TƏHSİL GÜNÜMÜZ MÜBARƏK!“Qüvvət elmdədir, başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz...”.

Qədəm qoyduğumuz “Nizami İli”ndə dahi mütəfəkkirimiz Nizami Gəncəvinin hələ 9 əsr bundan öncə söylədiyi bu fikirləri təsadüfən xatırlamadım: 24 yanvar – Beynəlxalq Təhsil Günüdür.

Bu günün təsis edilməsi ilə bağlı BMT Baş Assambleyasının 2018-ci ilin dekabrında verdiyi qərarın məqsədi təhsilə dəyər verən, onun əhəmiyyətini dərk edən üzv dövlətlərə təhsil sahəsində mövcud problemlərin həllinə xüsusi diqqət yetirilməsinə, təhsil işçilərinin nəcib fəaliyyətinin qiymətləndirilməsinə, onlara həssaslıq və yüksək minnətdarlıq hissi ilə yanaşılmasına, elm və təhsilin yüksək sürətlə inkişaf etdiyi dövlətlərin gənc nəslə parlaq gələcək vəd edənlərin yanında olmasına çağırış etməkdir.

Bu gün dünyada yaşanan elmi-texnoloji tərəqqi bir daha təhsil problemlərinin yalnız bir bölgəyə, bir xalqa və bir cəmiyyətə aid edilə bilmədiyini nümayiş etdirir.
Hazırda dünyada qlobal və həlli vacib problemə çevrilmiş təhsil problemi onun qeyri-bərabər tətbiqi səbəbindən bəşəriyyəti iki qütbə bölüb.

Dünyanın bir tərəfində xoşbəxt uşaqlar müasir və rəngarəng metod və üsullarla təhsil alır, texnoloji yeniliklərdən bəhrələnir, qabaqcıl elmi nailiyyətlərin məhsullarından geniş istifadə edir, gələcək karyeralarında yüksək zirvələri fəth etmək sevdası ilə yaşayırlar. Dünyanın digər tərəfində uşaq və yeniyetmələrin əsas qayğıları savad və bilik almaqla yox, ac və susuz qalmamaqla bağlıdır. Bu cür ölkələrdə yaşayan uşaqları əqli qidalanmaqdan daha çox yalnız doyunca yemək və səhəri salamat qarşılamaq düşündürür.

BMT-nin məlumatlarına görə, Yer üzündə təhsildən uzaq düşmüş uşaqların 20%-i ibtidai təhsil almaq lazım olduğu yaşdadır. Bu uşaqlar yoxsulluq, ayrıseçkilik, silahlı qarşıdurma, fövqəladə hallar və iqlim dəyişikliyinin təsirlərindən əziyyət çəkirlər. Miqrasiya və məcburi köçkünlük də təhsildə öz mənfi təsirini göstərir. Dünyanın inkişaf etmiş ölkələrində elm və təhsilin tərəqqinin təkanverici qüvvə olması barədə həqiqət vaxtında dərk edilsəydi, hazırda dünyada 262 milyon uşaq və yeniyetmə hələ də təhsildən kənarda qalmazdı.

Bugünkü təhsilin aktual problemləri bizim dövlətimizin də diqqət mərkəzindədir. Ana yurdumuz Azərbaycan hazırda dünyada təhsil sahəsində inkişaf edən ölkələr sırasındadır. Dövlət başçısı tərəfindən elm və təhsilə xüsusi diqqət yetirilməsi, təhsil sisteminin maddi-texniki və kadr potensialının möhkəmləndirilməsi, şəhər və qəsəbələrdə, ucqar dağ kəndlərində yeni-yeni təhsil müəssisələrinin inşası, məktəblərin hər cür müasir avadanlıqlarla, internet şəbəkəsi ilə təmin edilməsi ölkəmizdə təhsilin inkişafını stimullaşdırır. 15 yaşadək şəxslərin məcburi təhsilə cəlb edilməsi, uşaq istismarına qarşı görülən tədbirlər sayəsində ölkəmizdə təhsildən kənarda qalma faizi çox aşağıdır.
Beynəlxalq Təhsil Gününün üçüncü ili qeyri-adi şəraitdə yaşanır: yeni növ koronavirus pandemiyası səbəbindən dünya təhsili yeni reallığa tamamilə yeni formada qədəm qoymaqdadır.

Distant təhsil Azərbaycanda da gerçəkliyə çevrilib. Ölkənin təhsil qurumlarının, xüsusən də Təhsil Nazirliyinin distant təhsilə keçid mərhələsində atdığı addımlar, təhsil işçilərinin, məktəbli və tələbələrin bu mərhələdə üzləşdikləri çətinliklərə həssaslıqla və çevik yanaşması sevindiricidir.

Distant təhsil – Azərbaycan üçün yenilikdir. Yenilik isə insan həyatında asanlıqla yaşanmır. Alimlərimiz və tədqiqatçılarımız, pedaqoji ictimaiyyət bu təhsil formasının bütün incəliklərini tədqiq etmək, beynəlxalq təcrübəni öyrənməklə məsafəli təhsil prosesinin qabaqcıl nəticələrini milli təhsilimizə uyğunlaşdırmaq, distant təhsilin müsbət və mənfi tərəflərini araşdırmaq və yaxın gələcəkdə kütləviliyini təmin etmək kimi həlli təxirəsalınmaz problemlərə ciddi və düşünülmüş şəkildə yanaşmaq əzmindədir. Reallıq dövlətimizin təhsil siyasətinin vətəndaş cəmiyyəti və onun hər bir üzvü tərəfindən dəstəklənməsini tələb edir.

Biz təhsil sahəsində fədakarlıqla çalışan şərəfli peşə sahibləri, müəllimlərimizin yetişdirdikləri, yüksək vətənpərvərlik ruhu aşıladıqları qəhramanlar sayəsində qalib xalqa çevrildik. Vətən müharibəsi günlərində dünyanı heyran qoymuş milli birliyimizi bilikli və savadlı insan kapitalının formalaşmasını təmin edə biləcək milli təhsilimizin də inkişafında nümayiş etdirməliyik.
Bilik – qüdrətli silahdır. Onun əldə olunması və tətbiq edilməsini təhsil təmin edir. Gəlin hamılıqla övladlarımızın biliklə silahlanmasına çalışaq. Qoy gənc nəslin təhsillə qazanmış olduğu biliklər güclü silah kimi birliyimizin və qalibiyyətimizin rəmzi olan Dəmir Yumruğa çevrilsin!

Beynəlxalq Təhsil Gününüz mübarək, dəyərli təhsil işçiləri!

Könül Quliyeva
“Uşaqların Gələcəyi Naminə” İctimai Birliyin sədri