhlükə yoxdur.

Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir!
Xankəndidə Azərbaycan bayrağı qaldırılacaq - Ermənilər separatçıların təkzibinə inanmırXankəndidə Azərbaycan bayrağının dalğalanacağı xəbəri ermənilər arasında müzakirə mövzusuna çevriləndən sonra separatçı-terrorçu Vitali Balasanyan bunu təkzib etdi.

Publika.az xəbər verir ki, Balasanyan iddialı danışır və Xankəndidə Azərbaycan bayrağının dalğalanmayacağını deyir. Əlavə edir ki, “Qarabağın sərhədlərini” qorumaq üçün yeni qüvvələr cəlb olunur.

Balasanyanın bu açıqlamasının erməniləri sakitləşdirməyə hesablandığı məlumdur. O da məlumdur ki, Vitalinin müharibədən sonra “vəzifəyə” qayıtmasının altında başqa mətləblər də yatır.

Laki burada diqqət çəkən məqam Ermənistan mediasının Balasanyanı təkzib etməsidir.

“Ermənistanın səsi” saytı yazır ki, Balasanyan “Qarabağ ordusu”nun ləğv ediləcəyini təkzib etmir, ümumiyyətlə bu haqda danışmır, sadəcə ümumi müdafiədən bəhs edir.

“Halbuki, “Qarabağ ordusu”nun ləğv ediləcəyi haqqında şifahi razlaşmanın olduğu deyilir. Bu razılaşmaya görə, erməni silahlıları çıxarılır, sonrakı dövrdə idarəçilik Azərbaycana keçir. Balasanyan bildirir ki, bu olmayacaq, amma Xankəndidə əsas müzakirələr və informasiya məhz bu istiqamətdədir”, - sayt yazır.

Erməni teleqram kanalları da Xankəndidə tezliklə Azərbaycan bayrağının dalğalanacağını yazırlar.
Təhsilə yanaşmamız necə olmalıdır: reallıqlar və perspektivlər - DEPUTATBir dövlətin inkişafı, intellektual səviyyəsi onun təhsil sistemi ilə bilavasitə bağlıdır. Son illər ölkəmizdə təhsilin inkişafı, gənc nəslin savadlı, sağlam ruhda yetişməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər görülür. Bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dövlət siyasətində xüsusi önəm verdiyi məsələlərdən biri də təhsildir. Bu da reallıqdır ki, son illər Azərbaycanın təhsil sistemində mühüm dəyişikliklər müşahidə etməkdəyik.

Azərbaycan cəmiyyəti təhsil ilə bağlı məsələlərə hər zaman həssas yanaşıb. Bu gün cəmiyyətimizdə təhsildə baş verən dəyişikliklərlə bağlı geniş müzakirələr aparılır.

İctimaiyyəti “Təhsilimizin səviyyəsini necə artıraq? Necə güclü təhsil sistemi quraq?” kimi suallar ciddi düşündürür. Qeyd olunanları nəzərə alaraq təhsil sahəsində hansı addımların atılması ilə bağlı fikirlərimi aşağıda bölüşürəm:

Məsələnin aktuallığını nəzərə alaraq əvvəlcə distant təhsil məsələsinə toxunacağam. Pandemiya dövründə dünya ölkələri distant təhsil sisteminin daha da intensiv inkişaf etdirilməsinin zəruriliyinə bir daha əmin oldu. Əslində bir sıra ölkələr 15-20 il öncə distant təhsil sisteminin qurulması istiqamətində müəyyən layihələrə başlamışdılar. Ancaq buna baxmayaraq bu ölkələrdə də problemlər yarandı.

Bütün dünyada olduğu kimi Azərbaycan da pandemiya ilə əlaqədar distant təhsilə keçdi. Ciddi hazırlıq olmadan onlayn təhsilə keçid, təbii ki, bir sıra çətinliklər yaratdı. Proseslərin əvvəlində TN universitetlərə Teams MS proqramından istifadə edərək tədrisi qurmağa dair tövsiyə məktubu yolladı. Universitetlər Teams MS proqramından, qismən də ZOOM, Votsap və digər sosial şəbəkələr vasitəsi ilə distant tədrisi qurmağa çalışdılar.

Tədrisin təşkilinə nail olunsa da, bir sıra çətinliklər də müşahidə olundu. İnternetlə bağlı yaranmış çətinliklər, bütün ailələrdə distant təhsilə qoşulmaq üçün kifayət qədər avadanlıqların olmaması, sistemin çox yüklənməsi bu prosesə öz mənfi təsirini göstərdi. Bu reallıqlar nəzərə alınaraq, distant təhsil prosesini daha mükəmməl qurmaq, hüquqi-normativ baza yaratmaq istiqamətində səylərimizi daha da gücləndirməliyik. Çünki heç birimiz növbəti illərdə bizi hansı “sürpriz”lərin gözlədiyini bilmirik. Bu gün hələ də pandemiyanın bir neçə il çəkəcəyi ilə bağlı bədbin proqnozlar verilməkdədir.

Yəqin ki, əksəriyyətimiz yaxşı xatırlayır ki, bir neçə ay bundan əvvəl Microsoft şirkətinin rəhbərliyi ilə görüşdə Prezident İlham Əliyev bu məsələyə xüsusi toxunaraq bir sıra mühüm tapşırıqlar vermişdi. Burada Prezident İlham Əliyevin çıxışına istinad etmək istəyirəm: “Həmçinin pandemiya ilə əlaqədar bu vəziyyət bizi məcbur edir ki, təhsil, distant təhsil məsələlərinə yeni bucaqdan baxaq. Baxmayaraq ki, mövcud vəziyyətə özümüzü uyğunlaşdırmaq üçün bizim çox vaxtımız olmadı, lakin müəyyən addımlar atılmışdır. Çünki bizim məktəb və universitetlərimiz mart ayından bəri bağlanıb. Biz sentyabrın 15-dən başlayacaq yeni tədris ilinə hazırlaşmalıyıq. Həmin zaman pandemiya ilə bağlı vəziyyətin necə olacağını bilmirik, məktəb və universitetləri aça biləcəyimizi bilmirik, ona görə də biz ən pis ssenariyə hazırlıqlı olmalıyıq. Əgər problem davam edirsə və getdikcə pisləşirsə, o zaman biz bu barədə düşünməli olacağıq. Lakin indi bu barədə düşünmək lazımdır. Həmçinin distant işlə bağlı məsələlər… Bu da ölkə üçün olduqca vacibdir. Təxminən bunlar bizim planlarımızda diqqətimizi cəmlədiyimiz sahələrdir”.

Digər bir mühüm məsələ universitetlərin Tədqiqatyönümlü fəaliyyətinin gücləndirilməsi, ali təhsil müəssisələrində elmi tədqiqatların aparılmasına xüsusi diqqətin ayrılması və ya yeni tədqiqat universitetlərin yaradılmasıdır. Bu gün universitetlərin qarşısında duran ən mühüm məsələlərdən biri elmi potensialın gücləndirilməsi və yeni elmi tədqiqatlara üstünlük verilməsidir. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, tədqiqatların və elmi məqalələrin böyük əksəriyyəti arzuolunan səviyyədə deyil və müasir dövrlə ayaqlaşmır. Ümumiyyətlə, bir sıra hallarda bu məqalələrin səviyyəsi çox aşağı olur.

Digər xüsusi diqqət tələb edən məsələlərdən biri də kolleclərin fəaliyyətidir. Məlum olduğu kimi, idarəçiliyin təkmilləşdirilməsi məqsədi ilə kolleclər universitetlərin idarəçiliyinə verilib. Bu gün bir sıra universitetlər tərəfindən kolleclərə nəzarət yoxdur və bir sıra kolleclərdə neqativ hallar davam etməkdədir. Bəzi kolleclərdə idarəçilik təkmilləşmək əvəzinə, daha da zəifləyib.

Digər bir mühüm məsələ təhsil haqqları ilə bağlıdır. Son günlər cəmiyyətdə geniş müzakirə olunan məsələlərdən biri də təhsil haqqlarıdır. Bu gün bir sıra universitetlərdə təhsil haqqları yüksək, bəzilərində isə aşağıdır. Ancaq reallıq ondan ibarətdir ki, bir sıra hallarda yüksək təhsil haqqları ilə təhsilin keyfiyyəti mütənasib olmur.

Universitetlərdə yeni ixtisasların yaradılması cəmiyyətdə son illər geniş müzakirə olunan məsələlərdəndir. Ümumiyyətlə, biz universitetlərdə ixtisas və proqramları yenidən nəzərdən keçirməli, müasir tələblərlə ayaqlaşan ixtisaslar yaratmalıyıq. Bir sıra hallarda bəzi ixtisaslar müasir dövrün tələbləri ilə ayaqlaşmır.

Digər bir mühüm məsələ ali təhsil müəssisələrində ixtisasların təkrarlanması və bazarın tələbindən artıq tələbənin universitetlərdən məzun olmasıdır. Sonrakı dövrdə bu onlara iş tapmaqda müəyyən çətinliklər yaradır. Bu məsələ də ciddi təhlil olunmalı və müvafiq qərarlar qəbul edilməlidir.

Ali təhsil müəssisələrində elektron təhsil sisteminin qurulması istiqamətində işlər sürətləndirilməlidir. Son illər bu sahədə müəyyən addımlar atılsa da, proses axıra çatdırılmayıb. Hələ də universitetlər əksər işləri elektron qaydada yox, əvvəlki formada yerinə yetirirlər. Bu da təhsil sahəsində müəyyən problemlərin yaranmasına gətirib çıxarır.

Digər bir mühüm məsələ tələbələrin istehsalat müəssisələrində təcrübə və praktika keçməyi ilə bağlıdır. Bu proses ali təhsil müəssisələrində daha çox formal icra olunur. Əslində, bu gün ölkəmizdə əksər ixtisaslar üçün geniş təcrübə keçmək imkanları var. Adətən universiteti yeni bitirmiş tələbələr iş tapmaqda çətinlik çəkirlər. İşəgötürənlər yeni məzunların təcrübəsi olmadığına görə onları işə götürməkdən imtina edirlər. İxtisasları üzrə təcrübə keçməklə həmin məzunlar müəyyən təcrübə qazannıb gələcəkdə asanlıqla iş tapa bilərlər.
Ramiz Mehdiyevin xanımını məhkəməyə verdilər: Şərab biznesi...Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin həyat yoldaşı, professor Qalina Yuriyevna Mehdiyeva barəsində məhkəmə iddiası qaldırılıb.

Avrasiya.net Yeniavaz.com-a istinadən xəbər verir ki, yanvar ayının 21-də hazırlıq iclası təyin olunsa da, baş tutmayıb. Növbəti məhkəmə iclası fevral ayının 19-u saat 10:15-də Bakı Kommersiya Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçiriləcək.

Qeyd edək ki, Qalina Yuriyevna Mehdiyeva barəsində məhkəmə iddiası qaldıran şəxs Elmar Çingiz oğlu Səidovdur. Elmar Səidov Fireland Vineyards MMC-nin ("Odlar Yurdunun Üzümlükləri") qanuni təmsilçisidir. 26.01.2007-ci ildə dövlət qeydiyyatına alınan Fireland Vineyards MMC Azərbaycanın ən böyük şərab istehsalçılarından biridir.

Fireland Vineyards MMC-nin direktoru Elmar Səidovun Ramiz Mehdiyevin həyat yoldaşı, professor Mehdiyeva Qalina Yuriyevnanı hansı səbəbdən məhkəməyə verdiyi açıqlanmasa da, hər iki şəxsi birləşdirən ortaq məqamlar var.

Məlumat üçün bildirək ki, Fireland Vineyards MMC xammal kimi əsasən Novxanı qəsəbəsində “Duzlu göl” adlandırılan ərazinin yaxınlığında yetişdirilən üzümdən istifadə edir. Fireland Vineyards MMC-nin Novxanıda A.Şıxlinski küçəsində “Marandi Wine Company” adlandırılan şərab zavodu da fəaliyyət göstərir.

Onu da bildirək ki, Novxanı qəsəbəsində Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Yuriyevnaya məxsus böyük torpaq sahəsi var. Kənd Təsərrüfatı Nazirliyinin 2015-2018-ci illər üçün açıqladığı məlumatda göstərilir ki, Novxanı kəndində subsidiya alan yalnız 2 fermer təsərrüfatı olub. Onlardan biri Mehdiyeva Qalina Yuriyevna, digəri isə Mehdiyev Teymur Ramiz oğluna məxsus olub.

Noxvanı kəndi ilə bağlı sonuncu məlumat 2017-ci ildə açıqlanıb. Həmin məlumatda göstərilir ki, Mehdiyeva Qalina Yuriyevna sahib olduğu 113 hektar torpaq sahəsinə görə 5 650 manat, Mehdiyev Teymur Ramiz oğlu isə 42 hektar torpaq sahəsinə görə 2 100 manat subsidiya alıblar. Rəsmi məlumatlarda göstərilir ki, bu iki şəxsdən başqa Novxanı kəndində subsidiya alan torpaq sahibi olmayıb.

Məlumat üçün qeyd edək ki, “Google Earth” proqramından baxdığımız zaman Novxanı kəndi ərazisində 155 hektarlıq böyük bir torpaq sahəsini əhatə edən yeganə ərazinin də “Duzlu göl” adlanan gölün yaxınlığında yerləşdiyi görülür. Bu səbəbdən həmin torpaq sahəsinin Ramiz Mehdiyevin ailəsinə məxsus olduğunu, həmçinin Fireland Vineyards MMC-nin xammal kimi məhz bu ərazidə əkilən üzümdən istifadə etdiyini söyləmək olar.

Xatırladaq ki, 2018-ci ildə isə Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti Səidov Elmar Çingiz oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə ərizə təqdim edib. Hazırda Fireland Vineyards MMC-nin dövlət büdcəsinə də böyük həcmdə - 440 min 963 manat 20 qəpik vergi borcu var.
MEDİA-NIN ADA İLƏ BİRGƏ TƏŞKİL ETDİYİ SEMİNARLARIN BİRİNCİ MƏRHƏLƏSİ YEKUNLAŞIB“ADA” Universitetində MEDİA Agentliyi ilə birgə təşkil edilən və dövlət təşkilatlarının ictimai əlaqələr funksiyası ilə məşğul olan əməkdaşları üçün nəzərdə tutulan “Media və kommunikasiya siyasəti medianın gözü ilə” mövzulu silsilə seminarların birinci mərhələsi yekunlaşıb.

Bu barədə MEDİA-dan məlumat verilib.

Məlumatda qeyd olunur ki, fevralın 3-də seminarların ilk mərhələsini bitirən 37 məzun sertifikatla təltif edilib. Təltifetmə mərasimində çıxış edən “ADA” Universitetinin prorektoru Fariz İsmayılzadə təbriklərini çatdıraraq MEDİA Agentliyi ilə ilk əməkdaşlıq təcrübəsinin uğurunu məmnunluqla qeyd edib. O, bildirib ki, media və kommunikasiya kimi vacib sahədə islahatların həyata keçirilməsində Universitetinin təlim və tədqiqat potensialından istifadə edilməsi bu mənada ən qabaqcıl elmi nəzəriyyələrin və təcrübələrin tətbiqi və ADA-nın beynəlxalq əməkdaşlıq şəbəkəsindən istifadəyə imkanlar açır. Prorektor MEDİA Agentliyi ilə tərəfdaşlığın gələcəkdə də sıx davam edəcəyinə ümidlərini bildirib.

İki həftə davam edən silsilə seminarların birinci mərhələsində iştirakçılar yerli və xarici media ilə əlaqələrin qurulması, kommunikasiya strategiyalarının səmərəli şəkildə işlənilməsi məsələlərini diqqətdə saxlayiblar və ənənəvi və sosial media ilə işə proaktiv yanaşaraq təmsil etdikləri qurumlara dair daha keyfiyyətli ictimai məzmunun yaradılması yollarını nəzərdən keçiriblər.

Seminar iştirakçıları təəsüratları ilə bölüşərək əldə etdikləri biliklərin gələcək fəaliyyətlərinə faydalı olacağını bildiriblər. Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi polkovnik Natiq Axundovun fikrincə, seminarlar dövlət qurumları ilə media orqanları arasında əlaqələrin gücləndirilməsi baxımdan faydalı olub. Xüsusilə, sosial medianın imkanlarından effektiv şəkildə yararlanmaq, dezinformasiyaların qarşısının almaq, operativliyi artırmaq üçün əhəmiyyətli müzakirələr aparılıb. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Üzrə Dövlət Agentliyinin ictiamiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev isə, qoyulan mövzuların əhatəli işıqlandırılması ilə yanaşı, seminar günləri zamanı təmsil olunan qurumların nümayəndələri arasında peşəkar şəbəkənin möhkəmlənməsini üstünlük kimi qeyd edib.

Media ilə işin qurulmasında mövcud çağırışlara və həll yollarına işıq saçmaq, gələcək hədəflərə yol xəritəsi müəyyənləşdirmək üçün ekspert mühazirələri ilə birgə iştirakçıların qarşılıqlı qatqısı da əhəmiyyət kəsb edib.

Seminarın birinci mərhələsi yerli və xarici mütəxəssislərin çıxışları, interaktiv müzakirə sessiyaları, qrup tapşırıqları və ölkənin aparıcı KİV-lərinin nümayəndələri ilə fikir mübadiləsi hissələrindən ibarət olub.

Xatırladaq ki, Medianın İnkişafı Agentliyi 2021-ci ilin yanvar ayında Azərbaycan Respublikası Prezidenti tərəfindən medianın inkişafının dəstəklənməsi, bu sahədə təsisat quruculuğu işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə yaradılıb.


MİLLİ PRİORİTETLƏR: siyasi iradənin təcəssümü!Davamlı inkişafımızı təmin etmək üçün bütün amillər mövcuddur

Sadiq Qurbanov
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri


Vətən Müharibəsində əldə olunan qələbədən sonra Azərbaycanda mahiyyət etibarilə yeni inkişaf mərhələsi başladı. Sözsüz ki, qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcək.

Əslində, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlı proqramın təsdiq olunması dövlətin idarə olunmasında strateji planlaşmanın təcəssümüdür. Risklərin azalmasına, sahələrin sürətli inkişafına, həmçinin istiqamətlər üzrə sahəvi prioritetlərin müəyyən olunmasına xidmət edən sözügedən strateji idarəetmə metodu, eyni zamanda ölkəmizin gələcək inkişaf mənzərəsini də müəyyən edir.

Diqqətlə baxsaq, dövlətin davamlı inkişafını təmin etmək üçün Azərbaycanda bütün zəruri amillər mövcuddur. Təsadüfi deyil ki, Azərbaycan sosial-iqtisadi və mədəni həyatında böyük təkamül yolunu inamla keçməklə sabit, təhlükəsiz və müasir həyat səviyyəsini təmin etmiş ölkə kimi dünyada tanındı. Ölkənin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artıb, cəmiyyətdə dövlətçilik ənənələri güclənib, müasir sosial-iqtisadi infrastruktur quruculuğu uğurla həyata keçirilib.

Bildiyimiz kimi, 21-ci əsrin əsas çağırışlarından biri ekoloji tarazlığın təmin edilməsi məsələlərilə əlaqədardır. Bura təbii resursların intensiv istismarının, neft-qaz və kömür hasilatının məhdudlaşdırılması;

Bərpa olunan energetikaya, yaşıl və mavi iqtisadiyyata üstünlüyün verilməsi;

Su ehtiyatlarının səmərəli istifadəsi;

Karbon qazının istehsalı həcminin azaldılması;

Təkrar emal, təkrar istifadə mexanizmlərinin təkmilləşdirilməsi;

Enerjiyə qənaət edən texnologiyalara keçid və digər məsələlər aiddir.

Qeyd olunan məsələlərin ölkəmizdə tətbiqi, dərin və genişmiqyaslı sosial-iqtisadi islahatların həyata keçirilməsini nəzərdə tutur. Buna isə infrastruktur və kadr hazırlığı məsələləri, eləcə də, daxili bazarın formalaşması, xarici bazarlara etibarlı çıxışın təmin edilməsi və digər məsələlər aiddir.

Dünya təcrübəsi göstərir ki, bu növ köklü islahatlar ilkin mərhələdə müəyyən narahatçılıqlar yaradaraq, sosial narazılığa səbəb olur. Lakin təbii resursların məhdudluğunu, eləcə də 21-ci əsrdə bir çox ənənəvi maddi nemətlərin, resursların fiziki və mənəvi cəhətdən dəyərdən düşməsini; ənənəvi iqtisadi modellərin, əlavə dəyər əmsalı, dayanıqlı inkişaf və digər iqtisadi meyarlar baxımından biliyə, innovasiyalara və müasir texnologiyalara əsaslanan iqtisadi modellərə “uduzmasını” nəzərə alaraq, bir çox ölkələr qabaqlayıcı sosial-iqtisadi siyasətlər hazırlayaraq, onların sürətli tətbiqinə start veriblər.

Beynəlxalq təhlillər göstərir ki, 21-ci əsrdə qaz, neft, kömür, ağac, tərəvəz, gül, dəri, eləcə də ucuz əmək qüvvəsi kimi bir sıra ənənəvi resurslar uğrunda mübarizə insan kapitalı, intellektual resurs uğrunda mübarizə ilə əvəz olunur. Beyin axını həm virtual, həm də fiziki formatda güclənir və bütün sahələri əhatə edir. Bu gün bilikli, təcrübəli, innovativ, kreativ, biznes düşüncəli insanlar ən bahalı əmtəə nümunələrindən xeyli yüksək dəyərə sahibdirlər və bu tendensiya güclənməkdədir, çünki intellektual kapitalın yarada biləcəyi əlavə dəyər, əksər hallarda, əmtəənin, maddi resursun yarada biləcəyi əlavə dəyərdən xeyli dərəcədə üstündür. Müasir dünyanın inkişaf istiqamətlərini dərindən bilən cənab Prezident:

- Azərbaycan 44 gün ərzində tarixi qələbə qazanaraq öz torpaqlarını azad etdi, düşmənə sarsıdıcı zərbələr endirdi, Ermənistanı məğlub etdi.

- Müharibə başa çatdı. Biz istədiyimizə nail olduq. İndi artıq quruculuq dövrü başlayır. - Biz qısa müddət ərzində böyük işlər görməliyik: Azərbaycan rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanına çevrilməlidir.

- Əldə edilmiş qələbə qarşıdakı illərdə sistemli və davamlı islahatlarla yeni imkanlara çevriləcəkdir - kimi tezisləri söyləməklə, Azərbaycanın inkişaf dinamikasının istiqamətlərini göstərir, siyasi iradə ortaya qoyur və bu məqsədlərə çatmaq üçün xalqımızın fədakarlığına inanır.

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlı proqramın təsdiq olunması dövlətin idarə olunmasında strateji planlaşmanın təsdiq olunmuş 5 strateji prioritetlərinin reallaşdırılması hər bir Azərbaycan vətəndaşının qarşısında vəzifə kimi qoyulur:

Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat;

Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət;

Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı; İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış;

Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi.

Qeyd edilən milli prioritetlər eyni zamanda Birləşmiş Millətlər Təşkilatının “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrası istiqamətində də xüsusi əhəmiyyət kəsb edir.

Siyasi iradənin təcəssümü olan bu proqramın həyata keçməsi xalqımızın xoş gələcəyinə hesablanıb. İndi növbə bizdədir. Üzərimizə düşən vəzifənin öhdəsindən layiqincə gələ biləcəyikmi?
Prezident yeni sədri qəbul etdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 4-də Vüqar Süleymanovu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edib.

Avrasiya.net xəbər verir ki, dövlətimizin başçısı qəbulda çıxış edib.

Prezident İlham Əliyevin çıxışı

- Siz Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilirsiniz. Sizə böyük etimad göstərilir. Azad edilmiş torpaqların minalardan təmizlənməsi işi birinci dərəcəli vəzifədir. Bu işlər elə aparılmalıdır ki, işlər başa çatandan sonra hər hansı bir bədbəxt hadisə baş verməsin.

Azad edilmiş torpaqlarda son günlərdə və müharibədən sonra əfsuslar olsun ki, bədbəxt hadisələr baş verir. Mən Azərbaycan vətəndaşlarına müraciət etmək istəyirəm, onlardan xahiş edirəm ki, azad olunmuş torpaqlara icazəsiz, qanunsuz getməsinlər. Mən insanların bu addımlarını bir tərəfdən başa düşürəm, onlar uzun illər vətən həsrəti ilə yaşamışlar, hər bir keçmiş məcburi köçkün tezliklə öz doğma torpağına, doğma kəndinə qayıtmaq istəyir, ancaq xahiş edirəm ki, gözləsinlər. Bir qədər gözləsinlər ki, minalardan təmizləmə işləri başa çatsın. Çünki bu, böyük təhlükədir, həm piyadalara, həm avtomobillərə böyük təhlükədir. Müharibədən sonra bir neçə belə bədbəxt hadisə baş verib, insanlar həlak olub, yaralanıb. Eyni zamanda, postlarda dayanan əməkdaşlar da nəzarət işlərini daha ciddi təşkil etməlidirlər ki, azad edilmiş torpaqlara qanunsuz, icazəsiz gedişə son qoyulsun.

Bu bədbəxt hadisələr bir daha onu göstərir ki, mənfur düşmən işğaldan sonra nəinki bütün binalarımızı, bütün tarixi abidələrimizi dağıdıb, eyni zamanda, hər tərəfi minalayıb. Təkcə təmas xəttinə yaxın olan əraziləri yox, şəhərləri, yolları, önəmli strateji yüksəklikləri minalayıb və bizdə mina sahələrinin xəritələri yoxdur. Ona görə, bizim istehkamçıların üzərinə çox böyük vəzifə düşür. Onlar bu vəzifəni elə icra etməlidirlər ki, azad olunmuş torpaqları tamamilə minalardan təmizləyə bilsinlər.

Azad edilmiş torpaqlarda minatəmizləmə işləri birinci dərəcəli vəzifədir. Bu vəzifə icra olunmadan hər hansı bir inkişafdan söhbət gedə bilməz. Hətta hazırda yolların, dəmir yolunun çəkilişi ilə bağlı işləri də biz ancaq istehkamçılar o əraziləri minalardan təmizləyəndən sonra görə bilirik. Odur ki, orada istənilən fəallıq, istənilən inkişaf minalardan təmizləmə işindən asılıdır. Ona görə, biz həm sürəti artırmalıyıq, eyni zamanda, minalardan təmizləmə işi elə aparılmalıdır ki, yenə də deyirəm, o işlər başa çatandan sonra hər hansı bir təhlükə olmasın.

Agentliyin qarşısında böyük vəzifələr durur. İlk növbədə, işin düzgün təşkil edilməsi məsələsinə diqqət yetirməlisiniz. Təşkilatlanma işi düzgün həll edilməlidir. Yaradılan yeni agentlik dövlət agentliyidir. Əlbəttə ki, ilk növbədə, peşəkar kadrlar seçilib agentliyin işinə cəlb edilməlidir. Təbii ki, keçmiş ANAMA qurumunun kadrlarından istifadə edilməlidir, eyni zamanda, agentliyin say tərkibi də müəyyən olunmalıdır. Çünki azad edilmiş torpaqlarda işləri sürətlə, keyfiyyətlə qurmaq və aparmaq üçün əlbəttə ki, agentliyin daha da böyük işçi qüvvəsi olmalıdır.

Yeni texnikanın alınması, əlbəttə ki, növbədə duran əsas vəzifələrdən biridir. Son illərdə bu sahədə texnoloji inkişaf özünü qabarıq şəkildə büruzə verir. İndi elə maşınlar, mexanizmlər, texnika var ki, işi həm sürətləndirir, həm də keyfiyyətlə aparmağa imkan verir. Ona görə, baxın, dünyanın aparıcı istehsalçıları olan şirkətlərin ən müasir texnikası ölkəmizə gətirilməlidir. Çünki işin keyfiyyəti və sürəti bundan asılı olacaq. Bizim keçmiş köçkünlərimiz 30 il vətən həsrəti ilə yaşayıblar. Ona görə minatəmizləmə işləri elə aparılmalıdır ki, biz qısa müddət ərzində bərpa işlərinə start verə bilək və beləliklə, vətəndaşlar inşaat işləri başa çatandan sonra öz torpaqlarına qayıda bilsinlər.

Mən ardıcıllıqla bağlı öz fikirlərimi dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, birinci dərəcəli vəzifə minalardan təmizləmə işləridir. Sonra ziyanın qiymətləndirilməsi, ondan sonra artıq bərpa işləri aparılacaqdır.

Azad edilmiş torpaqlarda minalardan başqa, partlamamış sursatlar da kifayət qədər çoxdur, bu da təbiidir. Çünki müharibə dövründə gedən döyüşlər təbii ki, azad edilmiş torpaqlarda partlamamış sursatların çoxluğuna səbəb olmuşdur. Odur ki, əraziləri bu sursatlardan təmizləmək də böyük zəhmət tələb edən məsələdir. Siz bu sahədə təcrübəli beynəlxalq mütəxəssisləri cəlb edərək işçilər üçün həm ölkə daxilində təlim kursları keçirməlisiniz, həm də xaricdə qısamüddətli kurslar təşkil olunmalıdır ki, bizim mütəxəssislər, istehkamçılar özləri-özlərini qoruya bilsinlər, eyni zamanda, burada ən qabaqcıl təcrübə tətbiq edilsin.

Peyk görüntülərindən səmərəli istifadə etməliyik. Peyk görüntüləri bizə əlavə imkanlar yaradır, həm müharibə dövründə, həm də müharibədən sonra təbii ki, bərpa işlərində. Biz ermənilər tərəfindən qırılmış meşələrin həcmini məhz peyklərdən müəyyən edə bilmişik və indi yerlərdə bunu təsdiq edirik. Meşələrimizin 54 min hektarı Ermənistan rəhbərliyi tərəfindən qırılıb, talan edilib və satılıb. Peyk görüntüləri, eyni zamanda, minalarla daha çox çirklənmiş yerləri də təsbit edir. Ona görə bu imkanlardan da səmərəli istifadə etməliyik.

Mən müharibə başa çatandan sonra Müdafiə Nazirliyinə göstəriş vermişdim ki, əlavə istehkamçı taborlar yaradılsın və onlar yaradılıbdır. Azad edilmiş torpaqlarda minalardan təmizləmə işi ilə bağlı mənə müntəzəm olaraq məlumat verilir və bu günə qədər işin təqribən 80-90 faizini Müdafiə Nazirliyinin istehkamçıları görüblər. Amma sizin rəhbərlik edəcəyiniz agentlik bundan sonra işin əsas hissəsini öz üzərinə götürməlidir. Əlbəttə, Müdafiə Nazirliyinin istehkamçıları bundan sonra da çalışacaqlar. Çünki işin həcmi kifayət qədər böyükdür. Ancaq Minatəmizləmə Agentliyinin elə imkanı olmalıdır ki, bu agentlik ümumi işimizə böyük töhfə versin. Çünki əvvəlki agentliyin texniki təchizatı çox aşağı səviyyədə idi, say tərkibi aşağı səviyyədə idi. Əgər biz bu işi onların öhdəsinə buraxsaydıq, bilinmir neçə il lazım olacaqdı. Bizim vaxtımız yoxdur. Biz keçmiş köçkünləri tezliklə öz doğma torpaqlarına qaytarmalıyıq. Ancaq hər kəs bilməlidir ki, birinci dərəcəli məsələ minalardan təmizləmədir. Dəyən ziyanın qiymətləndirilməsi, infrastruktur layihələrinin icrası, evlərin tikilməsi, iş yerlərinin yaradılması - əgər bu işlər görülməsə, insanlar gedib o torpaqlarda necə yaşaya bilərlər? Gərək ev-eşiyi, şəraiti, suyu, elektriki, yolu, məktəbi, xəstəxanası olsun. Bu, böyük, genişmiqyaslı bir işdir. Mənfur düşmən işğal edilmiş və azad olunmuş torpaqlarda hər şeyi dağıdıb. Hətta son günlərə qədər yaşadıqları evləri də çıxarkən məhv edib, yandırıb, ağacları qırıb, xüsusilə Kəlbəcər və Laçın rayonlarında. Ağacların bir hissəsini yük maşınlarına doldurub Ermənistana satmağa aparıb. Qalan ağacları, sadəcə olaraq, qırıb ki, bizə qalmasın. Özləri tikmədikləri, - azərbaycanlıların yaşadıqları evləri ki, onları zəbt etmişdilər, - yandırıblar, dam örtüklərini, pəncərə çərçivələrini, sanitar qovşaqlarını çıxarıb aparıblar. Bu biabırçı kadrlar xarici mediada da kifayət qədər işıqlandırılmışdır. Görün, onlar nələri özləri ilə aparırlar?! Sanitar qovşaqlarını. Mənfur xuntanın özünə ofis yaratdığı Şuşa şəhərinin keçmiş raykom binasında kondisionerləri, radiatorları bu qaçaqaçda çıxarıblar. Çünki biz bilirdik ki, onlar oradan necə qaçırdılar. Bəlkə də qaçışda rekord nəticələr göstərmişlər. Amma bu qaçaqaçda da bellərinə yəqin ki, radiator, kondisioner bağlayıb Ermənistana qaçırdılar. Yəni, bizim bütün infrastrukturumuz, binalar yerlə-yeksan edilib. Ona görə hər kəs başa düşməlidir ki, bu işin miqyası nə qədər böyükdür və Azərbaycan bu bərpa işlərinə təkbaşına start verib. Biz heç kimdən yardım gözləmədən buna start vermişik və bütün işlər plan üzrə gedir. Ona görə, siz Müdafiə Nazirliyi ilə sıx əməkdaşlıq etməlisiniz, onlarla görüləcək işlərin cədvəlini birgə tutmalısınız, hansı sahələr daha əvvəl təmizlənməlidir, yəni, burada da metodologiya var, dünya metodologiyası var, peyk təsvirləri var.

Bildiyiniz kimi, Ermənistan minalanmış sahələrin xəritələrini bizə verməyib, ona görə burada peyk təsvirləri önəmli rol oynaya bilər. Eyni zamanda, mən hesab edirəm ki, biz özəl şirkətləri bu işlərə cəlb etməliyik. Mən artıq göstəriş vermişəm, indi xarici şirkətlərlə danışıqlar gedir. Hesab edirəm ki, onları cəlb etmək işimizi yüngülləşdirmək üçün önəmli addım olacaqdır. Hesab edirəm ki, bununla paralel olaraq, yerli şirkətlər də yarana bilər. Çünki bizdə bu vaxta qədər belə təcrübə olmamışdır. Ancaq işin həcmini nəzərə alaraq, mən hesab edirəm ki, özəl şirkətlər yarana bilər, Azərbaycanın biznes dairələri burada öz sözünü deyə bilər və beləliklə, biz bu işləri daha qısa müddət ərzində görə bilərik. Əlbəttə ki, bu özəl şirkətlər müvafiq texnika ilə təmin edilməlidir. Eyni zamanda, Minatəmizləmə Agentliyi onlara sertifikatlar da verməlidir, onlar akkreditasiyadan keçməlidir. Həmçinin xarici şirkətlərlə birgə müəssisələr də yaradıla bilər. Ona görə, siz agentliyin rəhbəri kimi bu işlərə də fikir verin.

Biz Azərbaycanda minatəmizləmə əməliyyatları üzrə milli standartlar hazırlamalıyıq. Yəni, bu, Azərbaycan standartları olmalıdır, əlbəttə ki, dünya praktikasına da baxmaq lazımdır. Hesab edirəm ki, bizim azad edilmiş ərazilərdə olan bu minalanmanın həcmi bəlkə də dünya miqyasında ən böyük dərəcələrdən biridir. Təmizləmə işləri də, əlbəttə ki, ardıcıllıqla aparılmalıdır. Burada da prioritetlər düzgün müəyyən edilməlidir. Siz bu prioritetləri də Operativ Qərargahla mütləq razılaşdırın. Çünki bu prioritetlər bizim bərpa işlərimizlə də uzlaşmalıdır. İlk növbədə, misal üçün, infrastruktur obyektləri - indi yollar çəkilir, mütləq o sahədə minatəmizləmə işləri aparılmalıdır, hava limanı tikilir, orada da indi bu işlər aparılır, elektrik xətləri çəkilir, yol boyunca bu işlər görülməlidir.

Yaşayış məntəqələrinə gəldikdə, biz, ilk növbədə, şəhərləri bərpa etməliyik. Ona görə, bütün şəhərlərin əraziləri birinci növbədə minalardan təmizlənməlidir. Bununla paralel olaraq, yaxın gələcəkdə bəzi kəndlərdə bərpa işlərinə start veriləcək və mən artıq bunu bildirmişəm. Biz indi “ağıllı kənd” konsepsiyasını da hazırlayırıq. Bu konsepsiya demək olar ki, hazırdır, mənə məruzə edildi, mən bunu təsdiqlədim. “Ağıllı kənd” birinci pilot layihəsi icra ediləcəkdir. Məhz o yerlər də düzgün təsbit edilməlidir. Əkin sahələri və əkin sahələrinə gedən yollar təmizlənməlidir. Bu da prioritetlər sırasındadır. Çünki mənfur düşmən bizim torpağımızı da vəhşicəsinə istismar edib. Azad olunmuş torpaqlarda təkcə taxıl altında 90 min hektar sahədən mənfur düşmən qanunsuz istifadə edib və qanunsuz varlanıb. Vaxt itirməmək üçün mənim göstərişimlə bütün güclər artıq səfərbər edilib və müharibə başa çatandan sonra mən dərhal bu işlərə start verdim. Deyə bilərəm ki, payızlıq əkin də aparılmışdır. Baxın, müharibə noyabrın 10-da dayandı və biz dekabr ayından payız əkininə başlamışıq. Mənə gündəlik məlumat verilir, 7 min hektarda artıq payız əkini aparılıb. Yəni, bu, yenə də bizim gücümüzü göstərir. Onu göstərir ki, biz bir dəqiqə də, bir gün də gözləmək istəmirik. Biz bu torpaqlara qayıtmaq istəyirik və keçmiş köçkünlər, əlbəttə ki, bu arzularla 30 il yaşayıblar. Onların hisslərini başa düşmək olar. Amma, eyni zamanda, onların və onlarla birlikdə olanların təhlükəsizliyi birinci dərəcəli məsələdir. Bu yaxınlarda üç nəfər minaya düşüb, bir nəfər həlak olub. Yəni, o işin təşəbbüskarı var. Təşəbbüsü irəli sürən adam özü də xəsarət alıb, yanında olanlar da. Ona görə, bu, çox ciddi məsuliyyətdir. Ona görə, indi yazlıq əkin üçün sahələrin müəyyənləşdirilməsi prosesi də gedir, torpaqlar müəyyən edilib və o əkin sahələrinə gedən yollar da mütləq prioritetlər sırasında olmalıdır.

İnkişaf etmiş ölkələrdə istehsalçılar indi robotlardan geniş istifadə edirlər, biz də bundan istifadə etməliyik. Bir sözlə, ən müasir texnologiyalar, ən son model texnika Azərbaycana gətirilməlidir. Biz güclü bir qurum yaratmalıyıq, ilk növbədə, onun başlıca vəzifəsi əraziləri minalardan təmizləmək olmalıdır. Bizim Dövlət Minatəmizləmə Agentliyimiz ölkə daxilində bütün işləri başa çatdırandan sonra bu təcrübədən istifadə edərək, xarici ölkələrdə də fəaliyyət göstərə, podratçı kimi işləyə bilər. Beynəlxalq təşkilatlar tərəfindən də bizim bu agentliyin xidmətindən istifadə oluna bilər. Bax, strategiyanı belə qurun. Yəni, bu, agentliyin gələcək fəaliyyəti üçün uzunmüddətli strategiya olmalıdır. Ancaq qısamüddətli və ortamüddətli strategiya torpaqların minalardan təmizlənməsidir ki, bərpa işləri başlansın və vətəndaşlar tezliklə öz doğma torpaqlarına qayıda bilsinlər.

Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov dedi:

-Çox sağ olun, möhtərəm cənab Prezident. Sürətlə inkişaf edən Azərbaycanımız bu gün zəfər çalmış ölkədir. Bu, sözsüz ki, Sizin həm Prezident, həm də Ali Baş Komandan kimi gərgin əməyinizin parlaq nəticəsidir. Bu gün ölkəmiz əsası Ulu Öndərimiz tərəfindən qoyulan inkişaf strategiyasını uğurla davam etdirərək yeni hədəflərə doğru irəliləyir. Qarabağa böyük qayıdış bu hədəflərdən biridir. Bu hədəflərə nail olmaq üçün, Siz qeyd etdiyiniz kimi, mina təhlükələrindən qurtulmaq birinci dərəcəli vəzifələrə aiddir.

Hörmətli cənab Prezident, Sizi əmin etmək istəyirəm ki, agentlik bütün imkanlarını səfərbər edəcək və qarşımıza qoyulmuş vəzifələrə, hədəflərə nail olacaqdır.

Azad edilmiş ərazilərdə minatəmizləmə işləri tapşırığınıza əsasən lazımi səviyyədə, beynəlxalq standartlara uyğun və keyfiyyətlə yerinə yetiriləcəkdir. Mən qürur duyuram ki, belə bir məsuliyyətli işin təşkilində iştirak edəcəyəm və bu etimadınıza görə Sizə minnətdarlığımı bildirirəm. Çox sağ olun.

DTX: Səlim Müslümov həbs olundu - TəciliMüslümov Səlim Yanvar oğlunun Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işlədiyi müddətdə nazirliyin fəaliyyət istiqamətləri üzrə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsinin təşkil edilməsi, işəgötürənlərin əmək, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı fəaliyyətlərinə dövlət nəzarətinin həyata keçirilməsi və digər səlahiyyətlərin yerinə yetirilməsi zamanı çoxsaylı sui-istifadə hallarına yol verməsinə dair faktlar Dövlət Təhlükəsizliyi Xidmətində araşdırıl­mışdır.

Avrasiya.net DTX-nin saytına istinadən xəbər verir ki, toplanılmış materiallar əsasında başlanılmış cinayət işi üzrə Səlim Müslümovun xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlüklər əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən tamah niyyəti ilə qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmasına, habelə onun tərəfindən tabeçiliyində işləyən vəzifəli şəxslərdən vasitəçi kimi istifadə etməklə müxtəlif rayonlarda əlillər üçün fərdi yaşayış və internat evlərinin tikinti-təmirinin aparılması işlərini yerinə yetirən fiziki və hüquqi şəxslərə ayrılmış pul vəsaitlərinin bir hissəsinin tələb edilərək alınmasına əsaslı şübhələr müəyyən edilmişdir.

Həmçinin Səlim Müslümovun nazirliyin Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən ölkə ərazisində istehsal, sosial-məişət və iaşə təyinatlı obyektlərin inşası və yenidən qurulması zamanı əməyin mühafizəsi tələblərinə əməl olunması, onların istismara buraxılmasına razılığın verilməsi, əməyin mühafizəsi tələblərinə uyğunluğu ilə bağlı müəssisələrdə aparılmış yoxlamaların nəticələrinə görə müxtəlif vaxtlarda külli miqdarda pul vəsaitləri qismində təkrar rüşvət almasına dair məlumatlar əldə olunmuşdur. Eyni zamanda, Daxili nəzarət şöbəsi tərəfindən ərazi strukturlarında aparılmış yoxlamaların nəticələri ilə bağlı onun həmin nazirliyin müxtəlif ərazi şöbələrinin rəhbərlərinin hər birindən 10 mindən 30 min manatadək külli miqdarda təkrar rüşvət almasına əsaslı şübhələr müəyyən edilmişdir.

Səlim Müslümov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
V-IX sinifdə oxuyanlara vacib xəbər: Məktəbə getməyənlər...Valideynlərin övladlarını məktəbdə əyani təhsilə cəlb olunub-olunmaması ilə bağlı hüquqları V-IX sinifdə təhsil alanlara da şamil olunacaq. Bunun üçün xüsusi karantin rejimi qüvvədə olduğu müddətdə valideyn əyani dərsdən imtina ilə bağlı iltizam forması yazmalıdır. Ancaq əyani şəkildə keçirilən dərslər həmin şagirdlərə tədris olunmayacaq.

Avrasiya.net xəbər verir ki, bu sözləri Report-a açıqlamasında Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Rəşad Tağıyev deyib.

“Tədris planlarında müvafiq saatlar var və həmin saatlara görə müəllimlərə əmək haqqı ödənilir. Təbii ki, valideynlər şagirdi məktəbə göndərməkdən imtina edirsə, onlara ayrıca həmin fənlərin onlayn qaydada tədrisi nəzərdə tutulmur”, - nazirlik rəsmisi bildirib.