Dilqəm və Şahbaz Azərbaycana qaytarıldı - FotoAzərbaycanlı əsirlər və erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərov Vətənə gətiriliblər.

Bu barədə Avrasiya.net-ə Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.

Bildirilib ki, Rusiya Federasiyasının Prezidenti, Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının baş nazirinin imzaladıqları 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan, beynəlxalq humanitar hüquq normalarından irəli gələn öhdəliklərinə və humanizm prinsiplərinə sadiq qalaraq Azərbaycan tərəfi müharibə vaxtı əsir götürülmüş erməni hərbçilərinin hüquqlarının təmin edilməsi istiqamətində üzərinə düşən vəzifələri ardıcıl olaraq yerinə yetirib. Əsir düşmüş ermənilər barədə məlumatlar müntəzəm Beynəlxalq Qızıl Xaç Komitəsi və Rusiya Sülhməramlı Qüvvələrinə təqdim olunmuş, birtərəfli qaydada onların bir hissəsi azad edilib. Azərbaycanda olduqları müddətdə həmin əsirlərə zəruri tibbi xidmət və ləyaqətli davranış göstərilib, onlara ailələri ilə əlaqə saxlamaq imkanı yaradılmış və digər hüquqları təmin edilib.

Həmçinin müxtəlif səbəblərdən döyüşlər zamanı əsir düşmüş və ya girov götürülmüş Azərbaycan vətəndaşlarının Vətənə qaytarılması məsələlərini daim diqqət mərkəzində saxlayaraq Beynəlxalq Qızıl Xaç Komitəsi, Rusiya Sülhməramlı Qüvvələri və digər beynəlxalq təşkilatlarla tərəfimizdən fasiləsiz olaraq danışıqlar aparılıb və bütün mümkün başqa tədbirlər həyata keçirilib.

Beynəlxalq təşkilatların və Rusiya Sülhməramlı Qüvvələri komandanlığının iştirakı ilə aparılmış danışıqlar nəticəsində erməni tərəfi ilə əsir və girovların “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi barədə razılıq əldə olunub və cari il dekabrın 14-də əsir və girovların qarşılıqlı qaytarılmasına başlanılıb. Günorta saatlarında Azərbaycan vətəndaşları olan əsir və girovların, o cümlədən 2014-cü ilin iyul ayından erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovun təyyarə ilə Bakıya gətirilməsi təmin edilib. Müvafiq karantin tədbirləri həyata keçirildikdən sonra azad olunmuş şəxslər ailələrinə qovuşacaqlar.

Azərbaycan tərəfi bundan sonra da humanizm prinsiplərini rəhbər tutaraq əsirlərin, girovların və meyitlərin dəyişdirilməsi üçün üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcək.
Ölkədə koronaya yoluxanların sayı açıqlandıAzərbaycanda koronavirus (COVID-19) infeksiyasına daha 3 112 yeni yoluxma faktı qeydə alınıb, 2 923 nəfər sağalaraq evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 44 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 178 986 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 114 841 nəfər müalicə olunaraq sağalıb, 1 966 nəfər vəfat edib, aktiv xəstə sayı 62 179 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 045, bu günə qədər isə ümumilikdə 1 963 348 test icra olunub.
"Suverenliyimizin və ərazi bütövlüyümüzün qeydinə özümüz qalmalıyıq"Rusiya sülhməramlılarının Qarabağda xəritə oyunu ilə məşğul olmaları absurddur və onların bu hərəkəti sülhməramlı missiyasının kriterlərinə, eləcə də 10 noyabr atəşkəs razılaşmasının müddəalarına tamamilə ziddir. Bu sülhməramlılara heç kim belə bir səlahiyyət verməyib. Onların Hadrut ətrafındakı erməni terrorçularının təhrikçi, təxribatçı hərəkətlərinə göz yumması və özlərindən yeni xəritə “icad” etmələri birmənalı şəkildə Rusiya, Azərbaycan və Ermənistan rəhbərləri arasında bağlanmış bəyanatın pozulmasına xidmət edir. Həmin xəritədə Xocavənd rayonunun Hadrut qəsəbəsinin Köhnə Tağlar və Çaylaqqala kəndləri rus sülhməramlılarının nəzarətində olan ərazilər kimi qeyd edilib. Ancaq noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında bağlanmış müqaviləyə əsasən həmin kəndlər birbaşa Azərbaycanın nəzarəti altında olan ərazi kimi göstərilib.

Çünki həmin kəndlər 44 günlük müharibə zamanı Azərbaycan Ordusu tərəfindən erməni işğalından azad edilib. Yəni ki, bu kəndlər heç bir halda Rusiya sülhməramlılarının nəzarət zonasına daxil deyildi. Rusiya sülhməramlılarının əvvəldən razılaşdırılmış formatda 23 məntəqədə postları olmalı idi. Əlavə olaraq yeni postların yaradılmasına sülhməramlılar özbaşına qərar verə bilməzlər. Həmin kəndlərin yeni xəritəyə salınması qəti şəkildə yolverilməzdir. Rusiya sülhməramlılarının bu hərəkəti açıq-aydın özbaşınalıq və fürsətçilikdir. Onlar öz səlahiyyət həddini aşaraq bölgədəki prosesləri, reallıqları ermənilərin xeyrinə dəyişməyə cəhd göstərirlər.

Həmin kəndlərdə Ermənistan silahlı qüvvələrinə məxsus bir neçə qrupun guya yolunu azması və bununla əlaqədar Rusiya sülhməramlılarına müraciət etməsi, sülhməramlıların da məhz bu müraciətdən sonra həmin ərazidəki erməni hərbçilərə kömək edib onları vəziyyətdən çıxarması da hamısı quramadır, oyundur. Onlar bu oyunu öncədən planlaşdırıblar. Əslində Köhnə Tağlar və Çaylaqqala kəndlərində olan erməni qruplaşması heç də azmayıb, itkin də düşməyib. Əksinə, onlar son bir ay ərzində yaranmış sakitçilikdən istifadə edib orada öz istehkamlarını daha da möhkəmləndiriblər. Sonra da Azərbaycan Ordusuna qarşı hücum təşkil etdilər. Bu hücum nəticəsində bir neçə hərbçimiz şəhid oldu, eləcə də, “Azercell”in bir işçisi yaralandı. Lakin Rusiya sülhməramlıları bütün bunların fonunda özlərini guya heç nə baş verməyibmiş kimi aparırlar. Əgər biz eyni hücumları ermənilərə qarşı təşkil etsəydik, indi siz təsəvvür edin həmin sülhməramlılar necə isterika yaradar, necə böyük hay-küy qoparardılar. Bu isə o deməkdir ki, sülhməramlılar öz missiyalarını “ikili standartlar” üzərindən həyata keçirir, neytrallıq prinsipini kobud şəkildə pozurlar.

Əlbəttə, biz bütövlükdə sülhməramlı missiyasının əleyhinə deyilik. İndiki həssas durumda Rusiya sülhməramlılıq, sülhyaratma missiyasını öz üzərinə götürmüş bir ölkə kimi Azərbaycanla Ermənistan arasında qalıcı sülhün bərqərar olmasında, oturuşmasında çox önəmli, müsbət rol oynaya bilər. Biz buna şübhə etmirik. Lakin biz konkret olaraq Rusiya sülhməramlılarının hazırki məqamda öz səlahiyyət çərçivələrini aşmalarının, özlərindən xəritə tərtib etmələrinin, sonradan həmin xəritəni təkrar dəyişmələrinin, onların Azərbaycan ərazilərində qalmış erməni silahlıları ilə sıcaq münasibət qurmalarının, əlbir olmalarının əleyhinəyik. Biz sülhməramlıların Xankəndində, Xocavənddə və ətraf ərazilərdə qalmış ermənilərin yenidən silahlanmalarına göz yummalarına etirazımızı bildiririk. Biz bu sülhməramlıların Azərbaycan hərbçilərinə qarşı ermənilər tərəfindən hücum təşkil edilməsinə seyrçi qalmalarından narazıyıq. Bu sülhməramlılıq deyil. Əsl sülhməramlı missiyası belə olmur.

Son günlər baş verən hadisələr onu göstərir ki, Rusiya sülhməramlıları və Ermənistan tərəfi məlum Bəyanatın müvafiq müddəalarına əməl etmək istəmirlər. Və onların arasında hansısa bir işbirliyi, məxfi razılaşma var. Odur ki, biz öz suverenliyimizin və ərazi bütövlüyümüzün qeydinə özümüz qalmalıyıq. Müdafiə Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin silahlı erməni qalıqlarının mövcud olduğu ərazilərdə antiterror əməliyyatları aparmağa tam ixtiyarları var. Bundan əvvəl rəsmi Bakı dəfələrlə qeyd etmişdi ki, erməni silahlıları bu ərazilərdən çıxarılmalıdır, lakin Rusiya tərəfi isə bunu qulaqardına vururdu. Ona görə də son nəticədə Azərbyacanın Xüsusi Təyinatlıları o kəndlərdə antiterror əməliyyatı keçirməli oldu və o kəndləri nəzarətə götürdü. İndi Hadrutun Azərbaycan Ordusu yerləşən hissəsində Rusiya sülhməramlıları gətirib öz blok-postlarını qura bilməzlər. Lakin onlar buna cəhd göstərirlər. Biz Rusiya sülhməramlılarının bu cür açıq-aşkar ermənipərəst mövqe nümayiş etdirməsini qınayırıq. Eyni zamanda onları öz mandatlarından kənara çıxmamağa dəvət edirik. Sizin xəritə oyunlarınız son nəticədə Azərbaycan ictimaiyyətində Rusiyaya qarşı inamın, etimadın azalmasına səbəb olur. Əgər gerçək sülhməramlı ola bilmirsinizsə və yaxud, olmaq istəmirsinizsə, o zaman kənara çəkilin!

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının (MHP) sədri
Kamil Zeynallı yenidən saxlanıldıİdmançı Kamil Zeynallı Göygöl rayonu ərazisində saxlanılıb.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, Göygöl Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılan K.Zeynallı hazırda məhkəmə qarşısına çıxarılır.

Onun hansı səbəbdən saxlanılması barədə hələlik məlumat yoxdur.

İranda şok: İki aya 7 min azyaşlı qız evləndirildiİranda 2020-ci ilin martından mayına qədər olan müddətdə 14 yaşına qədər böyüklükdə olan 7 mindən çoxdan qadın evləndirilib.

Bu məlumatı İSNA agentliyi yayıb. Məlumata görə, evləndirilən qadınlar arasında 10 yaşından kiçik olan qız uşağı da var. Bu dövr ərzində 15 yaşına qədər yaşı olan qadınlar 346 dəfə ana olub. 15-19 yaş arası qadınların 16 min övladı dünyaya gəlib.
190 manatı kimlər alacaq? - NazirlikBundan əvvəl birdəfəlik ödəmə üçün müraciət edən şəxslər barədə elektron araşdırma aparılacaq.

Avrasiya.net xəbər verir ki, bunu Trend-ə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib.

Onun sözlərinə görə, bu dəfə də 600 min şəxsə 190 manat yardım ediləcək, ancaq bu rəqəm dəyişə də bilər:

“Karantin rejimindəki məhdudlaşma ilə bağlı iqtisadi fəallıq aşağı düşdüyünə görə, daha öncə 190 manat birdəfəlik yardım üçün müraciət edən vətəndaşlar arasında Nazirlər Kabinetinin təsdiq etdiyi meyarlara və qaydalara uyğun olaraq elektron araşdırma aparılacaq. O şəxslər ki, bu dövr ərzində işsiz statusu qüvvədədir və əmək müqaviləsi ilə işə götürülməyiblər onlara yenidən 190 manat ödəniləcək. Ödəniləcək şəxslər hazırda 600 min nəfərdir, ancaq bu arta da bilər, azala da”.
MİT-dən əməliyyat: İran kəşfiyyatı çökdüTürkiyə Milli İstehbarat Təşkilatı (MİT) İranın bu ölkədəki kəşfiyyat qrupuna ağır zərbə endirib.

Axar.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilir ki, hər şey 14 ildir İsveçdə sürgün həyatı yaşayan iranlı müxalif Həbib Çabın (Habib Chaab) Türkiyəyə gəldikdən sonra itkin düşməsi ilə başlayıb.

Əldə olunan məlumata görə, H.Çab İran kəşfiyyatına işləyən narkobaron Naci Şərifi Zindaşti tərəfindən tələyə salınıb. Belə ki, Zindaşti iranlı müxalifin keçmiş xanımına təzyiq göstərərək, onu Türkiyəyə çağırmağı tələb edib. Keçmiş xanımı Çaba onu görmək istədiyini deyib və İstanbula çağırıb. Oktyabrın 9-da İstanbula gələn iranlı müxalif keçmiş xanımının olduğunu fikirləşdiyi avtomobilə minib. Mindiyi avtomobildə Zindaştinin adamları tərəfindən qaçırılıb. Zindaştinin adamları Çabı Van şəhərindən alternativ yolla İrana aparıb.

Məsələ ilə bağlı araşdırma aparan MİT İran kəşfiyyatına bağlı hücrəni çökdürüb. Əməliyyatlar zamanı Zindaşti üçün işləyən və hadisədə əli olan 11 nəfər saxlanılıb.
Bakıda qaynata kürəkənini güllələdiDekabrın 13-də səhər saatlarında Xəzər rayonu ərazisində 1985-ci il təvəllüdlü Rəşad Məmmədovun aldığı bədən xəsarətləri nəticəsində ölməsi barədə Xəzər rayon prokurorluğuna məlumat daxil olub.

Avrasiya.net xəbər verir ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

İstintaqla hadisənin zərərçəkmişin qaynatası 1962-ci il təvəllüdlü Azər Cəfərovun aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı odlu silahdan atəş açaraq Rəşad Məmmədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Azər Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Jirinovski Ərdoğanla gizli görüşündən danışdıRusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi qapalı görüşün detalını açıqlayıb.

Axar.az xəbər verir ki, Jirinovski bu məlumatı “Vladimir Solovyovla axşam” verilişində çıxışı zamanı bölüşüb.

“Ərdoğan məndən Rusiya ilə tərəfdaşlıq razılaşması bağlanması üçün yardım istədi”, – deyə o bildirib.

Onun sözlərinə görə, Türkiyə ŞƏT-ə və Avrasiya İttifaqına qəbul ola bilərdi, amma o, Rusiyanın rəqibi oldu.

Rüstəm Muradov Hadrut insidentindən danışdıHadrut qəsəbəsi ətrafındakı vəziyyət sabitləşib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, bunu Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandiri general-leytenant Rüstəm Muradov bu gün keçirdiyi brifinqdə deyib.

“Dekabrın 11-də atəşkəsin pozulması halı baş verib və Rusiya sülhməramlı kontingentinin addımları ilə bu halın qarşısı alınıb”, - o deyib.

R.Muradovun sözlərinə görə, indi durum sakitdir, Rusiya sülhməramlıları vəziyyətə daimi monitorinq həyata keçirir, həmçinin Ermənistan və Azərbaycan tərəflərinin nümayəndələri ilə əlaqədədirlər.

Qeyd edək ki, son günlərdə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycanın Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsindəki meşəlik ərazidə qalan erməni silahlı birləşmələrin terror-təxribat və diversiya əməllərinə qarşı antiterror əməliyyatı keçirir. Bu yerlər bu yaxınlarda Azərbaycan Silahlı Qüvvələri tərəfindən uzunmüddətli işğaldan azad edilib.

Azərbaycan hökuməti və Rusiyanın sülhməramlı missiyası 10 noyabr tarixli bəyanata uyğun olaraq, sülhün qorunması üçün bütün zəruri tədbirləri görür.