Daha bir həkim koronadan öldü - FotoAzərbaycanda daha bir həkim koronavirusdan vəfat edib.

Avrasiya.net xəbər verir ki, virusa yoluxan 24 saylı Birləşmiş Şəhər Xəstəxanasının həkim-laborantı Mətanət Rüstəmova müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Məlumatı xəstəxanadan saytımıza təsdiq ediblər.
Həsən Ruhani: Azərbaycan və İran Xudafərinlə bağlı yekun razılığa gəliblərAzərbaycan ərazilərinin işğaldan azad edilməsi İranın iqtisadi fəaliyyətinə müsbət təsir göstərəcək.

Bunu bu gün İran Prezidenti Həsən Ruhani Nazirlər Kabinetinin iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Qarabağ müharibəsi nəticəsində Azərbaycan-İran sərhədi işğaldan azad edilib.

"Azərbaycan ərazilərinin azad edilməsinin ilk müsbət nəticəsi Azərbaycan və İran arasında Xudafərin hidroqovşağı ilə bağlı yekun razılaşmaya nail olunmasıdır», - deyə İran Prezidenti vurğulayıb.

H.Ruhani əlavə edib ki, tezliklə hidroqovşaq istifadəyə veriləcək: "O, İran ərazisinin 120 min hektarını su ilə təmin edə bilər".
Nazir əmr verdi: Bəzi vəzifəli şəxslər cəzalandırıldıMüdafiə nazirinin əmri ilə qısa müddət ərzində mütəxəssislərdən ibarət bir neçə komissiya hərbi birliklərdə şəxsi heyətin yerləşməsi və məişət şəraitinin yoxlanılmasını həyata keçirib.

Avrasiya.net xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, kompleks yoxlamalar nəticəsində ümumilikdə təminat məsələlərində sistemli problemlər aşkar edilməyib:

"Bununla belə bəzi cüzi nöqsanlar müəyyən edilib və aşkar olunan bu çatışmazlıqlar dərhal aradan qaldırılıb. Vəzifələrinin icrasına səhlənkar yanaşan, nöqsanlara yol verən bəzi vəzifəli şəxslər cəzalandırılıb və onlar barəsində müvafiq tədbirlər görülüb".
Direktordan üzrü günahından betər açıqlama: Hamını ələ saldı - VideoBakının 187 saylı məktəbinin direktoru Nailə Məmmədova təmtəraqlı yubiley mərasimi keçirməsi ilə bağlı yayılan videoya görə guya üzr istəyib.

Kult.az xəbər verir ki, internet kanallarından birinin canlı efirinə çıxan N.Məmmədova “cəbhə bölgəsinə gedib, əsgərləri ziyarət etməsinə”, “şəhidlər üçün ağlamasına” və s. hərəkətlərinə görə “əgər bunlar qəbahətdirsə, üzr istəyirəm” sözləri ilə əslində əməlinə haqq qazandırmağa cəhd göstərməklə bərabər, sözün bütün mənalarında hamını təhqir edib.

Üstəlik, yalan danışmağı da özünə rəva bilib. Deyib ki, guya ad günü keçirməyib, Qubadlının işğaldan azad olunmasını qeyd edib və bu, onun ad günü ilə üst-üstə düşdüyü üçün ona hədiyyə edilən tortu kəsib.

N.Məmmədovanın – özünün də canlı müraciətində qeyd etdiyi kimi – ad günü 27 noyabrdadır və yubiley mərasimi də 27 noyabrda keçirilib. Qubadlının azad olunduğu tarix isə 25 oktyabrdır.

Görünür, bu direktor-xanım bəhanə axtarıb və Qubadlını “tapıb”, ancaq bir ay fərqlə.

Videonu təqdim edirik və video-müraciətə baxanlar özləri qərar verəcək.

İnanırıq ki, N.Məmmədova təhsilimizin səviyyəsini və simasını özündə əks etdirən kadr deyil və Təhsil Nazirliyi də bunu belə qəbul edir.
Cənab Prezidentin verdiyi bütün vədlər gerçəkliyə çevrilir
Qarşıdan cənab Prezident İlham Əliyevin ad günü gəlir. 1961-ci il dekabrın 24-də dünyanın nəhəng siyasətçilərindən birinin – Azərbaycan dövlətinin memarı Heydər Əliyevin ailəsində dünyaya göz açmış Prezident İlham Əliyevin həyat yolu hər birimizə yaxşı məlumdur. Prezident seçildiyi 17 il ərzində demək olar ki, bütün ad günlərini xalqı arasında, xüsusilə qaçqın və məcburi köçkünlər arasında keçirən möhtərəm Prezidentimiz bu dəfə tam fərqli formada yeni yaşına qədəm qoyur. Son 200 ildə torpaqları əlindən alınan, parçalanan Azərbaycan dövlət olaraq İlham Əliyevin rəhbərliyi altında 2 əsrdən bəri ilk dəfədir ki, torpaqlarını işğaldan azad etdi. Bu dəfə əvvəlkilərdən fərqli olaraq qalib müzəffər ordunun Müzəffər Ali Baş Komandanı kimi təbrik ediləcək cənab Prezident.

Tarixi çıxışlara nəzər salanda, 2003-cü ilin prezident seçkilərindən sonra keçirilən andiçmə mərasimində qarşıdakı illərdə görüləcək işləri açıqlayan dövlətimizin başçısı demişdir ki, Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm.

Hər bir övladın arzusudur ki, atasının yarıda qalmış əməllərini yerinə yetirsin, atasının yarımçıq qalmış arzularını reallığa çevirsin. Cənab İlham Əliyev həm də atasının vəsiyyətini yerinə yetirmiş xoşbəxt, qibtəediləcək bir övlad kimi yeni yaşına qədəm qoyur.

Artıq ölkəmizin həyatında yeni dövr başlayır. İşğaldan azad olunmuş torpaqalrımızda görüləcək işlərlə bağlı imzalanan sənədlər, sərəncamlar da deyilənlərin təsdiqidir. Verilən sərəncamlar bir daha Prezident-Xalq-Ordu birliyinin, dövlətimizin başçısının hər zaman vətəndaşın yanında olub onların qayğıları ilə maraqlanmasının bariz nümunəsidir. Hər zaman xalqına arxalanan Prezidentə milyonların sevgisi şəksizdir. Biz bunun 44 günlük Vətən Müharibəsi dövründə bir daha şahidi olduq. Dövlətimizin Başçısı, Ali baş Komandan İlham Əliyevə vətəndaşlar tərəfindən ünvanlanan, bugünkü gün də ardı-arası kəsilməyən saysız-hesabsız təşəkkür və minnətdarlıq məktublarında da bu sevgini şərtləndirən amillər öz əksini tapır.
Son 17 ildə Azərbayanın bütün sahələrdə qazandığı uğurlar bu fikri böyük inam və fəxrlə söyləməyə əsas verir ki, Prezident İlham Əliyev qurucu, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində dövlətin və xalqın maraqlarını ən ali məqsəd kimi qarşıya qoyan milyonların sevgisini qazanan, etimad göstərdiyi alternativsiz Liderdir.

Dövlətimizin başçısı İlham Əliyev daim bəyan edir ki, zaman, dövr dəyişir. Qarşıya yeni vəzifələr qoyulur. Təbii ki, onların icrası islahatların dərinləşdirilməsini bir tələb kimi qarşıya qoyur. Azərbaycanın bir qayda olaraq mötəbər beynəlxalq maliyyə qurumlarının hesabatlarında da ən islahatçı ölkə kimi yerini möhkəmləndirməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sistemli islahatların məntiqi nəticəsidir. Son 17 il bu məqama da işıq saldı ki, reallaşdırılan siyasətin mərkəzində vətəndaş amili dayanır. Məhz bu siyasətə sadiqliyin nəticəsidir ki, neft kapitalının insan kapitalına çevrilməsi bugünkü Azərbaycanın reallıqları sırasındandır.

Ölkəyə rəhbərlik etdiyi 17 ildə qazanılan uğurlar, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti hərbi təxribatına cavab olaraq “İrəli!” əmri əsasında bütün qüvvə və bacarığını səfərbər edən Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində xalqımızın milli qüruru özünə qayıtdı. Zəfər tarixini yazan cənab İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edən müzəffər Ali Baş Komandan kimi adını əbədi olaraq tarixə yazdı.

Prezident İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi hərb meydanında olduğu kimi, diplomatiya cəbhəsində də uğurlarımızı şərtləndirir. Belə ki, Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsi dövründə 30-a yaxın dünyanın nüfuzlu agentlik və televiziya kanallarına müsahibələrinin birində jurnalistin “Tarixdə necə qalmaq istərdiniz?” sualına cavabını bir daha yada salım. Prezident İlham Əliyev həmin cavabında dedi ki, mənim rolumun gələcəkdə necə qiymətləndiriləcəyi isə artıq bizim nəyə nail olacağımızdan, Azərbaycan xalqının iradəsindən asılı olaraq müəyyən ediləcək. Ona görə düşünürəm ki, bu məsələni o adamların mülahizəsinə saxlamaq lazımdır ki, onların fikri məndən ötrü bu və ya digər qərarların, o cümlədən Dağlıq Qarabağ məsələsi ilə bağlı qərarların qəbul edilməsində həmişə əsas olub.

Son zamanlar bütün xalq şahidi olur ki, cənab Prezidentin verdiyi bütün vədlər gerçəkliyə çevrilir. Azərbaycanı qarşıdakı illərdə daha möhtəşəm uğurlar gözləyir. Möhtərəm Prezidentimizin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərimiz tezliklə yenidən qurulacaq, yenidən canlanacaq, dirçələcək. Azərbaycanın ayrılmaz hissəsi və ən gözəl güşələrindən biri olan Qarabağ cənab Prezidentin dediyi kimi, əsl cənnət məkanına çevriləcək.
Milli Məclisdə iqtisadi komitədə təmsil olunduğum üçün əminliklə qeyd edə bilərəm ki, Azərbaycan son 17 il ərzində Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş və uğurlu siyasət nəticəsində inkişaf edərək regionun ən güclü dövlətinə çevrilib. Eyni zamanda son 17 ildə Azərbaycanın iqtisadiyyatına 260 milyard dollardan çox sərmayə yatırılıb. Beynəlxalq Valyuta Fondunun statistikasına görə, hazırda Azərbaycan iqtisadiyyatı alıcılıq qabiliyyətinə görə Cənubi Qafqaz regionunun ümumi iqtisadiyyatının 70 faizini təşkil edir.

44 günlük Vətən müharibəsi zamanı bütün dünya bir daha şahidi oldu ki, Azərbaycan həqiqətən də güclü dövlətdir, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzun illər ərzində həyata keçirdiyi ordu quruculuğu nəticəsində dünyanın ən güclü 50 ordusundan birinə çevrilən Azərbaycan Ordusu bu gün döyüş meydanında öz sözünü dedi və işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etdi.

Sevindirici haldır ki, Azərbaycan pandemiya dövründə də iqtisadi sahədə yaxşı nəticələr göstərir. Dövlətimizin başçısının bu il mayın 12-də Sumqayıtda “Gilan Tekstil Park” MMC-nin Tibbi Maska Fabrikinin və Tikiş Fabrikinin nəzdində fəaliyyət göstərən qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılış mərasimindəki çıxışından bir parçanı yada salaq:
“Bu gün dünyada 150-dən çox ölkə yardım üçün beynəlxalq maliyyə qurumlarına müraciət edib. Fəxrlə qeyd edim ki, Azərbaycanın bu siyahıda adı yoxdur. Biz o ölkələrdənik ki, öz gücümüzə dünyanı cənginə alan bu bəla ilə mübarizə aparırıq. Ümumdünya Səhiyyə Təşkilatına iki dəfə donor ianəsi etmişik. Belə ölkələrin sayı o qədər də çox deyil. Bu, bizim məsuliyyətimizi göstərir. Onu göstərir ki, biz pandemiyaya qarşı qlobal müstəvidə də fəal rol oynayırıq”.

Cənab Prezidentlə bağlı, onun 17 ildə ölkəmizdə gördüyü quruculuq işlərilə bağlı, iqtisadiyyatın inkişafı ilə bağlı, xalqın rifahı ilə bağlı, Ordu quruculuğu ilə bağlı uzun-uzadı yazmaq, dayanmadan danışmaq olar. Bütün fikirləri ümumiləşdirərək tam əminlə deyə bilərəm ki, cənab Prezident İlham Əliyev Azərbaycan xalqının alternativsiz Lideridir, ordumuzun alternativsiz Müzəffər Ali Baş Komandanıdır. Xalq öz Lideri ilə, ordu da öz Ali Baş Komandanı ilə fəxr edir. İllərdi yaşadığımız utanc hissindən bizi xilas etdiyiniz üçün var olun, cənab Prezident! Qədirbilən xalqımız hər zaman Sizin arxanızdadır. Sizin rəhbərliyiniz altında cənnətə çevriləcək işğaldan azad olunmuş torpaqlara dönəcəyimiz günü səbirsizliklə gözləyirik.

Məşhur Məmmədov,
Milli Məclisin deputatı
Azərbaycan Ağsaqqallar Şurası "YAŞAT" Fonduna 30 min manat ianə edibÖlkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə yaradılan “YAŞAT” Fonduna Azərbaycan Ağsaqqallar Şurası da ianə edib.

Avrasiya.net xəbər verir ki, Fondun məqsədi Vətən müharibəsi şəhidlərinin ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılmasıdır.

Bu xeyirxah və şanlı təşəbbüsə qoşulan Azərbaycan Ağsaqqallar Şurası “YAŞAT” Fonduna 30 min manat məbləğində ianə köçürüb.

Biz birlikdə güclüyük! Qarabağ Azərbaycandır!
Nazirdən şad xəbər - Gələn il pensiyalar artırılacaq“Növbəti ildə yaşa görə pensiyanın məbləği 370 manat olacaq. Əlilliyə görə pensiyanın məbləği isə 337 manata çatdırılacaq”.

Avrasiya.net xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında gələn ilin dövlət və icmal büdcələrinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Sahil Babayev Azərbaycanda 27 növ xidmətin elektron qaydada fəaliyyət göstərdliyini də diqqətə çatdırıb.
Prezident İlham Əliyev - Zəfər və qəhrəmanlıq simvoluAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev tarix yazan və qalib liderlərdəndir. Eyni zamanda, İlham Əliyevin spesifik cəhətlərindən biri də Onun patriotluq və quruculuq məharətidir.

Cənab İlham Əliyevin siyasi xəttinə, fəaliyyətinə nəzər saldıqda liderlik potensialının, edə biləcəklərinin sərhədlərini müəyyən etmək, təsəvvürə gətirmək mümkün deyil.

Prezident İlham Əliyev nadir şəxsiyyətlərdəndir ki, siyasi liderliklə yanaşı, zəfər qazanmış lider obrazını da Özündə birləşdirir. Bu isə İlham Əliyevin potensialının daha bir hüdudsuzluğunun göstəricisidir. Məhz buna görə də O, ən çıxılmaz məqamlarda, bəzən başqaları üçün həlli mümkünsüz görünən məsələlərdə belə qətiyyətlə məsuliyyəti Öz üzərinə götürür və məqsədinə çatır.

İlham Əliyev Prezident və siyasi Lider olaraq, dövlətin məsuliyyətini daşımaqla yanaşı, beynəlxalq və qlobal məsələlərdə də ciddi təsir gücünə malikdir.
Müasir dünyanın nüfuzlu siyasi liderlərindən biri olan Azərbaycan Prezidenti dəfələrlə milli maraqlar məsələsində güzəştsiz mövqedə olduğunu sübut edib. Bu da Onu digər siyasi xadimlərdən fərqləndirən əsas liderlik xüsusiyyətlərindəndir.

İlham Əliyevi başqalarından fərqləndirən bir çox üstün keyfiyyətləri var. Siyasətdə sistemlidir, səbrlidir, soyuqqanlıdır, təmkinlidir və dəqiqdir. Onun nəyi nə zaman edəcəyini, sadəcə, Özü bilir. Zəfərlə başa çatan Vətən müharibəsində də bir daha sübut etdi ki, hər şeyi doğru zamanda, doğru edir.

Qeyd etdiyimiz kimi, İlham Əliyev milli məsələlərdə güzəştə getməyən Liderdir. O, hakimiyyətə gələndən böyük zəfər gününə qədər, 17 il ərzində usanmadan, heç bir güzəştə getmədən Qarabağ məsələsində düşmən Ermənistana, onun havadarlarına, supergüclərə qarşı qətiyyətlə mübarizə apardı, Azərbaycanın haqq səsini dünyaya çatdırdı.
İlham Əliyev hakimiyyətə gələrkən xalq qarşısında söz verdiyi kimi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həlli istiqamətində Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu yüksək peşəkarlıq və uğurla davam etdirdi. Sonda hədəfinə çatdı, ata vəsiyyətini yerinə yetirdi, işğal olunmuş Azərbaycan torpaqlarını azad etdi.

Azərbaycan Prezidenti müharibəyə kimi ən geniş beynəlxalq arenalarda, ən yüksək kürsülərdən dəfələrlə bütün dünyaya bəyan etdi ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, Azərbaycan bu məsələdə heç bir güzəştə getməyəcək. Prezidentin 18 sentyabr 2006-cı ildə Antalyada keçirilən Türkdilli Dövlətlərin və Topluluqların 10-cu Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayında qətiyyətlə dediyi “Azərbaycan torpaqları danışıqların mövzusu ola bilməz” fikri Onun Dağlıq Qarabağ məsələsində nə qədər prinsipial, güzəştsiz olduğunun göstəricisidir. Bu prinsipiallığı Onun yalnız Ermənistana, hörümçək toru kimi dünyaya yayılmış erməni lobbisinə qarşı yox, həm də ikili standartlara, düşmənə himayədarlıq edən supergüclərə, dövlətlərə qarşı qətiyyətli mübarizəsi idi. Ona görə də 2016-cı ildə “Rossiya seqodnya” BİA-nın direktoru Dmitri Kiselyova müsahibəsində qətiyyətlə bildirirdi: “Biz heç bir zaman Dağlıq Qarabağa müstəqillik verilməsi ilə razılaşmayacağıq və erməni tərəfi də bunu əla bilir. Amma ağıllı kompromis mümkündür, Dağlıq Qarabağda əhalinin təhlükəsizliyinin, həyat fəaliyyətinin, özünüidarəsinin təmin olunması, Azərbaycan tərəfindən müxtəlif investisiya layihələrinin həyata keçirilməsi. Dağlıq Qarabağın hüdudlarından kənardakı ərazilərin azad olunması şərti ilə iki xalq arasında qarşılıqlı yolla sülh, bax, biz münaqişənin həllini belə görürük. Bunlar hazırda üzərində işlədiyimiz və vasitəçilərin irəli sürdüyü təkliflərlə uzlaşır. Dediyim kimi, Azərbaycanın ərazi bütövlüyü ətrafında kompromis ola bilməz”.

Bu, İlham Əliyevin yenilməyən qətiyyəti idi. Buna görə də Onun 3 oktyabr 2019-cu ildə Soçidəki “Valday” forumunda çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinə toxunaraq dediyi fikir dillər əzbəri oldu: “Mən Ermənistan baş nazirinin, təəccüb doğuran “Qarabağ Ermənistandır və nöqtə” bəyanatına toxunmaq istərdim. Birincisi, bu, yumşaq desək, yalandır. Qarabağ aranlı-dağlı bütün dünyada Azərbaycanın ayrılmaz hissəsi kimi tanınmışdır. Ermənistanın özü bu qanunsuz qurumu tanımır. Qarabağ əsl Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”.

İlham Əliyev var gücüylə məsələnin qansız, müharibəsiz həllinə çalışır, amma hər zaman müharibə yolunun da istisna olmadığını vurğulayırdı. O, tam əminliklə bildirirdi ki, istənilən yolla Azərbaycanın suverenliyi, ərazi bütövlüyü bərpa ediləcək. Dedi və etdi!
Dağlıq Qarabağ məsələsinə ikili standart tətbiq edən ölkələri açıq dillə, kəskin tənqid edən İlham Əliyev 15 noyabr 2003-cü ildə Avropa Parlamentinin Cənubi Qafqaz üzrə məruzəçisi Per Qartonu qəbul edərkən, “ATƏT-in Minsk qrupu uzun illərdir ki, bu məsələ ilə məşğul olur, amma əfsuslar olsun ki, heç bir nəticə əldə edilməmişdir. Hesab edirəm ki, bu münaqişənin həll olunması üçün ilk növbədə ikili standartlar siyasətinə son qoyulmalıdır, işğalçı dövlətdən işğal etdiyi torpaqlardan geri çəkilməsi tələb olunmalıdır”, - deyə bildirirdi.

Azərbaycan Prezidenti 2004-cü ildə BMT Baş Məclisinin 59-cu sessiyasında Qarabağ məsələsi ilə bağlı mövqeyini, qətiyyətini açıq şəkildə ortaya qoydu: “Beynəlxalq qurumun bir çox hallarda problemə qeyri-konstruktiv münasibəti münaqişənin aradan qaldırılmasına, sülhün əldə olunmasına deyil, əksinə Ermənistanın Azərbaycana qarşı növbəti ərazi iddiaları irəli sürməsinə, ümumilikdə regionda vəziyyətin daha da gərginləşməsinə zəmin yaradır. Belə ki, Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatına üzv qəbul olunduğu gündən etibarən dünya birliyi ölkələrini Ermənistanın yeritdiyi işğalçılıq, soyqırımı və etnik təmizləmə siyasətinin qarşısını almağa, dövlətimizin beynəlxalq hüquq normalarına əsasən, təsbit olunmuş hüquqlarının, məcburən daimi yaşayış yerlərini tərk etmiş vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsində konstruktiv mövqe tutmağa çağırsa da, beynəlxalq qurumların fəaliyyətsizliyi üzündən heç bir nəticə alınmamışdır”.

Bütün diplomatik danışıqlarda İlham Əliyev dəfələrlə vurğulayırdı ki, əgər sülh danışıqları nəticə verməzsə, lazım gələrsə Azərbaycan öz ərazi bütövlüyünü hərbi yolla bərpa edəcək. Bu səbəbdən də Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğının nəticəsində Azərbaycan Ordusu dünyanın ən güclüləri sırasına yüksəldi.

Təmkin, qətiyyət, zəka...

Bunun nəticəsidir ki, 27 sentyabr 2020-ci il Azərbaycan, region, hətta dünya üçün yeni tarixə çevrildi. Ermənistan növbəti dəfə təxribat törədərək yeni torpaqlar işğal etmək üçün Azərbaycana hücum etdi. Elə həmin gün Prezident İlham Əliyevin Sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi və dövlət başçısı iclasda qətiyyətlə dedi: “Bildiyiniz kimi, bu gün səhər tezdən Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı növbəti hərbi təxribat törətmişdir. Bu təxribat nəticəsində itkilərimiz var, həm mülki əhali, həm də hərbçilər arasında. Bu, bir daha onu göstərir ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti davam edir və bu siyasət Ermənistanın faşist mahiyyətini bütün dünyaya göstərir. Səhər tezdən məlumatı alan kimi, Mən Müdafiə naziri, digər aidiyyəti qurumların rəhbərləri ilə əlaqə saxladım, müvafiq göstərişlər verdim və bu göstərişlər əsasında hazırda Azərbaycan Ordusu genişmiqyaslı əks-hücum əməliyyatına başlamışdır”.

Bundan sonra Prezidentin bir çağırışı ilə Azərbaycan xalqı Ali Baş Komandanla həmrəylik, birlik, inam, etibar, yüksək vətənpərvərlik, əzmkarlıq nümayiş etdirərək bir nəfər kimi dövlət başçısının yanında olduğunu göstərdi. Əli silah tutan hər kəs ordu sıralarına yazılmaq üçün növbəyə durdu. Bu, yeni şanlı tarixin başlanğıcı, İlham Əliyevin uğurlu siyasətinin nəticəsi və böyük Liderin qələbəsi idi. Bu siyasətin, bu birliyin nəticəsində yenilməz Azərbaycan Ordusu 44 gün ərzində işğal olunmuş torpaqları azad, düşməni isə darmadağın etdi. Dövlət-xalq-ordu birliyi, İlham Əliyev siyasəti, xalqın Liderinə olan inamı, Azərbaycan əsgərinin yüksək peşəkarlığı qarşısında Ermənistan kapitulyasiyaya məcbur oldu.

Prezident İlham Əliyev Azərbaycanın haqlı mövqeyini bütün dünyaya faktlarla çatdırdı

Bəzi ölkələr və onların media quruluşları tərəfindən Azərbaycana qarşı qərəzli informasiya müharibəsi başladıldı. Məkrli ermənipərəst jurnalistlərin Prezidentə verdiyi təxribat xarakterli suallar, əslində, onların təmsil etdikləri dövlətlərdəki ermənipərəst dairələrin mövqeyi idi. Hər tərəfdən Azərbaycana, onun Liderinə hücumlar edilirdi. İlham Əliyev isə öz növbəsində, verdiyi təmkinli, soyuqqanlı cavablarla onları susdurur, hücumları dəf edir, Azərbaycanın bu mübarizədə haqlı olduğunu bir daha bütün dünyaya faktlarla sübut edirdi.

Məsələn, oktyabrın 28-də Almaniyanın “ARD” televiziya kanalının jurnalistinin suallarına cavabında İlham Əliyev onlara ədalət dərsi verdi. Jurnalistin “Biz orada, bu ərazidə olduqda bizdə bir sual ortaya çıxdı. Nəyə görə Qarabağ Azərbaycan üçün belə önəmlidir? Orada resurslar var, yoxsa bu, bir rəmzi məna daşıyır?” sualına cavabında Prezident bildirdi: “Elzas və Lataringe sizin üçün önəmlidir? Bavariya sizin üçün önəmlidir? Yaxud Reyn-Vestfaliya? Bu, bizim torpaqdır, beynəlxalq səviyyədə tanınan bizim ərazimizdir. Bu, resurslar məsələsi deyil. Əsas resurslar burada, Bakıdadır. Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir. Beynəlxalq hüquq və bütün beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Biz ədaləti bərpa edirik və biz BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra edirik”.
Yaxud 25 oktyabrda ABŞ-ın “Fox News” televiziya kanalından jurnalist qərəziylə verilən “...Bir çox məlumatlara görə, sentyabrın 27-də - müharibənin bu ən son mərhələsində Dağlıq Qarabağ regionunda nisbi sülh var idi, müəyyən növ diplomatik çərçivə var idi, insanlarda bu münaqişənin həll edilməsi ilə bağlı ideya var idi, lakin Sizin qüvvələr döyüşlərə başladı. Nəyə görə Siz indi hərəkətə keçməyə qərar verdiniz?” sualına cavabda Azərbaycan Prezidentinin siyasi Lider kimi nə qədər hazırlıqlı və soyuqqanlı, amma sərrast cavabının şahidi olduq: “Sentyabrın 27-də döyüşlərə başlayan Azərbaycan olmamışdır. Bu vaxta kimi heç bir ölkənin rəsmi nümayəndəsi bu məsələni bizim qarşımızda qaldırmayıb. Sentyabrın 27-də hücuma keçən Ermənistan olmuşdur və məqsəd danışıqlar prosesini tamamilə pozmaq idi. Onlar az və ya çox eyni hərəkəti iyul ayında da etmişdilər. O zaman onlar Ermənistan-Azərbaycan dövlət sərhədində bizim qüvvələrimizə hücum etdilər. Onlar acı məğlubiyyətlə üzləşdilər. Sonra onlar avqustda hərbi mövqelərimizə nüfuz etmək, mülki şəxslərimizə və hərbi qulluqçularımıza hücum etmək üçün diversiya qrupu göndərdilər. Sentyabrın 27-də onlar ağır silahlardan artilleriya bombardmanına başladılar və hücumun ilk saatlarında bizdə mülki şəxslər və hərbi qulluqçular arasında qurbanlar olmuşdur. Bu vaxta kimi mülki şəxslər arasında 63 nəfər öldürülmüşdür və demək olar ki, 300 nəfər mülki şəxs yaralanmışdır. Beləliklə, bu hücuma başlayan Ermənistan idi, biz özümüzü müdafiə etməli və cavab verməli idik. Bizim cavabımız çox adekvat olmuşdur və nəticədə biz işğal olunmuş ərazilərin mühüm hissəsini azad edə bildik”.

Beləliklə siyasi arenada, döyüş meydanında olduğu kimi, İlham Əliyev informasiya cəbhəsində də rəqibləri, Azərbaycanın haqq işinə qərəzli yanaşanları dərhal və faktlarla susdururdu.

Prezident müsahibələrində birbaşa dövlətlərin adını çəkərək cəsarətlə onların Dağlıq Qarabağ münaqişəsinə qərəzli, ikili standartlarla yanaşmasını sərt üslubda tənqid edirdi. Azərbaycan Prezidenti oktyabrın 4-də “Əl-Ərəbiyə” televiziya kanalına müsahibəsində Fransanın qərəzli mövqeyinə qarşı sərt münasibət bildirərək dedi: “Biz burada öz torpağımızdayıq. Bizim torpağımız işğal olunub. Əgər Fransa Dağlıq Qarabağ üçün öz müqəddəratını təyinetmə istəyirsə, qoy onlar demək olar ki, sakinlərinin yarısı ermənilərdən ibarət olan Marsel şəhərini onlara versinlər və onlara Dağlıq Qarabağ Respublikası elan etməyə icazə versinlər və qoy onlara müstəqillik versinlər. Qoy Korsikaya müstəqillik versinlər, qoy basklara müstəqillik versinlər. Niyə onlar bizdən Dağlıq Qarabağ üçün müstəqillik tələb edirlər? Onların bunu bizdən tələb etməyə nə haqqı var? Onlar bu ittihamları dayandırmalıdırlar”.

Ali Baş Komandan Azərbaycan üçün yeni bir tarix yazılan bu dönəmdə o qədər uzaqgörən və çevik siyasət yürüdürdü ki, kimsə, heç bir güc Azərbaycanı sübutlarla, faktlarla beynəlxalq hüququ pozmaqda, ədalətsizlikdə ittiham edə bilməzdi.

Liderə sonsuz inam, sevgi və xalq-Lider birliyi
Müharibə ərzində İlham Əliyevin hər bir çıxışı xalqın əzmkarlığını, mübarizə ruhunu yüksəldirdi. Prezidentin çıxışları uşaqdan böyüyə dillər əzbərinə çevrildi. Hər kəs Prezidentin verəcəyi qələbə mesajlarını səbirsizliklə gözləyirdi. Bu Lider-Xalq birliyinin, inamın, sevginin yüksək göstəricisi idi. Artıq Prezidentin çıxışlarında göstərdiyi yumruq qələbənin, dövlət-xalq-ordu həmrəyliyinin simvoluna çevrilmişdi.

Nəhayət, 44 gün sonra noyabrın 10-da Qarabağda hərbi əməliyyatların dayandırılması və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatı imzalandı. Bu, düşmənin kapitulyasiyası, məğlub tərəfin yalvarışı, aman diləməsi, Azərbaycanın və onun Liderinin isə qəti qələbəsi idi.

Dekabrın 10-da “Dəmir yumruq” - Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəsinə həsr olunmuş Zəfər paradı dosta qürur, düşmənə göz dağı oldu. Özəlliklə müharibəboyu əsl dostluq, qardaşlıq nümayiş etdirərək, hər kəsə qarşı bizi qətiyyətlə, səmimiyyətlə müdafiə edən, Azərbaycanın yanında olduğunu bildirən, ölkəmizin haqqının müdafiəsində kimsəyə güzəştə getməyəcəyini bəyan edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu Zəfər paradında İlham Əliyevlə birlikdə olması bütün dünyaya xüsusi mesaj oldu. Danılmaz faktdır ki, iki dövlət arasındakı bu tarixi yaxınlaşmada, səmimiyyətdə də məhz İlham Əliyev siyasətinin, liderliyinin böyük rolu var.

Beləliklə, İlham Əliyev həm siyasi arenada, həm də döyüş meydanında zəfər qazanan, Azərbaycan torpaqlarını 30 illik işğaldan 44 günə azad edən, ərazi bütövlüyümüzü bərpa edən böyük Sərkərdə kimi tarixə düşdü. Yeni tarix yazıldı, Azərbaycanda yeni mərhələ başladı, İlham Əliyev Azərbaycanın zəfər və qəhrəmanlıq simvoluna çevrildi!

Rufiz Qonaqov
Azərbaycan Respublikasının
Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, BMAM sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru


Yeniazerbaycan.com
Töhmətkeçirməz direktor: Onu kim himayə edir?Maştağadakı 187 saylı məktəbin direktoru Nailə Məmmədova yenidən medianın və sosial şəbəkələrin gündəminə çevrilib. Bu xanım direktor noyabrda özünə 60 illik yubiley mərasimi keçirib – dəbdəbəli, çal-çağırlı. Hətta ölkənin tanınmış müğənnisi də orda iştirak edib, oxuyub, şənlənib.

Pandemiya da cəhənnəm olsun, koronavirus da. Amma 44 günlük Vətən müharibəsində verdiyimiz 2800 şəhiddən sonra bir məktəb direktorunun özünə ad günü keçirməsi təkcə “qanun pozuntusu” deyil, həm də bir mənəviyyat məsələsidir. Bir insan, bir təhsil işçisi – o, həm də bir təhsil ocağının rəhbəridirsə - bu qədər şəhidin olduğu, ailələrdə yas tutulduğu bir vaxtda təmtəraqlı yubiley keçirməyi özünə necə rəva bilər? Özünə necə sevə-sevə brilyant sırğa taxa, hədiyyələr qəbul edə bilər?

Bu şəxs özünə hesabat verirmi? Bu müharibədə “bəs mən nə etdim”, “bəs mən nə edirəm” sualını özünə veribmi? Qulağına sırğa taxan, bahalı villaları, torpaq alveri, sələmçiliyi ilə məşhur olan bu xanım sərvətindən bircə qırığını o şəhid ailələri, əsgərlərimiz üçün xərcləyibmi? Silahlı Qüvvələrə ianə edibmi?

Əmin ola bilərsiniz ki, o, könüllü heç nə etməyib – bəlkə də TN-in təlimatı ilə hansısa kampaniyada olub. Ancaq indiki zamanda özünə toy səviyyəsində yubiley çaldıran bir məktəb direktorunun mənəvi kimliyi onun xeyriyyə və vətənpərvərlik aksiyasında könüllü və könüllə iştirakını istisna edir.

Oysa bu direktor çoxdan məşhurdur: hələ 3 il öncə jurnalisti təhqir etməsi barədə məlumat yayılanda, yaxud 2 il öncə bir jurnalistin “qaçmaması üçün” onu yıxıb, üstündə oturduğu barədə məhkəmədə verdiyi ifadəsində Nailə xanımın kimliyi Azərbaycana bəlli olmuşdu.

O töhmət aldı, ancaq işinə davam edir. Ötən gün isə “şiddətli töhmət” alıb, amma yenə də bu xanım iş başındadır.

Nədir məsələ? Onun işinə davam etməsi üçün hansı yüksək pedoqoji keyfiyyəti, mənəvi xüsusiyyətləri var? Niyə bu şəxs 3 ildir sosial şəbəkələrin və medianın ən sərt tənqidinə tuş gəlməsinə baxmayaraq, hələ də vəzifəsinə davam edir? Kimdir onun himayədarı?

Çox maraqlıdır, daha hansı addımı atmalıdır ki, insanın bir təhsil ocağının rəhbəri olmaq üçün mənəvi xarakterə malik olmadığı üzə çıxsın? Onun dili, özünüifadəsi, danışıq tərzi, mədəniyyəti… – artıq 3 ildir hamıya bəllidir. Üstəlik, 2803 şəhidimizdən sonra adamın özünə ad günü keçirməsi ilə həm də hansı mənəviyyat sahibi olduğu üzə çıxdı.

Nailə xanımın kimin sayəsində və hansı imtiyaz limiti var? Daha nə etməlidir? Yoxsa “ən şiddətli”, “daha şiddətli”, “dəhşətli dərəcədə şiddətli” töhmət limiti də var ki, onları da “doldurandan” sonra yola salınmalıdır?..

Şeyx Teymur