Ruslar yeni xəritə yaydı: Laçın dəhlizi ayrıca zona oldu - FotoRusiya Müdafiə Nazirliyi Qarabağda həyata keçirilən sülhməramlı missiyasının 17 dekabra olan yeni xəritəsini açıqlayıb.

Axar.az xəbər verir ki, yenilənmiş xəritə Rusiya Müdafiə Nazirliyinin sülhməramlı missiya ilə bağlı yaradılmış bölməsində yerləşdirilib.

Yenilənən xəritədə Laçın dəhlizi sülhməramlılar üçün ayrıca patrul zonası kimi təqdim olunub.

Bundan başqa rus sülhməramlılarının şimalda Tərtər rayonu istiqamətində nəzarəti bir az genişləndirdiyi aydın görünür.
Keçmiş rəis koronadan vəfat etdiUzun illər Daxili İşlər Nazirliyinin Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisinin rəisi işləyən Alim Şadıyev yeni növ koronavirus infeksiyasından vəfat edib.

Avrasiya.net-in Report-a istinadən verdiyi məlumata görə, mərhum bu vəzifədə 18 il işləyib.

A.Şadiyev əmək fəaliyyətinə Dağıstanın Mahaçqala şəhərində polis orqanlarında işləməklə başlayıb.

1990-cı ildə Quba Rayon Polis Şöbəsində inspektor, 1991-ci ildən 2009-cu ilədək Quba DYP-nin rəisi vəzifəsində çalışıb.

Allah rəhmət eləsin!
Azərbaycanla İran “Ordubad” və “Marazad” SES-nin tikintisini müzakirə edib“Ordubad” və “Marazad” Su Elektrik Stansiyalarının tikintisi və istismarı haqqında” Sazişlə tərəflərə həvalə edilmiş tapşırıqların, habelə “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” Sazişin müvafiq maddələrində nəzərdə tutulmuş tədbirlərin müzakirəsi məqsədilə müvafiq Texniki Komissiyaların növbəti görüşü dekabrın 14-16-da Naxçıvan Muxtar Respublikasında keçirilib.

Energetika Nazirliyindən Avrasiya.net-ə verilən məlumata görə, iclasların əsas müzakirə mövzuları “Xudafərin” bəndində İran İslam Respublikası tərəfindən görülmüş işlər, su altında qalan Azərbaycan ərazilərinə dəyən ziyanın dəqiqləşdirilməsi və digər məsələlər olub.

Görüşlər çərçivəsində, həmçinin, “Ordubad” Su Elektrik Stansiyasının tikintisi aparılan əraziyə yerində baxış keçirilib və daha sonra tikinti prosesinin sürətləndirilməsi ilə bağlı geniş müzakirələr aparılıb.

Eyni zamanda “Marazad” SES-in tikilməsi ilə əlaqədar əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Görüşlərin davam etdirilməsi planlaşdırılır.
Azərbaycanlıların Xankəndiyə qayıdışı erməniləri NARAHAT EDİRXankəndi şəhərindən olan azərbaycanlıların sayı 12 024 nəfərdir.

Avrasiya.net-in məlumatına görə, bu barədə Azərbayacn respublikası Dövlət Statistika Komitəsindən “Vestnik Kavkaza” saytına açıqlama verilib.

Əslən Xankəndidən olan azərbaycanlıların sayının açıqlanması Ermənistan hakimiyyətini və Qarabağ separatçılarını qorxuya salıb.

Belə ki, separatçıların başçısı Araik Arutunyanın “mətbuat katibi” Vaqram Poqosyan azərbaycanlıların Xankəndiyə qayıtmasını və onların real sayını şübhə altına alıb.

“Azərbaycanlılar Xankəndiyə qayıtmayacaq”-deyə Poqosyan açıqlamasında bildirib.
Müxalifət "xalq parlamenti” yarada bilərGürcüstanın müxalifət partiyaları “xalq parlamenti” yaratmaq niyyətindədirlər.

Aktual.ge xəbər verir ki, bu barədə müxalif "Leyboristlər" partiyasının sədri Şalva Natelaşvili bildirib.

O, bu ideyanın yaxın günlərdə müxalifətin görüşündə müzakirə olunacağını deyib.

Partiya sədrinin sözlərinə görə, müxalif qüvvələrin fəaliyyəti koordinasiya edilməlidir: “Formalaşan yeni parlament qeyri-legitim olduğundan vacib məsələlər üzrə qərarlar qəbul etməyə səlahiyyəti çatmır. Buna görə də müxalifət bir struktur daxilində birləşməli və xalqın mövqeyini ifadə etməlidir”.

Qeyd edək ki, Gürcüstanda oktyabrın 31-də keçirilən parlament seçkilərindən sonra 9 partiya deputat mandatları əldə edib. Səkkiz müxalifət partiyası qanunverici orqanda təmsilçilikdən imtina edib.
Rus sülhməramlıları burdan çıxmayacaq - PutinRusiya Dnestryanıdan sülhməramlıların çıxarılmasından imtina etdi.

Avrasiya.net xəbər verir ki, bu məlumatı Rusiya Prezidenti Vladimir Putin bu gün keçirdiyi illik mətbuat konfransında deyib.

“Rusiya ümumilikdə Dnestryanıdan sülhməramlıların çıxarılmasının tərəfdarıdır, amma bu, regiondakı situasiya yaxşılaşanda baş verəcək”, – deyə o bildirib.

Qeyd edək ki, Moldovanın yeni prezidenti Maya Sandu rus sülhməramlılarının Dnestryanıdan çıxmasını tələb etmişdi.
Ermənilər Qafanı tərk edir: Bu ərazilər də Azərbaycana qaytarılacaqErmənilər Qafan şəhərinin Azərbaycanla sərhəd olacaq ərazisini tərk etməyə hazırlaşır.

Publika.az xəbər verir ki, erməni əhalisi evlərini sökür, eləcə də müdafiə istehkam qurğularını dağıdırlar.

Kəlbəcərdə, Ağdamda və Laçında etdikləri kimi özlərindən sonra heç nə qoymaq istəmirlər.

Buna səbəb Qafan şəhərinin bir hissəsinin Azərbaycanla dövlət sərhədi olacağıdır.

Ermənistan işğal dövründə dövlət sərhədini qanunsuz irəli çəkərək, Qafan, Gorus kimi şəhərlərini sərhədyanı ərazidən uzaqlaşdırıb, eləcə də Zəngilan, Qubadlı və Laçın kəndlərini Ermənistanın ərazisinə daxil edib.

Ermənistanın kapitulyasiyasından sonra Azərbaycan dövlət sərhədini BMT tərəfindən qəbul edilmiş xəritəyə uyğun yenidən qurur. Beləliklə, Ermənistan əvvəlki mövqelərinə geri çəkiləcək və Qafan şəhəri sərhədyanı ərazi olacaq. Bununla yanaşı, ermənilərin ötən il böyük investisiya yatıraraq, yenidən inşa etdiyi Qafan hava limanının bir hissəsi də Azərbaycanın dövlət sərhədinin tərkibinə daxil olacaq.

Bu bölgədə məskunlaşdırılan ermənilər artıq ərazini tərk edir. Bu gün Qafanda etiraz aksiyası da keçirilib. Lakin artıq dövlət sərhədinin beynəlxalq hüquqa uyğun qurulması istiqamətində intensiv işlər aparılır və Ermənistanın işğal dövründə öz sərhədləri tərkibinə daxil edilən bütün ərazilər qaytarılacaq.
Sülhməramlılar Qarabağda niyə ermənilərə ev tikir?Rusiya sülhməramlıları səlahiyyətlərindən artıq nəsə etməməlidir. Keçmiş Dağlıq Qarabağın erməni əsilli azərbaycanlı vətəndaşlarının bütün sosial-iqtisadi problemlərini yalnız Azərbaycan həll edə bilər.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, sülhməramlılar üçtərəfli Bəyanatın müvafiq bəndlərində qeyd edilən şəkildə xidmət göstərməlidirlər:

“Yəni onların konkret vəzifələri və təyinatı Bəyanatda aydın şəkildə göstərilir. Sülhməramlılarının etməli olduğu vəzifələr bunlardır:

Birincisi, bölgədəki erməni silahlılar tərk-silah edilib ərazidən çıxarılmalıdır. Çünki sülhməramlıların Qarabağa gəlişi ilə bu qüvvələr paralel olaraq çıxmalı idi. Onu da qeyd edim ki, Bəyanatda konkret erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılması deyil, bütün erməni silahlılarının çıxarılması qeyd edilib. Yəni Ermənistan ordusundan başqa separatçıların da tərk-silah edilməsi lazımdır. Lakin təəssüf ki, biz hələ də Qarabağda silahlı insidentlərin yaşandığının şahidi oluruq. Bu isə Bəyanatın bu bəndinin hələ tam icra edilmədiyini göstərir.

İkincisi, sülhməramlıların konkret yerləşdirildiyi məntəqələr var ki, bu məntəqələrdə nəzarətin gücləndirilməsi çox vacibdir. Laçın koridorundan Ermənistana məxsus silah-sursat, eyni zamanda hərbi qüvvənin Qarabağa keçməsinin qarşısı almalıdır.

Üçüncüsü, regionda baş verə biləcək istənilən gərginliyin qarşısını almalı, silahlı toquşmalara yol verməməlidir.

Qeyd etdiyim bu 3 məsələ sülhməramlıların qarşısına qoyulan tələblərdir. Bunlardan birinin edilməməsi Bəyanatın müddəalarının pozulması deməkdir”.

Politoloq bildirib ki, sülhməramlıların keçmiş Dağlıq Qarabağda məktəb açması, məskunlaşma üçün ev tikməsi, sosial proqramlar icra etməsi, hətta modul xəstəxana açıb erməniləri müalicə etməsi qanunsuzdur:

“Qeyd edilən bütün bu fəaliyyətlər qanunsuzdur və Bəyanatın müvafiq tələblərinə ziddir. Məsələ ondadır ki, bütün bu işləri Azərbaycan Respublikası etməli və ya Rusiya Azərbaycanın razılığı əsasında bunları həyata keçirməlidir. Ola bilsin, bununla bağlı əlavə razılıq var, lakin bu razılıq bizə bəlli deyil. Sülhməramlıların vəzifəsi ermənilərə Qarabağda ev tikmək deyil. Fikrimcə, onların fəaliyyəti və təyinatı üzərində yenidən danışıqlara ehtiyac var”.
Putin: “Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir”“Dağlıq Qarabağda gərginlik uzun illər davam edib. Bunun xarici müdaxilə nəticəsində baş verdiyini düşünmürəm”.

Avrasiya.net xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin illik mətbuat konfransında deyib.

O, qoşunların təmas xəttində tez-tez atışmaların olduğunu xatırladıb.

“Nəticədə bu, münaqişəyə çevrildi. Biz həmişə, uzun illər ərzində Dağlıq Qarabağ ətrafındakı 7 rayonun Azərbaycana qaytarılması nöqteyi-nəzərindən çıxış etmişik...

“Beynəlxalq və hüquqi nöqteyi-nəzərdən bütün bu ərazilər Azərbaycan Respublikasının ayrılmaz hissəsidir. Bir daha təkrar edirəm, Ermənistanın özü belə Dağlıq Qarabağın müstəqilliyini tanımadı. Bu mənada bu vəziyyəti də nəzərə alaraq, Dağlıq Qarabağın özü də beynəlxalq hüquq baxımından Azərbaycandır”, - Putin söyləyib.

Azərbaycanda daha 5 siyasi partiya ofislə təmin olunubPrezident İlham Əliyevin tapşırığına uyğun olaraq, normal fəaliyyətin təmin edilməsi, iş şəraitinin yaxşılaşdırılması məqsədilə siyasi partiyaların dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələri ilə təmin olunması prosesi davam etdirilir.

Avrasiya.net xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, ötən gün nazirlik yanında Əmlak Məsələləri Dövlət Xidməti daha 5 siyasi partiyaya ofis sahələrinin açarlarını təqdim edib. AĞ Partiya, Böyük Azərbaycan Partiyası, Milli Vəhdət Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Milli Həmrəylik Partiyası fəaliyyət göstərəcəkləri ofislərlə tanış olublar.

Beləliklə, son günlər artıq 10 siyasi partiya qeyri-yaşayış sahəsi ilə təmin olunub.

Yaxın vaxtlarda digər siyasi partiyalara da ofis sahələrinin verilməsi nəzərdə tutulur.