Belçikada itkin düşən azərbaycanlının meyiti tapıldıBir müddət əvvəl Belçikada itkin düşən və polis tərəfindən axtarılan Azərbaycan vətəndaşının meyiti tapılıb.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, Mexelen şəhərində yaşayan Vüqar Rza adlı Azərbaycan vətəndaşı ilə bağlı bir həftə öncə yerli polis tərəfindən axtarış elan olunub.

Nəhayət bu gün səhər saatlarında V.Rzanın meyiti tapılıb.

Mexelen Şəhər Polis İdarəsindən verilən məlumata görə, Azərbaycan vətəndaşı ilə bağlı yerli Cinayət Məcəlləsinin ölüm həddinə çatdırma maddəsi ilə cinayət işi açılıb. Faktla bağlı istintaq davam edir.

Məlumat üçün qeyd edək ki, əslən Azərbaycanın Kəlbəcər rayonundan olan V.Rza Şəkidə müəllim işləyirmiş. O, bir neçə il əvvəl Belçikaya gəlib.

Cavid Qurbanov İran səfiri ilə müzakirələr apardı“Azərbaycan Dəmir yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov İranın ölkəmizdəki səfiri Seyid Abbas Musəvi ilə görüşüb.

QSC-nin mətbuat xidmətindən Avrasiya.net-ə bildiriblər ki, görüşdə dəmir yolları sahəsində əlaqələrin perspektivləri, Azərbaycanın nəqliyyat-logistika imkanları, beynəlxalq nəqliyyat dəhlizləri barədə danışılıb.

Cəmiyyətin sədri Cavid Qurbanov ölkəmizdə diplomatik fəaliyyətə yeni başlayan səfiri “Azərbaycan Dəmir Yolları” QSC-də ilk dəfə görməkdən məmnun olduğunu bildirib, ona uğurlar arzulayıb. O, dəmir yolları sahəsində əməkdaşlığın bundan sonra da inkişaf etdiriləcəyinə, işlərin koordinasiyasında səfirliyin dəstəyini əsirgəməyəcəyinə inamını vurğulayıb.

Səfir Seyid Abbas Musəvi Vətən müharibəsində Azərbaycanın qazandığı böyük Zəfər münasibətilə sevincini bölüşüb, görüş iştirakçılarını təbrik edib. Bildirib ki, İran hər zaman Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan ədalətli mövqeyini dəstəkləyib. Qonaq qısa fəaliyyəti müddətində işçi qrupları səviyyəsində dəmir yolları layihələri ilə bağlı bir neçə müzakirələrdə iştirak etdiyini, həmin layihələrin yekunlaşması istiqamətində dəstək göstərəcəyini diqqətə çatdırıb. Səfir Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa-quruculuq işlərində İran şirkətlərinin də maraqlı olduğunu bildirib.

Görüşdə “Şimal-Cənub” dəhlizinin nəqliyyat sahəsində beynəlxalq əməkdaşlıq baxımından strateji əhəmiyyəti, Rəşt-Astara dəmir yolunun icra vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, həmin dəhliz yalnız İran, Azərbaycan və Rusiyanın deyil, bu marşrutla ixrac-idxal əməliyyatlarını həyata keçirərək ticarət dövriyyəsini artıran digər region ölkələrinin də inkişafında əhəmiyyətli rol oynayacaq.
Tanınmış jurnalistin   “Dünyanın təhsil mənzərəsi” adlı kitabı çap olunubJurnalist Böyükağa Mikayıllının dünyanın ayrı-ayrı ölkələrinin təhsil sistemləri, universitetləri, orta məktəbləri, müəllif məktəbləri, yaradıcılıq akademiyaları, qlobal təhsil layihələri, uğur qazanmış təhsil islahatları, ictimai təşkilatların elmin inkişafına verdiyi töhfələr, elmi laboratoriyalar, Nobel tədqiqatçıları, elmdə uğur qazanmağın sirri haqqında tədqiqatları özündə birləşdirən “Dünyanın təhsil mənzərəsi” adlı kitabı (Birinci cild) çap olunub.

Kitabda müəllifin geniş tədqiqatları, bəhs etdiyi mövzulara araşdırmaçı kimi fərqli yanaşması, maraqlı təhlilləri, əldə etdiyi elmi nəticələr yer alıb. Müəllif tədqiqatlarda ən yaxşı təhsil sistemi, ən yaxşı orta məktəb, ən yaxşı universitet hansıdır və o necə olmalıdır sualına cavab axtarır. Bu suallara cavab tapmaq üçün də dünyanın onlarla universitetində, müxtəlif ölkələrdə tədqiqat aparır. Bu tədqiqatlar universitetlər və təhsil sistemləri haqqında oxucuda geniş təsəvvür yaradır. Müəllifin öyrəndiyi ali məktəblər sırasında Almaniyanın, Sinqapurun, Polşanın, Çexiyanın, Ukraynanın, Quzey Kıbrısın, Böyük Britaniyanın nüfuzlu universitetləri var. Xan Akademiyası, Sinqapur təhsil modeli, Suqata Mitranın “Bulud məktəbi”, Valeriy Kiriçukun “Universal-onlayn” layihəsi, Almaniyanın məşhur “Mozaika” məktəbi, Lvivin Kiçik Elmlər Akademiyası, Vira Remajevskayanın Uşaq Elmi Reabilitasiya Mərkəzi oxucuda dünyanın təhsil mənzərəsi, təhsilin müasir inkişaf tendensiyaları haqqında ətraflı təəssürat yaradır. Tədqiqatın əhəmiyyətli cəhəti həm də odur ki, müəllif bu universitetlərin, məktəblərin, laboratoriyaların böyük əksəriyyətində tədqiqat apararaq oxucuya ilkin mənbədən məlumat çatdırır.

Hesab edirik ki, XXI əsrin real təhsil mənzərəsini yaradan bu tədqiqatlar və onların nəticələri Azərbaycanın təhsil sistemi üçün də maraqlı və əhəmiyyətlidir, çünki bu araşdırmalar mütəxəssislərin qarşısında dünyanın təhsil mühitinə pəncərə açır, təhsil tədqiqatçılarına, müəllim və tələbələrə, təhsil sahəsi üzrə jurnalistlərə istiqamət verir, dünya təhsilinin harmoniyasını duymağa imkan yaradır. Ən əhəmiyyətlisi isə budur ki, belə bir fundamental tədqiqat işi Azərbaycanlı təhsil jurnalisti tərəfindən ərsəyə gətirilərək, elmi-pedaqoji ictimaiyyətə təqdim edilir.

Kitabın ön sözünün müəllifi pedaqoji elmlər doktoru, professor, əməkdar elm xadimi Fərrux Rüstəmov, redaktoru Respublika Təhsil Şurası İdarə Heyətinin üzvü Samir Mehdizadə, rəyçi pedaqoji elmlər doktoru, professor İntiqam Cəbrayılovdur.
Vüqar Səfərli nə oyunlar açıb və kiminlə? – FaktlarAzərbaycan mətbuatının 150 illik tarixində bu qədər savadsız, bu qədər kobud, bu qədər acgöz adam görünməyib... Düşünürəm ki, banklardan çıxan 5 milyon manat (V.Səfərlinin xarici banklarda 5 milyon 796 min manat pulu aşkarlanıb – red.) bu adamın mətbuatdan oğurladıqlarının ancaq nağd hissəsidir. İndi görün, Bakıda, bütün Azərbaycanda nə qədər mənzilləri, biznes obyektləri var...

Axar.az xəbər verir ki, bu sözləri tanınmış jurnalist, Bakı Baş Polis İdarəsinin Mətbuat Xidmətinin sabiq rəisi Qalib Arif KİVDF-nin sabiq rəhbəri Vüqar Səfərlinin həbsi ilə bağlı Baş Prokurorluğun yaydığı faktlara münasibətində qeyd edib.

O bildirib ki, bu faktları V.Səfərli vəzifədə olanda da dəfələrlə yazıb:

“Mən Azərbaycan Prezidentinin jurnalistlər üçün tikdirdiyi binaların birinin sakiniyəm və Vüqar Səfərlinin bizim başımıza açdığı oyunların şahidiyəm. Mən hər gün xarab olan su kranlarından, açılıb-bağlanmayan, küləkdən vıyıldayan, hətta içəri su buraxan qapı-pəncərələrdən danışmaq istəmirəm. Aydındır, 5 manata alınıb, 50 manata qeydiyyata salınıb. Bircə misal çəkəcəyəm. Deməli, jurnalist binalarının bütün sakinləri 5 ildir ki, kombi problemindən əziyyət çəkirdi. Az qala, hər ay çirklənirdi, 30-40 manat verib yudurtmaq lazım gəlirdi. Məsələn, mən bu 3-4 ildə kombiyə min manata qədər xərc çəkmişəm. Düşünürəm ki, təzəsini alsaydım, daha yaxşı idi.

Təxminən 1 il bundan qabaq Vüqar Səfərli işdən çıxarıldı. Və inanmazsız, bizim kombilər işləməyə başladı... Artıq bir ildir ki, çirklənmir, işləyir...

Düzü mat qaldım, kiçik bir araşdırma apardım. Məlum oldu ki, Vüqar Səfərli Türkiyədə bizim binalar üçün kombilərin alındığı “Dəmir-Döküm” şirkəti ilə danışıb, burda onun bir filialını (ofisi Mətbuat Şurasının yaxınlığındadır) açdırıb. Sonra da Qaz İdarəsinin keçmiş rəhbərliyi ilə danışıb, jurnalist binalarına təmizlənməmiş qaz verdirməyə başlayıb. Kombilər tez-tez xarab olub, Vüqar Səfərlinin filialı da adamları soyub. Təsəvvür edin ki, Türkiyə bazarında hardasa 5 lirə olan ağ plasmas filtrlər burda 25-35 manata (“8-ci km” bazarında 10-15 manat idi) təklif edilirdi. Bu müddətdə hər bir sakinin orta hesabla 1000 manatdan çox xərc çəkdiyini nəzərə alsaq, bu, yarım milyona qədər pul deməkdir. Siz quldurluğun miqyasını (kiçik bir sahədə) təsəvvür edirsinizmi?!”

Qalib Arif qeyd edib ki, Vüqar Səfərli bu qədər dövlət pulunu tək oğurlamayıb və tək yeməyib:

“Məlum olduğu kimi, KİVDF-ni əski şöbə müdiri Əli Həsənov kurasiya edib. Deməli, oğurluq pulların mütləq əksəriyyəti, yəni 75 faizi Əli Həsənova çatıb. Əks halda, Vüqar Səfərli bu qədər pulu oğurlamağa, sadəcə olaraq, cəsarət etməzdi. Axı, o, kasıb adamdı, Fondun sədri təyin edilənə qədər Əhmədlidə köhnə doqquzmərtəbədə yaşayırdı. Sədr olandan sonra isə şəhərin hər rayonunda bir mənzili vardı, yalnız şəxsi “Mersedes-Krossoveri” 150 min dollardı. Bəli, o, bu pulları tək oğurlamamışdı, kuratorundan başqa, cinayət ortaqları da vardı”.

Qalib Arif KİVDF-də Müşahidə Şurasının fəaliyyət göstərməsinə də diqqət çəkib və bildirib ki, onun Fondun vəsaitlərini dağıtdığı, jurnalist mənzillərini satdığı dövrdə qurumun Müşahidə Şurasının sədri Həsən Həsənov idi.

Qeyd edək ki, Müşahidə Şurasının digər üzvləri də var və onlar xərclənən vəsaitə nəzarət etməli idilər.
Ermənistan şok fakt açıqladı: Azərbaycan əsgəri İrəvanda? - VideoÖtən gün erməni Teleqram kanallarında İrəvan supermarketlərindən birində guya azərbaycanlı hərbçilərin alış-veriş etdiyini əks etdirən foto yayılıb. Bildirilib ki, onları Ermənistanın xüsusi xidmət orqanları müşaiyət edib.

Axar.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti yayılan məlumatları təkzib edərək, fotodakı hərbiçilərin iranlı olduğunu açıqlayıb.

“İranlı hərbiçilər İrəvana işgüzar səfərə gəlib və təbii ki, digər nümayəndə heyətləri ilə olduğu kimi, onları da hərbi polis əməkdaşları müşayiət ediblər”, — nazirlikdən bildirilib.

Qeyd edək ki, Ermənistan MN-in faktı təkzib edərək, marketdəkilərin iranlı hərbçilər olduğunu açıqlamasının özü diqqət cəlb edir. İranlı hərbçilər (əgər onlar rəsmi nümayəndələr deyilsə və adi zabitlərdirsə) İrəvanda nə gəzir və İrəvan küçələrində nə axtarırlar? İran əsgərlərinin Ermənistana “işgüzar səfəri”nin məqsədi nədir və bu barədə niyə rəsmi açıqlama verilməyib?
İcazəsiz hərbi forma geyinənlər 500 manatadək cərimələnəcəkSəfərbərlik üzrə hərbi xidmətə çağırılmış və Vətən müharibəsində layiqincə iştirak etdikdən sonra tərxis olunmuş bəzi vətəndaşlarımız, eləcə də digər şəxslər tərəfindən bəzən hərbi geyim formasını daşımaq hüququna malik olmadıqları halda bu geyimdən istifadə edilməsi, xüsusilə də geyim formasını daşıma hüququnun pozulması halları aşkarlanıb. Belə hallar qanunvericiliyə zidd olmaqla yanaşı, müzəffər Azərbaycan Ordusunun imicinə xələl gətirir və rəşadətli Azərbaycan əsgərinin profilinə müəyyən neqativ təsirlər göstərir.

Avrasiya.net xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov yanvarın 15-də jurnalistlərə müsahibəsində deyib.

Mətbuat katibi qeyd edib ki, hərbi geyim formasının daşınması qaydaları “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında” Əsasnaməyə və “Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 25 iyun tarixli Fərmanı ilə tənzimlənir. Bu Fərmana əsasən hərbi geyim formasını daşıma hüququna malik olmayan şəxslərin bu formadan istifadə etməsi qadağan edilib. Bununla yanaşı, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsinə əsasən hərbi geyim və xüsusi geyim formasını daşımaq hüququ olmayan vətəndaşlardan bu formanın dərhal müsadirə edilməsi və 300 manatdan 500 manatadək cərimə tətbiq olunması nəzərdə tutulub.

“Belə halların qarşısını almaq məqsədilə Müdafiə Nazirliyi tərəfindən preventiv tədbirlər həyata keçirilib. Respublikanın müxtəlif şəhər və qəsəbələrində artıq hərbi polis bölmələrinin əməkdaşları tərəfindən reydlər keçirilib və belə halların qarşısı alınır”, - deyə Anar Eyvazov vurğulayıb.
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - ŞOK AÇIQLAMAAzərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF) dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsi zamanı aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar Hesablama Palatasından daxil olmuş materiallar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Baş Prokurorluğun məlumatına görə, iş üzrə toplanmış ilkin sübutlar əsasında Fondun icraçı direktoru Səfərli Vüqar Müzəffər oğlu Cinayət Məcəlləsinin müvafiq olaraq 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 308-2.4 (satınalma prosedurları keçirilmədən külli miqdarda ziyan vurmaqla dövlət vəsaitlərini xərcləmə) və 313 (vəzifə saxtakarlığı) maddələrinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Modern.az-a deyib ki, “Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər. Söhbət haqqı çatmadığı halda “Jurnalistlər binası”nda mənzillər sahiblənən şəxslərdən gedir:

“İstintaq davam etdiyinə görə, mən çox geniş açıqlama vermək istəmirəm. Amma, Baş Prokurorluğun yaydığı məlumatlara görə, həbs edilmiş və barəsində 4 ay həbs qətimkan tədbiri seçilmiş Vüqar Səfərlinin rəhbərlik etdiyi qurumun fəaliyyəti tam araşdırılacaq. Əgər mənimsəmə və digər hallardan başqa, həmin binada mənzil almağa hüququ olmayan şəxslərin mənzillə təmin olunduğuna dair fakt qeydə alınsa, bu, istintaq zamanı araşdırılacaq. Belə hallar olarsa, mülkiyyətə dair bağlanmış müqavilə ləğv ediləcək. Mən ümid edirəm ki, daha sonra həmin mənzillər hüququ çatan jurnalistlərə veriləcək”.
Hindistan səfirliyi onlayn işgüzar görüş təşkil edibHindistanın Basmati düyüsünün təbliği məqsədilə Hindistanın Bakıdakı Səfirliyi Hindistanın Kənd Təsərrüfatı və Emal Edilmiş Qida Məhsullarının İxracının İnkişafı Qurumu (APEDA) ilə birlikdə Azərbaycana Basmati düyüsü ixrac edən 7 aparıcı şirkətin iştirakı ilə 15 yanvar, 2021-ci il tarixində onlayn alıcı-satıcı görüşü təşkil edib.

Hindistanın Azərbaycandakı səfirliyindən Avrasiya.net-ə verilən məlumata görə, cənab səfir B.Vanlalvavna alıcı-satıcı görüşünü açaraq iki ölkə arasındakı inkişaf etməkdə olan olan iqtisadi əməkdaşlığı vurğulayıb və Azərbaycanın ümumi düyü idxalının 66 %-dən çoxunu təmin edərək Hindistanın Azərbaycana düyü ixracında birinci yeri saxladığını bildirib. APEDA-nın sədri Dr. M. Angamutu, Basmati düyüsünün müxtəlif növlərinin Azərbaycana idxal olunan məhsullar sırasında ən sevilən məhsullardan biri olduğunu qeyd edib. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyasının Baş Katib Müavini cənab Fuad Hümbətov Hindistanın Azərbaycanda ən böyük düyü ixracatçısı olmasını bildirib və Hindistanlı ixracatçıları Azərbaycanda gələcək imkanları araşdırmağa dəvət edib.

Onlayn görüş zamanı Hindistanın 7 basmati ixracatçısının, "Supple Tek Industries Private Limited" (Pəncab); "KRBL Limited" (Dehli); "D.D. International Pvt. Limited" (Pəncab); "Shiv Shakti Inter Globe Exports Pvt. Limited" (Haryana); "Tanna Agro Impex Pvt. Limited" (Maharaştra); "L.T. Foods Limited" (Delhi) və "GRM Overseas Limited" (Haryana) şirkətlərinin nümayəndələri öz şirkət və məhsullarına aid təqdimatlar edib. Virtual görüşdə Azərbaycandan idxalçıları və Hindistandan ixracatçıları təmsil edən təxminən 45 şəxs iştirak edb. Tədbir zamanı Hindistanın düyü ixracatçıları və Azərbaycanın düyü idxalçılarının siyahısının yer aldığı elektron kataloq buraxılıb.

2020-ci ilin yanvar-oktyabr aylarında ölkənin ümumi düyü idxalının 66 %-ni qarşılayan Hindistan, Azərbaycanın əsas düyü idxalı mənbəsi olmaqda davam edir. 2019-cu ildə Hindistanın Azərbaycana düyü ixracı 28.3 milyon ABŞ dolları dəyərində olmuşdur ki, bu ölkənin ümumi düyü idxalının 73 %-dən çoxunu təşkil edir. Ötən illərdə də həmçinin, müvafiq olaraq 2017 və 2018-ci illərdə 66.4 % və 73.1 % ilə Hindistan Azərbaycanın əsas düyü idxalı mənbəsi idi.

1985-ci ildə Hindistan Hökümət təşkilatı olaraq yaradılmış Hindistanın Kənd Təsərrüfatı və Emal Edilmiş Qida Məhsullarının İxracının İnkişafı Qurumu (APEDA), planlaşdırılmış məhsulların inkişafı istiqamətində maddi yardım, informasiya və təlimatlar verir. Qurum həmçinin, planlaşdırılmış məhsulların standartlarını və spesifikasiyalarını müəyyən edir, həmin məhsulların qablaşdırılmasını və marketinqini təkmilləşdirir, məhsulların keyfiyyətinin təmin olunması məqsədilə baxış keçirir, həmin məhsullarla əlaqəli sənaye sahələrinin müxtəlif aspektləri üzrə təlimlər keçir, tədqiqatlar, texniki-iqtisadi əsaslandırma işləri aparır, fabrik və müəssisələrin sahiblərindən stastik məlumatlar toplayır və bu statistikaları nəşr etdirir.

"Dağlarda toy" keçirənlərə elə toy tutduq ki... - PrezidentƏminəm ki, Şuşa əməliyyatı aparıcı beynəlxalq hərbi məktəblərin dərsliklərinə salınacaqdır.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində hərbçilərlə görüşdə deyib.

"Artıq məndə məlumat var ki, inkişaf etmiş bir çox ölkələrin mütəxəssisləri 44 günlük Vətən müharibəsinin hər bir gününü təhlil edirlər. Çünki 44 günlük müharibənin hər bir günü qələbə, zəfər günüdür. Şuşanın işğaldan azad edilməsi düşmənə vurulan ən böyük zərbə idi. Çünki düşmən hesab edirdi ki, Şuşanı azad etmək mümkün deyil və yəqin ki, müəyyən dərəcədə haqlı idi. Çünki Pənahəli xan bu şəhəri elə salmışdır ki, hər tərəfdən sıldırım qayalar və təbii landşaft Şuşanı mühafizə edir. 1992-ci ilin mayında o vaxtkı Azərbaycan rəhbərliyinin və hakimiyyət uğrunda mübarizə aparan AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində Şuşa işğal altına düşdü. O vaxt ermənilər öz dırnaqarası əməliyyatına bir ad vermişdilər – "Dağlarda toy". Halbuki heç əməliyyat da keçirilməmişdi. Şuşa şəhəri boşaldılmışdı. O vaxtkı müdafiə naziri demişdi ki, Şuşa əldən getsə, başıma güllə çaxacağam, qorxaqcasına Şuşadan qaçmışdı. Ondan sonra isə ermənilər guya bu əməliyyat haqqında əfsanələr uydurmuşdular – "Dağlarda toy". İndi biz onlara elə toy tutmuşuq ki, onlar bu dərsi əbədi yadda saxlayacaqlar. Qəhrəman Azərbaycan övladları mükəmməl hərbi əməliyyat keçirərək cəsarət, rəşadət, qəhrəmanlıq, güc, milli ruh nümayiş etdirərək Şuşanı işğalçılardan azad etmişlər və uzun fasilədən sonra noyabrın 8-də Şuşada Azərbaycan bayrağı qaldırılmışdır".
“Parlament” də, status da gorbagor oldu, cəhənnəmə getdiİşğal dövründə ermənilər qondarma “Dağlıq Qarabağ respublikası”nın “parlamentini” Şuşa şəhərinə köçürmək üçün burada bina tikməyə başlamışdılar. Ancaq şanlı Azərbaycan Ordusu düşmənin bu niyyətini puç etdi. Şuşa 2020-ci il noyabrın 8-də işğaldan azad olundu. Qondarma rejimin “parlamenti” binasının inşası yarımçıq qaldı.

Avrasiya.net xəbər verir ki, bunu Prezident İlham Əliyev Şuşadakı Qazançı kilsəsində çıxışı zamanı deyib.

"Onlar qondarma “Dağlıq Qarabağ respublikası”nın “parlamentini” Şuşa şəhərinə köçürəcəkdilər. Beləliklə, Şuşa şəhərini erməniləşdirmək üçün növbəti dəfə cəhd edilməli idi. Artıq inşaata da başlamışdılar. Bax, bu binanı onlar qondarma “Dağlıq Qarabağ respublikası”nın “parlament” binası kimi inşa etməyə başlamışdılar. Ancaq çatdıra bilmədilər. Biz gəldik, bu torpağın sahibləri gəldi, onları buradan qovdu və beləliklə, onların bu çirkin əməlləri həyata keçmədi. “Parlament” də gorbagor oldu, status da gorbagor oldu, cəhənnəmə getdi. Qarabağ Azərbaycandır!" - dövlət başçısı vurğulayıb.