Bakıda 1 müəllimdə korona aşkarlandıBakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində əyani formada dərslərə davamiyyət 95 faiz təşkil edir.

İdarədən verilən məlumata görə, fevralın 1-dən ümumi təhsil müəssisələrində ibtidai siniflər və məktəbəhazırlıq qrupları üzrə ənənəvi təhsil bərpa olunub. Keçən müddət ərzində BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə 1 müəllimdə koronavirus infeksiyası (COVİD-19) aşkar olunub. 2 şagird və 1 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini isə koronavirus xəstəsi ilə təmasda olduğu üçün özünütəcrid rejiminə keçib.

İbtidai təhsil səviyyəsi (I-IV siniflər) üzrə təhsil alan 182 018 şagirddən 1106 nəfərin valideyni övladının tədris prosesində əyani şəkildə iştirakından imtina etməsi ilə bağlı iltizam sənədi imzalayıb.

Qeyd edək ki, hazırda təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun olaraq təşkil edilir.

Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır. BŞTİ rəhbərliyi və İdarənin əməkdaşları da gündəlik məktəblərə gedir, tədrisin təşkili vəziyyəti ilə yerində tanış olurlar.

Bütün bunlar şagird və valideynlərdə əminlik hissini artırır, ənənəvi tədrisə və müəllimlə canlı ünsiyyətə əsaslanan əyani dərs prosesinə maraq göstərənlərin faiz artımına təkan verir.

İnanırıq ki, ümumi təhsil müəssisələrində ənənəvi tədrisin təşkili istiqamətində nəzərdə tutulan mərhələli tədbirlər cəmiyyətin birgə səyi ilə bundan sonra da uğurla reallaşdırılacaqdır

Şok: Saxta yolla pensiya alan deputatlar – Həbslər başladıDövlət Sosial müdafiə Fondundakı qanunsuzluqlar çərçivəsində aparılan istintaqla bağlı bəzi məqamlar üzə çıxıb.

Bu barədə Axar.az-ı bilgiləndirən mənbənin sözlərinə görə, DSMF-nin bəzi deputatlara yaşı çatmamasına və səhhətində heç bir problem olmamasına baxmayaraq, saxta yolla pensiyaya çıxartdığı bəlli olub.

Redaksiyaya sözügedən deputatların adları da təqdim edilib, onların arasında hazırda deputat fəaliyyətini davam etdirənlər də var.

Qeyd edilib ki, bu sənədlərin hazırlanmasında iştirak edən DSMF-nin sabiq vəzifəli şəxsi artıq saxlanılıb. Onunla bərabər daha bir neçə nəfərin də həbs olunacağı istisna edilmir.
Qarabağla bağlı bəyanat imzalandı - Bakı cavablarını verdiAzərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsi Avropa Parlamentinin Cənubi Qafqaz ölkələri üzrə Parlament Tərəfdaşlıq Komitələrində nümayəndə heyətinin birgə bəyanatını şərh edib.

XİN-dən Avrasiya.net-ə verilən məlumata görə, Avropa Parlamentinin (AP) üzvləri, Avropa İttifaqı (Aİ) və Cənubi Qafqaz ölkələri üzrə Parlament Tərəfdaşlıq Komitələrində nümayəndə heyətinin sədri, Marina Kalyurand, AP-nin Ermənistan üzrə daimi məruzəçisi Andrey Kovaçev və AP-nin Azərbaycan üzrə daimi məruzəçisi Yelena Zovko tərəfindən “Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların davam etdirilməsinə ehtiyacın olması” barədə birgə bəyanatın verilməsi AP üzvlərinin, ümumiyyətlə bölgədə sülh və əminamanlığın beynəlxalq hüququn təməl prinsipləri əsasında təmin olunması mövqeyindən çıxış etmələrinə rəğmən bölgədə mövcud olan cari vəziyyətdən hələ də tam məlumatlı olmadıqlarını göstərir:

“İlk növbədə AP üzvlərinin diqqətinə çatdırmaq istərdik ki, AP-nin öz qətnamələrində illərdir ki, beynəlxalq hüquq prinsipləri, həmçinin BMT TŞ qətnamələri əsasında həllinə çağırdığı Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulub, Azərbaycan ərazi bütövlüyünü təmin edib və BMT TŞ-nin 1993-cü il tarixli müvafiq qətnamələrinin həyata keçirilməsini təkbaşına təmin edib. Başqa sözlə desək, AP üzvlərinin istinad etdiyi və dövlətlərarası münasibətlərin təməlini təşkil edən Helsinki Yekun Aktının sərhədlərin toxunulmazlığı və dövlətlərin ərazi bütövlüyü prinsipləri rəhbər tutulub.

10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatla bölgədə yeni reallıq yaranıb. AP üzvlərinin sözügedən üçtərəfli bəyanatın bölgədə sabitliyin təmin olunmasına gətirdiyini qeyd etməsi təqdirəlayiqdir. Çünki hazırkı mərhələdə bölgədə sülh və təhlükəsizliyin təmin olunması, habelə tərəflər arasında etimadın qurulması üçün, məhz 10 noyabr tarixli üçtərəfli razılaşmanın icrası və bu istiqamətdə müvafiq addımların atılması vacibdir.

Azərbaycan tərəfi, öz növbəsində sözügedən razılaşmanın icrası üçün, o cümlədən humanitar məsələlərin həlli sahəsində bütün lazımi addımları atır, lakin Ermənistan tərəfinin imza atdığı bu bəyanata sadiqliyi sual doğurur. Yaxşı olardı ki, AP üzvləri Ermənistan tərəfinə hərbi əməliyyatların dayandırılması ilə bağlı birgə bəyanata imza atdıqdan az qala 20 gün sonra nə səbəbdən Azərbaycan ərazilərinə diversant qrupunu göndərdiyi ilə bağlı sual ünvanlayardı. Bəlkə o zaman AP üzvləri haqqında bəhs olunan Ermənistan hərbçilərinin heç də hərbi əsir deyil, atəşkəs elan olunduqdan sonra məqsədyönlü şəkildə Azərbaycan ərazilərinə göndərilmiş terrorçu diversant qrupunun üzvləri olduğunu anlayardı. Ümumiyyətlə, Ermənistanın atəşkəs elan olunduqdan sonra terror aktları törətmək məqsədilə əraziyə hərbi qulluqçılarını göndərməsi, bu ölkənin iştirakçısı olduğu Şərq Tərəfdaşlığının təməl prinsiplərinə və ümumilikdə Avropa dəyərlərinə hörmət etmədiyini açıq şəkildə nümayiş etdirir.

Mədəni irs məsələsinə gəldikdə isə, AP üzvlərinə yaxşı bəlli olmalıdır ki, Azərbaycanın onilliklərdir ki, işğal altında qalan ərazilərində Ermənistan tərəfinin apardığı qeyri-qanuni fəaliyyət nəticəsində bütün tarixi, mədəni və dini irs demək olar ki, məhv edilib, sözügedən abidələrin dağıdılması, talan edilməsi, mənşəyinin dəyişdirilməsi ilə bağlı hərbi cinayətlərə bərabər fəaliyyət həyata keçirilib. Bu məsələ Azərbaycan tərəfindən davamlı şəkildə beynəlxalq platformalarda, o cümlədən Avropa İttifaqı institutları ilə təmaslarımız zamanı qaldırılsa da AP üzvlərinin bu günədək bu məsələ ilə bağlı bir dənə də olsun bəyanat verməməsi təəssüf doğurur. AP üzvlərinin diqqətinə çatdırmaq istərdik ki, Qarabağdakı bütün abidələr Azərbaycan xalqının tarixi, mədəni və dini irsinə məxsusdur. Azərbaycan multikultural ölkədir və ərazisindəki bütün abidələr dövlət səviyyəsində qorunur. Ölkəmizin zəngin irsinin mühafizəsi bundan sonra da yüksək səviyyədə təmin ediləcək, o cümlədən işğaldan azad olunmuş ərazilərdəki abidələrin bərpası, təmiri və yenidən qurulması işləri həyata keçiriləcəkdir".
Rafael Cəbrayılov 1000 manat cərimələndiKeçmiş deputat Rafael Cəbrayılov 1000 manat cərimələnib.

Avrasiya.net Qaynarinfo.az-a istnadən xəbər verir ki, yanvarın 25-də Abşreon Rayon Məhkəməsində Rafael Cəbrayılovun icra məmurunun qanuni tələblərini yerinə yetirməməsinə dair iddiaya baxılıb. Məhkəmə keçmiş deputatı 1000 manat cərimələməklə yanaşı, ona icra tələbini yerinə yetirmək üçün 20 gün möhlət verib.

Məlumatda deyilir ki, Rafael Cəbrayılovun borclu olduğu şəxslərdən Təranə Fətəliyeva, Məlahət Qurbanova və Xatirə Nəcəfova məhkəmə çəkişməsində qalib gəlib. Təranə Fətəliyeva hətta Ali Məhkəmə mərhələsini də keçib. Məhkəmə qərarları icraya yönəldilsə də, Rafael Cəbrayılov borclarını qaytarmaq istəmir.

Bildirilir ki, keçmiş deputat 20 gün ərzində borclarını qaytarmasa, məsuliyyətə cəlb olunacaq.

Rafael Cəbrayılovun Təranə Fətəliyeva, Məlahət Qurbanova və Xatirə Nəcəfovaya üst-üstə 1 milyon manatdan çox borcu var.

Lakin keçmiş deputatın borcları bununla bitmir. O, daha 5 nəfərdən toplam olaraq 700 000 manatdan bir az artıq borc alıb.

Həmin şəxslər də məhkəməyə, eyni zamanda Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət ediblər.
Reanimasiyada olan Xalq artistinin SON DURUMU - AÇIQLAMAXalq artisti Rafiq Hüseynovun (Rəmiş) müalicəsi Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsində davam etdirilir.

Sənətçinin səhhəti barədə danışan həyat yoldaşı Güllü Hüseynova bildirib ki, səhhəti normaldır:

“Həkimlər əllərindən gələni edirlər, müalicələr davam edir, hələ reanimasiyadadır. Orqanizmin müalicəyə necə reaksiya verəcəyini gözləyirik”.

G.Hüseynova həyat yoldaşının müalicəsini diqqətdə saxladıqlarına görə bir daha ölkə rəhbərliyinə və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib.

Məlumat üçün bildirək ki, bir müddətdir səhhətində ciddi problemlər yaranan Xalq artisti yanvarın 28-də xəstəxanaya yerləşdirilib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın göstərişi ilə Rəmişin səhhəti nəzarətə götürülüb.
Kürdə batan Vətən müharibəsi iştirakçısının meyiti tapıldıKür çayında batan Vətən Müharibəsi iştirakçısı Sadıxbəyli Ramin Qaçay oğlunun meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyi Kür çayında batan şəxsin meyitinin tapılması ilə bağlı məlumat yayıb.

Nazirliyin Mətbuat Xidmətindən Avrasiya.net-ə verilən məlumatda bildirilir ki, xəbər verildiyi kimi, 31 yanvar 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş zəng əsasında Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində batdıqları ehtimal olunan Yusifov Səfxan Aydın oğlu və Sadıxbəyli Ramin Qaçay oğlunun axtarışları FHN-in Kiçik həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları tərəfindən davam etdirilir.

Aparılan axtarış işləri nəticəsində dalğıc-axtarış qrupu tərəfindən 1995-ci il təvəllüdlü Sadıxbəyli Ramin Qaçay oğlunun meyiti bu gün günorta saatlarında Kür çayında tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Batdığı ehtimal olunan Yusifov Səfxan Aydın oğlunun axtarışları davam etdirilir. Əlavə məlumat veriləcək.
"QHT-lərin ictimai nəzarətin təşkili prosesində iştirakını və fəallığını artırması zəruridir"Prezident İlham Əliyev Şuşada, Qarabağda aparılan bərpa işlərinə ictimai nəzarətin olmasının vacibliyini, əks halda özbaşına tikililərin və qanunsuz olaraq torpaqların zəbt ediləcəyini bildirib.

İctimai nəzarəti necə təşkil etmək olar? Bu prosesə QHT-lərin cəlbi üçün QHT-lərə Dövlət Dəstəyi Şurası müsabiqə elan edə bilərmi?

Avrasiya.net xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Elməddin Behbud bildirib ki, Şurada qrant müsabiqələrinin birinin bu istiqamətdə olması gözləniləndir:

“Prezident İlham Əliyevin fikirləri, verdiyi mesajlar hər zaman şuranın fəaliyyəti üçün prioritet təşkil edib. Həqiqətən də dövlət qurumlarının fəaliyyətinin dinamizminin və effektivliyinin artırılması, yeni çağırışlara çevik və səmərəli reaksiya verilməsi, həmçinin şəffaflığın və hesabatlılığın artırılması üçün vətəndaş cəmiyyəti institutlarının, o cümlədən də QHT-lərin ictimai nəzarətin təşkili prosesində iştirakını və fəallığını artırması zəruridir. Bu baxımdan Şuranın 2021-ci il qrant müsabiqələrinin birinin ictimai nəzarətlə bağlı olması gözləniləndir. Cənab Prezidentin bu çağırışı ilə bağlı bir sıra digər addımların da atılması planlaşdırılır. Bununla da bağlı qarşıdakı dövrdə mediaya məlumat veriləcək. QHT-ləri isə indidən ictimai nəzarət istiqaməti üzrə ictimai aktuallıq kəsb edən və effektiv icrası təmin olunacaq mövzularda layihələrlə çıxış etməyə hazırlaşmağa dəvət edirik”.

E.Behbud onu da qeyd edib ki, koronavirus səbəbindən 2021-ci il qrant müsabiqələrinin elanı bir qədər yubanır:

“Bildiyimiz kimi, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası hər ilin sonunda növbəti təqvim ili üzrə ilk qrant müsabiqəsinin mövzularını, eyni zamanda şərt və qaydalarını elan edir. Hazırda COVİD-19-la bağlı vəziyyətin hansı istiqamət üzrə dəyişəcəyi tamlıqla məlum olmadığından 2021-ci il qrant müsabiqələrinin elanı bir qədər yubanır. Artıq koronavirusla mübarizə çərçivəsində peyvəndlənmə işlərinə başlanılıb, bu baxımdan güman edirəm ki, görülən tədbirlər təsirli olacaq və Şura yaxın vaxtlarda əsasnaməsinə və dövlət siyasətinin prioritetlərinə uyğun olaraq qrant müsabiqələri elan ediləcək”.
Daha 12 azərbaycanlı deportasiya olunduAlmaniya, Avstriya və Niderlandda qanunsuz yaşayan 12 azərbaycanlı deportasiya olunub.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, onlardan 3-ü Almaniyadan, 6-sı Avstriyadan, 3-ü isə Niderlanddan deport olunub. Avropa ölkələrindən çıxarılanlardan 1-i Rusiya, qalanları isə Azərbaycan vətəndaşlarıdır.

Qeyd edək ki, son dövrlər bir sıra sığınacaq almaq istəyən azərbaycanlıların bu statusu ala bilməmələrinə səbəb Avropa miqrasiya orqanlarına təqdim etdikləri saxta sənədlər olub. Bu, sənədlərin həqiqiliyi Azərbaycanın müvafiq dövlət orqanlarına verilən sorğu ilə araşdırılması zamanı ortaya çıxır.

Eyni zamanda, bu sənədlərin hazırda Almaniyada istintaqı davam edən “Mühacir alveri”i işində adı hallanan şəxslərdən biri vasitəsi ilə əldə edildiyi müəyyən olunub.
Rus sülhməramlıları Xankəndidə təlim keçdi - VideoQarabağa yerləşdirilən Rusiya sülhməramlıları Xankəndi şəhərindəki poliqonda ZTR-82 ştatlı texnikadan planauyğun atəş açılması təlimi keçirib.

Avrasiya.net xəbər verir ki, məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.

Təlim zamanı ekipaj üzvləri nəzəri və praktik tapşırıqları icra ediblər.

Təlimə 200 rusiyalı hərbçi qatılıb.
"Prezidentin müsahibəsini inqilabi müsahibə kimi dəyərləndirmək olar"Prezident İlham Əliyevin birinci xanım Mehriban Əliyeva ilə birlikdə fevralın 1-də Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilmiş binasının açılışı ilə bağlı tədbir çərçivəsində tibb müəssisəsində yaradılan şəraitlə tanışlıqdan sonra Azərbaycan Televiziyasına verdiyi geniş müsahibəni mən tərəddüd etmədən inqilabi müsahibə adlandırardım. Nə üçün belə düşünməyimin izahını bu yazının gedişində, qarşıdakı abzaslarda açıqlayacağam. Dövlət başçısı sözügedən müsahibəsində ölkəmiz üçün, Qarabağımızın bu günü və gələcəyi üçün, Şuşamız üçün mühüm əhəmiyyət kəsb edən bir sıra vacib məsələlərə toxundu. Ancaq təəssüflər olsun ki, bir çox insanlarımız (xüsusən də blogerlər və radikal müxaliflər) Prezidentin çıxışının məhz Şuşa və məmurlarla bağlı hissəsini önə çəkməyə, qabartmağa çalışırlar. Və bununla da elə bir yanlış təsəvvür yaradılmağa çalışılır ki, sanki dövlət başçısının həmin çıxışı yalnız bu məsələyə həsr edilibmiş. İnternet televiziyaları, Yutub kanalları isə baxış sayı çox olsun deyə, canlı yayım rejimində təşkil etdikləri debatlara mümkün qədər cəlbedici, qışqırdıcı adlar, başlıqlar qoyurlar ki, məhz bu yolla diqqət cəlb etsinlər. Hətta sözügedən kanallardan biri sırf Prezidentin tənqid etdiyi məmurların istefa verib-verməyəcəkləri barədə debat da təşkil etmişdi. Halbuki, Prezidentin məlum müsahibəsində bundan daha vacib məsələlərə toxunulmuşdu. Gəlin həmin məsələlərdən birinə birlikdə nəzər salaq.

Belə ki, cənab Prezident müsahibəsində “COVID-19”la mübarizənin nəticələrindən və indi dünyada və Azərbaycanda yeni bir mərhələnin – kütləvi vaksinasiyanın başlanmasından danışarkən dünyanın inkişaf etmiş aparıcı ölkələri ilə kasıb ölkələrinin arasında vaksin dozlarının ədalətsiz bölgüsü, paylanması məsələsinə də toxundu və dünyada BMT-dən sonra ikinci mötəbər beynəlxalq təşkilatın – Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın bu cür ədalətsiz bölgüyə qarşı tənqidi mövqeyini ortaya qoydu. İlham Əliyev tamamilə haqlı olaraq soruşdu ki, əgər inkişaf etmiş ölkələr bu vaksinləri öz aralarında ədalətli bölə bilmirlərsə və qarşılıqlı ittihamlar irəli sürürlərsə, onda başqa ölkələr nə fikirləşməlidir? Kasıb ölkələr, inkişafda olan ölkələrin vətəndaşları, bəs onlara kim kömək göstərəcək?

Prezident Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın bu istiqamətdə gördüyü və görə biləcəyi işlərdən danışdı: “Biz Qoşulmama Hərəkatının sədri olaraq və öz bəyanatlarımıza sadiq qalaraq artıq dünya arenasında bu məsələni qaldırırıq. Mən sədrliyi öz üzərimə götürərkən demişdim ki, Azərbaycan beynəlxalq hüququ və ədaləti müdafiə edəcək, bütün üzv ölkələrin maraqlarını müdafiə edəcək və biz bunu edirik. Bu iki Zirvə görüşünün və bir xüsusi sessiyanın keçirilməsi onu göstərir ki, biz özümüzü bu sahədə də məsuliyyətli ölkə kimi aparırıq və bundan sonra da öz səsimizi daim ucaldacağıq. Çünki istisna edilmir ki, bundan sonra vaksinlər uğrunda mübarizə daha da kəskinləşəcək və bu, çox faciəvi fəsadlara gətirib çıxara bilər. Yaxşı, bəs kasıb ölkələrin vətəndaşları nə etməlidirlər, xəstələnməlidirlər? Onlar xəstələnəndə onların ölmək ehtimalı daha böyükdür. Çünki o ölkələrdə səhiyyə sistemi inkişaf etmiş ölkələrdən müqayisəedilməz dərəcədə geridə qalıb. Ona görə, bax, bu məsələlər haqqında biz danışmalıyıq, bunu gizlətməməliyik”.

Azərbaycan Prezidenti həmçinin Qoşulmama Hərəkatının sədri kimi Kanadanin və bir sıra digər böyük dövlətlərin peyvəndlərin dünya üzrə bölgüsü məsələsində eqoist və neomüstəmləkəçi mövqe tutmasını açıq mətnlə qeyd etdi. İlham Əliyevin bu sözləri kifayət qədər cəsarətli və ifşa xarakterli açıqlamalardır: “Bir misal da gətirə bilərəm. Bu yaxınlarda verilən məlumata görə Kanada 154 milyon əhali üçün vaksinlər sifariş edib. Kanadanın əhalisi 38 milyondur. Yəni, bu ölkə, bu ölkənin hökuməti, hansı ki, Vətən müharibəsi zamanı sırf ermənipərəst mövqe sərgiləyirdi, işğalçıları dəstəkləyirdi, bizim haqq işimizə kölgə salmaq istəyirdi və hətta “Bayrakdar” pilotsuz uçuş aparatlarının kameralarının Türkiyəyə ixrac edilməsi ilə bağlı əsassız embarqo qoymuşdu. Həmin bu ermənipərəst ölkə 154 milyon vaksin sifariş edir, onun pulunu verir, öz ölkə əhalisinin sayı 38 milyondur. Yəni, dörd dəfə çox. Deməli, 120 milyona bu vaksin çatmayacaq. Onlar almayacaqlar, onlar xəstələnəcəklər, öləcəklər. Bunların vecinə deyil. Bunlar ancaq eqoist hisslərə qapılaraq öz maraqlarını təmin etmək istəyirlər. Belə olan halda hansı demokratiyadan söhbət gedə bilər? Hansı ədalətdən, mərhəmətdən, insan haqlarından söhbət gedə bilər? Deməli, kasıb ölkələrin insanlarının haqları tapdalanır, onların səhhəti, sağlamlığı risk altına düşür. Amma zəngin ölkələr öz maraqlarını artıqlaması ilə, o maraqların 4-5 mislini təmin etməklə, necə deyərlər, öz maraqlarını təmin edirlər.

Bu, sadəcə olaraq, bu xəstəliklə bağlı olan məsələ deyil. Bunun çox dərin kökləri var və bu, təsadüfi deyil. Çünki bu dərin köklər bizi müstəmləkəçilik dövrünə aparır. Amma elə bil ki, biz neomüstəmləkəçilik dövrünü qeyri-rəsmi müşahidə edirik, yaxud da ki, elan edilməmiş müstəmləkəçilik, bunun başqa adı yoxdur. Belə olan halda bu ölkələrin mənəvi haqqı varmı kiməsə nəsə desin, kimisə nədəsə ittiham etsin? Bu, eqoizmdir, vicdansızlıqdır. Azərbaycan - Qoşulmama Hərəkatına sədrlik edən ölkə burada səssiz qalmır və qalmayacaq. Bu gün mən bu imkandan istifadə edərək Qoşulmama Hərəkatının üzvlərinə də çağırış edirəm ki, onlar da bizim səsimizə qoşulsunlar və biz bu məsələni beynəlxalq kürsülərdə, BMT kürsüsündə qaldırmalıyıq. Ümumdünya Səhiyyə Təşkilatına müraciət etməliyik, şirkətlərə müraciət etməliyik, zəngin ölkələrə müraciət etməliyik ki, bu ölkələr bu praktikadan əl çəksinlər. Bu, ədalətsizlikdir. Buna göz yummaq olmaz. Bunun üstünü örtmək olmaz. Bu barədə Azərbaycan BMT-dən sonra ikinci böyük təsisatın lideri kimi, öz sözünü bundan sonra da deyəcək”.

Prezidentin toxunduğu bu məqam hazırki dünya düzənininin ədalətsiz mahiyyətini açıb üzə çıxarmaq baxımından olduqca vacibdir. Bu acı həqiqətləri, əlavə şərhə ehtiyacı olmayan gerçək faktları dünyanın aparıcı güclərinin üzünə söyləmək istənilən liderdən, istənilən dövlət başçısından həqiqətən də böyük cəsarət tələb edir. İlham Əliyevdə belə bir cəsarətli xarakter, belə bir mübarizə performansı var. Bu cür fikirləri heç də hər lider səsləndirə bilmir. İlham Əliyev özünü Qoşulmama Hərəkatının – 120 dövlətin bir amal uğruna birləşdiyi nüfuzlu dünya təşkilatının lideri ampluasına layiq şəkildə aparır. Azərbaycan Prezidenti gerçəkdən də bir dünya lideri kimi çıxış edir. O, bu postun (Qoşulmama Hərəkatının sədri vəzifəsinin) rolunu, məsuliyyətini və missiyanı anladığı üçün və özünü bu missiyanı yerinə yetirməyə hazır olduğunu bildiyi üçün bir dünya lideri kimi çıxış edir.

İstər Qoşulmama Hərəkatının üzv dövlətlərinin rəhbərləri və siyasi elitaları, istərsə də neomüstəmləkəçi, neoimperialist davranış sərgiləyən bəzi super güclərin dövlət və hökumət başçıları Azərbaycan Prezidentinin 1 fevral tarixli sözügedən müsahibəsinin “COVID-19” və vaksinasiya ilə bağlı hissəsini hələ bundan sonra çox müzakirə edəcəklər. Çünki İlham Əliyev bu fikirləri gəlişigözəl sözlər kimi və yaxud sadəcə nitq söyləmək xatirinə səsləndirməyib. İlham Əliyevin Qoşulmama Hərəkatının lideri kimi səsləndirdiyi bu fikirlər (bu ittihamlar) düşünmək üçün səsləndirilib, təhlil etmək və düzgün nəticələr çıxarmaq üçün səsləndirilib, beynəlxalq münasibətlərdə hökm sürən mövcud ədalətsizliklərə, “ikili standart”lara son qoymaq üçün dilə gətirilib. Bu mənada, İlham Əliyevin məlum müsahibəsi sıradan bir müsahibə yox, proqram xarakterli müsahibədir. Hətta bir qədər də irəli gedərək deyə bilərəm ki, bu müsahibə dünyanın ən böyük iqtisadiyyatlarına malik olan ölkələri üçün qlobal çağırışlara münasibətdə və humanitar fəlakətlərə qarşı yanaşmada qeyri-bərabərsizliyə, monopolistliyə, eqoistliyə, sömürgəçilik psixologiyasına son qoymaq baxımından sözün əsl mənasında bir “yol xəritəsi”dir. İlham Əliyev zəngin ölkələrin başbilənlərinə bu müsahibəsi ilə açıq şəkildə ismarıc göndərir ki, sizin aranızda olan bu ixtilaflar istehsalçılara da mənfi təsir göstərir, bir çox ölkələrin vətəndaşlarını bu vaksinlərdən məhrum edir. Ondan başqa, bu, dünya ölkələri arasındakı inamsızlığı da alovlandırır. Qoşulmama Hərəkatının sədri olaraq İlham Əliyev bununla zəngin ölkələrin liderlərinə açıq çağırış edir, onları bu cür destruktiv, qeyri-humanist davranış və siyasətdən imtina etməyə dəvət edir. Bu mənada, İlham Əliyevin bu müsahibəsi dünyanın dərdlərini bilən, beynəlxalq siyasətdəki tendensiyaları düzgün qavrayan, qlobal çağırışları və təhdidləri ayıq-sayıq dəyərləndirən bir liderin müsahibəsidir.

Mən Prezidentimizin mövcud dünya reallıqlarını bu cür geniş miqyasda və vizyonda alqılayıb analitik təhlil süzgəcindən keçirməsi, hazırki beynəlxalq münasibətlər sistemindəki “xəstəlik”lərə təcrübəli siyasətçi və peşəkar diplomat olaraq obyektiv diaqnoz qoyması ilə gerçəkdən də qürur duydum. Onun fürsətdən istifadə edib Kanadanın 44 günlük Vətən müharibəmiz dönəmində ermənipərəstlik etməsini və şərin (Ermənistanın) yanında yer almasını, o cümlədən, “Bayraktar” pilotsuz uçuş aparatlarının kameralarının Türkiyəyə ixrac edilməsi ilə bağlı əsassız embarqo qoymasını qeyd etməsi də diqqətimizdən yayınmadı. İlham Əliyevin bu faktları olduğu kimi qeyd etməsi Kanada dövlətinin “üz”ündəki maskanı cırıb ayaqlar altına atmaq, Kanadanın ermənipərəst mövqeyini ifşa etmək anlamına gəlir.

Azərbaycanın dövlət başçısı bu mövqeyi ilə həm də özünün beynəlxalq siyasi proseslərdə aktiv iştirakının yeni mərhələsinə start vermis oldu. Bu, Qoşulmama Hərəkatının tarixində yeni səhifənin açılması deməkdir. Hərəkat vaxtilə Cəvahirləl Nehru, Cəmal Abdulnasir, Sukarno, Broz Tito nüfuzlu tarixi şəxsiyyətlər tərəfindən təsis olunsa da, lakin bipolyar sistemin (sovet-amerikan qarşıdurmasının) çöküşündən sonra, yəni son 30 ildə Qoşulmama Hərəkatının mövqeyində və fəaliyyətində sönüklük, passivlik yaranmışdı. Bu da ilk növbədə Hərəkata parlaq siyasi liderlərin başçılıq etməməsindən, qlobal proseslərdə haqqı, ədaləti, bərabərliyiı müdafiə edən liderlərin mövcud olmamasından qaynaqlanırdı. Məhz bu səbəbdən irəli gələrək Hərəkat ümumdünya müstəvisində qlobal ədalətsizliklərə, yeni müstəmləkəçilik və diskriminasiya siyasətinə, irqi və dini ayrı-seçkiliklərə, ksenofobiyaya, neofaşizm meyllərinə qarşı fəal çıxış edə bilmirdi, effektiv mübarizə aparmırdı. Lakin Azərbaycanın 2019-cu ildə Qoşulmama Hərəkatına sədr seçilməsi ilə Hərəkatın beynəlxalq münasibətlər sistemindəki çəkisi və nüfuzu yenidən artmağa başlayıb. Bu, danılmaz bir həqiqətdir.

44 günlük müharibədə Qarabağın erməni işğalından azad edilməsi ilə Azərbaycanın haqlı mövqeyini ortaya qoyan İlham Əliyev dövlət televiziyasına verdiyi bu son müsahibəsində super dövlətlərin vaksinasiya məsələsində zəif inkişaf etmiş ölkələrə münasibətdə nümayiş etdirdikləri ədalətsiz və qeyri-humanist mövqeyi ilə bağlı səsləndirdiyi etiraz xarakterli fikirləri ilə göstərdi ki, Azərbaycan lokal miqyasda – Cənubi Qafqaz bölgəsində erməni ədalətsizliyinə, Ermənistanın faşizm siyasətinə qarşı barışmaz mübarizə apardığı kimi qlobal miqyaslı beynəlxalq məsələlərdə də daim haqsızlığa, hegemonluğa, ekspansionizmə qarşı prinsipial mövqe tutacaq. Cənubi Qafqazda, Qarabağda haqqı, tarixi ədaləti bərpa edən Azərbaycan beynəlxalq siyasi-iqtisadi proseslərdə də daima haqqın, haqlının yanında duracaq. İlham Əliyev son müsahibəsində bunun anonsunu verdi. Məhz bu aspektdən yanaşdıqda sözügedən müsahibəni həqiqətən də inqilabi müsahibə kimi dəyərləndirmək olar.

(ardı var)

Əlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının sədri