Azərbaycanda daha bir həkim koronadan vəfat etdiGəncə şəhər Yolxucu Xəstəliklər Xəstəxanasnın uşaqlar üzrə baş infeksionisti Şirin Əhmədova koronavurus infeksiyasından dünyasını dəyişib.

Publika.az-ın məlumatına görə, baş infeksionist bu gün Bakı şəhərində müalicə aldığı xəstəxanada həyata gözlərini yumub.

Məlumat üçün bildirək ki, Ş.Əhmədova qərb bölgəsində ən tanınan həkimlərdən biri olub. Azərbaycanda koronavirus infeksiyasının yayılmasından sonra bu virusa yoluxan xəstələrin müalicəsində iştirak edib.
“Bullinqə qarşı əl-ələ” maarifləndirmə təlimlərinə yekun vurulubAzərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin fərdi kateroqiya üzrə qalibi olan “Bullinqə qarşı əl-ələ” maarifləndirmə təlimlərinin təşkili layihəsi çərçivəsində Xaçmaz rayonu ümumtəhsil məktəblərində çalışan psixoloq və pedaqoqlar üçün sonuncu qrup üçün təlimlər keçirilib.

Məktəblərdə sağlam mənəvi-psixoloji mühitin formalaşmasına, təhsilalanların hər hansı fiziki və psixoloji zorakılıq hallarından qorunmasına, konfliklərin minimuma endirilməsi və onların idarə edilməsinə nail olmaq, məktəb rəhbərlərinin bullinqlə bağlı xüsusi plan və proqramlarının hazırlanmasına dəstək vermək məsədilə icra olunan layihənin təlimlərinə Xaçmaz rayonunun Yalama, Çarxı, Mürşüdoba, Qaradağlı kənd tam orta, Bayoba, Mehrəliqışlaq, Qobuqırağı kənd ümumi orta və Xaçmaz şəhər 5 və 9 saylı tam orta məktəblərində çalışan 16 nəfər müəllim və psixoloq qatılıb.

Layihə rəhbəri, Xaçmaz rayonu Qaradağlı kənd tam orta məktəbinin psixoloqu Gülnaz Gümşüdlü çıxış edərək bildirib ki,təlimlərin təşkilində məqsəd son dövlərin aktual probleminə çevrilmiş bullinq və onun fəsadları, qarşısının alınması ilə bağlı məktəb kollketivini maarifləndirməkdir.

Bundan öncə birinci və ikinci qrupla keçirilən təlimlərdə Xaçmaz şəhər 1,3,4,5,6,7 və 8 saylı, Xudat şəhər 2 və 4 saylı, Palçıqoba, Aşağı-Zeyid, Qaradağlı, Aslanoba, Mürşüdoba, Nərəcan, Çarxı kənd, İstisu və Arzu qəsəbə tam orta, Hacılar, Mehrəliqışlaq, Qaraçı və Armudpadar kənd ümumi və Cığatay kənd ibtidai məktəblərində çalışan 33 nəfər pedaqoq və psixoloq iştirak edib.
Qeyd edək ki, COVİD-19 pandemiyasının qarşısının alınması məqsədilə elan edilmiş karantin qaydalarına uyğun olaraq Microsoft Teams platforması üzərindən distant qaydada icra olunan layihə təlimləri ümumilikdə hər qrupda 15 nəfər olmaqla 3 qrupda 45 nəfər müəllim və psixoloqun maariflənməsini nəzərdə tutsa da, yekunda 49 nəfər iştirakçı təlimlərdən bəhrələnib.
Təlimlərdə iştirakçılar peşəkar təlimçi Ramin Mahmudovun təqdimatında “Bullinq, onun mahiyyəti”, “Növləri və formaları”, “Bullinqin qarşısının alınması yolları” mövzularında maarifləndiriliblər.

Təlimlərin sonunda iştirakçılar layihə çərçivəsində hazırlanan sertifikatlar, buklet və bullinqə dair məlumat materialları ilə təmin olunublar.

Şagirdlərin sağlam sosial-emosional-psixoloji mühitdə yetişməsi üçün pedaqoji kollektivin maarifləndirilməsinə dəstək vermək məqsədi ilə icra olunan layihə 15 mart 2021-ci ilə qədər davam edəcək.
Rusiyada azərbaycanlı diaspor rəhbəri vəfat edibRusiyada azərbaycanlı diaspor rəhbəri vəfat edib.

Avrasiya.net APA-ya istinadən xəbər verir ki, Tver vilayətindəki Azərbaycan diasporunun rəhbəri Sərdar Abdullayev bu gün dünyasını dəyişib.

Onun bir müddət əvvəl xəstəxanada koronavirusdan müalicə aldığı bildirilib.

Qeyd edək ki, Abdullayev Sərdar Süleyman oğlu 1951-ci il yanvarın 21-də Azərbaycanın Kəlbəcər rayonunun Yanşaq kəndində anadan olub. 1973-cü ildə Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunu (indiki Azərbaycan Texniki Universiteti) “Hidromeliorasiya işlərinin mexanikləşdirilməsi” ixtisası üzrə bitirəndən sonra təyinatla Kalinin vilayətinin (indiki Tver vilayəti) Belıy şəhərinə göndərilib. Tikinti sahəsində xidmətlərinə görə 1994-cü ildə S. Abdullayevə “Rusiya Federasiyasının Əməkdar İnşaatçısı” fəxri adı verilib, 1998-ci ildə o, “Dostluq” ordeni ilə təltif edilib və ona “Rusiyanın Fəxri İnşaatçısı” adı verilib. 2006-cı ildə S. Abdullayev Azərbaycanın “Tərəqqi” medalı ilə təltif olunub.
Bu gün koronadan 27 nəfər ölübAzərbaycanda son sutkada koronavirus infeksiyasına 685 yeni yoluxma faktı qeydə alınıb, 1931 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Avrasiya.net-ə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Son sutkada 27 nəfər COVID-19-dan vəfat edib.
"İnsanlara qarşı vəhşiliklər ancaq Avropada və okeanın o tayında müşahidə edilir"Dünyaya demokratiya dərsi keçən, başqa ölkələrin daxili işlərinə qarışan ABŞ-da dünən baş verən hadisələr bu ölkənin əsl simasını bir daha dünya ictimaiyyətinə göstərdi.

Bunu "Xalq Cəbhəsi" nə açıqlamasında politoloq Mirsamir Məmmədov bildirib.

Xatırladaq ki, dünən ABŞ prezidenti Donald Trampın "seçkini biz qazandıq" sözlərinin ardından ölkə bir anda qarışıb. Küçələrdə etiraz edən Tramp tərəfdarları Konqres binasına giriblər. Öncə, Konqres binası qarşısında Trampın tərəfdarları ilə polis arasında qarşıdurma baş verib. Etirazçılar binaya girməyə cəhd edib və buna nail olub. Konqres binasının içində əlində odlu silah tutan etirazçılar da olub. Konqres binasında polisin atəşi nəticəsində Trampın 4 tərəfdarı yaralanıb. ABŞ-ın Atlanta şəhərində isə bir qrup Tramp tərəfdarı silahlarla əyalət binasına doğru yürüş ediblər. Bu arada Vaşinqton meri şəhərdə komendant saatı elan edib. Pensilvaniya qubernatoru baş verənləri dövlət çevriliş adlandırıb. ABŞ prezidenti Donald Tramp isə tərəfdarlarını polisə qarşı diqqətli olmağa çağırıb. Politoloq bildirib ki, ABŞ insan hüquq azadlıqlarının, demokratiyanın qorunmasından çox uzaqdır: "Ötən il neçə qaradərili polis zorakılığının qurbanı oldu. Xatırlayırsız, may ayında ABŞ-ın Minneapolis şəhərində silahsız qaradərili George Floydun ölümü ilə əlaqədar keçirilən etirazlar vaxtı polislə nümayişçilər arasında toqquşmalar baş verdi. Ağ Evin yaxınlığında toplaşan yüzlərlə insan ədalətin bərpasına çağırdı. ABŞ şəhərlərindəki etirazlar Minneapolisin özündə bir neçə gün davam edən talan və yanğınlardan sonra yer aldı. Bundan əvvəl etirazçılar tərəfindən yerli polis bölməsinə od vuruldu. Hər ay orada belə hadisələr baş verir. Bu hadisələr ABŞ-ın iç üzünü göstərdi. Bu ölkədə yaşamaq, işləmək belə qorxuludur. İnsan hüquqlarına dəyər verilməyən ölkədə yaşamaq mümkün deyil. Dünən baş verən hadisələr bu ölkənin demokratiyadan uzaq olduğunu bir daha göstərdi".

Politoloq onu da bildirdi ki, özünü dünyada "demokratiyanın anası" hesab edən, başqa ölkələrə demokratiya və insan hüquqları "dərs"i keçən rəsmi Vaşinqton insan hüquq və azadlıqların qorunması ilə bağlı maarifləndirmə proqramlarına cəlb olunmalıdır: "Amerika Konqresində baş verən hadisələr isə təkcə demokratiyanın böhranı kimi yox, həm də supergüc dövlətin əsaslarını sarsıdan hadisə kimi qiymətləndirilir. Təsadüfi deyil ki, dünya mediası ABŞ-la qeyri-stabil siyasi sistemə malik ölkələr arasında paralellər aparır. Beynəlxalq təşkilatlar da ABŞ-da baş verən bu hadisələri kəskin pisləyib. Baş verən məlum hadisələr rəsmi Vaşinqtonun "demokratiya mələyi" libasının cırdı".

Politoloq onu da vurğuladı ki, dünənki hadisələrdə polis zorakılığı da ABŞ-da insan hüquq və azadlıqlarının kobud formada pozduğunu isbatladı: "Vaşinqton öz polisinin qəddar davranışı ilə Azərbaycanda keçirilən icazəsiz aksiyalarda polisimizin aksiya iştirakçılarına münasibətini müqayisə etsin. Azərbaycan polisi həmişə dözümlü, qarşısındakı şəxslə etika çərçivəsində davranıb. İcazəsiz və icazəli aksiyalarda aksiya iştirakçılarının təhlükəsizliyini təmin edib. Nə gözyaşardıcı qazdan, nə atlardan, nə su şlanqlarından istifadə edib. İnsanlara qarşı belə vəhşiliklər ancaq Avropada və okeanın o tayında müşahidə edilir".
Baş həkim koronavirusdan öldü - FOTOTərtər rayon Mərkəzi Xəstəxanasının baş həkimi Yaşar Hüseynov koronavirusdan vəfat edib.

59 yaşlı baş həkim təxminən bir ay əvvəl koronavirusa yoluxub.

Xəstəxanada müalicə alsa da, həyatını xilas etmək mümkün olmayıb və ötən gün dünyasını dəyişib.

Xəbəri sözügedən xəstəxanadan təsdiqləyiblər.(Qafqazinfo)


Trampa sui-qəsd ola bilərPolitoloq Turab Rzayevin ABŞ-da baş verən son olaylarla bağlı müsahibəsini təqdim edirik:

- Ötən gün Konqres binasına daxil olan Tramp tərəfdarları ilə polis arasında toqquşma yaşanıb. Qarşıdurma zamanı 4 nəfər həlak olub. ABŞ-da nə baş verir?

- ABŞ cəmiyyətində uzun müddətdir ki, qütbləşmə hakimdir və bu, ildən-ilə dərinləşir. Mövcud problemin ən gözəl ifadəsi səssiz çoxluqla səsli azlığın mübarizəsidir. İlk başda qəribə səslənsə də, bu belədir.

Bu gün ABŞ-da dini, cinsi azlıqlar məsələsi həddən artıq qabardılmaqdadır. Səsvermə vədlərində də buna rast gələ bilərik. Lakin ABŞ cəmiyyətinin nüvəsini təşkil edən təhsilli orta təbəqə - onların əcdadı Avropadan köçüb gedənlərdir - özlərini ikinci plana atılmış kimi hiss edir. Digər bir məsələ - mövcud ABŞ sistemi bu insanların maraqlarını, həyat standartlarını qane etmir. Nəticə etibarilə bu insanlar sadəcə, vaxtı gözləyirdilər. Bu vaxt isə Donald Trampın hakimiyyətə gəlməsi ilə yetişdi.

ABŞ cəmiyyətindəki qütbləşmənin ilk ciddi təsiri 2016-cı ildə yaşanmışdı. Tramp hakimiyyətə gələrkən qeyd etdiyim təbəqənin maraqlarına uysa da, səsi olan azlığın maraqlarına uymadı. Buna görə də Konqresdə ona qarşı impiçment və s. qaralama kampaniyaları aparılmağa başlandı. Göründüyü kimi, Tramp-Bayden mübarizəsi illərdir yaşanan qütbləşmənin açıq təzahürü, hətta elan edilməmiş müharibəsidir.

- ABŞ cəmiyyətindəki qütbləşmə qlobalistlərlə antiqlobalistlərin mübarizəsi ola bilərmi?

- ABŞ-da qlobalistlərlə antiqlobalistlərin mübarizəsi köklü bir tarixə malikdir. Qlobalistlər dünyanı qloballaşdırmağa, liberal dəyərləri aşılamağa çalışırlar. Xüsusilə də mən dünya iqtisadiyyatının qloballaşmasından bəhs edirəm. Son 50 ildə ABŞ-ın dünya siyasəti məhz buna hesablanıb. ABŞ və İngiltərə mərkəzli təşkilatlar bu prosesdə fəal iştirak edir. Lakin mövcud qarşıdurmaları da nəzərə aldıqda, biz ABŞ-da antiqlobalist qrupların da fəallığını görürük. Trampın özü belə antiqlobalist sayılır. Antiqlobalistlərin əsas fikri ondan ibarətdir ki, biz nəyə görə başqa dövlətlər üçün döyüşməli, yardım etməliyik? Diqqət etsəniz, Tramp da bənzər çıxışları seçkiqabağı tez-tez edib. Məhz onun hakimiyyəti dövründə bir çox quruma ABŞ dəstəyi dayandırıldı. Eyni zamanda Suriya, İraq, Əfqanıstandan xeyli ABŞ hərbi kontingenti çıxarıldı. Bütün bunlar bizə onu deməyə əsas verir ki, hazırkı qarşıdurma həm də ABŞ-da qlobalistlərlə antiqlobalistlərin mübarizəsidir.

- Donald Trampa sui-qəsd olunacağı haqda xəbərlər var. Bunu real hesab edirsinizmi?

- ABŞ siyasəti üçün hər bir hal realdır. ABŞ-ın yaxın tarixinə baxdıqda prezidentlərin sui-qəsdə məruz qalması, hətta öldürülməsi, eks-prezidentlərin şantaj edilməsi kimi hallar olub. Buna görə də Trampa sui-qəsd olunması mümksüz deyil. Tramp önəmli fiqurdur və hazırkı qarşıdurmaların mərkəzində o var. Digər tərəfdən, ABŞ-da ştat qanunvericilikləri fərqlidir. Misal üçün, Texas ştatında silah əldə etmək qanunidir, Kaliforniyada isə qanunsuzdur. Ştatlar arasında fərqlər çox ciddi həddədir. Bu hal belə gələcəkdə ABŞ-ın daxili bölünməyə gedə biləcəyi və ya bəzi ştatların müstəqil dövlət ola biləcəyi reallığını yaradır.

- Trampın prezidentliyi müddətində qaradərili vətəndaşların qətlə yetirilməsi halları tez-tez gündəmə gəlirdi. Hətta polis zorakılığı geniş etirazlara səbəb olmuşdu. Bəs bu gün qaradərili vətəndaşlar kimin tərəfindədir: Trampın, ya Baydenin?

- Bu gün qaradərili vətəndaşlar da Bayden və Tramp olmaqla iki qütbə bölünüb. Tramp tərəfdarları bəzi qaradərililərin cəmiyyətdə Trampa qarşı etiraz dalğası yaratmaq üçün məqsədyönlü şəkildə qətlə yetirildiyini düşünürlər. Bəli, bu gün Trampı dəstəkləyən kifayət qədər çox qaradərili ABŞ vətəndaşı var. Hətta mövcud etirazlarda çox yaxından iştirak edirlər. Lakin Bayden tərəfdarı olan qaradərililər də çoxdur. Onlar Trampın qaradərililərə qarşı amansız olduğunu, irqçi olduğunu bildirirlər. Nəticə etibarilə bu məsələdə də ciddi fikir ayrılığı var və qaradərililər də Bayden və Tramp arasında ikiyə bölünüb.

Axar.az
"Freedom House" daltonizm mərəzinə tutulub, Vaşinqtonda baş verənləri görə bilmir…Dünyanın gözü Vaşinqtondadır. Donald Tramp tərəfdarlarının qiyam etməsi, yanvarın 6-da Kapitoliyə girib Konqresin işini pozması, prezident seçkilərinin nəticələrinin təsdiqləməsinin dayandırılması günümüzün ən qaynar olayıdır. Qiyamın baş verməsi nə qədər qeyri-adidirsə, qiyamın yatırılması üçün güc strukturlarının sərgilədikləri münasibət də bir o qədər təsirlidir. Polisin sərt davranışı nəticəsində qısa bir zaman kəsiyində 4 nəfər öldürülüb, 52 nəfər həbs edilib. Prosesin gedişində rəqəmlərin artacağı istisna deyil. "Washington post" qəzeti dünya liderlərinin olayla bağlı münasibətini dərc edib. (https://www.washingtonpost.com/dc-md-va/2021/01/06/dc-protests-trump-rally-live-updates/).

Böyük Britaniyanın baş naziri Boris Johnson, Avropa Komissiyasının prezidenti Ursula von der Leyen, NATO Başçısı Jens Stoltenberg, Fransa Xarici İşlər Naziri Jean-Yves Le Drian və digərləri baş vermiş iğtişaşları "demokratiyaya qarşı ağır bir hücum" adlandırıblar. Onlar öz bəyanatlarında qiyamçılarla yanaşı, polisin şiddətini də qınayıblar. Polisin hərəkətləri adekvat olmayıb, güc tətbiqi bütün standartları aşıb. Öldürülənlər təsadüfi, sıradan biriləri deyillər. İğtişaş zamanı güllələnərək öldürülən biri, 35 yaşlı qadın Ashli Babbitt ABŞ Hərbi Hava Qüvvələri qazisidir. Həbs edilənlər, polisin ifrat güc tətbiqindən xəsarət alanlar sırasında da tanınmış ismlər var.

Çox maraqlıdır ki, dünyanı şoka salan, hər kəsi təəccübləndirən bu hadisələri "görməyənlər" də var. Hansılar ki, olayı hər kəsdən tez görməli, detallı məlumat yaymalı, münasibət bildirməliydilər. Polisi ifrat güc tətbiq etməkdən çəkinməyə çağırmalı, etirazçıları dinləməyi tələb etməli idilər. Bu sırada "Freedom House" təşkilatı ön cərgədə dayanır. İnsan hüquq müdafiəçiliyini inhisara alan, bu sahədə beynəlxalq "monopolist"ə çevrilən, dünya ölkələrindən az qala hər saniyə bir məlumat yayan "Freedom House" nədənsə Vaşinqtonda baş verənləri görmür, münasibət bildirmir. Yanvarın 6-da baş verən olayla bağlı təşkilatın yalnız bir açıqlaması var. Buna da bəyanat yox, sözün həqiqi mənasında nağıl demək mümkündür. Çünki, bəyanatın içində nə həbs edilənlər, nə öldürülənlər, nə də polis zorakılığı barədə bircə kəlmə söz açılmır. Təşkilatın prezidenti Michael J. Abramowitz adından yayılan açıqlama ümumilikdə iğtişaşın yolverilməzliyini ifadə edir (https://freedomhouse.org/article/united-states-freedom-house-condemns-political-violence-washington).

Birmənalı şəkildə demək mümkündür ki, əgər buna bənzər, hətta, bundan dəfələrlə aşağı ranqlı hadisə dünyanın başqa bir ölkəsində baş versəydi, "Freedom House" tufan qoparar, dünyanı ayağa qaldırar, həmin ölkəni ən ağır tənqidlərə tuş edərdi. Necə ki, Azərbaycana münasibətdə belə davranır. Təşkilatın saytına baxanda görürük ki, 2020-ci ilin parlament seçkiləri zamanı "Freedom House" 12 bəyanat verib. Bu bəyanatlarda güya seçicilərin hüquqlarının pozulduğu, deputatlığa namizədlərə qarşı normal davranılmadığı, seçkidən sonra keçirilən dinc etiraz aksiyalaının qarşısının polis tərəfindən alınması ifadə edilir. Zamanında da yazmışdıq ki, Azərbaycana arşı tənqidlərdə ifrata yol verilib, olmayan hadisələr də uydurularaq bəyanatlar verilib. İndi isə fərqli bir durumdur. Vaşinqtonda dnyanın ən səs-küylü insidenti baş verib, qiyam olub, insanlar öldürülüb, amma "Freedom House" bunları "görmür".

"Freedom House" təşkilatı ənənəvi olaraq "Dünyada azadlıq" hesabatını açıqlayır. Hesabatda təsnifatı aparılan ölkələr "azad", "qismən azad", "qeyri-azad" olmaqla 3 qrupa bölünürlər. Hər kateqoriyanın öz rəngi var: yaşıl rəng "azad", sarı rəng "qismən azad", qara-çəhrayı rəng isə "qeyri-azad" ölkələri simvolizə edir. Xəritədə ABŞ həmişə yaşıl rəngdə göstərilir. Hansı ki, bu rəngi dəyişmək üçün həmişə arqument olub. Son 3 il müddətində isə bu arqumentlərin sayı kəskin şəkildə artıb. Dünyanı şoka salan Jamal Khashoggi olayı və ABŞ prezidentinin bu olaya "qeyri-adi" münasibəti, prezident Donald Trampın CNN müxbiri ilə "güləşməsi" ABŞ-ın neqativləri sırasına yazılıb. 2020-ci il mayın 28-də ABŞ Prezidenti D.Tramp "Onlayn senzuradan müdafiə barədə" Sərəncam imzalayıb və sosisal şəbəkələrin fəaliyyətini nəzarətə almağa çalışıb, ifadə azdlığını məhdudlaşdırıb. İndi də ABŞ dövləti seçkiləri saxtalaşdırmaqda ittiham olunur. Seçkinin saxtalaşdırıldığını görən vətəndaşlar qiyam edirlər. "Freedom House" isə yenə də ABŞ-ı yaşıl rəngdə, azadlıq simvolu kimi verir. Belə çıxır ki, təşkilatı idarə edənlər daltonizm mərəzinə tutulublar, rəngləri qarışdırırlar "Freedom House" ABŞ-la yanaşı, ABŞ-ın maraq dairəsində olan ölkələri qara-çəhrayı rənglə boyaya bilməz, uzun illərin təcrübəsi bunu göstərir. Amma fakt da faktdır, hər şey dünyanın gözü qarşısında baş verir. Təşkilat həmin faktları görməzdən gəlməklə, öz obyektivliyini şübhəyə salır.

Müşfiq Ələsgərli
"Əldə olunan uğurlarımız Prezident İlham Əliyevin adı ilə bağlıdır"“2020-ci il Azərbaycan tarixinə torpaqlarımızın işğaldan azad edilməsi ili kimi yazıldı. 30 ilə yaxın işğal altında olan torpaqlarımız Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə məhz 2020-ci ildə öz azadlığına qovuşdu, ərazi bütövlüyümüz təmin edildi. Təbii ki, bu qələbənin qazanılmasında rol oynayan əsas komponentləri xüsusi qeyd etmək lazımdır. Ötən il ərzində Ermənistanın hərbi təxribatlarının qarşısının uğurla alınması, ölkəmizin hərbi potensialının daha da artırılması, o cümlədən dünyada koronavirus pandemiyasının hökm sürməsinə rəğmən ölkəmizdə iqtisadi stabilliyin qorunub saxlanılması qazanılan zəfərdə öz əhəmiyyətli rolunu oynadı. Ən əsası isə milli birliyimiz, həmrəyliyimiz bu uğura öz böyük təsirini göstərdi”.

Bunu qəzetimizə açıqlamasında Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Rufiz Qonaqov deyib.

Onun sözlərinə görə, 2020-ci ildə qazanılan Qarabağ zəfəri üçün illərdir ki, mühüm təməllər atılmaqda idi. İstər yeni müasir silahların əldə olunması, istərsə də ölkəmizin milli müdafiə sənayesinin ildən-ilə təkmilləşdirilməsi qələbəni təmin etdi. Azərbaycan öz iqtisadi gücündən düzgün istifadə etməklə hərbi gücünü artıraraq daha da yüksək səviyyəyə çatdırdı.

“Təbii ki, 2020-ci ilin ən mühüm hadisəsi məhz torpaqlarımızn işğaldan azad edilməsi olsa da, qlobal dünyanın bir hissəsi kimi gedən proseslərdə, baş verənlərdə oynadığımız rol da əsas şərtlərdən sayılır.

Bu mənada arxada qoyduğumuz ildə istər qlobal pandemiyaya qarşı mübarizə sahəsində, istərsə də beynəlxalq müstəvidə aparılan fəaliyyət yalnız uğurları ilə seçildi. Digər tərəfdən, ötən illər ərzində beynəlxalq aləmdə əldə olunan uğurlar, dünya ölkələri ilə ikitərəfli əlaqələrin gücləndirilməsi, beynəlxalq təşkilatlarla milli maraqlar çərçivəsində düzgün iş prinsipinin qurulması Vətən müharibəsi dövründə ölkəmizə güclü dəstəyin nümayiş etdirilməsinə səbəb oldu. Bu isə özlüyündə bir həqiqətin növbəti dəfə ortaya çıxmasını şərtləndirdi. Birmənalı şəkildə deyə bilərik ki, istər siyasi platformada, istərsə də Vətən müharibəsi dövründə əldə olunan hərbi uğurlarımız Prezident İlham Əliyevin adı ilə bağlıdır”, - deyə R.Qonaqov əlavə edib.

"Yeni Azərbaycan"
"Prezidentimizin haqlı mövqeyini birmənalı şəkildə dəstəkləyirik"Prezident İlham Əliyevin Şuşa şəhərini Azərbaycanın mədəniyyət paytaxtı elan etməsi həm mədəniyyət tariximiz, həm də bu günümüz üçün fövqəladə əhəmiyyət kəsb edən bir hadisədir. Ermənilərə psixoloji zərbə səciyyəsi daşıyan bu addım Şuşanın Azərbaycan üçün və bütün Türk Dünyası üçün əhəmiyyətini daha da artıracaq. Bu son 28 il ərzində bütün vasitələrlə “erməniləşdirilməyə” çalışılan Şuşa şəhərinin restavrasiyasına başlanılacaq, hər bir azərbaycanlı üçün rəmzləşən, müqəddəsləşən qədim şəhərimizin ilkin siması, tarixi siması bərpa ediləcək. Mən ölkə başçısının bu addımını birmənalı şəkildə yüksək qiymətləndirirəm. Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsini hər bir azərbaycanlı təqdir edir.

Sözün açığı, ictimaiyyət ölkə başçısı tərəfindən belə bir addımın atılacağını çoxdan gözləyirdi. Çünki Prezidentimizin Şuşa şəhərinə qarşı xüsusi münasibətini, diqqətini hər kəs bilir. Noyabrın 8-də Şuşamız mənfur erməni işğalından azad edilərkən Prezidentin xalqa müraciətində “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” sözlərini böyük həyəcan və qürur hissilə ifadə etməsi də bu fikrimizi təsdiqləyir. Zatən mədəniyyət paytaxtımıza münasibət də məhz xüsusi olmalıdır. Bu şəhərin mədəniyyət paytaxtımıza çevrilməsi öz-özünə, təbii-tarixi proses kimi baş vermişdi. Yəni ki, indiyə qədər gəlmiş-keçmiş Azərbaycan rəhbərlərindən heç kim Şuşanı rəsmi sərəncamla, fərmanla mədəniyyət paytaxtı elan etməmişdi. Şuşamız bu haqqı, bu mənəvi-mədəni statusu özü qazanmışdı. Öz böyük yetirmələri ilə qazanmışdı. Üzeyiri, Bülbülü ilə qazanmışdı. Cabbar Qaryağdı oğlu ilə, Xan Şuşinski ilə qazanmışdı. Şuşa öz mədəni-psixoloji aurası, enerjisi ilə Azərbaycanımızın baş tacına çevrilmişdi. Zatən bu şəhərin coğrafi mövqeyi, relyef şəraiti, dağlar-qayalar üzərində yerləşməsi də onu taca bənzədir. Cənab Prezident isə təbii-tarixi prosesi siyasi qərara çevirdi. İlham Əliyev Şuşanı rəsmi qaydada Mədəniyyət Paytaxtımız elan etməklə tarixə düşən ilk dövlət başçımız oldu. Daha doğrusu, İlham Əliyev öz adını Şuşanın tarixinə iki dəfə yazdırıb: birinci dəfə Ali Baş Komandanlıq etdiyi Azərbaycan Ordusunun döyüş gücü ilə Şuşanı işğaldan azad etməklə, ikinci dəfə isə bu şəhəri mədəniyyət paytaxtımız elan etməklə. Yəqin ki, gələcək səlnaməçilərimiz, tarixçilərimiz öz kitablarında, tədqiqatlarında bunu da xüsusi qeyd edəcəklər. Şuşanın Prezident tərəfindən rəsmən mədəniyyət paytaxtı elan edilməsi xalqımızı da məmnun edən addımlardan biri oldu. Xalqımız bu qərarı dəstəkləyir. İnsanlarımız Prezidentin srağa gün yeni mədəniyyət nazirini onlayn qaydada qəbul edərkən Şuşa haqqında söylədiyi hər bir fikirin, sözün altından imza atmağa hazırdır. Prezidentin bu çıxışı məndə ölkəmizin gələcəyi ilə, mədəniyyətimizin gələcəyi ilə və ayrıca olaraq Şuşanın gələcəyi ilə bağlı böyük ümidlər yaratdı. Əgər belə demək mümkünsə, Şuşa yenidən doğulacaq, ikinci baharını yaşamağa başlayacaq.

Dövlət başçısının 2021-ci ili “Nizami İli” elan etməsi də böyük bir mədəni hadisədir. Yadınızdadırsa, biz 2019-cu ili də “Nəsimi ili” kimi qeyd etmişdik. Bu çox gözəl ənənədir. Azərbaycanın ədəbiyyat tarixi o qədər zəngindir ki, biz hər il bu və ya digər dahimizi, qələm adamımızı dünyaya təqdim etmək baxımından qətiyyən korluq çəkmərik. 2021-ci ilin “Nizami İli” elan olunması dünyanın Şeyx Nizamini, onun irsini yenidən kəşf etməsi üçün bir fürsətdir. Dünya zatən Nizami Gəncəvini tanıyır. Amma bu il biz bu dahi şairimizi və onun yaradıcılığını, onun əsərlərindəki ümumbəşəri ideyaları və idealları tamamilə yeni biçimdə, yeni konseptual yanaşma ilə təqdim edəcəyik. Bu mənada, “Nizami İli” təkcə Nizami Gəncəvi irsinin deyil, bütövlükdə azərbaycanlıların mədəni kimliyininin dünyaya təqdimatı olacaq. Şuşanın Mədəniyyət Paytaxtı kimi diqqət mərkəzinə gəlməsi, 2021-ci ilin “Nizami İli” elan olunması, Şuşada “Xarı Bülbül” Festivalının və “Vaqif Pioeziya Günləri”nin keçirilməsi üçün hazırlıqlara start verilməsi dünyaya da imkan verəcək ki, azərbaycanlılarla erməniləri müqayisə etsin, kimin kim olduğunu görsün. Bu il dünya birliyinin vandal ermənilərlə humanist azərbaycanlıları müqayisə etməsi üçün hər cürə imkanı olacaq. Beləliklə, 2020-ci ildə 44 günlük müharibə nəticəsində dünyaya döyüşkən xalq kimi açılan Azərbaycan xalqı 2021-ci ildə dünyanı öz mədəni potensialı ilə, istedadlı insanlarının yaradıcılıq imkanları ilə heyrətləndirəcək.

Prezidentin son çıxışında ana dilimizlə və UNESCO-nun “ikili standartlar” siyasəti yürütməsi ilə bağlı səsləndirdiyi fikirlər də zənnimcə, ayrıca təhlil mövzusudur. Dövlət başçımızın ana dilinin qorunub saxlanması ilə bağlı dediyi fikirlər əslində dilinimizin saflığı və inkişafı üçün məsuliyyət daşıyan hər bir rəsmi qurum üçün birbaşa fəaliyyət proqramıdır. Əlaqədar qurumlar bundan sonra dövlət dilimizə daha böyük məsuliyyətlə yanaşmalıdırlar. Hər bir məmur, hər bir dövlət qulluqçusu bilməlidir ki, dövlətimizin və millətimizin varlığı dilimizin varlığından və dilə münasibətimizdən asılıdır. Bu, eynilə hər bir vətəndaşa da aiddir. Ana dilimizdə səlis danışmaq və düzgün yazmaq hər birimizin həm borcu, həm də vəzifəsidir. Dövlət başçısının dediyi kimi, bu gün dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Deməli, nə az nə çox, düz 50 milyon nəfər dil daşıyıcımız, dil ötürücümüz var. Bu, olduqca nəhəng bir qüvvə və insan resursudur. 50 milyonumuzun hər bir fərdi özünü ana dilimizin keşikçisi kimi hiss etməli, yaşadıcısı və yayıcısı kimi aparmalıdır. Biz ana dilimizi mükəmməl bilməli, əcnəbi dilləri də yaxşı öyrənməliyik. Çünki dünyaya açılmaq və Azərbaycanımızı tanıtmaq üçün ana dili də, əcnəbi dillər də çox vacibdir.

Cənab Prezidentin UNESCO barədə söylədikləri isə təkcə bu qurumun rəhbərliyinin yox, eləcə də digər beynəlxalq qurumların da üzünə çırpılmış tərs şillə və ya acı həqiqətdir: “İki il əvvəl UNESCO-nun yeni rəhbərliyinə də belə təklif verildi ki, missiya göndərin. İşğal edilmiş torpaqlara missiya gəlsin, baxsın ki, nə günə qoyublar bizim tarixi abidələrimizi? Nə oldu UNESCO-nun rəhbərliyinin cavabı? Dedilər ki, biz məsələni siyasiləşdirmək istəmirik. Yaxşı, iki il bundan əvvəl məsələni siz siyasiləşdirmək istəmirdiniz, bəs indi niyə siyasiləşdirmək istəyirsiniz? Cavab versinlər, çox sadə bir cavab, məntiqli bir cavab. Cavab yoxdur. Zəngilanda mən onlara müraciət etdim. Dedim açın gözünüzü baxın nə günə salıblar ermənilər bizim məscidimizi. Bir reaksiya gəldimi oradan? Yox! Budur ermənilərin dağıtdığı. Yaxşı biz nəyi dağıtmışıq? Biz nə etmişik? Ancaq təmir etmişik, qorumuşuq. Ona görə, bilirsiniz, biz belə əsassız yanaşmanı, sadəcə olaraq, diqqətsiz qoya bilmərik”. Prezident İlham Əliyev bu fikirləri səsləndirməklə UNESCO-nu yönətənlərə açıq mətnlə bildirdi ki, siz ədalətsizsiniz və ermənilərə təəssübkeşlik edirsiniz. Bir beynəlxalq təşkilat üçün bundan ağır ittiham ola bilməz. Ancaq dövlət başçımız bu ittihamı dilə gətirməkdə tamamilə haqlı idi. UNESCO bu tənqidləri, bu ittihamı haqq edir. Beynəlxalq təşkilatların maskaları bax bu cürə nümayişkaranə şəkildə yırtılmalıdır ki, dünya siyasətindəki ədalətsizliklər, “ikili standartlar” aradan qaldırılmış olsun. Biz Prezidentimizin bu haqlı mövqeyini birmənalı şəkildə dəstəkləyirik. Prezidentin özü demişkən, “kimsə bunlara dərs verməli idi, yoxsa yox?”.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri