Üç general həbs edildiTürkiyədə üç general həbs edilib.

Avrasiya.net xəbər verir ki, təqaüddə olan generallar Ankarada saxlanılıb.

Ankara prokurorluğu FETÖ araşdırması çərçivəsində təqaüddə olan üç generalı və bir mülki vətəndaşı həbs edib.

Saxlanılanların FETÖ terror təşkilatı ilə hansı formada əməkdaşlıq etdiyi, bu qurumun üzvü olub-olmadığı haqda hələlik məlumat açıqlanmayıb.
Bayden Putinin şərtlərini QƏBUL ETDİRusiya və ABŞ liderləri dünən ilk dəfə telefonda danışıblar.

Vladimir Putin və Cozef Bayden Strateji Hücum Silahlarının məhdudlaşdırılması ilə bağlı müqavilənin (SHS-3) uzadılması haqqında razılıq əldə ediblər.

“ABŞ və Rusiya SHS-3 müqaviləsini Moskvanın şərtləri ilə uzatmağa razılaşıb”-deyə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib.

Federasiya Şurasının Beynəlxalq Komitəsi Dövlət Dumasına SHS-3 müqaviləsinin uzadılması barədə razılığı ratifikasiya etməyi tövsiyyə edib.

Xatırladaq ki, Strateji Hücum Silahlarının məhdudlaşdırılması ilə bağlı müqavilənin müddəti fevralın 5-də bitəcək. Donald Tramp administrasiyası bu müqavilənin uzadılmasından imtina edirdi.
Daha 31 erməni hərbçinin meyiti Ermənistana təhvil verildiQarabağ müharibəsində həlak olmuş daha 31 erməni hərbi qulluqçunun meyiti yanvarın 26-da Ermənistana təhvil verilib.

Bu barədə Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir.

Müharibə zamanı itkin düşmüş erməni hərbçilərdən birinin qohumu Arsen Qukasyan bildirib ki, meyitlərin bəzilərinin üzərində sənədlər var. O, itkin erməni hərbçilərin axtarışlarının bu gün davam etdiriləcəyini qeyd edib.

Xatırladaq ki, Qarabağ müharibəsində iştirak etmiş erməni hərbçilərin bəzilərinin valideynləri övladlarının tapılmamasından narazıdırlar. Onlar dəfələrlə Yerevanda etiraz aksiyaları keçiriblər və baş nazir Nikol Paşinyan da daxil olmaqla, hökumət rəsmiləri ilə görüşüblər. Lakin hərbçilərin valideynləri görüşlərdən razı qalmayıblar. Hazırda Qarabağda itkin düşmüş erməni hərbçilərin axtarışlarına onların valideynləri də qoşulub.

Ermənistan Qarabağ müharibəsində həlak olan hərbçilərinin sayının 3 600-ə çatdığını etiraf edib.
Fransa səhvini anladı: Makron Əliyevə əl uzatdı – ŞərhFransanın apardığı antitürk, antiislamçı siyasətin iflasa uğrayacağı bəlli idi. Əvvəlcə Fransa lideri Makronun Türkiyə Prezidentinə “Əziz Tayyib, gəlin danışaq” deməsi, daha sonra Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuanın Azərbaycana səfəri bunu bir daha təsdiq edir.

Bu sözləri Axar.az-a politoloq Turab Rzayev Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuanın Azərbaycana səfəri haqda danışarkən deyib.

Politoloqun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin 44 günlük müharibə zamanı başda Fransa olmaqla, bir sıra Avropa ölkələrinin Ermənistana verdiyi dəstəklə bağlı dediyi sözlər bu gün özünü doğruldur:

“Cənab Prezident müharibə vaxtı demişdi ki, Ermənistana dəstək verən ölkələr vaxt gələcək işğaldan azad edilən torpaqlara investisiya yatırmaq və əməkdaşlıq etmək üçün müharibənin qalibi Azərbaycanla yaxınlaşmağa çalışacaqlar. Həqiqətən də ölkə başçısının uzaqgörən siyasəti bir daha özünü doğrultdu. Jan-Batist Lömuanın Azərbaycana səfərinin bir adı ola bilər – Fransa səhvini anladı.

Bildiyiniz kimi, ölkədə İnvestisiya Holdinqi yaradılıb. Əksər dövlət qurumları da bu holdinqə daxil edilib. Düşünürəm, bununla bağlı yaxın günlərdə böyük bir özəlləşdirmə proqramı olacaq. Təbii ki, bu proqramda iştirak etmək istəyən Avropa ölkələri də var. Bu istiqamətdə artıq Britaniya, İtaliya, hətta Macarıstan belə təkliflər göndərib”.

Politoloq qeyd edib ki, işğaldan azad edilən torpaqların yenidən qurulması baxımından da xarici investorların ölkəyə axınını təmin etmək üçün ciddi işlər görülür:

“Təbii ki, bu prosesdə 44 günlük müharibə zamanı Azərbaycana hətta azacıq dəstək verən ölkələr də iştirak edəcək. Düşünürəm, rəsmi Paris öz səhvini anlayır və bu məqsədlə Jan-Batist Lömuanı Azərbaycana göndərir. Rəsmi Bakının Parisin bu yanaşmasına cavabı necə olacaq, bunu demək çətindir. Lakin reallıq ondan ibarətdir ki, Fransa digər ölkələrə nəzərən geridə qalır”.
Qarabağda bu tarixdə yeni müharibə olacaq – Xlopotovdan şokRusiyalı hərbi ekspert Aleksey Xlopotovun Axar.az-a müsahibəsi:

- Azərbaycan Qarabağdakı 44 günlük müharibədən qalib çıxdı və torpaqlarını işğaldan azad etdi. Əsas missiya artıq başa çatıbsa, eyni həcmdə silah almağa və ordunu gücləndirməyə davam etmək lazımdırmı?

- Azərbaycanın işğal olunmuş ərazilərini geri qaytarmaq üçün əsas missiyasının başa çatdığına dair ifadələrin yanlış olduğunu düşünürəm. Əslində, problem hələ tam həllini tapmayıb.

Əlbəttə ki, Qarabağdakı erməni separatçılarını “dişlərinə” kimi yenidən silahlandırmaq işə yaramayacaq. Ancaq bu və ya digər şəkildə Ermənistan nəticə çıxarıb və sülhməramlı missiyanın səlahiyyət müddəti ərzində hərbi potensialını bərpa edəcək.

Məğlubiyyətdən dərhal sonra yüksək səslə səslənən revanşist fikirlər bir qədər səngisə də, qalmaqdadır. İrəvanda hakimiyyətə kim gəlir-gəlsin, o, 1990-cı illərdə işğal edilən ərazilərin 2020-ci ildə itirilməsini qəbul etməyəcək.

Beləliklə, artıq Cənubi Qafqazda daha bir müharibə proqramlaşdırılıb və bu, qaçılmazdır. Sözügedən müharibənin həqiqi başlanğıc tarixi müqavilənin 5 illik müddətindən sonra və ya daha erkən ola bilər.

- Prezident Vladimir Putinin münaqişənin həllində iştirakı bir çox mütəxəssisin fikrincə, Rusiyanın mövqeyini gücləndirib. Və ABŞ arxa planda qalıb. Baydenin hakimiyyətə gəlməsi ilə nə dəyişəcək?

- Rusiyanın mövqeyinin güclənməsi real faktlardan daha çox, görüntü xarakterlidir. Gələcəkdə Rusiyanın təsiri azalmağa davam edəcək. Ermənilər bundan mütləq istifadə edərək, Rusiyadan silah tələb edəcək.

ABŞ-a gəlincə, Trampın seçkiqabağı təlaşı və ümumiyyətlə, təmkinli siyasəti Birləşmiş Ştatların vəziyyətə müdaxilə etməməsini təmin etdi. Sadəcə olaraq, ABŞ Ermənistan və Azərbaycanın hayında deyildi.

İndi demokrat Bayden və ya onun demokratik “varisi” dövründə ABŞ-ın Qafqaz bölgəsindəki təsirinin güclənəcəyini təxmin etmək mümkündür. Eyni zamanda “erməni kartı”nın oynanılması da istisna deyil.

İsrail, Türkiyə, Azərbaycan və Pakistanın Böyük Britaniya ilə ortaq maraqlarının birləşdirilməsi yeni ABŞ rəhbərliyi tərəfindən güclü birlik kimi qəbul edilə bilər. Bu vəziyyətdə onu zəiflətmək üçün təbii istək yaranacaq. Azərbaycan “mərkəzi halqa”dır və bu halqanı sıradan çıxararaq, bütün konfiqurasiyanı dağıtmaq mümkündür. Buna görə də yaxın dövrdə ABŞ-ın Ermənistana hərbi və siyasi yardımı tamamilə realdır.

- Yəni “hərbi inşaat” davam etməlidir?

- Azərbaycan öz qələbəsi ilə sübut etdi ki, diplomatik institutlar artıq fəaliyyət göstərmir. Problemlər getdikcə hərbi gücün köməyi ilə həll olunmağa başlayır. Mənzərə ürəkaçan olmasa da, bu belədir. Bəs bu cür şəraitdə hərbi inkişafdan necə vaz keçmək olar?

Paradoks budur ki, Ermənistanı məğlub edən Azərbaycan hazırda daha ciddi xərclər çəkmək məcburiyyətində qalır. Rəsmi Bakının əsas vəzifəsi infrastrukturun bərpası və azad edilmiş ərazilərin abadlaşdırılmasıdır. Çox bahalıdır, lakin ən azından müsbət sivilizasiyalı missiyanı açıq şəkildə nümayiş etdirmək vacibdir. Digər tərəfdən, Qarabağdakı hərbi hücumun dayandırılması və atəşkəs razılaşmasının imzalanması böyük ölçüdə məcburi bir tədbir idi. İntensiv hərbi kampaniya zamanı tərəflərin resursları tükənmə həddində idi. İndi onları ən azından bərpa etmək lazımdır, çoxaltmaq isə daha yaxşı olardı.

Yenə də təkrar edirəm, müasir dünyada yalnız güclülərlə hesablaşırlar. Beləliklə, Azərbaycan ikiqat yükə - milli iqtisadiyyatın və hərbi potensialın bərpasına tab gətirməli olacaq.

- Sizcə, hansı xüsusi silah növlərinə üstünlük verilməlidir?

- Təəssüf ki, ən müasir nümunələr olsa belə, fərdi nümunələrin alınması vazkeçilməzdir. Texnologiyalar və nou-hau əldə etmək, öz milli hərbi-sənaye kompleksini inkişaf etdirmək lazımdır. Azərbaycan hökuməti neçə ildir ki, bu istiqamətdə səy göstərir. Uğurlar var, lakin bunlar hələ də kifayət deyil.

Hazırda Azərbaycan özünün atıcı silah istehsalına və döyüş sursatlarının bir hissəsinə sahibdir. Bununla birlikdə, ölkə hələ bütün çeşidləri istehsal etmir. Xüsusilə artilleriya və aviasiya çeşidləri. Tamamilə yüksək texnoloji sistemlərin və silah sistemlərinin istehsalı yoxdur. Eynilə də pilotsuz təyyarələrin və zirehli maşınların istehsalı ilə öyünmək olmaz. Ancaq rəhbərliyin lazımi diqqəti və səyləri ilə Azərbaycan bir çox istiqamətlərdə özünü təmin edə bilər.

Üstəlik, silah ixracının təşkili ordunun döyüş qabiliyyətini bərpa etmək baxımından dövlət büdcəsindəki yükü azaltmaq üçün həqiqi bir yoldur. Təbii ki, effektivliyini sübut etmiş silah sistemlərinin inkişafı və istehsalına sərmayə qoyulmalıdır. Xüsusilə, pilotsuz təyyarələrdən bəhs etmək olar.

Məsələn, texnologiyalarını Azərbaycana köçürməyə, ölkə üçün yeni bir sənayenin qurulmasında və inkişafında kömək etməyə hazır olan bu cür sistemlərin istehsalçısını tanıyıram. Üstəlik, rəsmi Bakı üçün çox əlverişli şərtlərlə razılığa gəlmək olar. Söhbət ikili təyinatlı helikopterlərin və ağır helikopter tipli PUA istehsalından gedir.

Lazım gələrsə, nanomateriallara əsaslanan ultramodern gülləkeçirməz zireh də tədarük edilə bilər. Müvafiq olaraq, Azərbaycan həm daxili istehlak, həm də ixrac üçün mülki, ümumi təyinatlı, patrul, polis, kəşfiyyat və hücum helikopterləri, hava müdafiəsi, tank əleyhinə və hətta gəmi və ya sualtı qayıq əleyhinə PUA istehsal edə, həm də Türkiyə, Pakistan, İranın PUA-ları üçün mühərriklər göndərə bilər. Perspektiv çox genişdir.

Əgər maraqlıdırsa, kimlə və harada əlaqə quracağınızı deyə bilərəm. Üstəlik, ötən ilin noyabrından etibarən Rusiya Müdafiə Nazirliyi bu istiqamətdə və Rusiya mətbuatının dediyi kimi, yalnız Qarabağdakı müharibə təcrübəsinin təsiri altında inkişaf işləri başlatdı. Və bu yalnız bir istiqamətdir. Biz həm də artilleriya, zirehli texnika, rabitə, sursat modernləşdirilməsindən danışa bilərik. Bu yolu izləmək lazımdır. Bəli, xaricdən silah alışı tez bir zamanda həyata keçirilə bilər, amma bu, kritik bir anda tələb olunan çox böyük vəsaitdir.
Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi fəaliyyətə başlayırQarabağda atəşkəsə nəzarət edəcək Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi fəaliyyətə başlayır.

Avrasiya.net xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Dağlıq Qarabağ zonasındakı atəşkəsə və bütün hərbi əməliyyatlara nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin tərkibində fəaliyyət göstərəcək Rusiya hərbçiləri atəşkəs rejiminə nəzarəti birgə şəkildə yerinə yetirmək üçün təlim keçir və Azərbaycana getməyə hazırlaşırlar.

Təlim zamanı hərbi qulluqçular Birgə Mərkəzin quruluşunu, məqsədini, vəzifələrini və funksiyalarını, işinin təşkili qaydasını, habelə ərazilərində tapşırıqların yerinə yetirilməli olduğu ölkənin mədəniyyətini, ənənələrini və xüsusiyyətlərini öyrənirlər. Rusiya və Türkiyənin bərabər əsasda təmsil olunduğu Birgə Monitorinq Mərkəzinin heyəti vəziyyətin monitorinqi, həmçinin atəşkəsə PUA vasitəsilə nəzarəti yerinə yetirəcək”, - nazirlikdən bildirilib.