Qarabağ əhalisinin sayı açıqlandı - StatistikaAzərbaycanın Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi rayonları üzrə əhalisinin ümumi sayı 947,2 min nəfərdir.

Dövlət Statistika Komitəsindən Avrasiya.net-ə verilən məlumata əsasən, Yuxarı Qarabağ iqtisadi rayonu üzrə əhalinin cəmi sayı 687,7 min nəfərdir. Regionun şəhər əhalisinin sayı 222,4 min, kənd əhalisinin sayı isə 465,3 mindir.

Yuxarı Qarabağ regionu üzrə Cəbrayıl, Füzuli, Ağdam, Tərtər, Xocalı, Şuşa, Xocavənd və Xankəndi şəhərindən olan əhalinin sayı təsnif edilib. İqtisadi rayon üzrə cəmi əhali sayı 687,7 mindir. Şəhər əhalisinin sayı 222,4 min nəfər, kənd əhalisinin sayı 465,3 min nəfərdir.

Kəlbəcər-Laçın iqtisadi rayonu üzrə Kəlbəcər, Laçın, Qubadlı və Zəngilan rayonu üzrə əhalinin sayı təsnif edilib. İqtisadi rayon üzrə cəmi əhali sayı 259,5 min nəfərdir. Şəhər əhalisinin sayı 57,2 min, kənd əhalisinin sayı isə 202,3 mindir.

Biz necə qalib gəldik... – Zabit-jurnalist ön cəbhədən yazdıSabah Müzəffər Azərbaycan Ordusunun Ali Baş Komandanı, Prezident İlham Əliyevin doğum günüdür. Bu münasibətlə Vətən Savaşındakı möhtəşəm zəfərimiz barədə bir neçə kəlmə qısaca demək istəyirəm.

Biz bu müqəddəs savaşda ona görə qalib gəldik ki:

1) Azərbaycanın müstəqillik illərində xalqımız öz passionar enerjisini bərpa etmiş, bu enerji döyüş meydanında Silahlı Qüvvələrimizin şəxsi heyətinin rəşadətinə çevrilmişdi. Ordu elə yerdir ki, orada ən müxtəlif kateqoriyadan insanlar olur. Bu vətən savaşında mən çox üzlər və tiplər gördüm, amma "Qarabağ Azərbaycandır!" deməyən kimsəyə rast gəlmədim.

2) Azərbaycan Ordusu mükəmməl və müasir silahlara malik idi. Şəffaf yolla aldığımız bu silahlar, xüsusən də "Bayraqdar" düşmənə dərinliklərdə zərbə endirməyə imkan verdi. İşğalçı ordunun arxadan təminatının məhv edilməsi ön cəbhədə istehkamlarının yarılmasını sürətləndirdi.

3) Zamanlama mükəmməl idi. Dünyanın başı pandemiyaya, ABŞ-ın başı seçkilərə qarışmışdı. Türkiyə birmənalı olaraq yanımızda, Rusiya isə ən azı döyüş meydanında qarşımızda deyildi. Ermənistan təkləndi və təslim oımaqdan başqa bir yolu qalmadı.

4) Azərbaycan düşmənə qarşı hibrid müharibə apardı, ən müxtəlif təyinatlı silahlı birləşmələrimiz kombinə olunmuş şəkildə, tapşırıqları düzgün inteqrasiya olunaraq işğalçı ordunun üstünə yeridi. Bu əsl milli mücadilə idi. Sadəcə ön cəbhədə deyil, arxa cəbhədə də gerçək qəhrəmanlar üzə çıxdı.

5) Bütün bu şəraiti yaradan, dəngələri quran, koordinasiya edən və yönəldən öz yüksək liderlik və sərkərdəlik qabiliyyəti, diplomatik məharəti ilə İlham Heydər oğlu Əliyevdir.

Baş qazimizə, zəfər yürüşümüzün bayraqdarına eşq olsun!

Taleh Şahsuvarlı,
Hazırda ön cəbhədə olan zabit, “Aznyus.az” portalının baş redaktoru
İlham Əliyev Azərbaycan xalqını çiyinlərində olan yükdən azad etdiPrezident seçildiyi ilk gündən “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” deyən Ali Baş Komandan, Prezident İlham Əliyevin hakimiyyətdə olduğu 17 ilə nəzər saldıqda bir daha əmin oluruq ki, o, həqiqətən də hər birimizin Prezidenti olmaq üçün mümkün olanın artığını edib, edir və edəcək də.

Cənab Prezident Azərbaycanı etibarlı tərəfdaş, regionda və dünyada müstəqil xarici siyasət yürüdən bir aktor kimi tanıtdı. 44 günlük Vətən müharibəsi dövründə də Ali Baş Komandan bütün siyasi təzyiqlərə və təhdidlərə sinə gərərək Qarabağın işğaldan tam azad olunması üçün bütün lazımi adımlları atdı.

Həqiqətən də İlham Əliyev prinsipiallıq, yenilməz iradə nümayiş etdirib Azərbaycan xalqını çiyinlərində olan yükdən azad etdi. Azərbaycan xalqının milli maraqlarını qətiyyətlə müdafiə etdi, məqsədyönlü, ardıcıl siyasət apardı və bütün bunların nəticəsi olaraq tarixi Qələbə qazandıq. Məhs Prezidentin yürütdüyü siyasət nəticəsində döyüş meydanında əldə etdiyi parlaq Qələbə gözəl nəticəyə gətirib çıxardı.

Ali Baş Komandan kimi illərdir ki, Azərbaycan Ordusunu düşməni son nəfəsinə qədər məhv etməyə qadir olan, Müzəffər bir Ordu kimi formalaşdırmağı bacardı. Bunun nəticəsində Azərbaycan xalqı 30 illik yurd nisgilindən sonra, nəhayət ki, Qarabağda qəhrəman bir savaşla işğal tarixi zəfər qazandı, üzücü işğal dövrünə son qoydu. Müzəffər Ordumuzun sentyabrın 27-dən başlayan davamlı hərbi qələbələri cəmi 44 gündən sonra təcazvüzkar dövlətin hərbi-siyasi rəhbərliyini ölkəsinin məğlubiyyətini rəsmiləşdirən 10 noyabr tarixli Rusiya - Azərbaycan - Ermənistan bəyanatını imzalamağa məcbur etdi. Azərbaycan dövləti öz iradəsi və gücü ilə BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın müddətdə kağız üzərində qalan qətnamələrinin icrasına nail oldu.

Bu Qələbə gözlənilən idi. Uşaqdan böyüyə hər kəs Dağlıq Qarabağ cəbhəsində yenidən hərbi əməliyyatların başlayacağı təqdirdə Ermənistanın biabırçı məğlubiyyətə uğrayacağına əmin idi. Çünki Ali Baş Komandan elə bir ordu yaratdı ki, onun qarşısında Ermənistanın tab gətirməsi mümkün deyildi.

Sabah o Sərkərdənin doğum günüdür. Bəli, tarix yazan Sərkərdə. Ali Baş Komandanım, Sizi doğum gününüz münasibətilə təbrik edir, ali dövləti vəzifənizdə uğurlar arzulayır, cansağlığı diləyirəm. Allah Sizi qorusun. Əmin olun ki, bu gün Azərbaycan xalqı Sizin arxanızda bir yumruq kimi birləşib.

Ayşən Fəxrəddinqızı
İctimai fəal, İlhamla Mehribanla Azərbaycan Naminə (İMAN) İctimai Birliyin təsisçisi
190 manat alan şəxs bu cür xəbərdar ediləcəkBirdəfəlik ödəmə cari ilin ötən dövründə bu ödəməni almış şəxslərə təsdiq edilmiş qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra ödənəcək və ödəməni almaq üçün həmin vətəndaşların təkrar müraciətinə ehtiyac yoxdur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Avrasiya.net-ə verilən məlumata görə, ödəmə birdəfəlik şəkildə həyata keçiriləcək və banklar tərəfindən verilmiş bank kartlarına köçürüləcək. Vəsait köçürüldükdən sonra bu barədə vətəndaşlara SMS vasitəsilə rəsmi bildiriş göndəriləcək.

Bu növbəti birdəfəlik ödəmə proqramının 600 minə yaxın şəxsi əhatə edəcəyi proqnozlaşdırılır.

Xatırladaq ki, bu ilin aprel-may aylarında işsiz və xüsusi karantin rejiminə görə gəlirini itirən qeyri-formal işləyən şəxslərdən ibarət aztəminatlı 600 min şəxsə, sonralar sərtləşdirilmiş karantin rejimi tətbiq olunan rayonlar üzrə 3-cü, 4-cü və 5-ci dəfə birdəfəlik ödəmələr verilib.

Ümumilikdə cari ildə 190 manat birdəfəlik ödəmələrin verilməsi üçün 350 milyon manatdan artıq vəsait sərf olunub.
İlham Əliyev Qubadlıda - VideoAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qubadlı rayonuna səfər edib.

Avrasiya.net xəbər verir ki, bu barədə sosial şəbəkələrdə videoməlumat paylaşılıb.

Qubadlıda hərbçilərlə görüşən dövlət başçısı Azərbaycana məxsus torpaqların müharibə yolu ilə qaytarıldığını xüsusi vurğulayıb.

“Qarabağ danışıqlar yolu ilə yox, döyüş meydanında əldə edildi. Danışıqlar yoluna qalsaydı, hələ 30 il də davam edəcəkdi. Bizim başımızı aldadırdılar. Amma görün, 27 ildə ermənilər özləri üçün burada qəsəbə salıblar. Xaricdən ermənilər gətiriblər. Gördülər bizim gücümüzü. Hesab edirdilər ki, əbədi bizim torpaqlarımızda oturacaqlar, bizə meydan oxuyacaqlar. Səbrimiz tükəndi, dedik, irəli. Məğrur Azərbaycan əsgəri özü gücünü bütün dünyaya göstərdi. İndi mənə məlumat verilir ki, dünyanın aparıcı ölkələrinin ali məktəblərində bizim döyüş taktikamız öyrənilir. Bu bir yenilikdir. 21-ci əsrin müharibəsidir. Həm peşəkarlıq, həm iradə, həm milli ruh, həm də qəhrəmanlıq hesabına torpaqlarımızı işğalçılardan azad etmişik”.
Cəbhədə döyüşmüş bu şəxslərə 1080 manat veriləcək“Sentyabrın 27-dən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hərbi xidmətə çağırılmış və könüllü cəbhəyə getmiş hərbçilərə aylıq 360 manat veriləcək”

Avrasiya.net xəbər verir ki, bunu Xəzər TV-nin “Birinci Studiya” verilişində Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı deyib. O bildirib ki, bu, hər bir hərbçiyə şamil olunacaq.

“Hərbçilərə hər ay üçün 360 manat ödəniləcək. Yəni hər bir hərbçi 3 ay üçün 1080 manat alacaq. Prezident İlham Əliyevin xüsusi tapşırığı ilə Maliyyə Nazirliyi tərəfindən bu məqsədlə 50 milyon manat ayrılıb”.

F. Ağamalı əlavə edib ki, dekabrdan sonra da hərbi xidmətini davam etdirən hərbçilərə hər ay üçün 360 manatın ödənilməsi davam etdiriləcək.
Ölkəmizdə koronaya yoluxanların sayı açıqlandıAzərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 334 yeni yoluxma faktı qeydə alınıb, 4 461 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 46 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 208 211 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 151 660 nəfər müalicə olunaraq sağalıb, 2 340 nəfər vəfat edib, aktiv xəstə sayı 54 211 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 599 , bu günə qədər isə ümumilikdə 2 102 957 test icra olunub.

Əli Nağıyev Şuşada açılış etdi - VideoAzərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Şuşa rayon idarəsinin (Rİ) yeni inzibati binasının təntənəli açılışı olub.

Avrasiya.net DTX-nin saytına istinadən xəbər verir i, tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev, Xidmətin kollegiya üzvləri, Şuşa Rİ-nin əməkdaşları, digər hüquq mühafizə orqanlarının və ərazi üzrə qarnizonun yüksək rütbəli zabitləri iştirak ediblər.

Əvvəlcə binanın qarşısında 1993-cü ildə düşmən işğalı nəticəsində üç yaşında ikən ailəsi ilə birlikdə Şuşa şəhərini tərk etməyə məcbur qalmış, hazırda DTX-də xidmət edən leytenant U.Bəylərov Dövlət bayrağını qaldırmışdır. Dövlət himni səsləndirilmişdir.

Binanın açılışını bildirən rəmzi qırmızı lent kəsildikdən sonra tədbir iştirakçıları foyedə müstəqil Azərbaycanın qurucusu və memarı Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə ehtiramlarını bildirərək abidəsi önünə gül dəstələri qoymuşlar. Həmçinin Ulu Öndərin və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dövlətçilik fəaliyyətini, Azərbaycan təhlükəsizlik orqanlarının tarixini əks etdirən fotostendlərə baxmışlar.

Tədbir iştirakçıları Azərbaycan Respublikasının hüquq mühafizə siyasətinin Dağlıq Qarabağ ərazisində uğurla həyata keçirilməsinin növbəti təcəssümü olaraq DTX Şuşa Rİ-nin müasir üslubda təmir edilmiş yeni inzibati binasının otaqları və əməliyyatçıların iş şəraiti ilə tanış olmuşlar.

DTX-nin kollegiya üzvlərinin və Şuşa Rİ-nin rəhbərliyinin iştirakı ilə keçirilmiş xidməti müşavirədə çıxış edən general-polkovnik Əli Nağıyev bildirmişdir ki, Ulu öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı möhtərəm Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə müstəqil Azərbaycan bütün sahələrdə durmadan inkişaf edir, günbəgün daha da qüdrətlənir. Bunun parlaq nümunəsi kimi 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın Müzəffər sərkərdəliyi altında xalqın və dövlətin sarsılmaz birliyi nəticəsində rəşadətli Ordumuz torpaqlarımızı düşmən işğalından azad etmiş, Azərbaycanın çoxəsrlik tarixinin və hərbi uğurlarının yeni şanlı və şərəfli səhifələrini yazmışdır.

Dövlət başçısı tərəfindən hüquq mühafizə orqanlarının inkişafına daim diqqət göstərildiyini vurğulayan general-polkovnik Əli Nağıyev, DTX Şuşa Rİ-nin yeni inzibati binasının istifadəyə verilməsinin də məhz bu qayğının bariz göstəricisi olduğunu qeyd etmişdir. DTX-nin rəisi əməkdaşların məsuliyyətli, eyni zamanda böyük etimad olaraq Şuşa şəhərində öz xidmətlərini daha səmərəli və peşəkar təşkil etmələri üçün yaradılan yüksək şəraitə, eləcə də müasir maddi-texniki təminata və təchizata görə Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını bildirmişdir. Xidməti müşavirədə DTX Şuşa Rİ-nin şəxsi heyəti qarşısında konkret vəzifələr qoyulmuşdur.

General-polkovnik Əli Nağıyev Şuşa Rİ-nin əməkdaşlarını bu əlamətdar hadisə münasibətilə bir daha təbrik etmiş və uğurlar arzulamışdır.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Şuşa qarnizonunda xidmət edən hərbi qulluqçular ilə görüşmüş, onlara DTX-nin bayram sovqatları təqdim edilmişdir. Sonra tədbir iştirakçıları Şuşa şəhərində qulluq keçən hərbçilər üçün DTX-nin Mədəniyyət mərkəzi tərəfindən məşhur Cıdır düzündə 30 ildən sonra ilk dəfə təşkil olunmuş konsert proqramına tamaşa etmişlər.
İsrail Azərbaycana tibbi avadanlıqlar yardım etdiİsrail səfirliyi Azərbaycan xəstəxanalarına tibbi avadanlıqlar təqdim edib.

Avrasiya.net-in xəbərinə görə, bu barədə səfirliyinin rəsmi "Twitter" hesabında bildirilib.

"İsrail səfirliyi Azərbaycan hökuməti ilə tibbi və humanitar əməkdaşlığı gücləndirir. Səfirlik TƏBİB vasitəsi ilə Azərbaycan xəstəxanalarını qabaqcıl tibbi avadanlıqlarla təmin edib", -deyə səfirlik qeyd edib.

Məşhur həkim “buzlu şüşə” haqqında bilinməyənləri açdıAzərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq Aydın Əliyev koronavirusun səbəb olduğu “buzlu şüşə”, “buzlaşma”, “kristallaşma”, “buz kristalları” sözlərinə aydınlıq gətirib.

Ekspert bu sözlərin hamısının xəstəlikdə istifadə olunmasının yanlış olduğunu qeyd edib. Həkim bildirib ki, KT müayinəsində aşkar edilən dəyişikliyin adı “buzlu şüşə mənzərəsi”dir:

“Bu, buzlaşma, kristallaşma, buz kristalları deyil! Bu, görüntüdür, əlamətdir və COVID-19 xəstəliyindən illər öncədən radioloqların demək olar ki, hamısının istifadə etdiyi bir termindir. KT və rentgen müayinəsində istifadə edilən x-şüaları (Rentgen şüaları) normal, hava ilə dolu ağciyərlərdən rahatlıqla keçir və bu, şəffaflıq adlanır. Çünki normal ağciyərlər x-şüaları üçün şəffaf mühitdir. Bəzi ağciyər xəstəliklərində, eləcə də ağciyərlərdə dəyişiklik yaradan koronavirus xəstəliyində (əgər virus yuxarı tənəffüs yollarından aşağı tənəffüs yollarına - kiçik bronxlara, alveollara, oradan da damarlara keçirsə) bronx divarlarında iltihabi qalınlaşma, alveollarda iltihab və digər dəyişikliklərlə əlaqədar olaraq oradakı havanın yerinə maye toplanır. Əgər bu proses ağciyərlərdə kiçik sahələri əhatə edirsə, yəni şüaların keçməsinə çox maneə yaratmırsa, rentgen müayinəsində ağciyərlər aldadıcı normal görünə bilər. Ağciyərlərdəki havalılığın azalması 20%-dən çox olmalıdır ki, rentgen müayinəsində aşkar edilə bilsin. KT müayinəsində isə həssaslığı çox olduğundan həmin o alveollardakı havanın yerinə daxil olmuş az miqdarda maye və iltihabi qalınlaşmaları göstərir.

İndi görək necə göstərir? Bu dəyişikliklər şüaların bir hissəsinin ağciyərdən keçməsinə mane olur, həmin o maye və qalınlaşmış hissələr şüaların bir hissəsini udur, absorbsiya edir. Bunun nəticəsində əvvəldə qeyd etdiyimiz şəffaflıq təmiz deyil, bulanıq görsənir. Sanki təmiz şüşə kimi yox, buzlanmış şüşə kimi görünür və “buzlu şüşə mənzərəsi” adlanır. Yəni ağciyərlərdə heç bir buzlaşma, kristallaşma getmir! Obrazlı şəkildə belə adlanır. Proses dərinləşərsə, daha böyük sahəni əhatə edir və alveollardakı mayenin qalınlaşmaların miqdarı və zədələnmiş sahələrin sayı artarsa, o zaman konsolidasiya-Rentgen və KT-də intensiv kölgəliklər görünür. Yəni konsolidasiya-intensiv kölgəliklər görüntüsü “buzlu şüşə mənzərəsi”ndən daha ağır vəziyyətdir. O ki, qaldı % dərəcəsinin göstərilməsinə, burada heç bir problem yoxdur, əksinə “buzlu şüşə mənzərəsi”nin % dərəcəsinin göstərilməsi xəstəyə və müalicə həkiminə köməkdir”.