Ermənilərdən növbəti təxribat: Ruslar "mina"ya düşdü - FotoBu gün bəzi yerli internet seqmentində Qarabağdakı Rusiya sülhməramlılarının Azərbaycana qarşı növbəti təxribata əl atması barədə xəbər yayılıb.

Avrasiya.net-in Musavat.com-a istinadən məlumatına görə, yayılan xəbərdə qeyd olunub ki, sülhməramli qüvvələrin gündəlik brifinqi zamanı otaqda Rusiya bayrağı ilə yanaşı, ermənilərin müharibədən sonra birdəfəlik itirdikləri xəyali arzuları - qondarma “dqr”in “bayrağı” da asılıb.

Əlbəttə ki, yayılmış xəbəri araşdıranda məlum oldu ki, əslində söhbət heç də Rusiya Sülhməramlı Mərkəzin rəsmi informasiya mərkəzindən getmir. Əgər həqiqətən də Rusiya tərəfi gündəlik yayılan rəsmi informasiya bülletenində bu cür təxribat etsəydi, bu çox ciddi skandal olardı.

Qeyd edək ki, Rusiyanın Müdafiə Nazirliyinin rəsmi saytında sülhməramlı missiyanın gündəlik məlumatı Moskvadan yayımlanır. Bu brifinq isə Rusiya Müdafiə Nazirliyinin İnformasiya və Kommunikasiyalar Departamentinin rəhbəri general Konaşenkoya həvalə edilib.

Qarabağdakı sülhməramlılardan alınmış məlumatları məhz o, gündəlik elan edir. Yalnız istisna hallarda bu işi Qarabağdakı sülhməramlıların rəhbəri general-leytenat Rüstəm Muradov və ya müavini polkovnik Dmitri Perepelkina görür. Bəs yayılmış şəkil və Rusiya sülhməramlıları?

Qısa araşdırmadan sonra məlum oldu ki, sözügedən qondarma “bayraq” Xankəndidəki bir məktəbdə lentə alınıb.

Bununla bağlı sülhməramlı qüvvələrin bülletenində xəbər və müvafiq fotolar var. Xəbərdə bildirilir ki, Dağlıq Qarabağdakı Humanitar Minalardan Təmizləmə Mərkəzinin hərbi qulluqçuları Xankəndidə (xəbərdə Stepanakert yazılıb) orta məktəbin şagirdləri üçün məşğələ keçiblər. Burada şagirdlərə partlayıcı obyektləri aşkar edərkən təhlükəsizlik tələblərinə riayət olunması ilə bağlı danışıblar. Həmçinin mütəxəssislər məktəblilərə ilk tibbi yardım qaydalarını nümayiş etdiriblər.

Təlimlərdə ümumilikdə 80-dək şagird, müəllim və məktəblilərin valideynləri iştirak ediblər.

Şübhə yoxdur ki, ermənilər bu “parça oyunu” ilə əvvəl azərbaycanlıların əsəblərinə toxunmağa, sülhməramlı qüvvələrin reputasiyasını korlamağa, onların ermənilər tərəfdə olduğunu göstərməyə çalışıblar. Belə görünür ki, rusiyalı təlimçilər də ermənilərin bu cılız oyununa ya bilərəkdən, ya bilməyərəkdən alət olublar. Əks halda, gorbagor “dqr”in “bayrağının” rus bayrağı ilə qoşa asılmasının fotolarını heç olmasa, bülletenlərində yerləşdirməzdilər.

Görünən budur ki, rusiyalı minaaxtaran təlimçiləri ermənilərin qurduqları “mina”ya düşüblər.


AzTV-də otağın tavanı çökdü: ölən varAzərbaycan Televiziya və Radio Verilişləri QSC-nin inzibati binasında bədbəxt hadisə baş verib.

Avrasiya.net xəbər verir ki, bu barədə QSC-nin mətbuat xidməti məlumat yayıb.

Belə ki, QSC-nin ərazisində olan üçmərtəbəli binada otaqlardan birinin bir hissəsində tavan çöküb, nəticədə bir əməkdaş xəsarət alıb:

"Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Dağıntılar altında qalan əməkdaşımızın çıxarılması istiqamətində iş aparılır".

***

AzTV-nin dağıntılar altında qalan əməkdaşı dünyasını dəyişib.

Qeyd olunub ki, videomateriallar şöbəsinin texniki işçisi, 1996-cı il təvəllüdlü Gülverdi Gülverdiyev həlak olub.

Allah rəhmət eləsin!

Paşinyan: İstefa verməyə hazıram!Xalqın qərarına uyğun olaraq baş nazir postunu tərk etməyə hazıram.

Bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Paşinyan, həmçinin 2021-ci ildə növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı siyasi qüvvələri müzakirəyə dəvət edib.
Suriya İsrail raketlərini vurubİsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr Livanın Tripoli şəhərinin hava məkanından Suriyaya zərbələr endirib.

Təyyarələrin hədəfi Hama vilayətinin qərbindəki Misiaf şəhəri olub.

Suriya Müdafiə Nazirliyinin açıqlamasına görə, aviazərbələr ötən gecə yerli vaxtla 00:40-da endirilib.

Suriyanın hava hücumundan müdafiə raketlərinin əksəriyyətini zərərsizləşdirməyi bacarıb.

36 nəfər koronadan vəfat edibAzərbaycanda koronavirus infeksiyasına 1 703 yeni yoluxma faktı qeydə alınıb, 4 359 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 36 nəfər COVID-19-dan vəfat edib.
Pensiyaçılara ŞAD XƏBƏR: gələn il pensiyalar bu qədər olacaq"Əmək pensiyalarının orta aylıq məbləği 2019-cu ildə 263,59 manat, 2020-ci ilin ilk yarımilliyində 297,85 manat təşkil edib".

Avrasiya.net xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Onun sözlərinə görə, 2020-ci ilin sonuna bu göstəricinin 301,1 manat, 2021-ci ildə isə 338,89 manat təşkil edəcəyi proqnozlaşdırılır, yaşa görə pensiya isə 370 manat təşkil edir.

“Cari illə müqayisədə növbəti ildə orta aylıq pensiya məbləğinin 31,29 manat məbləğində və ya 10,4 faiz artması proqnozlaşdırılır”.

Millət vəkili qeyd edib ki, bu, həmin dövrdə ölkə üzrə infilyasıya səviyyəsindən (3 faiz) nəzərəçarpacaq dərəcədə çoxdur. “Bu da öz pensiyaçıların sosial müdafiəsinə müsbət təsir göstərəcəkdir”.
Nazir: “4500 şəhid ailəsi və müharibə əlili dövlətin qayğısı ilə əhatə olunub”“Son bir ayda 4500 şəhid ailəsi və müharibə əlili dövlətin qayğısı ilə əhatə olunub”.

Avrasiya.net xəbər verir ki, bunu parlamentin iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, bu il həmin kateqoriyadan olan insanlara 1500 mənzil və fərdi ev təqdim ediləcək:

“Ümumilikdə isə 9 mindən çox fərdi ev və mənzil bu kateqoriyadan olan insanlara təqdim edilib”.

Nazir şəhid ailələrinin daim ölkə başçısının diqqətində olduğunu da vurğulayıb.


Hərbi xidmətə çağırılanların tərxis edilməsinə başlanıldıAzərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə hərbi xidmətdən tərxisetmə haqqında” sərəncamının Azərbaycan Ordusunda icrası ilə əlaqədar müdafiə nazirinin müvafiq əmri imzalanıb.

Müdafiə Nazirliyindən Avrasiya.net-ə bildirilib ki, əmrə əsasən, Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr tarixli sərəncamı ilə hərbi xidmətə çağırılan hərbi qulluqçular cari ilin dekabr ayının 25-dən 2021-ci ilin aprel ayının 15-dək mərhələli şəkildə səfərbərlik üzrə hərbi xidmətdən tərxis ediləcək.

Hərbi qulluqçular onların yaş həddi nəzərə alınmaqla, mərhələli şəkildə və tərxisetmə dövrlərinə uyğun olaraq tərxis olunacaq.

Qeyd edək ki, zabit və gizirlərin pul təminatı xidmət etdikləri hərbi hissə üçün müəyyən edilmiş artım əmsalları tətbiq edilməklə təyin olunduğu vəzifələrə uyğun olan vəzifə maaşları, hərbi rütbələrinə görə maaşlar və digər əlavələrdən ibarətdir. Əsgər və çavuşlara isə eyni qaydada təyin olunmuş vəzifə maaşlarına əlavə olaraq 360 manat məbləğində aylıq müavinət verilir.

Tərxisetmə ilə bağlı ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək.
"Azərbaycan dünya hərb tarixində silinməz izlər qoydu"Yusif Babanlı
Azərbaycan Dövlət Bədən Tərbiyəsi
və İdman Akademiyasının prorektoru, professor

Pandemiya ilə mübarizədən başlayıb Vətən müharibəsinin şanlı qələbəsi ilə bitən 2020-ci ildə ölkəmizin yenilməz gücü bir daha dünyaya bəyan oldu!

Dağlıq Qarabağ münaqişəsi öz haqlı həllini tapmayana qədər Azərbaycan dövləti hər zaman öz prinsipial mövqeini nümayiş etdirmişdir. Qarabağ Azərbaycandır devizi altında kütləviləşən vətənpərvəlik hissi qalibiyyətdən xəbər verirdi. Əlbəttə ki, Azərbaycan ordusunun maddi-texniki təhcizatının yüksək səviyyəsi və peşakar hərbi təlimlər keşmiş hərbiçi potensialımızın qənaətbəxş olması bu haqq işində bizə kömək oldu.

Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin törətdiyi çoxsaylı təxribatlara cavab olaraq Azərbaycan ordusu cəbhə boyunca əks-hücum əməliyyatına başlayaraq düşmənə layiqincə cavab vermişdir.

Ordumuzda və gənclər arasında yüksək vətənpərvərlik hisslərinin alovlanması 30 illik Qarabağ həsrətimizə son qoydu. Sözsüz ki, bütün bu hərbi naliyyətlərimiz təmas xəttində vəziyyəti yüksək peşəkarlıqla tam nəzarətə götürmüş Ali Baş Komandanın rəhbərliyi altında baş tutdu. Dünyada tərəqqi və inkişaf yolunda müvəffəqiyyətlə addımlayan Azərbaycan hərb sahəsində də öz möhürünü ataraq dünya hərb tarixində silinməz izlər qoydu. Cənab Prezident İlham Əliyev haqlı olaraq vurğulamışdır, “Biz gücümüzü səfərbər edərək bu tarixi günləri yaşayırıq. Bəlkə də çoxəsirlik Azərbaycan tarixində buna bənzər şərəfli və qürurlu günlər olmayıb. Biz bu qələbəni birlik, əzm, iradə və güc hesabına əldə etdik”. Əlbəttə, biz bu qələbəni birliyimizin, güclü iradəmizin, dövlətin uğurlu daxili və xarici siyasətinin nəticəsində əldə etdik.

Azərbaycan Ordusu 44 günlük müharibə ərzində işğalçı erməni ordusuna ağır zərbələr endirməklə böyük irəliləyişə imza atmışdır. Bu qələbə Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuzun peşəkarlığı və qəhrəmanlığı nəticəsində qazanılmışdır. Hərbi əməliyyatlar nəticəsində qəhrəmancasına həlak olan şəhidlərimiz, sağlamlıqlarını qurban verən qazilərimiz, vətənin keşiyində səngərdə məğrur dayanan əsgərlərimiz Azərbaycan hərb tarixinə qızıl hərflərlə öz adlarını yazmışlar. Inanırıq ki, gələcək nəsillər də bu fədakarlığı, qəhrəmanlıq salnaməsini daima uca tutub unutmayacaq. Qarabağın dirçəldilməsi və inkişafı naminə hər zaman Dövlət Başçısının yanında olmaq hər bir azərbaycanlının gələcək fəaliyyətinin bir hissəsi olmalıdır. Qan, can bahasına alınan torpaqlarımızın hər qarışı bizim üçün müqəddəs və dəyərlidir. Şəhid qanı axan torpaq Vətəndir!

Azərbaycanda qadın baş həkim işçilərin pulunu zorla əlindən aldı - YENİ FAKTLARŞirvan şəhər Əlillərin Bərpa Mərkəzinin vəzifəli şəxsi barəsində olan cinayət işi məhkəməyə göndərilib.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Şirvan şəhər Əlillərin Bərpa Mərkəzinin sabiq baş həkimi Abbasova Könül Şahmalı qızının qanunsuz hərəkətləri barədə daxil olmuş material üzrə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Aparılmış istintaqla müəyyən edilib ki, Könül Abbasova Şirvan şəhər Əlillərin Bərpa Mərkəzinin baş həkimi vəzifəsində işlədiyi dövrdə vəzifə səlahiyyətindən sui-istifadə edib ayrı-ayrı vaxtlarda ümumilikdə 10 şəxsdən müxtəlif məbləğlərdə olmaqla cəmi 16 min manat məbləğində pul vəsaitini rüşvət qismində alaraq həmin şəxsləri Mərkəzdə müxtəlif vəzifələrə işə götürüb.

Həmçinin, Könül Abbasova baş həkim işlədiyi müddət ərzində Şirvan şəhər Əlillərin Bərpa Mərkəzində müxtəlif vəzifələrdə işləmiş 26 nəfər işçidən hədə-qorxu tətbiq etməklə məcburi qaydada onlara müvafiq bayramlarla əlaqədar mükafat qismində təyin edilib ödənilən cəmi 4 min 593 manat məbləğində bayram pullarını xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə görə rüşvət qismində qanunsuz olaraq tələb edib alıb.

Bununla yanaşı, Könül Abbasova baş həkim işlədiyi müddət ərzində Mərkəz əməkdaşlarından 1 nəfər işçinin 4 aylıq, cəmi 602 manat pulunu da onun bülletenə çıxmasına şərait yaradılmasına görə qanunsuz olaraq rüşvət qismində tələb edib alıb.

Qeyd edilən qanunsuz hərəkətləri ilə Könül Abbasovanın öz vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə rüşvət almasına əsaslı şübhələr müəyyən edildiyindən, ona Cinayət Məcəlləsinin 311.3.2 (təkrar rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq etməklə rüşvət alma) maddələri ilə ittiham elan edilib, cinayət işinin ibtidai istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.